Sabir Rüstəmxanlının romanlarında ictimai-siyasi Söz - İkinci yazı

Tehran ƏLİŞANOĞLU

 

Sabir Rüstəmxanlı romanlarında Azərbaycan varlığının elə dövrlərini predmet seçir ki, millətin həyatında dönüş nöqtələrini aktualizə edir, dayanışma çağlarına işıq salmaqla gələcək inkişaf yollarına da rəvac verir. Mifoloji, tarixi, ya müasir qatlar yazıçının romanlarında eyni çəkidə, kəsərlidir, lakin əsas deyildir. Çünki Sabir Rüstəmxanlının romanlarında Söz, deyim, diskurs, bədii həqiqətin mənbəyi və mündəricəsi, bir qayda olaraq, "ictimai-siyasi"dir. Bəlkə buna görədir, yazıçı tarixi romanlarını da, - əlbəttə, "tarix"ə xələl gətirməmək şərtilə, - müasirlik kimi yazır; hər yerdə və həmişə milli varlığın, türklüyün, Azərbaycan mənasının bəlirlərini axtarır və əks etdirir.

Sabir Rüstəmxanlının "Göy tanrı"dan (2005) sonra qələmə aldığı  "Ölüm zirvəsi" romanı (2007) artıq sırf tarixi dövr - XVIII əsrin əvvəlləri, Nadir şahın hakimiyyətindən XIX əsrin əvvəlləri, Gəncə xanlığının süqutu, Azərbaycanın Rusiya tərəfindən işğalı, Cavad xan və gəncəlilərin qəhrəmancasına vuruşub şəhid olmasınacan hadisələri əks etdirir, gündəmə gətirir. Yazıçının tarixi roman yaratmaq cəhdi qabarıqdır və əksərən əsərin janrını tədqiqatçılar elə sırf "tarixi roman" kimi də qeydə alırlar. Amma romanın qarşısında nə XVIII əsr Azərbaycanının bütövlükdə, bütün rəngarəngliyi, tarixi koloriti, millət, cəmiyyət, xalq həyatının hərtərəfli gəlişməsi ilə təsviri məqsədinin durduğunu görürük, nə də konkret tarixi şəxsiyyətin, çox zaman vurğulandığı kimi, Cavad xanın həyatı, bioqrafiyası, şərəfli ölümü - ölümsüzlüyünü (!) təcəssüm və tərənnüm etmək cəhdini. İkinci motivin Sabir Rüstəmxanlı yaradıcılığında - poeziya və publisistikasında gərəyincə yer aldığı məlumdur. Bir anlıq Cavad xan mövzusunun Sabir Rüstəmxanlı yaradıcılığında "janr trayektoriyası"nı nəzərə gətirsək: şeirdən poemaya ("Cavad xan", 1985) romana ("Ölüm zirvəsi", 2007) kinossenariyə və filmə ("Cavad xan", 2009 ) doğru təkamül etdiyini görmək çətin deyil. O cümlədən romanda da Cavad xan obrazı görünən andan ("Cavad xan Ziyadxanoğlu Qacar") hadisələrin mərkəzinə gəlir, roman zamanını əlinə almağa çalışır. "Ölüm zirvəsi" - sanki romanın adı da ideya vurğusunu Vətən uğrunda vuruşub şəhid olmuş Cavad xan obrazının üzərinə salır. Bu məram özünü daha çox romanın kino-variantında doğruldur; həm də yalnız Cavad xan yox, onunla birgə rus işğalına qarşı qəhrəmanlıqla vuruşub şəhid olan bütün Gəncə əhlini nəzərdə tutaraq.

