XXI əsrin ədəbi tənqidi: düşüncə zamanı

Mətanət VAHİD

 

Müstəqillik illərində hər sahədə olduğu kimi, incəsənət sahəsində də aparıcı olan demokratik düşüncə belə bir fikri aktuallaşdırdı ki, müəllif həmişə azaddır, yaradıcı potensialını hansı şəkildə reallaşdıracağı yalnız onun öz işidir. Belə olduğu halda, istənilən tənqidi fikir öz təsir qüvvəsini itirir. Müstəqillik illərində ədəbi tənqid Sovet dövründəki bədii yaradıcılığı arxasınca aparan lokomotiv, ona yol göstərən mayak statusunu itirdi. Zamanla ədəbi tənqidin lazımlılığı məsələsi sorğulandı. Bu gün obyektivliklə subyektivliyi, elmiliklə bədiiliyi daha çox özündə birləşdirmək imkanına malik esseistika daha populyar, daha tələbolunandır. Yəqin, bunun nəticəsidir ki, əsrimizin əvvəllərində aktiv fəaliyyəti ilə seçilən bəzi tənqidçilər yavaş-yavaş tənqid səhnəsindən çəkildilər; kimi esseistikaya meyilləndi, kimisi daha çox ədəbiyyat tarixini araşdırmağa üz tutdu.

Bu, bir gerçəklikdir ki, ədəbi prosesimizdə bədii ədəbiyyatla ədəbi tənqidin dialoqu heç cür alınmır. Buna görə ayrı-ayrı tənqidçilərin fəaliyyəti inersiyadan qurtulma çabası kimi təqdiredici olsa da, ümumi prosesə təsir göstərmək imkanları hələ də məhdud olaraq qalmaqdadır.

Fikrimcə, müstəqillik dövrü ədəbi tənqidinin estetik aspektdən dəyərləndirilməsi çətinlik törətdiyi üçün o, ənənəvi olaraq, tarixi-mərhələli şəkildə tədqiq edilir. Bu baxımdan "yeni əsrin ədəbi tənqidi" anlayışı ənənənin davamı kimi qəbullana bilər. XXI əsr ədəbi tənqidinin Sovet dövründə olduğu kimi, yönləndirmə funksiyası çoxdan əhəmiyyətini itirsə də, etik məzmuna malik ədəbi tənqid cəmiyyətin estetik zövqünə təsir imkanlarını, az da olsa, özündə saxlayır. Peşəkar ədəbi tənqid oxucuların yalnız kiçik bir qismini təşkil edən hazırlıqlı, "ixtisaslaşmış" oxucu üçün maraqlıdır. Bu baxımdan, xüsusən cəmiyyətin sözünə etibar etdiyi azsaylı yazı adamları var ki, onların yanlış yönləndirmələri ədəbiyyatımız üçün bağışlanmaz səhvlərə gətirib çıxara bilər. Xüsusən metodoloji, praktik mahiyyəti, publisistik kəsəri ilə nəzərləri cəlb edən, polemik ahəngi ilə ədəbi-estetik düşüncədə az-çox oyanışa səbəb olan məqalələr əsrin ədəbi tənqidi ilə bağlı məsuliyyət yükünü daşıması baxımından əhəmiyyətlidir.

Filologiya elmləri doktoru Elnarə Akimova çağdaş Azərbaycan ədəbiyyatında ərsəyə gələn mətnlərə, bütövlükdə prosesə ən operativ, çevik və dinamik münasibətilə öndə olan 3-4 tənqidçi imzasından biridir. Bugünkü ədəbiyyatın mənzərəsini yaradan az imza tapılar ki, Akimova onun yaradıcılığından ya ayrıca, yaxud icmal yazılarında bəhs etməsin. Ədəbiyyatımızın ən ümdə problemlərindən biri - yazarın şəxsiyyəti ilə yaradıcılığının toqquşması məsələsi onun üçün problem yaratmır, hamıdan eyni dərəcədə obyektivlik və həvəslə bəhs edir. Tənqidçi şərhində əsər müəllifinin obrazı mətni üstələyəndə, mətn şəxsiyyətin kölgəsində qalanda, siyasi kontekst bədii mətnə ədəbi hadisə kimi qiymət verməyə mane olanda uduzan hər zaman sənət olur. E.Akimovanın tənqidi yaradıcılığı bu maneələrdən arınmış halda meydana çıxır.  

