Böyük Azərbaycan yazıçısı Yusif Səmədoğlu - 85

Vaqif YUSİFLİ

Hardan başlayım?

Son kitabındakı şəklindən...

Yusif Səmədoğlunun əksi olan bir çox fotolar görmüşəm.

Amma son kitabındakı fotosu Yusifin körpəliyini də, uşaqlığını da, gəncliyini də ahıllığını da özündə əks etdirir. Yusifin bütün dünyası - həm daxili, həm də zahiri gözəlliyi, müdrikliyi və alicənablığı, bəy ləyərəli - Vəkilovlardan gələn ləyaqəti, böyük ziyalılığı, məhz Yusif Səmədoğluya məxsus təbəssümü həmin fotoda əks olunub.

Bu foto Yusif Səmədoğlunun son kitabının ("Deyilənlər gəldi başa") üz qabığındadır. Bu kitab isə XX əsr Azərbaycan nəsrinin ən zəngin seriyalarından biridir. Mirzə Cəlil, Haqverdiyev, Çəmənzəminli, Ordubadi, Süleyman Rəhimov, İsa Hüseynov nəsri ilə yanaşı duran bir kitab - zəngin Azərbaycan nəsri seriyasının bir davamı.

Həyatdan gələn səslər - Vaqif YUSİFLİ yazır | <a href=Edebiyyatqazeti.az" src="https://img.edebiyyatqazeti.az/news/2018/12/photo_2862.jpg" />

"Dərd də azar kimi gələndə batmanla gəlir". "Qətl günü" romanı bu fraza ilə başlayır. "Dünya duracaq yer deyil, ey can səfər eylə" (Nəsimi) - Yusif Səmədoğlunun bu məşhur romanı dünya və insan haqqındadır. Dünyada isə əsrlərdir ki, lokal və qlobal müharibələr, hakimiyyət uğrunda amansız çarpışmalar, ölüm-dirim savaşları baş verir - "Dünya yaşıyor hərb ilə qovğalar içində" (M.Hadi). Tanrının yaratdığı insanlar bir-birinə qənim kəsilirlər - "Yalnız deyil insanlara, vəhşilərə sorsan, Onlar belə insandakı vəhşiliyə heyran" (H.Cavid). Bəşəriyyət tərəqqiyə, sivilizasiyaya doğru irəliləyir, insan zəkasının yaratdığı nəsnələr çox şeyi dəyişdirir, ancaq isandakı əzəli-əbədi xasiyyətlərin bir çoxu hələ də yaşayır. "Qətl günü" romanı bu mənada bir çağırış-haray təsiri bağışlayır. İnsan həyatındakı ahəngdarlıq, ritm və harmoniya polzulanda o, nəfsin, tamahın və qəbahətin qulu olur. Şərqin böyük mütəfəkkiri Cəlaləddin Rumi (1207-1272) yazmışdı: "Nəfs üçküclü bir tikandır, nə vəziyyətdə qoyursan qoy, yenə sənə batacaqdır".

Romanda əbədi Xeyir-Şər mübarizəsi ortaya qoyulub. Bu mübarizə bəlkə elə Dünyanın yaranışından üzü bəri gələ-gələ bitmək bilmir. İctimai quruluşlar, cəmiyyətlər və saysız-hesabsız insan nəsilləri bir-birini əvəz edir, amma mübarizə davam edir. Hər dövrün, hər epoxanın, bəlkə də hər günün öz Hörmüzü və Əhriməni olmuşdur. Bu əbədi döyüşdə Şər həmişə güclü olmuş, amma bəşəriyyət Xeyirə, İşığa inam bəsləmişdir. "Qətl günü" də bu mənada istisna deyil və bu mövzu - Xeyir-Şər mübarizəsi onun da başlıca konflikti kimi müəyyənləşə bilər.

