Kosmik sirlərin əhatəsində - Cavanşir YUSİFLİ yazır

 

Belə bir həqiqət var, həyatı əzab və işgəncələr içində keçən, inanc və əqidəsini satmayan, ancaq özü kimi qala bilən insanların mərtəbəsi qəfil yox, zamanla aydınlanır, əvvəl təəccüb edirsən, sonra bütün bunların qonşuluğunda özünün kiçikliyini görüb sarsılırsan. Ədəbiyyatın tərənnüm tərəfi "beş günlük dünya" anlayışını eninə-uzununa doğruldan və bəlkə də, yaradan bir nəsnədir. Belədə adi insan həyatında gözlənilməyən hadisələr baş verir, əfsanə tülü həyatın bütün künc-bucağını dəyişdirir, yəni əfsanələr həqiqətin yerini tutur. Həqiqətsə adi yalana da uduzur.

M.M.Baxtini qəfil kəşf edən o dövrün bir neçə ədəbiyyatşünası (G.Qaçev, Kojinov...) ilk görüşlərdə möcüzəylə rastlaşıblarmış kimi sarsılırlar. Uzun söhbətdən sonra G.Qaçev Baxtinin qarşısında diz çökür və həyəcanla deyir:

- Necə yaşamaq lazımdı ki, sizin kimi olasan?

Yəni birdən-birə məlum olur, görünür ki, Baxtin hadisələrə, gerçəkliyin hadisələrinə nəinki başqa gözlə, həm də heç kəsin gümanı getməyən mövqedən baxırmış, həm də uzun illərdən bəri. Bir insan üçün məlum rejimdə bütün yol-iz bağlanır, onu rabitənin, demək olar, tam kəsildiyi bir məkana atırlar, yalnız öz dünyandakı gözəl, insanı diri saxlayan nəsnələri tapıb onlarla yaşamağı bacarmalısan, həm də yaddaşa köklənərək. Uzun illərdən sonra, sanki bu təcrübənin nəticəsi kimi Baxtin yazırdı: yaddaşın sərhədi yoxdur, hər bir insan yaddaşı da sahilsizdir. Tam təcrid şəraitində yaşayıb burda çürüyüb toz olmamaq üçün yaddaşın dərinliklərinə enib orda yaşamaq, bütün dünya mədəniyyətini kino kadrları kimi göz önündən, yaddaş pəncərəsinin önündən keçirib cahanşümul kəşflər etmək, demək ki, siz ölü bir mühitdə yaşayırsınız. Tezliklə hər şey qopub toz-torpaq olacaq, bu bütlərin hamısı birdən sınacaq... Yəni diri qalmaq, canlı olmaq istəyən hər bir şey gülüş hədəfinə çevrilməlidir, karnaval stixiyasının içinə batmalı (yaşamaq, nəfəs ala bilməyin zəmanəti kimi), o mühitdən görünməlidir.

Yaddaşın dərinliklərində yaşamaq başqaları üçün "ölüm" assosiasiyası doğurmalıdır, bu dünyadan, onun reallıqlarından çəkilib getdinmi, ölübsən demək. Amma hansı daha çox realdı: addımlarını zamanın ritminə uyğun, ona paralel atanlarmı, vaxtın qürbətində yaşayanlarmı, - bu daha sonralar məlum olacaqdı. Ona görə də Baxtinin Dostoyevski ilə bağlı kitabını oxuyanda Kojinovun ağlına ilk gələn bu fakt olmuşdu: bu insan necə yaşayıb, necə nəfəs alıb, hansı şəraitdə ölüb. Necə olub ki, ondan kimsənin xəbəri olmayıb. Ancaq tezliklə məlum olur ki, fakt səhvdi, Baxtin yaşayır, sadəcə, obrazlı şəkildə desək (bir az da Koreya şairi Ko Unun təbirincə...) günlərin bir günündə gecə, hamının gözünü oğurlayıb bu dünyanın sərhədini keçibmiş... Bu dünyanın qonşuluğunda elə kəşflər edib ki, ümumdünya mədəniyyətinin inkişaf stixiyası ilə əlaqəli elə nüansları ortaya çıxarıb ki, dünya nəzəri fikri gəlib onun baxışının müəyyənləşdirdiyi bir nöqtədə qərar tutub. Bütlərin əl-ayağa dolaşdığı cəmiyyətdə yaddaşıyla yaşayan adamın fikirləri nə qədər mürəkkəb, ilk baxışdan anlaşılmaz olsa da, bütün dünyanın başqa, son dərəcə fərqli formada düşünə bilməsi və yaşaması üçün zəruri idi.

