Seyid Əzim və Füzuli: ənənə və davamçılıq məsələlərinə ədəbiyyatşünaslığımızın münasibəti - Mətanət Vahid yazır

Mətanət VAHİD

 

Azərbaycan ədəbiyyatı tarixində xüsusi bir mərhələ təşkil edən XIX əsr bir tərəfdən ənənə ilə, digər tərəfdən isə novatorluqla bağlı idi - bu dövrün poeziyası yeni formalarda əks olunmaqla yanaşı, həm də özünün tarixi köklərinə sadiq idi. Daha çox ənənəçiliklə bağlı olan şairlərin yaradıcılığı bir tərəfdən orta əsrlərdən başlayıb bu dövrə qədər inkişaf edən xalq şeiri üslubu olan bayatı, qoşma, gəraylı, digər tərəfdən qəzəl, qəsidə, müxəmməs, rübai kimi klassik janrlarda əks olunurdu. 

Sənətkarın fərdi yaradıcılığı çoxşaxəli bir anlayışdır və müəllifin spesifik poetik keyfiyyətlərini şərtləndirir. Burada şairin fitri istedad və qabiliyyəti ilə yanaşı, dünyagörüşü, təcrübəsi, həyat faktlarını müşahidə etmək bacarığı da əhəmiyyətli rol oynayır. Bu baxımdan Seyid Əzim Şirvani böyük istedad sahibi, geniş həyat təcrübəsi və dünyagörüşünə malik şəxsiyyət, Şərq ədəbiyyatı və dillərini yaxşı bilən, qabaqcıl mədəniyyətin təbliğatçısı olan maarifpərvər pedaqoq olmuşdur. Elə buna görə də, onun əsərlərinin böyük bir qismi dövrün ictimai-siyasi və mədəni həyatı ilə səsləşir. 

Sənətkarın özünüifadə bacarığı, ətraf gerçəkliyə münasibəti lirikada daha asanlıqla gerçəkləşir. S.Ə.Şirvani yaradıcılığının əsasını da lirika, xüsusilə, qəzəl janrı təşkil edir. Şair qəsidə, müxəmməs, mürəbbe, tərkibbənd, tərcibənd, təkbeyt, qoşabeyt, rübai və s. klassik janrlarda da əsərlər yaratsa da, qəzəl janrı bunların hamısını kəmiyyət və keyfiyyətcə üstələmişdir. Seyid Əzimin şeirləri yalnız dərin ideya və məzmunu ilə deyil, həm də yüksək bədii sənətkarlığı ilə seçilir. Şairin tədqiqatçılarının da dəfələrlə qeyd etdiyi kimi, S.Ə.Şirvani lirikasına dahi sələfi Füzulinin təsiri çox böyük olmuşdur. Belə ki, Seyid Əzim Füzulidən bir çox tərcümələr etmiş, nəzirələr yazmış, bir qəzəlini təxmis etmişdir. Bunu, hər şeydən öncə, onun Füzuli sənətinə vurğunluğu ilə izah etmək olar.

XIX əsrin II yarısında fəaliyyət göstərən şeir məclislərində toplaşan şairlərin, demək olar ki, heç birisi Füzuli sənətinin sehrindən, dühasının dərin təsir dairəsindən kənarda qala bilməmişlər. Bu da təbiidir, çünki Füzuli qəzəli "lirikanın ən yüksək zirvəsi"dir. (Mir Cəlal) Nəinki XIX əsrdə, hətta öz dövründə belə, yetişməkdə olan şairlər nəslinin formalaşmasında onun yaradıcılığının təsiri böyük olmuşdur. Bir sözlə, özündən sonrakı Azərbaycan ədəbiyyatının əsas ideya-bədii istiqamətini Füzulinin sənəti yönləndirmişdir. Onun şeirinin məşhurlaşmasında və ardıcıllarının sayının artmasında, şübhəsiz ki, XIX əsrin ortalarından başlayaraq tərtib edilən dərslik və müntəxabatlar da müəyyən rola malik olmuşdur.

