BEHCƏTABAD XATİRƏSİ” – bir gecəlik intizarın yaratdığı eşq dastanı - Esmira Fuad yazır

M.Şəhriyar haqqında

                                                                  

Könüllər sultanı Şəhriyarın bir gecədə yazdığı sevgi romanı – “Behcətabad xatirəsi” onun zəngin yaradıcılığının şah əsərləri olan “Heydərbabaya salam” və ”Səhəndim” poemalarından sonra ən məşhur əsəridir, - desək, yanılmarıq. Şairin Azərbaycan türkcəsində qələmə aldığı “Behcətabad xatirəsi” qəzəlinin yazılma nədənləri də çox ilgincdir.

Tehran Tibb universitetinin cərrahiyyə fakültəsində təhsil aldığı illərdə Şəhriyar Sürəyya adlı bir qıza vurulur. Hətta eşqi uğruna, onun yaşadığı Behcətabad məhəlləsinin adına uyğun olaraq “Behcət” təxəllüsü ilə şeirlər də yazır. Müsahibələrindən birində “Behcətabad xatirəsi” qəzəlinin yaranma dönəmini və sevgilisinin ailəsinin ona xüsusi rəğbət və ehtiram göstərdiklərini xatırlayaraq deyir: “O, mənim gənclik dövrümün şeiridir... Şeri yazdığım qız sinif yoldaşlarımdan birinin bacısı idi. Bəzən onların evlərinə gedərdim. Nəcib, ədəb-ərkanlı bir gənc olduğuma görə, yadımdadır ki, valideynləri həmişə mənə deyərdilər: - Bu qız sənindir! Aramızda sıx ünsiyyət və ülfət yarandıqdan sonra, o zamankı dövlətin məmur ailələrindən biri sevgilimi zor gücünə əlimdən aldı, özümü də Nişapura sürgün elətdirdi...”

Gerçəkdən də Sürəyyanın ata və anası aydın fikirli, həssas ürəkli Şəhriyarı çox sevirmişlər. Xatirələrindən məlum olur ki, hətta onlar gənclərin həqiqi sevgisinə tərəfdar imişlər və qızlarının gənc şairlə görüşüb həmsöhbət olmasından heç bir narahatlıq hissi keçirmirmişlər. Sürəyyanın atası dövrünün imkanlı adamlarından idi və Şah ordusunun polkovniki rütbəsini daşıyırdı. Hər ilin isti yay günlərində ailəsini yaylağa, səfalı dağların qoynuna köçürər, doğmaları ilə birlikdə istirahət edərmiş. Şəhriyar Tehran Universitetinin III kursunda oxuyarkən yay çox isti keçirmiş. Sürəyya şairdən xahiş edir ki, sən də icazə al, yaylağa, ata-anamın yanına gedək. Şair Sürəyyanı yaylağa yola salır. Özü dərslərindən geri qalmamaq üçün getmir. Lakin dostları onun günü-gündən saralıb-solduğunu, səbrü-qərarını itirərək sevgilisinin ayrılığına dözə bilmədiyini görür və universitetin rektorundan izn alırlar ki, aşiq öz sevgilisinə qovuşsun.

Uzun yol gələn Şəhriyar yaylağa çox yorğun və üzgün halda yetişir. Evin pəncərəsindən sevgilisini əlində setar “Şur” muğamını çaldığını gördükdə duyğuları cuşa gəlir. Onu da qeyd edim ki, setar çalmağı Sürəyya//Pəriyə şair özü öyrətmişdi. Ayrılıq, intizar çəkən aşiqin aylı gecə, sərin hava və “Şur”un həzin nalələrinə qarışan ürək çırpıntıları onu “Suzi saz” qəzəlini yazmağa sövq edir. Qəzəlin ərsəyə gəlməsi ilə bağlı şairin özünün romantik açıqlaması çox təsirlidir: “Pəri gecənin qaranlığında, işıqlı otaqda, pəncərənin qabağında, setar əlində Şur muğamını çalırdı. Göylər qızı ayın gözəl mehtabı, ürəklər ovlayan o yerlər pərisinin baxışları, mənim narahat qəlbimin, təbimin çeşməsini göz yaşlarımın irmaqlarının mirvariləri ilə həmqafiyə elədi. Cəmi bir neçə dəqiqə ərzində bu qəzəli yazdım və uca səslə “Şur dəstgahı” üstündə oxudum:

              O sazda bir can yandıran nəğmə səsləndir, bu gecə,

              Ta ki, mənim qəlbimin göz yaşından olan

                                                  Düyününü açsın, bu gecə.