Ancaq romanın mahiyyətini yalnız bu istiqamətdə aramaq doğru olmazdı.    Doğrudur, romanda şər həmişə aparcı qüvvədir - yazıçı, sanki bir-birini təkrar edən üç dövrdən söz açır - hər dəfə məmləkətin ən gözəl insanları məhv olur, şairlər edam olunur, kütləvi insan qırğınları baş verir, şər meydan sulayır - sanki Dünyanın Xeyir-Şər mübarizəsi elə bu model üzərində qurulubmuş. Ancaq Şərin törədiciləri olan qüvvələr bircə-bircə tarixin yaddaşından silinir, gözəl insanlar isə tarixə, yaddaşa köçürlər. Yusif Səmədoğlunun "Qətl günü"ndə eyni model təkrar olunur.

Bəs əgər təkrar olunursa, onda bu əsər  hansı bədii özəlliyilə seçilir? Həmin əbədi mövzuya Y.Səmədoğlu orijinal tərzdə yanaşmışmı? Dünyanın əbədi modelində yeni olan nədir?

Xalq yazıçısı Anarın bu fikri ilə tam razıyam ki: "Mənim fikrimcə, bu romanın meydana çıxması ədəbi fakt çərçivəsindən qat-qat böyük əhəmiyyətə malikdir. "Qətl günü" - müasir ədəbiyyatımızın həqiqət günüdür".

Bu fikirdə mənim demək istədiyim həqiqətin özəyi var. "Qətl günü" doğrudan da, ədəbi fakt çərçivəsindən qat-qat əhəmiyyətlidir. Y.Səmədoğlu yeni tipli Azərbaycan romanı yaratmışdır. Burada Qərb epik romanına məxsus monumentallıqla Qərb romanlarına xas olan polifonizm vəhdətdir.

"İncə dərəsində yaz çağı" hekayəsinin sonluğunu xatırlayıram: "Sayalı arvad... elə bu vaxt başı üzərində səhərki uğultunu eşitdi. Başını yuxarı qaldırıb seyrək buludlardan aşağıda uçan səhərki vertolyotu gördü. Əgər Qara dağ yerindən qopub Sayalı arvadın üstünə gəlsəydi belə qorxmazdı. İçi-içalatı, sümükləri birdən don tutub, onu qara qızdırmalılar kimi titrəməyə saldı. Əlini qoynuna salıb pulları çıxartdı. Vertolyotun yönəldiyi səmtə sarı qaçmağa başladı. Sayalı arvadın müsibətli səsi vertolyotun uğultusuna qarışdı:

- Əylə, başına dönüm, əylə, ay doxtur! İncəli Çərkəz ölüm ayağındadır. Başına dönüm, ay doxtur. O da hökumət adamıdır, kolxoz qurub, ğandit tutub! Əylə!..

Sayalı arvad çox qaçdı, amma vertolyota çata bilmədi. Üzüquylu çəmənliyə yıxıldı".

Bu səhnə mənim fikrimcə, analoqu olmayan bir səhnədir.

Hekayə yetmişinci illərin sonlarında dərc edilib. Elə bir vaxtda ki, sovet quruluşu hələ ən böhranlı çağına gəlib çatmamışdı. Doğrudur, daha Xuruşşov dövründə olduğu kimi kommunizm illüziyaları, ideal cəmiyyət arzuları insanları məşğul eləmirdi, amma sosializm deyilən quruluşa inam hələ sarsılmamışdı. Sosializmin gec-tez dağılacağına, hətta yerlə-yeksan olacağına inananlardan və bunu gözləyənlərdən biri də Yusif Səmədoğlu idi. "Böyük kommunizmin sabahına mən, Sadə xatirətək gəlməcəyəm" deyən Səməd Vurğunun oğlu Yusif Səmədoğlu...

Yusif Səmədoğlu cəmiyyətdəki hərcmərcliyi, xaosu, təbəqələşməni və bütün bunların doğurduğu fəlakətləri bir yazıçı kimi hiss edir və görürdü. O, "işıqlı ideallardan" yaza bilmirdi və yazmadı da...

