Başdaşı nağılı - Tehran Əlişanoğlu yazır

Səyyad Aranın «Başdaşı» romanı üzərinə

 

Bu gün hər cür müharibə ritorikasının kəskin, yeni bir dalğaya keçdiyi dəmdə biz hələ də Birinci Qarabağ müharibəsinin səhifələrini vərəqləməkdəyiz. Gecikmişikmi? Bəlkə ona görə ki, o müharibədə acı məğlubiyyətimiz böyük bir başdaşı - qaxınc olaraq uzandıqca uzanan nəhəng kölgəsini hələ də üstümüzdən çəkməmişdir? Ya Şərəf mənzilimiz bildiyimiz şəhid Başdaşlarının ucaldıqca ucalan, əlçatmaz, ünyetməz ülviyyətinə sığındıqca sıxılır, özümüzü bilməz, tanımaz oluruq...

İlk etirazım Səyyad Aranın yeni yazdığı romanın adına oldu. "Başdaşı" (Bakı, "Elm və təhsil", 2020). Əcəba, belə də roman adı olurmu?! Quruca, heç nə deməyən, heç hara çəkməyən donmuş daş sükutu, həyat yox məzar atributu. Dekadansmı ya?! Amma oxuduqca, bir qədər qəribə, diksindirici, fəqət sırf realist: əldən-ələ, eldən-elə gəzib Vətən torpağında əbədi uyumuş şəhid məzarına heç vəch qovuşa bilməyən Başdaşı əhvalatına diqqət kəsildikcə, şübhən də tam kəsilir; romanın adı elə budur - Başdaşı.

Fabula belədir ki, Cəbrayılın Sirik kəndindən, böyük şücaət göstərib şəhid olmuş "topçu Qürbət"ə atası Səməndər Gəncədə dostu usta Ağabalaya layiqli başdaşı düzəltdirib gətizdirir. Qəfil erməni hücumu nəticəsində kənd qaçqın düşərkən, sonradan məzara qoymaq niyyətilə ailə başdaşını da götürür. Əvvəlcə Beyləqanda xəstəxana həyətində, sonra İmişlidə çadır düşərgəsində, daha sonra Bakıda "soraqlaşa-soraqlaşa Binəqədinin Cantəpə deyilən səmti"ndə çətinliklə binə yuvalayan ailənin qaçqınlıq keşməkeşlərinə, üstəlik ayrıla bilmədikləri, sevgisinə sığındıqları Başdaşının faciə ardınca faciələr gətirən sərgüzəştləri də qarışır. Ta ki, "Azərbaycanın bütün ərazilərinə səpələnmiş cəbrayıllı qaçqınların Binəqədinin Cantəpə deyilən ərazisində əsası qoyulan daha bir qəbiristanlığı"nda "neçə vaxtdan bəri Sirikdən, Cəbrayıldan, Beyləqandan, İmişlidən, Bakıdan belə onlarla yol gələn başdaşının ata məzarı ilə yanaşı, eləcə torpağın üstündə" yerini araması, tapınacağınacan... 

Ağlasığmaz, az inandıcı görünür, deyilmi?! Gəl ki, o uzaq 1990-ların əvvəllərindən bizim acı məğlubiyyətimizdə nə inandırıcıdır ki?; istəyirsən sevincdən, istəyirsən qəmdən yaz, absurd, realist, romantik, detektiv, ya magik yaz. Səyyad Aran romanda "acı məğlubiyyətimiz"i bir ailə xronikası üzərində yazır: Səməndər, Nübar - ata-ana, övladlar - Səlahət, Qürbət, Camal, Münəvvər, Minarə...