Sürəyya otağında sevgilisinin səsini duyar-duymaz pəncərəni açaraq həyətə atılıb özünü ona yetirmək istəyir. Şəhriyar yalvararaq qızı çılğınca hərəkət etməkdən çəkindirir. Az keçmədən Sürəyya ata-anası ilə birlikdə gənc aşiqi qarşılamağa çıxır və təkidlə onu içəri aparırlar. Şair xatırlayır ki, “evdə polkovnikin bir neçə dostu oturub səmimi söhbət edirdilər. Atası zövq və hal əhli idi. Çox vaxt dostları ilə birlikdə məclis qurar, müxtəlif mövzulardan söhbət açaraq vaxtlarını xoş keçirərdilər. Mən də onlarla bir çox mövzuda söhbət etdim. Lakin sevgilimlə yalnız qalmaq üçün səbrim, hövsələm daralır, tələsirdim. İstəyirdim ki, qonaqlar tez getsinlər. Sürəyyanın anası vəziyyəti çox tez anladı və bəhanə ilə qonaqları eşiyə çıxardı. Mən bu anların təsiri altında “Odda yanan pərvanə” şeirimi yazdım. Biz bəxtəvər aşiqlər heç ağlımıza da gətirmirdik ki, düşmən əleyhimizə plan cızır və qarşıda müsibətli günlər bizi gözləyir…”

Şəhriyarın ağlına gətirmədiyi bəlalar başına gəlir... Hər iki gənc hakim rejimin qurduğu tələyə düşür. Bəzi tədqiqatçılar Şəhriyarın təhsilini yarımçıq qoyub universiteti tərk etməsinin səbəbini dəlicəsinə sevdiyi Sürəyya ilə bağlayırlar (Ancaq bu, bir həqiqətdir ki, şairi Tehrandan, ictimai-siyasi mühitdən, dövrün mütərəqqi ziyalılarından ayırmaq, uzaqlaşdırmaqla gələcəkdə baş verə biləcək xalq hərəkatının təkanverici qüvvələrindən birini aradan götürmək məqsədi güdən hakim dairələr Sürəyya-Pəri kartından istifadə etmişlər. Çünki söylənilənlərə görə, gənc Şəhriyar Qaçar sülaləsinin devrilməsi, istibdad rejimi əleyhinə kütləvi iğtişaşlarda iştirak etmiş, hətta ölümdən qurtulmuşdur). Belə ki, Rza şah Pəhləvinin qohumu Çıraqəli xan da Sürəyyanı sevib və Şəhriyarın öz yolunun üstündə maneə olacağından ehtiyatlanaraq vəziyyətdən çıxış yolunu onu Tehrandan uzaqlaşdırmaqda görüb. Nəticədə başı qeylü-qallı aşiq Xorasan vilayətinə – Nişapura sürgün olunur.

