Gör, necə çəkirlər sevgi şəklini... - Vasif SÜLEYMAN

Xəqani Həbiboğlunun «Sevgi şəkli» kitabı haqqında

 

...Onun ömürünün otuz ildən çoxu elə bu şəkli çəkməyə həsr olunub. Gözlə görünməyən, rənglərlə çəkilməyən bu mücərrəd duyğunun - sevginin şəklini çəkməyə... O, yaxşı bilir ki, bütün mücərrədlərin sözlə ifadə olunan bir izahı var. İllah da ki, sevgi kimi mücərrədin... Dünyanı ayaqda, aşiqi bəlada, Vətəni ürəkdə saxlayan sevginin... Sevginin bütün konturlarını zərgər dəqiqliyi ilə çəkən sevimli şair, sevdiyimiz şair Xəqani Həbiboğlunun "Sevgi şəkli" kitabını oxuyub başa çatanda istər-istəməz içimdən bir səs gəldi: Gözəl çəkib sevgi şəklini, bütün ürəyi, ruhu ilə çəkib...

Xəqani Həbiboğlunun "Orxan" Nəşriyyat və Poliqrafiya Müəssisəsi tərəfindən işıq üzü görən "Sevgi şəkli" kitabı pandemiya dönəmində oxuduğum ən dəyərli kitablardan biri kimi bu yazını yazmağa sövq etdi. Kitabda şairin müxtəlif illərdə yazdığı şeirləri toplanıb.

Sevgi şəklini çəkməyə Xəqani Həbiboğlu Yaradanla başlayır. Şair,

Son yoxdu, davam olacaq,

Əməl nərdivan olacaq,

Hər sorğu, divan olacaq,

Allah, özün dindir məni,

- dedikcə, Tanrı da onu dindirdi, ruhuna hopdu və illərin o başında qədəm qoyduğu poeziya yolunda ona sevginin şəklini çəkməyə imkan yaratdı:

Səni çox sevirdilər,

Sevənə nə verdilər...

Umacağın daş idi,

Onu da çevirdilər -

Azma, durna qatarı.

...Elə indi də çox sevirlər. Bu o vaxtlar idi ki, Xəqani Həbiboğlu otuz ilin o başından səslənirdi. Onda daş çevrilən kimi səmada azan durna qatarı Bakıda təhsil alan bir ürək adamının kəlbəcərli duyğularını rahatca o cənnət məkana apara bilirdi...

Aradan keçən illər Xəqani Həbiboğlunun ruhunu bir az əzdi, bir az incəltdi, bir az Vətən həsrəti ilə paramparça etdi, amma sevgi şəklini ürəyindən qopara bilmədi. Onu bu Vətənə, biz oxucularına, sevənlərinə doğmalaşdıran məhz bu sevgi oldu. O sevgi ki, Xəqani Həbiboğlu indi onun şəklini sözlə çəkir. Özü də necə...

Durna çığırtısı göydən böyükdü,

Mələklər duymasa, qınamaram mən.

Bəlkə də illərin o başında Xəqaninin "Azma" dediyi həmin durna qatarıydı, çevrilməmiş daş, səmada boş yer qalmadığından, indi geri qayıdırdı:

Gecikirdi, qınadım,

Vəfasını sınadım.

İynə-sap düzümüylə

Ümidimi yamadım;

Durnalar qayıdırdı...

O durna qatarının indi düşmənin soyuq baxışları altında inləyən Kəlbəcər səmasında dövr edib qayıtmadığı nə məlum... Axı, Xəqani Həbiboğlunun illərdir ki, çəkdyi sevgi şəklinin nüvəsində Kəlbəcər ağrısı, böyük anlamda Vətən sevgisi dayanır:

Ürəyimdən yeyər, gözümdən içər,

Qaranquşla dönər, durnayla köçər.

Dünən Təbriz idi, bu gün Kəlbəcər,

Dəyişir ünvanı, adı həsrətin

Zamanın işdəklərinə bax... Bir vaxt ağlımıza gəlməzdi ki, Vətənin bir parçasını uzaqdan-uzağa sevməyə məcbur olacağıq. Əgər buna məcburuqsa, bayramını da təbrik edəndə əvvəlcə qıraqda qalan yerlərinə görə "başın sağ olsun" deməliyik. Eynən Xəqani kimi:

Ana Vətən, iş görmədik,

Barı bayramın mübarək!

