Sabir Əhmədli - iki epoxanın yazarı - Elnarə AKİMOVA yazır - Elnarə AKİMOVA

I yazı

Elnarə AKİMOVA

 

Sabir Əhmədli Azərbaycan nəsrinin yeni meyarlarla qurulmasında, fərdi bədii ədaları ilə onun üslub, tipaj, problem və düşüncə yeniliyi səviyyəsində yenilənməsində əvəzsiz rolu olan yazıçılarımızdandır. Milli düşüncənin ən həssas məqamlarına toxunmaqda, cəmiyyətin yaralarını bədii təcəssümün predmeti etməkdə xüsusi yerə və dəyərə malikdir. 

1960-cı illərdən başlayaraq nəsrdə güclənən bir çox əlamətlər bir neçə yazıçının yaradıcılığında daha sərt boyalarla təzahür etdi ki, onlardan biri də Sabir Əhmədli idi. Qəhrəman olaraq seçilən adi insanların daha çox düşündürücü obraz qismində səciyyələndirilməsi, ailə-məişət mövzularına üstünlük verilərək mənəvi-əxlaqi məsuliyyət yükünün artırılması, romantikadan imtina edib əvəzində psixoloji dərinliyə meyillik, istehsalat aləmlərində robotlaşmış personajları cəmiyyət həyatının içərilərinə salıb onların individual, fərdi başlanğıca köklənmələrinə yol açması, təhkiyədə daha çox obrazlılığın və reallığın önə çəkilməsi kimi əlamətlər Sabir Əhmədli ustalığının hələ zahiri, görünən tərəfləridir. Görünməyən tərəfləri isə daha çoxdur və onun bir nasir kimi fərqliliyi bu tərəflərin səciyyəsindədir.

Hekayələri - yolun əvvəli. 1961-ci ildə çap olunan ilk kitabında yer almış beş hekayə ilə nəsrə yeni bir imzanın gəlişi bəlli olmuşdur. 1951-1963-cü illər arasındakı bir dönəmi çevrələyən bu mərhələdə Sabir Əhmədli "Poçtalyon" (1951), "Arabaçı" (1953), "Əsgər oğlan" (1955), "Bir payız axşamı" (1957), "Sevimli şəhər" (1958), "Murov" (1958) və başqa hekayələri ilə ədəbi tənqidin diqqətini cəlb etmişdir.

Yazıçı haqqında ilk məqalələrin müəllifi olan ədəbiyyatşünas alim İmamverdi Əbilov 1962-ci ildə onun "Azərbaycan" jurnalının 1961-ci ilin dekabr sayında çap olunan beş hekayəsi haqqında elə "Beş hekayə haqqında" adlandırdığı məqaləsində yazırdı: "Sabir Əhmədov seçdiyi mövzuya ürəksiz, laqeyd münasibət bəsləmir, gördüklərini, müşahidə etdiklərini saf-çürük edib bədii şəklə sala bilir, surətin daxili aləminə nüfuz etməyi bacarır, fərdin psixoloji vəziyyətini onun hərəkət və fəaliyyəti ilə, cəmiyyətdəki mövqeyi ilə şərtləndirir".

Sabir Əhmədli hələ ilk hekayələrindən başlayaraq təlim, tərbiyə, əxlaq, mənəviyyat məsələlərinə böyük önəm vermişdir. Təsadüfi deyil ki, ilk hekayələrindəki olaylar məktəbdə və onun ətrafında cərəyan etmiş, ilk qəhrəmanları müəllim, şagird olmuş, istedadın dəyərləndirilməsi, lovğalıq, eqoizm kimi insan xislətinin naqis tərəflərinin tənqidi kimi məsələlər kiçik mətnlərinin bədii təcəssüm predmeti olmuşdur. "Pərvazlandılar" hekayəsində özündən müştəbeh şagirdin xarakterindəki mənfi çalarların müəllim tərəfindən islah edilməsi, "Çinar odunun qoxusu"nda çürük ənənələrə üsyan, "Qurumuş meşənin nağılı"nda istedadlı insanlara yol açmaq, onların itib-batmasına yol verməmək, "Ova gedəndə, ovdan qayıdanda" hekayəsində saxta şöhrətpərəstliyin, əməyə əsaslanmayan yalançı lovğalığın tənqidi, "Oğul" hekayəsində müəllim işləyən şəxsin uzun illərdən sonra rayona dönüşü kimi problemlər diqqət mərkəzinə gətirilmişdir. O da maraqlıdır ki, Sabir Əhmədlinin başladığı bu yol sonradan daha şaxəli, daha sistemli və təkmil şəkildə davam tapmış, hekayələrindəki məktəb məkanı, müəllim obrazları institut və orda çalışan müəllimlər, rəhbər işçilərin canlandırılması ilə əvəz olunmuşdur. Həmçinin şəhərdən yurda dönüş edən qəhrəmanlar, mənəvi-əxlaqi baxımdan natamamlıq kompleksi yaşayan personajlar da yazıçının hekayələrindən romanlarına daxil olaraq daha qabarıq, daha iri planda görünməyə, cəlb olunmağa başladılar.

