Cəlil Məmmədquluzadənin əsərlərinə xaricdən baxış - Orxan Aras yazır

C.Məmmədquluzadənin adını ilk dəfə haradan eşitdiyimi və ilk oxuduğum əsərini nə zaman oxuduğumu da xatırlamıram. Amma ilk oxuduğum hekayəsinin "Poçt qutusu" olduğunu bilirəm. O hekayəni oxuduğumda tələbə idim. Hekayəni bir lətifə kimi oxumuş, zamanla yadıma düşdükcə gülmüşdüm. Sonra ədəbiyyatla daha yaxından maraqlanmağa başlayanda "Poçt qutusu" haqqında türkcə bu məşhur deyimi xatırlamışdım:

"Gülərik ağlanacaq halımıza".

Cəlil Məmmədquluzadə o zamanın zehniyyətini, cəhalətini, insanlarımızın modern inkişaf haqqında məlumatsızlığını, cəmiyyətdəki istismar və ədalətsizliyi kiçik bir hekayəyə sığdıraraq insanların üzündə bir təbəssümə müvəffəq olsa da ürəyində bir alov püskürtmüşdür. Bu cür əsərləri meydana gətirə bilmək ancaq və ancaq böyük ustaların işidir.

Zaman keçdikcə Cəlil Məmmədquluzadənin digər əsərlərini də əldə etdim. Dəyərli hocam professor İsa Həbibbəylinin mənə tövsiyə etdiyi yazıçı haqqında yazdığı əsərləri oxudum. C.Məmmədquluzadə ilə bağlı xatirələrdə, məsələn, Həmidə xanımın dediyinə görə, onun mücadiləsinə necə inandığını, yazıçının ciddi, çalışqan və dürüst bir insan olduğunu öyrəndim. "Ölülər", "Danabaş kəndinin əhvalatları" kimi əsərləri bizim xalqımız üçün yazılmış bir üsyan "hesabatları" idi, sanki. O böyük usta öz zamanına bir güzgü tutmuş və o güzgüdə görülənləri gələcəyə daşımışdı.

"Danabaş kəndinin əhvalatları"nı səksəninci illərdə oxumuşdum. Kitab kiril əlifbası ilə  nəşr olunmuşdu. Mən də kiril əlifbasını yeni öyrəndiyim üçün kitabı alışdığım kimi bir nəfəsdə oxuya bilməmişdim. Bu səbəbdən də hər cümlənin altına xətt çəkir və diqqətlə oxuyurdum.

Kitabı oxuduqdan sonra ilan çalmış adam kimi bir neçə gecə rahat yatammadım. Zeynəbin təkliyi, acısı məni dəli etmişdi. Bir xalqın bu qədər laqeyd və zalım ola biləcəyinə inanammırdım. Danabaş kəndində bir tək adamın bu haqsızlığa qarşı çıxmaması xalqın əvəzinə məni üsyan etdirirdi. Öz kəndimizin dindar insanlarına, köhnə adətlərə nifrətlə baxırdım. Sanki onların hamısı Zeynəbin başına gələnlərdən günahkar idilər. Ogünkü görüşümə görə belə axmaq və laqeyd bir xalqın yaşamaq haqqı belə olmamalı idi.

Bir gün qurban bayramında atamın yanında dini bayramlarla bağlı ağzımdan pis kəlmə çıxdı. Atam çox təəccübləndi. Onun yanında əsla tərbiyəsizlik etməzdim. Əvvəlcə hirsləndi. Sonra bu üsyanımın səbəbini öyrənmək istədi.  Mən də "Danabaş kəndinin əhvalatları"nı başdan ayağa bir hekayə kimi danışdım. Onun da kefi pozuldu. Çünki o mənə uşaqlığımdan bəri bütün dünyada pislərə rəğmən yaxşıların da olduğunu demişdi. Hətta bir sözünü heç vaxt unutmaram:

"Oğlum, dünya yaxşı insanların üzü suyu hörmətinə ayaqda durur".

Onda bəs bu yaxşılar harada idilər?

Bir gün sonra atam məni yanına çağırdı. Danabaş kəndinin harada olduğunu soruşdu. Doğrusu, belə bir kəndin Azərbaycanda olduğunu sanırdım. Ona: "Azərbaycanda belə bir kənd var", dedim. Başını yırğaladı. Dedi: "Oğlum, bizim kənd Türkiyədə olsa da bir Azərbaycan kəndidir".  Sonra da 1930-cu illərdə bizim kənddə baş verən bir hadisəni danışdı. 1920-ci ildə bizim oralarda erməni qətliamından xilas olmaq üçün hamı İrana qaçmışdı. Birisi isə İrana deyil, Türkiyənin iç bölgəsinə getmişdir. Aradan 9-10 il keçdikdən sonra yenidən kəndə geri döndüyündə qətliamdan ailəsinin bir tək üzvü olan qardaşı qızının xilas olduğunu görmüşdür. Amma qardaşının qızı onu tanımazdan gəlmişkən, işin əslində, tarlaların yatdığı məlum olmuşdur. Qızın nişanlısı ona: "Mənim belə əmim yoxdur desən tarlalar bizə qalar", deyirmiş. Qız da eynilə əmisinin olmadığını söyləmişdi. O gecə adamı tanıyan kəndin ağsaqqalları toplanmış və qızı təhdid etmişdilər. Əgər məhkəmədə yalan söyləsəydi, hər kəs hakimə gerçəyi deyəcəkdi. Qız da bu təhdiddən qorxaraq ifadəsini geri çəkmiş, tarlaları əmisiylə bölüşmüşdü.

