Ədəbiyyatımızın romantizm mərhələsi: təşəkkülündən sonuna kimi - Məmməd Əliyev yazır

 

Azərbaycan ədəbiyyatının hazırkı durumu bir tərəfdən keçid dövrünün ictimai-sosial, mədəni şəraiti ilə, digər tərəfdən ədəbi proses və paralel olaraq, ədəbiyyatşünaslıq elminin daxili dəyişmələri ilə şərtlənir. Yeni ictimai-mədəni formasiyalarla xarakterizə olunan əsrimizdə ədəbiyyat anlayışı da, ədəbiyyatşünaslıq da əvvəlkindən fərqli dəyərləndirmələrlə şərhetməyə açıqdır. Bunu ədəbiyyatşünaslığımızda bütün sahələrə olduğu kimi, romantizmin tədqiqinə də şamil etmək mümkündür.

Çağdaş Azərbaycan ədəbiyyatşünaslığında romantizmə maraq artdığı üçün bu istiqamətdə tədqiqatlar səngimir. Problemlərin qoyuluşu və həlli isə heç də hər zaman ürəkaçanlığı ilə seçilmir, bəzən əsası sovet dövründə qoyulmuş metodoloji yanlışlıqlar eynilə təkrarlanır. Bununla belə, milli romantizm hadisəsinin obyektiv tədqiqinə yönlənmiş azsaylı əsərlər də var. Bu baxımdan filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyevin "Romantizm: təşəkkülü, problemləri, şəxsiyyətləri" monoqrafiyası (2020) yeniliyi, müasirliyi, problemə dövrün tələblərindən çıxış edərək yanaşması baxımından seçilir.

Ötən əsrin 60-cı illərindən etibarən sistemli öyrənilməsinə başlanılan Azərbaycan romantizmi haqqında yazılan istər məqalə, istərsə monoqrafiyalar məsələyə nəzəri-estetik yanaşma baxımından özündən sonrakı tədqiqat işləri üçün bünövrə ola bilsə də, ideoloji basqının zərərli təsirindən yan keçə bilmədiyindən həmin əsərlərdə cərəyanın öyrənilməsində vacib hesab olunan prinsiplər gözardı edilirdi. Buna görə də romantizm və romantiklərin yaradıcılığı haqqında o illərdə ərsəyə gələn əsərlər əsasən ciddi metodoloji qüsurlarla birgə meydana çıxırdı. Timuçin Əfəndiyev monoqrafiyanın "Giriş" hissəsində qeyd edir ki, 1985-ci ildə "Hüseyn Cavidin ideyalar aləmi" əsərini yazarkən "ədəbiyyatşünaslığın romantizm hadisəsini hələ bütün tamlığı ilə üzə çıxarmaq potensialı" yox idi. Əlbəttə, bunun səbəbi mövcud rejim və ideoloji basqının ədəbiyyatımızda yaratdığı boşluqlar idi. Zamanla Azərbaycan ədəbiyyatşünaslığı vulqar sosioloji ideologiyanın təsirindən sıyrılmağa çalışsa da, romantizmə münasibətdə vahid metodloji prinsip mövcud deyildi.

Timuçin Əfəndiyev özündən öncəki tədqiqatçıların əsərlərini (xüsusilə, Mir Cəlalın "Azərbaycanda ədəbi məktəblər (1905-1907)", Məmməd Cəfərin "Azərbaycan ədəbiyyatında romantizm", Vəli Osmanlının "Azərbaycan romantizmi" monoqrafiyalarını), bu sahədə zəhməti keçmiş ədəbiyyatşünasları qədirbilənliklə xatırlayaraq, elmin fasiləsiz araşdırmanı sevdiyini və bu mənada romantizm məsələlərinə yenidən qayıtmağın labüdlüyünü qeyd edir. Həqiqətən də, zaman irəlilədikcə onun ədəbiyyata da, ədəbiyyatşünaslıq elminə də tələbləri dəyişir, qiymətlədirmə meyarı müasir yanaşma tələb edir.

