"Modern dünya savaşı" - Elnarə Akimova

Azər Turanın "XX əsr: Fəryadın metafizikası" kitabına ön söz

Elnarə AKİMOVA

Azər Turanın əsərləri Türkün ən böyük,
ən şahanə uçuşlarındandır.
     V.B.Odər

Azər Turanın "XX əsr - fəryadın metafizikası" kitabına daxil olan əksər yazıları ilə onun hazırda baş redaktoru olduğu "Ədəbiyyat qəzeti"nin səhifələrində tanış olmuşam, əksər yazıları gözlərim önündə yaranıb, onların ilk dinləyicisi olmuşam. Amma bir qism yazılarını ilk dəfə bu kitabda oxudum, bu kitabın səhifələrində vərəqlədim. Bu tamlıq oxuduğum digər yazıları da ayrı estetik biçimdə dərk etməyimə, onları vahid ədəbi konsepsiyanın, məfkurə dalğasının təzahürü olaraq izləməyə imkan yaratdı. Bu kitab mənə "özümlə, türk olmağımla öyünməyə dəyər" dedi, necə gözəl kimliyə, necə şövkətli keçmişə hakim olmağıma qürurlandırdı. Onsuz da bura qədər meydana qoyduğu böyük işlərdən - "İrfan çobanı", "Cavidnamə", "Əli bəy Hüseynzadə", "Xalid Səid Xocayev", "Darülmöminin" kimi əsərlərdən məlum olan Azər Turan obrazı bu kitabla gözümdə daha da bütövləşdi, yenidən kəşf olundu.
Azər Turanın "XX əsr - fəryadın metafizikası" əsərində modernizm cərəyanı, onun dünya ədəbiyyatında qoyuluşu və təzahür şəkilləri modern bir təfəkkürlə araşdırılır. Kitab bütünlükdə XX əsrin estetik dalğası üzərindədir, onun tarixini, inkişaf meyillərini, çağdaş milli və dünya ədəbiyyatı kontekstində mövqeyini öyrənmək baxımından zəngin material verir.  Əslində Azər Turanın yaradıcılığının bütün qatlarından keçən estetik qayə - modern dünya savaşı bu kitabda bir daha hüdudlarına yetir. Zəmini eyni mövqedən - millət və yurd sevdası, əzəmətinə heyran qılınan türklük ruhu, kökünə və bütövlüyünə boylanan yaddaş işığı üzərində gəlsə də, bütünlükdə modern düşüncə xətti, dünya mədəniyyəti və sənəti kontekstində davam tapır.
Bu kitabda dünya ədəbiyyatında gedən proseslərin fırtınası əsir. Bu fırtına Azər Turanın "Modernizm dalğası" silsiləsi altında təqdim olunan yazılarında daha çox nəzərə çarpır. Qeyd etmək önəmlidir ki, Azər Turanın "Modernizm dalğası"ndan olan yazıları bir ilkdir. Əvvəla, müəllif problemin aktuallanmasına uzun illərdən bəri çağdaş mövzulara qapalı olan "Ədəbiyyat qəzeti"nin səhifələrində start verir. Daha sonra milli ədəbi sfera üçün o qədər də tanış və funksional olmayan imzaların tədqiq predmetinə çevrilməsi bu məqalələri yeni ədəbi-tənqidi düşüncənin dövriyyəsinə daxil edir. Bu tanıtım həmçinin, bizə öz ədəbiyyatımızı da görüb tanımağa imkan yaradır. Bəli, ədəbiyyat tarixi həm də cərəyanlar tarixidir. Bu kontekstdə araşdıranda tipoloji baxımdan XX əsr Azərbaycan ədəbiyyatı XIX-XX əsr dünya ədəbiyyatına nəzərən səciyyələnir, xüsusilə əsrin birinci iki onilliyi həmin faktların təzahürünü verir, Avropada əsası qoyulmuş cərəyanları, ideya-estetik fəlsəfə sistemlərini təcəssüm etdirir.