Sovet dövründə kəskin tənqid məqsədli olurdu, ideoloji yönlədirmə ondan silah kimi istifadə edir, yazarları tənqidçilərə "qırdırırdı". Müasir dövrdə bu tendensiya aradan qaldırılıb. İndi zəif hesab olunan mətnlər haqqında "danışmağa dəyməz" fikri hakimdir. Ona görə oxucular və tənqidi yalnız sözdə sevən yazarlar arasında "indi tənqid yoxdur, yalnız tərif var" fikri hakimdir. Bu düşüncənin nəticəsidir ki, hazırda hər hansı əsərdən bəhs olunursa, deməli, kəm-kəsirlərinə baxmayaraq, əsasən, müsbət qarşılanıb. Bu da boz ədəbiyyatla passiv də olsa, bir növ, mübarizə üsuludur. Akimovanın tənqidi yaradıcılığında təsadüfi imzaların dəyərləndirilməsinə rast gəlmirik, demək olar, hər biri çağdaş ədəbiyyatın aparıcı simalarıdır.

Elnarə Akimovanın "Düşüncə zamanı - ədəbi tənqid diksurs kimi" (2019) kitabında Azərbaycan ədəbiyyatının son illərdəki eniş və yoxuşlarını, itki və qazanclarını izləyə bilirik. Kitab hər şeydən öncə, məhz bu cəhəti ilə - prosesin dolğun mənzərəsini yaratmaqla diqqətəlayiqdir. Ədəbi tənqidimizin problematikası, çağdaş nəzəri-estetik vəziyyəti, metodoloji hazırlığı illərdir ki, E.Akimovanın diqqətindədir. Araşdırdığı və ümumiyyətlə, ədəbi tənqidi fikrə aid etdiyi bütün məsələləri, ilk növbədə, öz yaradıcılığına tətbiq edərək, dolğun bir tənqidçi obrazı yaradır.

Diskursu yaradan subyekt individ olsa da, o, əksərən hansısa bir ədəbi qrupu, istiqaməti təmsil edir. Bu baxımdan Elnarə Akimovanın son 5 il ərzində "Ədəbiyyat qəzeti"ndə çap etdirdiyi bu məqalələr həmçinin qəzetin əsas mövqeyini, tənqidi istiqamətini əks etdirmiş olur. Qəzetdə ən müxtəlif düşüncəyə malik müəlliflər, o cümlədən tənqidçilər çap olunsalar da, daimi oxucuları bilir ki, ədəbiyyata və ədəbi tendensiyalara münasibətdə E.Akimovanın tənqidi mövqeyi qəzetin mövqeyi ilə tamamilə üst-üstə düşür. Ədəbi-tənqidi məqalələr toplusunu "Düşüncə zamanı - ədəbi tənqid diksurs kimi" adlandırmaqla o, ədəbiyyatı bütün parametrləri ilə çağdaş rakursdan dəyərləndirməyin tərəfdarı kimi çıxış edir.