Dünya sivilizasiyasının qırılma və dönüş nöqtəsində meydana gələn romantizmin tarixi bəşəriyyətin mənəvi həyatında bütöv bir epoxanı əhatə edir. Maarifçilik ideologiyasına qarşı çıxan romantizm yalnız bir ədəbi cərəyan deyil, bütövlükdə baxışlar sistemi və dünyagörüş olaraq meydana gəlmişdir. Timuçin Əfəndiyevin "Romantizm: təşəkkülü, problemləri, şəxsiyyətləri" monoqrafiyasının I fəsli romantizmin məram və mahiyyətini aydınlaşdırmaqla başlayıb, manifestini, estetikası və fəlsəfi əsaslarını, sənət və insan konsepsiyalarını, əsas xüsusiyyətlərini şərh etməklə davam edir. İnsanın absolyut dəyərlər və ideallar olaraq, azadlıq, həqiqət və gözəlliyə əbədi canatımı romantiklərin şəxsiyyət konsepsiyasında geniş əksini tapırdı. Romantizmdə insan konsepsiyasından bəhs edərkən monoqrafiya müəllifi qənaətlərini, xüsusən, Y.V.Höte, C.Bayron, V.Hüqo və H.Cavidin romantik yaradıcılığına əsasən şərh edir və fikirlərini belə bir qənaətlə yekunlaşdırır: "Düşünürəm ki, Azərbaycan romantiklərinin dünya romantizminə verdiyi töhfələr içərisində məhz H.Cavidin insan konsepsiyası mühüm yer tutur. Onun bu konsepsiyası yalnız Azərbaycan ədəbi fikrini deyil, dünya ədəbiyyatını da zənginləşdirir." (s.66) Monoqrafiyanın I fəsli romantizmi nəzəri aspektdən tamamilə izah və şərh edərək, növbəti fəsillər üçün zəmin yarada bilir.

Əsərdə dünya romantizmi ilə bağlı fəsil ədəbiyyatşünaslığımızda mövzu ilə bağlı bu zamanaqədərki ən əhatəli tədqiqat hesab oluna bilər. Belə ki, II fəsildə dünya ədəbiyyatında romantizmin xüsusiyyətlərindən bəhs edilərkən onun ümumi, ayrı-ayrı ədəbiyyatlardakı təzahüründən danışılarkən isə fərdi xüsusiyyətləri qabardılır. Burada alman, ingilis, fransız, polyak, italiyan, rus, amerikan və türk romantizminə ayrıca yarımfəsillər həsr olunaraq, onların dünya romantizmi ilə ortaq, həmçinin, fərdi milli cəhətləri şərh edilir. Hər bir ölkədə romantizmin formalaşdığı mədəni-ictimai şəraitə, yeri gəldikcə iqtisadi, siyasi vəziyyətə diqqət çəkilir. Məsələn, Türkiyə romantizmindən bəhs edilərkən onun müəyyən qədər fransız romantizminin təsiri ilə və Tənzimat dövründə meydana gəldiyini vurğulayaraq, "Tənzimat" anlayışına və bu dövrün yaranmasına aydınlıq gətirilir. Bəlli olduğu kimi, Tənzimat ədəbiyyatı iki dövrə ayrılır. Monoqrafiya müəllifi birinci dövrü təmsil edən İ.Şinasi, N.Kamal, Z.Paşa və ikinci dövrün təmsilçiləri Ə.Hamid Tarxan, M.Əkrəm Rəcaizadə və S.Səzainin yaradıcılığındakı özəllikləri şərh edərək, ikinci nəsil mənsublarının ədəbiyyatda, xüsusən poeziyada yenilikləri tətbiq etmək nöqteyi-nəzərindən romantizmin ifadəsində daha irəli getdiyini vurğulayır. Əlavə suallara yer qoymadan hər bir ölkənin ədəbiyyat tarixində romantizmin bir cərəyan olaraq təşəkkülünü və formalaşmasının yekun olaraq hansı dövrdə yarandığını konkretləşdirir. Məsələn, Yaxın və Orta Şərq ölkələri arasında Türkiyədə nisbətən daha yüksək səviyyədə təmsil olunan romantizmin XIX əsrin ikinci yarısında bu ölkədə bir ədəbi cərəyan kimi tam hüquq qazanaraq üstün mövqe tutduğunu yazır.

Müxtəlif xalqların ədəbiyyatında romantizmin təşəkkülü milli ədəbiyyatın, o cümlədən, romantizmin spesifik xüsusiyyətlərini özündə ehtiva etməklə fərdilik kəsb etmiş olur. Buna görə də Azərbaycan romantizmi tədqiq edilərkən ədəbi cərəyanın ümumi estetik prinsipləri ilə yanaşı, milli romantizmin tipoloji keyfiyyətləri də nəzərə alınmalıdır. "Romantizm: təşəkkülü, problemləri, şəxsiyyətləri" monoqrafiyasında Azərbaycan romantizminin təşəkkülü, inkişaf yolu və sonlanması ardıcıllıqla və elmi prinsiplər əsas götürülərək tədqiq edilir, bu vaxta kimi qaranlıq qalmış müəyyən məqamlara aydınlıq gətirilir. T.Əfəndiyev belə bir qənaətdədir ki, romantizm ədəbiyyatşünaslıq elmimizdə yerinə düzgün oturdulmayan yeganə cərəyandır. Azərbaycan romantizminin təşəkkülündən bəhs edərkən onun nəzəri və praktik cəhətdən hələ də bütün yönlərilə araşdırılmadığını qeyd edən müəllif haqlı olaraq, ortaya xeyli sual çıxarır.