Azər Turanın hər iki qütbün ədəbiyyatına, onların özünəməxsus inkişaf qanunauyğunluğuna vaqif olması ona beləcə, müxtəlif analogiyaları yanaşı verməyə zəmin yaradır. Məncə, uzun müddət özü ilə arasına sədd çəkilmiş universal baxış sistemlərinin düşüncə strukturumuza gətirilməsi və bunun sağlam müstəvidən realizəsini tapması XX əsr tarixinin və mədəniyyətinin özünüdərk proseslərini anlamağa, onu bütün məzmun-mahiyyəti ilə meydana qoymağa imkan verir. Azər Turan haqlı olaraq, XX əsri fəryadın metafizikası kimi simvolizə edir, ümumi əhval və uslub konkretliyi ilə şərh etsək, bu, bütün parametrləri ilə əsrin məzmununa, onun psixoloji hal və vəziyyətinə tam adekvat anlayışdır. Həmin dönəmdə birinci və ikinci dünya müharibələrinin ardınca gətirdiyi iqtisadi-siyasi, ictimai-sosial tənəzzül, bunların fonunda mənəvi böhran yaşayan insanın gerçəkliyi dərkinin yeni forma axtarışlarına meyli, onun avanqard xarakterli konsepsiyalar irəli sürüb klassik modelləri inkara çalışması kimi əlamətlər tamam fərqli sənət hadisəsidir və zənnimcə, Azər Turan yeni kitabında bu fərqliliyi yetərincə dəqiq xarakterizə edir: "Əfsus ki, Azərbaycan poeziyası özünün əlahiddə bir "Sərvəti-Fünun" dövrünü yaşamadı. Yeniləşən ədəbiyyat dünyasında Azərbaycan poeziyası Avropadan 40-50 il geri qaldı. Sonra da modernizmə qarşı açıq və qıcıq dolu savaşını fasiləsiz və amansızcasına sürdürən yetmiş illik sovet dönəmi. Beləliklə, Avropadan demək olar ki, əsr yarımlıq intervalla ayrı düşdük. Tərənnüm kabusu, siyasi sifariş ədəbiyyatın bütün müqəddəs ərazilərini zəbt etdi."
Müstəqillik dönəmindən sonra modernizm haqqında danışmaq ardıcıl və davamlı şəkil aldı. Yaxın keçmişin ideoloji kontekstində həllini tapmış bəzi nəzəri kateqoriyalar kimi modernizmin də yeni ədəbi baxış sistemində həlli vacib və qanunauyğun proses sayılmalıdır. Azər Turan iki onildən artıq bəhs edilən məsələyə problemin qoyuluş şəklindən başlamadı, onun səbəbləri deyil, nəticələri üzərinə diqqət çəkdi. Boşluq hardadır, milli ədəbi-ictimai düşüncənin hansı qatında? Modernizmin mövcud kontekstini müəyyənləşdirmək, dünyabaxış sistemində mövzuya müraciətin imkanlarını meydana çıxarmaq, yeni paradiqmaların fonunda qərarlaşan prinsipləri qarşılaşdırmaq yolu ilə cərəyanlar məsələsini dövriyyəyə qatmaq. Problemə nüfuz bu istiqamətdə qərarlaşdı və nəticədə milli ədəbiyyatımızın özü üçün önəmli sayılacaq faktlar sırası üzə çıxdı. Məlum oldu ki, Munk və M.Hadi ("Çığırtı" rəsmi və "Əlvahi-intibah" poeması), Ş.Bodler və Tofiq Fikrət ("Leş" və "Gayyayi-vücud" şeirləri), C.Coys və Ə.Hüseynzadə ("Uliss" və "Siyasəti-fürusət" əsərləri) arasında paralellər dünya ədəbiyyatının milli ədəbiyyatımızda salınan izlərini nişan verməyə yararlı materiallardı. Azər Turan milləti, insanı öz kimliyi, keçmişi, keçdiyi yolu, varlığı ilə üzbəüz qoyur. Bu yolda, türkün saçdığı