Diskurs kommunikativ situasiyanın vahidliyidir və müəllif son illər bütün yaradıcılığı boyu bu vahidlik tendensiyasına, əsasən, sadiq qalaraq, mətn - konsept - diskurs xəttini formalaşdırır. Belə ki, diskursun məkanı açıqdır, genişdir; yalnız mətndən və ədəbi tənqid müəllifinin düşüncələrindən deyil, həmçinin oxucuda oyatdığı refleksiyadan ibarətdir. Bədii mətn qapalı mühitdən çıxaraq tənqidçinin təfsiri və oxucunun interpretasiyasında canlanır, yaşarılıq qazanır. "Düşüncə zamanı..." kitabının simasında diskurs ədəbi tənqidin, konkret tənqidçinin təqdimatında formalaşdırılır - estafet oxuculara olduğu qədər, həmkarlarına da ötürülür. Bu, tənqidçinin müstəsna fərdiyyətçiliyə dayanan çağdaş ədəbi tənqidimizi komunnikativliyə cəlbetmə cəhdidir - düşünməyə çağırışdır.

Çağdaş ədəbi tənqid, əsasən, bütövlükdə tendensiyalara, cərəyanlara deyil, ayrı-ayrı müəlliflərin yaradıcılığına fokuslanır. Esseistkaya çevrilməsinin bir faktoru da elə budur. Elnarənin tənqidi məqalələri fonunda isə ədəbi mühitin mənzərəsini aydın görmək mümkündür. Kitabda yer almış bütün məqalələrin ilk və diqqətli oxucusu, fikrimcə, bəzilərinin hətta ideya baxımından istiqamətvericisi olan Azər Turan bəhsi gedən kitabın, müəllifinin çağdaş Azərbaycan ədəbiyyatındakı mövqeyinin çox aydın konturlarını cızır: "Elnarə Akimova yazdıqlarının örnəyində XXI yüzil Azərbaycan ədəbiyyatşünaslığı üçün cərəyanlar dövrünün tənqidçisi tipini yaratdı. Cərəyanların funksionallığının ədəbiyyatımızda nə vaxtdan müşahidə olunduğunu ilk dəfə kompleks halında və yeni ədəbi mətnlərin təhlilləri fonunda dövriyyəyə qatan, cari ədəbi prosesi cərəyanlara nəzərən dəyərləndirən və bunu predmetləşdirən tənqidçilərimizdən biri də odur." Bu qənaətə varmaq imkanını tənqidçinin mətnləri yaradır.

Bədii fikrin formalaşması və inkişafını şərtləndirən ictimai, mənəvi və estetik amillərin vəhdətdə götürülməsi "Düşüncə zamanı..." kitabındakı, demək olar, bütün məqalələrə aid edilə bilən ümumi xüsusiyyətdir. Bununla belə, diqqətimi çəkən bir məqam da müəllifin poeziya ilə bağlı analizlərinin daha çox nəzəri-estetik, nəsr təhlillərinin isə etik-psixoloji, fəlsəfi amillərə istinadıdır.

Nəsr əsərlərindəki, xüsusən Mirmehdi Ağaoğlunun "Bu gün səbr elə", Zahid Sarıtorpağın "Quşların intiharına ağlamayın" romanları və Qan Turalı, Orxan Fikrətoğlu, Meyxoş Abdulla və digərlərinin hekayələri haqqındakı tənqidi mətnlərdəki əxlaqi-mənəvi konfliktin sosial amilləri araşdırılır, fəlsəfi, psixoloji köklərinə varılır. Hər bir məqalədə dolayısı ilə müəyyən ümumiləşdirlilmələr aparılır: birində bədii mətn konseptinin reallaşması üçün estetik komponent olaraq katarsis əsas götürülür; digərində bədii əsərin adının tematik və konseptual əhəmiyyəti vurğulanır; bir başqasında mətnin diskursiv xarakteristikası etik mahiyyəti ilə əlaqələndirilir və s.

