Tənqid və ədəbi proses – 2019 ("şikayət" tezisləri) - Tehran Əlişanoğlu

1. Predmet. Ötən il olduğu kimi, 2019-un da ədəbi tənqid mənzərəsinə yenə Elçinin "Məsuliyyətimizi nə üçün janrın boynuna atırıq? Tənqidimiz və ədəbi prosesimiz ətrafında bir neçə söz" məqalələr sırası ("525-ci qəzet" və "Ədəbiyyat qəzeti", 2, 8, 16 mart 2019) və eyni adlı kitabından (Bakı, "Təhsil", 2019) başlamaq gərəkir. Başlıca ona görə ki, məqalələr də, kitab formatında nəşri də 2019-un tənqid faktıdır və həm də çağdaş ədəbiyyatı, tənqid və ədəbi prosesi bütövlükdə hədəfləyən, predmetləşdirən, əhatə etməyə çalışan, haqqında söz deyən, fikir yürüdən yeganə tənqid hadisəsidir.

Bir də bəlkə bura artırmaq olar Elnarə Akimovanın tənqid məqalələrindən ibarət çoxhəcmli "Düşüncə zamanı - ədəbi tənqid diskurs kimi" toplusunu (Bakı, "Elm və təhsil", 2019) və yenə də onun moderatorluğu ilə ərsəyə gələn sanballı "Müstəqilliyin ədəbiyyatı müzakirə diskursunda. "Ədəbiyyat qəzeti"nin müzakirə saatı" kitabını (Bakı, "Elm və təhsil", 2019). Hər iki kitab kifayət qədər yaxşı rəylər də doğurmuşdur...

2. Konflikt. Tənqid - polemika, müzakirə, müzakirələrdə hasil olan həqiqətlər deməkdir. Elçinin "tənqidimiz və ədəbi prosesimiz ətrafında" məqalələri və eyni adlı tənqid kitabı da elə buna çağırırdı. Odur ki, ilin ortasında "janrın məsuliyyəti və tənqidçilər" barəsində çəkinmədən polemikaya girib, "2018-ci il: ədəbi tənqid refleksləri" adlı məqaləmdə ("Ədəbiyyat qəzeti", 29 iyun 2019) sıra faktlar, dəlillər, mülahizələrlə təsbit etməyə çalışdım: bəs bizdə ədəbi tənqid var; hələ bəlkə ədəbi prosesimizin ən güclü faktorudur. Üstəlik məhz tənqid ətrafında polemikanın, narazılığın, "şikayət"in olması (o cümlədən Elçinin kitabında) janrın hərəkətinə dəlalət edir...

Yox, əgər yoxdursa, ədəbi tənqid yox, çağdaş ədəbiyyatımız, ədəbi-bədii proses, romanlar, hekayələr, şeirlər, yazarlar, şairlər barəsində bir o qədər "şikayət", narazılıq yoxdur... Polemika, müzakirə, mübahisə azdır ki, bu da: çağdaş ədəbiyyatımızda nələr baş verdiyini görməyə, bilməyə əngəl olur. Və bu yerdə tənqidçi Elçinin narahatlığının ikinci tərəfinə ("...və ədəbi prosesimiz") biz də şərik oluruq...

3. Polemika məqamı. Polemika, müzakirə çox vacibdir. Tənqidçi Elnarə Akimova "Düşüncə zamanı - ədəbi tənqid diskurs kimi" kitabında çağdaş ədəbiyyatımızı analitika və "müstəqillik dövrü"nün qazandırdığı təcrübə işığında ("Nəsr diskurs kimi. Roman haqqında. Hekayə haqqında", "Poema diskurs kimi", "Poeziya - zamana baxış kontekstində", "Düşüncə zamanı", "Ədəbiyyat elm kimi", "Mənəvi diskurs", "Analiz yazıları: problemlər, mülahizələr", "Uşaq ədəbiyyatının dünəni və bugünü") xeyli uğurla təqdim edir. Yazıların miqyası, mövzu əhatəsi, problem çoxluğu, çağdaş ədəbiyyata bələdlik və çevik şərh üsulu və daha bir çox cəhətlər kitab haqqında rəylərdə də (Azər Turan, Nizami Cəfərov, Məti Osmanoğlu) təqdirini qazandı. Kitaba diqqət çəkməkdə niyyətim başqadır. Elnarə Akimovanın tənqidçi diskursunda məhz janra yaraşan şəkildə "şikayət"ə də yer var; müəyyən məqamlarda: ədəbi cərəyanlar, roman, poema janrı, tənqidşünaslıq və s. ətrafında çağdaş ədəbiyyatımızdan "şikayət" notlarına da cəsarət edir. Və təsadüfi deyil ki, dərhal polemik söz, fikir yaranır, resenzentlərlə mübahisələrdə ədəbiyyatımız həmin nöqtələrdən daha da aydın görünməyə başlayır. Təfsilata getmədən deyim ki, məsələn, roman polemikasında janrın ideoloji keçmişi, çağdaşlığı və stixiyalı sabahı mübahisələrində nə müəllifin, nə də akademik Nizami Cəfərovun deyil, mən daha çox tənqidçi Məti Osmanoğlunun mövqeyini bölüşürəm...