Belə ki, Əhməd Kavianpurun yazdığına görə, Şəhriyar 1929-cu ildə Tehran Universitetinin V kursunda buraxılış imtahanları zamanı Abbasabad məhəlləsindəki “Sipəh” xəstəxanasında təcrübə keçirmiş. Ustad deyirdi ki, bir gün məni xəstəxananın müdiri-baş həkim çağırtdırdı. İçəri girdikdə rəisin otağında bir sərqud-minbaşının məni gözlədiyini gördüm. Rəis narahat idi. Minbaşı-mayor dedi ki, sənnən işimiz var və məni Dəjban həbsxanasına apardılar. Rza şahın vəziri Əbdülhüseyn Teymurtaş həbsxanadakı məmurlara deyibmiş ki, məni orada öldürsünlər. Pərinin anası onların məni həbs etdiyini bildikdə, üz-gözünü cırıb, çox ağlayıb-sıtqayıb. Teymurtaşa yalvarıb ki, bu yazıq seyidin günahı nədir ki, ölümünə çalışırsınız? Cəddi bizi tutar, əlinizi qana batırmayın! Teymurtaş isə “onu bir şərtlə öldürmərəm ki, Tehrandan çıxıb getsin, - cavabını verib. Ustad söyləyir ki, Əbdülhüseyn Teymurtaşın Sovetlər birliyinin Mərkəzi Təhlükəsizlik İdarəsi ilə əlaqəsi var idi, hər şeydən xəbərdardı. Şahın vəziri olan bu cəllad qumarbaz və şəhvət düşgünü idi. Sərxoş olduğu zamanlar heç bir qadın onun əlindən qurtula bilməzdi. Məqsədinə çatmaq üçün hər vasitəyə əl atardı. 1933-cü ildə rüşvət aldığına görə günahlandırılır və açıq məhkəmə, divan qurulur. Əfv olunması üçün elə də canfəşanlıq etmir, bir-iki dəfə ağlayır, ancaq bu cəhdlərin bir köməyi olmur, zindana salınır. 1934-cü ildə Tehranda Qəsr zindanında zəhərlənərək öldürülür. Onun faciəli ölümünü səktə-infarktdan olub kimi qələmə verdilər. Sonra ustaddan soruşdum ki, Teymurtaş çox qüdrətli, güclü adam idi, necə oldu ki, öldü?

Cavabında: “Onu mənim cəddim öldürdü. Bəxti gətirməmişdi, eybəcər arvadı yüksək cəmiyyət məclislərinə çıxası halda deyildi. Məqam sahibi oldu, vəzifə tutdu, mənim sevgilimə göz yetirdi, sonu da belə oldu...” – dedi.

Şəhriyar üçün canı qədər sevdiyi Pərisindən ayrılmaq ölümdən betər idi. Universitetlə üzbəüz kirayələdiyi iki otaqlı mənzildə ona ev işlərində təmənnasız olaraq kömək edən yeniyetmə Lalə deyirmiş ki, bir gün Pəri gəldi, tələsdiyi üçün tez də qayıtdı, köynəyini (Köynəyin qumaşını, yəni, ipəyini Şəhriyar alıbmış) də apardı və dedi ki, mən olmayanda bu köynəyin qoxusu Şəhriyara əzab-əziyyət verər, saat 9-00-da yenə gələcəm. Şəhriyar axşam saat 9-00-dək gözlədi. Lakin Pəri gəlmədi. O, mənə dedi ki, qapını, pəncərələri aç, boğuluram, havam çatmır. Çöldə bərk külək əsirdi. Güclü külək otaqdakı şamı söndürdü. Şəhriyar dedi ki, bu, pis hadisənin əlamətidir, hər şey bitdi. Mən şamı yandırmaq istədim, lakin Şəhriyar qoymadı. Pəri gəlsə yandırarsan, - dedi. O, gəlmədi və şam səhərədək yandırılmadı. Lakin sönən şamın (çırağın) əvəzində Şəhriyar adlı əbədi yanar poeziya günəşi, sönməz çıraq parladı. Qara sevdalı şair bütün gecəni döşəmədə sərilərək sel kimi göz yaşları axıdır. Bəlalı aşiq eşqinin sorağında çox gəzib-dolaşır, lakin Pərisinə qovuşa bilmir. Hər yerdən əli üzülən dərdli şair Allaha pənah aparır, olacaqları onun gərdişinə, kərəminə buraxır, dərgahına üz tutub yalvarır: - “Yusifi Həzrət Yəquba yetirib dünya işığına həsrət qalmış gözlərini açan Allah, mənim də sevgilimi özümə qaytar!”

Əlacsız qalan Şəhriyar Pərinin anası ilə görüşür və göz yaşları içərisində ona yalvarır ki, axırıncı dəfə sevgilisini görmək üçün bir tədbir görsün. Aşiq şairin göz yaşları ananı yumşaldır. Onların son dəfə görüşüb vidalaşmaları üçün Behcətabad parkına gəlməsindən ötrü Sürəyyaya şərait yaradacağına söz verir. Lakin ana sözünə əməl edə bilmir, düşmən daha ehtiyatlı, ayıq tərpənir.