Ən acı tale bacı sevgisindən nəşət edir: "- Ağabala əmi, səni and verirəm Allaha, elə et ki, Qürbətin də başdaşı... - oğlununku kimi çıxsın... - son anda dilinin ucundan qaytardı - isbatlı çıxsın, belə... baxanda hamı canlı Qürbəti görsün... Qranatomyot şəkli də olsun... Bir də açıq məktub... "Sevgilim Sevda" sözləri aydın oxunsun. Onun məktubunu da gətirmişəm ki, xəttini oxşada biləsiz..." Qardaşa məhəbbət azərbaycanlı ailə mentallığının zərif damarıdır; Minarənin timsalında romanda biz bunun incə təfərrüatlarını görürük; qardaşının istisini aldığı başdaşının altında qalıb şikəst olan, ayağını dizdən aşağı itirən Minarənin çılğın duyğuları onu intihara qədər sürükləyir: "Məni qınamayın. Hər şeyi ölçüb-biçib özüm belə qərar verdim. Əslində, mən də Qürbətlə eyni gündə basdırılmalıydım. Bilirsiz ki, onsuz həyat mənə çox mənasız idi. Hələ artıq yaşadım...".

Başdaşının zərbəsi böyük bacı Münəvvərdən də yan keçmir: "Sarğısını dəyişəndə üzünün sıyrıntılarının ağrısı əvvəlki ilə müqayisədə azalmışdı. Sol yanağına nisbətən sağ yanağı ət xallarının ucbatından digirt-digirt görünürdü. Bu hal Münəvvəri vahimələndirdi..." və mətndə ən az görünsə də onun bu vəhmini roman boyu hiss edir, əyani duyuruq...      

Başdaşının xətər yetirdiyi növbəti "qurban" - kiçik qardaş Camaldır. Düşmən mərmisinin köç arabasını qəfil aşırması ilə başdaşının altında qalmış barmaqlarından olur: "Səməndər qızını qucağına alıb ağlaya-ağlaya yola düzəldi. Nübar saçını yolurdu. Münəvvərin üzünün qanı bayaqdan axırdı, yaylığı teyxa qan idi, sifətinin qan axan yerinə basıb saxladı, donunun ətəyindən bir şırım cırıb yaylığın üstündən köndələninə sarıdı. Sifəti göyüm-göyüm göynəyirdi. Amma bacısının halını görüb öz ağrılarının fərqinə varmırdı. Camalın da barmaqları bərk əzilmişdi, ancaq o da bacısına görə ağrısını bildirmirdi...". Tale "müharibə uşaqları"nı aciz, ələbaxımlı edir: "Yenə Camalın barmaqları kəsilməsəydi... Bəzən yoldan keçənlər, "a bala ordan iki çöp kabab gətir", - deyəndə əlüstü qaça-qaça yuxanın arasında kababı aparanda müştərilər ya yazığı gəldiyindən - barmaqlarını görüb - ya uşağın canıyananlığından, şirindilliyindən, - nuş canınız, əmi, bibi, Allah sizi saxlasın! - qəpik-quruş verirdilər. Üst-üstə yığılanda bir-iki manata qalxırdı, bəzən bundan da artıq... Evə qayıdanda aldığı əlli qəpiklik iri kömbə çörək ailədə minnətdarlıqla qarşılanırdı. Nübar oğlunun başını tumarlayıb, kədər qarışıq sevinclə, gözləri yaşarmış halda deyirdi: - Səni verənə min şükür! Oğul doğulduğu gündən oğuldur... Dayanın bir, qoy hələ Səlahət də gəlsin. Onda vəziyyətimiz lap yaxşı olacaq...".

