Yaddaşımızla yaşadıqlarımız arasında - Məti OSMANOĞLU

Məti OSMANOĞLU

 

Kamyunun absurd insanı- Məti Osmanoğlu » Manera.Az

Dönüb öz keçmişimizə baxmağa, on illər boyu bizi məğlubiyyətlə barışmağa qoymayan mənəvi dayaqları və dəyərləri görməyə, onları qoruyub saxlamağa həmişə ehtiyacımız var və bundan sonra da olacaq. Bu gün fəxrlə deyə bilərik ki, Qarabağın azadlığı uğrunda Vətən Müharibəsində bizi qələbəyə qovuşduran ən güclü amillərdən biri tükənməz enerji mənbəyi olan yaddaşımız oldu. Yaddaşdan gələn dəyərləri qiymətləndirmək baxımından Zemfira Məhərrəmlinin Qarabağ müharibəsində nəsillərə nümunə olacaq rəşadətlər göstərmiş qəhrəman qadınlara həsr etdiyi hekayələr müstəsna tərbiyəvi əhəmiyyət daşıyır. 

Z.Məhərrəmlinin hekayələri ayrı-ayrı səhnələri və simaları hələ gözümüzün önündən çəkilməmiş yaxın tariximizin ruhunu, o tarixin içindən keçən, onu yaradan insanların iç dünyasını, sarsıntılarını canlandırır, yaralanmış yaddaşımızla yaşadıqlarımız arasında körpü salır... 

Bu əsərlərin böyük əksəriyyəti sənədli hekayələrdir. Ümumiyyətlə, Zemfira xanım öz yaradıcılıq təyinatına və təcrübəsinə görə publisistikaya daha çox bağlıdır. Onun konkret insanların həyatını, tərcümeyi-halını "bədiiləşdirilməsi", ayrı-ayrı fakt və hadisələrə poetik nəfəs verilməsi isə zamanın sınağından çıxmış bir həqiqətə əsaslanır: qədim yunan müdriki Aristotel poeziyanı, başqa sözlə, bədii söz sənətini tarixdən daha fəlsəfi və daha ciddi hesab edirdi. Çünki tarix baş verən hadisələri ayırır, xüsusiləşdirir, poeziya isə ümumiləşdirir, zamanın fövqünə qaldırır. 

Mövzusu və qəhrəmanları real həyatdan götürülmüş hekayələrin bədii təqdimatı müəllifin yaradıcı düşüncəsinin məhsulu olduğu üçün bu yazılar müharibənin və insan talelərinin publisistikanın əhatə dairəsinə sığışmayan daha geniş və ümumiləşdirilmiş mənzərələrinə işıq salır.   

Bu hekayələrin mənəvi enerjisi ilkin yaddaşdan, əxlaq və davranışların ölməz qaynaqlarından gəlir. "Qırxqız dastanı" adlanan kitabın adı kimi burada toplanmış hekayələrin sərlövhələri də yaddaşınıza səslənir: "Ağ atlı qız", "Qırxqızın qırx birincisi", "Rəhilə və Həsən Qorxmaz əfsanəsi"...

Zemfira xanımın hekayələrində müharibə başlayanda hələ zamanın bərkindən-boşundan çıxmamış, həyatın astanasında olan təcrübəsiz gənclər milli yaddaşın daşıyıcıları kimi təqdim olunurlar. Yaddaşın daşıyıcısı olmaq isə təhsillə, tərbiyə ilə bağlı deyil: qandan gələn əzəli keyfiyyətdir.

Kökləri qədimlərə uzanan yaddaş bəzən müəllifi və qəhrəmanları özlərinin belə ağlına gətirmədiyi, lakin hamıya tanış və doğma olan sonsuz ənginliklərə aparır. Dildəki simvola çevrilmiş ayrı-ayrı ifadələr, söz və anlayışlar bədii mətndə yenidən doğularaq əzəli mənalarını "dirildir". Analitik psixologiya elminin yaradıcılarından olan Karl Qustav Yunq belə hesab edirdi ki, söz və ya təsvir özlərinin aşkar və birbaşa mənaları ilə müqayisədə daha çox məna kəsb edərək rəmzi mahiyyət daşıyır: "Sözlər və təsvirlər daha geniş "şüurdanxaric" aspektə malikdir ki, bu aspekti hər zaman dəqiq müəyyənləşdirmək və ya izah etmək olmur". 

