Şəbəkə ədəbiyyatımızın ilk nümunəsi - Asif Hacılı

Rəşad Məcidin qələmsiz yazdıqları və ya şəbəkə ədəbiyyatımızın ilk nümunəsi

 

Son iki əsrin qovuşağında izlənən texnogen qloballaşma insanların fərdi və ictimai şüurunu, həyat tərzi və fəaliyyətini, o cümlədən kommunikasiya proseslərini və estetik şüuru dərindən ehtiva etdi. Min illərlə müəyyən zümrənin fərdi refleksiyası kimi aktuallaşan bədii yaradıcılıq kütləviləşərək demokratikləşdi, klassik ədəbi meyarlardan uzaqlaşdı. Ərəstudan bəri sənətin təməl anlayışlarından olan mimesis - təqlidi sənət və katarsis - sənətin insanı dəyişdirməsi və yeni dünya yaratması müddəaları arxa plana keçdi. Sənayeləşmə dövrünün burjua əxlaqına asi olan modernizm də geridə qaldı, postindustrial mərhələnin normalarını aşan postmodernizmlə əvəzləndi.

Dəyərlər tənasübünü qəbul edən, özünü keçmişlə tutuşduran, utopiyaya inanan modernizmdən fərqli olaraq, postmodernizmə sabit ənənədən və ənənəvi dəyərlərdən uzaqlaşdı. Ənənəvi mədəniyyət dünyanı və bu dünyada insanı tərənnüm edirdi, modernizm ekstremist formalarda olsa da mühitindən təcrid olunmuş insanın daxili aləmini çözələyir, yəni cəmiyyəti "unutmurdu". Postmodernizm isə özünə qapanaraq, özü-özünü ifadə etməyə, ətrafa şübhə ilə yanaşmağa və eyni zamanda bu şübhəlini aşkarlamağa başladı. Yaradıcılıq oyuna, dünya mətnə çevrildi. Artıq dünya inikas və dərk edilmir, virtual dünya-mətn yaradılır, özü də çoxlu dünyalar.

Beləliklə, "təmiz" fəlsəfəni inkar edən, müxtəlif "mətn"lərə hopmuş "dağınıq" fəlsəfəni önə çəkən postmoderndə obyektiv reallıq virtual dünya-mətnlə, həqiqət "iz"lə, mahiyyət oyunla, qanunauyğunluq təsadüflə, məntiq anarxiyayla, yaradıcılıq və sintez dekonstruksiya və destruksiya ilə əvəzləndi. Müəllif kateqoriyası silindi, ilkin mənbə əhəmiyyətsizləşdi, mətnləri sinkretiklik, fraqmentarlıq, irreallıq, quramalıq, mərasimilik, məntiqsizlik, sitatçılıq-senton, fövqəlmətnlik-intertekstlik, mənbəsizlik-simulakr, irrasionallıq, aqrammatiklik fərqləndirməyə başladı.

Lakin artıq postmodernizm də tarixə qovuşmaqdadır, insana ehtiyacı olmayan "ağıllı" texnologiyaların və virtual kommunikasiya sistemlərinin yayılması, internet şəbəkənin qloballaşması həyat tərzində, humanitar təfəkkürdə və bədii yaradıcılıqda post postmodernizm adlandıra biləcəyimiz yeni proseslərə rəvac verməkdədir. Virtual informasiya məkanı və kommunikasiya sistemləri bütün sınırları aşır və internet şəbəkədə gerçəkləşən bədii yaradıcılıqda kütləvilik, plüarizm, interkulturluq dərinləşir. Artıq milli formalar və mətnlər özləri belə qlobal elektron şəbəkədə mövcud olduğundan, bu sistemin "dil"inə, atmosferinə uyğunlaşır, müasir sivilizasiyanın mühüm hadisəsi olan şəbəkə öz avtonom submədəniyyətini, eləcə də ədəbiyyatını yaradır. İnteraktiv və işarəvi kommunikasiya kanalı olan qlobal Şəbəkə məlumatın yayılması və kommunikasiya vasitəsi olmaqla yanaşı, həm də sənət əsərlərinin yaradılması, mövcudluğu və gerçəkləşməsi məkanına çevrilir.