Böyük qardaş Səlahətin hekayəsi bir qədər başqadır; ön cəbhədə döyüşdə olan Səlahət ailənin çıxılmaz durumunu yalnız bir günlük ezamiyyəti zamanı bilir: "Dərddən başını qanırıb brezentə söykədi, gözlərini yumdu, fikrə getdi. Bu şəraitə sanki özü baiskarmış kimi, xəcalətindən gözlərini açıb valideynlərinə baxa bilmirdi, elə bil hər şeydə günahkar idi. Elə beləcə də yuxuya getdi..." Səlahətin böyük müharibədən müsibət payı daha sonralar, ləyaqətlə vuruşub "İgidliyə görə!" medalı ilə, lakin kontuziyalı döndükdən sonra, düşərgənin "qudurğan"ı Xasay tərəfindən döyülüb, şil-küt olunması ilə başlayır: "Camaat arasında ikitirəlik yarandı. Səlahəti müdafiə edənlərlə yanaşı, qınayanlar da vardı: -Yaxşı deyil axı. Xasay da özünə görə hörmətli bir adamdı. "Qudurmusan" nə sözdü? Xeyir-şərdə hamımızın əlindən tutur. İmişlinin bütün vəzifə sahibləri ilə dostdur. Nə xahiş edirsə, o saat yerinə yetirirlər. Rayon boyda hörməti var. O boyda kişini fitlə çağırır. İtdi, ya heyvandı? Özüm də utanıram e, belə danışmağıma. Onsuz da Allah bizi vurub da. Tay özümüz özümüzü niyə qırırıq?".

Başdaşının ən böyük ağrısı-ağırlığı, şəksiz ki, Səməndərin üzərinə düşür. Həməncə "neçə vaxtdan bəri Sirikdən, Cəbrayıldan, Beyləqandan, İmişlidən, Bakıdan belə onlarla yol gələn başdaşı"nın trayektoriyası ilə, sınmış külfətinin yükünü çəkən, özünü yerə-göyə vuran odur: "Səməndər kişi çox çırpınırdı. Hey Allaha yalvarırdı ki, ailəsinin başını soxmağa bir dam qaraltsın, arvad-uşaq çöldən yığışsın. Ömrünün sanılı günlərinin qaldığını yaxşı bilirdi. Deyəsən, ulu Yaradan da bəndəsinə elə buna görə toxunmurdu. Çünki Səməndər bütün günü burdan-ora, ordan-bura çovuyurdu...". Ta ki, son mənziləcən, bu dünyanın "xəcalətindən qurtulub", "Binəqədinin Cantəpə deyilən ərazisində" oğul başdaşı ilə yanaşı "daha bir qəbiristanlığın əsası"nı qoyanacan: "- A kişi, get burdan, yoxsa səni də oğlunun gününə salaram. Başınızdan böyük qələt eləməyin. Yerinizi bilin...". Olum, ya ölüm: "- Arvad, əgər mən tez ölsəm, Qürbətin başdaşını mənim üstümə qoydurarsan, desələr bu nə deməkdir, denən kişinin öz vəsiyyətidir... Sən məndən əvvəl ölsən, başdaşını sənin qəbrinin üstünə qoyduracam. Hamıya da özüm cavab verəcəm...". Arzuya bax, sevgilim... Olurmu, ya?!

Və bir də Nübar; hər dərdə dözən, birisini itirəndə digər övladları xatirinə dözməli olan, Allaha təvəkkül, duasını, təsəllisini bol-bol edən Azərbaycan anası... "Birini əlimdən aldın, şükür məsləhətinə, işinə qarışmıram, qələt elərəm , məsləhət sənindir. O biri - böyük uşaq Murovda sitilləyə-sitilləyə, bir qarnı ac, bir qarnı tox, əsgərliyini çəkir, evə gəlməkdən, Minarəni görməkdən ötrü ləlik olub, komandiri icazə vermir, deyir filan qədər pul gətir, hanı, var ki, tapıb verək? Evim tar-mar oldu, isti ocağımdan oldum, evimdə xanım kimi yaşayırdım, heç nədən ehtiyacım yox idi, indi toyuğun altını güdürəm, görüm nə vaxt yumurtlayacaq, teksun yağına çalıb Camala yedizdirim, getsin dursun Bəhrəmtəpə yolunda, görsün kimə gərək olar, bəlkə beş-on qəpik pul qazansın. Ürəyim partdayır...". 