Təəssüf ki, bizim ədəbi prosesdə bu hallar epizodikdir; və ədəbiyyatımız polemik mənzərələrə açılmadığındandır ki, ümumən də "özündə-şey" qalıb çağdaşlığa açıla bilmir...

4. Kontekstlər. Ədəbi tənqiddən məxsusi şikayətim yox; ötən ilin qeydlərinə, 2019-un da proses materiallarını qatıb, bir daha təkrar edə bilərəm: istər tənqidçilərimiz, istərsə digərlərinin də birikdiyi ədəbi tənqid korpusumuz günün ədəbiyyat gəlişmələrində ən intensiv iştirakda bulunurlar. Amma çağdaş ədəbiyyatımız müstəvisində yox, daha çox onu əhatələyən kontekstlərdə; sanki çağdaş mətnlərə, tekstə çox da uğraşmayıb, ədəbi tənqid kontekstlər cızır, ədəbiyyatı da bu müstəvilərə dəvət edir...

Bu, ilk növbədə, ədəbiyyat tarixçiliyi kontekstidir. Son illərin ən konseptual ədəbiyyat tarixçiliyi işi, şəksiz ki, akademik İsa Həbibbəylinin "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" monoqrafiyasıdır (Bakı, "Elm", 2019). Bu, böyük ədəbiyyatşünaslıq faktıdır və sözsüz ki, ədəbiyyatşünaslığa dair məruzədə ətraflı dəyərləndirələcəkdir. Bircə məqamı vurğulamaq istərdim: bu cür köklü konsepsiyalar realizə üçündür və o da sevindiricidir ki, bu əsasda akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda artıq on cildlik ədəbiyyat tariximiz hazırlanır. Son sovet dönəmindən başlayaraq bugünə qədər də hələ başa çatmayan yeddicildliyin "şikayəti"ni isə güman ki, elə konsepsiyasızlıqda axtarmalıyıq...

Akademik İsa Həbibbəylinin böyük ədəbiyyatşünaslıq işini burda ona görə xatırlatdım ki, ənənəvi tarixçilik konsepsiyası bir hünər işidir; tənqid indi daha çox alternativ tarixçilik modellərinə meyl edir və bu heyndə orijinal baxış tərzi sərgiləməyə çalışır. Tənqidçi Cavanşir Yusiflinin son illərdə mətbuatda reallaşdırdığı bir sıra layihələrini ("Formanın müqəddəs sirri" - Ədəbiyyat qəzeti, 12, 19 yanvar 2019; "Ədəbiyyat tarixi mətnlərarası virtual əlaqələr kontekstində - ƏQ, 2 mart 2019; "Mirzə Cəlil məqamı" - ƏQ, 8 mart 2019; "Səslə məna arasında uzanan tərəddüdlərin tarixçəsi - ƏQ, 23 noyabr 2019 və s.), o sıradan "Mətn, işarə, məna" (Bakı, "Mütərcim", 2019) kitabını bu qəbildən bilmək olar. Tənqidçi Rüstəm Kamalın əsasən Molla Pənahdan günümüzəcən ədəbiyyatımızın arxetipik və semiotik gizlinləri üzərində gəzişən çoxsaylı məqalələrini ("Şairin tüfəngi"- 14 dekabr, "Anima (XIX əsr Azərbaycan ədəbiyyatında qadın ruhu"- ƏQ, 20 aprel, "Zərli paqonlar işığında tövbə məqamı"- ƏQ, 21 sentyabr, "Cəlil Məmmədquluzadə: Əlyazma magiyası"-ƏQ, 21 dekabr,  "Əbdürrəhim bəyin cənnət səyahəti"- ƏQ, 16 fevral, "Dostlar, badələri qaldırın, içək" - ƏQ, 2 fevral, "Papirosum yana-yana" - ƏQ, 16 mart, 2019 və s.) bu sıradan saymaq olar. 2019-cu ilin sonuna hazırladığım, təzə ildə işıq üzü görsə də,"T.Mustafayinin Ədəbiyyat söhbəti" də bu sayaq alternativ modellərdəndir; 25-23 il əvvəl qələmə alınsa da, mənimcə gündəmliyini saxlayır...