Zemfira xanım gənc qəhrəmanlarının xarakterindəki yaddaşdan gələn və rəmzi mahiyyət kəsb edən dəyərləri izah və sübut etməyə çalışmır. Bunları obrazlar vasitəsilə göstərməyə, əyaniləşdirməyə üstünlük verir və mənə elə gəlir ki, hekayələrin uğurunu və əhəmiyyətini, ilk növbədə, burada axtarmalıyıq. Qarabağ müharibəsinin və "Ağ atlı qız" hekayəsinin qəhrəmanı Nərmin Abbasquliyevanın bədii obrazının ağ at üstündə təqdim edilməsi yaddaşımızda əbədi yaşayan ağ atlı oğlan obrazı ilə paralellik yaradır. Bununla da Nərmin haqq uğrunda mübarizənin, qara qüvvələrlə döyüşün əbədi simvolu kimi maraq doğurur. Ağ at və ağ atlı obrazlarının mənşəyində qaranlığa qalib gələn işıq rəmzi dayanır. Yaddaşımızdakı Ağ atlı oğlanın da, Qarabağ müharibəsində döyüşən Ağ atlı qızın da yolu qaranlıqla, qara  qüvvələrlə döyüşməkdən, işıq uğrunda, haqq uğrunda mübarizə aparmaqdan keçir. Mifoloji təsəvvürlərə əsasən, ağ at, hətta o dünyada, əbədi yolçuluqda da öz süvarisini müşayiət eləyir, onu ölməzliyə aparır.

"Əbədiyyət nəğməsi" adlı kiçikhəcmli poetik etüdün qəhrəmanı Qaratel Hacımahmudovanın obrazı insan şüurunun alt qatında yaşayan yurd, torpaq arxetipi ilə səsləşir. Hələ sağ ikən cəbhədəki rəşadətləri dilə-ağıza düşüb əfsanələşən, son nəfəsinə qədər misilsiz qəhrəmanlıqlar göstərib döyüşən və döyüş meydanında qəhrəmanlıqla həlak olan Qaratelin varlığı və adı torpaq kimi əbədiyyətin simvoluna çevrilir. "Təkcə sözlə yox, əməlinlə, ən odlu yerlərə atılmağınla sübut edirdin ki, Vətəni yalnız sinəsində torpaq məhəbbəti ilə döyünən ürəyi olanlar qoruya bilərlər. Sən bunu öz ölümünlə də təsdiq etdin".    

Zaman ilə ayrı-ayrı janrlar arasında müəyyən bağlılıq olur və bir çox hallarda janr zamanın səsi kimi çıxış edir. Müharibə dövrü də istisna deyil. Məsələn, müharibənin "yaradıcılığında" şayiələr daha geniş yer tutur. Bununla yanaşı, müharibə həm də öz miflərini, əfsanələrini, nağıllarını yaradır. Biz bunu Z.Məhərrəmlinin hekayələrində də görürük. Tovuzun Qədirli kəndində, sadə bir ailədə dünyaya göz açan Rəhilə ilə Qubadlının Tarovlu kəndindən olan Həsən əfsanəsi, sanki yazıçı iradəsinin fövqündə yaranıb. Bu əfsanənin yaradıcısı məhz müharibədir və müəllif həmin əfsanəni bizə təqdim etməklə müharibənin daha sərt və daha amansız simasını canlandırmağa nail olub. Bir-birini döyüşlərin odu-alovu içində, ölüm saçan güllələrin, mərmilərin altında seçən talelərə müharibə öz istədiyi  məzmunu və şəkli verir. Bölük komandiri olan Həsəni düşmən cəbhəsindən snayper nişan alanda əsgər yoldaşı Qorxmaz öz sinəsini komandirinə sipər eləyib şəhid olur. "Həsən isə sədaqətli döyüşçü dostunun xatirəsini əbədiləşdirmək üçün o gündən "Qorxmaz" ləqəbini götürdü".

Sonradan Qorxmaz adı ölümün qarabaqara izlədiyi mistik mahiyyət qazanır. Həsən  Qorxmaz Yuxarı Cibikli kəndi uğrunda döyüşdə ağır mərmi yarasından həlak olur və bu adı Rəhilə özünə ləqəb götürür. Başına Həsənin qara şəridini bağlayaraq səngərdən-səngərə atılan Rəhilə Qorxmaz Cibikli kəndi düşmənlərdən azad edilənə qədər kişilərlə çiyin-çiyinə döyüşür. Amansız ölüm növbəti Qorxmazı - Rəhiləni də sona qədər təqib eləyir. 23 yaşlı Rəhilə Qorxmaz 1993-cü il iyulun 31-də Qubadlı torpağında qanlı döyüşlərin birində şəhid olur. Bir-birini təqib edən və tamamlayan bu amansız dram - qəhrəmanlıq ilə ölümün münaqişəsi isə XX əsrin, şahidi olduğumuz tarixin yaddaş abidəsinə çevrilir: "Ölümü ilə sevgisinə qovuşan bu iki gəncin bitib-tükənməyən yurd eşqindən, igidliyindən rəvayət söyləyir, əfsanə danışırlar. Nakam məhəbbətin tərcümanı olan Rəhilə və Həsən Qorxmaz əfsanəsini".