Oxucunu bol-bol maraqlandırmağa çalışdığım sitatlardan da göründüyü kimi, "Başdaşı" ağır bir ballada təsiri bağışlayır.  Hərçənd Səyyad Aran cidd-cəhdlə mətni romanlaşdırmağa çalışır. "Yaxınlıqlarındakı erməni kəndi" "bir-iki kilometrlikdədir" və bu da Siriki istər-istəməz özünümüdafiəyə sövq etmişdir. Yəhya kişinin "Yerevandan gələn saqqallılar"ın əlinə keçməsi və qaçmağa nail olması; xaraktercə uşaq, əməlcə hünərvər "topçu Qürbət"in, qardaşı Səlahətin döyüş şücaətləri; qəfil erməni hücumu, kəndin köç etməsi, Beyləqan hərbi hospitalının həyətindəki mərəkə və s. epizodlar mətnə bilavasitə müharibə səhnələrini gətirir. 1992-ci ildir, hər cür gözlənilməz, absurd hadisələr də baş verir; yuxarı komandanlığın əmri ilə "Hiltəpədəki çox vacib mövqelərini tərk etməyə" məcbur əsgəri hissələr, "onlara görə arın-arxayın, əkin-biçinlə məşğul olan, heyvanlarını ürəklə örüşə buraxan kənd camaatı"yla üz-üzə gəlməli olur, yalnız hərbi sursat saxladıqdan sonra üzülüşə bilirlər. Yaxud başqa bir absurd, Səlahətin komandiri əsgərləri yalnız şirinlik, sovqat müqabilində evə buraxır: "Karton qutunun içində iki araq şüşəsiydi, düzdü, bahalı deyildi. Evdə bişirilmiş şirin kömbələr, iki soyutma çolpa, bir az konfet, bir az da mer-meyvə... Allah verəndən... Amma bunlar komandiri açmamışdı. Narazılığı açıq-aşkar duyulurdu. Deyəsən, icazə verməyinə peşman olmuşdu. Belə gözləmirmiş. - Utanım yerinə! Ə, çavuş, bunu göndər naryada...".

Romanda ürəkçəkici, tükürpədən, çox az qələmin gücü yetəsi qotik təsvirlər də yer alır. Kənd oğullarının minaya düşüb tikə-parça olması və meyitlərin alınıb-basdırılması mənzərəsi yazıçıdan sadəcə ustalıq deyil, həm də korrekt əxlaqi yanaşma, dürüst çalarlar istəyir: "Brezentin ucunu kənara atdı. Əvvəl heç nə anlamadı. Sanki naşı qəssab köntöy baltası ilə cəmdəkləri şaqqalayıb üst-üstə yığmışdı. Polkovnik son gücünü toplayıb izahat verdi: "-Minaya düşüblər..." Birdən arvada hər şey əyan oldu. Əlini başına atmağıyla iki çəngə saçı havada uçdu: -  Aaaz, ay arvadlar, ay başı daşdılar, balalarımız İmam Hüseyn balaları kimi tikə-parça olublar. Oyyy, Allah, ölərəm, ölərəm, qalmaram. Daş yağdır, ay tanrı... - özünü meyitlərin üstünə atdı, üz-gözü al qana boyandı. Elə bir vay-şivən qopdu ki, yer göyə, göy yerə dəydi...". 

Bizim hələ də bitməmiş Birinci Qarabağ müharibəsi haqqında köklü əsərlərimiz var. Ya vurğunu bilavasitə amansız döyüş həqiqətlərinə, xalq mübarizəsinə, ölüm-qalım savaşına salmaqla (məsələn, Aqil Abbasın "Dolu" romanı kimi), yaxud da müharibə sonu həqiqətlər - qaçqınlıq mənzərələri, acılarına (məsələn, Elçinin "Bayraqdar"ı, "Qarabağ şikəstəsi"), doğurduğu dərin sosial kataklizmlərə (məsələn, Şərif Ağayarın "Gülüstan" romanı) açılmaqla. Bəlkə də buna görə, nə qədər mahir təsvir olunsa da, romanda bu və ya digər "müharibə sitatları"na çox da aşina olmayıb, hər dəfə balladaya qayıtmaq, Başdaşı imtahanının sonunu bilmək istəyirsən...