Bu baxımdan, ədəbiyyatın İnternet Şəbəkəsində varlığını iki səpkidə qavraya bilərik: a) mövcud əsərlərin ("kağız" formatında) Şəbəkəyə yerləşdirilmiş mətnləri; b) qlobal informasiya şəbəkəsi olan internetdə yaradılmış və qavranılan əsərlər. Bir çoxları klassik və müasir ənənəvi əsərlərin internetə yerləşdirilməsini janr baxımından şəbəkə ədəbiyyatı nümunəsi saymır. Ancaq bütövlükdə doğru olan bu fikir tam mənzərəni əks etdirmir, belə ki, ənənəvi əsər Şəbəkəyə yerləşdirilərkən, proqramlaşdırmanın texniki və funksional xüsusiyyətləri, o cümlədən fraqmentləşdirmə, interaktiv istinad və şərhlər, vizual və akustik müşayiət və sairə sayəsində mətn özünəməxsus formal cəhətlər qazanır və bunlar əsərin qavranılmasına təsir edir, nəticə etibarilə, məzmunun yeni çalarlarını aşkarlayır. Yəni mövcud mətnin Şəbəkədə oxunuşu, klassik Kitab tərəfdarlarının bütün etiraz və dəlillərini qəbul etsəm də, deməliyəm ki, həvəskar və xüsusən peşəkar oxucu və tədqiqatçı qarşısında yeni imkanlar açır. Oxucu mətn fraqmentləri arasında sərbəst hərəkət, öz şərhlərini yazmaq, müəlliflə və digər oxucularla kütləvi müzakirələrə qoşulmaq, informasiya mübadiləsi etmək imkanı qazanaraq, passiv adresatdan fəal tərəf-müqabilinə çevrilir. Bununla da mövcud yazılı mətnin internet şəbəkəsində oxunuşu bir çox subyektlərin iştirakı ilə baş verən interaktiv yaradıcı proses olaraq gerçəkləşir.

Lakin janr baxımından Şəbəkə ədəbiyyatı məhz internet proqramlaşdırma dilinin texniki xüsusiyyətlərinə uyğun olaraq şəbəkədə yaradılmış, buna uyğun spesifik ədəbi tipologiyası olan və əsasən İnternet qlobal informasiya şəbəkəsində adekvat fəaliyyət göstərib qavranılan bədii mətnlər məcmusudur. Şəbəkə ədəbiyyatı bu baxımdan yazılı şəkildə internet şəbəkəsində yaradılaraq yerləşdirilmiş, redaktə, dəyişiklik və əlavələr oluna bilən ədəbi mətndir. Bu əsər interaktiv yaradıcılıq-oxu prosesində çoxsaylı oxucuların eyni zamanda istifadə edə bildiyi, davam və inkişaf, süjeti dəyişmək, yaradıcılıq prosesinə qoşulmaq imkanına malik olduğu istənilən ritorik mətndir. Yəni şəbəkə ədəbiyyatına xas mətnlər ən azı aşağıdakı xüsusiyyətlərə malik olmalıdır: kollektiv yaradıcılıq, yəni çoxmüəlliflilik potensialına; mətinin birləşdirilməsi, dəyişdirilməsi, davamı, redaktəsi imkanına, interaktiv istinad və sairədən ibarət hipermətn xüsusiyyətlərinə; mətnin yaradılmasının və təqdiminin avtomatlaşdırılmış texniki metodlarına. Bunlardan başqa, şəbəkə ədəbiyyatı mürəkkəb reytinq və status sistemi, veb-oxucular və müəlliflərin birbaşa ünsiyyəti, sərbəst nəşr imkanı, səs, görüntü və yazının çulğaşması, eləcə də daxili əxlaqi və hüquqi normaların mövcudluğu ilə fərqlənir. Bu virtual yaradıcılıq həm də rəngarəng janr sistemi, portal, elektron kitabxana, ədəbi jurnal, ədəbi birlik və qrup, ədəbi forum, fərdi saytlar, bloq, çat və digər bu kimi nəşr orqanlarına malikdir. Bu yaradıcılıq növ və janrları olduqca geniş və şaxəli, eyni zamanda dinamik və dəyişkəndir.

Mövzudan yayınmamaq üçün şəbəkə ədəbiyyatının tarixi, tipologiyası, poetikası, hüquqi-normativ aspektləri ilə maraqlananlara rus şəbəkə ədəbiyyatına dair Bakıda və Saratovda dərc olunmuş, hazırda Rusiya ali məktəblərində tədrisdə istifadə olunan dərs vəsaitimlə tanış olmağı məsləhət görərdim.