Azərbaycan romantizminin araşdırılmasında yol verilən yanlışlıqları qruplaşdıran T.Əfəndiyev onun yaranma tarixinin düzgün müəyyənləşdirilmədiyini, yanlış olaraq siyasi proseslərlə əlaqələndirildiyini, vahid məzmunlu cərəyan kimi götürülmədiyini və hüdudlarının məqsədli şəkildə 1905-1917-ci illər arasına sıxışdırıldığını xüsusi vurğulayır. Otuz ilə yaxın müstəqillik tariximizə baxmayaraq, milli ədəbiyyatşünaslığımızın uzun illər sovet ideologiyasının basqısı altında olduğunu nəzərə alsaq, bu sahədəki bəzi boşluqların hələ də qalması təbii sayıla bilər. Çünki ədəbi-nəzəri düşüncəyə hakim kəsilmiş hətta yanlış fikirlərdən belə, rahatlıqla əl götürmək, müasirliyin tələb etdiyi yeni baxış bucağından dəyərləndirmələr aparmaq uzunmüddətli, dinamik zəhmət tələb edən işdir. Bu baxımdan monoqrafiyada, ilk növbədə, ədəbiyyatımızda romantizmin yaranması məsələsinə nəzər yetirilir. Timuçin Əfəndiyev Azərbaycan romantizminin yaranmasını XX əsrin əvvəllərinə aid edən akademik M.Cəfərov, V.Osmanlı, Y.Qarayevin və türkiyəli tədqiqatçı Əli Erolun bu barədəki mövqelərini sovet dövrü ilə əlaqələndirir və bu yanlışlığın sonrakı tədqiqatlarda kor-koranə davam etdirildiyini təəssüflə qeyd edir.

Vəli Osmanlının romantizmin başlanğıcı ilə bağlı uyğunsuzluğu ilk hiss edənlərdən olduğunu, daha sonra professor Bədirxan Əhmədlinin məsələdəki yanlışlığa diqqət çəkdiyini vurğulayan monoqrafiya müəllifi problemin həllində konkret mövqe nümayiş etdirilmədiyini yazır. Professor XIX əsr boyunca Qərbi Avropa və Rusiyada çiçəklənmə dövrünü yaşayan romantizmin Azərbaycan ədəbiyyatında heç olmasa, hər hansı təzahürünün mümkünsüzlüyünü qəbul etmir, qonşu ölkələr ədəbiyyatlarında baş verən bu prosesin bizim ədəbiyyatımızda əksini tapmamasını şübhə ilə qarşılayır və bütün bunların milli romantizmin mərhələlərinə də yenidən baxılmasını zəruri şərtə çevirdiyini qeyd edir.

Beləliklə, Timuçin Əfəndiyev haqlı olaraq, Azərbaycan romantizmini birmənalı şəkildə XX əsr hadisəsi kimi qəbul etmir və hər hansı bir konkret tarixlə bağlamağın yanlış olduğunu, burada romantizmin inkişaf yolu ilə yanaşı, romantizmöncəsi prosesin nəzərə alınmalı olduğunu bildirir. "Bu baxımdan romantizmin təzahürlərindən olan sentimentallıq bu dövrün ədəbiyyatında da bu və ya digər şəkildə öz əksini tapmışdır" qənaəti ilə İsmayıl bəy Qutqaşınlının "həm məzmunu, üslubu, həm də forması baxımından romantik əsər" olan "Rəşid bəy və Səadət xanım" hekayəsini sırf romantik əsər, romantizm nümunəsi olaraq götürərək, Azərbaycan ədəbiyyatında bu cərəyanın təzahürlərinin hələ XIX əsrdə mövcudluğuna diqqət çəkir. Romantik ədəbiyyatın ilk təzahürlərini bədii nəsrimizdə axtarmağın daha doğru olduğunu qeyd edərək, A.Bakıxanovun "Kitabi-Əsgəriyyə" hekayəsini də dil və üslub, süjet və obrazların dünyagörüşü baxımından romantik əsər olaraq təhlilə cəlb edir. Hər iki hekayəni müşayiət edən lirizm, sentimentallıq və yuxarıda qeyd olunan cəhətlərinə görə romantik əsər adlandıraraq, milli romantizmin başlanğıcını XIX əsrə aid etməklə Timuçin Əfəndiyev bu xüsusda yeni və vacib məsələlərə diqqət çəkmiş olur.

