İpəkdən qanadlarla-Qarabağ əsilli böyük türk şairi Yavuz Bülənt Bakilər - Azər TURAN

Azər TURAN

Ağdam əsilli böyük türk şairi Yavuz Bülənt Bakilər İstanbulda bir Qarabağdır. "Xəzərin qarşısına bardaş qurub oturmuş" Qarabağ isə Yavuz bəyin dədəsi Hacı Muradın dastan şəhəridir:

 

Xəzər indi yerə enmiş buludlar məhşəridir

Və Qarabağ - qara gözlü bir türkmən qızı kimi -

Xəzərin qarşısına bardaş qurub oturmuş

Dədəm Hacı Muradın dastan şəhəridir.

 

Bakilər 23 aprel 1936-cı ildə Sivasda anadan olub. Amma... "Bənim dədələrim Qarabağın Ağdam köyündən Türkiyəyə köç etmişlər. Sivasın Gürün ilçəsində, Çarşıbaşı məhəlləsində vəfat edən və orada, bir təpə üstündə gömülən babamın dədəsi, 110 sənə yaşamış. İmzasını: "Hacı Mahmud əl Qarabaği", - deyə atıyormuş. İştə o dədəmizin tutmuş olduğu soy şəcərəmizə görə, mən 11 göbək ötəmizdəki dədələrimi biliyorum. Əldəki qeydlərə görə bilinən ilk dədəmiz: Hacı Əli Murad və onun oğlu Hacı Əli Fərəhşad Qarabağda doğulub yaşamışlar və orada vəfat etmişlər... Qarabağdan qalxaraq Türkiyəyə köç edən dədəmin ismi Məhəmməd Sabirdir. O dədəm, Türkiyəyə köçüncə, yaxınlarıyla birlikdə Maraş şəhərinə yerləşmişlər. Babamın anlatdığına görə, Məhəmməd Sabir dədəm şairmiş. Münacatı və Nəəti varmış. Hacı Əli Fərəhşadın oğlu olan Məhəmməd Sabir Maraşda yaşamış və orada ölmüş...".

 

***

Yavuz Bülənt "Şükrü səccadəsində çiçək açan" bir ananın - Hayriyyə Bakilərin oğludur. "Babam, zaman-zaman evə gec saatlarda gəlirdi. Yəni rəsmi görəvi bitdikdən sonra, arkadaşlarıyla buluşur, axşam yeməyini dışarıda yeyər, sonra onlarla birlikdə, saatlar sürən söhbətlərə girişirdi. İştə öyləsi gecələrdə, annəm bir qaz lampası altında oturaraq, bəzən bir xirqə və ya atqı hörərək, bəzən də yırtılan corablarımızı yamayaraq babamı bəklərdi. Çocuqluğumda, bən həp yer yatağında yatardım. Yatağımı gətirib annəmin yanına və ya arxasına sərərdim. Bana masal anlatmasını istərdim. Annəmin səsi gözəldi. Anlatdığı masallar əksəriyyətlə türkülü masallardı. Bən o masalları və türküləri dinlərkən yorğanı başımın üstünə çəkərək ağlardım. Annəm, ağladığımı bildiyi halda bilməməzliyə gəlirdi. Şimdi də bənim irəli dərəcədə bir həssasiyyətim vardır. Bu həssasiyyət iştə o illərdən qalmışdır".

Bu həssasiyyətidir ki, Bakilərə "unudulmuş türklüyün ceyran ürəkli törəsi"ni və heç vaxt üzünü görmədiyi doğma Qarabağı öyrətdi.

