Ədəbiyyatımızın səhnəsi - Formaların kəsişməsi, yaxud üslub magiyası - II məqalə

Cavanşir YUSİFLİ

"...Təbiətin püskürdüyü

bu saysız odlardan

sənin ömrünün cigərində

bir damla da su qalmayıb..."

"Sirlər xəzinəsi"

 

Ədəbi janrların təbiətinə belə bir mühüm cəhət xasdır ki, bəzən bizim "ölüm" kimi gördüklərimizi o bir daha, təkrar-təkrar "dirildir", həyata qaytarır, onların rəng və koloritini dəyişdirir və ədəbi proses, məxsusi olaraq janrdaxili proses özünün mərkəz yox, kənar nöqtələriylə maraq doğurur, ancaq o nöqtələr çox zaman görünmür, yalnız fəhm edilir. Biz həmişə janrdaxili proseslərə diqqət ayırır, onların, yəni janrların qarşılıqlı münasibətlərini araşdırmaqdan vaz keçirik. Halbuki ədəbi-bədii formalar da zamanla dəyişir, yəni çox cüzi bir dəyişiklik hələ gələcəkdə söyləməli olduğumuz fikirlərin üstündən xətt çəkir. Müasir Azərbaycan ədəbiyyatı diskursu janrların funksionallığı, daha çox formaların qarışması (kəsişməsi, yəni) və partlayışı ilə səciyyələnən əsərlərin varlığının etirafı kimi anlaşılır. Yəni dəfələrlə qeyd edildiyinə rəğmən, janrlar ölmür, əksinə, gəldiyi yolla geri qayıdıb "yaddan çıxardığı" nəsnələri yaddaşına yükləyərək özünü, libasını, dilini və formasını bacardığı qədər dəyişdirir. Diqqət edin, M.F.Axundzadənin "Aldanmış kəvakib" əsəri yazıldığı dönəmdən bu günə nə qədər dəyişib, o dərəcədə ki, artıq onu klassik anlamda hekayə, povest, yaxud roman belə adlandırmaq son dərəcə şərti xarakter daşıyır; elə "Min bir gecə"nin özü... Bunlar təkcə nağıllardırmı, həm də nağılı, hekayənin təhkiyəsini necə qurmaq ustalığının bəlirtisidir, yəni nağıl şifahi formada yarandığı anda nağıldır, yazıya alındığı zamandan üzü bəri dəyişir ("romanlaşır"), təhkiyəni necə qurmaq sənətinə çevrilir (Milan Kunderanın "Roman sənəti" essesinə baxın).

Yəni indi yazılan hekayələr keçən əsrin 70-80-ci illərində yazılan hekayələr deyildir, halbuki bəşər tarixinin elə bir dönəmi olmayıb ki, o çağda insan hekayəsiz yaşasın, hekayəsiz yaşamaq, nəfəs almaq mümkün deyildir. Klassik poeziyadan fərqli olaraq modern şeirdə ayrı-ayrı sözlərin "partlayış gücü" əsas məqam qazandığına paralel olaraq müasir nəsrdə də, məxsusi olaraq hekayə janrında formaların qarışması və partlayışı əsas yerə keçir və önəm qazanır. Bu günün hekayəçiliyini, hekayə danışmaq sənətini bilmək üçün 70-80-ci illərə qayıtmaq lazımdır, ən azı geriyə qayıdan yolda unutduqlarımızı görə bilmək üçün.

"Astana" hekayəsində (Yusif Səmədoğlu) hər bir cümlə təsvirin uçurum yerində, uçurumun kənarındadır, hər cümlə gərginliyin son həddini ifadə edir, belədə personaj özünü oyun səhnəsində, qaranlığın altıynan sürünən işığın içində görür; onu qayalıqların arasında buraxan maşının arxa faraları sönüb-közərib gözdən itən kimi o, öz gözlərini (gözlərinin işartısını - olmayan bir şeyi-!) görür və bu əbəs deyildir.