işıqda onun manelərini sökə-sökə kökünə, yaddaşına boylanır, nüvəsinə çatır. Bu mənada, zaman elementi, tarix konteksti Azər Turanın məqalələrində daim görünən fondur. Milli ədəbiyyatın Zaman səhnəsində oynadığı rol, onun çəkilib-qabarmalarla səciyyələnən obrazı, düşüncə yönü bu kontekstin faktları kimi daim öndədir, onun dünya empirikasından (təcrübəsindən) tutmuş həzm, idrak etdiklərinə qədər bu məqalələrdə yaşanmış şəkildədir. Azər Turan ədəbiyyatda olanları elə tarix kimi bugünləşdirir, çağdaşlaşdırır, onları vahid estetik müstəviyə gətirməklə yalnız milli və dünya mədəniyyətinin ellipsvari qovuşma məkanını yaratmır, həm də kontekstdən yeni problematikaya adlayır: "Türk ədəbiyyatında  mifoloji düşüncənin geniş ölçüdə bədii mətnə tətbiqi ilk dəfə 1908-ci ildə "Siyasəti-fürusət"də, dünya ədəbiyyatında isə İlkin intibah dövründən sonra mifolojiyə ilk qapsamlı dönüş - 1914-1920-ci illərdə "Uliss"də gerçəkləşib. Bu mənada XX yüzilin əvvəllərində Azərbaycan ədəbiyyatı Avropa ədəbiyyatından geri qalmırdı. Coysun "Uliss"i öz ideya qaynağını "Odissey"dən, Hüseynzadənin "Siyasəti-fürusət"də yararlandığı bədii üsul isə təbii ki, ideya qaynağını "Odissey"dəki Aiddən (ölülər ölkəsindən) və "İlahi komediya"dan alır. Ümumiyətlə, Əli bəy Hüseynzadənin mifolojiyə münasibəti türk düşüncə tarixinə həsr olunmuş araşdırmalarda qabarıq görünən həqiqətdir. "Ədəbiyyatımız Əli bəyə qədər belə bir cəhddə bulunmamışdır" deyə yazan  Hilmi Ziya Ülken mifoloji düşüncəsinin çağdaş türk ədəbiyyatına gəlişini Əli bəy Hüseynzadənin adına bağlamaqda haqlıydı".
Bu məqalələrdə modernizm hadisəsi ayrı-ayrı xüsusiyyətlər, yaxud sənətkarlar məcmusu olmayıb ümumi tipoloji keyfiyyətlərə malik vahid proses hadisəsi kimi nəzərdən keçirilir, oxşar əlamətlərin, köklü fərqlərin mahiyyəti elmi-konseptual və sənət dərkini tapır. Müəllif ənənəvi mövzuların, yanaşmaların məhdudluğunu yarıb yeni sferalara - birbaşa dünya problematikasına çıxır, yaradıcılığı bütünlükdə bu ehtirasın təcəssümü kimi təzahür edən türk poeziyasının ünlü simalarının nümunələri əsasında dünyada gedən modernizə dalğasının işlənmə formalarını paralel xətlər olaraq təsvirin predmetinə daxil edir: "Türk şerində modernizm XX yüzilin iyirminci illərindən (1927) etibarən 22 yaşlı Nəcib Fazilin yaradıcılığı ilə gəlişməyə başlayır. Qısakürəyin mistisizmə keçişinə - Əbdülhakim Arvasinin timsalında təsəvvüfün çağdaş türk şerinə təlqinlərinə - 1934-cü ilə hələ 7 il qalmışdı. Qısakürəyin tədqiqatçıları daha çox onun modernizmə qarşı dirənişindən danışsalar da, gerçəkdə, belə bir yanaşma Türkiyə ədəbiyyatşünaslığının ciddi kəsirlərindəndir. Əslində, etiraf edilməlidir ki, Nəcib Fazil metafizik cərəyanın qurucusu olmazdan öncə "Kaldırımlar" və "Otel odalarında" şeirləri ilə türk poeziyasına modernizm axımının daxil olmasına ciddi təkan verən ilk şairdir".
