Barış metaforası - estetik işarə kimi - Elnarə AKİMOVA yazır

Qəşəm Nəcəfzadənin “Barış” şeir kitabı haqqında

Elnarə AKİMOVA

 

Əvvəlcə kitabın adına diqqət edirəm: "Barış". İlin-günün bu vaxtı da barış adını tutarlar?! Amma neyləyək ki, ədəbiyyat üçün müəyyənləşdirilmiş ali missiya həm də budur: barış, humanist dəyərlər üstə köklənmək. Bir də kim deyir axı, bu söz ancaq hərbi savaşların əks üzü kontekstində mətnə gətirilməlidir?.. Öz içinə, ətrafına, dünya işləklərinə "barış" əmri verib ömrə davam etmək varkən: "Yaşamaq üçün bəs edər/ Ala-toran xatirələr".

"Barış" Qəşəm Nəcəfzadənin yaşantılarının miqyasını görükdürən kitabdır, gerçəklərə baxışı sevgi, sülh istəyi, humanist prinsiplər zəminində qərar tutub. Bütün mövzulu şeirlərinə öz ömrünün ritmini, havasını, görüntülərini və bəlirlərini qatıb. Bəzən şeirlərində bir detalla öz taleyinin əşyaviləşmiş funksiyasını icra etmiş olur: "Həyat bir daş kimi alnıma dəydi".

Kitabın əsas qayəsi yeni dövrün təzadlarını, bir çox ictimai, sosial varlıq problemlərini ehtiva edir, buradan geniş - qlobal bəşəri ümumiləşdirmələrə çıxır. Şair əsas diqqəti insanların birliyi, vahid bəşər ideyasının bədii ifadəsi üzərində saxlayır. Bu niyyət şairin müharibə mövzusuna münasibətdə daha aydın nəzərə çarpır. Amma bu barədə bir qədər sonra.

"Barış" kitabında mövzu monotonluğu yoxdur. Həm sevgi var - çılğın, utilitar gənclik havasında, həm yaşın gətirdiyi ahıl reaksiya - metafizik qatda, fanilik anlamında, yaşamaq həvəsi ilə ölüm istəyi arasında. Bir az da ətrafda görüb müşahidə etdiklərini obrazlı şəkildə şeirə gətirməyə çalışan şair mövqeyi. O şeirlərdə fəhm, duyumla yaşananları müəllif bəzəksiz-düzəksiz, bir az da prozaik şəkildə sərbəst vəznli şeirlərin misraları içrə yerləşdirir, həyatın mənzərələri məcazsız, epitetsiz poeziyaya çevrilir. Aniliyin sadə şəkildə şeirə dönüşməsi baş tutur. Əli Kərim deyirdi, "dünya fırlanırmış, sevinc gücüylə"... Sən demə, dünya şeir gücünə də fırlana bilərmiş. Ətrafımızdakı hər şey - hər münasibət, reaksiya, gündəlik davranış və təəssüratlarımız hər biri poeziya məkanına sürüklənib təsir effekti yaradarmış. Canlı, inandırıcı həyat faktları haqqında təsəvvür yaratmağa imkan verən assosiasiyalar ilə oxucunun xatirə dünyasını, emosiya və dünyagörüşünü tərpətmək mümkünmüş:

Bir sirr uçurmuşam kəpənəklərə,

Yaz ağzı uçanda soruşarsınız.

Nə olsun keçən il bar verməyiblər,

Bu il arılarla barışarsınız.

 

O dağın dikində iri qaya var,

Baxın koğuşunda neçə yuva var,

Qayanın dalında qərib oba var,

Gedib obalarla danışarsınız.

 

Ayrı düşə-düşə yaralandınız,

Ələ gəlmədiniz, uralandınız.

Atadan, anadan aralandınız,

Torpaqda qaynayıb-qarışarsınız.

Qəşəm Nəcəfzadənin heca və sərbəst vəzndə yazdığı şeirlərin fərqli və oxşar tərəfləri var. Sərbəst şeirlərində müəllif daha sərtdi. Görünür, zamanın tələblərinin kəskinləşməsi onun da poeziyasının ictimai-siyasi və bədii-estetik çəkisini artırıb. Bəs oxşarlıq nədədir? Bu şeirlərdə istənilən mövzu ilə bağlı işlədilən anlayışlar içiboş şablona çevrilmir, ekspressiv rənglər, qeyri-standart epitetlər qabarıqlaşır.