"Ədəbiyyat qəzeti"nin 20 may 2005-ci il tarixli sayında Yavuz Bülənt Bakilər barədə "Çox şükür əslim də, nəslim də bəlli, Türkəm, müsəlmanam o dağlar kadar" adlı məqalə yazmışdım. Həmin yazı Selcuk Karakılıcın tərtib etdiyi və 2006-cı ildə İstanbulda nəşr olunmuş "Yavuz Bülənt Bakilərə Ərməğan" kitabında da yer almışdı. Yazmışdım ki, "Biz hələ Azərbaycanın bütövlük davasını, milli mənlik mücadiləsini verməmişik. Və bizim milliyyətçiliyimiz, bəzilərinin iddia etdiyi kimi, erməni milliyyətçiliyinə deyil, əksinə, bəzən heç yerinə düşməyən beynəlmiləlçiliyimiz ermənilərin davamlı millətçiliyinə yenilib. Qarabağın qurtuluşu heç vaxt milliyyətçi ovqatın oyanışından kənarda baş verməyəcək, savaşımızın məhvərində milli varlıq amili dayanacaqsa, zəfər bizim olacaq".

14 il sonra məhz türk ruhunun şahlanışı ilə Qarabağda Azərbaycanın zəfər bayraqları dalğalandı... 

1967-ci il. "Hisar" dərgisinin yanvar sayında Bakilərin "Qarabağ həsrəti" şeiri dərc olunur. Bu, Türkiyədə yazılmış ilk Qarabağ şeiridir.

 

Şimdi uzaklarda kalan bir şehir vardır

Camileri yıkılmış, minareleri yarım

Bu şehrin çilesini ben çekerim yıllardır

Hasretini ben duyarım...

 

Çağrılsam yollarına düşebilirim.

Toprağına bayraklarla girebilirim

Karasevdalılar gibi hasretim Karabağa

Uğruna ölebilirim.

Bir gün biterse her şey Karabağı görmeden

...Üstüme okunmuş birkaç avuç mübarek

Karabağ toprağından serpilse yeter.

 

O zaman, bu şeiri yazanda Bakilərin 31 yaşı vardı. Yaxşı ki, Qarabağın qarasevdalısı olan 84 yaşlı Bakilər bu günləri görə bildi...

Bu gün bütün Türkiyənin Azərbaycan sevgisini ellikcə izhar edən "Can Azərbaycan" ifadəsinin müəllifi Bakilərdir. Azərbaycan Yavuz bəyin ürəyində bir şah damardır. Kitabında ayət, bayrağında rüzgardır.

 

Adına el-pençe divan durduğum

Bin yıllık karasevdamız, ilahimiz, ülkümüz

Türküler söyleyerek içimde gece-gündüz

Bir çalar saat gibi kurduğum: Azerbaycan.

 

Anamın göz yaşında, kuşların kanadında

Bir iftar sofrasında, içtiğim suyun tadında

Kızımın türkü gibi güzel Aybala adında

Yıllar boyu arayıp durduğum: Azerbaycan

 

- deyən Yavuz Bülənt Bakilər Azərbaycanda tanınmağa bəlkə də bütün çağdaş türk şairlərindən daha çox haqqı olan şairdir. Nəinki yaradıcılığında, hətta...

"Azərbaycanda bir xitab şəkli olan "Ay bala"nı Türkiyədə isim olaraq qızına verən ilk insan mənəm. Bundan sonra, daha doğrusu, "Duvak" kitabımı qızım Aybalaya ithaf edincə, bu isim yayılmağa başladı. Alparslan Türkeş də nəvəsinə Aybala ismini qoydu. Türkiyədə Aybalalar çoxalır. Bilməm, Azərbaycanda Aybala adlı qızlarımız varmı?".

Bakilər nəinki Azərbaycanla Türkiyəni birləşdirən bağların ən etibarlılarındandır, bəzi məqamlarda, hətta aşırı azərbaycançılıq edir, məsələn, Arif Nihat Asya ilə söhbətində Asyanın dilindən çıxan bu sözləri təshih etmədən tirajlayır: "Şəms Təbrizinin də, Mevlananın da Azəri olması lazım gəlir. Zatən, bizim Peyğəmbərimizin də Azəriliklə əlaqəsi var... Peyğəmbərimizin neçənci babası olan Hz. İbrahimin ləqəbi Azər idi". Bunu "Bayraq" şairi Arif Nihat Asya deyir. Başqa bir yerdə, yenə də Yavuz bəylə söhbətində Asya "Dilimizin qaynağı Azərbaycan torpağıdır... Gələnəklərimizin, görənəklərimizin qaynağı Azərbaycandır" - söyləyir.