Təsvir hansı ölçüdən gəlir, maşının arxa faraları çox ağır xəstənin son ümid çırağı kimi yox olanda, elə o anda o qaranlıqda öz gözlərinin necə işardığını hiss etdi, bunu yalnız yazı qeydə alındıqdan sonra, yəni kimsə gördükdən sonra hiss edə bilərik... Hələ bu hamısı deyil, taksi gedəndən dərhal sonra gözlərinin işartısından ayaqları altına düşən işığa baxmış, orda ürəyinin döyüntüsünü görmüşdü... Bu artıq reallığın ən kənar nöqtələrini hiss edib yaşamaq kimidi, gərgin ortam son dərəcə dəqiq şəkildə, həm də poetizmlə soyuqqanlı təsvirin elə bir sərhədində verilir ki (naşı yazıçı bu poetizmdə ilişib qalardı, çağdaş nəsrdə bu hal qabarıqdır), bir anlığa əşyaları canlı şəkildə gördüyünü hiss edirsən. Hər bir hekayə haçansa, yaşamın hansı məqamındasa müəllifə "danışılır", beləcə onun yaddaşına yığılır (heç poeziyada da heç bir bədahətənlik yoxdur, [...Duman gəl-get bu dağlardan// dağlar təzə bar eyləsin//nə gözlərim səni görsün//nə könlüm qubar eyləsin...], sadəcə, illər boyu yaddaşına yüklənən və qarışdıqca qarışan xatirələrin partlayış gücüdür), naməlum nağılçının dediklərindən yadında qalanları yazır. "...Gecə taksi fırlanıb gedəndən sonra, o, qaranlıq içərisində görmədiyi neçə-neçə darvazalardan keçib, görmədiyi keşikçilərin xısın danışıqlarının müşayiəti altında tövşüyə-tövşüyə lap yuxarı qalxmışdı, nəhayət, sonuncu darvaza bağlanıb onu qaranlığın ixtiyarına vermişdi. Gecə taksi fırlanıb gedəndən sonra, o, gözlərinin işartısından ayaqları altına düşən işığa baxa-baxa ürəyinin döyüntüsünə qulaq asmışdı, ürəyinin sıxıntısını anlamağa çalışmışdı. Qaranlıq yalnız qaranlıq deyil, dərd-sər dolu nəhəng bir daş parçasıdır ki, məqam axtarır, əlinə keçənin çiyinlərinə salsın özünü. Hünərin var, yatma!..". Bu vəziyyətində personaj hər şeyi, xırda bir səs-səmiri də olmadığı kimi, xüsusi həssaslıqla hiss etmək əvəzinə onları normal, qəzavü-qədər kimi qəbul edir: elə belə də olmalıdır, milyon ildi təkrarlanan və dəyişməyən hadisələr qismində. Yəni məsələ onun ömrünün sonunu "ekrana gətirən" hadisələri hiss etməyində deyildi (...Bütün günü cəhənnəm istisini özünə hopdurmuş daşlardan və torpaqdan qalxan hərarət idi: o, bu hərarətin, ayaqları altında gözəgörünməz tüstü kimi necə burulub günəşə sarı yönəldiyini bütün vücudu ilə hiss edirdi. Müşahidə elədiyi bu yanğınlı axın onda heç bir təəccüb doğurmurdu, elə bil dəfələrlə min-milyon dəfə gördüyü ən adi şeylərdən biri idi: günəş istini geri alırdı. Allah verdiyi canı geri alan kimi...), əsas olan gümanı gəlməyən yerlərdən gələn səslərdə idi. Elə bil nəydisə, nəsə demək istəyirdi, kimdisə, kimisə çağırırdı. Təhkiyənin bu məqamı, personajın baş-başa vermiş qayalıqların arasında yalnız ürəyinin və beyninin dərinliklərindəki ağrını hiss etdiyini ifadə edən nöqtə ömrü boyu yarı yolda unutduğu, bəlkə də əldən salıb itirdiyi nəsnələri (xatirələri) uc-uca calayır və bu - aralarında heç bir bağlantı olmayan nöqtələr arasından keçməyin, hər halda sağ-salamat keçməyin mümkünsüzlüyü bütün gücsüzlüyü və gücü ilə göstərə bilir. Təhkiyənin fərqli yerlərində təkrarlanan "Hardasa ana balasını əmizdirirdi, süd körpənin ağzından aşıb-daşırdı..." cümləsi quraqlıqla bolluğu, anası ölümcül xəstə yatarkən məcburən uzaqdan gələn mühüm qonağın şəninə təşkil edilən tədbirlərdə iştirakıyla o vaxtdan beyninin ən dərin yerində yuva quran ağrını, həyatın rəng, səs, musiqi bolluğuyla (körpənin ağzından süd aşıb-daşırdı) onu dalınca sürükləyən faciənin bir nöqtədə düyümlənməsinin qaçılmazlığını eyni anda nümayiş etdirir. Beyninin, ya da ürəyinin ən dərin qatında, quru xatirə xəzanının altındakı ağrının nə olduğunu, nəylə bağlı olduğunu belə bilmir (danışa bilməyən, ağzından süd aşıb-daşan körpə kimi...), çünki o yerdə heç bir arzu-dilək qalmamışdı, belədə hekayə bir janr kimi bitib-tükənmir, əvvəlcədən bilinsə də ki, o ağrıyan yer heç zaman tapılmayacaq. Yuxarıdakı təkrarlanan cümlə müəllifin, demək olar, bütün mətnlərində mövcuddur, onun üslubunun, üslub çərçivəsində hadisəni danışmaq vərdişinin dəyişdiyi anı dəqiq şəkildə göstərən bu tipli "nəqaratlar" aralarında heç bir bağlantı olmayan, təsadüfən "tapılan" anımları bir zaman-məkan modusunda saxlamaq inadını əks etdirir (elə mahnı mətnlərindəki nəqarat da-!). Bu hekayə insanların arasında hər gün nəql edilən əhvalatlardan nələrisə əxz edir, hər bir təsadüfdə bitməmək, tükənməzlik effektini doğrultmaq üçün fürsət gəzir, janrın təbiətindəki bu məqam gələcəkdə söyləniləcək sonsuz hekayətlərlə kəsişir, yeni janr sferasının yaranmasına təkan verir, bu hekayəni diqqətlə oxusanız onun hansı tezlik və sürətlə "Qətl günü" romanının içindən keçdiyinin də şahidi olarsınız. Yəni bu təkcə üslub, hadisələrin kəsişmə məqamını təsvir etmə çevrəsi deyildir, müəllifin özünün də xəbərdar olmadığı, açarını bilmədiyi sirrin - bir hekayənin hekayə və romanlara dönüşmə həqiqətinin bəlkə də özüdür. Roman sənətində, elə hekayəçilikdə də bir "üslub magiyası" yaşayır, bir mətn bitib-tükənmir, üslubun özü hadisə olduğu üçün "Qətl günü"ndə olduğu kimi müxtəlif əsrlərdə baş verən hadisələri həmin o "magik sirrin" sayəsində baş-başa gətirir, yəni "Astana"da ağrının tapılmayan, ancaq qarasına hiss edilən yeri başqa hekayələrdə ("Bayatı-Şiraz") və romanlarda (və daha çox yarımçıq qalan "Deyilənlər gəldi başa" romanında, - zənnimizcə, bunun özü də təsadüf deyildir-!) yeni-yeni çalarlar qazanır, tapılmaq ümidi bir az da azalır, demək, üslub sferasında hər şey "səssiz lada" keçir. "Astana"da personaj içini dağıdan ağrıdan qıvrıldıqca qıvrılır və bir anlığa anlayır ki, bu cür ağrılar, bu cür dözülməz, insana işgəncə verən beyin uğultusu hər kəsin ömründə bir, uzağı iki dəfə olur, bir ana bətnində, bir də ölümdən qabaq. Bu mənada onun bu dözülməz işgəncəyə məruz qalan bütün qəhrəmanları hər bir əsərində, fərqli təhkiyə aktlarında fərqli şəkildə meydana çıxırlar, həyat səhnəsində fərqli libaslarda görünürlər. "Qətl günü"ndə bu ağrı insanı gah tutduğu anda aparır, özü də ən kövrək, həyatın dərinliyindən şırıltıyla axan zaman çayının səsini duyduğu anda üstünü kəsdirir (Xəstə obrazı), ya da onu qaniçən cəllada çevirir. Romanda bir anlığa dözülməz ağrı unudulur, Baba Kahadan axıb gələn soyuq küləyin təsiri keyləşir və sən göydəki ulduzların qəribə şəkildə parıldadığını görürsən. Göylər, hərəsi bir alma boyda par-par yanan ulduzlarıyla birgə insanın ruhuna, cisminə hopur. Mətndə bütün zamanlar ona görə bir-birinə qarışıb, həm də bir-birinin içindən çıxır ki, insanın törətdiyi günah bütün zamanları dövrələyir (bu səbəbdən əsərin kompozisiya tipi dairəvidir-!), bu günahın zərrələri hamıya yoluxur, hamını bir-birinə bağlayır, biri sürüşdümü, dərhal digərlərinə təsir edir və bu "total günah"dan xilas olmaq mümkün deyildir. "Astana" hekayəsində belə bir məqam var: "O, bir də evinə dönməyəcək. Onu evdən çıxarıblar - meyiti çıxaran kimi. Özü öz cənazəsini çiyninə alıb, gecə, gümüş kəmərə bənzər yolda maşından enib və bura, qayalıqlara girib. Fatihə! Allah cəmi əhli-ğübura rəhmət eləsin! Bunu kim dedi görəsən?.. Kim tək qalır, elə bilir, doğrudan, təkdir. Amma heç kəs, heç vaxt tək qalmır. Ağrı elə bil ağlına gələn bu fikrə bənd imiş kimi, birdən-birə yox oldu, o, gicgahlarında soyuqluq hiss elədi və bir də səbəbi özünə heç cür aydın olmayan qəribə bir yüngüllük duydu: elə bil hündür və çətin baryeri keçmiş at idi, indi onu tövləyə rahatlamağa aparacaqdılar...".

Həyat ağrıdır, məşəqqətli işgəncədir, sirrini bulana qədər. Mirzə Cəlildə bu, "xamuşluq" hadisəsidir, mükəmməl dramaturji diskurs: "Hindistan hükəmasından bilmirəm hansıdı - adı yadımdan çıxıb, - kitabında yazır: vaxt olur ki, insanın qəlbi hər bir arzudan və meyildən xali olur, o vaxt qəlbdə bir növ xamuşluq əmələ gəlir. Bu xamuşluqda insana elə bir iti zehn üz verir ki, dünyanın yaxşı və yamanını həkimanə bir surətdə görə bilər. Allah şahiddir ki, bir belə xamuşluq, bir belə sakitlik bu dəqiqə mənim də qəlbimdədir. Onun üçün də indi mən həzrət sahibül-əsr vəzzəmanın xidmətinə müşərrəf olan bu camaatın (əlini zəvvara tərəf uzadır) hərəkətinə diqqət ilə tamaşa edib deyirəm: Vallah və billah biz "dəli yığıncağına" düşmüşük...".

 

İllüstrasiya: Anna Bulkina "Kitab oxuyan külək" (2016)


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!