Sabir Əhmədlinin əsərləri hər şeydən öncə iki fərqli dünyagörüşün, iki fərqli dünyanın qarşı-qarşıya gəlməsi üzərində qurulub. Yeni və kohnə dünya qarşı-qarşıya gəlir, hətta dövrün tələbi olan inqilabi-sosial, inqilabi-tarixi motiv belə bu əsərlərdə ümumbəşəri ləyaqət və mənəviyyat problemi səviyyəsinə yüksəlir. Bir tərəfdə sənayeləşən, modernləşən dünya, digər tərəfdə isə insan əxlaqını bu yeniliyin pozucu təsirindən uzaq tutmağa çalışan qəhrəmanlar. Və bu paradoksal situasiyadan yan motivlər də şaxələnir: urbanizə prinsiplərinə assimilyasiya olunmuş insanların getdikcə ailə bağlarından, ənənələrdən qopması, modernləşən şəhərlilər, yadlaşan kəndlilər, bir də heç nəyə baxmayaraq, dəyərlərinə sadiq qəhrəmanlar.

İqtisadi inkişaf tempi yüksəldikcə, texniki nailiyyətlər artdıqca insanlar da sanki robotlaşır, mənəvi dəyərlər maddi-texniki dəyərlərə uduzur. Sabir Əhmədlinin məkan dairəsindən asilı olmayaraq, bütün əsərlərində harasa tələsən, kökü ilə bağları qopmaqda olan, duyğuları öləziyən və qəddarlaşan insan kütləsinə qarşı bir üsyan var. Sabir Əhmədli sanki yeni nəslin üzünə hopan laqeydlik ifadəsini söküb atmağa çalışır, milli kimliyindən uzaq düşməkdə olan fərdin konfliktini verirdi.

Müxtəlif simvol və metaforlarla, alleqorik yanaşmayla reallığı göstərir, arxetipləri statikliyin, dəyişməyin rəmzi olaraq nəsr məkanına daxil edirdi. Bu mənada, onun bütün əsərlərini "azıxa doğru" işarələmək daha doğru olardı. Əsəd Cahangir "Kitabi-Dədə Sabir" məqaləsində yazır: "Yazıçı hər şeyin əsasında duran mahiyyət kimi kişi başlanğıcını götürür və bu başlanğıca qayıtmaqla varlığın həqiqi mahiyyətinə dönüşün zəruriliyini ilk hekayələrindən tutmuş son romanlarına qədər bütün əsərlərində ardıcıl olaraq əsaslandırır".

Mühit və şəxsiyyət amili. Yazıçının nəsrə gətirdiyi yenilik cəhdi onun ilk növbədə, şəxsiyyət amilinə münasibətilə izah olunmalıdır. Sovet ideologiyasının hökmfərma olduğu ən qatı dönəmdə belə yazdığı əsərlərdə mövzudan, problemdən daha çox insanın fərd, şəxsiyyət olaraq şəxsi duyğularına istinad etməsi, daha çox qəhrəmanın psixologiya və mənəviyyat məsələlərinə önəm verməsi, onların davranış və əməllərinin bütün müsbət və mənfi tərəfləri ilə görüntülənməsi nəsrin yeni yaradıcılıq sferasında doğuluşunun göstəricisi idi. "Onun adı və imzası nəsrə gətirdiyi təfsilat və təfərrüatlarla bağlı olsa da, əsərləri "məişət realizmi"nin çərçivəsindən çox-çox kənara çıxır. Əslində burada da "məişətçilik" psixologizmin, açıq kinayə isə mətnaltı kədərin, yanğının ifadə usulu kimi meydana çıxır", - yazan ədəbiyyatşünas alim Yaşar Qarayev haqlı idi. Mətnaltı kədər və yanğı Sabir Əhmədlinin ilk əsərlərindən sona qədər müxtəlif mövzu materialında işləndi. İlk romanı olan "Aran"da Sabir Əhmədli partiya təşkilatı katibi olan Talıbın simasında müsbət və mənfi xüsusiyyətləri özündə cəmləyən partiya işçisi obrazı yaratmışdır. Sonralar "Görünməz dalğa" romanı ilə birləşdirilmiş "Aran" romanında nə sonluq xoşbəxtliklə bitirdi, nə də qəhrəmanlar müsbət səciyyəsi ilə seçilirdilər. Niyə? Sabir Əhmədli buna görə mühit faktorunu qabardırdı. İlk dəfə olaraq, insanın bədbəxtliyində ictimai-sosial mühitin rolu olduğunu önə çəkirdi. "Görünməz dalğa" Sabir Əhmədli üçün sosial mühitin özü idi. Yazıçının ilk tədqiqatçısı Fərhad Mədətovun kitabında oxuyuruq: "Ümumiyyətlə, əsərdəki surətlərin hamısının davranışında, hərəkətlərində, bir-birlərinə münasibətlərində, xarakterlərində həmin "görünməz dalğaların" mənfi təsiri hiss olunur. Əsas qəhramanların heç biri bu dalğalardan kənarda qala bilmir". Saxta plan doldurmaları, yeniliklə köhnəliyin arasında aparılan cəfəng, əsassız mübarizə, insanların öz əsillərini danaraq yadlaşması uğursuz yaşamlara, uğursuz ailə həyatlarına rəvac verən amillər idi. Yazıçı "görünməz dalğalar" deyərkən bunları nəzərdə tuturdu və o, görünməyən bu kimi nəsnələri görünən etməklə nəsrin idilliyadan gerçəyə, romantikadan reallığa doğru axınını dəyişirdi.