Bu ümumi məlumatdan da aydın olduğu kimi, şəbəkə ədəbiyyatı bir çox xarici ölkələrdə geniş vüsət almış kütləvi, demokratik, plüarist, müəyyən ədəbi tipologiyası və poetik sistemi olan, milyonlarla müəllif və oxucu kütləsini birləşdirən, ictimai şüura, mədəniyyətə təsir edən qlobal kommunikasiya platforması və alternativ ədəbi-yaradıcılıq prosesinin cərəyan etdiyi virtual məkandır. Bütün bu sadaladıqlarımız onu deməyə əsas verir ki, bu qlobal informasiya kanalı, burada təmsil olunmuş əsərlərin klassik meyarlar baxımından keyfiyyət və dəyərindən asılı olmayaraq, insanların dünyagörüşünə və bununla da milli şüura, mədəniyyətə, cəmiyyətə və deməli, dövlətçiliyə təsir edən mühüm amillərdəndir. Təbii ki, bu amilin amiranə önlənməsi və digər sovetsayağı "tədbirlər" mümkün və gərək də deyil. Dünya beynəlxalq kommunikasiya sistemləri vasitəsilə qloballaşır və ədəbiyyat, sənət də artıq bu ortaq informasiya məkanına daxil olur. İnsanlar və deyərdim ki, xalqlar, dövlətlər məhz bu qlobal ünsiyyət şəbəkəsində iştirak fəallığı və keyfiyyətinə görə tanınır və özünə uyğun mövqe qazanır. Bunun gerçək təzahürünü Vətən müharibəsində apardığımız 44 günlük tarixi mücadiləmiz dövründə və hələ də soydaşlarımızın beynəlxalq sosial şəbəkələrdə düşmənə və bədxahlara qarşı kollektiv və həmrəy şəkildə fəal iştirakında, hər kəsin öz imkanları qədər Qarabağ həqiqətləri ilə bağlı haqq səsimizi opponentlərə və dostlara böyük səy və məsuliyyətlə çatdırmasında, erməni təxribatlarına, qıcıqlarına verdikləri sanballı cavablarda gördük. Belə həmrəylik və fəallıq, ağıllı vətənpərvərlik sosial şəbəkələrin həm ana dilli, həm xarici dillərdəki seqmentlərində ilk dəfə idi ki, bu səviyyədə izlənilirdi. Digər tərəfdən, müharibəyə qədər internet nəsli deyərək bəzən tənqid edib qınadığımız gənclərimizin müharibədə göstərdiyi misilsiz qəhrəmanlıq, rəşadət və vətənpərvərlik belə bir həqiqəti bir daha təsdiqlədi ki, bu yeni nəsil bizdən yaxşı və ya pis deyil, sadəcə fərqlidir və onların bu fərqliliyinə də hörmətlə yanaşmalı, onların həyat fəlsəfəsi və maraqlarını anlamalıyıq.

Belə anlanılmalı məsələlərdən biri də məhz şəbəkə ədəbiyyatı, şəbəkə məkanında yaranan və fəaliyyətdə olan ədəbi-bədii yaradıcılıqdır. Gənclərin xeyli hissəsi ədəbiyyatı internet şəbəkəsində oxuyur, ümumən məlumatı buradan alır. Lakin dünya təcrübəsi ilə müqayisə etsək görərik ki, müəyyən epizodik istisnalar istisna olmaqla, milli Şəbəkə ədəbiyyatımızın məzmun və kəmiyyətinə görə qaneedici bir hadisə kimi mövcudluğunu təsdiqləmək elə də asan deyil. Müxtəlif informasiya kanalları olsa da, şəbəkədə yazılı ədəbiyyatımızın müasir texniki imkanlara uyğun yerləşdirilməsi və müstəqil şəkildə şəbəkədə yaranan ədəbiyyat təxminən yox səviyyəsindədir.

