Havanı dəyişməyin vaxtıdır... - Məti Osmanoğlunun təqdimatında Gülşən Adışovanın «Çiçək qədər güclü» hekayəsi

 

Gülşən Adışova orta məktəbi İmişli rayonunun Göbəktala kəndində  bitirib. Bakı Dövlət Universitetinin Filologiya fakültəsində II kursda təhsil alır. Onunla fakültədə fəaliyyət göstərən "Söz" yaradıcılıq birliyinin məşğələsində görüşməli idik. Araya pandemiya tətili düşdü...

"Ədəbiyyat qəzeti"nin oxucularına təqdim etdiyim bu hekayə mənim üçün iki cəhətinə görə maraq doğurur. Birincisi və ən mühümü, hələ təcrübəsiz olan Gülşənin nəsr yaza bilmək istedadı, sözün ahəngini tutmaq, nəsrlə poeziya yaratmaq qabiliyyəti. İkincisi də tanış mövzuya yeni bir dönüm gətirə bilməsi, oxucu ilə "oyun qurmağı" və oyunun içindən çıxmağı bacarması.

Hekayə gənclərin daha çox müraciət etdikləri bir mövzuda yazılıb. Gənc müəllif uğursuz qəhrəmanını ölümlə üz-üzə qoyur...       

Tariximizin ayrı-ayrı dövrlərində yaranmış bədii əsərlərə nəzər salanda hər zaman üçün müəyyən motivlərin aparıcı olduğunu görürük. İndiki şəraitdə isə ən çox rastımıza çıxan çarəsizlik, ölüm, intihar motividir. Bu motiv ayrı-ayrı şairlərin, sözə könül verən insanların fərdi istedadından və üslubundan asılı olaraq müxtəlif səviyyələrdə təzahür edir.

Mənə elə gəlir ki, bunun arxasında sözün hiss etdiyi, bölüşmək istədiyi zəmanə həqiqəti, ictimai gerçəklik dayanır. Bu, sadəcə, estetik hadisə deyil, burada ciddi sosial və psixoloji amillər axtarıla bilər. Sözün, xüsusilə şeirin hiss etdiyi sərt həqiqət budur ki, yaşadığımız son dərəcə mürəkkəb zəmanə, xüsusən də indiki gənc nəsil üçün dərk və qəbul edilməsi çətin olan yeni münasibətlər sistemi - qloballaşan dünya, tanıdığımız ölçüləri və dəyərləri qarışıq salan, bizi dünyanın, dünyanı bizim ayağımıza gətirən "informasiya cəmiyyəti" və özümüzün bir toplum olaraq dünyanı və dünyada baş verən prosesləri qavramaq, mənimsəmək "tutumumuz" bədii sözü də həyat-ölüm dilemması qarşısında qoyur.

İctimai düşüncədəki bulanıqlıq, vaxtsız ölümlər, intihar hadisələri öz əks-sədasını ictimai proseslərin ən həssas güzgüsü olan bədii sözdə tapır. 

Gülşən Adışovanın sizə təqdim etdiyimiz hekayəsi də bu havanın içində yaranıb.

Ancaq Gülşənin yazısının fərqini bunda görürəm ki, gənc müəllif həm insanların düşüncəsindəki, həm də ədəbiyyatdakı havanı dəyişməyin zəruriliyini hiss edir. Bunun üçünsə təbiətin ən zərif yaratdığı və yaşamaq təyinatı verdiyi çiçək qədər güclü olmaq tələb olunur.

Məti Osmanoğlu

Gülşən ADIŞOVA

BDU-nun filologiya fakültəsinin II kurs tələbəsi

Çiçək qədər güclü

Yağışlı bir payız günü. Hər tərəf yağışın qəzəbinə tuş gəlib. Binaların su borularından şəlalə axır. Piyadalar əllərində çətir harasa tələsirlər. Qara, qəhvəyi, boz çətirlər onsuz da qəmgin olan bu payız gününü daha da solğunlaşdırır. Küçə boyu irəliləyən qara paltolu adamın çətiri olmadığına görə üst-başı su içindədir. Əlləri ciblərində, yağışa fikir vermədən səki boyu irəliləyən bu adam bir-bir mağazaların, kafelərin yanından ötüb keçir, içəridə isti qəhvədən zövq alan insanlara diqqət yetirir. Necə də xoşbəxt və rahat görünürlər. Bəlkə də heç problemləri yoxdur. Burda rahat-rahat yağışı seyr edərək qəhvələrini qurtumlayacaq, küçədə islanmaqdan yaxa qurtarmaq istəyərək qaçışan adamlara baxacaq, istədiyi vaxt da qalxıb avtomobilinə minəcək və ən az bura qədər rahat və isti evlərinə yollanacaqlar.