Sabir Əhmədlidən yazan əksər tədqiqatçılar onun əsərlərindəki mühit-qəhrəman amilinə həssaqlıqla yanaşmışlar. Əslində, yazıçının əsərlərini bu amildən kənar təhlilə cəlb etmək özünü tam doğrultmur. Nədən ki, Sabir Əhmədli üçün daim tənqid olunan, islah etməyə çalışdığı, eybəcərliklərini ifşa etdiyi iki tərəfin biri mühitdir, başlıca tərəfi mühitdir hətta. Mühit naqisdirsə heç bir inkişafdan, heç bir irəliləyişdən söhbət gedə bilməz.

Sabir Əhmədlinin əsərlərinə 60-70-ci illər nəslinin yaradıcılığı prizmasından baxılsa, ondakı yeniliyin dövrə nə qədər müxalif ruhda olduğunu görəcəyik. 1969-cu ildə yazdığı "Dünyanın arşını" romanında Cənub mövzusuna toxunub. "Yasaq edilmiş oyun" romanının mövzusu isə 37-ci il hadisələrindən götürülüb. Həmin illərdə ard-arda yaranan qəhrəmanlar - Anarın "Ağ liman"ındakı Nemət, Əkrəm Əylislinin "Adamlar və ağaclar"ının qəhrəmanı Sadıq, eləcə də Sabir Əhmədlinin "Aran" əsərindəki Talıb kimi obrazlar ənənəvi təhlilə və yozuma gəlmirdilər. Bu qəhrəman tipajı həyatı daha mənalı yaşamaq, insan ləyaqətilə ömür sürmək kimi fəlsəfi qənaəti və ovqatı daşıyırdı özündə.

"Aran" romanında köhnənin təmsilçiləri olan kolxoz sədri, mühasib və təhlükəli adam olan Yavuz Süleymanlı və yeniliyi təbliğ və müdafiə etməyə çalışan gənc qüvvələr - Hidayət, Talıb, Nargilə, pambıqçı qızlar üz-üzə qoyulur. Yeniliklərə qısqanclıqla yanaşılması, iki cəbhə arasında konfliktin dərinləşməsi iki fərqli dünyanın, dünyagörüşün konflikti kimi verilirdi əsərdə. Belə bir mübarizə yazıçının 1969-cu ildə yazdığı "Yamacda nişanə" povestində daha natural boyalarla nəsrə gətirilir. Xeyirlə şər, doğru ilə yalan, haqq və ədalətsizlik kimi ədəbiyyatın daim məşğul olduğu məsələlər "Yamacda nişanə" povestində daha kəskin qoyulmuşdur. Böyük ideallarla yaşayan, dəliqanlı, gənc Laçının faciəsi fonunda müəllif əslində mühitdə insana olan münasibəti mərkəzə gətirirdi. Laçın kimi doğru yolda olan və doğruları ilə yaşayan insanlar bu yolda olmayanlar üçün daim təhlükə mənbəyidirlər. Əsərin qəhrəmanına müxalif olan əslində rejimin özüdür, Həsənxanlar, milis rəisləri, hətta qardaşı belə rejimin ruporu səciyyəsi daşıyırlar. Amma az qala bir ordu qismində olan bu çoxluğa qarşı saflığı ilə müqavimət göstərməyə, içlərinə çaxnaşma salmağa Laçın adlı bir gənc bəs edir. "Yamacda nişanə" povestində qəhrəmanın təsviri ilə bağlı estetik, həssas rakurslar, dəqiq seçilmiş ritm, dinamika qərarlaşıb. Müəllif sabitliyi fərdin daxili müqavivət hissinə tabe edir.

Sabir Əhmədlinin əsərlərində monumentallıq əsərlərinin həcmi və əhatə dairəsinin vüsəti ilə ölçülməməlidir, əksinə belə bir yanaşma böyük ədibin yaradıcılığına münasibətdə haqsızlıq olardı. Onun əsərlərində əksinə reallığa yanaşmanın introvert üsulundan, yəni, daha çox iç təsvirlərinin dərinliyindən, metafizik başlanğıcın önə keçməsindən, daxili monoloqlara üstünlük verilməsindən bəhs etməliyik. Bədii təsvirlərdə daha çox milli koloritə köklənmək, milli mənəvi-əxlaqi dəyərlərə önəm vermək, problemlərə müasirlik prizmasından baxış vüsəti yazıçının üslubunun əsas xüsusiyyətlərindəndir. Sabir Əhmədlinin yazıçı kimi özəlliyindən digəri, qəhrəmanlarının xarakterini bir neçə detalda uğurla açması, təfsilata varmadan obrazın daxili aləminə işıq sala bilməsidir. Məsələn, müəllifin "Yamacda nişanə" povestində Laçının xarakterini ifadə etmək üçün ümumiləşdirdiyi bir neçə cümlə onu tip olaraq təsəvvür etməyə imkan yaradır: "Qorxsalar da, qorxmasalar da, sevsələr də, sevməsələr də, Laçın kiçik şəhərin bir ərköyün, dəlisov balası idi. Ərsəyə yetib, qənşərə çıxdığı gündən adamların üz-gözü ona elə öyrəşmişdi ki, buranı Laçınsız ağıllarına gətirə bilməzlər. Küçədə, dükanlarda, bazarda Laçın görünməsə, nə dükan dükandı, nə bazar bazar. Əlləri gah dalında, gah əsgərsayağı yanlarında yellənə-yellənə girirdi bazara... Yerişində, hərəkətində elə od, hərarət vardı ki, guya keçib havaya kibrit çəksən alovlanacaqdı". Yaxud "Dünyanın arşını" romanında əsərin qəhrəmanı Arifin Araz həsrəti və müəllifin bu həsrəti bir neçə kəlmə ilə təsvir etməsi həm yazıçının özünün Cənub ağrısını anlamağa, həm də həmin illərdə mövzunun nəsrdə işlənmə səviyyəsini sərgiləməyə imkan yaradır: "Mən bir üzü qırmızı, bir üzü sarı körpü daşlarını göz yaşlarımla yumaq istərdim. Alaq basmış nəhəng qəbirə bənzəyən torpaq körpüyə döşənib, o torpağı qucaqlamaq istərdim. Mən qan-qırmızı tuman-qofta geymiş elat qızlarını doğma bacımtək bağrıma basıb öpmək istərdim. Köçəri-tərəkəmə gözəllərini lap yaxından görüb, onların bizə necə bənzədiklərinə baxmaq istərdim. Mən heç bir zaman, ömrümdə heç bir vaxt doğma bacımın, yeganə əziz Bənövşənin həsrətini bunlar qədər çəkməmişdim".