Bununla belə, "Ölüm zirvəsi" romanının ideya planı daha genişdir; roman "Muğan qurultayı və ya sonun başlanğıcı"ndan başlayır, Nadir şahın tarixi qələbələri, İran səltənətinin sərhədlərini bərpa etməsi, dünya şöhrətli sərkərdə kimi ad qazanması və imperiyanın ərazilərini böyütməsi, Muğanda qurultay çağırıb şahlığını elan etməsi, uzaqgörən dini islahatlar cəhdi, eyni zamanda bağışlanmaz tarixi səhvləri - Azərbaycan torpaqlarını, Şəmsəddin və Borçalını Gürcüstan knyazı Teymurazın xanımı Tamaraya güzəştə getməsi... Bu tarixə hələ ki, Nadir şah iddialıdır; burda hələ Gəncə xanlığı və Cavad xan yoxdur, daha geniş əraziləri əhatə edən Gəncə bəylərbəyliyi və Uğurlu xan var, onun oğlu Şahverdi xan var... Səfəvi xanədanlığının zəifləməsi nəticəsində meydana çıxmış neçə-neçə Azərbaycan xanlıqları var; və kök etibarilə əksəri Səfəvi-Qacar sülaləsinə, yaxud da Əfşarlara bağlı olub, Muğan qurultayına münasibətdə tərəddüd və etimad arasında qalan Azərbaycan xanlarının da hər birisi bu tarixə iddialıdır. Təkcə Nadir şaha deyil ki; roman ekspozisiyasında əsası qoyulan həmin tərəddüd məqamı bütünlükdə də mətndə diqqət hədəfindədir: bir-birinə qarşı birləşmək, bir araya gəlmək, ya həmlə etmək, biri digərini (yaxud ikisi üçüncüsünü) sıradan çıxarmaq, bir-birinə torpaq və tarix iddiası etmək; eləcə də Qafqaza yeriyən Rus imperiyasına qarşı münasibətdə mövqeyini və xətt-hərəkətini dürüstləşdirmək məqamlarında. Hətta tarixin tərəddüdlər dolu ekzistensial bir dəmində Azərbaycan xanları da Nadir şah sayağı bir toplantıya ("Xanların görüşü") nail olurlar: "Cavad xan üçün gözlənilməz olsa da, Arazın bu tayında namə göndərdiyi xanların çoxu görüşməyə razılıq vermiş və deyilən vaxtda Kür qırağında, Boz dağın ətəyindəki meşədə olacaqlarını bildirmişdilər. Bura kiçik Mingəçevir kəndinin ətrafında keçidə yaxın gözəl bir yerdi. Demək olar ki, hamısına eyni uzaqlıqda və təhlükəsizdi..." (Rüstəmxanlı S. Ömür kitabı. Göy Tanrı. Bakı: Şərq-Qərb, 2008 - Romandan bütün sitatlar bu nəşrdəndir)

Quba xanı Fətəli xandan sonra Xanlıqları bir araya gətirməyə doğru daha bir şansı eyhamlayan roman fantaziyası bu yerdə, sanki gizli sitatla "Dədəm Qorqud kitabı"na ismarış göndərir: "Öncə Şəkili Səlim xan gəldi. Cavad xanın qaynı idi...", "İkinci Şamaxı hakimi Ağası oğlu Mustafa xan gəldi...", "Ardınca Bakılı Hüseynqulu xan gəldi, yetişincə Cavad xanın boynuna sarıldı...", "Ardınca Talışın "dəyişilməz" hakimi Mir Mustafa xan gəldi...", "Naxçıvan və İrəvan hakimləri Kəlbəli xanla Hüseynəli xan oğlu Məhəmməd xan uzun yol keçib bir yerdə gəlmişdilər...", "Nədənsə hamıdan yaxında yaşayan Qarabağlı İbrahimxəlil xan hamıdan gec gəldi...", "Dəvətlilərdən bircə Quba xanı gəlməmişdi - yəqin başqa xanlıqlardan keçməyi təhlükəli saymışdı..." - təhkiyə tərzi, üslubi xatırlatma ideya planında da "Dədəm Qorqud" şöləni ilə tamamlanır: "Cavad xanın bayramıydı. Gələnlər ağıllı adamlardı. Hər biri Azərbaycanı müstəqil görmək istəyirdi. Ancaq varislik qaydasıyla seçilmələri və orta əsrlərin feodal üsullarından başqa idarəçilik yolu bilməmələri buna imkan vermirdi..." Eyni zamanda roman tarixi fürsətdən yararlanıb, bacardıqca Azərbaycan xanlarının xarakterik çizgilərinə, siyasi momentə uyğun umu-küsülərinə, həm də qarşıdan gələn Rus nəhənginə münasibətlərinə ani nəzər salır...

Romanda kulminasiya nöqtəsi, heç də güman olunduğu kimi, Cavad xanın Ölüm zirvəsinə yüksəlməsi məqamı deyil; bu, aqibətdir, taledir, konfliktin həlli məqamıdır. Kulminasiya - məhz "Xanların görüşü" səhnəsidir: "... Allah da birliyi sevir. O gecə Kür boyu meşələrdə bir ilahi gözəllik, dinclik vardı. Dopdolu Ayın işığı ağ qovaqları gümüş sütunlarına döndərmişdi. Xəfif mehdən ağacların yarpaqları tərpənir və onlar da gecəyə işıq salırdılar. Danışıb, zarafatlaşıb, bir-birinə atmaq istədikləri bütün oxları atıb, dincəlirdilər..." Amma tarixin acısı belədir ki, elə həmin dəm düşmənlər də yatmır, "Ov zamanı Şirvan xanının əyanlarından birinə güllə dəymiş, yerində keçinmişdi"; azmış kimi, "Gəncə yaxınlığında Bakıdan Tiflisə gedən karvan" da soyulur; malların yarısı Hüseynqulu xanın, yarısı da İbrahimxəlil xanın. "Güllənin hardan atıldığı bəlli deyildi..."

