Bir az sərt, bir az cod, daha çox zərif... - Vidadi Babanlının portretinə ştrixlər

Rüstəm KAMAL

Ustad Vidadi Babanlının xarakterinin obrazını müəyyənləşdirmək üçün bircə xatirə detalı - mənzilində kitab rəfinin üstündəki fotoşəkil də kifayət edər: "Mənzilimdəki babat iş otağımın diqqətçəkən yan divarı boyunca hündür, şahmatvari kitab düzümünün tən ortasında bir o qədər də böük olmayan fotoşəkil qoyulmuşdur. Rəngi saralıb-solmuş, çox köhnə bir şəkildən dörd-beş yaşlarında, sarışın, nədənsə küskün bir oğlan uşağı boylanır. Hər səhər, lap ertə ikən yazı masasının arxasına keçəndə onunla istər-istəməz göz-gözə gəlirəm. Məni maqnit kimi özünə çəkir. Xeyli qıyılmış, kövrəkcə baxışları qəlbimi qeyri-adi bir riqqətlə döyündürür. Sanki məni him-cimlə gizlin söhbətə çağırır, murgülü yaddaşımı oyatmağa çağırır".

Yazıçının xarakteri və xasiyyəti bir çox hallarda ədəbi qəhrəmanlarının taleyini də müəyyənləşdirir. Akademik N.Cəfərov haqlı olaraq qeyd edir ki, "Vicdan susanda" romanının qəhrəmanı Vüqar Şəmsizadə obrazında "təhtəlşüur inersiya ilə müəllifin özü əks olunmuşdur". Etiraf edirəm ki, mən milli nəsrimizin patriarxı Vidadi Babanlının əsrələrini nədənsə həmişə köntöy, cod, həm də son dərəcə həlim "xarakterinin işığı" altında oxumuşam, qeyri-şüuru olaraq paralellər, eyniliklər axtarmışam. Bu, onu yaxından tanımağımdan irəli gələ bilər...

Desəm ki, yazıçının bütün əsrələrində avtoportreti boy verir, yanılmaram. Hətta inanıram ki, "Kişilik himni" şeirinin ilk bəndin də özündən bəhs edir:

 

Qeyrətli, cürətli, ağlı yerində,

Şövqlü, məhəbbəti, qeyzi dərində,

Əməlində saleh, sözünə bütöv,

Bir az sərt, bir az cod, bir az da köntöy

Kişilər lazımdır xalqa, kişilər

Rədd olsun boğaza xalta kişilər!

 

Vidadi müəllim yaradıcılığa şeirlə başlayıb - bu, hamıya məlum olan həqiqətdir. Bu gün də həmin həvəs və ehtirasla şeir yazır. Ümumiyyətlə, nasirin poeziyaya dönüşü maraqlı psixoloji hadisədir və nəsr yazıçının "poeziya damarını" daha tez aşkar edir...

Vidadi Babanlı nəsrinin poeziyası ilk növbədə təhkiyəsinin siqlətində və bədii detallarda üzə çıxır. Ona görə də "Vicdan susanda" romanını poetik əsər kimi oxuyur və qavrayırıq.

V.Babanlı romanda - bu "mənəviyyat dastanın"da təbiət-landşaft mənzərələrini mənsur şeir kimi yazır. Fikrimin sübutu üçün "Vicdan susanda" romanından bir parçanı örnək gətirim: "Adətən oktyabr ayının axırına yaxın kəndlərində soyuqlar özünü yavaş-yavaş hiss etdirir, gecələr hava ayazıyır, dan ulduzu doğar-doğmaz çöllərə, həyət-bacalara qırov düşür, boz torpağın rəngi bir az da bozarır. Amma indi günlər hələ də mülayim keiçrdi. Sentyabr çıxandan bəri üfüqlərdə özünə daim məskən salıb, tez-tez bütün səmanı bürüyən, bəzən tam bir həftə gözünün qarasını sıxan ağır, zəhmli buludların növrağı təzədəb pozulmuşdur. Yaxşı didilib pilələnmiş yun kimi çəngə-çəngə olub göyün hər tərəfinə səpələnmişdi..."

Həmin əsərdən istər-istəməz sevdiyim bir parçanı da peyzaj şeiri kimi oxuyuram: "Cır meyvələri gec yetişən, qışın sərt şaxtalarınacan qalan yemşənlər ətlənib xırdalanmışdı. Göyəmlər üstündən göy tozunu silib qaralmış, şişib girlələnmişdi. Qatar-qatar qızılçalar, turşənglər orda-burda qızarırdı. Buğumlanmış itburnular, salxımlanmış iydələr narıncı rəngə boyanmışdı..."

Bu, qətiyyən təsadüfi hal deyil. 1949-cu ildə, 22 yaşında yazdığı bir şeirindəki yağışlı yaylaq gecəsinin təsvirindən onun mükəmməl "peyzaj gözü" baxır:

 

Günəş batır, şər qarışır, naxır dönür örüşdən,

Duman gəlir binə üstə sallanıb qarşı döşdən.