Yazıçı Anarın cari ilimizdə böyük rezonansla qarşılanan "Yaşamaq haqqı" monumental əsəri işıq üzü gördü; kitabdan bir sıra ədəbi-tarixi oçerklər  (Əlibəy Hüseynzadə, Seyid Hüseyn, Abdulla Faruq, Qantəmir haqqında oçerklər və s.) artıq 2019-da "Ədəbiyyat qəzeti" və "525-ci qəzet"də dərc olunmuşdu ki, tarixçilik sırasından sayıla bilər. Tənqidçi Vaqif Yusifli ötən yüzilin ədəbiyyat portretlərini təqdim edən "Köhnə kişilər" silsiləsi (Süleyman Rüstəm, Osman Sarıvəlli, İlyas Əfəndiyev, Gülhüseyn Hüseynoğlu, Fikrət Sadıq, Abbas Zamanov, Qəzənfər Paşayev haq.), bu sıraya birikən portret-oçerklərə (Anar, Rəsul Rza haqqında yazılar) daha bir  "Yaşayan şairlər" layihəsini (Sərdar Əsəd, Rəfiq Zəka, Məmməd Aslan haq.) artırdı ki, yaxın keçmişin ədəbiyyat tarixinə körpü salır. Tənqidçi Məti Osmanoğlunun 2019-cu ildə dərc olunan məqalələri də ("Janrın yaddaşı, yoxsa zamanın çağırışı"- ƏQ, 2 fevral, "Kiçik janrın böyük sərgüzəşti"- ƏQ, 5 oktyabr, "Ədəbiyyatımızda Füzuli məsələsi" - ƏQ 14, 21 dekabr 2019 və s.) əsasən ədəbiyyat tarixçiliyi səmtindəndir, XIX əsrin ikinci yarısı - XX əsrin əvvəlləri ədəbiyyat səhifələrini bir daha gündəmə gətirməklə, həm də faktoloji və filoloji yeni tərzlərlə məlum həqiqətləri yoğunlaşdırır və dolğunlaşdırır...

2019-cu ili Azərbaycan Prezidentinin sərəncamı ilə həm də "Nəsimi ili" kimi yaşadıq; ictimai-mənəvi, ədəbi-mədəni dəyərlər, o cümlədən elmi biliklərlə nə qədər artdığımızı digər məruzələrə saxlayıb, burda mən ədəbi tənqid müstəvisində görünən Nəsimi obrazına diqqət çəkirəm. Çoxsaylı ədəbiyyatşünaslıq kitabları ilə yanaşı, ədəbi mətbuatda Nəsimi mövzusu əsasən iki istiqamətdə göründü; şairin dövrünə nüfuz edən, yaradıcılığını təfsilən araşdıran yeni ədəbiyyatşünaslıq tədqiqatları (İsa Həbibbəyli, Firidun Qurbansoy, Fəridə Əzizova, Mahirə Quliyeva, Kamran Əliyev, Möhsüm Nağısoylu, Sayman Aruz və b. yazıları) və bir də bugünlü Nəsimi mənalarından çıxış edən (Niyazi Mehdi, Rahid Ulusel), hürufi görüşlərlə yanaşı Nəsimini həm də dünyəvi şair kimi yaxın məsafələrdən öyrənən (Rəhim Əliyev) tənqid yazıları...