Beləcə, Avropa ədəbiyyatında gedən modernizm prosesinin üzün və sürəkli yolunun Cənab Şihabəddin, Əhməd Haşim, Yəhya Kamal Bayatlı, Nazim Hikmət, Orxan Vəli, Cahit Sıtkı Tarançı, Edip Cansevər, Cəmal Sürəya və başqa şairlərin yaradıcılığı əsasında mənzərəsini verir. "XX əsr - fəryadın metafizikası" kitabında milli ədəbiyyatımızın çağdaşlığı, onun dünya həyatı ilə ayaqlaşa bilməsi uğrunda gizli bir polemika da var. XX əsr ədəbiyyatının Avropa üçün daha çox cərəyanlar tarixi kimi səciyyəviliyi milli həyatımızda da bunun tarixi ölçülərini, gerçəkliyini, izlərini aramağı israr edir. Azər Turan problemin Azərbaycan ədəbiyyatında işlənmə hüdudlarına varır, milli gerçəkliyimizin faktlarını bütün parametrləri ilə XX əsr həqiqətlərinə, sənət axtarışlarına müncər edir, modern dünya savaşına çıxır.
Azər Turanın məqalələrindən tarix, bəhs etdiyi məsələlərin baş verdiyi zaman kəsimi xüsusi xətt olaraq keçir. Məsələn, "1900-cü il. "Tanrı öldü" deyən Nitsşe ağlını itirdi, dəli oldu və öldü. XX yüzil Nitsşenin ölümü ilə başladı". Bütün yazı boyu oxucu bu tarixin təcəssümü olan faktların sıralanmasına cəlb edilir, tarix canlı materiyaya çevrilir, XX əsrin Nitsşe ideyalarından nəşət tapan düşüncə planı ön plana keçir. Bu məqamlara - tarixi situasiyalara həssaslıq "XX əsr - fəryadın metafizikası" kitabının özünü də artıq sənətə münasibətin modern aktı olmaq baxımından tarixə çevirir.
Birbaşa tarix konsepti üstündə yazılan "Alp Ər Tonqa", "Oğul atanın sirridir", "Sultanın süd qardaşı" kimi məqalələr deyil, habelə İskəndər Palanın "Şah və Sultan", "ədəbiyyatın ilk daş yuxusu - İvo Andriçin "Drina Körpüsü" ilə bağlı ədəbi-mədəni diskursa açıq yazılarda belə tarixiləşmək, tarixi sabaha vurğulama niyyəti ilə üzləşməli oluruq. Bu məqalələrdə Azər Turan yalnız filoloq alim kimi görünmür, daha dərin qatlara enir. Üslub sərtləşir, mahiyyət dərinləşir, fikir mövqeyi daha kəskin və polemik müstəviyə adlayır, tarixidərkin ehtiras və canatımları önə keçir. Məsələn, bilgi və informasiyasının ağırlığına görə fərqlənən, böyük həyəcan və maraqla oxuduğum, tariximiz haqqında çeşidli yeni gerçəklər anladan, ciddi düşüncə sahiblərinin, tarixçilərin fikirlərinə istinadən böyük mətləblərdən soraq verən "Alp Ər Tonqa" məqaləsi qaldırdığı problemlər sırasına görə düşündürür, Zərdüştə və onun "Avesta"sına yenidən nəzər yetirməyin labüdlüyü, yaxud "əsli-nəsli  bilinməyən Dəvdək adlı bir şairin Cavanşirin ölümünə yazdığı: "Tamam ram etmişdi böyük Cavanşir, Dünayda nə qədər işğalçı var?" kimi əttökən "mərsiyəsini" erməni dilindən Azərbaycan türkcəsinə çevirib ədəbiyyat tariximizin birinci yazısı edənlər"in  nə üçün  Alp Ər Tonqaya, yaxud Alp Ər Tonqa barədə  bizim öz dilimizdə yazılmış ən qədim türk şerinə sahib çıxmaq