Azərbaycan romantizminin milli hərəkat dövründən bəhs edərkən müəllif N.Nərimanovun "Bahadır və Sona", Z.Marağayinin "İbrahim bəyin səyahətnaməsi" romanlarına istinad edir. T.Əfəndiyev N.Nərimanovu "Azərbaycan romantizminin yaranmasına qədərki mərhələdə yazan, ancaq sona qədər bu cərəyanın nümayəndəsi olmayanlar" sırasına - milli "romantiklərin üçüncü qrupu"na aid edir. Müəllif hər iki romanı romantik əsər kimi qiymətləndirir, indiyədək onların romantik nəsr nümunəsi kimi təhlilə cəlb edilməməsinin səbəblərinə aydınlıq gətirsə də, bu məsələləri daha geniş şəkildə araşdırmağı çağdaş ədəbiyyatşünaslığın vəzifələrindən biri kimi gələcək tədqiqatçılara həvalə edir. Baxmayaraq ki, monoqrafiyada xeyli problemlərə yenidən və yenilənmiş münasibət var, bu və digər məsələlərdə ortaya çıxan bəzi suallar gələcək elmi polemika və geniş müzakirələr üçün meydan açır.

Monoqrafiyada milli romantizmin poetikasından, konsepsiyasından ətraflı bəhs edilərək, romantizmin nəzəri və estetik prinsiplərinin XX əsrin əvvəllərindən formalaşmağa başladığı, bununla belə, yuxarıda adı çəkilən əsərlərin timsalında romantik ədəbiyyat nümunələrinin daha əvvəldən yaranaraq, romantizm üçün zəmin yaratdığı barədə yekun qənaətə gəlinir.

Azərbaycan romantiklərinin estetik platformasında xalqın maariflənməsi, millət olaraq formalaşması, bugünkü və gələcək taleyi əhəmiyyətli yer tuturdu. Milli romantizmin poetikasından bəhs edərkən Timuçin Əfəndiyev Azərbaycan romantiklərinin yaradıcılığında türkçülük, turançılıq, islamçılıq, milli istiqlal və hürriyyət ideyaları, vətən, millət mövzuları üzərində də kifayət qədər geniş dayanır və onların bu mövzularda daha çox yazmasının romantizmin ən zəngin dövrünün milli hərəkat dövrü ilə üst-üstə düşməsi ilə bağlı olduğunu qeyd edir: "Romantiklərin bütün arzuları vətənin, xalqın, millətin səadəti və onu azad görməkdir. Bu arzuların Azərbaycan cümhuriyyəti ilə gerçəkləşməsi, əslində, romantiklərin istəklərinin gerçəkləşməsi kimi mənalanır." (s.281)

Romantizm cərəyanının bütöv şəkildə nəzərdən keçirilməsi onun dünyanın dərki və həqiqətə canatmada müxtəlif yanaşma və tədqiqat metodlarından istifadə etdiyi barədə düşüncəyə əsaslanmağımıza imkan verir. Buna görə də romantiklərin irsinin dəyərləndirilməsi zamanı onların yaradıcı dünyagörüşündəki ziddiyyətləri qanunauyğunluq kimi qəbul etmək labüddür. Nəzərə alsaq ki, tarixi gerçəkləri analiz edərkən romantiklər də əksərən realist mövqedən çıxış etmişlər, deməli, onların dünya görüşünü "rassional və irrassional", "materialist və idealist" şəklində qarşılaşdırmaq məqsədəuyğun deyil. Romantiklərin dünyagörüşünə akademik fəlsəfə deyil, bütünlükdə etik və estetik, elmi və bədii, həmçinin, ictimai baxışlarına fəlsəfi, ədəbi-poetik təfəkkür tərzi küll halında hakim olduğundan onların yaradıcılığını vahid konseptuallıq çərçivəsindən daha çox fikir plüralizminə əsaslanaraq şərh etmək gərəkdir. Təsadüfi deyil ki, T.Əfəndiyev Məhəmməd Hadinin yaradıcılığından bəhs edərkən onun "dünyagörüşündəki ziddiyyətlərin mühüm yer tutmasına baxmayaraq, poeziyanın fəlsəfi yönünün inkişafında böyük xidmətləri" olduğunu vurğulayır.