Klassikanı günümüzdən necə oxumağın nümunəsini Məmməd Cəfərin "Füzuli düşünür" essesindən yarım əsr sonra Kamal Abdulla "Füzuli xatırlayır" sıra esseləri ilə verdi və bu baxımdan, "Füzuli xatırlayır", şəksiz ki, ilin böyük tənqid hadisəsidir. "Ədəbiyyat qəzeti"ndə sıra parçaların dərcindən sonra Kamal Abdulla əsəri "Mənim Füzulim" adı ilə kitab formatında təqdim etdi (Bakı, "Mütərcim", 2019); ön sözündə də vurğuladığı kimi, Məmməd Cəfər kontekstinə Cahangir Cahangirovun "Füzuli kantatası" və Səttar Bəhlulzadənin Füzuli düşüncələrini də fon olaraq artırdı. Və yarım əsrdən də çox günümüzün bu üçlü (söz-musiqi-rəsm) Füzuli reallığında, gizlin qatlar sərrafı ("Gizli Dədə Qorqud"u xatırlayaq) elə yerlərə nüfuz etdi, elə yerlərdə olmağı bacardı ki, Füzuli göylərindən enib indiyəcən kimsə bu yerlərdə olmamışdı. "Füzuli məsələsi"ndə bu çox vacibdir və Kamal Abdulla bunu etdi...

Tarixçilik müstəvisi ilə yanaşı, ədəbi tənqidimizin çağdaş prosesə təklif etdiyi daha bir sıra - dünya ədəbiyyatı kontekstidir. Bu sıradan "Ədəbiyyat qəzeti"nin bir para proses layihələri məxsusi diqqətə gəlir. Tənqidçi Cavanşir Yusiflinin fransız, ingilis, italyan poeziyasını analitik təqdim etmək cəhdlərini; tənqidçi Mətanət Vahidin çağdaş dünya nəsrini bizə analitik yaxınlaşdırmaq səylərini, tənqidçi Ülvi Babasoyun antik mifologiyanın çağdaş ədəbiyyatda bəlirlərini axtaran neçə-neçə məqalələrini misal gətirmək olar. Bir silsilə yazılarında Ülvi Babasoy orijinal istedad örnəyi, nakam gedişilə də poeziyada iz qoymuş Faiq İsmayılov şeirini tanıtmaq üçün az qala bütün dünya şairlərini müqayisəyə çağırır; qiyas yaxşıdır, amma bu növ induktiv üsulla yanaşdırmaq istəsək, bəlkə bircə-bircə cəmi şairlərimizi də analojidən keçirmək olar. Əksinə, Ülvinin Mübariz Örənin ifadə texnikası ilə xeyli rezonans doğurmuş "Minotavr" hekayəsini antik labirintdən keçirməsini uğurlu təhlilə nümunə demək olar... Bu növ müqayisə həvəsini bir sıra publisist-tənqidi-mülahizə yazılarında (Orxan Aras, Xuraman Hüseynzadə), eyni zamanda "dünya konteksti" atmosferini bir sıra informativ-maarifləndirmə səciyyəli materiallarda da (Əyyub Qiyasın "Ədəbiyyat söhbətləri", Nobel mükafatçılarını təqdimatı; Eminqueyin, Mətləb Ağanın yazıları) görürük... 

Ən nəhayət, kontekst söhbətində daha bir vacib nüans. M.F.Axundzadə də çağdaş ədəbiyyat sevdasında kontekstlərdən başlamışdı: İrana nisbətdə Rusiya yolu ilə, ərəb-fars mənşəli Şərq kontekstindən Qərb sivilizasiyasına doğru. Biz bu yolu pillə-pillə, tədricən gedirik; və bugün kimə aydın deyil ki, Rusiyaya nisbətdə həmin "dünya sevdası" yalnız və yalnız Türkiyədən keçib gələ bilər. Bu - yüzildən də çoxdur ki, doğma türk kontekstidir; "Ədəbiyyat qəzeti"nin baş yazarı Azər Turan ardıcıl olaraq yazılarında məhz bu konteksti bərpa edir, habelə digər müəlliflərin də (Elxan Zal, Xanəmir Telmanoğlu və b.) bu qəbildən yazılarına yer verməklə qəzetdə müstəviləşdirir...

5. Konfrans. Çağdaş ədəbi prosesi dəyərləndirərkən, yenə də ötənilki qeydlərimə isnadla, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı mövqeyini ayrıca təsbit edir, mövcud konfrans formatına önəm verirəm. Çağdaş ədəbiyyatımız, ədəbi proses və tənqid bütövlükdə, bütün yönləri, janrları, proses və tendensiyaları ilə bəlkə də bircə burda görünmək, təqdim olunmaq, prezentasiya imkanı qazanır. Hər dəfə məruzələrin sayının artması, geniş icmallardan konkret problemlərə doğru ədəbiyyat mənzərələrinin daha da differanslaşması məqbuldur, proyektin müəllifi, akademik İsa Həbibbəylinin prosesdə hər dəfə "yeni dalğalar" ləpələndirmək niyyətlərindən gəlir. Hətta irəli gedib, növbəti konfrans üçün daha bir məruzə mövzusu - kitab prosesinin təhlilini də gündəmə gətirməyi təklif edərdim.