Buna görə də dəyərli ziyalımız, müstəqillik dövrümüzün azsaylı mətbuat mənəvi-mədəni brendlərindən olan "525-ci qəzet"in yaradıcısı və rəhbəri, bu vaxta qədər yüksək bədii səviyyəsi və ciddi məzmunu ilə seçilən epik və lirik əsərlərin müəllifi olan istedadlı ədibimiz, Yazıçılar İttifaqının demokratik və ədalətli rəhbərlərindən biri kimi öz simasını bütün məqamlarda qoruyub saxlamış sədr müavini, həmkar və dost kimi dərin hörmət bəslədiyimiz və güvəndiyimiz Rəşad Məcidin "Qələmsiz yazılanlar" kitabını böyük ruh yüksəkliyi və məmnunluqla qarşıladım. Bu kitab - sözün tam mənasında milli şəbəkə ədəbiyyatımızın ilk nümunəsi və deməli, müəllif tərəfindən böyük məsuliyyəti olan ədəbi hadisə kimi dəyərləndirilə bilər. Zəngin materialı və fəal prosesi olan rus şəbəkə ədəbiyyatı barədə təxminən on il əvvəl ölkəmizdə və Rusiya mühitində ilk və təqdir edilmiş dərs vəsaitini çap edirmiş bir ədəbiyyatşünas kimi, mənim üçün də Rəşad Məcidin milli şəbəkə ədəbiyyatının ilk nümunəsi olan kitabı haqqında obyektiv münasibət bildirmək məsuliyyətli işdir. Buna görə də kitabla yaxından tanış olmağı özümə borc bildim və bu tanışlıqdan da məmnun qaldım.

Rəşad Məcidin "qələmsiz yazdığı" toplu sözün hər mənasında şəbəkə ədəbiyyatının və ümumən milli ədəbiyyatın yeni forma və mündəricəli, quruluş və məzmununa görə kamil, ortaq məna məhvərində təmərküzləşən vahid bədii əsərdir. Fikrimcə, müəllifin "status-esselər" və "sms-esselər" adlı iki qrupa ayırdığı mətnləri birləşdirən, toplunu vahid bütövdə təmərküzləşdirən əsas amil məhz müəllif obrazıdır. Rəşad Məcidin "Qələmsiz yazılanlar"dakı bu obrazını (söhbət məhz virtual statusdan gedir) internet şəbəkələrindəki oxucuları-müsahibləri yaxşı tanıyır və ona etimad edir. İnternetdə geniş yayılmış anonim personajlardan fərqli olaraq, Rəşad Məcidin şəbəkədəki müəllif siması konkret və gerçəkdir, müsahibləri bu məhrəm nitq subyektinin baxış bucağına bələddir. Buna görə də onun status və sms esselərini yazıçının şəbəkədənkənar gerçək müəllif kimi bu vaxta qədər formalaşmış ədib, şair, nasir, publisist imzasının təəssüratı ilə qavrayırlar. Bu isə ədəbiyyat və jurnalistika ierarxiyasında müəyyən rəsmi mövqe və mənsəbi olan müəllif üçün böyük məsuliyyət və cəsarət deməkdir. Gerçək ədəbi mühitdə imzasını təsdiq etmiş, tanınan və qəbul edilən imici olan populyar bir qələm sahibinin, öz dediyi kimi, "qələmini" qırağa qoyaraq tam başqa bir aləmə, plüarist, liberal, çoxsəsli, çoxüzlü, bəzən sərt və amansız ünsiyyət mühitinə keçməsi, buradakı imzalı və ya anonim oxucuları ilə ənənəvi ərkandan, daxili senzuradan azad bərabərhüquqlu dialoqa girməsi asan iş deyil. Bu, müəllifin nəinki şəbəkədə söyləyəcəklərinin, həm də bu vaxta qədər yazdıqlarının və söylədiklərinin də çox məsul və sərt sınağa çəkilməsidir. "Qələmsiz yazılanlar"la tanışlıq göstərdi ki, Rəşad Məcid bu sınaqdan uğurla çıxıb və ədəbiyyatımızda ilk sanballı nümunəsini təqdim etdiyi şəbəkə ədəbiyyatımızın uğurlu və yeni cığırlar açacaq perspektivli nümunəsini təqdim edib. Nədir bu uğurun rəhni olan xüsusiyyətlər və yenilik?