Ədəbiyyatşünas-tənqidçinin "Düşüncə zamanı - ədəbi tənqid diksurs kimi" kitabındakı məqalələrinin hər birində konkret müəllifin yaradıcılığını və bu fonda ümumiyyətlə ədəbi prosesi dəyərləndirərkən əsas meyarı obyektivlikdir. O, bu tendensiyanı yalnız konkret müəlliflərə deyil, ayrı-ayrı ədəbi-tarixi mərhələlərə münasibətdə də mühafizə edir: "Sovet ədəbiyyatına tarixi-tipoloji vahid kimi yanaşıb yaxşı nümunələrini danmadan, tarixi konteksti unutmadan ideoloji tələbin nəticəsi kimi ərsəyə gələn əsərlərdən də çəkinmədən danışmalıyıq. Bizə ədəbiyyata münasibəti dəyişməyə, yeniləməyə ədəbiyyatşünaslığın şüuraltı vərdişləri, daşlaşmış qənaətləri mane olur. Ədəbiyyat tariximizin hər dövrünə yanaşmada obyektiv elmi-nəzəri qanunauyğunluqlardan nəzər yetirməliyik. Bu gerçək ədəbiyyatın mahiyyətinin açılmasına, müasir dünya ədəbiyyatının inkişafı mövqeyindən milli ədəbiyyatımıza hər cür doqmatikadan uzaq nəzərlərlə baxmaq imkanı qazandırır."

Elnarənin, demək olar, bütün analiz mətnlərini birləşdirən ümumi cəhətlər var: ədəbi-bədii faktların tarixi və müasir mənzərəsinin qarşılaşdırılması, dünya ədəbiyyatı və milli klassik irsin çağdaş ədəbiyyata təsiri, bəşərilik və millilik, həmçinin yeri, məqamı gəldikcə ədəbi tənqidimizdə aparıcı olan fikirlərlə dialoqlar. Ədəbi mətnlərə və mərhələlərə müqayisəli - digər sənətlər, digər əsərlər, müəlliflər və dünya ədəbiyyatı kontekstində yanaşma ədəbiyyatda ən çox sevdiyim tendensiyadır. E.Akimova bəzən bir ədəbi mərhələni dünya ədəbiyyatına nəzərən müqayisə edir (məsələn, ötən əsrin 30-cu illər Azərbaycan nəsrinin Qərb ədəbiyyatı ilə heç bir bağlılığı olmadığını, heç bir cərəyanın təsiri duyulmadığını, Avropa ədəbiyyatında həmin dönəmdə böyük təlatümlər yaşandığı halda, bizim milli nəsrdə bunun əks-sədasının yaranmadığını yazır), bəzən isə Sovet dövründə yaranmış ədəbi nümunələri müasir əsərlərlə qiyaslayır ("Dəli Kür" romanı ilə müqayisədə bir şəxsin taleyi fonunda bütöv bir tarixi epoxanın hadisələrinə nüfuz edən "Ağ qoç, qara qoç", "Baş", "Şair və şər", "İşığa gedən yol", "Taclı", "Qurban", "Qara güzgü" kimi bədii əsərləri xatırlayır) və s. Əgər bir öncəki məqalədə XX əsrin əvvəllərində ərsəyə gələn romanların ədəbiyyatın immanent inkişaf qanunauyğunluqlarına cavab vermədiyindən, sovet quruluşunu əks etdirən romanların müstəqillik dönəminə adlaya bilməməsindən, milli düşüncə ədəbiyyatı ola bilməməsindən bəhs edirsə, növbəti məqalədə İsa Hüseynovun Azərbaycan nəsrinin milli ruh və emosiya potensialını özünə qaytardığını yazır. Başqa sözlə, onun tənqidi yaradıcılığı bütün yönləri ilə düşünülmüş, sistemli bir akt olaraq meydana çıxır.