"İncə dərəsində yaz çağı" , "Bayatı-Şiraz", "Astana"... Bu üç hekayə "Qətl günü" romanından öncə yazılıb və əgər belə demək mümkünsə, onlar "Qətl günü"nün çox yaxşı məşqləridir. Hətta mənə elə gəlir, bu hekayələrin hər birinin romanın yazılmasında müəyyən rolu olmuşdur. Onların hər biri müstəqil hekayədir,  amma bu hekayələrin üçünün də bir-birilə bu və ya digər dərəcədə bağlılığı var.

Yusif Səmədoğluya məxsus təhkiyə tərzi, təsvir ustalığı, nəsr ahəngi həm hekayələrdə, həm də romanda davam etdirilir. İdeya-məzmun planında yanaşıldıqda isə bu bağlılıq daha çox hiss olunur. İnsan faciələri: ləyaqətin alçaldılması, mənəviyyat böhranı, ölüm və qətllərin labüdlüyə çevrilməsi romanda da, hekayələrdə də diqqəti cəlb edir.

Yusif Səmədoğlunun "Astana" hekayəsi belə bir proloqla başlayır: "Ölüm var ölümdü, ölüm də var zülümdü". Bu fikrin yazıçının əsərlərində tez-tez təsadüf olunan ölümlərə, qətllərə bilavasitə dəxli var.

Ümumiyyətlə, Ölüm faktoru insan həyatının danılmaz və qaçılmaz məqamıdır. Bütün yollar ölümə aparır, amma bu yollar da müxtəlifdir və sonu şərəfli,  ya şərəfsiz şəkildə başa çatır. "Astana"dakı ölüm labüd və qaçılmazdır (intihar olsa da başqa çıxış yolu yox idi), "Qətl günü"ndəki ölümlərin də bir çoxu məntiqi sonluqla başa çatır.

"O, çamadanı açdı. Ordaydı: səkkiz dənə gülləsi, biri də ayaqda. Tapançanı çıxarıb ucadan, lap ucadan dedi:

- Ay apardınız ha!

Soyuq lüləni ağzına soxdu və tətiyi çəkdi.

Həmin anda - gecəydimi, səhərdimi, gündüzdümü, bilmirdi - həmin anda gözlərinin işartısından irəli düşən işıq dairəsində öz növbəsini gözləyən nizə vıyıltı ilə havanı yarıb harasa uzağa süzdü, həmin anda Bakının müsəlman qəbiristanında qara torpaq altında kəfənə bürünmüş bir qarı elə ufuldadı ki, o biri meyitlər də eşitdi" ("Astana").

"Başları üzərində mis qabdanda yanan zəif çırağın işığında divarlardakı buz qatı da, dizdən yuxarı iki bədəni örtmüş sal buz da qırmızımtıl rəngə çalırdı və qırmızımtıl buz bədən boyu, su kimi yuxarı axıb hülqumlarına çatanda, hökmdar daha heç bir şey görmədi.

Dedi:

- Ölümün xeyir, Ənvər!

Xacə Ənvərin gözləri açıq qalmışdı:

- Ölümə qənşər, hökmdar...

Lap axırda, zirzəmidə, buza dönmüş mis qabdanda şölələnən çırağın alovu söndü: qırmızı buz parçası kökündən qırılıb sal buzun üstünə düşdü və çilik-çilik oldu" ("Qətl günü").

Bu misalları gətirməyə də bilərdik. Ancaq diqqət yetirsək, hər iki ölüm faktında təbiət qüvvələrinin iştirakını görürük. Sanki Təbiət də özünün saflığını, təbiiliyini qorumaq naminə bu cür ölümlərə rəvac verməklə yenidən özünə gəlir və naqislikdən, şər qüvvələrdən xilas olur.