Yer adları yaddaşın zamanla dialoqunu qurmağa qadir olan ən maraqlı dil abidələridir. Müharibə yer adlarının da gizli saxladığı mənaları fəallaşdırır, onların təyinatını özünə qaytarır. Bu mənada, yaxşı günlərdə zamanla romantik dialoq quran yer adları torpaq dara düşəndə öz mənasının əslinə qayıdır, yaddaşın çağırışını səsləndirir.

Məsələn, Qırxqız yaylağı dünyanın dinc vaxtında məşhur bir mahnıda romantik sevgi ünvanı kimi anılırdı:

 

Gedək Qırxqız yaylağına,

Maral-ceyran oylağına,

Enək İsa bulağına...

 

Vətənin ölüm-qalım günündə isə Qırxqız yaylağının adı torpağın üstündə yaşayanlara uzaq keçmişimizin ismarladığı çağırışa çevrilir. Beləliklə, torpaq ona verilmiş adlarla, adların daşıdığı mənalarla, rəmzləri özündə qoruyan əfsanələrlə ayağa durub müharibədə iştirak edir. Bu baxımdan, Zemfira xanımın "Qırx qızın qırx birincisi" hekayəsində Qırxqız dağı haqqında əfsanəyə müraciət etməsi mənəvi yenilməzlik dəyərlərinin canlandırılması, "işə salınması" kimi uğurludur:   "Qədim zamanlarda bu ərazilərə basqınlar olanda ərənlər son nəfəslərinədək vuruşublar.  Elin igid qızları da ox atmağı, qılınc oynatmağı bacarıblar. Bir gün qanlı savaşda qarı düşmən başı dəbilqəli xanımların da öz məmləkətinə yiyə çıxdığına heyrətlənmiş, onları əsir götürmək istəmişdi. Pusquya düşdüklərini anlayan qızlar özlərini dərin uçurumlara atmış, öz namus və heysiyyətlərini qorumuşdular. O vaxtdan bu dağa Qırxqız dağı deyirlər".

Bu əfsanəni yaradan və özündə saxlayan yaddaş bir-birini əvəz eləyən nəsillər arasında estafet rolunu oynayır. Adda yığılmış enerji zamanı gələndə hərəkətə gəlir və öz tarixi missiyasını yerinə yetirir. Qırxqız əfsanəsi təhsilin, tərbiyənin, kitabın gördüyündən daha böyük iş görür.

Ağdam zəfəri ilə bağlı Türkiyənin "Haber Global" televiziya kanalına müsahibə verən jurnalist Məhsəti Şərif ibrətli bir hadisə danışdı. Onların ailəsi mühasirədə olan Ağdamı son tərk edənlərdən olub. Məhsətinin atası maşındakı qızların hərəsinə bir əl qumbarası verib tapşırır ki, düşmənə əsir düşmək ehtimalı yaransa (bu ehtimal çox güclü idi), qumbaraların fitilini çəksinlər. Məhsəti xanım vurğuladı ki, qızlar heç bir tərəddüd etmədən hər an fitili çəkməyə hazır idi...

O vaxt on yeddi yaşında olan Məhsəti bu hekayəni danışanda mənim yadıma düşən "Qırxqız əfsanəsi", eləcə də  Zemfira xanımın  bu əfsanəyə verdiyi bədii yozum oldu...

"Qırx qızın qırx birincisi" kimi təqdim edilən Səma ölümü düşmən əsirliyindən uca tutan, adlarını bildiyimiz və bilmədiyimiz onlarca Azərbaycan qadınından biridir: "Bu gecə əvvəlkilərə bənzəmirdi. Səma gözləri yollarda qalan anasına son məktubunu yazırdı: "Əziz anam, köç edirəm. Amma bu, sizin köçməyinizdən fərqlidir. İnanıram ki, siz nə vaxtsa doğma el-obamıza qayıdacaqsınız. Mənimki isə ağır bir yol, əbədiyyət köçüdür. İstəyirəm biləsən ki, sənin qızın qardaşlarının yanına "girov" damğası ilə qayıtmaq istəmədi".