 

1986-cı ildə "Türk edebiyatı" dərgisində çap olunan və Bəxtiyar Vahabzadəyə ithaf etdiyi manifest səviyyəli "Azerbaycan Yüreğimde Bir Şahdamardır" şeiri isə Türkiyənin Azərbaycan oriyentasiyasını bəlirləyən və Azərbaycanla bağlı Türkiyədə yazılmış ilk açıq poetik mətn kimi unudulmaz oldu. 1986-cı ildə türk poeziyasında ilk dəfəydi ki, Azərbaycan poetik sözün ayrıca predmetinə bu şəkildə çevrilmişdi:

 

Kuşluk vaktine kadar geceler boyu

Savrularak okuduğum yine Şehriyar.

Ala ceylanlara benzer hep Azeri türküler

Dinlediğim tar.

Ayrılmaz başımdan, bırakmaz beni artık

Selamsız, sabahsız bir efkar.

Ve yüreğim bin yıllık destanlarla tutuşur

Büyür Azerbaycan kadar!

Azerbaycan: Dedem Korkut şafağı

Mübarek dilimi süt gibi sağar.

Bazen rüzgar olur iliklerimde

Bazen yağmur gibi üstüme yağar.

Götür beni Aras, al beni Hazar!

Türkü Türkten başka şimdi kim anlar.

Yaram derin, merhemim yok, vaktim dar

Bir destan yazar gibi yaz beni Anar!

Duy beni Bahtiyar! Duy beni Şahmar!

Geçen zaman üstüne, dökülen kan üstüne

Kılıç-kalkan üstüne

Ve ağzı köpüren yeleli atlar üstüne

Benim bir yeminim var:

Azerbaycan yüreğimde bir şahdamardır

Ben Yakub gibiyim uzun yıllardır.

Onda Yusufumun kokusu vardır.

Ve hasreti gönlümde büyük

Türkistan kadardır.

Ayettir kitabımda, bayrağımda rüzgardır

Azerbaycan yüreğimde bir şahdamardır.

Şimdi Azerbaycanda mevsim bahardır

Ama türküleri yine, baştan başa efkardır...

Düşlerime yağan kardır.

Boynu bükük bir diyardır!..

Yardır...

Azerbaycan yüreğimde bir şahdamardır.

***

Yavuz bəy gözlərini "Xəzərin qarşısında bardaş qurub oturmuş" Hacı Əli Muradın Azərbaycandakı yollarından ayırmayan sivaslı Cezmi Bakilərin oğludur. "Babam Cezmi Bakilər, əski ifadəylə Rüştiyyədən məzundu, çeşidli şəhərlərimizdə Nüfus Müdiri olaraq hizmət verdi. Ədəbiyyata, tarixə və təsəvvüfə çox maraqlı bir kişiydi. Annəm 1978 yılında, babam isə 1980 yılında vəfat etdilər. İkisi də Sivas torpağında sonsuzluq uyğusundadırlar". Yavuz bəyin 2008-ci ilin yanvarında mənə göndərdiyi, indi bu sətirləri yazdıqca orijinal əlyazma nüsxəsini vərəqlədiyim və dəfələrlə istinad etdiyim 8 səhifəlik "Həyat hekayəm" adlı qeydlərində, sadəcə "Sivas torpağında sonsuzluq uyğusundadır", - deyib keçdiyi Cezmi Bakilərin vəsiyyətini "Türküstan...Türküstan" kitabında xatırlatmışdı: "Qəbiristanda ruhuma "Quran" tilavətindən sonra, təkrar, həm mənim üçün, həm də Azərbaycan torpaqlarında yatan soydaşlarımız üçün bir fatihə ilə üç "İxlas" surəsi oxumalarını bütün camaatdan istə. Ruhum o zaman şad olacaqdır".