Əslində, bəllidir: "Səlim xan: -Bu, Şəmsəddin sultanlarının işidir, - dedi.

Cavad xan: -Yox, onlar bunu eləməzlər. Bu, ermənilərin işidir - bu görüşün pozulmasını istəyənlərin!.." Və görüş pozulur; həm də bircə o dəm üçün yox: "Salınan zərif körpüləri bir anda sel aparmışdı. Barışıq üçün əsə-əsə bir-birinə uzanan əllər doğranmışdı...", hələ qarşıdakı neçə əsrlər üçün də...

Bu yerdə, uzun əsrlər boyu İran taxt-tacında əyləşmiş türk hökmdarlarına boyun əyib sərrast siyasət yeridən, dəmində isə İranla Rusiya arasında reverans edən, oğlunun birini Şah sarayına göndərib özü Çar hakimiyyətindən imdad diləyən gürcü komponentinə ("Muğan qurultayı və ya sonun başlanğıcı", "İraklinin ağır günləri", "Aleksandr Mirzənin varislik davası", "Tiflisdən məktub", "Tiflis elçiləri", "Tiflisdə qəbul", "Aleksandr Mirzənin Sisianovla söhbəti"), daha bir, daha qurnaz və iyrənc, təzəcə Qafqazda görünməsilə min bir hiyləgərliyə əl atan, üzdə yerli xanlara yarınmaqla gizlində hər cür xəyanətlərə əl qoyan, quyruq bulamaqla rus işğalından öz xeyrinə hər fürsətdə barınmağı bacaran, Gəncənin süqutunda da həlledici rol oynayan erməni faktoru da qatılmış olur və xeyli də roman ərazisini zəbt edir ("Şeytan və Əzrayıl", "Məlik Apo", "Rusiya imperatorunun tapşırığı", "Keşişlərin qurğuları", "Tiflisdə qəbul", "Əsli və Kərəm", "Xanların görüşü", "Xəyanət", "Qəsd"). Bura Qafqazdır, tarix XVIII əsri, XIX əsrin lap əvvəllərini nişan verir. Yenicə qopduğu İran səltənəti ilə üstünə gələn Rus imperiyası arasında, üstəlik bir qədər kənarda Osmanlı, ara-sıra Qərbə də rüxsar göstərən (Yada salaq, Gəncəyə gəlib çıxmış "Fransız səyyahı"nı; rusların Gəncəyə birinci gəlişində "Yunan variantı"nı - gəldikləri kimi də hakimiyyət dəyişməsilə şəhəri tərk etmələrini) Qafqazın geopolitikasını bunsuz təsəvvür etmək mümkünsüz. Amma ki, nə Qarabağda, nə Tiflisdə, nə də Bakıda yox, roman mətninin diktəsinə görə, məhz "Gəncədə Qafqazın nəbzi döyünür..."

Belə ki, ictimai-siyasi diskurs "Ölüm zirvəsi" romanında ümdədir; roman konsepsiyası: çağdaş Azərbaycan ictimai-siyasi varlığının Meydana çıxması, tarixi əngəlləri, daxili çəkişmə və mübarizələri, ən nəhayət Azərbaycan mənasını ortaya qoyması ideyası üzərində qurulmuş, gerçəkləşmişdir. Roman xronotopunu (zaman-məkan başlanğıcını) yenə də Meydan təqdim edir; tarixi, ictimai-siyasi Meydan. (Qeyd etmək gərəkdir ki, "meydan təhkiyəsi", hadisələrin meydan-meydan irəliləməsi romanın kompozision planından - fəsillərin düzülüşündən belə bəlli olur: "Muğan qurultayı...", "Müttəfiqlərin Gəncəni mühasirəsi", "Qacarın torunda", "Gəncədə", "Cümə məscidində", "Tiflisdə qəbul", "Dəyirmanda", "Tiflis Gəncə yolunda", "Toy", "Sisianovun qərargahında", "Çöl döyüşləri", "Qala döyüşləri", "Həmin gün"... və hətta bir neçə dəfə: "Şeyx Ocağında", "Şairlər məslisi", "Gülcamal", "Tiflisdə...", "Gəncədə..."). Hər bir obraz, personaj məhz bu Meydana çıxması, ictimai-siyasi baxımdan dəyərlənməsi ilə maraq kəsb edir. Bu, tarixdə çəkisi olub romanda epizodik görünən personajlara aid olduğu qədər də (məsələn, Azərbaycan xanları), geniş yer verilmiş tarixi, yaxud da təxəyyül məhsulu olan surətlərə də (Şeyx Yusif, Kərbalayı Sadıq, Cavad xan oğlu Uğurlu ağa, Cavad xan oğlu Hüseynqulu ağa, Şeyx Yusifin qızı Afaq, xalçaçı Gülcamal, Cavad xanın hərəmləri Şükufə və Mələknisə və b.) şamildir. 