Sevgilisi ilə görüşüb onu qaçıracağını düşünən Şəhriyar isə sübhə qədər Behcətabad parkındakı gölün kənarında, çinar ağacının altında gözləyir, ancaq Sürəyya gəlmir. Eşqin düşmənləri daha ayıq tərpənir və vüsala aparan yolları şairin üzünə bağlayırlar. Sonucda o, Nişabura sürgünə, Sürəyya isə Rza şah Pəhləvinin yaxın qohumu Çıraqəli xan Pəhləviyə (Əmir Əkrəm) ərə verilir.

Həmin gecənin üzücü iztirablarını, nalə çəkən qəlbinin ağrısını “Behcətabad xatirəsi” adlı həsrət yüklü qəzəlində əks etdirir və bu nakam, uğursuz məhəbbətinə ana dilində əbədi abidə ucaldır. “Behcətabad xatirəsi” aşiqini həsrətin əlindən dad çəkərək gözləyən şairin hər dəqiqəsi il qədər uzanan uzun intizar anlarının diqtəsi ilə bir gecədə yaranmış eşq dastanı, ən hüznlü gününün yadigarıdır. On dörd beytdə yaşayan əfsanə-ağrılı həyat hekayəsi artıq doxsan ildir ki, çağdaş dövrün oxucusuna sevgi dərsi verir, könülləri ehtizaza gətirib ürəkləri qana döndərir. “Yəqin ki, Şəhriyar nə həmin gecəni yaşamaq, nə də bu qəzəli yazmaq istərdi...“

Şəhriyar yaşadığı öləsiyə sevginin, həmin gecə çəkdiyi eşq acısının, yumşaq desək, təsəllisini ata-babalarımızın, müdrik nənələrimizin yaratdığı yangığı bayatılarda tapır. Bu, şifahi xalq ədəbiyyatı örnəkləri ilə qoşalaşma-folklorik deyimlərlə şair sözünün üst-üstə düşməsi, bir az da konkretləşdirsək, səsləşməsidir:

Əzizim məni tapar,

Dərd gələr məni tapar.

Göydən bir bəla gəlsə

Axtarar məni tapar,

bayatısındakı məna yükünü eynilə, ancaq yaradıcı sənətkar yanaşması ilə mükəmməl, dolğun, məzmun və formanın vəhdətini klassik poeziya qəlibində -- “Behcətabad xatirəsi” adlı qəzəlində yaratdığını görürük.

Göz yaşları hər yerdən axarsa, məni tuşlar,

Dəryaya baxar, bəllidi, çayların axarı...

Eləcə də:

Mehrabi –şəfəqdə özümü səcdədə gördüm,

Qan içrə qəmim yox, üzüm olsun sənə sarı, -

beyti Sarı aşığın sevgilisi Yaxşı xanıma yazdığı bayatıdakı məzmunu diktə edir:

Mən Aşıq tərsinə qoy,

Tər təni tərsinə qoy.