Hecada yazdığı şeirlərdə də folklor motivlərinin yeni gücdə, yeni şəkildə üzə çıxmasının əsasını bənzətmə və epitetlərdən canlı metaforalara keçidlə əlaqələndirmək lazımdır. İfadə gözlənilməzliyi, dinamiklik və canlı obrazlılıq - Qəşəm Nəcəfzadənin şeirlərində məhz, məna əlaqələrinin dərinləşməsi hesabına baş tutur. Qəşəm Nəcəfzadə hecada yazdığı şeirlərdə düşüncəmizin etnik-estetik potensialından yaradıcı şəkildə faydalana bilir. Qoşma, gəraylı stixiyasından qidalanan bu şeirlərdə duyğusal danışıq effekti yaradır. Zamana reaksiyanı poetik fikrin janr əlvanlığında - bayatı, qoşma, gəraylı, müxəmməs kimi şeir şəkillərində sınayır.

Yerdən yeddi Günəş uçdum uzağa,

Milyon ilə, gələ bilsən, gələrsən.

Guş qılginən həm oruca, namaza,

Məni dilə, gələ bilsən, gələrsən.

 

Cümələrdə sən adımı gizli tut,

Səhər sevsən, axşamları tez unut.

Göz yaşını əl-üzünə sər, qurut,

Belə-belə, gələ bilsən, gələrsən.

Klassik poetik təcrübədən, folklor ənənəsindən gələn bu şeirlərdə leksika nə qədər müasir olsa belə özünəqədərki dilin təbiətini, onun mifoloji mahiyyətini ifadə etmək gücündə meydana çıxır.

Əli yalın qaldım əlimə bax, bax,

Yazı qabarını əlimə qoş, qoş.

Sevda əkdim oğul-uşaq görmədim,

Elə qaldım, bax evi boş, əli boş.

Professor Rüstəm Kamal yazır: "Bir janrı söküb yenidən toxumaq - hörmək effekti onun mətnlərində sınanılmış üsuldur. Ənənəvi janrı söküb yaddaş detallarını və obrazlarını, itib-batan nöqtələri və anları assosiativ sırada toxumaqla tutub saxlayır. Bu zaman Qəşəm Nəcəfzadənin poetik təhkiyəsi konkret bir vəznin ölçü məhdudiyyəti ilə bağlı olmayan xüsusi bir ritm yaradır. Şeir məkanını ritmin ehtiraslı enerjisi ilə doldurur. Hecadan, əruzdan sərbəst, ya da əksinə, keçid çox rahat baş verir. Bununla da poetik janr formalarının azadlığını (məsələn, "Gəraylı", "Qoşma", "Bayatı", "Çöl müxəmməsi" şeirlərində) yaradır".

Gedirsən, başının üstündə quşlar,

Quşların üstündə bulud binəsi...

Ayağının altında göy qarışqalar,

Ağzında bir parça buğda dənəsi...

 

Açılıb şəhərin qaşı, qabağı,

Bu qışın qarı da tumardan düşüb.

Deyirlər gündüzün günortaçağı,

Görən, bu şəhərə Ay hardan düşüb?

 

Düşüb ayağına yollar, küçələr,

Bu şəhər nə gözəl, göyçək görünür.

Bax, sənə boylanır tül pəncərələr,

Ağzında bir dəstə çiçək görünür.

Kəndlə, təbiətlə bağlı təsvirlər onun əksər şeirlərindən keçir, amma "fon" kimi yox, ovqatın yaddaşına hopmuş duyğulu məqamların işıq effekti kimi. Taleyindən keçmiş yaşantıların ömürə çevrilmə və onda əbədi dirilik tapma anı kimi. Doğma kəndi, yurd yeri, ocaq qarası onun üçün arxa bildiyi, kürəyini söykədiyi vətəndir:

Məni tək bilirsiz, davalanırsız?

Atı çağıraram bu saat bura,

İti çağıraram bu saat bura,

Görərsiz atımın qanadlarını,

Batırıb özünü Ay işığına.