Ümumən, Azərbaycan tarixi romançılığında Y.V.Çəmənzəminlinin "İki od arasında" və M.S.Ordubadinin "Qılınc və qələm"indən İsa Hüseynovun, İsmayıl Şıxlının, Fərman Kərimzadənin, Əzizə Cəfərzadənin, Əlisa Nicatın, Anarın, Elçinin, Aqil Abbasın və s. əsərlərində tarixin bağlarını əlində saxlamış hökmdar və şəxsiyyətlərin parlaq obrazları gərəyincə əks olunmuşdur. Bu sırada(n) Cavad xan obrazı çox da seçilmir. Bəlkə bir əfsanəvi areola bürünmüş siyasi boyası ilə, üzərinə yeriyən Rus nəhəngindən qorxmayıb qarşı çıxması ilə diqqətə gəlir ki, yazıçı da vurğunu məhz bu məqama salır. Bu ki, "Ölüm zirvəsi" romanının janr təyinatına bir epitet artırıb, əsəri "ictimai-siyasi tarixi roman" kimi oxumağımız çox vacibdir; əks halda, "təzəlik" axtarışlarımız maraqsız, hətta cansıxıcı da ola bilər.

Bir daha romanın ideya əsasına qayıtsaq: tarixdə XVIII əsr Azərbaycanının yükünü üzərinə götürmək istəyən, ən azı bunun zənnində və həvəsində bulunan xanlar və xanlıqlar çoxdur (romanda bu sıra dəfələrlə əbəs yerə xatırlanmır ki!). Bəlkə də şəxsi mənafe, ailə-övladını, hakimiyyətini qorumaq baxımından Cavad xan öz dövründə ən ağıllı yol tutmayıb, nəslini də qırğına verir: "İyirmi ildir xanam. Nə olsun? Gün görmədi oğullarım. Ömrü yaylaqla aran arasında keçən, nə padşahını, nə düşmənini tanıyan bir çoban həyatını yaşaya bilmədilər. Elə savaş, vuruş... Yada salan, dəyərini verən, rəhmətlə anan olacaqmı, görəsən?.." Axı "Rusiyaya meyilli olub", ilhaq şərtlərinə imza atmaq, "on-on beş il öncədən Rusiya təbəəliyini qəbul etmək istəyən Azərbaycan xanları" da nə qədərdir. Onsuz da rus işğalını dayandırmaq, "otuz minə yaxın təlim görmüş, Avropa müharibələrindən keçmiş əsgəri" olan "bu gücün qarşısında dayanmaq" mümkünsüz görünür. Bu məqamda xalqı, Gəncə əhli də Cavad xanı dürüst qiymətləndirir: "Bu yazıq özü üçün vuruşmur ki! Xanlıq məsələsi olsa, elə ruslar gələndən sonra da Gəncənin xanı olaraq qalacaq. Amma Qazaxın, Şənsəddinin rusun, gürcünün əlinə keçməsini qeyrət götürmür. Özü, ailəsi gecə-gündüz ayaq üstədirlər! - Cavad xanı dirəşdiyinə görə qınayan yoxdu Gəncədə..."

Romanda özgə yolu tutanların da aqibətinə işarətlər var; İrakli sarayının taleyində ("Tiflisdə qəbul", "Aleksandr Mirzənin Sisianovla söhbəti"), Tiflisdə at oynadan Sisianovun hədələrində Cavad xan da bunu görür. Başqa bir misal "ağıllı yol" tutmuş İbrahəmxəlil xanın heç də Cavad xandan fərqlənməyən acı aqibətində görünür; həm də taleyin istehzasıdır ki, eyni bir qatilin əli ilə: "Lisaneviç çox döyüşlər, çox müşketyorlar və qılıncçalanlar görmüşdü. Amma üzünü ilk dəfə gördüyü, yaşı əllini keçmiş bu ucaboylu kişinin qılıncişlətmə və döyüş məharətini hələ heç kimdə görməmişdi. İrəli göndərdiyi əsgərləri vurulandan və ara boşalandan sonra o, Cavad xanla üz-üzə qalmışdı. Birdən vahimə doldu ürəyinə. Sisianovu da, Peterburqu da unudub tüfəngi üzünə qaldırdı. Ancaq Cavad xan yıxılmadı. Qoluyla topun lüləsini qucaqlayıb, ayaq üstə çılpaq Gəncə çinarlarına, onların o üzündə çinar budaqları kimi ağaran boş yollara və qəmli Azərbaycan çöllərinə baxırdı. Onun dayandığı yerdən qalxan gözəgörünməz bir burulğan nəhəng bir çinar kimi qalxıb Gəncənin üstündə çətirləndi. Bu Cavad xanın ruhudu...