Füzuli yaradıcılığının Seyid Əzim irsinə təsiri məsələsinə ədəbiyyatşünaslığımızda heç də hər zaman birmənalı münasibət olmayıb. Bu baxımdan xüsusilə ədəbiyyatşünas Əliabbas Müznibin münasibəti fərqlənir. Seyid Əzim Şirvaninin 1930-cu ildə dərc olunmuş "Seçilmiş şeirləri"ni tərtib etmiş Əliabbas Müznib həm də kitabın "Seyyid Əzim" adlanan ikinci müqəddiməsinin müəllifidir. Fikrimizcə, bu vaxta qədər S.Ə.Şirvaninin şəxsiyyətinə və yaradıcılığına bu dərəcədə sərt münasibət bəsləyən ikinci bir tədqiqatçı olmayıb. Müəllif əvvəlcə Seyid Əzimin "Şirvan şairlərinin ən rəvan təblisi" olduğunu bildirərək, onu dövrünün digər şairləri ilə müqayisə edir: "...fəaliyyət, qabiliyyət cəhətindən Bakı "Məcməi-şüəra"sında Cürmi, Qarabağ "Məclisi-üns"ündə Natəvan nə olmuşsa, Şirvan "Beytüs-Səfa"sında Seyyid Əzim o olmuşdur. Fəqət təbiəti-şeiriyyəsinin rəvanlığı cəhətindən bir qədər də üstün görünürmüş, daha doğrusu, XIX əsrin I yarısında Qasım bəy Zakir nə qədər meydan almış isə, Seyyid Əzim də eyni meydan almışdır." Seyid Əzimin öz dövründəki mövqeyini bu qədər doğru xarakterizə edən məqalə müəllifi şairin əhatəli fəaliyyətindən də bəhs edir, lakin belə bir fikir irəli sürür ki, bütün qabiliyyətlərinə baxmayaraq, Seyid Əzim yaradıcılığında başqa şairlərin təsirindən yaxa qurtara bilməmişdir: "Divan tərtibində Nəvai, Füzuliyə, həcvdə isə Yəğmaya təqlid etmişdir. Bir çox həcvlərini Yəğma yazan mövzuda yazıb, ancaq həcv etdiyi adamın bir adını dəyişdirmişdir, qəzəlləri isə nə qədər sənətkaranə olsa da, hamısı nəzirədir." Məqalə müəllifi fikrini sübut etmək üçün M.Füzuli, Q.Zakir, M.Cürmi, M.N.Bahar, Molla Əli kimi müəlliflərdən nümunə gətirdiyi beytlərlə Seyid Əzimin beytlərini müqayisə edir və belə bir qənaətə gəlir ki: "Bu tutuşdurmalara bir az da artıq əhəmiyyət verilsə, Seyid Əzim külliyyatının hər yerində yuxarıda göstərilən nəzirələr və iqtibaslar   görülər." Doğrudur, Seyid Əzim Şirvani yaradıcılığı, həqiqətən, nəzirə və iqtibaslarla, bəhrələnmələrlə zəngindir, bu fikir onun yalnız lirikası üçün deyil, həmçinin epik əsərləri üçün də keçərlidir. Lakin şairin orijinal yaradıcılığının məhsulu olan əsərlərini də "təqlid" adı ilə ümumiləşdirmək ona qarşı haqsızlıqdır və bu qənaətində tədqiqatçı ifrata varır.

Başqa bir tərəfdən, Ə.Müznib Seyid Əzimin əsərlərini əhəmiyyətsiz və ya az əhəmiyyətli hesab edərək yazır: "Seyid Əzimin böyük-böyük əsərləri vardır. Fəqət əsərləri çoxluca, böyük, şeiriyyətcə dəyərli, mövzu etibarilə əhəmiyyəti çox deyildir. Çünki bütün yazdıqları dərəbəylik dövrünün çeynəyib-tökdüyü qəzəl, müstəzad, müxəmməs, müsəddəs, varlılara, şahlara, imperatorlara təmənna üçün mədh və təriflərdən ibarətdir." Tədqiqatçı məsələyə birtərəfli yanaşaraq, onlarla klassik şairimiz tərəfindən yüksək sənət nümunələri yaradılmış janrları "dərəbəylik dövrünün çeynəyib-tökdüyü" janrlar kimi dəyərləndirmiş və məzmunla formanı bir-birindən ayırmağa çalışmışdır.  