"Qətl günü"ndə Baba Kaha simvolik obrazını xatırlamaq yerinə düşərdi. Baba Kaha dünyada ən bəd əməllərin, pislik və murdarlıqların ərşə qalxdığı zaman qoynundan alov püskürür, zəlzələ yaradır.

"Baba Kahanın hənirtisindən milyon-milyon işıq illəri mənzilində yerləşən nəhəng ulduzların şöləsi ilğım kimi sayrışırdı, gözü yolda qalanların ümidini qırıb, birini mərd edirdi, o birisini namərd. Baba Kahanın dibsizliyində bir külək yatağından baş qaldırırdı, məğribdə başlayan hənirtisindən məşriqdə tufan qopurdu: köklü-budaqlı ağacları kökündən qoparırdı, dünyanı barmağına dolayıb sapand kimi oynadanların bağrı çatlayırdı, canı ağzından çıxanların gözlərinə ümid gəlirdi". Və Baba Kaha hər dəfə insanlar arasında haqq-nahaq tərəzisinin gözü əyiləndə, insaniliyə zidd əməllər baş qaldıranda, ikiayaqlı bəndələrin allahsızlığı başlayanda dəhşətli küləyi ilə insanları cəzalandırır.

Yusif Səmədoğlu nəsrində zamanlar arasında əlaqə və keçidlər çox məharətlə bir-birilə qovuşur, sanki bir zamana çevrilir. Bu retrospektiv üsul obrazın tam və bütöv qavranılmasına xidmət edir. Əməllərinə görə ən müthiş təsir bağışlayan insanın içində də hələ öləziməyən işıq boylanır:

"Əgər indi o vaxtlar olsaydı - ötən günə gün çatmaz, günü günə calasan da - Mustafa kişinin ayda bir dəfə, iki dəfə dağlardan enib çiynində xurcun, çal saqqalını qaşıya-qaşıya, "dağlardan gəlirəm, a bala" deyə-deyə onlara sovqat gətirən vaxtlar ki, gecələr havası ağır balaca otaqda, yerdən salınmış yorğan-döşəkdə bir-birinə sığınıb-qısılıb, təzə qovutun dadı dodaqlarında yatışan bir bacı, iki qardaş dünyanın bütün qorxulu nağıllarını dünyanın ən şirin şərbəti kimi içirdilər. Əgər indi o vaxtlar olsaydı, anasıyla bir yerdə Allaha, Peyğəmbərə yalvarıb vaxtı dayandırardı, ikicə günün səadətini bir insan ömrü qədər uzadardı".

"Qətl günü"ndə işğalçı, müstəbid, sifəti də qəlbi kimi daş təki soyuq və cansız hökmdarın da hansı bir məqamdasa anasını xatırlaması yada düşür. Və bir də onun sərbazlarından birini yoldan çıxaran gavur qızına baxanda hökmdar yox, insan görürsən: "Gavur qızını gətirdilər. Qızın bəyaz saçları vardı, bu saçlar o qədər bəyaz və təmiz idi ki, ətrafda heç bir şeylə uyuşmurdu... Görəsən, bu saçlardan nə qoxusu gəlir, İlahi? Allah bunları niyə yaradıb? Hökmdarın sağ gözündən bir damla yaş yuvarlanıb yanağının qırışlarına ilişdi və uzun müddət bir nöqtədə qalıb qurumadı".

Yusif Səmədoğlu nəsrində etiraf və tövbə ilə; insanın öz bəd əməllərinə görə vicdan əzabı çəkməsi, peşmançılıq içində qovrulması ilə tez-tez rastlaşırıq. Xüsusilə, keçmiş kommunist Zülfüqar kişi 20-ci illərdə Peykanlının uryadniki Sarıca oğlu Məhəmmədi qətlə yetirməsini dönə-dönə xatırlayır. Bu, "Qətl günü"nün ən sarsıdıcı səhnələrindən biridir.