istəmir" kimi sualların varlığı bizi tariximizə bağlı daha obyektiv elmi yanaşmalar əsasında düşünməyə vadar edir. Bu suallara cavab vermək əlbəttə ki, tarixçilərin işidir. Amma bu da faktdır ki, bəzən faktların mövcudluğu, mənbələrin yetərincə olması onların doğru təfsirinə varılması üçün bəs eləmir. Bunun üçün həm də milli şüur oyaqlığı, millətini və dövlətini sevmək əzmi öndə olmalıdı. Ona görə Azər Turanın aşağıdakı fikirləri milli heysiyyətdən doğan ağrı nidası kimi səslənir: "Bu yazıya başlayarkən təəssüf qarışıq bir duyğu yaşadım. Kaş bizim tariximizi Zəki Vəlidi Toğan kimi romantik milli ruha, böyük elmi öfkəyə və diapazona malik alimlər yazaydılar. Daha adları hecalara bölüb hər hecanın tərkibindən türk elementini axtarmaqla məşğul olmayaydılar. Cahan tarixinə  həm də hər zaman oyanıq olan milli şüurun gözləriylə baxaydılar..." Bu, zaman-zaman yad əllər və düşüncə ilə yazılmış, milli statusundan ayrı düşmüş bir tarixin acılarından ibrət götürməyə çağırışdır. Bu kitabda həmin yad ideologiyaların güdazına getmiş millət fədailərindən sevgi ilə bəhs olunur. O fədailər ki, 1926-cı ilin Bakısını Türkoloji qurultayın ilk ünvanına çevirə bilmiş və rus şərqşünası Bartoldun bu fikirlərini tarixə salmağa şərəfli ömür həsr etmişdilər: "Hal-hazırda qurultay Bakıda çağırılır. Qurultayın Bakıda çağırılmasına bir çox dəlillər vardır... Danmaq olmaz ki, əksər əhalisi türk olan cümhuriyyətlərin hamısına nisbətən Azərbaycan cümhuriyyəti və onun paytaxtı Bakı şəhəri universitet həyatını və ümumiyyətlə, elmi həyatı daha yüksək dərəcədə saxlamağa müvəffəq olmuşdur. Digər tərəfdən coğrafi mövqeyinə görə də Bakı istər Moskvadan, Leninqraddan, istərsə də Krım, Tatarıstan, Türkmənistan və sair respublikalardan gələnlər üçün eyni dərəcədə əlverişlidir".
Azər Turan kitabda repressiya dalğasının məhv etdiyi fikir aydınlarımızın hüznlü tablosunu yaradır. Həm də faciənin qlobal-mənəvi təsviri kontekstində. Bu kontekstdə "Divani-lüğət-it türk"ün ilk tərcüməçisi Xalid Səid Xocayevin güllələnməsi qədər "çarmıxa çəkilmiş ruhun məryəm anası"- Anna Axmatovanın taleyindən keçən stalinizm dəhşətləri bir o qədər həssas yanaşmanın predmetidir. Mühacirətdə yaşayan krım-tatar yazıçısı, "dəniz qoxulu" Çingiz Dağçının yaradıcılığındakı müharibə dəhşətlərinin təsviri qədər yuqoslav yazıçısı İvo Andriçin "Drina körpüsü"ndəki kürəsəlləşmənin modeli - mədəniyyətləri, dinləri birləşdirmək çabası heyrətamiz bir vəsf və duyğusallıqla ifadəsini tapır. Çünki Azər Turan da bütün alizövqlər kimi o nöqtədə dayanır ki, "insanın taleyini, insanın sarsıntısını, insanın suçunu, insanın aldanışını, insanın qəzəbini və sevgisini" yazmağı meyara çevirən sənət tarixin səhnəsində yaşam müəyyənliyi ilə hər zaman diri və əhəmiyyətlidir.