Ə.Müznib şairin poeziyasındakı müsbət tərəfləri görə bilməmiş, ideya-məzmun cəhətdən demək olar ki, heç saymışdır. Halbuki S.Ə.Şirvani klassik janrlarda böyük məna tutumuna malik orijinal sənət nümunələri yarada bilmişdir. Məqalənin davamında tədqiqatçı bir az da irəli gedərək, belə bir fikir yürüdür: "Əgər oğluna nəsihət yazdığı "Pərişan"ını və azacıq olsa da, "Əkinçi" qəzetində iştirakı olmasa idi, Seyid Əzimdə başqa şairlərdə olan qədir-qiymət də olmazdı." Fikrimizcə, şairin yaradıcılığına belə birtərəfli yanaşma, qeyri-obyektiv qiymətləndirmə dövrün ideologiyasından irəli gəlir.

S.Ə.Şirvani irsinin tədiqatçısı Kamil Mirbağırov "Füzuli və Seyid Əzim Şirvani" adlı məqaləsində XIX əsrin II yarısında fəaliyyət göstərən şeir məclislərində toplaşan şairlərdən heç birinin Füzulinin təsir dairəsindən kənarda qala bilmədiyini nəzərə çatdırır. Müəllif  nəzirəçilik yolu tutan şairlərin heç birinin öz ustadı Füzulini xatırladacaq səviyyədə şeirlər yaza bilmədiyini vurğulasa da, Seyid Əzimi onlardan fərqləndirir. Tədqiqatçı qeyd edir ki, arada 300 illik məsafə olmasına baxmayaraq, mövhumat və cəhalətə münasibət məsələsində bu iki sənətkarın yaxınlığı "hər iki şairin azad düşüncəyə düşmən olan din xadimlərinin hakim mövqe tutduğu qaranlıq bir zəmanədə yazıb-yaratdıqlarından irəli gəlirdi."

"Seyid Əzim Şirvani" monoqrafiyasında Seyid Əzim şeirinin Füzuli ənənələri ilə əlaqəsindən söhbət açan ədəbiyyatşünas Sadıq Hüseynov qeyd edir ki, bu əlaqə, ilk növbədə, özünü məhəbbət lirikasında, klassik şeir janrlarında göstərir. Bu fikrinə əlavə olaraq, tədqiqatçı bildirir ki, S.Ə.Şirvani bütövlükdə Füzulinin divanına, yəni onun hər bir qəzəlinə nəzirə yazmaq fikrində olmuş, "lakin o, Füzulinin "a" hərfləri ilə olan qafiyələrinə bir neçə nəzirə yazdıqdan sonra fikrini dəyişmiş və bu işi axıradək davam etdirməmişdir." S.Hüseynov qeyd edir ki, bəzən qafiyə, vəzn və formanı Füzulidən olduğu kimi alan Seyid Əzim mövzunu özünəməxsus şəkildə işləyir. Bununla əlaqədar olaraq, dahi sələfinin "Giriban oldu risvalıq əlilə çak, damən həm..." mürəbbesinə Seyid Əzimin "Bihəmdillah yolunda aqibət xak oldu can, tən həm..." misrası ilə başlayan nəzirəsini nümunə gətirir. Hər iki şeiri müqayisə edən tədqiqatçı bu əsərlər arasındakı oxşar cəhətlərdən bəhs edərək belə bir qənaətə gəlir ki: "Ayrı-ayrı dövrlərdə yaşasalar da, hər iki aşiq insanın sərbəstliyini əlindən alıb, onun hisslərini, istək və arzularını boğan köhnə adət-ənənələrə, məhəbbəti yalnız əyləncə hesab edən feodal-zadəgan dünyasına nifrət təbliğ edir." Sadıq Hüseynov qeyd edir ki, Füzuliyə nisbətən Seyid Əzim mövhumat və şəriət xadimlərinin tənqidinə daha çox qəzəllər həsr etmişdir.