Yusif Səmədoğlu Xarakter ustasıdır. İstənilən bir nəsr əsərinə, ya da ssenariləri əsasında çəkilən filmlərə baxın. Şəksiz ki, istər nəsr əsəri olsun, istərsə də bədii film - bu əsərlərdə Yusif Səmədoğlu istedadlı bir sənətkar olduğunu sübut edir - bütün yazıçı mədəniyyəti, xüsusilə təsvir üsulunun özünəməxsusluğu və rəngarəngliyi ilə...

Bu mənada "Qətl günü" romanını zəngin xarakterlər qalereyasına bənzətmək olar. Bunları çeşidləmək də olar: insan obrazları, təbiət obrazları, rəmzi-simvolik obrazlar və bir də sırf mifik obrazlar. Romanı oxuyanda isə sanki fərqinə varmırsan - təbiət obrazlarını da insan obrazları kimi qəbul edirsən. Yəni obrazların canlımı, cansızmı, realmı, irrealmı olduğu bir elə əhəmiyyət kəsb eləmir.

"Qətl günü"ndə hər bir obrazın təqdimində həm ictimai-sosial, həm Milli-etnik, həm də fərdi insani xüsusiyyətlər, əlamətlər qabarıq nəzərə çarpdırılır. Təbii ki, üç tarixi dövrdən söhbət açılarsa, hər bir dövrün öz tarixi koloriti nəzərə alınır. Bir sıra müəlliflər "Qətl günü"ndəki hökmdarı Ağa Məhəmməd şah Qacara, edam olunan şairi Mola Pənah Vaqifə, Sədi Əfəndini Hüseyn Cavidə bənzədirlər. Bu müqayisəyə səbəb heç şübhəsiz, təsvir olunan hadisələrlə həmin tarixi dövrdə baş vermiş hadisələrin müəyyən oxşarlığıdır. "Qətl günü"nün tarixi romanlar sırasına qatılması, ondan məhz tarixi roman kimi söhbət açılması da bəlkə elə bu oxşar hadisələrlə bağlıdır. Yeri gəlmişkən qeyd edim ki, "Qətl günü" doğrudan da, tarixi romandır, amma bu oxşar hadisələrə görə yox. Yusif Səmədoğlu tarixi romana xas olan ən ümdə, ən vacib bir şərtə əməl etmişdir - romanda konkret tarixi şəxsiyyətlər yox, tarixi gerçəkliyin özü bədii təhlil hədəfinə çevrilmişdir.

Yusif Səmədoğlunun hekayələrində də xarakter yaratmaq ustalığının şahidi oluruq.

"Gözlər" hekayəsindəki Şakir Səməd Vurğunun obrazıdır. Bu obrazdakı tanış cizgiləri, böyük sənətkara məxsus sadəliyi, ovçuluq meylini, şairə məxsus xəfif yumoru və kövrəkliyi unuda bilmirsən.

"220№-li otaq"dakı obrazların adlarını bəlkə indi xatırlamaq çətin olar, amma həmin hekayədə vətənə, ocağa yurda bağlı bir insanın kökünü, əslini danan cavanlara xitabən dediyi sözlər yaddan çıxmır: "- Gedin, onları axtarın, tapın! Onlar 220№-li otaqda yaşayırlar. Qorxmayın, onların üzünə tüpürün!".

"Saat işləyir" hekayəsində ana məhəbbəti təsvir olunmuşdur. Gülsabah arvad oğlunun qəfil ölümündən sonra gəlinin ərə getməsinə dözə bilmir, bu hadisə qəlbinə dağ çəkir.