...Qatil Lisaneviç bir neçə il sonra Qarabağda İbrahimxəlil xana da beləcə namərdcəsinə əl qaldıracaq, arvad-uşaq demədən vəhşiliklə böyük bir nəsli məhv edəcəkdi..."

Cavad xan məhz "dirəşdiyinə görə" yazıçı xanlar arasından onu seçir, ictimai-siyasi diskursu (Azərbaycan mənası, Azərbaycan yolunu!) ona etibar edir. Cavad xan haqq-ədalət tərəfdarıdır; təkcə öz xalqına qarşı yox: "Məsələn, təxminən bir ildi ki, ayağı camaatın xeyirindən-şərindən üzülmürdü. Vaxt tapan kimi, namazını Cümə məscidində, camaatla birgə qılar və istər-istəməz camaatla ünsiyyətə girər, baş verən hadisələr, Gəncə üçün hazırlanan tələlər barədə danışardı, düşmən tərəfdən gələn namələrin hər biri məsciddə müzakirə mövzusuna çevrilərdi: "Qoy camaatımız kimlə üz-üzə gəldiyimizi görsün, bilsin!". Bu məktublar hər bir gəncəlinin ürəyində Sisianovun türk-islam düşməni, qaniçən, kəmfürsət obrazını yaratmışdısa, Cavad xanın da mərd ürəyiaçıq, mədəniyyətli, qorxmaz, hər sözünün yerini bilən qəhrəman surətini canlandırmışdı..."

İran taxt-tacına münasibətdə də Cavad xan sədaqətini qoruyur, Ziyadxanoğluların Səfəvi nəslindən olduğunu bir an belə unutmur; bu məqamda da xalqın gözü tərəzidir: "Utanmır Fətəli şah! Cavad xan neçə ildi Qacarın zülmünü çəkir, ona kömək elədiyinə görə, qonşularla da arası dəydi... Amma Gəncənin bu ağır günündə yatıb fil qulağında. Heç olmasa Ağabəyim ağa, sarayın baş xanımı ona bildirmir ki, dayım dar ayaqdadır, köməyinə yetiş?! - Gəncənin əsas söhbəti buydu..."

Ayrı-ayrı xanlarla diplomatik rəftarında, hökm, əməl və umacaqlarında da Cavad xan siyasi tarazlığı gözləyir, ümum-Azərbaycan maraqlarına xələl gətirməməyə çalışır; İraklinin oğlanları ilə, Şəkili Səlim xanla birləşib üzərinə gələn İbrahimxəlil xana qarşı da, Şəmsəddin və Qazax bəyləri ilə də, Balakəndə Sultan Əhmədə əl tutanda da... Həm də təkcə bütün roman boyu cərəyan edən hadisələrdə yox, son ümidlərində də: "O, hələ ümidini itirməmişdi. Kömək gələcəkdi. Hökmən gələcəkdi. Ya Sultan Əhməddən - Balakəndən, ya Şəkidən, ya Şamaxıdan, ya da Qarabağdan. Təkcə birindən əlavə qoşun gəlməsi Gəncəni dirçəldərdi. Hərdən köhnə türk sərkərdələrinin üsulları da yadına düşürdü. Gecəylə döyüşçülərini gizlicə Qarabağ tərəfinə göndərib, gündüz hay-küylə onları Qarabağ ordusu kimi qarşılamaq..."

Cavad xan Gəncəyə sığınan erməni məliklərinə də, satqınlıq və xəyanətlərə qarşı da tələsmədən, dözümlü, müdrik davranır: "Gör hansı yollara əl atır alçaqlar. Qonşunu qonşuya, qardaşı qardaşa qarşı qoyur. Elə bilir ki, dünyanın sonudur. Rusu unudub, düşəcəyik Gəncədə qalmış başsız erməni ailələrinin üstünə, yaxud şəmsəddinlilərdən intiqam alacağıq... Bunlar xam xəyaldır. Hər kəs vaxtında cəzasını alacaq. İndi əsas Gəncəni qorumaqdır..."

Romanda Rus imperiya siyasətini generallar Zubov, Knorrinq, Lisaneviç və başlıca olaraq gürcü əsilli Pavel Sisianov təqdim edir; yazıçı onu Peterburqla yanaşı, həm də gürcü maraqlarına bağlı qələmə verirsə də: "Sisianov dildə: -Mən imperiyaya və çara xidmət edirəm, - desə də, Tiflisə gələndən az sonra aydın oldu ki, o, qatı gürcüpərəstdir, Qafqazda iş görəcəksə, bunu Rusiya ilə yanaşı, Gürcüstan üçün edəcək. Əsas məqsəd Gürcüstanı böyütməkdir..." - romanda bu, daha çox ötəri motivdir, Cavad xanla İrakli sarayı arasında Şəmsəddin, Borçalı torpaqları üstündə olan mübahisələri tamamlamaq üçündür. Gəncəni Gürcüstana bağlamaq cəhdi Rus generalının əlində sadəcə işğal üçün bir bəhanədir, bunu Cavad xan da, İraklinin varislərindən biri Aleksandr Mirzə də yaxşı bilir.