Qara paltolu adam isə soyuqdan titrəyə-titrəyə heç getmək istəmədiyi evinə gedir. Kafelərin, restoranların yanından keçdikcə təzə bişmiş ət qoxusu, kofe ətri burnunu qıcıqlandırırdı. Amma neyləmək olar?! Onun bunlardan zövq almaq imkanı yox idi. Buna görə də ac mədəsinin yalvarışlarına fikir vermədən sürətlə irəliləyirdi. İrəlilədikcə də ona əzab verməsinə baxmayaraq restoranların içərisində əyləşən adamlara baxmaqdan özünü saxlaya bilmirdi. İçəridə gözəl geyimli bir qadın ağ və yumşaq tüklü pişiyini qucağına alıb sığallaya-sığallaya ona nə isə yedirirdi. Qara paltolu adam özündən asılı olmadan kinayə ilə gülümsədi. Saqqal basmış üzündəki bu gülümsəmə qorxu filmlərini xatırladırdı. İri, qara və yorğun gözləri var idi. Uzun və yöndəmsiz burnu arıq sifətinə çox uyğun idi. Nimdaş papağının altından çıxan saçlarının həftələrdir kəsilmədiyinə şübhə yox idi. Boyu uzun olsa da, çox çəlimsiz idi. Qara, uzunburun çəkmələrinin uzun müddətdir cilalanmadığı və kənarlarının qopduğu açıq-aşkar idi. Ancaq o bunlara qətiyyən fikir vermədən irəliləyirdi. Yolun kənarındakı marketi keçdikdən sonra yadına nəsə düşübmüş kimi qayıtdı və marketə daxil oldu. İki dəqiqə sonra paltosunun altında tutduğu çörəklə yoluna davam edirdi. Arabir ətrafa baxır, heç kimin ona fikir vermədiyinə əmin olduqdan sonra çörəkdən qoparıb çeynəyirdi. İçəri batmış ovurdlarında çörəyi sağa-sola keçirərkən hədəqəsindən çıxan gözlərini qorxu qarışıq maraq hissi ilə ətrafdakı adamlara dolandırırdı.

Qarşısına çıxan ilk döngədən sola, sonrakından sağa döndü. Bura kiçik və kasıb məhəlləyə oxşasa da, evlər çox gözəl görünürdü. Sanki bu evlərin hər daşından tarix axırdı. Hava tutqun olduğundan daş divarlar daha heybətli və kimsəsiz idi. Evlərin pəncərələrindən bayıra düşən işıq küçədəki yalnızlığı azaltmırdı. Qara paltolu adam işıq düşən pəncərələrin yanından keçib, yolun kənarındakı kiçik darvazadan içəri girdi. Ensiz dalanla addımladı və kiçik evin qapısına yaxınlaşdı. Paltosunun cibindən çıxardığı açarla qapını açdı, buz kimi soyuq otağa daxil oldu. Kiçik, soyuq və demək olar ki, içərisində əşya olmayan otağa. Bu otaqda kiçik bir masa, stul və qırıq divandan savayı bir şey yox idi. Qara paltolu adam paltosunun altında yağışdan qoruduğu və yarısını yediyi çörəyi masanın üstünə qoydu. Otaq soyuq olduğuna görə paltosu əynində divanda əyləşdi və bomboş divara tamaşa etməyə başladı. Köhnə və tozlu pərdə asılmış pəncərədən düşən zəif işıq otağı görməyə kifayət edirdi. Qara paltolu adam hərəkətsiz divara baxmağa davam edirdi. Cismən bu otaqda olsa da, fikri 10 il əvvəldə idi.