Yaxşını qibləsinə

Aşığı tərsinə  qoy…

Qəbir evində də sevdiyi ilə üz-üzə olmaq arzusunu dilə gətirən Sarı Aşığın məhəbbətinin böyüklüyünü, ölməzliyini yansıdan bu fikri Şəhriyar poetik biçimdə, daha obrazlı şəkildə ifadə edib, vüsalına yetmədiyi Sürəyya-Pərisinə duyduğu öləsiyə eşqinin üzündən günlərinin qaraldığını, ayrılığın cövründən şam tək əridiyini dilə gətirib. Sarı Aşıq fani dünyanı cismən tərk etməsindən kədərlənmir, təki axirətdə, qəbir evində sevgilisi ilə üz-üzə ola bilsin. Həqiqətən qəzəlin əvvəlki beytlərinə nəzər yetirdikdə, şairin kədərli həyat hekayəsi göz önündə canlanır. Görüşünə gəldiyi sevgilisi vədinə əməl edə bilmir. O, isə bütün gecəni göydəki ulduzları sayaraq öz Pərisinin yolunu gözləyir. Artıq hamı yatıb, şirin yuxudadır, göydə bir uca Yaradan oyaqdı, yerdə isə bəlalı Şəhriyar… Səhərin açılmasından da qorxur, dan ulduzuna yalvarır ki, çıxmasın, birdən sübh açılar, hər tərəf işıqlanar, sevgilisi onu görəcəklərindən ehtiyatlanaraq görüşünə gəlməz. Səhərə isə lap az qalıb. Bəxtini qınayır, ana təbiəti günahlandırır ki, eşqin vəfası olmadığı halda, nədən yaratdıqlarını sevmək, eşqə düşmək bəlasına mübtəla edir? Rəmzi mənada ifadə etsə də, eşqindən əli üzülən aşiqin mənən öldüyünü ifadə edir və izahını verdiyimiz bu üç beytin sonucunu açıqlayır. Təbii ki, bütöv bir eşq, nakam bir sevgi hekayətini bircə qəzəldə ifadə etmək Şəhriyara məxsus yüksək sənətkarlıq qüdrətinin parlaq təzahürüdür:

Sanki xoruzun son banı ncərdi soxuldu,

Sinəmdə ürək varsa, kəsib qırdı damarı,

Rişxəndlə qurcandı səhər, söylədi durma,

Can qorxusu var eşqin, uduzdun, bu qumarı...

Şəhriyar sələfi Füzuli kimi pərvanə və şəm, Leyli və Məcnun obrazlarını çox sevmiş, bəlkə də özünü pərvanə tək sevdiyinin – odun, alovun yolunda qurban verərək cismən yox olsa da, ruhən Tanrısına – əbədi sevgiliyə qovuşan fədаkar bir aşiqlə müqayisə edir, yaxud da eyniləşdirir. O da sevdiyinin hicranında Behcətabad gölünün sahilində bütün gecəni gözləyir, fəqət görüşünə gələ bilməyən Pərinin vüsalına bağlanan ümidlə reallıq arasındakı məsafə – zaman azaldıqca aşiq şairin səbrü-qərarı da anbaan kəsilir, nəhayət sübhün açıldığı an ümidin son işartısı da sönür. Şair eşq və özləm dolu ürəyini sanki səhərin aydınlaşmaqda olan işığına çırpır:   

Gəlməz tanırım bəxtimi, indii ağarar sübh,

Qaş böylə ağardıqca, daha baş da ağarı,

Sanki xorucun son banı xəncərdi soxuldu,

Sinəndə ürək varsa, kəsib qırdı damarı

Yaşadığı məhrumiyyətlər, nakam eşqin ağrı-acıları, mənsub olduğu xalqın və ölkənin sosial-siyasi, mənəvi böhran içərisində çəkdiyi əzablar Şəhriyarın da həssas qəlbini yaralamış, “gününü” qaraltmışdı. Xalqın sevincini öz sevinci, kədərini öz kədəri kimi qəbul edən, əsas vəzifəsinin milli problemləri və mənəvi ehtiyacları poeziyada əks etdirmək olduğunu düşünən şair əmindir ki, xoşbəxt olmayan xalqın övladı, xoşbəxt olmayan qadının hüquqsuz həyat yoldaşı, xoşbəxt olmayan ölkənin vətəndaşı, şairi özünü xoşbəxt saya bilməz, rəngi saralıb solar, canı üzülər. Bu qənaətinin diqtəsi ilə bir çox əsərində özünü “qaragün”, “qarabəxt” kimi təqdim edir:

Oldum qaragün ayrılalı o sarı teldən,

Bunca qara günlərdi edən rəngimi sarı.