Bir də milli qürur ünvanlarımız... Hər bir millət, hər bir dövlət dünyada duruş gətirmək, öz varlığı, milli kimliyi, dəyərləri ilə görünə bilməsi üçün söykənəcəyi istinad nöqtəsi, qürur ünvanı axtarışındadır. Azər Turanın yeni kitabında millətin aydınlarını tanıtmağa, onların xidmətlərini tarixi-mədəni ölçülərdə konkretləşdirməyə güclü əzm var: Ş.C.Əfqani, İ.Qaspıralı, Y.Akçura, Ə.Ağaoğlu və b. -  milli və bütöv düşüncə axtarışlarının konteksti daha çox türklük və islam dünyasının dəyərlərində ifadəsini tapırsa "özgə"ni öyməyə, ya uydurmağa nə hacət? Azər Turanın təxəyyül sərhədsizliyi yalnız dünənlə bu gün arasına deyil, həm də gələcək arasına körpü salır, bədii mətn həqiqətini, şəxsiyyətin  miqyasını müxtəlif zaman və məkan qatlarında oxumağa, onu eninə və dərininə genişləndirib tarixi haqqını verməyə yol açır. Çünki milli-ictimai tərəqqinin gəlişməsində tarixi perspektivə zəmin yaradan bu insanların ömür yolu nəinki XX əsrin, hətta bugünümüzün çağdaş ölçülərinin müəyyənləşməsində rol oynayır. Milli cəmiyyət, mədəniyyət və ədəbiyyatın inkişaf istiqamətlərini müəyyənləşdirmək istəyiriksə, onların ideyalarının saçdığı işıqdan bu günə, sabaha yollar aramalıyıq. Bu mənada "XX əsr-fəryadın metafizikası" kitabı həm də bir VƏTƏNDİR! Türk dövlətini quranlar - Alp Ər Tonqa, Bilgə Kağan, Hüseyn Bayqara, Şah İsmayıl Xətai, türk dilinin əzəmətini meydana qoyanlar - Mahmud Kaşğarlı, Əlişir Nəvai, türk tarixini yazanlar və tədqiq edənlər - Zəki Vəlidi Toğan, Fuad Köprülüzadə, türk nəsrinin yaradıcıları - Çingiz Dağçı, Çingiz Aytmatov, Anar, dünya poeziyasının türk şahzadələri  - hamısı bir yerdədir. Onlar hamısı bu kitaba cəm olub Vətən qururlar. Kimisi onun dilinin, kimi ədəbiyyatının, kimi tarixinin, kimi də taleyinin keşiyində dayanıb Vətən adlı müqəddəs mehraba tapınmağın nümunəsini verirlər. Azər Turan bu fəzilət sahiblərini bir ocağın başına yığmaq üçün onların addım-addım izinə düşür, etibar etdiyi zəka sahiblərinin, ədəbiyyat tarixçilərinin araçılığı ilə tarixin dərin qatlarına nüfuz edib bizim üçün toxunulmamış, yaxud yarımçıq qalan mövzuları yeni çağın problematikasına daxil edir. Ədəbiyyatda, sənətdə dirilik isə qoyulan nöqtədən deyil, mübahisələrə yol açan sualların doğuluşundan başlayır.
Kitabda Azər Turanın səsləndirdiyi belə bir fikir var: "Hüseyn Bayqaraları tarix hər zaman yetirmir. Onun kimi nadir insanları doğurmaq üçün tarix özünün türk çağını hər dəfə yenidən yaşamalıdır". Bu fikri eynilə Azər Turana aid eləmək istəyirəm və elə bilirəm onun obrazını yüzə yüz dəqiq ifadə edir. Qürur doğuracaq keçmişin, yaşayan indimizin, varlığı ilə öyünüləcək xalqın canlı simasıdır Azər Turan. XXI əsrin əvvəllində Tanrının onun qələmi və zəkasında aydınlatdığı tarixi əzəmətimiz, "ulusu sevmək fənni"miz", yenidən yaşanan türk çağımız və modern dünya savaşımızdır. Azər Turan ruh və mənəviyyat etibarilə məqalələrindən dönə-dönə adı keçən böyük insanların əqidə və inam daşıyıcısıdır. Dövlətinə və millətinə bağlı, içində böyük türk sevdası gəzdirən insanlardandır. Ə.Hüseynzadənin, H.Cavidin, Z.V.Toğan, F.Köprülüzadə və başqa millətsevərlərimizin ömür verdiyi işlərin çağdaş zamana qarışıb yaşamasına və Yola çevrilməsinə qeyrət göstərən fədaidir. Ona görə, adı çəkilən bu imzalardan sonra vergül qoyub, ora  cəsarətlə və tərəddüdsüz çağdaş dövr ədəbiyyatından Azər Turan imzasını yazmağın labüdlüyünü meydanda olan işlərin özü diktə edir.