Burada diqqəti çəkən mühüm bir motiv var: əsir kimi yaşamaqdan şərəfli ölümü üstün tutan Səmanın el-obaya qayıtmaq ümidi və inamı. Zemfira xanımın hekayələrinin personajları həlak olsalar da, onlar heç vaxt qələbə ümidini, düşmənin ələ keçirdiyi torpaqlarımıza yenidən qayıtmaq inamını itirmirlər. Bu həm də müəllifin və  Azərbaycan xalqının itirmədiyi ümidi idi...

Şərəfli ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüş Gültəkin Əsgərovanı ictimaiyyət daha yaxından tanıyır. Bir vaxtlar onun  haqqında çoxlu yazılar nəşr olunur, televiziya və radio verilişləri hazırlanırdı...

"Şuşa Gültəkini" hekayəsinin qəhrəmanını isə bizə Z.Məhərrəmli tanıdır. Əsərin finalında "hekayə içində hekayə" kimi təqdim olunan epizod Gültəkinin təsəvvürümüzdə olan obrazını bütövləşdirir, bu qəhrəman qadının içindəki böyük insanın kimliyi açılır. Müharibəyə getməzdən əvvəl təcili yardım məntəqəsində həkim işləyən Gültəkin gecə çağırışa gəlir və xəstəyə zəruri tibbi yardım göstərir. "Ertəsi gün səhər tezdən həmin mənzilin qapısı yenidən döyüldü. Dünən gələn həkim idi. O bu dəfə çağırışsız, ürəyinin istəyi, odu ilə gəlmişdi.

- Gecə növbəsini başa vurub evə gedirdim. İstədim biləm xəstəmizin vəziyyəti necədir? - deyə soruşmuşdu.

O qarlı gündə təbib köməyinə ehtiyacı olan xəstə - bu sətirlərin müəllifi, mehriban, qayğıkeş, təmənnasızlığı ən ali məziyyət sanan həkim isə oxuduğunuz sənədli hekayənin qəhrəmanı Gültəkin Əsgərova idi...".

Bu epizod Zemfira xanımın nəsr ustalığının da səviyyəsini müəyyənləşdirir.

Nəsr poetikasının mükəmməlliyi baxımından Z.Məhərrəmlinin maraqla oxunan əsərlərindən biri "Oğul dağı" hekayəsidir. Müharibəyə getməzdən əvvəl şəxsi həyatında  təlatüm yaşayan Nurcahan Hüseynovanın keçdiyi cəbhə yolunu, yaşadığı müharibə təcrübəsini, müharibədə gördüyü dəhşətləri bədii sözə yerləşdirmək çox çətindir. Ananın döyüş meydanında şəhid olmuş doğma oğlu Elxanın cəsədi ilə qarşılaşması müharibənin qanlı əsərlərindən biridir. "Elxan başına dəyən ağır zərbədən həlak olmuşdu. Qəlpə başın arxasından keçib gözünü tökmüşdü. İlahi!.. Ana üçün bundan da ağır mənzərə ola bilərdimi? Nurcahan donub qalmış, sanki daşa dönmüşdü. Ürəyinin başı göynəsə də, ağlaya bilmirdi"...   

"Oğul dağı"nda Azərbaycanın müharibə tarixinin amansız üzü epos poetikasına xas sərt detallarla işıqlandırılıb. Bu hekayədəki ana obrazı da Qırxqız əfsanəsi kimi yaddaşımızın həmişəyaşar abidələrindən biridir.

Z.Məhərrəmli "Oğul dağı"nda torpaqları işğal altında olan bir ölkənin insanlarının müharibə ağrılarının epik lövhələrini göstərməyə nail olub. Müharibənin əsl üzü də elə budur: analara oğul dağı çəkdirmək!.. Böyük ədəbiyyatın missiyası isə torpağın və anaların sinəsinə çəkilən dağı canlandırıb əyaniləşdirməkdir.

Müzəffər Ordumuzun şanlı qələbəsi sayəsində biz indi tariximizin tamamilə fərqli qütbündə yaşayırıq. Bu qələbə həm dövlətimizin və millətimizin qarşısında yeni üfüqlər açır, həm də insanlarımızın iç dünyasına, psixologiyasına intibah, yenidən doğuluş işığı salır. Heç şübhəsiz ki, qarşımızda açılan geniş üfüqlərdə qalib millət mövqeyini ifadə edəcək ədəbiyyatımız fərqli poetik rənglər və çalarlar qazanacaq, mənəvi varlığımızı bütün zənginliyi, incəlikləri ilə əks etdirəcək, yaşayıb şahidi olduğumuz tarixdəki təzadları göstərməkdən çəkinməyəcək.

Mənəvi intibahımızdan doğulacaq yeni keyfiyyətli ədəbiyyatın içində mən Zemfira xanımın da səsini eşidirəm...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!