“Behcətabad xatirəsi” qəzəlindəki:

Gözlər asılı, yox nə qaraltı, nə də bir səs,

Batmış qulağım gör nə döşürməkdədi darı, -

bəndində də “gözlər asılı” və “batmış qulağım” kəlmələri sözün məcazi mənasında işlənib. Çünki gözün asılı olması və qulağın batması fikrin həqiqi, dəqiq ifadə forması deyil. İnsanın gözü deyil, özü kimdənsə asılı ola bilər və ya insanı işlədiyi bağışlanmaz cinayətə görə dar ağacından asa bilər, yaxud insan, maşın, ev, ümumiyyətlə hər hansı bir əşya, canlı varlıq bata bilər, ayrıca qulağın  batması isə mümkün deyil. Şəhriyarın bu beyti xalq arasında geniş şəkildə işlənən “Qulağı darı dəlir” məsəlini də yada salır. Sevgilisini gözləməkdən gözlərinin kökü saralan şair günahı qulağında görür, bir növ özünü nifrinləyir,  yəni batmış, kar olmuş qulağım gör nə döşürməkdədi darı ki, heç bir səs-səmir, xışıltı-mışıltı eşitmir... Yeri gəlmişkən, onu da deyək ki, döşürmək (tez-tez, nəfəs dərmədən, acgözlüklə yemək) sözü müasir ədəbi və canlı xalq danışıq dilində işlək deyil, ancaq xalq dilinin bütün ehtiyat qüvvəsinin məhz şeir vasitəsilə üzə çıxarıldığını gözəl bilən şair “Şatır oğlan “Ağa Mirsadığın xeyratı” və s. əsərlərində həmin kəlməyə də poeziyada yaşam haqqı qazandırmışdır. 

Şeirdə misraların, nəsrdə isə cümlələrin başında eyni söz və ifadələrin, yaxud eyni sintaktik quruluşun təkrarı yolu ilə yaranan bədii ifadə tərzidir. Sözişlətmə üsulu ilə yaradılan təkrirdir. Təkrir şairin istedadının zəifliyini, təxəyyülünün məhdudluğunu, təfəkkürünün və söz ehtiyatının kasadlığını göstərən və mənfi keyfiyyət sayılan gərəksiz təkrarçılıq deyil, əksinə, şeirə gözəllik, ahəngdarlıq verən, bədii əsəri mənaca daha da dərinləşdirən, onun dilini, üslubunu daha da qüvvətləndirən bədii ifadə vasitəsidir. Həm klassik, həm də çağdaş Azərbaycan poeziyasında məharətilə yaradılan təkrirlər yüksək sənətkarlıq əlaməti kimi qiymətləndirilmişdir:

Qorxum budu, yar gəlməyə, birdən yarıla sübh, 

Bağrım yarılır, sübhüm açılma, səni tarı!

Dan ulduzu istər çıxa, göz yalvarı çıxma!

O çıxmasa da ulduzumun yoxdu çıxarı...

 “Behcətabad xatirəsi” qəzəlindən gətirdiyimiz birinci təkrir nümunəsində qeyri-adi poetik ustalıq özünü bir daha daxili qafiyələrin qurulmasında göstərir. “Yar-yarıla, çıxa-çıxma, çıxmasa-çıxarı” qarşılaşdırmasının hər birində daxili qafiyəni söz kökləri qurur.

Şəhriyarın Pərinin xahişi ilə qələmə aldığı həmin qəzəl isə “Qocalıq eşqi” adlanırdı:

Kirpiklərinin ilməsi zülfünün buruğundan elə tel qoparıb ki,

Bəlkə parçalanmış qəlbimi göziyəsən, ey Pəri!

Ruhunu məngənə tək sıxan mənəvi böhranı xəstəlik daha da dərinləşdirir. Ruhi-psixoloji durumu ilə bağlı şairin özünün etirafları onun hansı zor dönəmlərdən keçdiyinin kanıtıdır: “Hicri-şəmsi tarixi ilə 1320//1941-ci ilin şəhrivər ayında mənim xəstəliyim, ümidsizliyim və tənhalığım başladı. Dərd və işgəncə yatağında anam mənə qulluq etməsəydi və fiziki cəhətdən qüdrətimi özümə qaytarmasaydı, çox gec ola bilərdi. Onun mənə qulluq, şəfqət və mərhəməti ilə sanki həyata yenidən qayıtdım. Əllərim anamın əlində keçmiş şirin xatirələr daxilimdə gizli bir büsat yaradaraq təskinlik və təsəlli şərabını ruhuma axıtdı. Mənim xəstəliyim ruhumda yeni ruhi dəyişikliyin müqəddiməsi idi ki, bütün dünya nemətlərindən bezirdim, çox şeylərdən imtina edirdim. Hətta, anamı da unudurdum...”