Bakıdan doğma rayonuna gəlib, orada qohum-qardaşı, dost-tanışıyla birlikdə tətil keçirən və yenidən şəhərə qayıdan bir filosofun yol xatirələri təsiri bağışlayan "Dünyanın arşını" romanında qaldırılan məsələlər çox aktualdır. Dəyərlər pozulub, meyarlar dəyişib, artıq hər kəsin öz arşını var və əsərdə hər kəsin dünya düzəninə münasibətdə öz arşını ilə ölçmək prinsipi işləkdir. Mövzusu sadə həyat həqiqətləri üzərində qurulan bu romanda müəllif sosial mühitin olduqca dərin qatlarına nüfuz etməklə bu günün özündə belə heyrət doğuran cəsarət nümayiş etdirib. Necə olub ki, sovet inzibati nəzarət mexanizminin işlək və güclü olduğu bir dövrdə Sabir Əhmədli mühitə, onun gerçəklərinə bu qədər aydın baxış sərgiləyə bilmişdir?!.

Yazıçı Azad Qaradərəli yazır: "Onda inandığı Sovet quruluşuna qarşı bir şübhə yaranmışdı. Hətta o yeni düşüncəyə gəlib çıxmaqdaydı. Qorxulu düşüncəyə! O qədər qorxulu ki, bunu embrioloqların dili ilə deməyə məcbur idi: "Embrioloqlar maraqlı hal müşahidə etmişlər. Ayrı-ayrı üzvləri, hissələri yaradan hüceyrələr sonra birdən özləri ayrıca, müstəqil varlıqlara çevrilmək istəyirlər. Elə bil, dünyanın içində ayrıca dünyalar törənir. Əvvəlcə tamı yaratmaq, tamın hissəsi olmaq üçün könüllü birləşirlər, sonra özlərini itirdikdə elə bil ayılıb, ayrılmaq qəsdinə düşürlər. Qəribədir, hər birləşmədə ayrılmaq həsrəti, hər yüksəlişdə enmək ehtiyatı!" Təsəvvür edirsiniz? Bu sətirləri 1966-67-ci illərdə yazırsan və özün də Yazıçılar İttifaqının partiya təşkilat katibisən"!

Ailə bağlarının, insanların bir-birinə inamının, haqq sözün çəkisinin itirilməsini bədii boyalarla təcəssüm etdirən bu əsər XX əsr Azərbaycan romançılığının seçilmişləri sırasında qərarlaşır. Tənqidçi Vaqif Yusifli yazır: "Dünyanın arşını" Azərbaycan nəsrində öz fəlsəfi-publisistik yönü ilə seçilirdi. Zahirən bir rayonda baş verən hadisələri təsvir etsə də, əslində, problem əhatəli idi"... Romanda kənd və onun problemləri fonunda yazıçı ümumən bütün ölkənin neqativlərinə fokuslanırdı. Filosof Arifin cəmiyyətdə gedən proseslərə fəlsəfi baxışı, baş verən sosial-ictimai hadisələrlə bağlı mühakimələri onun həm də sosial mühitə qarşı üsyanı statusu alırdı. Roman kimi Haraylı kəndinin də adı simvolikdir. Bu əslində, problemlər içində qıvrılan, yaşamın acınacaqlı hala gəldiyi bir mühitin harayıdır. Yazıçı qəhrəmanın çıxışı əsasında şüur oyanışının labüd olacağını, kəndlinin öz hüquqlarını, haqlarını tanıyacaqları günün yetişəcəyini, öz müqəddəratını onun taleyi üçün cavabdeh ola biləcək şəxsə etibar etmək vacibliyini mətnaltı şəkildə işarələyirdi: "Filosof danışır, öz səsini eşidirdi. Kəlmələr guya xırda-xırda çınqıllardı, göləmi, çayamı düşürdü. Deyirdi:

- Camaatı dolandırmaq lazımdır, camaatı. Bilirsiniz, kənddə camaatın rəyi şox şeyi həll eləyir. (O, gözünün altınca sədrə baxdı, sədr də ona baxırdı.) Əvəllər bir qədər başqa cür idi, amma indi xalq… (yenə aramla başını çevirib sədri görmək istədi. Sədr solmuş, üzülmüşdü.) qətiyyən yol vermir ki, təsərrüfatın, kəndin taleyi onun başı üzərindən həll edilsin".