Yuxarıdakı mənzərə - Kojinov Baxtinə məktub yazır, görüşmək, fikir mübadiləsi aparmaq istəyir, ağır xəstə olan filosof razılaşır, ilk görüşdə, iştirakçılardan birinin yazdığına görə, onlar özlərini kilsədəki kimi hiss ediblər (səcdəyə gəlmişdilər...), bu görüşdən sonra bütün dünya Baxtini tanıyır, kitabları bütün dillərdə nəşr edilir, hamı onun ideyalarından bəhrələnir, Baxtin ən müxtəlif cərəyan və istiqamətlərin yaxınlaşıb mübahisə etmələrinə münbit şərait yaradır. Bütün bütlər sınır, təkcə siyasi rejimlərin yox, həm də ədəbi-fəlsəfi cəbhədə. Baxtin meydana çıxandan sonra yalnız bir istiqamətə bağlı filosof, ədəbiyyatşünas və tənqidçilərin əsl tutumu boyaboy görünür. Necə deyərlər, daşlar növbəti dəfə yerinə oturur. Qorxmaz müəllimin "Kontekst və kod" məqaləsində bu ayrıntı xüsusilə diqqəti cəlb edir. (M.M.Baxtinin sitatı: "Kontekst və kod. Potensial olaraq kontekstin başa çatması qeyri-mümkündür, kod başa çatmalıdır. Kod informasiyanın yalnız texniki vasitəsidir, onun yaradıcı idraki əhəmiyyəti yoxdur. Kod bilərəkdən müəyyənləşdirilmış, öldürülmüş kontekstdir"). Əgər Baxtin, onun əsərləri və bu müsahibəsi olmasaydı, Lotmanın "Tartu məktəbi" də şübhəsiz ki, tam başqa şəkildə qavranılardı, bu fikir hamının bəhrələndiyi mənbə qarşısında çox sayda suallar yaradır və bu suallar mahiyyətə yönəlikdir.

Dediyimiz kimi, G.Qaçev Baxtinin qarşısında diz çökür və həyəcanla deyir:

- Necə yaşamaq lazımdı ki, sizin kimi olasan?

Haşiyə. İllər öncə, deyəsən, Naxçıvanda məhrum Hüseyn Həşimlinin namizədlik dissertasiyasının müdafiəsində akademik Azad Mirzəcanzadə qəfil sual verdi: "Niyə bizdə Baxtin yoxdur?".

Bu sualın, yəni G.Qaçevin sualının əlbəttə ki, heç bir cavabı yoxdur. Şübhəsiz ki, böyük mütəfəkkir və şairlər kimi yazmağı hamı arzulayar, məsələn, Şarl Bodler kimi, ancaq kimsə Bodlerin həyatını yaşamaq istəməz. Mikayıl Müşfiq, Əli Kərim, Şəhriyar, Füzuli, Seyid Əzim kimi yazmağı kim istəməz ki... Ancaq bu adamların həyatının bircə saniyəsin kimsə yaşamaq istəməz. Baxtinin bir neçə dəqiqəlik söhbətindən sonra baş verən o sarsıntını necə izah etməli. Yəqin ki, insanda, onun dərinliklərində nəsə var ki, həmsöhbətini maqnit kimi çəkir, tərk-silah edir və həmin şəxs əlçatmaz ucalıqdan seyr edilir. Kosmik sirr. Başqa heç nə. O sirr insanın içindədi, göylərdə deyil, kimsə şan-şöhrətə təslim olduğu kimi, bir başqası da, ancaq çox nadir şəxsiyyət könüllü olaraq iztirabı hər şeydən üstün tutur.

Dialoq ideyası. Söz və dünya. Dünya özü-özüylə dialoji münasibətdədir. İnsan da. Canlı olan hər şeyin mahiyyəti dialoqla aşkarlanır, Baxtin buna görə yazırdı ki, dünya haqqında son söz deyilməyib, deyilə də bilməz, dialoq bitə, tamamlana bilməz. Ədəbiyyatın mahiyyətinə, bədii əsər konseptinə fəlsəfi mövqedən yanaşmaq, Baxtinin təfsirincə Dostoyevskinin qəhrəmanları, bu romanlardakı hər bir söz, hər bir hərəkəti "bitən, tükənən, son nöqtəsi qoyulan" sözə, dialoqa qarşıdır. Başa çatan, son nöqtəsi qoyulan nəsnə cansızlaşır, bir anda min illərin ölüsünə qarışır, bu mənada sovet tərənnüm (elə indiki dövrün də) ədəbiyyatının heç bir mənası yoxdur. Baxtinin mülahizəsincə, Dostoyevskinin qəhrəmanı bütün varlığıyla özünün açıqlığı, dialoji mahiyyətinin təsdiqi uğrunda döyüşür, daha sonralar, 60-cı illər dünya ədəbiyyatı və mədəniyyətinin dünyaya baxışının fərqliliyi məhz bu məqama söykənirdi. Ən dəhşətlisi: dialoq yoxdursa, canlı nəsə yoxdu, söz tükənib, dünya boşalıb, demək, yaşamırıq, içimiz viranəlikdi, boşluqdu, biz yoxuq! Ona görə sovet dövrü yazıçı və şairlərinin taleyindəki faciə qaçılmaz idi.