Ümumən, romanda Sisianov obrazı tam tarixi müəyyənliyi ilə görünmür, analitik səciyyədə işlənməmişdir. Bu baxımdan, bir qədər sonra, Elçinin "Baş" romanında (2013) yaratdığı Pavel Sisianovun siyasi-psixoloji portreti daha səciyyəvidir. "Ölüm zirvəsi" romanında Sisianov obrazı dolayısı funksiyada, geopolitikanın ifadəçisi kimi yer alır, Qafqazda gücə çevrilən Azərbaycan mənasının daha qabarıq görünməsinə xidmət edir. Şərqə münasibətdə daha ehtiyatlı, zərif davranan general Zubovdan fərqli olaraq sərt və kobud rəftarın tərəfdarı olan general Sisianov qarşısında Cavad xanı görür: "Sisianov Peterburqda nə qədər ötkəm və lovğalıqla Azərbaycanı beş günə fəth edəcəyini demişdisə indi də bir o qədər düşkündü. İraklinin "tör-töküntüləri" onu yormuşdu... Knyazların iştahası Gürcüstanı viran qoymuşdu. Başını-ayağını bir yerə yığmaq mümkün deyildi. Bir yandan da bu Gəncə əməliyyatı... Cavad xanın ipə-sapa yatmamağı onu havalandırırdı: "Özümdən tərsini bilmirdim. Məndən də tərsmiş bu itoğlu". Balakən döyüşləri onu ayıltmış və xırda xanlıqları bir-birinin ardınca asanlıqla alacağı haqqında ümidləri puça çıxmışdı..."

Diplomatik "Söz müharibəsi", yazışmalar, məktubla hədə-qorxular ("Tiflisdən məktub", "Tiflis elçiləri", "Söz müharibəsi", "Tiflis - Gəncə yolunda", "Qanlı sular") Cavad xanı dərrakəli, ağıllı, vaxt uzadıb nəyisə gözləyən mahir siyasətçi kimi tanıdırsa: "Sisianov bir şeyi anladı ki, bu məktublaşmalar Cavad xanın taktikasıdır, Vaxtı uzadır. Gözləməsi var yəqin. Digər xanların və şah ordusunun köməyə gəlməsini gözləyir. Buna yol vermək olmazdı...", eyni zamanda "Çöl döyüşləri", qəfil hücumlardan rus qoşununun verdiyi itkilər, "Qala döyüşləri", sona qədər vuruşub özünü təsdiq etmək əzmi kiminlə, necə bir qüvvə ilə üz-üzə gəldiyini generala anlatmış olur: "Bir ilə yaxın davam edən yazışmalar, Qazax və Şəmsəddindəki toqquşmalar, Cavad xanı ona tanıtdırmışdı. Başa düşürdü ki, belə adamları öldürmək olar, ancaq sözündən döndərmək mümkün deyil. Peterburq tərbiyəsi və Tiflis söhbətləri içini bu "tatar-müsəlman" xanına qarşı kinlə doldursa da, Cavad xanın cavabları ürəyində qeyri-adi bir rəğbət də doğururdu..."

Cavad xanın intixab etdiyi - Azərbaycan yoludur; bütün faciələri ilə birgə: "-Çoxları məni bu savaşdan çəkindirmək istəyir. Ancaq mən düşmənə cavab vermişəm. Demişəm ki, onlar Gəncəyə ancaq meyitimin üstündən keçib girə bilərlər! Mən bu ölümü xoşbəxtlik kimi qəbul edərəm! Biz canımızı qoruya-qoruya çox şeylər itirmişik. Daha itirəcəyimiz bir şey qalmayıb! Düşmən qalib gəlsə də, tarixin lənətini qazanacaq. Biz uduzaraq, şəhid olsaq belə o dünyamızı qazanacaq və millətimizin əbədi qürur yeri və baş ucalığı olacağıq! Gələcək nəsillər adımızı yaşadacaq və vətən yolunda candan keçməyi şərəf biləcəklər!"