Əvvəla, başın sağ olsun,

Sonra bayramın mübarək!

Niyəsini də şair özü göstərir. Çətin anda havasını uda, suyunu içə bilmədiyin doğma eldən-obadan ayrı harasa sığınmaq olar, amma alışmaq olmaz. Alışmaq, məcburi də olsa, qədərlə barışmaq kimi bir şeydir. Amma hu ağrını çəkən şair əsla barışmaq olmaz deyir:

Qismətlə barışmaq olur?

Olmursa vuruşmaq olur.

Çadırda alışmaq olur,

Çadıra alışmaq olmur...

Hardasa zamanı durdurub dinclik tapmaq olarmı... Torpaqdan başqa, nədənsə torpağın ətrini almaq olarmı... Son istiqamət bəllidir:

Gəl, ey həsrəti laləm, ay vüsalı bənövşəm,

"Bənövşə" oyununda yadlara bəndə düşən!

Sevmək mənim sənətim, sevilmək sənin peşən,

Ürəyimdə açan gül, səni kimlər becərdi?!

Səninlə yola çıxsam, mənzilim Kəlbəcərdi!

Bu gün düşmən tapdağında inləyən hər qarış torpağımız Xəqani üçün qoynunda dünyaya göz açdığı Kəlbəcərdir, Vətəndir:

Anam Vətən,

Yolunda ölmək kimi

Söz deməyə haqqım var,

Xocalıda parçalanmış

Hər bədəndə şaqqam var.

Bu üzüntünün, ağrının içində də ömrün şam kimi əriməyi də var. Özü də ağrını çəkə-çəkə əriməyi, illəri itirə-itirə əriməyi...

Mənim bəxt qatarım kömürnən gedir,

Geyibdi çarığı dəmirdən, gedir.

Bu ağrı-acılar ömürnən gedir,

Arada üstündən yaşımı çırpır.

Kitabdakı şeirlər hər hansı bölmələrə, hissələrə bölünmür. Hansı vərəqdən oxumağa başlasan, duyğuların bir-birini tamamladığını görürsən. Çünki yanan eyni ürəkdir. Hər şeirdə, hər misrada Xəqani var - ürəyi ilə, ruhu ilə, ilhamı ilə o ilahi şəkli çəkməkdədir:

Ömür ağacının yarpağı - günlər,

Beşinə, üçünə şeir yazıram.

Duyğulara qalmış dəli olardım,

Mən ağıl gücünə şeir yazıram.

Duyğuları nizamda saxlayan da ağıldır. Onsuz da nizamı pozulmaqda olan dünyada duyğuların da nizamı pozulsa, sonra dünyanı öz məhvərinə qaytarmaq müşkülə dönər. Ağılla duyğunun sintezi ilə sevgi şəkli çəkməyə ürək edən şair gül ləçəyinin əzilməsinə belə biganə deyil:

Axı, dadmı qalar gül əziyində...

Odur alışan da, öləziyən də!

Yaşamaq həvəsin öləziyəndə

Saxlaya biləsən sonraya ömrü...

Həyat eşqi insana nələr yaşatmır ki?.. Bəzən həyat eşqini xəyalların əlindən almaq mümkün olmur. Həyat eşqinin hardan başladığını, harda bitdiyini müəyyən etmək insanın əlində olmur ki... Hər kəs əvvəlində, ya sonunda qədərə təslim olur. Sona qədər xəyalların konturlarını izləməyə bir ömür belə yetmir. Bəzən elə xəyalların özü ömrü dalana dirənənə qədər qovur:

İnsanın həyat eşqini

Xoş xəyal - cənnət öldürdü.

Aşkara gücü yetməzdi,

Təklədi, xəlvət öldürdü.

Yerlə göy, ağla qara, istiylə soyuq və digər əksliklər dünyanı var edənlərdir. Bunların biri olmayanda, olsa da görünməyəndə - poeziya var - bu olmayanı əks edən poeziya. Bunu Xəqaninin kitabında daha aydın sezmək olur:

Əzablar içində çırpınan ürək,

Qədəhi çırpılan meyəm bu gecə!