...Yalaqlar dolub-daşır, çuxurlarda göl durur,

Əsən külək damcıları yamac boyu sovurur...

 

Vidadi Babanlının estetik xarakterindən gələn bir məqam var: Onun kişi qəhrəmanları həmişə genişlik üçün darıxırlar. Darısqal, qapalı məkandan genişliyə, açıqlığa, azadlığa, sərbəstliyə-küçəyə, meydana çıxmağa tələsirlər. Vidadi müəllim bədii təxəyyülündə qəhrəmanlarının məskunlaşdığı və ya işlədiyi məkanları (ev, kabinet, laboratoriya...) gözəlləşdirir və sahmana salır. Həmin bədii məkanlarda əşyaları-predmetrləri sevgi ilə, "eydirə-eydirə", əzizləyib təqdim edir. "Vicdan susanda" romanında laboratoriyada əşyaların, predmetlərin sadalanması məkanın özünü də görümlü edir: "Tək ortada uzun, ensiz dolablarda irili-xırdalı kolbalar, müxtəlif formalı menzurkalar, böyük şüşə balonlar, cihazlar, aparatlar səliqəsiz halda, yığın-yığın olub qalmışdı. Lap küncdə qoyulmuş yeganə tumbanın üstündəki böyük analitik tərəzinin qəhvəyi qutusu uzun həftələrin, bəlkə də ayların tozu altında bomboz bozarmışdı. İçərinin havası da çox ağır idi. Lax yumurtanın qoxusunu andıran kəşif bir iy adamı tezcə vururdu..."

Vidadi Babanlının xasiyyətindən - xarakterində gələn və əsərlərinə dərindən yansıyan bir məziyyəti də qeyd etmək istərdim: O, təhkiyə - süjetboyu həmişə qəhrəmanlarını qorumağa çalışır, onları bütün sınaqlardan, məhrumiyyət və çətinliklərdən keçirib işığa çıxarmağa çalışır. Ona görə də Vidadi Babanlı nəsrində Kişi məkanı həmişə işıqla doludur. Onların adları və soyadları kosmoqonik kodda gerçəkləşir (Söhrab Günəşli, Şölə, Vüqar Şəmsizadə, Ziya Lələyev) bu məkanın sərhədlərini "işıq" səviyyəsində genişləndirir. Bu işıq məkanı gözəl qadınlarla təmasın enerjisi ilə böyüyür və gözümüzdə genişlənir (Lələyev-Şölə, Zöhrab-Zinyət, Vüqar-Arzu...). Gözəl xanımlarla ünsiyyət yalnız süjet situasiyalarını, deyil, həm də kişilərin davranışını müəyyənləşdirir.

İnsanın mənəvi dəyəri konkret zaman kontekstində, həyat sınaqlarında, kritik, xaotik situasiyalarda necə dəyişir - Vidadi müəllim bu haqda ("Gəlin", "Vicdan susanda", "Ana intiqamı", "Qəribə eşq", "Bulanıq zəmanə" və s.) yazmağı sevir. Onun qəhrəmanları mənsub olduqları xalqın və cəmiyyətin əxlaq - davranış dəyərləri ilə sıx bağlıdır. Məhz buna görə də "vicdan" anlayışı bir sıra əxlaqi-mənəvi anlayışları (həşiqət, kişilik, ədalət, dürüstlük...) ümumiləşdirir və ya əvəz edir. Bəlkə klassik romanın adı ("Vicdan susanda") həmin mənəvi yaddaşdan gəlir?

90-cı illərdə SSRİ-nin dağılması, cəmiyyətin kəsin qütbləşməsi yeni qəhrəmanın varlığını şərtləndirirdi. Yadımdadır: bir neçə bundan öncə ömrünün ixtiyar çağında, gözlərinin nurunun sozaldığı vaxtda özü də qəribə bir israrla "Zəmanə adamı" romanını yazdı (Doğrudur, sonralar yazıçı romanın adını dəyişdi, "Bulanlıq zəmanə" qoydu). Romanı oxumaq üçün bizə (akademik Nizami Cəfərova və mənə) verdi. Tənqidi fikirləri səbrlə dinləyən ustad yazıçı əsərin üzərində düz bir il işlədi.

Roman 90-cı illərin əvvəllərində, ölkədə qarmaqarışıqlığın, hökm sürdüyü vaxtların bədii salnaməsi kimi maraq doğrur. Guman edirəm ki, qəzetlər arxivlərdə saralacaq, cırılıb atılacaq, ancaq bu romanı o dövrün satirası kimi oxuyacaqlar. Əsərin qəhrəmanı Əfsun Zamanlı (soyadı da buna işarədir) canavar kimi zamanın iyisini havadan tutur. O, yaxşı anlayır ki, dəyərlərin aşağı düşdüyü, idealların puç olduğu bir dövrdə "zəmanə adamı" olmaq üçün gərək mənəviyyatsız olasan.