Bu bir şansdır; hər hansı janrın, ədəbi hadisə və tendensiyaların, baxış bucağının işığında çağdaş ədəbiyyatla ünsiyyət və təmas fürsətidir. 2019-un tənqid ilində 2018-ci ilin ədəbi proses gəlişmələrini ehtiva edən "Ədəbi proses - 2018" kitabına baxırıq; təəssüf ki, 25 məqalə-məruzədən çox azında bu kontaktın baş tutduğunu görürük. Müəlliflər əksərən kənar (hətta uzaq bir künc) mövqeyi seçib, eləcə prosesə tamaşa etməyə, gördüklərini, görə bildiklərini təsvir etməyə üstünlük verirlər. Nəinki çağdaş ədəbiyyata, ədəbi prosesə müdaxilə, bu və ya digər yöndən onu sorğulamaqdan, mühakiməyə çəkməkdən söhbət gedir, cüzi mübahisə, müzakirə, polemikaya belə məqalə-məruzələrdə rast gəlmirik. İstisnalar isə həmişə vardır; məsələn, Aynurə Mustafayevanın hər ilki teatr-monoloqları kimi, yaxud Maral Yaqubovanın çağdaş ədəbiyyatımızda nəsr texnologiyalarını izləməsi kimi...

Çağdaş ədəbiyyatımızda nələr baş verir, "nə, niyə, necə" baş verir? - ədəbi prosesin dəfələrlə qaldırdığı, gündəmə gətirdiyi həmin məqamı bu dəfə mən məhz Maral Yaqubovanın 2018-ci ilin (və ümumən çağdaş Azərbaycan) nəsrinə ünvanladığı "Nəsr: nəzəriyyə və yaradıcılıq texnologiyaları" məqaləsindən alıb qabardıram. Onu da vurğulamaq gərəkir ki, məqalə-məruzə böyük zəhmətin, əsl tədqiqatçı məsuliyyətinin bəhrəsi olub, Maral Yaqubovanın doktorluq araşdırmaları və çağdaş nəsr proseslərinin kəsişməsində xeyli mənzərələri üzə çıxarır. Mətn-nəzəriyyəsi (və elə ümumən də nəzəriyyə) özlüyündə çox gözəl, nəsr materiallarının hesabına bir daha da təsdiqini tapır; amma "şikayət" şakərinə qayıdıb bir daha da bilmək istəyirsən: çağdaş nəsrimizdə nələr və niyə baş verir? - prosesin suala cavabı yoxdur, "necə baş verir" məqamına isə geninə-boluna məqalədə nəzəri təsvirlər cavablar verir...

6. "Şikayət" isə vardır. Çagdaş ədəbi prosesin içindən, gəlişmə tələbatı və tendensiyalarından görünür, ara-sıra səslənir də. Yazıçı Səfər Alışarlı (Nuranə Nurla müsahibəsindən): "Bəzən elə təəssürat yaranır ki, sanki ədəbi proses bütöv və canlı bir orqanizm olaraq heç kimi maraqlandırmır. Sanki hər kəs öz kitablarının hayındadır..." (ƏQ, 13 aprel 2019) Başqa bir yazar Qan Turalıya görə: "Oxucuların yazıçılardan daha hazırlıqlı olduğu bir ölkədə yaşayırıq. Yazıçılarımız zamanın tələblərini gözardına vururlar. Sürətlə marginallaşırlar. Oxucudan qopublar. Ancaq öz tavalarında, öz yağlarında bişirlər. Buna görə də oxucu yoxdur deyirlər. Amma, əslində, hər şey çox sadədir. Yazıçı yoxdur!" (ƏQ, 11 may 2019) Ardınca "Ədəbiyyat qəzeti"nin, səhifələrində, çox yaxşı ki, ardıcıl meydan verdiyi gənc Eminquey deyir: "Şeirin texnologiyanı üstələməyi üçün onun verdiyi imkanları üstələməyi lazımdı. Texnologiya bizə bir toxunuşla teatrı, musiqini, rəsmi əlçatan edə bildiyi kimi, şeir də bizə bir oxunuşda bütün bunları verə bilməlidir. O zaman itirilmiş oxucuları qazana bilərik..." (ƏQ, 25 may 2019). Handan-hana "Oxucu, yoxsa yazıçı qıtlığı?!" yazısında (ƏQ, 28 sentyabr 2019) Emin Piri də təkrarlamağı man bilir: "Azərbaycanda oxucu qıtlığı var deyimi tam yerinə düşmür. Kifayət qədər intellektual, şeirə, kitaba ac kütlə var..."