Kənd həyatının təsviri. Sabir Əhmədli kənd həyatına, kənd mühitinin təsvirinə xüsusi həssaslıqla yanaşmışdır. İlk qələm təcrübəsi olan "Arabaçı" hekayəsindən başlayaraq "Aran", "Gülmalı kişinin axırı", "Dünyanın arşını" romanlarına qədər kənd həyatının sosial-iqtisadi problemlərini bədii əsərlərinə gətirmişdir. Tənqidçi Qulu Xəlilov onun ilk yazdığı "Arabaçı" hekayəsinə işarə edərək yazırdı ki, "sonralar da Sabir Əhmədov öz sənət arabasından düşmədi, onu heç nəyə dəyişmədi. Araba sözün geniş mənasında kökə, torpağa, xalqa, onun mənəvi dünyasına bağlılıq rəmzi kimi yadda qaldı, daim təkmilləşdi".

Bunu bir neçə səbəblər əlaqələndirmək mümkündür. Əvvəla, yazıçı daha çox yaxşı tanıyıb bildiyi, mahiyyətinə bələd olduğu məqamları verməyə çalışırdı və bu, daha doğru yoldur. Böyük yazıçı Prust yazırdı ki, hiss haqqında düşüncəni hissin özündən fərqləndirmək lazımdır. Bu mənada, yazıçının daha çox mənən yaşadığı, içindən keçirdiyi təsvirlərə köklənməsi onun prosesləri daha çanlı, daha inandırıcı və koloritli boyalarla qələmə almasını şərtləndirir. Kənardan, haqqında danışırmış kimi bir təəssürat yaratmır. Bu mənada, Sabir Əhmədlinin kənd mühitini təsvirə çəkməsi qanunauyğun bir məsələ idi. Kənd mühitində yetişən bir fərd olaraq kəndin özəlliklərini təsvir etməkdə daha usta, daha mahir sayılırdı. Özü də dəfələrlə qeyd edibmiş ki, "Mən ədəbiyyata kitabdan deyil, həyatdan gələnlərdənəm". Əslində, fikrin "kitabdan gəlməyə" antitezis kimi işləndiyi bu məqamda müəlliflə mübahisə etmək də olar. Nədən ki, kitabdan gəlmək elə ədəbiyyata gəlməyin yoludur və bunu mütləq şəkildə həyat-kitab qarşıdurmasına çevirib üstünlüyü birinciyə vermək özünü doğrultmur. Böyük ədəbiyyatı, böyük əsərləri geniş mütaliəyə, dərin dünyagörüşə malik yazıçı yaradır. Həyatı tanımaq isə ona yuxarıda qeyd etdiyim kimi, "hissin özündən yazmaq" ustalığı üçün lazımdır.

Sabir Əhmədlinin kənd mühitindən yazmasının digər səbəbi o zamana qədər bu mövzunun daha çox işləkliyi, nəsrimizdə eninə boluna istifadəsi ilə əlaqədar idi. 20-30-cu illərdən başlayaraq milli nəsrimizdə elə bir yazıçı adı çəkmək mümkün deyil ki, kənddən yazmasın, orda gedən quruculuq işlərini, yenilənmə, maariflənmə ab-havasını təsvirə çəkməsin. Bu, dövrün tələbi idi, yazıçılar da hekayələrdən tutmuş romanlara qədər bütün janrlarda kənddəki hadisələrin təsvirinə maraqlı idilər. Amma Sabir Əhmədlinin, eləcə də həmin dövrdə nəsrdə qələm işlədən başqalarının fərqi nədə idi? Onlar kənddəki quruculuq işlərindən deyil, ondakı əyintilərdən, yarıtmaz hallardan bəhs edirdilər, daha çox insanı önə çəkir, onun daxili aləminin təlatümlərinə diqqət yönəldirdilər. Bu dəfə hadisəyə, qəhrəmana, mühitə yanaşmanın arifmetikası dəyişirdi. Bu vaxtadək nəsrdə haqqında uca səslə danışılan, müsbət dəyər kimi qələmə verilən amillər artıq artefakt səciyyəsi alırdı.

Sosial-psixoloji qatlara eniş. Sabir Əhmədlinin romanlarında yer alan qəhrəmanlar zamanla mənəvi müxalifətdə olan obrazlardır. Kimi sona qədər dirənib yaşayır, kimi isə fəal mübarizə aparmayıb təslim olurlar. Yazıçı bunu bəzən bir ailənin, bəzən də bir fərdin nümunəsində təqdim edir. "Aran", "Yasamal gölündə qayıqlar üzürdü", "Dünyanın arşını", "Yasaq edilmiş oyun", "Toğana" romanları sovet ideologiyasının çürük siyasətinin, alt qatda gizlənən qorxulu mahiyyətinin üzə çıxmış nümunələri kimi onun antihumanist mahiyyətinə tutulan güzgü idi. Məsələn, "Yasamal gölündə qayıqlar üzürdü" romanında idealın iflasını göstərməyə çalışmışdır və bu çöküş ruhunu qəhrəmanın oğlu və qızının, eləcə də Büllur obrazının nümunəsində ümumiləşdirmişdir. Həyatın amansız məngənəsi içində boğulan, axıra qədər davam gətirməyib təslim olan, mənəvi, ruhsal təmizliklərini qoruya bilməyən faciə qəhrəmanları. Sabir Əhmədli mühitin ziddiyyətlərlə dolu olduğu bu zamanda ideal həyat tərzinin çətin olması fikrini önə çəkirdi. Buna ancaq mənəvi müvazinəti güclü insanlar qadir ola bilərdi. Yazıçı Hikmət obrazında belə bir qəhrəmanın varlığı ilə əxlaqi deqradasiyaya meydan oxuyur, az da olsa mühitə qarşı dayanan qəhrəmanların varlığını önə çəkirdi. Heç nəyə baxmayaraq öz fərdiliyini qoruyub saxlamağı bacaran "Mən"! Yazıçının nəsrdə önə çəkdiyi əsas başlanğıc bu idi. "Yasamal gölündə qayıqlar üzürdü" romanında Büllurun son anının təsviri ilə bağlı belə bir epizod yer alır:

"Bu dəyərli, az tapılan sovqatın, yadigarın hər biri gətirildiyi gün yəqin uşağı-böyüyü əməllicə sevindirmiş, kiçik bir bayram olmuşdu. Bunlar görünəndi. Mücrülərdə, sandıqlarda, çamandanlarda, məxmər qutularda, qumaş düyünçələrdə, Billurun gizlincində daha nələri vardı, nə tanqah yatırdı, Allah bilirdi.

Kirimişcə baxışdılar.

- Bütün bu dəfinədə bircə şey çatmır.

- Mən.

- Sən!

- Mən olsam bunlar olmayacaqdı.

- Ən böyük sərvət ürəyin fərəhidi. Qalan hamısı heç-puçdu".

Suyu qalxan Yasamal gölü və dəyərlərindən əl çəkməyən, bataqlığa, çirkaba bulaşmayan qəhrəmanlar romanda simvolik planda birləşir, sabaha daha inamlı bir baxış formalaşdırırdılar. Ümumiyyətlə, Sabir Əhmədli yaradıcılığında alt qata meyillilik, fikrin sətiraltı formada inikası, simvolik şəkildə təqdimi əsas yer tutur. Bunu yazıçının tədqiqatçısı Ruhiyyə Nağıyeva da öz əsərində qeyd edib: "Sabir Əhmədov qəhrəman və mühit probleminin bədii həllinə çalışarkən eyham, mətnaltı ifadə, bədii detal, metafora, simvolik obraz və sairdən məharətlə istifadə edir. Biz bunu "Yasamal gölündə qayıqlar üzürdü" romandakı tabut, quruyan göl, "Yaşıl teatr" əsərindəki oyuncaqlar, heyvanxana, "Qanköçürmə stansiyası" povestindəki kəsilən buğa, "Yasaq edilmiş oyun" romanındakı uşaq oyunu, "Toğana" romanındakı yetim dana, sürüdən ayrılmış quzu, "Azıxa doğru" romanındakı mağara, "Aran" romanındakı pambıq sahəsi və s. təsvirlərində daha aydın görürük".

Sabir Əhmədlinin əksər əsərlərinin qəhrəmanları ziyalılardır. Cəmiyyətin intellektual kəsimi. Yazıçı niyə əksər qəhrəmanlarını bu dairədən seçir? Düşünən beyinlər daha uzaqgörən olmalı, mühitdəki naqislik dalğasını yarmağa, eybəcərlikləri dəf etməyə digərlərindən daha artıq səy göstəməlidir..., - bunumu təlqin eləmək istəyirdi?! Bəs bu zümrənin özü naqis olanda, öz içindən çürüyəndə necə, ümidsizliyə yol açılmırdımı? "Dünyanın arşını", "Toğana", "Yasamal gölündə qayıqlar üzürdü" romanlarının qəhrəmanları filosof Arif, Adil, Mayis, Hikmət, eləcə də "Aran", "Gedənlərin qayıtmağı", "Dünyanın arşını", "Yaşıl teatr" kimi romanların qəhrəmanları daha çox islah etməyə çalışır, bunu görməyəndə ümidsizliyə uğrayırdılar.

Bütün hallarda yazıçı kolliziyada olan qəhrəman tiplərini üz-üzə qoyurdu. "Toğana" romanında məsələn, konflikt mənəviyyatla mənəviyyatsızlıq, maddiyatçılıq arasındadır. Azərbaycan ziyalılarını mənəvi-psixoloji çirkabdan xilas etmək istəyən Adillə Mayis, cinayət işləri üzrə mütəxəssis olan, hiyləgər, maddiyyat düşkünü Fatehlə vuruşur.

Yaxud "Yasamal gölündə qayıqlar üzürdü" romanında şöhrət qazansa belə sadəliyindən, ləyaqətli həyat tərzindən uzaq düşməyən Hikmət hiyləgər, saxtakar Səlimlərə, meşşan həyat tərzi keçirən Billurlara qarşı sonadək müqavimət göstərir. Hətta ailəsində belə mənəvi disharmoniya hökm sürürsə, qəhrəmanın hansı boğucu şəraitdə fəaliyyət göstərməsini təsəvvür etmək çətin olmur.