"Başdaşı sizin ailənin qənimi kəsilib ki..." Nədən? Bu sualı Səməndər də verir. "-Allah, bu nə işiydi düşdük?! Günahımız nəyidi, ay tanrı? Niyə elimizdən, yurdumuzdan sərgərdan düşməliyik, niyə bu cəzirənin çölündə yesir günə qalmalıyıq? - Səməndər üzünü göyə tutub üsyan etdi". "Günah" kompleksini günahsız Nübar da yaşayır: "Nübar bütün həyatını dönə-dönə gözləri önünə gətirir, harada səhv etdiyini, nə günah işlətdiyini, kimin qəlbinə dəydiyini, kimi qapısından naümid qaytardığını xatırlamaq istəsə də yadına heç nə düşmürdü. "Ey yerin-göyün yiyəsi, ya məni öldür, ya da balalarıma rəhm elə. Nə pürçümüm olub? Səməndərdən başqa hələ bir kişinin əli əlimə dəyməyib, naməhrəm gözünə baxmamışam, şit hərəkət eləməmişəm, adıma heç vaxt gül qədərincə söz elətdirməmişəm. Məni niyə belə imtahana çəkirsən? Vallah, balalarım da heç kimin toyuğuna daş atmayıb. Sənin özünə əyandı ki, Səməndərin övladları kənddə, elə yaxın mahallarda da adnandı..." Və nədən bu "günah" payından sonrakı nəslə də pay düşməliymiş: "Vəziyyəti götür-qoy etdikcə Səlahətin ürəyi yanırdı. O da anası Nübar kimi üzünü göylərə tutub nə günahın sahibi olduqlarını, başlarına niyə belə fəlakət gəldiyini soruşur, göylər isə mübhəm-mübhəm susurdu...". Bu mübhəmlik, sirr bütünlükdə roman xronotopuna hakim kəsilərək, sonacan oxucunu da düşündürür: - Nədən? Məgər ki, Birinci Qarabağ savaşında acı məğlubiyyətimizin hansısa bir sirri varmıdır?! 

Başdaşı romanda canlı təsvir olunmuşdur: "Gördüün, qayıdıb gəldim". Hələ bir gülümsədi də. Amma Minarə bu təbəssümü görmədi. Qürbətin içində - heykəlin içində elə bil nəsə qırıldı..." Gah sifətinə təbəssüm qonan başdaşı gah da məyus olur: "Gedin, gedin. Mən indi kimə lazımam ki. Camaat bir yana, doğma ata-anam da məndən bezib deyəsən. Hamıya yer tapıldı, məndən başqa. Mən indi bir daş parçasıyam. Adım da pis səslənir: başdaşı"; şikayətlənir: "Başdaşı peşman və pəjmürdə görünüşü ilə heç kimə baxmaq istəmirdi. Hisin, pasın, çirkin içindəydi. Əli-ətəyi yağa bulaşmışdı. Üfunətli suyun, palçığın içində ürəyi partlayırdı: - Dədə, niyə gec gəldin?...". 

O qədər canlı ki, bütünlükdə ailəni əsir-yesirinə çevirə bilir. Səməndər "kompası itmiş, sükanı qırılmış gəmi kimi dəryanın ortasında əlacsız qalanda" bir "səmt küləyi" misalı Beyləqanda qoyub-gəldiyi başdaşına pənah aparır; çadır düşərgəsinə gətirib, "ər-arvad özləri yatan bucaq"da əzizləyir: "Axşam yerinə uzananda o, beyqafil soruşurdu: -Uşağın üstünü örtmüsənmi?" Roman boyu Minarəni "başdaşına ən çox qulluq edən", "qardaşının üz-gözündən öpən, dönə-dönə üzünü qabarıq barelyefinə sürtən", "əlləri ilə Qürbətin yanaqlarını, alnını, burnunu oxşayan", "üz-üzə durub xısın-xısın danışan, əksər vaxt da göynəyə-göynəyə ağlayan" görürük. Elə bu "həsb-hal" da onları əbədi qovuşdurur: "- Getdin, bacı?.. Doğrudanmı, heç kim eşitmədi? Qürbətin gülümsər sifətindən indi məhzunluq yağırdı. Boynubükük görünürdü. Çox qəmliydi... Minarə bir də boylanıb son dəfə Qürbətin başdaşına baxdı, gülümsədi və astadan dedi: - Tezliklə görüşənədək, qardaş! Minarənin üzündə, sanki qəfil işıq yanıb-söndü...".   