Günümüzün ədəbi tənqidində, təəssüf ki, hələ də bəzən rast gəlinən məzmun şərhçiliyi Elnarənin yaradıcılığı üçün xarakterik deyil; o, məqalələrdə irəli sürdüyü məsələləri təfsilatlı təsvir etmir, problemin ümumi səciyyəsini verərək qarşıya suallar qoyur. Çox vaxt qoyduğu sualları cavablandıraraq məsələnin mahiyyətinə nüfuz edir, bəzən isə suallar oxucu ünvanlı olur, belə demək mümkünsə, oxucunun fikrini qarışdırır, düşünmək üçün material verir. Məsələn, "Dəli Kür" romanı haqqındakı məqalə, demək olar, bütünlüklə müəllifin irəli sürdüyü suallar və cavablar şəklində meydana çıxır: "Yeni cəmiyyətdə milli insanın mövqeyi necə görünür, o, yenədəmi cəmiyyət üçün "artıq adam"dır, yoxsa ictimai və mədəni inkişaf onun yaşam tərzi, düşüncə hüdudu qarşısında güzəşt edir, onun ənənə və mühafizəkarlıq meyarlarının cəmiyyətdə dayanıqlılığına çaba göstərir? Bəs əvəzində nə təklif edir? Günbəgün dəyişən və milli keyfiyyətlərindən uzaqlaşan cəmiyyətin bu günə ötürəsi dəyəri, zəmanə qəhrəmanı kimdir, necə olmalıdır? Baş qəhrəmanının adının əsərin öz adını əvəzlədiyi, onunla bir sırada dayandığı neçə roman saya bilərik, məsələn?" Bu suallar və ətrafındakı şərhlər bəzən sadəcə, tezislər şəklində əks olunur; bir növ, ipuclarıdır, kələfin ucundan yapışıb bir xeyli mətnlərə, ədəbi mətləblərə yol almaq mümkündür. Etiraf etməliyəm ki, bu suallara müəllifin verdiyi cavabları arasında razılaşmadığım məqamlar da olub, bəzi mətnlərin ədəbi dəyərləndirilməsində ağlımda çoxsaylı sual işarəsi yaratdığı da. Önəmli olan isə düşündürə bilmək, sual yaratmaqdır.

"Düşüncə zamanı..." kitabında poeziya ilə bağlı fəsil "Poeziya - zamana baxış kontekstində" adlanır. Qeyd edim ki, müəllifin yalnız poeziyaya deyil, bütövlükdə ədəbiyyata münasibətində zaman konteksti əhəmiyyətli dərəcədə qabarıqdır. Elnarə Akimova üçün ədəbi fakt çağdaşlığı nə dərəcədə ehtiva edirsə, ona münasibət də bir o qədər çağdaşdır. Hansı dövrdə yazılmasından asılı olmayaraq, bəhs etdiyi bədii mətnlər yazıldığı dövr və ictimai-mədəni şərait gözardı edilmədən həm də  günümüzün rakursundan dəyərləndirilir, əsərin meydana gəldiyi zaman üçün əhəmiyyəti və dövrümüz üçün nə dərəcədə aktual ola bildiyi çözülür. Bu mətnlərin hansı ideya və düşüncəni qapsadığını görmək üçün adlarına nəzər yetirmək kifayət edir: "Yeniləşən nəsrin İsa Hüseynov mərhələsi", "Dəli Kür": dəyişən dəyərlər və roman texnologiyası kontekstində", "Ramiz Rövşən şeiri iki əsrin qovşağında" və s.