Sabir Əhmədlinin ziyalı həyatını təsvirə çəkən digər "Azıxa doğru", "Toğana" romanlarında da eyni yarıtmaz aqibət yaşanır. "Toğana" romanında mühitin naqisliyi qəhrəmanın daxili monoloqunda belə təsvir edilir: "İnsan hər gün əl-üzünü yuyur. Həftədə bir-iki dəfə də hamama gedir. Bu, təmizlikdir. Bəs adamın içərisini, daxili nə yuyur? Axı, insanın ruh və mənəvi varlığı da pas atıb, qrum bağlayır. Bundan, əl-üzünün yuyulmadığından daha artıq ziyan çəkər və ziyan törədər. Bunun üçün ən yaxşı vasitə təbiətin qoynudur".

Bu romanda artıq təbiət-cəmiyyət qarşıdurmasının bütün tərəfləri göstərilir, müəllif təbiətin insan həyatında təmizləyici rolunu qəhrəmanı Adil müəllimin düşüncələrində, onun Mayısla dialoqunda üzə çıxarır. İnsan yalnız mənəvi təmizliyi ilə təbiətdəki yerinə, başlanğıcdakı ilahi saflığına qayıda bilər, yalnız onunla qaynayıb qarışdıqda ruhsal müvazinətini bərpa etməsi mümkündür.

Urbanizasiya problemi. Sabir Əhmədlinin "Toğana"sı urbanizasiya məsələsini ciddi şəkildə nəsrə gətirən romandır. Rəngarəng, çəkici meqapolis mənzərələri, yoxsa kənd dəyərləri, huzur, saflıq amili? Psixologiya üzrə alim olan Adil müəllimin düşüncələri əsasında oxucu Toğana yaylasında dincələn üç ailənin daxili ailəmi ilə tanış olur. İnsan həyatını asanlaşdıran elmi-texniki inqilab, yoxsa mənəviyyat? Bütün hallarda dəyərlərini itirməyən, mənəvi keyfiyyətlərindən uzaqlaşmayan insanlıq! Onu qorumaq hər nə qədər çətin və məşəqqətli olsa da: "Eh rəhmətliyin oğlu, nə qoyub nə axtarırsan. Hanı üstündə bircə ləkəsi olmayan mütləq ləyaqət, mənəvi yüksəklik? Mütləq heç nə yoxdur. Mən sənə nisbətən yaxşıyam, sən o birinə nisbətən şükürlüsən. Hamı bu nisbətdədi".

Sabir Əhmədlinin əksər əsərləri urbanizasiya prizmasından, torpağa, kəndə, doğma yurda bağlılıq aspektinin qabardılması amilindən dəyərləndirilə bilər. Amma həmin dövrün bir qism yazıçılarından fərqli olaraq, Sabir Əhmədli bütün sosial bəlaları, əxlaqsızlığı, mənəviyyatsızlığı urbanizasiya ilə əlaqələndirmir. Ona görə kəndin və kəndlinin problemlərinin kökündə şəhər və şəhərli amili dayanmır. Belə bir mövqeni milli prozamızda İsa Hüseynov, İsi Məlikzadə, Sabir Azəri və başqalarının yaradıcıllığında da müşahidə etmək mümkündür. Sabir Əhmədli üçün kənddən şəhərə axın etmək məsələsi, təbiətin insan mənəviyyatında təmizləyisi funksiyası ön planda olsa da ümumən, insan xislətinin naqisliyi onun özünün çatışmazlığı kimi dəyərləndirilir. Belə bir çatışmazlığa isə rəvac verən sosial problemlərin şəhərlə birlikdə kəndi də çevrələməsidir.

Yazıçının "Azıxa doğru" romanı fikirlərimizə sübutdur. Roman qəhrəmanı Valeh kənddən şəhərə üz tutur və yaşının yetkin çağlarında yenidən geri dönür. Yazıçı müxtəlif zaman mərhələlərini irəli-geridönüm sıçrayışları ilə eyni bədii müstəviyə gətirir. Yaşanan ömür, keçmişin həsrəti və gələcəklə bağlı arzu və xəyallar. Romantik düşüncəli Valeh şəhərdən yorulub, onun səs-küylü həyatından qaçıb kəndə sığınmaq niyyətini romanın əvvəlində dostu ilə olan qısa dialoqu sərgiləyir:

"- Maşallah, yaxşısan. Lap oğlan kimisən. Elə burdanca təyyarəyə minib birbaşa Soçiyə, Moskvaya uça bilərsən.

- Hə, sən də yaxşısan. Nə olub sənə?

- Üzülmüşük əşi, biz. Şəhər üzüb. Yorulmuşuq".

Bu əsərlərdə ümumən insan darıxır, nə şəhərin urbanist təhnalığında, nə də kəndin statik ab-havasında özünü tapa bilmir. "Azıxa doğru" romanında olduğu kimi. Belə bir qarşıdurmada yazıçı seçim olaraq qəhrəmanını şəhərdən kəndə, ordan da azıxa - mağaraya doğru meyilləndirməklə modernləşən dünyanın ifrat tələbləri ilə qədim yaşayış tərzindəki minimalizmi üz-üzə gətirir. Bu yerdə Platonun "Mağara haqda mif" alleqoriyasını xatırlamamaq olmur. Mətnin məzmununa görə, mağarada zəncirlənən insanlar üçün mağaradan kənar reallıq yoxdur. "Real dünyadan onlara sadəcə dumanlı kölgələr gəlib çatır" və bu insanlar yalnız o kölgələri vahid gerçəklik hesab edirlər.