Əvvəlan, burada şəbəkə ədəbiyyatı və ənənəvi ədəbiyyat münasibətlərinin yeni çaları ilə üzləşirik: bu münasibətlər bir qayda olaraq, "qələmlə yazılan" kağız ədəbiyyatından virtual internet şəbəkəsinə doğru yönəlir. Lakin Rəşad Məcid şəbəkədə sərbəst şəkildə yazdıqlarını toplayaraq ənənəvi "kağız" ədəbiyyatı formatına gətirmiş və bununla da, vaxtilə Qərbdə andeqraundun elitar və rəsmi mədəniyyətə müdaxiləsinə bənzər bir prosesin milli ədəbiyyatımızda başlanmasına rəvac vermişdir. Müəllif özü bunu anlayır və nə elədiyinin fərqində olduğunu xarakterinə xas səmimiyyətlə bəyan edir: "Günün birində ağlıma gəldi ki, bəlkə on ildən bəri yazılan bu statusları toplayıb ayrıca kitab halında dərc etdirim?! Mən bizdə belə bir təcrübəni xatırlamıram, xaricdə isə buna bənzər cəhdlər yəqin, olmamış olmaz! Düşündüm ki, bəlkə, bizdə ilki mən edim!? Və beləcə, bu ideyanı gerçəkləşdirmək niyyəti ilə ilk addım atdım! Əslində, son dövrlər müntəzəm olaraq statuslar yazmağımın sirri də elə burada idi - "Qələmsiz yazılanlar" kitabını tamamlayırdım". Müəllifin təxmininə cavab olaraq bildirim ki, dedikləri baxımdan, bu səpkili kitab hər mənada ilk təcrübədir.

Rəşad Məcid virtual şəbəkədə yaranmış bu mətnlərində, ilk növbədə "qələmlə yazılan" kağız ədəbiyyatının nümayəndəsi olaraq, eyni səmimiyyətlə özünün digər şakərini, əsl Bakı ədəbi bohemasının dənizkənarı gəzinti, çay və qəzet müzakirəsindən ibarət gerçək həyat tərzinə aidliyini də bildirir: "Dəniz qırağında yeni gəzinti mövsümünü qəzetlərlə açdıq! Yenə hər nə var, qəzetdə var! Qəzet və dəniz daimidir! Bir də incə belli cam bardaqda çay!".

Rəşad Məcid səmimi etirafla statusların yazılması mexanizminin tipologiyasını da bölüşür: bu mətnlərin qələm əldə gecəni gündüzə qataraq söz axtarmağa vaxt və macalın olmadığı qaçaqaç zəmanəmizin tempinə uyğun ovqatdan doğduğunu deyir: "Statuslar yazmağım ovqatımdan asılıdır; bəzən, operativ olsun deyə, hansısa ictimai-siyasi hadisəyə münasibətimi sosial şəbəkələrdə bildirirəm, hərdən də qaçhaqac həyatımızda hər saat əl çatmayan bədii yaradıcılıq arzusu yeni "Status - esselər"in yazılmasına səbəb olur! Bu mənada, yazdığım statuslara küll halında həm qəlbin, həm ovqatın, həm də bir-birini sürətlə əvəzləyən gündəmin xronoloji mənzərəsi kimi də qəbul etmək olar".

Əslində, bu anlaqlı izah sadəcə müasir həyat tərzini deyil, daha qlobal anlamları - insanı xırdalayan, xalqları əzən, milliliyi sarsıdan, cəmiyyəti hörümçək toru kimi saran, dövlətləri parçalayan neoimperializmin qlobal maraqlarından törəyən, həlli üçün hətta "Allaha kömək" lazım olduğu faciələri əks etdirir. Vətənpərvər ziyalı olan Rəşad Məcid üçün bu qlobal faciə ilk növbədə Qarabağ faciəsidir: "Allah bu zülmü yerdə qoymaz! Bəndənin gördüyü zillətdən, çəkdiyi məşəqqətdən qanı donanda, zalımı, qatili cəzalandıra bilməyəndə ümidi Allaha qalır! 27 il əvvəl Ağdamda sağ qalan Xocalı sakinlərindən baş verən faciəni ilk eşidənlərin dilində bu sözlər tez-tez səslənirdi! - Allah bu zülmü yerdə qoymaz! Bu qədər zaman keçib, qatillər hələ də cəzasını almayıbsa... Vaqif Səmədoğlunun misrası yada düşür: Allaha kömək vaxtıdır!".