"220№-li otaq" kitabına toplanan hekayələr Yusif Səmədoğlunun ilk qələm təcrübələri idi. Bu hekayələrdə, əgər belə demək mümkünsə, Yusif Səmədoğlu da, onun təsvir etdiyi qəhrəmanlar da romantik gənclik dövrünü yaşayırdılar. Ədəbi tənqid Yusifin bu hekayələri haqqında xoş sözlər dedi. "Qalaktika"da Yusifə və onun qəhrəmanlarına xas olan romantik dövrün ötüb keçdiyini hiss elədik. Artıq bu hekayələrdə romantik xəyal və arzuların həyatın sərt üzü ilə qarşılaşdığını görmək çətin deyildi.

"Qalaktika" hekayəsindəki professoru və Kərim kişini xatırlayın. Onlar ömürlərini başa vurmaqdadırlar, gənclik dövrlərini xatırladıqca məyusluğa qatılırlar. Səbəb heç də qocalıq deyil. Əsas səbəb odur ki, onlar məşhurlaşandan sonra doğulduqları kəndi, eli, obanı unutmuş, qəfəs bülbülünə çevrilmişlər.

"Qəfəs bülbülü" ifadəsi 60-70-ci illərin nəsri üçün çox səciyyəvi idi. O mənada kı, həmin illərin nəsrində meşşanlığın tənqidi çox mühüm bir mövzuya çevrilmişdi. Yusif Səmədoğlunun "Soyuq daş" hekayəsində də Qızla Oğlanın sevgisi meşşanlığın soyuq nəfəsinə tuş gəlir: Qız onlara qonaq gələn şəhərli oğlanın zahiri görünüşünə, şəhərdən gətirdiyi "mədəniyyətə" aludə olur və beləliklə gözəl bir məhəbbət dastanı sona çatmamış soyuq daşa çevrilir. "Foto-fantaziya" hekayəsi isə cəmiyyətdə qütbləşmənin doğulduğu mənəvi faciələrdən söz açır.

"Qalaktika" hekayələr kitabından sonra Yusif Səmədoğlunun nəsr kitabında fasilə yaranır. Bu arada o, yalnız bircə hekayə yazır ("Bayatı-Şiraz"), ancaq onu çap etdirməyə müvəffəq olmur. Yalnız 1987-ci il "Ulduz" jurnalının 2-ci sayında hekayə işıq üzü görür. O zaman çox az adam Y.Səmədoğlunun belə bir hekayə yazdığından xəbərdar idi. Bu, o zamana görə çox "xatalı" hekayə idi. Çünki hekayədə qlavlitin asanlıqla imtina edə biləcəyi, çapına icazə verə bilməyəcəyi məqamlar az deyildi. Həmin hekayədə söhbət heç də bir cümlə, bir neçə cümlə və yaxud bir neçə abzas üstündə getmirdi, söhbət və mübahisə bu hekayənin məzmununda, mahiyyətində idi. Unutmaq olmaz ki, o zaman ədəbiyyatda sovet ideologiyası hələ çox güclü idi, sistemin arzulamadığı ədəbi qəhrəman heç cür qəbul oluna bilməzdi.

Əsərin qəhrəmanı Səbzəli dayı nə 30-cu illərin inqilabçı obrazlarına, nə "kolxoz quran, bandit tutan" personajlara, nə də zərbəçi əmək qəhrəmanlarına bənzəyirdi. Səbzəli dayı - bu bədbəxt insan restoran çalğıçısı idi. Hər gün tavada bir yumurta qayğanaq edib, öz mənasız çalğısı ilə (kontrabasda) yeyib-içənləri əyləndirən, çox zaman gülüş və ironiya hədəfinə çevrilən bu qoca zavallı müharibə illərində "Hitleri təriflədiyi üçün" (bunu zorla onun boynuna qoyurlar) üç-dörd il qazamatda yatır. Belə bir zavallı insan ədəbiyyatın qəhrəmanı ola birlərdimi? Təbii ki, sovet ədəbiyyatının "ənənələri" belə bir qəhrəman tipini inkar etməli idi. Əgər "Bayatı-Şiraz" yazıldığı dövrdə - 60-cı illərin sonlarında - 70-ci illərin əvvəllərində çap edilsəydi, belə bir möcüzə baş versəydi, sovet ədəbi tənqidi onu öz artilleriyasının gur atəşlərinə qərq edəcəkdi.