Ədəbi-tarixi faktın yaşarılığını əks etdirən "Cümhuriyyətə gedən yolun şairi - Məhəmməd Hadi", "Cavid yaradıcılığı: yeni düşüncə aspektləri ilə" yazılarında sənətkarların yaradıcılığı dünyada gedən ədəbi proses və tendensiyalar kontekstində təsbitini tapır. Hər iki şairin ədəbi-bədii təfəkkürünün formalaşmasına yaşadığı zaman və proseslərin, I Dünya müharibəsinin, bəşəri sarmış dekadans əhvali-ruhiyyəsinin əhəmiyyətli təsiri olduğundan onların yaradıcılığında ümumi mədəni, ictimai, mental böhran məqamları aktuallaşdırılır, əsərləri dəyərlərin məhv olduğu zaman kəsimində müəlliflərinin özünüidentifikasiya prosesinin inikası kimi şərh edilir. Buna dünya ədəbi prosesinə qırılmaz əlaqələrlə bağlı olan bədii faktın özü şərait yaradır. Ədəbiyyatşünas-tənqidçi yazır: "Yenilik - milli ədəbiyyatın dəyərlərinin dünya təcrübəsi ilə sintez edildiyi təqdirdə yaranır. Cavid dramaturgiyası bu sintez işinə yalnız süni texnologiyalar tətbiqi ilə yanaşmır, dünya ədəbiyyatı faktorunu, kontekstini yaşam şəklində - həzm edərək verirdi. Bu mətnlər milli ədəbiyyatımızın ictimai-fəlsəfi və ədəbi-bədii ənənələri üzərində gəlsə də, davamını dünya mədəniyyət sferasına qoşulmaqda tapırdı."

Yeri gəlmişkən, qeyd edim ki, Elnarə Akimovanın təhlillərində ədəbi-bədii düşüncəni şərtləndirən amillər arasında millilik bir çox hallarda mərkəzi mövqedədir və bir sıra nəzəri-metodoloji məsələlərin çözümündə əsas meyara çevrilir. Mənəvi dəyərlər sistemi olaraq Azərbaycan xalqının tarixi yaddaşı, ruhu, əxlaqi normaları, mental xüsusiyyətləri yazarların yaradıcılığında milli özünüifadə formasına çevrilərək ideya-məzmun qatında, süjet, dil, obrazlar vasitəsilə əks olunur. Estetik fikir tariximizin, milli bədii düşüncənin ideya qaynaqları, gələnəkləri, mədəni düşüncə sistemində kimliyimizin simvoluna çevrilən məna vahidləri Akimovanın analitik yazılarında nəzəri cəhətdən əsaslandırılmış konsepsiya kimi həllini tapır.

Milli kimlik məsələsi onun üçün uşaq ədəbiyyatında da prioritetdir. "Düşüncə zamanı..." kitabında ayrıca bir fəsil şəklində əksini tapan uşaq ədəbiyyatına dair məqalələr bu sahədəki problemləri, boşluqları nişan verir, onları gündəmə gətirməklə yanaşı, həm də həlli yollarını göstərir. Əlbəttə, nə mövzu yenidir, nə də qaldırılan problemlər. Lakin bu sahədə görülən işlərə, atılan addımlara rəğmən, xeyli sayda çözümünü gözləyən məsələlər hələ də mövcuddur.

"Uşaq ədəbiyyatının dünəni və bugünü" fəslindəki ilk məqalədə uşaq ədəbiyyatından məfkurə qaynağımız kimi bəhs edən müəllif növbəti yazıda bu sahədəki nəşrlərin vəziyyətini analiz edir. Nəticədə nə görürük? Nəşriyyatların uşaq ədəbiyyatı müəllifləri ilə işləmək istəməyib, əsasən, dünya ədəbiyyatından tərcümələrə və klassik nümunələrə yer verməsi, yaxud bu sahədəki fəaliyyətlərini bir müəllif üzərində qurması, məzmun və mündəricə dolğunluğu ilə diqqət çəkən nümunələrin tərtibatında əksər hallarda qüsurlar olması və s. kimi məsələlər ümumiləşdirilir, yeri gəldikcə konkret xətalar nişan verilir. Bu məsələlərə qeyri-ciddi yanaşmaya ciddi tədris ocaqlarında da təsadüf edildiyini ürək ağrısı ilə qeyd edən müəllif yazır: "BDU-nun uşaq ədəbiyyatı dərsliyində müasir dövr uşaq ədəbiyyatı Gülzar İbrahimova, onun yaradıcılığı ilə xarakterizə olunur. Məgər çağdaş uşaq ədəbiyyatı bir nəfərinmi ümidinə qalıb?" Bu məqalə, səhv etmirəmsə, 2016-cı ildə yazılıb. Maraqlıdır, konkret qurumun işinə aid edilən bu kifayət qədər ciddi irad ötən bu 4 il ərzində öz həllini tapıbmı? Yaxud bu sahədə ümumiyyətlə hər hansı bir addım atılıbmı? İnanmaq istəyirəm ki, bu və digər problemyönlü məqalələr gecikmə ilə də olsa, cəmiyyətdə əks-səda yaradacaq, müsbət təsirini göstərəcək və nəticələr verəcək. Çünki bu problemlərdən elə həllini tapsın deyə bəhs olunur. Həmçinin məqalədə müəllifin məqsədi uşaqlar üçün əcnəbi dildən tərcümə edilmiş mətnləri pisləmək deyil. Lakin o qeyd edir ki, hər bir əcnəbi mətn öz xalqının genetik kodları və mifik şifrələrinin daşıyıcısıdır, bu mənada, uşaqlar üçün öz yazdığımız mətnlərə ehtiyacımız da çoxdur. Bu fikirləri qeyd edərkən Akimovanın qayğısı milli kimliyimizi övladlarımıza aşılamaqdır: "Milli sabahımızı yad təsirlərə qapılmalardan qorumaq istəyiriksə, o zaman özümüzün yazdığı mətnlərə ehtiyac var."- deyir.

