Nəsimi sevdalı bir makedon şairi...

 

Heç ağlıma gəlməzdi ki, Nəsiminin adı  600 ildən çox vaxt keçməsinə baxmayaraq,  2004-cü ildə Makedoniyada gerçəkləşdirilən ənənəvi "Struqa şeir axşamları" festivalında tanınmış bir makedon - türk şairi ilə tanışlığıma körpü salacaq. Belə ki, şeir müsabiqəsində oxuduğum "Biz bir şeir ölüsüyük" adlı şeirimdə Nizami, Əli Kərim və Eldar Baxışla (şeir Eldara həsr olunub) yanaşı, Nəsiminin də adı çəkilirdi. Şeir məclisi qurtardıqdan sonra hündürboy bir nəfər mənə yaxınlaşdı:

- Bu torpaqlarda, bu məclisdə Nəsiminin adını çəkməyiniz hər şeyə dəyərdi. Mən onun qəzəllərinin vurğunuyam... Hər zaman sevə-sevə oxuduğum şairdir... 

Bu,  Makedoniyada yaşayan tanınmış türk şairi İlhami Emin idi.

Əslində, mən onu şeirlərindən tanıyırdım. Belə ki, Anarın və Nazim İbrahimovun tərtib etdiyi "Min beş yüz ilin oğuz şeiri antalogiyasında" onun iki şeiri verilmişdi və həmin şeirlərdən biri Nəsimiyə həsr olunmuşdu.

Xoşbəxtlikdən həmin ikicildlik antalogiyanı Skopye Universiteti Türkologiya kafedrasının müdiri, Bakıda qonağım olmuş professor Oktay Əhmədin xahişi ilə özümlə Makedoniyaya aparmışdım. O həmin antalogiyadan universitetdə dərs vəsaiti kimi istifadə edir.

Söhbət əsnasında İlhami Emin hələ 1968-ci ildə Struqa poeziya festivalında Rəsul Rza ilə görüşdüyünü dilə gətirdi:

- Bəri başdan qeyd edim ki, bir əsrə yaxın ənənəsi olan nüfuzlu Struqa poeziya festivalına dəvət olunan ilk Azərbaycan şairi Rəsul Rza olub. Dünyanın bir çox şairlərinin iştirak etdiyi poeziya festivalının bir qayda olaraq Ohri gölü sahillərində çay körpüsü üstündə gerçəkləşdirilən bağlanış mərasimində bir yay axşamı onun aramla kürsüdən necə şeir oxuduğunu indi də xatırlayıram. O zaman Makedoniyada yaşayan türklərin sayı çox idi. Sonradan İstanbula köç dalğası başladı. Rəsul Rzanın şeir oxuması bir və ya iki dəqiqə çəkdi. Amma şeir bitər-bitməz alqışların ardı-arası kəsilmək bilmirdi. Beş dəqiqəmi çəkdi, on dəqiqəmi çəkdi, bir Allah bilir... Festival təşkilatçıları da, aparıcı da çaşıb qalmışdı. Protokol qaydaları pozulmuşdu. Növbəti şairə söz verilməli idi. Dinləyicilər uzun illərdən bəri həsrətində olduğu  Azərbaycan dilində şeir eşidir, ilk Azərbaycan şairini görürdülər...    

2014-cü ildə az qala atasından yarım əsr sonra Xalq yazıçısı Anar da həmin festivala dəvət almışdır.

İlhami Emin Nəsiminin "Məndə sığar iki cahan, mən bu cahana sığmazam" misralarını təkrar etməyi xoşlayırdı. Harda doğulmasından asılı olmayaraq, şairlər, doğrudan da, bu dünyaya sığmaz olub və gec-tez başqa bir dünyaya - axirət dünyasına səfər etməli olurlar. Bu yaxınlarda Azərbaycan sevdalı İlhami Emin də 90 illik yubileyinə bir il qalmış haqq dünyasına qovuşdu. Ruhu şad olsun.

Bir məqamı da xüsusi vurğulamaq istərdim ki, İlhami Eminin Şimali Makedoniya radiosunun türk redaksiyasında çalışan ömür-gün yoldaşı Əminə xanım Emin bu ölkəyə hər səfərimdə məni axtarıb tapır və təkidlə radioya Azərbaycan dilində müsahibə verməyimi xahiş edirdi.

İlhami bəy özü isə mənimlə son görüşündə Şimali Makedoniyanın paytaxtında fəxri Azərbaycan konsulluğunun açılmasının zəruriliyini dilə gətirdi.

Akif Əhmədgil

İlhami Emin

Daşdan daha daş

Quru qərənfil

Budur bizim yükümüz

köksüz kökümüz

yoruq türküsü kimi quru

daşdan daha daş

susamadan daha susuz...

 

Can ilə tən bir dedin, yanına gül qoydular

Hər zərrə də günəş

Nəsimi

 

Tanrıyam dedin, yanına gəldilər

Dərini soyub, dağ təpəsinə sərdilər

Hər zəhər şəkərdir dedin, yanına gəldilər

İman ilə küfr bir, dedin, sözünü dəldilər.

Can ilə tən bir, dedin,

                        yanına gül qoydular

Məndə sığar iki cahan, dedin,

                        ikisini də oydular.

Azərbaycan dilinə uyğunlaşdıran: Anar

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!