Şükürlər olsun ki, kitabın nəşrindən təxminən bir il sonra haqq yerini tutdu, ordumuz zəfər çaldı, torpaqlarımız Allahın köməyi və Ali Baş Komandanımızın fədakar rəhbərliyi sayəsində işğaldan azad edildi, qəvi düşmən cəzasına çatdı...

Rəşad Məcidin ümumən yaradıcılığında, o cümlədən haqqında danışdığımız mətnlərində Qarabağa, doğma yurdu Ağdama münasibət içdən gələndir, pafossuzdur, təbii və səmimidir. Otuz ilə yaxın bir dövrün vətən acısını Rəşad Məcid pafos və bəlağətlə yox, insani, şəxsi, qəlbindən, ruhundan, varlığının mistik dərinliyindən keçən detal və yaşantılarla aşkarlayır:

"Redaksiyaya gəlirdim, təsadüfən Rəşad Sadıqovla rastlaşdım. Sən demə, müsahibə üçün "Qol.az"a gəlibmiş. Görüşdüm və xatırladım, ona da xatırlatdım: 2009-cu il iyulun 23-ü, Ağdamın işğalı günündə "Qarabağ"ın Norveçin "Rusenborq" komandası ilə oyununu. Oyundan bir gün qabaq Aqil Abbasla birlikdə oyunçularla görüşmüşdük. Mən orada demişdim ki, sabah bütün stadion dolacaq, mənim adaşım Rəşad Sadıqov bir qol vuracaq və biz 1:0 udacağıq. Oyun günü də bunu qəzetlər yazmışdı. Dediyim kimi də oldu! Səhərisi gün "Yeni Müsavat" qəzetində Xalid Kazımlı "Samir Sarı" imzası ilə "Bir Rəşadın falı, bir Rəşadın qolu" adlı məqalə yazdı. O zamanlar məndən soruşmuşdular ki, bunu necə hiss etdiniz? Demişdim ki, son 15 ildə heç vaxt Allaha bu qədər səmimi-qəlbdən, saf, təmənnasız yalvarmamışdım. Sonra Rəşad Sadıqov da müsahibələrində demişdi ki, topun qapıya girəcəyini mən də təxmin eləmirdim. Bu, nəsə başqa cür oldu! "Rusenborq"un qapıçısı isə demişdi ki, o top qapıya girməməli idi, onu külək elədi! 10 il qabaq baş verən bu hadisədəki mistik məqam indiyədək beynimdə yaşayır"...

...Yuxarıda vurğulamışdım Rəşad Məcidin şəbəkəyə peşəkar ədəbiyyatçı, mətbuat işçisi, tanınmış qələm əhli, şair, publisist, nasir, sədr müavini olaraq gəldiyini. Bu amil bəzi təcrübəli qələm adamlarının ünsiyyətində müəyyən üstün status sindromu, nəsihətamizlik, "ağsaqqallıq" pozası yaradır. Lakin "Qələmsiz yazılanlar" ad, imza, mənsəb şleyfindən uzaq və azaddır. Bütün yazılarında olduğu kimi, bu söz şəbəkəsində də olduğu kimidir, özüdür. Bu mətləbi mətnlərinin birində ironik tərzdə belə ifadə edir: "Baxır kim yazır da... Müəllif yazıyla yarıbayarıdır...".

Rəşad Məcid həyatda da səmimi və təbiidir və şəbəkənin də azad, demokratik ovqatını, oyun qaydalarını, psixologiya və üslubunu qəbul etməsi, özü ilə müsahibləri arasında sədd yaratmamağı təbiidir. Şəbəkə etikası və poetikası baxımından bu, yalnız fərdi-psixoloji deyil, həm də mühüm evristik-kommunikativ amildir, şəbəkə diskursuna adekvat şəkildə dalmağın bariz nümunəsidir, həm də bütün özünəməxsus çalarları ilə: "Sosial şəbəkələr bütün üstünlükləri və yaxşı cəhətləri ilə bərabər, həm də bir oyun və yarışdır. Kim finişə tez çatacaq?! Kim daha çox bəyəniləcək?! Kimin nəfəsi daha tez təngiyəcək?! Kim daha tez yorulacaq?!".