Görkəmli tədqiqatçı Mirzəağa Quluzadə Füzulinin Seyid Əzimə təsiri məsələsini işıqlandırarkən qeyd edir ki, bu təsir özünü akademik Feyzulla Qasımzadənin qeyd etdiyi kimi, yalnız məhəbbət mövzulu şeirlərdə deyil, həmçinin fəlsəfi-ictimai motivlərdə də göstərmişdir. Tədqiqatçının bu fikri ilə razılaşmamaq mümkün deyil. Həqiqətən, Füzuli şeirindəki ictimai-fəlsəfi motivlər, şəriət ehkamlarına qarşı etirazçılıq ruhu da məhəbbət motivləri kimi, sonrakı inkişaf mərhələlərində Azərbaycan poeziyasına əhəmiyyətli dərəcədə təsir göstərmişdir.

Füzulinin "Könül, səccadəyə basma ayaq, təsbihə əl urma" misrası ilə başlayan qəzəlinə Seyid Əzimin  "Könül, ta var əlində cami-mey, səbhəşümar olma, \ Riyai xəlqdir, billah, namaz əhlinə yar olma" mətləli qəzəli ən məşhur nəzirəsidir. Göründüyü kimi, dahi sələfinin ifadə etdiyi fikrə Seyid Əzim "ta var əlində cami-mey" sözlərini əlavə etmişdir. Bu qəzəldə şairin nəzərdə tutduğu meyin sözün müstəqim mənasında mey olması mümkünsüzdür. Şeirin son beytində müəllif özü belə bir açıqlama verir:

Rümuzi-şeirimin dərk etməmiş mənasını, Seyyid,

Gedib meyxanələrdə laübali meyküsar olma.  

Müəllif şeirin rəmzlərini tam olaraq anlamadan fikri birbaşa mənada qəbul edərək meyxanalarda düşüb qalmamağı məsləhət görür. Şairin qəzəli bu beytlə bitirməsi təsadüfi deyildir. Çünki həyatından bildiyimiz kimi, çağdaşları dinə, şəriətə olan sərbəst yanaşmasına görə onu "kafir, dinsiz" hesab edirdilər. İstər M.Quluzadə, istərsə də S.Hüseynov bu fikirdədirlər ki, xürafatçı və ehkampərəst ruhanilərin tənqidi və onlara qarşı kəskin etiraz məsələsində Seyid Əzim sələfi Füzulidən çox irəli getmiş və bu mövzuya daha çox qəzəllər həsr etmişdir.

S.Ə.Şirvaninin Füzuli ədəbi məktəbi ilə əlaqəsinin geniş ictimai-bədii məzmun daşıması şəksizdir, bununla belə, Füzulinin onun yaradıcılıgına təsiri məhəbbət lirikasında daha çox nəzərə çarpır. Belə şeirlərdə, adətən, Seyid Əzim dahi sələfini təkrarlayır və təqlid edir. Lakin bir çox hallarda şair irəli sürülən ideya istiqamətini daha da inkişaf etdirərək, orijinal əsər yaratmağı bacarır. Seyid Əzimin "Gərçi məndən etdi sərkəşlik o sərvi-sərbülənd" qəzəli Füzulinin

Nalədəndir ney kimi avazeyi-eşqim bülənd,

Nalə tərkin qılmazam,

            neytək kəsilsəm bənd-bənd

- beyti ilə başlayan qəzəlinin təsirilə qələmə alınıb.

Olmuşam öylə nəhif ol nuşləb eşqində kim,

Zəfdən çıxmaz nəfəs,

            neytək kəsilsəm bənd-bənd.

- beytində Seyid Əzim hazır ifadələrdən istifadə edərək, fərqli, yeni fikir irəli sürmüşdür. I nümunədə əgər aşiq neytək bənd-bənd kəsilsə də, ah-naləni tərk etməyəcəyini dilə gətirirsə, II nümunədə çox zəif olduğunu, neytək bənd-bənd kəsilib-doğransa da, səsi çıxmayacağını bildirir. Başqa bir qəzəldə isə Seyid Əzimin qəhrəmanı eynilə Füzuli qəzəlindəki fikri ifadə edərək deyir:

Bənd-bəndim kəsələr, eyləmənəm tərki-fəğan,

Qoy nəva neytək edim ta nəfəsim var mənim.