Hətta bəzən gözləyirsən ki, bütün bu getdikcə gərginləşən dramatik vəziyyət müqabilində bəlkə Başdaşı da məşhur "Daş qonaq" təki, hansısa magik qüvvə ilə hərəkətə gələ, canlana; deyək ki, taleyin yükü altında əzilənləri deyil, hər cür fürsət dəllallarını, "buraların ağası", "Allahın ver günü durduğu yerdə başına pul ələnən" Xasayları cənginə ala, ayaqlaya, tapdayıb keçə... Yaxud romanın sonuna doğru başqa bir möcüzəyə, "bütün günü gözü alaqapıda, qulağı səsdə", "gözləri yollardan yığışmayan Nübarın", "oğlunun meyitini görmədiyindən ölümünə inanmadığı"nı düşünəndə, bəlkə də, Başdaşı nağılının başqa bir sonluğuna, hansısa möcüzlə Qürbətin gerçəkdən də qayıdıb-gələcəyinə inanmaq istəyirsən... 

Amma heç bir möcüzə baş vermir. Səyyad Aran ideal(ı) düşünüb, reallığı yazmağa önəm verən yazıçıdır. Ən çox onun nəsrini bu səbəbdən xoşlayır, əziz bilirəm. Sosial təzadlardan doğan mənəvi ağrıları, insan iztirabını yazmaq Səyyad Aranın yazıçı stixiyasıdır və "Başdaşı"nın uğurunu da başlıca olaraq məhz bu keyfiyyət təmin edir. Romanda yalnız Səməndərin, Nübarın, Səlahətin deyil, əksərən təfərrüatlara sığınmış ("Əlbəttə, kiminsə bəxtəvərliyindən bəhs etmək əskik söhbət olardı..."), az qala otuz ildən bəri yurdundan-torpağından-yaşayışından olub bitməz-tükənməz sosial bəlalara əsir-yesir bir xalqın acı taleyini görür, məğlubiyyət acılarını yaşayırıq: "Onların suallarına cavab vermək olmurdu. Onlara təskinlik verirdilər, səbr etməyə çağırırdılar, amma sərt sözlərlə, söyüşlə, təhqirlə qarşılaşırdılar. Məmurlar yola verirdilər. Qaçqınların dərd-sərləri ilə yükləndiklərindən, onlar da ağırlaşırdılar, yüklənirdilər. Bu yükə heç kim davam gətirə bilmirdi...".

Roman, üstündən illər ötsə də təzəliyini saxlayan, nigaranlıq qarışmış ümid epizodu ilə tamamlanır: "1993-cü ilin iyun ayının əvvəlləriydi. Ölkənin hər yerindən qaçqınlar axışıb paytaxta gəlirdilər... Ən böyük qazan Azadlıq meydanında qaynayırdı. Axşamlar boz, bulanıq, dumanlı hava nəhəng qapaq kimi Bakının başından basırdı: təkcə şəhərin yox, elə adamların da. Şəhər yükün altında təntiyirdi, tövşüyürdü, tıncıxırdı. Əhali də həmin vəziyyətdəydi. Çünki çıxış yolu yoxuydu, görünmürdü. Amma şəhər, hələ ki dözürdü, duruş gətirirdi. Elə adamlar da... Xalq öz Xilaskarını axtarırdı...".

Səyyad Aran "Başdaşı" romanını "Zakir Fərrux oğlu Abbasovun əziz xatirəsinə" həsr etmişdir. Şəhidlərimizin ölməz ruhuna Allah bizi bağışlasın. Amin.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!