Adi danışıq ritmi üzərində köklənən, səmimi bir axarda təqdim olunan bu qism şeirlərdəki prozaiklik bədii obraz səviyyəsinə qalxır. Ümumiyyətlə, Qəşəm Nəcəfzadənin şeirlərindəki əsas məziyyətlərdən biri müəllifin deklarativ, psixoloji təsir gücü olmayan ifadələrə qaçmamasıdır. Hətta poetik çəkisi o qədər də ağır olmayan şeirlərində belə Qəşəm Nəcəfzadə ümumi deklarasiyadan, yeknəsəqlikdən kənar nəsə söyləməyə çalışır. Pafosdan uzaq olur, hissi təbiilik önə keçir, fikir rebuslarından, fəlsəfi görünmək naminə edilən cəhdlərdən özünü kənarlaşdırır. Əlbəttə, istisnalar da olur. Bu yerdə bir məqam üzərində dayanmaq istəyirəm. O yerdə ki, Qəşəm Nəcəfzadə düşünülmüş orijinallığa qaçır, o zaman şeirdəki gərginlik azalmış olur, emosionallıq, sanki arxa planda qalır. Məsələn, "Ay vətən" şeirinə baxaq. Heç bir məlumat yeniliyi ilə fərqlənməyən bu şeirdə şair vətən mövzusunda artıq illərlə standart şəkil almış təcrübədən çıxış edir, söz özünün adi ünsiyyət funksiyasından yuxarı qalxmır. Bizə tanış bu ifadələr nə qədər təbii səslənsələr də, bədii yükü olmayan sadalamaya çevrilir.

Təndir çörəyini kökə elədik,

Torpağını seçdik bölgə elədik.

Böldük səni tikə-tikə elədik,

Bacın ölsün, anan ölsün, ay Vətən!

 

Səni vurduq, sonra sözlə bələdik,

Körpəlikdən babamıza bələdik.

Göyçə gölün Sevan gölü elədik,

Durnan ölsün, sonan ölsün, ay Vətən!

Amma o yerdə ki, Qəşəm Nəcəfzadə bunu təbii əhval-ruhiyyəsinin öhdəsinə buraxır, lirik "mən"ini heç bir sxemə, planlaşdırılmış tendensiyaya tabe tutmur, o zaman oxucunun ruhunu çulğalayan təəssürat təbiiliyinə nail olur. Burada dünya və obrazın arasındakı münasibətə işarə edən söz oxucuda daha çox psixoloji effekt yaradır. "Əlil arabası..." şeirində olduğu kimi:

Bulvarda

Həyatın şəklinə bax,

Əlil arabası ilə uşaq kolyaskası,

Yanaşı addımlayır...

Görəsən, kim çəkib bu şəkli,

Haradan, nə vaxt, özü də saat neçədə...

Gör nə qədər dəqiq hesablanıb

Əlillə körpə arasındakı

Məsafə,

Vaxt,

Zaman,

Dəqiqə...

 

İndi təkər ayaqlar,

Bir-birlərini keçmək fikrində deyillər əsla.

Eləcə cüt addımlayırlar -

Əlili nəvəsi aparır,

Körpəni anası...

İkisi də gülümsəyir

Bu mənzərəyə,

Bir-birinə,

Hərdən də

Ayaqlarına...

Ötüb keçənlər də maraqla baxırlar,

Ayaqları qıdıqlayır

Təbəssümlər.

Birdən uşaq kolyaskadan

Düşüb qaçır

Qırmızı topa sarı,

Ondan da qabaq çatır topa

Əlilin olmayan

Ayaqları...

Bu şeirdə gözlənilmədən şeirə daxil edilən "top" detalı şərti xarakter daşıyır, lakin bu şərtilikdə yeriyə bilməyən iki insanın - qoca və uşağın arzuları dillənir. Qocanın bir addım daha həvəslə irəli atılması isə yerimək imkanı ömürlük əlindən alınmış insanın daha çox arzulamaq təşnəsinin sonucu kimi mənalanmalıdır. Göründüyü kimi, burada nə fəlsəfi fikir var, nə də bayaq dediyim düşünülmüş orijinallıq. Ancaq bir kiçik detal şeirin ümumi ruhundan törəməklə şairin təsvir etdiyi panoramın zəruri amilinə çevrilir. Adi bir sözün aid olduğu şəraitlə motivləşərək psixoloji effekt yaratmasına şairin "Bu gecə itləri güllədilər", "İpdən asılmış kimi", "Ayağı göbələkli atlar" kimi şeirlərində də şahid oluruq.