 

***

 

Şəxsi kitabxanamın rəflərində Yavuz Bülənt Bakilərin çoxlu kitabları ilə yanaşı, Yavuz bəyin neçə il öncə mənim üçün Türkiyədən Bakıya gətirdiyi iyirmi beş kitabı da yanaşı düzmüşəm. Orda təkcə Yavuz Büləntin mənə avtoqrafla bağışladığı kitablar deyil, eyni zamanda, avtoqrafla onun özünə bağışlanmış kitablar da var. Məsələn, Kabaklının çoxlu kitabları ilə yanaşı, öz avtoqrafı ilə Yavuz bəyə bağışladığı "Mabet ve millet" kitabı: "Sevgili Yavuz Bülent beye, bir üstaddan bir genc ustaya şiirli armağan". Nəcip Fazil Kısakürəyin, Nihat Sami Banarlının, Arif Nihat Asyanın... kitabları, osmanlı tarixindən bəhs edən çox qiymətli kitablar...

O iyirmi beş kitabı Yavuz bəy mənə nə üçün gətirmişdi?

- Sənin "İrfan çobanı" kitabını oxumuşam. Məncə, bu kitabları da oxusan yararlı olar... Sovet gerçəkliyində böyümüş biri bunu nasıl yaza bildi?

- Biz sovet dönəmində böyüsək də, müsəlman-türk olaraq yaşadıq, Yavuz bəy... Sizin bir kitabınız Nazim Hikmətlə bağlı könlümə şübhə toxumları səpdi...

- Hanki kitabım?

- "Üsküpdən Kosovaya".

- Oxumusanmı?

- Əvət.

- Nə zaman?

- Dediyiniz həmin sovetlər dönəmində.

- Öyləmi? Nerədən buldun?

- Bəxtiyar Vahabzadə vermişdi babama.

- Nədən babanıza vermişdi?

- Olurdu belə. Sizin də, Niyazi Yıldırımın da bütün kitablarını babama vermişdi. Hətta sizin onun üçün imzaladığınız "Üsküpdən Kosovaya"nın üzərinə belə sözlər də yazmışdı: "Türk yazıçısı Bakilərin kitabını sənə təqdim etməklə xoşbəxtəm"...

 

***

 

Səksəninci illərin əvvəllərində ilk oxuduğum əsəri, dediyim kimi, "Üsküpdən Kosovaya" kitabıydı. "Üsküpdən Kosovaya" bilmirəm yaxşımı, yoxsa heyif ki, Fazil Hüsnü Dağlarca ilə könül bağlantılarımı ömürlük qırdı... Nazim Hikmətlə bağlı dünyamı isə iki yerə parçaladı...

 

***

"1950-ci ildən bəri Turançılıq düşüncəsiylə yaşayıram" - deyən Bakilərin Turana yönəlmiş düşüncə çevrəsində Azərbaycanın yeri Türkiyə qədər əziz, Səmərqəndin yeri Krım qədər munis, Üsküpün yeri Kərkük qədər doğmadır... O da Əhməd Cavad kimi, Turan məfkurəsinin romantikidir: "Yüz illərdən bəridir Altaylardan Tunaya / Bizim türkülərimizdir söylənən. / Danışılan dil, bizim dilimizdir, / Rəng-rəng, naxış-naxış uzanan torpaq deyildir / Kilimlərimizdir... / Könlümüzü sımsıcaq alan torpaqlar / Tanrı Dağlarına qədər Bismillahlarla uzanar...".