...Üzərinə tərtəmiz süfrə sərilmiş dəyirmi masanın arxasında əyləşmişdi. Qarşıda isə anası. Özü indikindən bir az fərqli idi. Çox cavan və gümrah görünürdü. Anası olduqca gözəl idi. Gəncliyini heç vaxt itirməyən çöhrəsindən ana şəfqəti duyulurdu.

Qara paltolu adam başını qaldırıb evlərinə baxdı. Anasının qabları düzülmüş şkaf, divardan asılmış, içində ağ-qırmızı çiçəklər olan dairəvi saat, mərhum atasının şəkli, otağın küncünə qoyulmuş kiçik televizor, tərtəmiz yaşıl pərdə asılmış böyük pəncərə, naxışları ilə gözoxşayan xalça. Bütün bunlar o qədər yaxında idi ki, sanki həqiqət idi. Anası ilə qabaq-qənşər əyləşib yemək yeyirdilər. Ana oğluna bir iş tapmağı, heç olmasa, müəllimliyi davam etdirməyi məsləhət görürdü. Gənc və gümrah oğlan isə elə hey dayanmadan yazıçı olacağını, başqa bir işin ona görə olmadığını təkrarlayırdı. Qara paltolu adam onlara baxırdı, amma ana ilə oğul onu görmürdü. Sanki görünməz idi, bütün ömrü boyu olduğu kimi...

Gözlərini yumdu, açanda nəşriyyat müdiri ilə üzbəüz oturan gəncliyini gördü. İşıq saçan gözlərində qəzəb parıltısı var idi. Nəşriyyat müdiri onun kitabının nəşr etmək üçün kifayət qədər yaxşı olmadığını deyir, o da qarşıdakı masaya baxaraq yumruğunu sıxırdı. Bu, bəlkə də rədd edilən onuncu kitabı idi. Artıq onların sayını itirmişdi. İyirminci də ola bilərdi, nə əhəmiyyəti var ki?!

Qara paltolu adam bir də gözlərini yumdu. Yenə evlərindədir. Ancaq tək deyil. Ətrafında çoxlu qadınlar, ortada anasının cənazəsi var. Cənazənin yanında oturan gənc oğlanın gözləri doludur. Sanki bir günün içində illərlə qocalıb. Ən yaxın insanın ölüsünə baxır, əlindən heç nə gəlmir. Ölümü, onu bir də görməyəcəyini qavramağa çalışır, amma beyninə yerləşdirə bilmir.

Qara paltolu adam gözlərini yumdu. Küçənin tinində sevgisini etiraf edəcəyi qızın evinin qapısına tamaşa edir. Əlində gözəl bir qızılgül var. Ancaq onu elə bərk sıxır ki, tikanlarının batdığı yerlərdən qan damcılayır. Qara paltolu adam evə tərəf baxanda evin qapısına qırmızı lent bağlandığını görür. O, artıq gecikmişdi.

Gözlərini yumdu. Yenə həmin daxmadadır. Burnunun ucu soyuqdan üşüyür. Otaq qaranlığa qərq olub. Qırıq divandan qalxıb kağızlarla dolu masanın üstündən şam və kibrit tapır və otağı az da olsa, işıqlandırır. Masanın üstünə qoyduğu çörəkdən bir tikə qopardaraq çeynəməyə başlayır və uzun zamandır işlətmədiyi lampanın yanındakı əyri dəmirə baxır. Gedib onun bərkliyini yoxlayır. Ağırlığını saxlayacaq qədər möhkəmdir. Ancaq ipi yoxdur. Öləcək qədər də imkanı olmadığını ağlından keçirir, otağın ortasında bərkdən gülməyə başlayır. Elə gülür ki, eşidən onun dəli olduğunu düşünər. Gözü pəncərənin yuxarı künclərindəki mismarlara yöndəmsiz bağlanan pərdənin ipinə sataşır. Masaya yaxınlaşır, boyu uzun olduğuna görə kəndiri asanlıqla aça bilir. Şamın işığı hava dalğasından titrəyir. Pərdəni kəndirdən ayırıb, otağın küncünə atır. Kəndir kifayət qədər möhkəmdir. Onu lampanın yanındakı dəmirə bərkidir və masanın arxasındakı stulu düz ipin altına qoyur. Stulun üstünə çıxır. Əvvəllər heç vaxt belə bir şeyə cəhd etmədiyinə görə ipi boynuna salmaq üçün ilgək bağlamağa bir xeyli əlləşir. Nəhayət ki, bacarır. Otuz iki illik ömrünü başa vurduğu soyuq və çirkli evə ötəri nəzər salır. Kəndirə bir də baxır. Deyəsən, heç də xoş olmayan film başa çatır.