Barış metaforası Qəşəm Nəcəfzadə düşüncələrinin relyefini ştrixləyən əsas estetik işarədir. Amma bütün insaniliyi, ibrətamizliyi, fəlsəfi yozumu ilə təsvir etdiyi uşaq dünyasının təfərrüatlarında açılır. Kitabını nəvəsi Barışa (!) və onun xoşbəxt gələcəyinə ünvanlaması da burdan qaynaqlanır. Ümumiyyətlə, uşaq Qəşəm Nəcəfzadənin şeirlərindən keçən mühüm obrazdır. O obrazdır ki, şair Vaqif Bayatlı demiş, "bir uşaq əllərinə söykənib ağlaya" bilir, dilin nə vaxtsa səs olacağına inanır, sabahlı yaşamın uşaqlara görə bərqərar olacağına ümidini itirmir. Şairə elə gəlir ki, dillər səsə çevriləndə dünyanın susma zolağına düşəcəyik. Bütün silahlar susacaq. Amma elə bir şey mümkündürmü? Giyom Apollinerə görə, "sənət öz milli xarakterini yalnız o zaman itirəcəkdir ki, bütün insan nəsli eyni şəraitdə, vahid nümunə əsasında tikilmiş evlərdə yaşasın və eyni dildə, eyni intonasiya ilə danışsın. Belə bir zaman isə Yer üzünə heç vaxt gəlməyəcəkdir". Qəşəm Nəcəfzadə isə "Barış" kitabının annotasiyasında yazır ki, "Milyon il əvvəl olduğu kimi, milyon il sonra da bütün dillər səs olacaq. Qaliblər məğlubların qarşısında diz çökəcək. Dillər səsə çevriləndə biz bir-birimizi gözəl başa düşəcəyik. Əgər belə olmasa, onda məni güllələyin, qoy qanım yerə calansın. Milyon il sonra diz çökənlər qanımı görüb deyəcəklər: "Burdan bir insan keçib, qanı qalıb ləpir kimi". O zaman qanımı tərcüməsiz oxuya biləcəklər".

Qəşəm Nəcəfzadənin qandan, savaşdan, müharibələrdən dolayı narahatlığı uşaqların taleyinə görədir. Ona görə müharibəyə fərqli bir baxışı hakimdir. Bu mövzuda illərdir eyni ifadə vasitələri, eyni ruh və yozumların üstünlük təşkil etdiyi poeziyamızda Qəşəm Nəcəfzadə hazır assosiasiya və paralellikdən imtina edib yeni metaforik ifadə və məzmun qatı yaradır. Özü də bunu o qədər səmimiyyətlə edir ki, dilin adi sözlərini poeziya səviyyəsinə qaldıra bilmək bacarığını gözardı edə bilmirsən. Qəşəm Nəcəfzadənin şeirlərində poetik söz konkret məfhum, onun müxtəlif çalarlarını ifadə etməkdən daha çox insan və onun ətrafı, insan və real hadisələr arasındakı münasibətləri motivləndirən əlaqələri ifadə edir. Bütün hallarda şair mövqeyi müharibədən imtina edərək sülh, barış ideyasına müncərdir. Bu yerdə bir qədər dayanaq... Bu şeirlər artıq ikili yozuma imkan yaradır. Əlbəttə, barış elə ədəbiyyatın bəlkə də digər adıdır, yəni onun misssiyası içindədir. Qələm adamı savaşı deyil, sülhü dəstəkləməlidir. Bu artıq özünü dərk etmiş vahid bəşər ideyasıdır. Ədəbiyyat da bunun faktı kimi çıxış etməlidir. Amma torpağı işğal olunan, zaman-zaman hücumlara məruz qalıb itkilər verən bir yurdun şairi olaraq uşaqları "düşməni unutduran bir düşüncə" içrə böyütmək doğrudurmu? Əksinə, bizə elə gəlmirmi ki, başımıza gələn bu faciələr həm də bu vaxtadək "unutqanlıq" təlimi ilə ovunmağımızın nəticəsidir?!. Hələ meydanda uşağına kiçik yaşdan etibarən "türkə nifrət" ruhu aşılayan erməni kimi düşmənimiz varsa... Mən, əslində, Qəşəm müəllimin bəşəri mövqe, insanlıq və bundan irəli gələn dəyərlərə münasibətini anlayıram, onun müharibə üstü duyuma köklənməsini özlüyümdə alqışlayıram da. Söhbət uşaqlardan, o günahsız və körpə varlıqların müharibə acılarını görmədən böyümələrindən gedirsə, o zaman mən də keçirəm şairin tərəfinə:

Əllərimi qaldırıram körpələrin önündə mən,

Əyilirəm onların qorxu öpən gözlərinə.

Müharibəni, qələbəni endirirəm,

İməkləyən bir körpənin dizlərinə.