Ancaq gəlin, həmin dövrü xatırlamayaq."Bayatı-Şiraz" hekayəsinə sadəcə olaraq bir ədəbi əsər kimi yanaşaq və hesab edək ki, elə bu hekayə 80-ci illərin sonlarında qələmə alınmışdır. Belə olan təqdirdə də "Bayatı-Şiraz" hekayəsi öz bədii-estetik dəyərini itirmir, çünki bir hekayə nümunəsi kimi o, kamil bir əsərdir. Klassik hekayələrə xas olan "xarakterik bir hadisə, yığcam bir süjet, ümumiləşdirici bir mətləb, müxtəsər, şirin, sadə söyləmə, nəqletmə üsulu" (Mir Cəlal) bu hekayənin də məziyyətlərini təşkil edir, yəni klassik hekayələrə məxsus olan bütün komponentlər "Bayatı-Şiraz"da cəmləşmişdir. Ancaq "Bayatı-Şiraz" sırf müasir hekayədir. Onu müasir hekayə kimi səciyyələndirən cəhətlər isə bunlardır: dil materialının bugünkü ədəbi dilimizin durumunu özündə əks etdirməsi, psixoloji effektin ön plana çəkilməsi (fərdin daxili aləminin bütün incəliklərinə baş vurulması) və əlbəttə, Y.Səmədoğluya məxsus sənətkarlıq priyomlarının nəzərə  çarpması...

"Bayatı-Şiraz" hekayəsi 60-70-ci illər nəsri üçün çox səciyyəvi olan bir mövzuda yazılmışdır - bu da adi, sıravi insanın həyatıdır. Müəllif bu sadə və zavallı insanın necə təmiz və saf olmasını bədii tədqiq obyektinə çevirmişdir.

Hekayənin finalını isə heç unutmaq olmaz. İki pullu şəxs Səbzəli dayıdan kontrabasda "Bayatı-Şiraz" çalmağı xahiş edir və o... canını dişinə tutub iki əlliliyin xətrinə belə bir biabırçılığa gedir.

"Yüz manat - iki dənə şax əllilik qoltuq cibində, almaq istədiyi ucuz televizorun xəyalı gözləri qabağında Səbzəli dayı yavaş-yavaş yol gedirdi.

Az getdi, üz getdi, sevindiyindən birdən başını yuxarı qaldırdı. Qaldırdı ki, baxsın görsün yuxarılarda nə var, nə yox?

Uca binaların zil qara siluetləri arasından parıltılı ulduzların əhatəsində süd yolunu gördü. Təəccüb elədi. Çünki əlli ildən yuxarı idi ki, süd yolunu görməmişdi.

Dayanıb, əlləri cibində doyunca tamaşa elədi. Birdən Səbzəli dayını ağlamaq tutdu, ta ürəyi boşalanacan ağladı...".

Hekayə beləcə tragikomik bir sonluqla bitir. Və hər sətrində yazıçının öz qəhrəmanına rəğbəti duyulan hekayədə yaşadığımız o dövrki cəmiyyətin bütün eybəcərlikləri böyük ustalıqla canlandırılmışdır. Daha dəqiq: o cəmiyyətin bütün gözə görünən və görünməyən aləmi onun kiçik bir guşəsinə - o balaca restorana sığışdırılmışdı...