Valeh kəndə qayıtmaq istəyir, qayıdır da. Ancaq kənd onun qoyub gəldiyi kimidirmi? Məgər sürətli dəyişimlər, elmi-texniki inqilabların dalğası, sürətlə gedən mənəvi aşınma kəndə də gəlib çatmayıbmı? Yenə də sistemin, mühitin naqisliyi. Valeh müəllim halallıqla, öz qazancı hesabına kənddə ev tikmək istəyir. Ancaq jurnalist kimi bir-iki yazı yazmaqla bu işin mümkün olmayacağını anlayır. Dostu, qardaşlığı, eləcə də digər yaxınları Valeh müəllimə ev tikməkdə, yurd salmaqda hər bir köməklik edəcəklərini söz versələr də praktiki olaraq heç bir iş görmürlər. Yazıçı kənddəki pozulan mənəviyyatı raykom katibi Balayev obrazında ümumiləşdirmişdir. Yenə də kolliziya, yenə də üz-üzə qoyulan dəyərlər. Bu dəfə raykom katibi Balayevlə toqquşan Valehdir, sadə kəndli, qarovulçu Orucdur.

Valeh müəllim rejim qanunlarının hakim olduğu bütün dairələrdə, bütün ərazilərdə naqisliyin epidemiya kimi yayıldığını, insanların mənfəətpərəst, riyakar olduğunu görür. Ona görə də kəndin yaxınlığındakı sakit bir guşəyə ? Azığ mağarasına çəkilir. "Azıxa doğru" romanının urbanist mühitdən cana doymuş qəhrəmanının doğma yurda gəlişinin Azıx mağarasına - ən qədim insan məskəninə səyahətlə sonuclanması müəllifin "nicat ilkinlikdədir" kimi romantik qənaətindən qidalanır" (Təyyar Salamoğlu).

Valeh müəllim öz qərarsızlığı ucbatından heç yerdə yurd sala bilmir. Nə şəhərdə, nə də kənddə. Bu mənada, yazıçının onu Azıx mağarasına yönləndirməsi sıradan məqam sayılmamalıdır. Bu, həm də insan oğluna düşünmək, ibrət üçün seçilən mənəvi ərazidir. Doğulduğu yurdun qədrini bilməsi, onun tərk edib başqa məkanlara üz tutmaması üçün özünüdərk təlimidir. Bu mənada, ədəbiyyatşünas tənqidçi Akif Hüseynlinin qənaətləri dəqiqdir: "Azıxa doğru! - biz bunu belə qavrayırıq ki, yəni tariximizi tanımağa, torpağımızın qədimliyini duymağa, xalqımızın varlığına qovuşmağa doğru! Azıxa doğru! - yəni mənəvi simamızı mühafizə etməyə, yurdumuzu - məskənimizi qəlbimizdə ucaltmağa, onun şamını-çırağını həmişə alışdırmağa doğru!".

Sabir Əhmədlinin povestlərində yaratdığı qəhrəmanlar daha üsyankar ruhu ilə seçilirlər. "Yamacda nişanə" povestinin qəhrəmanı Laçın, "Qanköçürmə stansiyası"nın qəhrəmanı Hüsən kimi. Bu qəhrəmanlar, xüsusilə Hüsən obrazı ilə müəllif mühitin ağır basqıları altında əzilən bir obraz yaratmış, mühitin rəzilliklərini, insan qanına susayan dəllalları, qanını pula satıb sonra həmin pulla araq alıb içən əyyaşları, qəssab işləyən qəhrəmanın həyatı, fərqli düşüncə tərzinı prozaik müstəviyə gətirmişdir. Sabir Əhmədlinin əsərlərini istər ictimai-sosial qayəsi və prinsipləri, istərsə də bədii sənətkarlıq səviyyəsi ilə ciddi yaradıcılıq nümunəsi hesab edən ədəbiyyatşünas alim Kamil Vəli Nərimanoğlu qeyd edir: "Qanköçürmə stansiyası"nda məlum sosial bəlanın "bədii-psixoloji mənzərəsi o qədər ustalıqla verilmişdir ki, yalnız sovet cəmiyyəti üçün deyil, bütün totalitar cəmiyyətlər üçün dəhşətli bir mənzərə olan "Qanköçürmə stansiyası" örnək kimi, sənət nümunəsi kimi yaşayacaq".

***

Gördüyümüz kimi, Sabir Əhmədli 50-ci illərin sonu, 60-cı illərin əvvəllərində yazdığı hekayələr və "Aran" roman ilə əməkçi insanı əsas obraza çevirdi. 80-ci illərdə yazıçının yaradıcılığında başqa mühüm keyfiyyətlər önə keçdi. Urbanizasiya problemləri, sosial-psixoloji dərinliyə meyil, ziyalı, intelektual obrazların hiss, düşüncə aləmlərinin təsviri ilə sosial mühitin reallıqlarını açıb göstərmək təmayülü işlək oldu. Sabir Əhmədlinin 90-cı illər yaradıcılığı isə onun milli-azadlıq hərəkatına, Qarabağ münaqişəsinə, metafizik başlanğıca müraciəti ilə dolğunluq qazandı, dəyişən zaman və mühit kontekstində qəhrəmanın həyata, cəmiyyətə ümumbəşəri dəyərlər prizmasından yanaşması dünyadərk məqamı kimi mənalandı, varlıq və yoxluq hüdudunda hərəkətə gələn ruhun ucalıq səviyyəsi nəsrimizin yeni estetik dəyər və ümumbəşəri çalar kəsb etməsinə yol açdı. Bu haqda artıq növbəti yazımızda...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!