Göyü uçub getmiş torpaq kimiyəm,

Torpağı axtaran göyəm bu gecə!

Bu dediyimiz nizam, mizan-tərəzi niyə pozulur axı... Dünya niyə məhvərindən çıxmağa meyillənir. Kimdir günahkar... Bu kimi suallar yaradıcıların düşüncələrində çözələnir:

Al rəngin - axası qanımın behi,

Qübarlanma, sözdü dedim təşbehi...

Kim dağıtdı bu nizamı, təsbehi,

Sənin bu qırğında əlin var, lalə?!

Bəlkə elə bu düşüncə sahiblərində axtarmaq lazımdır belə sualların cavablarını:

Sözün təravətin, sözün şuxluğun,

Danışan öldürür, yazar öldürür.

Adamı öldürüb əl çəksə nə var,

Bu dünya, sonra da məzar öldürür...

Sevgi şəklinin böyük bir hissəsi elə sevginin özü ilə bağlıdır. Həsrəti vüsal kimi şirin, əzabı çəkdikcə çəkilən sevgi onsuz da kitabı ağuşuna alıb:

Nifrət tikdiyi saraydan

Sevgi yıxan ev gözəldi,

- deyən Xəqani Həbiboğlu üçün əzab verəni belə günahkar bilmir. O, yaxşı bilir ki, nə sevilən günahkardır, nə də atılan:

Mən nə sonuncuyam, nə də birinci,

Dəryaya cummuşuq, sənsə bir inci.

Sən Allah, qınama, qınama məni,

Get, səni yaradan dünyadan inci -

Səni sevilməyə yaradıb dünya!

Və yaxud:

Gözlərinə yaxın düşmək çətindi,

Asacam özümü kirpiklərindən!

Bu sevgi deyilən nəsnənin başqa duyğulardan fərqi və özəlliyi ondadır ki, vüsalı da şirindir, həsrəti də, küsməyi dadlıdır, barışmağı da. Bəlkə elə ona görə də Xəqani deyir ki:

Dərdi böyük qala verib,

Əlimizə mala verib,

İnsana yüz bəla verib,

Sevgiylə başın aldadır!

Bəlkə elə ona görədir ki, bir şeirində

Bu tale gətirdi nəhs ki,

Xoş olar sanırdım bəs ki...

Küsəndə arıdan küs ki,

Barışanda bal dadasan,

- deyir. Amma istənilən halda sevən sevilənin bu misralardakı kimi var olmasını istəyir.

Şairə görə, həyat ölümə xərclənən zaman kəsiyidir. Ölüm deyilənin zaman-zaman bizdən alıb xərclədiyi zaman kəsiyi... Bir az da artıq yaşasan ölümün eşqinə xərcə düşürsən. Xəqani bu dəfə həyatın eşqinə mərc kəsmək istəyir:

Həyatdı ölümün xərci,

Çox yaşadım, düşdüm xərcə.

Gələsən, bu dəfə mərci,

Ölməkdən

gələk...

Amma belə mərcə gəlməyə qoymayan bir fidan var - dünyanın işdəklərindən hələ xədərsiz boy atan balaca Ülkər. O, babasını - bir ömür ədəbiyyatda və həyatda saflığa bələnmiş Xəqani Həbiboğlunu yaşama səsləyir:

Təzə söz, təmiz dilim,

Çağır saflığa gəlim.

Ürək mənim tifilim,

Sən ürəyin körpəsi!

...Bir az irəlidə dediklərimizin hamısı, sevgi şəklinin hissə-hissə çəkilən detalları idi. Sonda sevgili oxucularından soruşmaq istəyir şair:

Fələk - bəxti zər atanda

Mən heç-heçə düşmüşəm!

Şəklim - sevgi şeirlərim,

Bax gör, necə düşmüşəm...

Əslində, özü bilir necə düşdüyünü. Bilir və oxucularına da bildirir. Çünki bu şəkli özü çəkib. O sevgi şəklində Xəqani Həbiboğlunun bir vətəndaş olaraq yaşantıları, bir şair olaraq yaratdıqları, tam olaraq, doğru-dürüst əks olunub.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!