Heyrətləndirən Faiq - kim və harada gizlətmişdə onu məndən - Ulucay AKİF yazır

Faiq İsmayılov haqqında

 

Qəfil əlinə bir kitab keçir. Adını ilk dəfə eşitdiyin, nə vaxt və necə yaşadığını bilmədiyin bir şairin şeirlər kitabı. Düşünürsən ki, adını ilk dəfə eşidirəmsə, heç kim onu tanımırsa, deməli, oxunulası nəsə yazmayıb. Yoxsa mütləq ki, heç olmasa bir misrası hardansa uçub qulağıma qonardı.

Elə bu düşüncə ilə kitabın hansısa səhifəsini açırsan və qarşına növbəti misralar çıxır:

Korlar əsasının səsinə,

quşlar baharın nəfəsinə

tapır yolları...

Misraların gözəlliyi səni tilsimləyir və bunun bir illüziya olduğunu düşünüb tez ayılmaq üçün başqa səhifəni açırsan, amma alınmır:

Bir mənəm,

bir də ağ divarda

qara kölgəm.

Deyirəm nə yaxşı

tək deyiləm...

Yox! Necə yəni!? Necə olur ki, mən bu şairin adını, bu misraları ilk dəfə eşidirəm!? Kim və harada gizlətmişdi onu məndən!?

Azər Turanın mənə hədiyyə etdiyi kitaba bir də baxıram. Baxıram ki, müəllif haqqında nəsə öyrənim, lakin nə kitabın arxasından, nə də içindən heç bir bioqrafik məlumat öyrənə bilmirəm.

Adı Faiqdir. Eləcə, Faiq. Kitabın adı "İynəboyu böyük dünya". Şeirlərini "İynəboyu şeirlər" adlandıran bu şair haqqında dolğun məlumatım yoxdur. Nəinki dolğun, heç az sayılacaq məlumatım da yoxdur. Bu şair haqqında tək məlumatım 1980-1984-cü illərdə yazdığı və mənim yenicə tanış olduğum şeirləridir.

O şeirlər ki, məndən düz 24 il gizlənməyi bacarıb. O şeirlər ki, şair haqqında nəsə deyə biləcək ən vacib və ən gözəl məlumatlardır elə. Başqa məlumatlara nə hacət!?

Onun doğulduğu və öldüyü il, doğulduğu, ya öldüyü şəhər, təhsili və ya digər bilgilər nə dərəcədə şeirlərindən daha əhəmiyyətli ola bilər ki?

Günlərin bir günü

xatırlayıb məni,

oxumaq istəsəz

şeirlərimi,

Dişlərinizi-dişlərinizə

sıxın oxuyun.

Dişlərimi-dişlərimə

sıxıb yazmışam.

Azər Turanın dostu, tələbə yoldaşı olub bu şair və Azər bəy də onun haqqında danışanda elə danışır ki, sanki həmin şairin mistikliyinin pozulmamasını istəyir. Onun mistikliyini qorumağı özünə borc bilir. Nostaljik təbəssüm və fasilələrlə dolu cümlələr.

Bir də onu öyrəndim ki, Faiq çox gənc yaşında dünyasını dəyişib. Oxuduğum və sitat gətirdiyim şeirləri isə təxminən 18-22 yaşlarında yazıb.

Faiqin yazdığı şeirləri onun yaşadığı dövrdə yazılan digər şeirlərlə müqayisə etsəniz heyrətimin səbəbini anlayarsınız.  O illərdə neçə şair bu dərəcə modern və fəlsəfi şeirlər yazıb?

Rəsul Rza, Əli Kərim, Vaqif Səmədoğlu... Bir də yenicə tanıdığım Faiq bu sıraya daxil oldu.

Dəmirçi dəmiri döyür,

saat zamanı,

ürəyim sükutu.

...dəmir əyildi,

zaman əridi,

ürəyim hanı?!

Bu şeirləri yenidən, yenidən və yenidən oxuyuram. Yenidən, yenidən və yenidən heyran oluram. Yenidən üzümdə təbəssüm yaranır.

Faiq üçün heç üzülmürəm. Çünki onun bu qısa şeirləri qısa ömrünün bəxtsizliyi üstündən xətt çəkir! O yazıb! O, əsl şeirlər yazıb və əminəm ki, o, elə bu "iynəboyu" şeirləri yazmaq üçün gəlib dünyaya.

İnsan özünü bircə dəfə

tapır bu dünyada.

İnsan özünü iynə kimi

salıb itirə də bilər.

Əgər özünü tapsan,

möhkəm yapış yaxandan.

Faiqin kitabdakı şəklinə baxıram. Məncə, o illərdə bütün kişilərimiz bir-birinə bənzəyirdi. Bığı, saçı, baxışı... Bəs, görəsən, Faiq şair olduğunu, əsl şair olduğunu bilirdi? Ümid edirəm ki, bilirdi! Tək bunu bilmədən ölməsinə üzülərəm.

Təşəkkürlər, şair!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!