Seyid Əzim "Təzkirə"də dahi Füzulini şeir sənətində "bir yeganeyi-əsr və vəhidi-dəhr" adlandıraraq qeyd edir ki, bu ana kimi Rum məmləkətində elə bir şair peyda olmayıb ki, onun şeirinin dəyərinə çata biləcək əsərlər yazsın. Baxmayaraq ki, o özü sələfinin bir çox əsərlərinə bənzətmələr, nəzirələr yazırdı, amma belə hesab edirdi ki, bunların heç biri Füzuli zirvəsinə ucala biləcək qədər dəyərli şeirlər deyil.

Tədqiqatçı Z.Əkbərov  Seyid Əzimin "Cismdən can almağa gər olsa fərmanın sənin, \ Canə minnətdir olam, ey dust, qurbanın sənin"  misralarını Füzulinin "Yarəb, bəlayi-eşq ilə qıl aşina məni" qəzəlindəki fikirlə müqayisə edir. Lakin fikrimizcə, bu beyt oxucuya dahi sənətkarın "Pənbeyi-daği-cünun içrə nihandır bədənim" qəzəlinin II beytindəki fikri xatırladır: "Canı canan diləmiş, verməmək olmaz, ey dil, \ Nə niza eyləyəlim, ol nə sənindir, nə mənim." Çünki hər iki beytdə can başqasına - böyük mənada onu verənə, yəni Yaradana məxsusdur və bu canı yiyəsinə geri qaytarmamağın mümkünsüzlüyündən bəhs edilir. 

Bəzən Füzulinin hər hansı bir əsərində tərənnüm olunan motivləri Seyid Əzim şəkilcə dəyişdiyi başqa bir janrlı əsərində təqdim edir: məsələn, "Guş qıl..." müxəmməsi kimi. S.Ə.Şirvaninin görkəmli tədqiqatçısı S.Hüseynov şairin "Guş qıl..." müxəmməsini dahi sələfi Füzulidən təsirlənərək qələmə aldığını qeyd edir. O yazır ki, Füzulinin "Həft cam" poemasında irəli sürdüyü məsələləri Seyid Əzim yetmiş misralıq müxəmməsdə yığcam şəkildə verməyə çalışmışdır: "Həft cam"da gördüyümüz musiqi alətlərinə (ney, dəf, tar, ud, setar, qanun) Seyid Əzimin müxəmməsində  də bəzi dəyişikliklərlə (ney, tar, cəng, dəf, bərbət, ud) rast gəlirik... Füzuli ayrı-ayrı musiqi alətlərilə qurulan məclislərdə gəldiyi nəticələri Seyid Əzim bu müxəmməsdə ümumiləşdirmiş, yığcam şəkildə mənalandırmışdır."  Tədqiqatçının bu fikirlərilə razılaşmamaq mümkün deyil. Həqiqətən, "Həft cam" poemasının "Guş qıl..." müxəmməsinə təsiri açıq-aydın duyulmaqdadır, hətta poemanı oxuduqdan sonra Seyid Əzimin müxəmməsinin bəzi bəndlərini anlamaq daha rahat olur. Füzuli də,  Seyid Əzim də bu əsərlərdə daha çox özlərinin sufi dünyagörüşlərini əks etdiriblər. Tədqiqatçı Azadə Rüstəmova Füzuli yaradıcılığında təsəvvüfdən bəhs edərkən yazır: "Yeddi cam" əsərində, xüsusilə, I və III camın keyfiyyətləri başdan-başa təsəvvüfdəki vəhdəti-vücud - zərrə və küll, damcı və dərya nisbətləri - ilahi aləmdən hadisat aləminə düşən cüzin - qətrənin bir müddət seyrdən sonra yenə öz doğma məkanına, külli-dəryaya qovuşması probleminin bədii-fəlsəfi açılımına həsr edilmişdir." Həqiqətən, qeyd olunan keyfiyyətlər poemadakı ney və tar obrazlarına aiddir. "Guş qıl..." müxəmməsinin də I bəndində məhz bu iki alətin adı çəkilərək, onların nəğmə və naləsinin səbəbi soruşulur. Baxmayaraq ki, akademik Həmid Araslı bu alətlərin danışdığı əhvalatları "maddənin əslinə qayıtması" fikri ilə əlaqələndirərək, materialistcə yanaşmaya üstünlük verir,  əslində isə həm poemada, həm də müxəmməsdə hər iki şair təsəvvüfdəki "vücud və küll" anlayışına müraciət edir.