Beləliklə də şair bir müddət Tehran Dövlət xəstəxanasında ciddi müalicə kursu keçməli olur. Müalicə müddətində onun xəstələndiyini eşidən Pəri onun görüşünə gəlir. Həyatının ən çətin və böhranlı anlarında onun yanında olan sadiq dostu Böyük Nikəndiş Nobər isə bu hadisələrlə bağlı şairin öz dilindən eşitdiklərini “Şəhriyar və sehrkar şahid” adlı xatirə yazısının I hissəsində qeyd edir: “Şəhriyar sevdiyi Pəridən məcburiyyət qarşısında ayrılandan sonra onunla bir neçə dəfə görüşüb, dəfələrlə ondan məktub alıb. Pəri məktublarından birində yazırdı: “Şəhriyar, şəklini bir dərgidə gördüm, çox zəifləmisən, yaman narahat oldum, dedim: - Xudaya, bu mənim qəlbimi verdiyim adamın şəklidir! Bu həmin Şəhriyardır? Bu, 40 il əvvəl Tibb universitetinin tələbəsinin nəcib çöhrəsidir? Mən yuxumu görürəm? Çoxlu göz yaşı axıtdım. 40 il bundan öncəki xatirələrim gözlərimin önündə canlandı. Təmkinimi itirdim, kiçik qızım Süheyla məndən soruşdu ki, ana, nə üçün ağlayırsan? Dedim:  - Əzizim, əldən getmiş, itirdiyim gəncliyim və o dövrün heç bir zaman unudulmayan xatirələri üçün ağlayıram...

Mən sənin şəklinə baxır və öz-özümlə danışırdım: Görəsən, sən həmin Şəhriyar, mən isə həmin qızammı ki, bir gecə məni yola salmaq istəyirdin. Evimizin qapısına çatan kimi dedim, qoymaram geri tək dönəsən. Gərək birlikdə gedək və səni evinizə ötürüm. Evinizin yanına çatdıq, bu dəfə sən dedin ki, gecənin bu vaxtı bir qızın tək getməsi düz olmaz. Yenidən sən məni evimizin qapısınadək müşayiət etdin. Ancaq mən ayrılmağı qəbul etmədim, bu dəfə səni evinizə çatdırmaq üçün qayıtdıq. O qədər gedib gəldik ki, bir də gördük səhər açılıb, amma nə sən mənzilə çatmısan, nə də mən evimizə. Yadındadırmı, o gün evə vaxtında qayıtmadığıma görə atam və anam nə hala düşmüşdürlər? Amma nə qədər şirin və sevimli günlər idi! O görüşün ləzzəti heç vaxt xatirimdən silinmir. Əzizim, heç yadımdan çıxa bilərsənmi? Sənin xatirən ömrümün ən əziz yadigarıdır. O günlər həmişə gözlərimin önündə canlandıqca göz yaşları axıdır və deyirəm: - Ey günəş, bircə dəfə qərbdən şərqə qayıt ki, mən cavanlığımı, heç vaxt geri dönməyəcək o günləri yenidən yaşayım...”

Pəri başqa bir məktubunda yazırdı: - Şəhriyar, yadındadır, Pamiranda atəşfəşanlıq gecəsi təsadüfən Terya kafesinin qarşısından keçirdim. Gördüm ki, iki nəfərlə (Əbdülhəsən Xan Səba və Məlikül-şüəra Bahar) bardaşqurma oturub şərabla dolu kuzələri başınıza çəkirsiniz Pəncərənin arxasından məni gördün. Ertəsi gün isə sənin o gözəl hisslərin təsiri altında yazdığın qəzəl zövq əhlinin məclislərində, dildə-ağızda dolaşmağa başladı.