Bir haşiyə: Haçansa, ömrün hansı məqamındasa Müşfiqi oxuyursan, gündəlik oxu kimi, keçib gedir, üstündən illər keçir, bir də ayılırsan ki, Müşfiq içindən keçib, hava kimi, günəş şəfəqi, yağış kimi, külək kimi, mahnı kimi... Əslində, mütaliənin təsir nexanizmi elə belə olur: oxuduğun içində yuxu kimi qalır, onun oyanması ya səni xilas edir, ya da hər şeyin bitdiyindın xəbər verir, yuxudan oyanmamaq da var... Ya sən, ya da oxuduğun. Ən dəhşətlisi vaxtilə oxuduğun mətnin sən olmadığın gün oyanmasıdır. Müşfiq yuxuda yazdığı, yaxud oxunan şeirləri hövlnak durub köçürürmüş, zənnimizcə, bu hadisə yuxarıda xatırlatdığımız o dəhşətli oyanışın bəlirtisiydi... Müşfiq və digər şairlərimiz o dönəmdə xeyli tərənnüm mətnləri də yazdılar, həm də bəzən cani-dildən. Yuxarıda deyildiyi kimi, yoxluq və boşluğun cani-dildən tərənnüm edilməsi şairin xəyal dünyasını yerlə-yeksan edir, onu elə bir çıxmaza dirəyir ki, bundan sonra hər şeyi son nəfəs kimi hiss edərək yazır. Müşfiqin "Duyğu yarpaqları"nı bir də oxuyun. Yaxud digər şedevrlərini. Səməd Vurğun da eləcə. Buna da baxın: "Yeni dövr poeziyamızda M. Müşfiqin poeziyasında bol-bol təsadüf olunan məcazlar klassik ənənənin uğurlu davamı hesab oluna bilər. Bu baxımdan onun məşhur "Sənin gözlərin" şeirinin poetik qısaqapanma nəticəsində sözlər arasındakı məsafəni "sıxaraq" yoxa çıxaran iki misrasını nəzərdən keçirək:

Qara qış üstümə tökər qarını,

Nərgiz gözlərindən məni ayırsan.

Büllur şəffaflıq təsiri bağışlayan bu misralar, əslində, kifayət qədər mürəkkəb struktura malikdir və təbii ki, poetik informasiyanı nəql etmək üçün müvafiq koda müraciət etməli olurlar. Birinci misra mənşəyi etibarilə faktiki olaraq metafora olsa da, uzun müddət dövriyyədə olub artıq oturuşmuş, danışıq dili faktı kimi qəbul olunan, "sərt, soyuq keçən qış" mənasını verən, təbiiliyinə və asanlıqla qavranıldığına görə leksikoda çevrilmiş "qara qış" ifadəsi ilə başlayır. İlk baxışdan bu ifadə təbiət hadisəsinin bədii təsviridir. Lakin sənətkar metaforanın bu yeganə mənası ilə kifayətlənmir. Onun konnotativ imkanlarından istifadə etməyə çalışır. Əsərin ideya məzmunundan çıxış edərək sənətkar metaforanın xarici sərtliyini qoruyub saxlamaqla yanaşı, onu "daxililəşdirir": oxucu açıq-aydın hiss edir ki, bu təbiət təsvirinin arxasında lirik "mən"in əhval-ruhiyyəsi dayanır. Şənətkar buna qara qışın qarı yerə yox, məqsədyönlü şəkildə lirik "mən"in üstünə tökür; onu həm cismən, həm mənən "üşütməyə" məruz edir. Nəticədə təbiət hadisəsi səciyyəsini qoruyub saxlamaqla yanaşı, həm də əhval-ruhiyyə hadisəsinə çevrilir. Yeri gəlmişkən, bu dinamik kontekst "qara qış"ı bərəks də şərh etməyə əsas verir: insanın ovqatı - daxili "qara qış"ı o qədər güclü-qüdrətlidir ki, "xariciləşib" təbiət hadisəsinə çevrilmişdir. Müşfiq sənətinin ecazkarlığı nəticəsində lirik "mən"in həm xarici, həm də daxili üşüməsi oxucuya nəql olunur. Bu, birbaşa yox, dolayısı ilə ifadə olunan daxililəşmə implisit məcaz yaradır. Qorxmaz Quliyev: Kontekst və Kod.