Həyat onu çox az xoşbəxt etmişdi. Buna görə heç kimə, hətta özünə belə qəzəbli deyildi. Hər şey necə olmalı idisə, elə də olmuşdu. Əgər bu həyata yenidən gələ bilsəydi, yenə də eyni şeyləri edəcəkdi. Kiminin bəxti gətirir, kiminin yox. Bu yolu özü seçmişdi. Çətin olacağını da bilirdi, amma nə etmək olar?! Dovşan kimi davranmaq canavarın təbiətinə xas deyil. O bu oyunda uduzdu, amma mənliyinə qəsd etmədi. Düz yaşadı, düz də ölür.

İpin ilgəyini başına yaxınlaşdırır. Artıq ölümə bir santimetr qalıb. Bir ayağının qırıq olduğunu unutduğu stulun arxa ayağı iki hissəyə parçalanır və qara paltolu adam otaq boyu yerə sərilir. Bu, həyatın ona ilk zərbəsi deyildi. Bayaqkı kimi qəhqəhə çəkməyə başlayır. Həyat ona istədiyi bir ölümü belə çox görmüşdü. Artıq onu incitməyə başlayan gülüşü dayandırmağa qərar verir. Bu dəfə gözləri sözünə baxmır. Yanaqlarından süzülən göz yaşları aşağı süzüldükcə buza dönür.

Birdən uzandığı yerdən divar ilə döşəmə arasındakı kiçik deşikdən boylanan sarı çiçəyi görür. Qaranlıq olduğuna görə onu tam seçə bilmir. Ayağa qalxıb masanın üstündəki şamı gətirir və yerə uzanaraq çiçəyə tamaşa etməyə başlayır. Beş ədəd sapsarı ləçəyi, biri yuxarıda, digəri aşağıda uzunsov yaşıl yarpaqları var. Çox gözəl və zərif görünür. Bitdiyi deşiyin isə vur-tut yarım santimetr eni olar. Qara paltolu adam istəsə, onu bir barmağı ilə əzib məhv edə bilərdi. Amma çiçəyin iradəsi qarşısında südəmər körpə qədər gücsüz idi. Ona anası, dostları həmişə dəstək olmuş, çətinliyə düşəndə əl tutmuşdular. Amma o bu zərif və bir o qədər güclü çiçəyə heç vaxt bir damcı da olsa, su verməmişdi. Çiçək bu kiçik və baxımsız yerdə bitməyə də bilərdi, amma bütün çətinliklərə baxmayaraq o buranı seçmişdi. İndi isə qarşısında yerə çökmüş bu adama meydan oxuyurmuş kimi dimdik dayanmışdı.

Qara paltolu adam uzunluğu iki santimetrdən çox olmayan bu çiçək qarşısında alçaldığını hiss edirdi. Heyranlıqla ona tamaşa edir və bütün həyatını gözü önünə gətirirdi. Ona verilən imkanları necə əldən verdiyi, hər kiçik uğursuzluğa görə necə bədbinləşdiyini yada salırdı. Həyatı boyunca özünü bədbəxt hesab etdiyini ilk dəfə bu gün etiraf edirdi: istədiyinin olmamasını böyük kədərlə qarşılayar, olanları ağlına belə gətirməzdi. Amma bu gün bapbalaca bir çiçəkdən dərs alaraq özünü hansı kökə saldığını başa düşdü. İki metrə yaxın bədənində iki santimetrlik çiçəkdəki qədər güc olmamışdı.

Narın-narın yağış yağır, su borularından damcılayan yağış səssizliyi pozurdu. Kiçik evin pəncərəsindən zəif şam işığı gəlirdi. Masanın arxasında əyləşən qara paltolu adam əlində qələm böyük bir sevinclə nəsə yazırdı. Çöldən baxanda yalnız səhifənin yuxarısında böyük hərflərlə yazılmış başlıq seçilirdi: "Çiçək qədər güclü"...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!