Və bir də... ənənəçi və milliyyətçi Bakilərin mistik halələrə bürünmüş "Şaşırdım Kaldım İşte" adlı sevgi şeiri. Bakilərin könül şeirlərinin ən gözəlidir. Həm də ənənəçi və milliyyətçi olmayan Camal Sürəyyanın ən gözəl eşq şeirləri ilə yarışmaq gücündədir. Bəlkə də yanılıram, amma Bakilərin bu şeirini Cemal Süreyanın "Ölkə" şeiri ilə yanaşı qoyub oxumaq da olar. Demək belə də olurmuş. Həm turançı olursan, həm ənənəçi, həm də min illik ənənəvi şeir dilində, Cemal Süreya qədər ifrata varmadan təsəvvüflə moderniteni bir araya gətirib eşqin və sevgilinin "üfüq cizgisindən sonsuzluq dairəsinə" qədər yayılmış gözlənilməz obrazını yaradırsan. Tutaq ki, Cemal Sürəyada sevgilidirmi, ölkədirmi ayırd etmək mümkün olmadığı kimi, Bakilərdə də Allahdırmı, sevgilidirmi ayırd etmək olmur. (Amma bir dəfə Yavuz bəyin özü mənə demişdi ki, sevgilidir):

 

Sözde, senden kaçıyorum dolu dizgin atlarla.

Bazen sessiz sedasız ipekten kanatlarla.

Ama sen hep bin yıllık bilenmiş inatlarla,

Karşıma çıkıyorsun en serin imbatlarla,

Adını yazıyorsun bulduğun fırsatlarla,

Yüreğimin başına noktalarla... Hatlarla...

Baş başa kalıyorum sonunda heyhatlarla.

Sözde, senden kaçıyorum doludizgin atlarla.

Ne olur bir gün beni kapında olsun dinle.

Öldür bendeki beni... Sonra dirilt kendinle!

Çarpsan kara sevdayı en azından yüzbinle...

Nasıl bağlandığımı anlarsın kemendinle...

Kaç defa çıkıp gittim buralardan yeminle...

Ama her defasında geri döndüm SENİNLE...

Hangi düğüm çözülür... Nazla... Sitemle... Kinle...

Ne olur bir gün beni, kapında olsun dinle...

Şaşırdım kaldım işte, bilmem ki n'emsin..?

Bazen kız kardeşimsin... Bazen öpöz annemsin...

Sultanımsın susunca, konuşunca kölemsin...

Eksilmeyen çilemsin...

Orada ufuk çizgim, burda yanım yöremsin...

Beni ruh gibi saran sonsuzluk dairemsin...

Çaresizim... Çaremsin...

Şaşırdım kaldım işte bilmem ki n'emsin...

***

"Camiləri yıxılmış, minarələri yarım" Ağdam işğaldan azad olunanda "Bənim dədələrim Qarabağın Ağdam köyündən Türkiyəyə köç etmişlər" deyən böyük türk şairi Yavuz Bülənt Bakiləri xatırladım... Ertəsi gün İstanbula, Yavuz Bülənt Bakilərə zəng vurdum. Səsi gümrah idi.

- Göz yaşlarıma hakim ola bilmədim... Əgər Qarabağı ziyarət etmək mənə nəsib olmazsa sənə bir böyük qardaş vəsiyyətim olacaq. Məzarıma iki ovuc Qarabağ torpağı gətirib səpərsən...

- Çox yaşayın, Yavuz bəy - dedim. İnşallah gələn il özünüzün iştirakınızla sizin 85 illiyiniz üzünü heç vaxt görmədiyiniz Ağdamda qeyd edilər. Sizin buna hamıdan daha artıq haqqınız çatır. Siz ki, 53 il əvvəl "Bir gelen olsaydı Karabağımdan / Gider ayaklarına gözlermi sürerdim" deyən Yavuz Büləntsiniz... Sizin həsrətinizin yaşı daha qədimdir...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!