Vidadi Babanlı səmimiliyinin göstəricisi - emosional yaşam təcrübəsini, fərdi təhtəlşüur yaşantılarını öz ədəbi qəhrəmanlarına "ötürməsidir". "Qəribə eşq" romanında yaşlı adamın (Şərəf kişi) gənc qadını (Şəfəq müəllimə) sevməsini Vidadi müəllim o qədər içdən, poetik təsvir edir ki, bunu təxəyyülündə yaşadığı şəxsi sevgi tarixi kimi qəbul edirsən. Təhkiyəboyu səpələnmiş detallar, replikalar, deyimlər (məsələn, Şərəf kişinin məktubundan bu fakir, inanırsan ki, həm də Vidadi müəllimin öz qənaətidir: "Məhəbbət nə yaşa baxır, nə də başa, bu ilahi verginin cücərtisi ürəyə necə düşür, insan varlığına yavaş-yavaş nə cür hakim kəsilir, heç kim doğru-dürüst bilmir..." Yaxud əsərdə xalq mahnısının leitmotiv kimi səslənməsi yaşlı kişinin sevgi etirafı yazıçının özünü tez "ələ verir".

Vidadi müəllim portretyaratma ustalığı ondadır ki, qəhrəmanlarını yalnız danışdırmır, həm də jestləri və mimikalar ilə, söhbətləri ilə bizə göstərir və doğmalaşdırır. Hətta personajların səslərini də görümlü edir. Məsələn: "Səsi bu arada xırıldadı. Boğazı qıcıqlandı. Olsun ki, yalanının qıcığı idi. Xeyli öskürüb toxtadı..." ("Qəribə eşq").

"Gizlinlər" xatirə-romanında Vidadi müəllim yaradıcılıq taleyini "sənədləşdirdi", "tərcümeyi-halını tarixləşdirdi" (N.Cəfərov). Bu roman onun ruhlar səltənəti ilə əlaqə yaratmaq, keçmişin ilğımına aldanmaq cəhdidir. Uşaqlıq xatirələri bu əsərin ən şairanə səhifələridir. Bu ixtiyar yaşında uşaqlıq yaddaşında babası Omar Koxa ilə son görüş səhnəsini xatırlaması, Omar Koxanın ölümü detalların dəqiqliyi ilə heyrət doğurur: "Koxa babanın hərəkətsiz sifətini sanki birdən xəfif meh üfürdü. Üzündə güclə seziləcək çimilti yarandı. Üstü qapqara qaralmış iri göz qapaqlarının küncləri bekaraca səyridi. Həmin səyirti bir azdan kirpiklərinin ortasında da bəllənərək, handan-hana, çox çətinliklə aralandı. Öləzik bəbəklərinin soyuq işartısı göründü. Eyni anda batıq köksü də bir balaca körükləndi. Huşu başına cəmləndiyi duyuldu. Başını qanırmadan, süst baxışlarla ətrafdakıları süzdü. Uzun tüklü bığları altında itib-batmış dodaqları qımıldadı, yorğun-ağrın pıçıldadı:

- Hıı-ı... Xo-o-oş..- sözünün gerisi eşidilmədi..."

Tanıyanlar yaxşı bilir ki, Vidadi müəllimin nə qədər cod, tünd xasiyyəti olsa da, çox zərif, mərhəmətli, şəfqətli ürəyi var. Mətnlərdə sözlərin "ca" şəkilçisi ilə əzizləmə mənasında verilməsi (ustufca, yağlıca, kövrəkcə, bekarca...) görünür, bunun ifadəsidir. Yalnız zərif ürəyin sahibi qışda "yarımcan otların" taleyini duya bilər:

 

Çaxnaşır haçandı göydə buludlar

Duyulur havadan sərt qış nəfəsi.

Buzuşub talada yarımcan otlar,

Ötkəm quşların da batqındı səsi.

 

Vidadi müəllimin gözlərinin nuru itsə də, canında-qanında güclü yazmaq eşqi ona dinclik vermir. Bu yaşda adətən qələmi yerə qoyur, xatirələrin ilğımı ilə yaşayırlar. Amma Vidadi müəllim bu gün ömrünün "tənhalıq nöqtəsində" durub, özünün təbiri ilə desək, "vaxtı ötüşmüş"ün duyğularını nəzmə çəkir.

 

...Durub pəncərənin önündə hər gün,

Bir qoca boylanır ötüb-keçənə.

Gözlər yol vurğunu, baxışlar küskün,

Çökəlib ovurdlar, titrəyir sinə...

 

...Seyrəlib simsarlar, qeyb olub dostlar,

Qohum-əqrəba da yan gedir daha.

Vaxtı ötüşmüşə kim yaxın durar?

Qalıb binəvanın işi Allaha...

 

Bu misraları oxuyanda kövrəldim və kişini ziyarət etmədiyimə görə özümü xeyli danladım...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!