Uşaq dünyasını, onların əzablarını predmet seçib sülhü arzulayanda uşaq şairi olan Qəşəm Nəcəfzadənin niyyətini də, düşüncələrini də qəbul edir və razılaşıram:

Gəlin düşək səngərdən, çəkilək bir az geri,

Qaldıraq səngərlərə balaca uşaqları.

Nə qədər uşaq var qoy onlar da gətirsin

Dayansınlar üz-üzə, açılsın dodaqları.

 

Düşmən kəlməsi yoxdur uşaqların dilində,

Olsa-olsa əllərini bir-birinə vurarlar.

Səngərlərin içində, səngərlərin çölündə,

Lay-lay deyib kuklaya, qəşəng evcik qurarlar.

 

O əsgər çəkməsinin izinə bax torpaqda,

Beş uşağın ayağı sığar onun içinə

Dünən həmin ləpiri gilizlər doldururdu,

Bu gün uşaq səsləri yağır onun içinə.

 

İnsan bayraqlarıdı göydə oynayan əllər,

Öpürlər gülə-gülə bir-birinin əlini.

Biz öyrənə bilmədik dostluq dilini heç vaxt,

Gəlin gedək öyrənək körpələrin dilini.

Amma düşmən tərəf şairin bu ümumbəşəri humanist prinsiplərinə nə dərəcədə uyur, adekvatdır - bax, bu yerdə bir qədər fikrə getməli oluram... Nə qədər edirəm, "Gülləni atın göyə" şeirindəki mövqeni bölüşə bilmirəm.

Hər ölüm yenidən başlar müharibəni.

Şikəstinə kömək edin, çıxardın,

Ac olana çörək verin, çıxardın,

Sevəninə çiçək verin, çıxardın,

Amma öldürməyin.

Ölümdən betərdi yaxşılığın ağrısı.

Siz böyüksünüz, onlar axmaq uşaqdı,

Nə qədər gülləniz var, boşaldın getsin göyə.

Bir gülləniz qalıbsa, demək, biri qaçmayıb,

Onu da tez boşaldın, ləngiyən qaçsın deyə.

Hər qaçan başı üstə güllə aparsın evə,

Baxıb desin anası,

Qurban olum, ay oğul, başın üstə gülləyə,

Mənim duam idi o,

Sən bunu bilməmisən

Nə yaxşı ki, o güllə alnında gəlməmisən.

Kaş düşmənlərimiz bu şeirdəki kimi yaxşılığı başa düşən və qiymətləndirən olaydı. Amma təəssüf ki, belə deyil və belə olduğu halda bir əsr sonra belə "Kamança" ovqatında düşünəcəyikcə, o zaman itkilərimizlə barışaq və əlimizdən zorla qoparılanları da düşmənə bağışlayaq getsin. Çətin məsələlərdir. Amma bildiyim bir şey var. Şair, yazıçı Millətinin özünü qorumaq instiktinin itməməsi üçün də cavabdehdir və loyallığı deyil, altşüurda olan daha dərin genetik kodları oyadıb içindəki vətən duyğularını hərəkətə gətirməlidir.

***

R.M.Rilke "duyğularının beş barmağının beşini də inkişaf etdirməyi" tövsiyə edirdi yaradıcı şəxslərə. Öz düşüncəsi struktur etibarilə sadə və aydın olan Qəşəm Nəcəfzadənin yazı üslubundakı əsas keyfiyyət fikir sərbəstliyi və həssaslığıdır. Bu, onun mətnlərinin bədii-estetik səviyyəsini təsbit edən əsas faktlardan biridir. Nəsrində insanın ruhi azadlığını, mənəvi-psixoloji varolumunu şərtləndirən məqamlara işıq salır. Esselərində ənənəvi təhlildən imtina edərək mətnin gizlinləri ilə onu yaradan insanın daxili dərinlik cizgilərini görüntüyə çevirir. Uşaq ədəbiyyatına münasibətdə yeni görüm hədəfi müəyyənləşdirir. Publisistikasında gündəlik proseslərə çevik və ayıq reaksiya sərgiləyir. Amma bunların hamısının cəmi onun şeirlərində yaşanır. O şeirlər ki, nə qədər sərt ölçü və təsəvvürlərdən çıxış edilsə belə insanla, dünya ilə bağlı bütün düşüncə sistemlərinin "barış" adlanan kəsişmə nöqtəsində dayanır və gələcəyin ömür üfüqlərinə inamı itməyə qoymurlar.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!