Cavad xan şəhadətə yüksəlir, Ölüm zirvəsi ilə Azərbaycan mənasını tarixə yaza bilir. Bu, tarixdən alıb Sabir Rüstəmxanlının çağdaşımıza tanıtmaq istədiyi Azərbaycandır. Amma yazıçı hələ başqa bir - aktual Azərbaycanın da varlığını unutmur; faciələrimizin mənbəyi olan bu aktuallığı, acı sarkazmla "Həmin gün" adlı roman epiloqunda xatırlatmağı lazım bilir:

"Qubada Şıxəli xan Şamaxılı Mustafa xanı yıxıb, yerinə Qasım xanı qoymaq üçün tədarük görürdü ki, onun əli ilə Salyana yiyələnsin və ildə yüz əlli min rubldan artıq gəliri olan balıq satışını ələ keçirsin.

Bakıda Hüseynqulu xan kasıblıqdan can qurtarmaq üçün Şamaxılı Mustafa xandan daha çox pul qoparmaq yollarını düşünür və Quba xanı hücum etsə, ona yardım edəcəyini vəd edirdi.

Lənkəranda Mir Mustafa xan qardaşını yenidən Həştərxana göndərməyə hazırlaşırdı ki, ordan da Peterburqa gedib, rus imperatoruna Mir Mustafa xanın onun intizarında olması xəbərini çatdırsın.

Şəkidə Səlim xan kor qardaşı Məhəmmədhəsəni bir də kor eləmək istəyirdi.

Şuşada İbrahimxəlil xan xanəndələrə qulaq asa-asa: Ah, ötən günlər! - deyib cavanlığının həsrətini çəkirdi.

İrəvanda Məhəmməd xan naxçıvanlı dostu Kəlbəli xanla qəlyan çəkə-çəkə fikirləşirdilər ki, ermənilərin pasxası yaxınlaşır, Eçmiədzinə elə bir hədiyyə alaq ki, keşişlərin könlü xoş olsun!

Təbrizdə, Ərdəbildə, Zəncanda, Qəzvində, Marağada, Xoyda, Urmiyada, Həmədanda əli qılınc görməmiş sütül türk cavanlarını səfərbər edirdilər ki, Fətəli şah, Pirqulu xan, Abbas Mirzə və nə bilim, daha hansı əmmaməlinin ixtiyarına verib, müharibə sallaqxanalarına göndərsinlər..."

Bütövlükdə real mənzərə belədir. "Ancaq..." - Sabir Rüstəmxanlı romana "Burada nöqtə qoymaq..." istəmir; daha bir passajda Cavad xanın başlatdığı Azərbaycan davasının, bir zaman Şuşada Ağa Məhəmməd şah Qacarın zindanında birgə həbsdə olduqları Bakı xanı Hüseynqulu xan tərəfindən davam etdirildiyini və bugünəcən də bitmədiyini romana əlavə etməyi lazım bilir: "Ancaq... Bir neçə gün sonra Bakıda rus konsulunu şəhərdən qovub, yeddi əsgərini öldürdülər. On gündən sonra Car və Tala kəndləri arasında dar dərədə general Qulyakovu mühasirəyə alıb, özünü və üç yüz əsgərini doğradılar.Və nəhayət, Bakıda Hüseynqulu xan dostunun ölümündən sonra ovunu gözləyən aslana döndü...

Hüseynqulu xan generalın başını kəsib, xonçaya qoydu və pıçıldadı: -Köməyinə gələ bilməmişdim, Cavad xan, məni bağışla! Amma intiqamını aldım!..

Sisianovla başlanan rus işğalından qurtarmağa ilk uğurlu cəhd 114 ildən sonra baş tutdu. Cavad xanın Gəncəsində ayaq tutan müstəqillik cəmi iki il ömür sürdü.

Bu işğaldan 187 il sonra isə bu sətirləin müəllifi öz məsləkdaşlarıyla birlikdə Azərbaycanın müstəqillik aktına imza atıb, bu işğala həmişəlik son qoydular".

"Ölüm zirvəsi" romanında ictimai-siyasi diskursla yanaşı, təbii ki, tarixi fonu yaradan, təmin edən arxa plan da var; bu, özünü daha çox ideoloji konstrukt kimi -Sarayla Şeyx Ocağının vəhdətində göstərir. Şeyx Ocağını təmsil edən, Gəncənin mənəvi-ruhi birliyini qoruyub-saxlayan, yeni nəsillərə ötürməyə çalışan Şeyx Yusifdir: "Şeyx Yusifin kənardan həyat əlaməti duyulmayan solğun, Gəncənin köhnə evlərindən seçilməyən ocağı əslində ayrı bir dünyanın hansı möcüzəyləsə qopub qalmış parçasıydı. Hasar həm də zamana sədd çəkmiş, bu günün ab-havasının həyətə girməsinə yol verməmiş, burda uzaq bir dünyanı toxunulmamış, olduğu kimi qoruyub saxlamışdı. Qapıdan içəri ayaq qoyan kimi qədim bir ruh üzünə vururdu. Bu bir möcüzəydi. Birdən-birə ayrı çağa, ayrı mühitə düşürdün elə bil... Bəlkə də heç bir möcüzə yoxdu, eləcə "Şeyx Ocağı" sözü adamı götürürdü..."