Ümumən, çağdaş ədəbiyyat ehtiraslarında, həmişə olduğu kimi, yenə də ən çox gənc nəsli "şikayətçi" görürük. Fərid Hüseynin "şeir dərsləri", Qanturalının "modern nəsr" çağırışları, Nicat Həşimzadə, Eminquey, Narqis, Tural Turanın "çağdaş oxu" təcrübə və tələbləri (...) ilin tənqid müstəvisinə yazılır. Şikayətin varsa, hardasa cavab notları da olmalıdır; və görürük ki, ardınca həmincə imzaların adekvat, şeir, hekayə, esse yaradıcılığı da gəlir... "Məsuliyyətimizi nə üçün janrın boynuna atırıq?" kitabında tənqidçi Elçin çağdaş poeziya xiffətində hardasa kölgədə qalmış Əbülfət Mədətoğlu imzasını yenidən kəşf edir; və məhz bundan sonra şairin adı, namı-nişanı, kədəri və hünəri prosesdə dildən-dilə düşdü. Xuraman Hüseynzadə bir məqaləsində "Bakı ədəbiyyatı"nı kəşf edir: "Müasir Bakı ədəbiyyatından danışanda ilk yadıma düşənlər şair Rövşən Naziroğlu, Kənan Hacı, İlqar Fəhmi, Malik Atilay və Həmid Piriyev olur. Onların yaradıcılığı hər kəlməsi, hər sözü ilə Bakını xatırladır. Neft qoxulu, xəzri, gilavar ovqatlı, əncirli, üzümlü Bakını..." (ƏQ, 9 fevral 2019) və çağdaş ədəbiyyat adına hər birini izləməyə başlayır ("Həmid Piriyev - bakılı balası", "Külək yorulanda..."- ƏQ, 2 mart 2019 və s.) İzləməyinə dəyir də; Həmid Piriyevin ardıcıl tərcümələrində belə, Kənan Hacının usanmaz yazı həvəsi, ehtiraslarında həm çağdaş ədəbiyyat axtarıcılığı ümdədir... Cavanşir Yusifli bir dəst yazılarında "Azərbaycan hekayəsi" adına: Azər Musaoğlu, Nahid Hacıyev, Yaşar Bünyad, Ataqam, Nemət Mətin... ; və şeiri sırasından: Elçin Aslangil, Allahşükür Ağa, Rəvan Cavid, Malik Atilay... - imzalara diqqət çəkir...

Amma ən çox da çağdaş prosesin dərinlərindən ilin ədəbi müstəvisinə Həmid Herisçi imzasının çıxdığını görürük: "Deyirəm ki, elə biri Həmid Herisçi..." - gənc Eminqueydən ("Şeirimiz ən yeni, mükəmməl mərhələsinə qədəm qoymalıdır" - ƏQ, 25 may, 2019) azman Cavanşir Yusifliyə qədər. Samirə Əşrəflə söhbətində bu faktı Həmid Herisçi özü də məmnunluqla vurğulayır: "Tanınmış ədəbiyyatşünas Cavanşir Yusifli "Şəmz Təbrizi" şeirimi şərh edərkən demişdi ki, mənim yaradıcılığım, bədii mətnlərim ikiqatlıdır - üzdəki fiziki qatın altında metafizik qat da var... Bu üslubumu digər tənqidçi Əsəd Cahangir də hiss edib. Səkkiz son hekayəm barədə yazdığı analitik "Olum və ölüm" məqaləsində o bu hekayələrin metafizikasındakı qədim mətnləri, süjetləri açıb. Nəticədə, yaradıcılığımın bir sıra gizli mesajlarını oxucuya çatdırmağı bacarıb..." (ƏQ, 15 iyun 2019)

7. Ən nəhayət, sonuncu tezis. Çağdaş ədəbi prosesin obyektivindən görünənlərdən tənqidçi subyektinə qayıdaraq düşünürəm. Bəs mən tənqidçi olsaydım: cagdaş ədəbiyyatı nədə, niyə və necə sorğulardım? Hərçənd ki, tarix şərt şəklini qəbul etmir; ya tənqidçi olurlar, ya da olmurla


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!