Başqa bir problem olaraq, sadələşdirilmiş klassik mətnlərin daha çox müəyyən qədər ixtisar olunduğu, uşaqların qavrama səviyyəsinə görə üzərində kifayət qədər iş görülmədiyi nəzərə çatdırılır. E.Akimovanın uşaq ədəbiyyatı sahəsindəki problemləri əhatələyən bu məqaləsini oxuyarkən belə nəticəyə gəlirik ki, sahə tamamilə diqqətdən kənarda qalmayıb, müsbət cəhdlər, təqdirolunası fəaliyyət də var, lakin əksər hallarda görülən işin keyfiyyəti daha yaxşısını arzulamaqdan başqa yol qoymur. Bəs nə etmək lazımdır? Müəllif problelmlərin həlli məqsədilə praktik təkliflər irəli sürür: ilk növbədə, dövlətin bu sahəyə nəzarət mexanizmi gücləndirilməli; uşaq ədəbiyyatı sahəsinə maraq ayıran nəşriyyatlar müəlliflər və rəssamlarla yaxın əməkdaşlıq etməli; bu sahənin geniş təbliğatına rəvac verilməli, bunun üçün xüsusən televiziyaların, teatrların rolundan istifadə edilməlidir.

Bu mövzu üzərində nisbətən geniş qeydlərimin səbəbi budur ki, illərdir Azərbaycan ədəbiyyatının müxtəlif problemləri ilə ardıcıl məşğul olan Elnarə Akimova indi eyni sistemliliklə uşaq ədəbiyyatının araşdırılması ilə məşğuldur. O, bir dövr və bir problemin sərhədləri çevrəsində düşünən, yazan tədqiqatçı deyil. Tənqid tarixi və müstəqillik illərindəki ədəbi tənqidin sistemli tədqiqindən sonra çağdaş poeziyamız və ədəbi təmayülləri araşdıran ədəbiyyatşünas indi də diqqət və marağını daha çox uşaq ədəbiyyatının tarixi və bugünü üzərində cəmləyib və bu sahələrin hamısında yalnız özünə xas olan üslub və intonasiya ilə böyük səriştə nümayiş etdirir.