Əksər hallarda S.Ə.Şirvani sələfindən aldığı fikri və formanı, hətta qafiyələri, rədifləri saxlayaraq, həmin ideyanı bir başqa şəkildə çatdıraraq müstəqil əsər yaratmağı bacarır. Təbii ki, bu şeirlərdə də təsirlənmə, bənzətmə dərhal nəzərə çarpır, lakin bu, Seyid Əzimin sənətkarlığının zəifliyini deyil, əksinə, qüdrətini üzə çıxarır.

Kuhkən Şirinə öz nəqşin çəkib vermiş firib,

Gör nə cahildir, yonar daşdan öziçün bir rəqib.

Füzuli deyir ki, dağ çapan, yəni Fərhad daşdan öz surətini yonub sevgilisinə verib, cahilliyə bax ki, öz əlilə özünə rəqib yaradıb. Həmin fikri anoloji olaraq, Seyid Əzim belə ifadə edir:

Tutdu bir ayinə kim, gör surətim, ol da firib,

Yar ilə ayinədə öz əksimi sandım rəqib.

Seyid Əzimin aşiqi isə aynada yarla birgə gördüyü əksini özünə rəqib sanır. Eyni fikir olmaqla yanaşı, qəzəldə sona kimi forma da qorunur. Seyid Əzim Füzuli qəzəlinin bütün qafiyələrini olduğu kimi saxlayır və hər beytdəki fikri oxşar, amma həm də yeni, özünəməxsus şəkildə ifadə edə bilir. Bu da sənətkardan böyük istedad və bacarıq, şeir texnikasına yaxından bələdlik kimi xüsusiyyətlər tələb edir.

S.Ə.Şirvaninin "Qədəhlərdə hübab-asa  könül düşmüş həvalərdən" misrası ilə başlayan əsəri Füzulinin "Kərəm qıl, kəsmə, saqi, iltifatın binəvalərdən, \ Əlindən gəldigi xeyri diriğ etmə gədalərdən." mətlə beytli qəzəlini təxmisdir. Təxmisdə şairin əsl sənətkarlığı onda özünü büruzə verir ki, hər bəndin əvvəlki üç misrası ilə sonrakı iki misrası arasında müəlliflərin fərqli olduğu nəzərə çarpmasın; eyni üslub, eyni dəst-xətt olduğu kimi saxlansın. Bu baxımdan Seyid Əzimin Füzulidən etdiyi təxmis də mükəmməl bir əsərdir.

Şikəstə kaseyi-çini misali, bir sədamız yox,

Sınıq neytək həvadən düşmüşük,

            bir dəm nəvamız yox,

Səba, ol gül bədəndən

            nameyi-rahətfəzamız yox,

"Əsiri-qürbətiz, bir səndən

            özgə aşinamız yox,

Ayağın kəsmə, başınçun,

            bizim möhnətsəralərdən".

Seyid Əzimin Füzuli yaradıcılığına bu dərəcədə bağlılığı onun əsərlərinin dəyərini azaltmır, əksinə, sələfinin irsinə yaxından bələdliyini, onu yüksək qiymətləndirdiyini üzə çıxarır.  Poetik dildə təsvir və ifadə vasitələrini yaradarkən Seyid Əzim yalnız ənənə dalınca qaçmamış, öz bədii zövqünə və dünyagörüşünə uyğun orijinal sənət nümunələri yaratmışdır. Baxmayaraq ki, Azərbaycan ədəbiyyatında sözü Füzulinin ucaltdığı zirvəyə yüksəldə bilən ikinci qəzəl ustadı olmamışdır, Seyid Əzim bu barədə dahi sələfinə bir xeyli dərəcədə yaxınlaşır. Həqiqətən, Seyid Əzim Şirvani öz lirikasında klassik ənənələri davam etdirməklə yanaşı, şeirə özünəməxsus keyfiyyətlər aşılamağı bacarmış böyük sənətkardır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!