Nişapura sürgün edildikdən və Kəmal-ül Mülkü ziyarət etdikdən bir müddət sonra dostların səni Tehrana gətirib müalicə olunmaq üçün xəstəxanaya qoymuşdular. Mən bundan xəbər tutub görüşünə gəlmişdim. Üz-gözündən dərvişlərə oxşayırdın. Deyirdin ki, yaşamağa ümidim yoxdur. Hər şeydən əlimi üzmüşəm. Məni qucaqladın, hər ikimiz sel kimi göz yaşı axıtdıq, dedin ki, sən məni yenidən diriltdin. Sonra mənə həsr etdiyin bu gözəl qəzəli yazaraq Tehrana böyük gurultu və səs-küy saldın:

Gəlmisən, canım sənə qurban, indi niyə?    

Düşmüşəm əldən daha, ey bivəfa, indi niyə?

Nişdarusan, fəqət Söhrab ölüb, gec gəlmisən!

Eyləməz təsir ona heç bir dəva, indi niyə?

Pərinin bu məktubunun cavabını da ustad Şəhriyar şeirlə yazır. “Ruhun yaqutu” adlı həmin qəzəli indiyədək çox gec çap olunub:

Əgər qoca olsam da qəmi yoxdur, eşqim cavandır, ey Pəri!

Mənim bu eşqim və cavanlığım hələ yenicə çiçəkləyir, ey Pəri!

Əcəbdir, aşiq nə qədər qoca olsa, eşqi o qədər cavan olur,

Əgər bədən zəif olsa, ürək ona qüvvət verəcək, ey Pəri.

 “Mən onu həmişə “Pəri” adı ilə çağırmışam. Buna görə bu qəzəldə də ona “Pəri” deyə müraciət etmişəm”, - deyən Şəhriyar istər “Behcətabad xatirəsi”, istərsə də qara sevdasını xatırladığı digər qəzəl və məsnəvilərində həm eşqinə, həm də Pəriyə əbədi bir heykəl ucaldıb və  çağdaş dövrün sevgi dastanlarından birini - “Şəhriyar və Pəri”ni yaradıb...

Sevgili oxucularımız, daha aydın təsəvvür yaratmaq üçün “Behcətabad xatirəsi” qəzəlinin bütün mətnini diqqətinizə sunuruq:

Ulduz sayaraq gözləmişəm hər gecə yarı,

Gec gəlmədədir yar yenə, olmuş gecə yarı

 

 Gözlər asılı, yox nə qaraltı, nə də bir səs,

Batmış qulağım gör nə döşürməkdədi darı

 

Bir quş : “Ayığam”-söyləyərək gahdan inildər,

Gahdan onu day yel deyə laylay huş aparır

 

 Yatmış hamı, bir Allah oyaqdı, daha bir mən

Məndən aşağı kimsə yox, ondan da yuxarı

 

 Qorxum budu, yar gəlməyə birdən yarıla sübh,

Bağrım yarılar, sübhüm, açıla tarı!

 

Dan ulduzu istər çıxa, göz yalvarır, çıxma

O çıxmasa da ulduzumun yoxdur çıxarı

 

 Gəlməz, tanıram bəxtimi, indi ağarar sübh,

Qaş beylə ağardıqca, daha baş da ağardı

 

Eşqin ki, qərarında vəfa olmayacaqmış,

Bilməm ki, təbiət niyə qoymuş bu qərarı?

 

 Sanki xoruzun son banı xəncərdi soxuldu,

Sinəmdə ürək varsa, kəsib qırdı damarı.

 

 Rişxəndilə qırcandı səhər, söylədi:-Durma,

Can qorxusu var eşqin, ulduzun bu qumarı

 

 Oldum qaragün ayrıları o sarı teldən,

Bunca qara günlərdir edən rəngimi sarı.

 

Göz yaşları hər yerdən axarsa, məni tuşlar,

Dəryaya baxar, bəllidi, çayların axarı.

  

Əzbəs məni yarpaq kimi hicranla saraldıb,

Baxsan üzünə, sanki qızılgüldü, qızardı.

 

Mehrabi-şəfəqdə özümü səcdədə gördüm,

Qan içrə qəmim yox, üzüm olsun sənə sarı.

 

Eşqi var idi Şəhriyarın güllü, çiçəkli,

Əfsus, qara yel əsdi, xəzan oldu baharı.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!