Bədii mətnin təhlilində ədəbi-nəzəri təfəkkür onun ehtiva etdiyi fikirlərlə düz mütənasib deyilsə, tənqidin inersiya ilə meydana çıxdığı nəzərdən yayınmır. Tənqidçiyə vacib olan ədəbi-nəzəri bilgi və ədəbiyyat tarixinə yaxından bələdliklə yanaşı, geniş erudisiya, estetik zövq və çağdaş ədəbi prosesdə, ümumiyyətlə mədəni sferada istiqaməti düzgün müəyyənləşdirə bilmək qabiliyyətidir. Tənqidi yazı müəllifinin intellekt nümayişinə çevriləndə sıxıcı, terminologiyaya ilə ağırlaşmış, ruhsuz söz yığınına çevrilir; onu bədii mətn üzərində formalaşmış müstəqil mətn kimi oxuya bilmirsənsə, demək, yaradıcılıq aktı baş tutmayıb. Yazının ruhu oradakı fikirlərin doğru və ya yanlışlığı ilə deyil, müəllif düşüncələrinin emosional çəkisi ilə bağlı məsələdir. Müəllifin fərdi üslubu, müxtəlif səslər arasında intonasiyasının seçilməsi əhəmiyyətli məsələdir.

Problemin qoyuluşundan asılı olaraq, E.Akimovanın yazı ahəngi gah kateqorik, sərt, gah da həzin ladlara köklənir. Məsələ bundadır ki, ondan necə, hansı tonda bəhs etməyi mövzunun özü diqtə edir. Elnarənin Vətən müharibəsi günlərində yazdığı "Ermənilərin öldürdüyü uşaqlar" essesindəki ağrı-acını, bir ziyalı olmaqdan başqa, həm də bir ana, bir Azərbaycan qadını kimi yanaşmasını oxuduqca ağlamışdım - eyni hissləri yaşayan, sözün bitdiyi yerdə donub qalan, yazmağa əli qalxmayan, ürəyi gəlməyən biri kimi, bu esse duyduqlarımın tərcümanı olmuşdu. Yaxud "Düşüncə zamanı..." kitabındakı mərhum şair Faiq İsmayılov haqqındakı "Duyğuların çiçək ətri", Esmira Məhiqızı haqqındakı "Müharibə yaddaşı və insan həqiqəti", Şəhriyar Del Gerani haqqında "Təkliyi sevənlər üçün: "Darıxmağın adı", "Ümid Nəccari - yaralarından qaranlığa danışan adam" və s. mətnlərdə predmetin özü ondan bir başqa cür deyil, məhz emosional, duyğuların işığında, essevari bəhs etməyi tələb edir. Bütün bunları nəzərə alsaq, deyə bilərik ki, müasir oxucunun diqqətini yalnız nəzəri hazırlıq və ədəbiyyatşünaslıq faktları ilə cəlb etmək mümkün deyil.

Dünyasını dəyişmiş ədəbiyyatşünaslar (İmamverdi Əbilov, Gülrux Əlibəyli, Arif Əmrahoğlu) haqqındakı mətnləri topluda "mənəvi diskurs"a aid edən müəllif "Ədəbiyyat - elm kimi" fəslində həmkarlarının son illərdə çapdan çıxmış kitablarını şərh edir: İsa Həbibbəyli, Tehran Əlişanoğlu, Azər Turan, Məti Osmanoğlu, Vaqif Yusifli, Cavanşir Yusifli və Rüstəm Kamalın yaradıcılığı, konkret kitabları haqqında yazılmış bu resenziyalar ədəbi prosesdə əhəmiyyətli faktora çevrilən əsərlər və müəllifləri haqqında bəzən tələbə minnətdarlığı, bəzən həmkar dəstəyi, bəzən isə sadəcə tənqid haqqında nüfuzlu rəy kimi əhəmiyyətlidir.

Beləliklə, Elnarə Akimovanın 600 səhifəlik "Düşüncə zamanı - ədəbi tənqid diksurs kimi" kitabı ədəbi prosesin immanent qanunauğunluqlarını önə çəkən konseptual, bütün parametrləri ilə XXI əsr Azərbaycan ədəbi tənqidinin dolğun mənzərəsini yaratmaq baxımdan müstəsna əhəmiyyətə malik məqalələr toplusudur.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!