Son söz əvəzi

 

Yusif Səmədoğlunu ilk dəfə haçan gördüyümü qətiyyən xatırlaya bilmirəm. Bəlkə də "Ulduz" jurnalında baş redaktor işlədiyi ilk günlərdə görmüşəm onu. Redaksiyalarımız yanaşı idi. Amma xatırlayıram ki, ona baxanda istər istəməz- atası Səməd Vurğuna məxsus əlamətlər, cizgilər axtarırdım. Təbii ki, mən Səməd Vurğunu görməmişdim, amma şəkillərinə doyunca tamaşa etmişdim. Günlərin bir günü jurnalımızın makinaçısı Sona xanım Sadıqovadan (Allah rəhmət eləsin) soruşdum: "Sona xala, siz 34-cü ildən bu jurnalda işləyirsiniz, XX əsrin demək olar ki, bütün görkəmli yazıçılarını gömüsünüz, onların ən gözəl əsərlərinin ilk oxucusu siz olmusunuz. Səməd Vurğunu da çox görmüsünüz. Deyə bilərsinizmi, Səməd Vurğuna onun hansı oğlu daha çox oxşayır - Yusif, yoxsa Vaqif?". Sona xala azca xəyala dalıb dedi: "Ən çox Yusif oxşayır. Səməd sədr olanda bir də görürdün Yusifi də (ona Yosqa deyərdik), o biri uşaqlarını da özüynən götürüb gəlib. Qoyurdu mənim yanıma və tapşırırdı ki, Sona bacı, bunlardan göz ol. Yaman dəcəl idilər, koridoru ələk-vələk eləyirdilər... Eh, Səməd ayrı Aləm idi".

1987-ci ildən Y.Səmədoğlu "Azərbaycan" jurnalına baş redaktor təyin olundu. O, düz 10 il baş redaktorumuz oldu.

O illərdə Yusifin kabineti qarşısında həmişə bir canlanma görərdim. Dərdli adamlar, yerindən-yurdundan didərgin düşənlər haqqı tapdalananlar Yusif qağaya üz tuturdular. Fikirləşirdim ki, axı, Yusif Səmədoğlu nə qədər görkəmli yazıçı olsa belə, bu qədər adama necə kömək göstərə biləcək? Amma Yusif Səmədoğlu iynənin ucu boyda bir güman yeri vardısa, köməyini, qayğısını əsirgəmirdi.

O həyəcanlı illərdə Y.Səmədoğlu Azərbaycan Xalq Hərəkatının liderlərindən və ilhamvericilərindən birinə çevrilmişdi. Azərbaycan Xalq Cəbhəsi rəsmi dairədə bir təşkilat kimi qeydiyyatdan keçəndə Y.Səmədoğlu necə də sevinirdi. Onun buna haqqı vardı. Çünki xalq meydana yığılanda Yusif Səmədoğlunu da tribunada görürdü, əslində, Xalq Cəbhəsi Yusif Səmədoğlu kimi xalqın böyük ziyalılarının dəstəyi ilə yaranmışdı. Amma sonralar Y.Səmədoğlu ilə "bəylər" arasında bir anlaşılmazlıq və soyuqluq yarandı. Bu, Yusifin təqsiri deyildi. "Qətl günü"ndə insan psixologiyasının alt qatlarını belə bədii sözün işığına çıxaran Y.Səmədoğlu üçün 5-3 liderin hansı mənsəbə qulluq eləməsi və hansı iddialar ilə yaşaması o qədər də müşkül deyildi. Ancaq Yusif Səmədoğlu siyasət meydanından çəkilmədi, Milli Məclisdə xalqın bir nümayəndəsi kimi öz sözünü deyirdi.

...Yusif Səmədoğlunun vəfatı hamı kimi məni də dərindən sarsıtdı. Yüzlərlə, minlərlə, on minlərlə Azərbaycan oxucusu necə böyük bir insanı və sənətkarı itirdiyini dərk elədi.

 

Bir uşaq oynayır

Oynayır özü kimi əlvan

Otların, çiçəklərin arasında.

Günəşə baxır göz qırpmadan

Yoxdur qocalıq yer üzündə, yoxdur.

 

(V.Səmədoğlu)

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!