"Şeyx Ocağı" romanda paralel təsvir olunan, ictimai-siyasi dəyərlərdən daha üstün, yeri gəldikcə onu bəhrələndirən, möhkəmləndirən, ayaqda saxlayan yeganə müstəqim xətt olub: sufilərdən, əxilərdən, Şeyx Nizamidən, qədim mədəni ənənələrdən qidalanan Şeyx Yusif təlimində; Hüseynqulu ağa ilə mürid-mürşid münasibətlərində, Şeyx ocağında fəaliyyət göstərən "Şairlər məclisi" və şair Nicat Gəncəli obrazında davam edir, XVIII əsrin müasirliklə qədimlik üzərində qərar tutmuş Gəncəsini, "imam Hüseyn şəhəri"nin mənəvi gücünü təcəssüm etdirir. Belə olmasaydı, şəhid şəhərin obrazını axıracan dərk etmək çətin olardı: "Gəncənin bu qala divarlarından daha möhkəm olan başqa bir mənəvi mühafizə sistemi də vardı. Bu da qürurdu. Gəncə qüruru... Şəhərin torpağından, suyundan, daşından, divarından... - hardan gəlirdi bu qürur? Bəlkə dünyanın cəhalət içində uyuduğu bir zamanda Məhsəti, Əbülüla, Nizami kimi nəhəng gəncəlilər yetirməsindən? Hər halda, bu işdə Gəncə sözünün də rolu az deyildi. Bu sözün altında qədim bir tayfanın tarixiylə yanaşı, tükənməz ağıl və sərvət xəzinəsi də yatırdı. İndi namərd zəmanənin Gəncəni kiçiltmək ehtirası, dörd yandan gavur qoşununun qarğa-quzğun kimi üstünə tökülməsi hər bir gəncəlinin ürəyində "olum-ölüm" sərhədlərini itirən və şəhidliyi xoşbəxtlik kimi qəbul etdirən bir duyğu yaratmışdı..."

Bununla belə, yer üzünün ədalətsizliyi az qala Şeyxin də qəlbində inkar notları oyadır: "Şeyx Yusifin öz içini didən sorğular da çoxdu. Hətta bu boyda xəzinədə də o, sorğuların cavabını tapa bilmirdi. Əgər hər şey Tanrının iradəsinə bağlıdırsa, onda gərək ədalətnən güc uyğun gəlsin. Güclü olan həm də ədalətli olsun. Nə yazıq ki, belə deyil. Ədalət həmişə zorun hədəfidir, onun ayağı altındadır. Zoru olandan haqq-ədalət soruşan yoxdur. Bəlkə də soruşacaqlar, ancaq onda xeyri olmayacaq... Min-min insanın sümükləri üstündə qurulan ədalət məhkəmələrinin nə mənası?.."

Romanda erməni xəyanətkarlarının göz dikdiyi, Eçmiədzinə daşımağa can atdıqları Şeyx Ocağı düşmən basqınında "Gəncə alovları"na qərq olub, Şeyx Yusiflə birgə şəhid məzarıstanlığına dönür: "İlahi, bu xəzinəsiz Gəncənin axırı necə olacaq? Kökümüzü, dünyanın sirlərini bilmədən yaşaya bilərəmmi?.. - ...Divarlar boyu kitabları, əlyazmaları bürüyən və getdikcə ona yaxınlaşan alova baxdıqca hönkürə-hönkürə bir adam sığışan dar pillələrlə gizli zirzəmiyə endi. Bu anlarda ancaq bir şey düşünürdü. - Tanrım mənə səbir ver! Qoy canımı xilas etmək üçün çölə qaçmayım! Qoy yansın, külə dönsün hər şey! Təki o murdarların əlinə keçməsin!.."

Azərbaycan tarixi romançılığında M.S.Ordubadidən bu yana ənənəsi olan Qılınc və Qələm modeli Sabir Rüstəmxanlının romanlarında özünəxas şəkildə: Oğuz xan və Uslu Xoca, Qara xan və Qam Ata, Gün xan və Qorqud; Cavad xan və Şeyx Yusif... - tandemlərində gəlişdirilir; həm də bu zaman mifoloji-tarixi diskursa hardasa İsa Hüseynovun "İdeal"ından gələn bir "itmiş əlyazma", "milli tarixin itirilmiş kökləri" konsepti (Kamal Abdullada bu - "yarımçıq əlyazma"dır) hakimdir. Həmin mifologemi romandan romana keçirərək (Ərkon, Şeyx Ocağı) Sabir Rüstəmxanlı öz Azərbaycannaməsində "itirilmiş xəzinənin yaşayan sirləri"ni axtarmaqdadır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!