Baxtin Mayakovskini "karnaval fiquru" adlandırırdı, Blok və Xlebnikovu daha yüksək mərtəbədə görürdü. Yəni həyat daim özü-özünü təzələməli, yenidən yaratmalıdır və Baxtinin fikrincə, karnaval vasitəsilə, karnaval stixiyasının burulğanından keçərək. Şairi, şeiri, ümumən ədəbiyyatı dərindən duyan filosof Xlebnikovda bu hadisəni bütün bəlirtiləriylə nişan verirdi. Blokla bağlı müşahidələrinin birində belə bir məqam vardı: şair o zaman dövrün, zamanın fövqünə qalxa bilir ki, içindəki xarabalığı dərindən hiss edə, görə bilsin. Bu xarabalıqla (boşluq) ətrafdakı çal-çağır, hay-küy arasında qırılma nöqtəsi dərk edilərsə, şair dövrün, zamanın ən dəqiq sözünü deyə bilər. Ona görə də adını çəkdiyimiz Azərbaycan şairlərinin faciəsini bu məqamdan (həm karnaval stixiyası, həm də dialoji vəziyyət baxımından) araşdırmaq lazımdır. Əslində, XX əsrin əvvəllərində yaşayıb-yaratmış bir çox böyük şairlər elə faciə qəhrəmanları idilər.

Bu nöqtədən baxanda keçən əsrin əvvəllərində yazıb-yaradan şair və yazıçıların repressiyaya məruz qalması, tutulub zindanlarda çürüdülməsi və güllələnməsi hardasa "məntiqli" idi. Çünki şair, yazar obrazlı şəkildə desək, dünyanı kosmosdan görür, onu keçmişdən və gələcəkdən yığdığı dəyərlərlə tutuşdurub ölçür, içinin dərinliyindəki xarabalığı görüb onu orijinal mənalarla tamamlamağa çalışır. Ona görə də bu şairlər daha çox keçmişdən, klassik mədəni irsdən gəlirdilər, onların ruhunda qaynayan lava ilə gerçək həyatda baş verən hadisələr arasında dərin uçurum yaranırdı. Fikir versəniz, bu şairlərin ciddi mətnlərində daha çox suallar var, çünki yenə də Baxtinin fikrincə, məna sual yaradan nəsnədir. Özlərini klassik mədəni dəyərlərlə gerçəklik arasındakı boşluqda hiss edən şairlərin tərənnüm mətnlərini oxuduqda onlara yüngül bəraət verməklə keçinmək olmur, məhz bu mətnləri yazan insanları XX əsrin faciə qəhrəmanları kimi götürmək lazımdır. Müşfiq bir tərəfdən "həyat həm gülməkdir, həm ağlamaqdır", - deyirdi, digər tərəfdən, necə deyək, gözlərini gerçəkliyə yumaraq deyirdi: Cahan ki solmayan bir bağça-bağdır // Burda rəvamıdır gülmədən ölmək! // Yazıq o şəxsə ki, qaraqabaqdır // Nə qədər yaraşır insana gülmək! Həqiqət budur: Müşfiq qətlə yetirildi və onun həyat və dünyanın dərin qatlarına nüfuz edəcək şeirlərini kimsə yazmadı. Dəftər qapandı. Başqa bir yöndən, Müfiqi klassik ədəbiyyatın ən unikal mənbələri yaratmışdı, bu varlıq boş bir (mənadan məhrum) gerçəkliklə toqquşub çilikləndi və görk oldu, yəni Müşfiqin dərki böyük ədəbiyyatın yaradılmasına yol aça bilər, çünki bura faciələrlə qaynaşan yerdir. M.M.Baxtinin sözlərinə görə, hərəkətsiz və cansız heç nə yoxdur, hər bir mənanın özünün dirilib canlanma bayramı olacaq...

Keçmişin hər bir şairinin əsərləri içində sirli, izahı olmayan, çətin anlaşılan cümlələri tapmaq... Blokun qeyd dəftərçələrində tez-tez belə bir qeyd keçirdi: elə şeylər var ki, məndən başqa kimsə bilmir. O deyirdi: mən bilirəm ki, dünya sirrin içində daha gözəldir. Niyə? Blokun misrası: Sotri sluçaynıye çertı, i tı uvideş mir prekrasen...

Aleksandr Balmont: heç kim Blok qədər gözəl susa bilməzdi.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!