Lakin Rəşad Məcid bütün mahiyyəti ilə klassik formatda ədəbiyyat adamıdır və "qələmli" ədəbiyyata xas düşüncə tərzi və üslub, obraz və personajlar onun şəbəkə mətnlərində də aşkarlanır. "Qələmsiz yazılanlar"da bir çox ədiblərimiz, şair və nasirlərimiz xatırlanır, ədəbi motivlər işlənir, müasir ədəbi çevrəmizin mənzərəsi yaradılır. Ancaq bu motivlər normativ qaydalara və imza sahiblərinin rəsmi mənsəbinə yox, insani səciyyəsinə və fərdiyyətinə uyğundur:

 

"Televiziyada Əli Kərimin "Atamın xatirəsinə" şeirini dedim, yaxın günlərdə çap etdiyimiz "Metronun yaylı qapıları" kitabından danışdım, şairin ruhuna ehtiramımı bildirdim. AYB-yə çatan kimi otağıma zəng gəldi. Əli Kərimin həyat yoldaşı Elza xanım idi; minnətdarlığını bildirdi, "Təzyiqim vardı, sənə qulaq asdım, düzəldim, çox sağ ol ki, Əlini yaşadırsan" - dedi";

""Bir də bu dünyaya gəlməyə - tövbə!". Arif Abdullazadə filologiya elmləri doktoru və yaxşı şair idi. Şeirlərinin intonasiyası və aurası fərqliydi. Keçən əsrin 90-cı illərində "525"ə tez-tez gələrdi... Məqalələrini, şeirlərini çap edərdik. Bu misra da onun şeirindəndir. Hərdən kövrək bir hüzn içində yada düşür və müəllifini də ehtiramla xatırladır".

Bu münasibət məhrəm dost bağlılığını ifadə edə ("Çingiz Abdullayev elə sevinclə xəbər yayıb, elə bildim "Neftçi" Londonun "Arsenal"ını 1:0 udub. Sən demə, Tulanın "Arsenal"ıymış") və ya əksinə, müəllifin ədiblik səriştəsi və şakəri önə çıxa bilər ("Gənc yazar Xəlil Adıgözəl mənə "SONra" şeirlər kitabını bağışladı. Əvvəllər bir neçə şeirini oxumuşdum, televiziyadan öz ifasında dinləmişdim. İndi kitab halında oxudum. Elə əvvəlki xoş təəssüratım davam elədi. Bəyəndim kitabı. Xəlil insan hiss və duyğularını şeirə çevirə, bədiiləşdirə, poetikləşdirə bilir. Hiss olunur ki, mütaliəlidir, poeziyanı yaxşı bilir..." - mətn təxminən qısa rəy həcmində davam edir).

Kitabda xüsusi janr formalarından biri də şəbəkə ədəbiyyatının postmodern üslubuna uyğun ironik, yumorlu, satirik və həm də lirik, dramatik, fəlsəfi səciyyəli qısa fraqmentlərdir:

Deyir, cənnət başqalarının qəlbində işğal etdiyimiz yerdir...

 

***

Hamı özündən danışır, özünə tərif vurur...

 

***

Mən toyda da yazıram, yasda da...

 

***

İki həftəydi ki, külək kəsmirdi...

 

***

...At dəryaya... sonrasıyla işin yoxdur, heç düşünmə də...

 

***

Kiyevdə nə var ki, yaşamağa... Mən 1500 il yaşayardım.

 

***

Əsas möcüzənin göstərilməsidir! Bunu "Barselona"nın, yoxsa "Liverpul"un etməsi ikinci dərəcəlidir.

 

***

Deputatsan, yalan danışırsan?!

 

***

Bud əti yemir ki, dala yaxındır…

 

***

Süfrədə başda oturanın əli hər yerə çatmır...

 

***

Pul ən gözəl duyğuların qatilidir.

 

***

Özümdən necə muğayat olum?!

 

***

Lazım olanlar hələ yuxudan durmayıblar...

 

***

Uşaq idim, qanmırdım...

***

Keçmişlə yaşamayın. Nostalji adamı qocaldır. Gənc qalın...

 

***

İndi bütün davaların kökündə pul dayanır.