Atam bu gerçək hekayəni danışandan sonra bir müddət heç bir şey demədən üzümə baxdı. Sanki o, heç adını belə eşitmədiyi Cəlil Məmmədquluzadəni yaxşılar var deyə inandırmağa çalışırdı. Söhbətinin ardından bu hekayəni Cəlil Məmmədquluzadəyə yaz, deyincə güldüm. O yazıçı uzun illər əvvəl vəfat etmişdir, dediyimdə üzülmüşdü.

Atamın bizim kəndimizdə baş verən gerçək hadisəni mənə danışması Cəlil Məmmədquluzadənin əsərlərinə fərqli baxmağıma səbəb oldu və xalqıma yönəlik içimdəki hirs yavaş-yavaş sönməyə başladı. Bəlkə də Azərbaycan ədəbiyyatının ən önəmli şəxsiyyətlərindən birisi Firidun bəy Köçərli də eynilə atam kimi düşünərək: "Ay Mirzə, bu xalqın hamısı belə deyil", mənasında bir şey demişdi.

"Danabaş kəndinin əhvalatları" kitabından sonra "Ölülər"i oxudum. Onu oxuyarkən də Şeyx Nəsrullahın qarşısına sadəcə sərxoş birinin çıxması, onun sözləri, şəxsiyyəti Azərbaycan ədəbiyyatında bir qəhrəman kimi yayılması da məni kədərləndirmişdi. Halbuki o dönəmə qədər rus işğalında əsgərliyə çağırılmayan, İran mollalarının təsiriylə din adına bütün xürafələri öyrənən və cahil buraxılan xalqımızın içərisindən fürsət olduqca Mirzə Fətəli, Firidun bəy Köçərli, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Məmməd Əmin Rəsulzadə kimi minlərcə ziyalı yetişmişdi.

Uzun illər belə böyük bir ədibin bu qədər pessimist bir psixoloji düşüncə ilə belə əsərlər qələmə aldığını düşündüm. Dostoyevskinin qatil Raskolnikovu, Tolstoyun "Diriliş"dəki Nexlyüdovu bütün əxlaqi çöküntüyə, zülmə, qaranlığa rəğmən hər zaman bir ümid və işıq ardından qaçarkən Mirzənin qəhrəmanlarının içində niyə bir işıq zərrəciyi yoxdur?

Nazim Hikmət 1929-cu ildə "Rəsmli ay" qəzetində yazdığı bir yazıda böyük yazıçıların əsərlərindən söz edərək belə yazırdı: "Şekspir, Dante, Qorki, Servantes, Fikrət, Hüqo kimi bütün böyük abidələr eyni zamanda böyük müjdəçilərdir. Höteni Höte edən "Faust" belə insanlara gələcəyi müjdələyən bir əsərdir".

Onun düşüncəsinə görə bir yazıçının vəzifəsi həm pisliyi, qaranlığı yazmaq, təsvir etmək, həm də gələcək üçün bir işıq mesajı təqdim etməkdir.

Fəlsəfədə pessimizmin ən böyük təmsilçilərindən Artur Şopenhauerin "Pessimistliyin kitabı" əsərinin ana fikri belədir: "Bütün həyat acı çəkməkdir".

Gənc Viktoriya dönəminin ən məşhur roman yazıçılarından biri olan Tomas Hardi (1840-1928) "Ad-sansız bir yəhudi" adlı romanıyla həm məşhur olmuş, həm də romanda çox pessimist tablolar təqdim etdiyi üçün tənqid edilmişdir. O, bütün tənqidlərə Sofoklvari bir pessimistliklə cavab vermişdir: "Seçmək şansım olsaydı dünyaya gəlməməyi tərcih edərdim".

Qərb ədəbiyyatı belə örnəklərlə doludur. Mövzu fəlsəfənin də gündəminə daşınmışdır. Hegelə görə, əbədi pessimistlik və əbədi xoşbəxtlik yoxdur. Dünya demək məntiq deməkdir. Çiçək meyvənin ortaya çıxmasına yol açar. Amma meyvənin ortaya çıxması üçün də çiçəyin tökülməsi lazımdır. Yəni məhsulun və həyatın gerçəkliyi həm çiçək, həm də meyvə olmaqdır.

Haydelberqə görə isə insan bir varlıq olaraq ortaya atılmışdır. (Dasein) Bu bir tərcih və ya seçim deyildir. Amma o, müstəqildir, öz seçimi ilə yaşayar. Ölüm fikri insanı hər an təqib etsə də etdikləri qalıcılıq üçündür, həm də dəyişkəndir. Yəni hər zaman qaranlıq, hər zaman aydınlıq yoxdur.

Böyük insanları, xüsusilə ölkənin ədəbiyyat tarixində dərin izlər buraxan və öz adına bir məktəb quran bir insanı tənqid etmək çox çətindir. Amma biz və ya bizdən sonra gələn insanlar bu əsərlərə həm heyranlıqla, həm də bir az tənqidi nəzərlə baxmalıdırlar. Əsərləri zamana, zamanın sosial və psixoloji durumuna görə dəyərləndirmək, o əsərlərdən dərs çıxartmaq bir məcburiyyətdir.

Gənc beyinlərə oxudulan bu əsərlər haqqında tədqiqatçılar quru tərif, göylərə çıxartma kimi boş və zərərli deyimlərdən vaz keçməli, əsərlər üzərində daha çox çalışaraq elmi nəticələrlə tələbələrə təqdim etməlidirlər.

Mənim kitablardan tanıdığım Cəlil Məmmədquluzadə də yaşasaydı, əsla boş təriflərə inanmaz, dəyər verməz, əsərlərinin gerçək şəkildə təhlil edilməsini istərdi.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!