 

Bilindiyi kimi, poststruktural düşüncədə və postmodern ədəbiyyatda müəllif anlayışı klassikadakı mütləq, hər şeyi bilən və idarə edən totalitar obrazdan fərqlənir, "müəllifin ölümü" tezisi (R.Bart), "biliyin hökmü... dil və hakimiyyət" dilemması (M.Fuko) aşkarlanır, istehza, ironiya, məsxərə önə çıxır. Poststruktural fəlsəfə və postmodern ədəbiyyat (qeyd edək ki, şəbəkəmizdə Əbu Turxan psevdonimi ilə çıxış edən görkəmli filosofumuz Səlahəddin Xəlilin fəlsəfi kəlamları özünəməxsus fenomen kimi yayılıb), eləcə də şəbəkə ədəbiyyatı öz mahiyyəti ilə totallığı və diktatı bütün təzahürlərində inkar edir. Bu əxlaq və ədəbiyyat fitrətdən gələnləri ötürən antik rapsodun, "Dədə Qorqud"da "qaibdən dürlü xəbər söyləyən" ozanın, oxucunu öyrədən maarifçinin, cəmiyyəti öz idealına tuşlayan romantikin əksinədir. Şəbəkə bərabər hüquqlu, bərabər səlahiyyətli tərəf müqabillərinin azad mükaliməsidir, qarşısına məqsəd qoyulmayan və özlüyündə məqsəd olan oyundur, burada dinləyici-oxucu müəlliflə ortaqlaşır və anında öz rəyini, alternativ mövqeyini, müsbət-mənfi və digər çalarlı münasibətini bildirir. Müəllifin varlığı məhz bu tərəf-müqabillərinin say və rəyi ilə müəyyənləşir. Buna görə də burada söylənən fikir hamının qəbul etdiyi ali həqiqət deyil, düşüncə diskursu yaradan qıcıq olmalıdır, kollektivi dialoqa cəlb etməlidir. Rəşad Məcid öz yaradıcılıq təcrübəsi və sənətkar fəhmi ilə bunu gözəl anlayır və müzakirə mövzusunu sətiraltı və ya ironik tərzdə, aşkar yox, sətiraltı ortaya atır:

- Həyatından məmnunsan?

Sualdan karıxdım:

Nə mənada?..

 

***

Evi də, adamları da pozan puldur. Çətini qapıdan içəri girənəcəndir...

 

***

Adam özü-özünə necə "istedadlı" deyə bilər, axı? Niyə desin, axı? Kompleksi var, qüsuru var, sapıntısı var, yəqin...

 

Bəzən isə, "qələmsiz" yazan və "qələm"in hökmündən azad olan bu müəllif öz müsahibləri, tərəf-müqabilləri ilə açıq və hətta provokativ oyuna girir, kütlə şüurunu çəkinmədən məsxərəyə qoyur:

"10 misralıq şeir müsabiqəsi.

Şeir yazanların təkidli xahişi ilə daha bir müsabiqəyə qərar verdik. Aşağıdakı 5 sözün də istifadə olunduğu, ən çoxu 10 misradan ibarət şeir yazmaq: isti, düyün, kələf, nisgil, üşümək. Bu dəfə 10 gün ərzində ən çox "like" yığan 10 müəllifin şeiri münsiflərin mühakiməsinə veriləcək. Qalibə 10 kitab (yaxud 100 manat) nəzərdə tutulur. Uğurlar!".

Müəllifin varlığının və populyarlığının məhz izləyici sayından və bəyənmələrdən asılı olduğu şəbəkə mühitində kütlə psixologiyasına yönəlik belə statusların verilməsi, təbii ki, öz mövqeyinə və öz tərəfdaşlarına əminlikdən gələn mənəvi səlahiyyət və səmimiyyətlə izah oluna bilər. Rəşad Məcid ədəbiyyatımıza həm bədii yaradıcılığı, həm təşkilatçı və naşir kimi fəaliyyəti, həm dost vəfası və həmkar səmimiyyəti, həm də şəxsiyyət bütövlüyü və vətənpərvərliyi ilə bu mənəvi səlahiyyəti qazanmış ədiblərimizdəndir. Ona ilk növbədə ata yurdu Ağdamın, doğma Qarabağımızın azad olunmasına görə gözaydınlığı verirəm və bu ərəfədə milli şəbəkə ədəbiyyatımızın ilk və dəyərli nümunəsi olan və gələcək tədqiqatlarını gözləyən "Qələmsiz yazıları" ərsəyə gətirməsi münasibətilə təbrik edirəm.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!