Azərbaycan romantizminin bütün fəsillərdə dünya romantizminin bir parçası olaraq götürülməsi və bu kontekstdə dəyərləndirilməsi monoqrafiyanın üstün cəhətlərindən biridir: hər bir romantikdən bəhs edilərkən onun milli və dünya romantizmindəki yeri bircə cümlə ilə olsa belə, öz yekun dəyərini alır. Məhəmməd Hadidən söhbət açdığı zaman müəllif vurğulayır ki, Qərb romantiklərinin daha çox məhəbbət mövzusuna kökləndiyi halda, o, daha çox ictimai mətləblərə nüfuz etmişdir: "M.Hadi romantizminin dörd ayağının; azadlıq, hürriyyət, vətən və millət platforması dünya romantiklərinin heç birində bu şəkildə davamlı və sistemli tərənnüm olunmayıb. Dünya romantiklərinin hər birinin yaradıcılığında bu faktorlardan biri, yaxud ikisinin olması halları olduğuna baxmayaraq, dördlü formul bu şəkildə öz ifadəsini tapmayıb." (s.304)

Monoqrafiyada Əli bəy Hüseynzadədən milli romantizm manifestinin yaradılması və estetik qaynaqlarının formalaşmasındakı fəaliyyəti xüsusi qeyd olunmalı müəllif olaraq bəhs edilir. "Qırmızı qaranlıqlar içində yaşıl işıqlar" məqaləsindən də göründüyü kimi, Ə.Hüseynzadə dünya ədəbi prosesindəki ədəbi cərəyan və istiqamətlərə yaxşı bələd olmuş və milli ədəbiyyatımızı bu istiqamətdə inkişaf etdirmək üçün çalışmışdır. Professor Timuçin Əfəndiyev Ə.Hüseynzadə haqqında Ofelya Bayramlı, Vəli Osmanlı və Azər Turanın tədqiqatlarına diqqət çəkərək təqdir edir. Lakin ədibin romantik nümunələrinin bu vaxtadək geniş araşdırılmadığını nəzərə alaraq, məhz onların üzərində dayanmağı məqsədəuyğun hesab edir. Təhlilin gedişatında müəllif Əli bəy Hüseynzadənin öz bədii yaradıcılığı ilə "poetik turançılığın bünövrəsini" qoyduğunu vurğulayır, "Hali-vətən", "Heyrət, yaxud bir mələyin insanlara xitabı" şeirlərini təhlil edir və sonda ədibin romantik irsinin daha geniş və yenilənmiş münasibətlə araşdırlmasının zəruriliyni önə çəkir.

Romantik yaradıcılığa elə fəaliyyətinin ilk mərhələsindən başlayan Hüseyn Cavidin irsində romantizm ədəbi məktəbi bütün parametrlərilə təzahür edir. Monoqrafiyada XX əsr Azərbaycan romantizminin ən böyük nümayəndəsinin yaradıcılığından dünya romantizmini mövzu, problematika, ideya, obraz baxımından zənginləşdirən sənətkar olaraq söhbət açılır. Timuçin Əfəndiyev Azərbaycan romantizminin mərhələlərindən bəhs edərkən belə bir nəticəyə gəlir ki, milli romantizm hadisəsi mövcud ədəbiyyatşünaslığın qeyd etdiyi kimi, 1917-ci ildə sonlanmamış, 30-cu illərin ortalarına qədər davam etmiş və H.Cavid ən yaxşı romantik əsərlərini həm də bu dövrdə yazmışdır.

Daha çox realizmə meyil edən Abbas Səhhət haqqında yaradıcılığındakı vətəndaşlıq keyfiyyəti, xalq və vətən tərənnümü ilə poeziyaya yeni bir istiqamət gətirmiş romantikərimizdən biri kimi bəhs olunur. Sovet ədəbiyyatşünaslığında bir çox əsərlərinin bilərəkdən realizm mövqeyindən öyrənildiyi Abdulla Şaiq isə həm poeziya, həm də nəsr sahəsində romantik əsərlər yazan azsaylı sənətkarlardan biri kimi əsərlərinin "ana xəttinə romantizm estetikasının prinsipləri dayanan" müəllif olaraq adlandırılır. "Romantizm ədəbi cərəyanının ən gənc nümayəndəsi" olan Cəfər Cabbarlıdan yaradıcılığının ilkin mərhələsində həm poeziyası, həm də nəsr və dramaturgiyasında romantik estetikanın tələblərinə əməl edən, romantik düşüncənin 20-ci illərdən sonrakı yaradıcılığında da bu və digər şəkildə sonadək qorunub saxlanıldığı sənətkar olaraq bəhs edilir.

Romantiklərə görə, mövcud gerçəklik irrasional, əsassız, insanın təbiətinə və şəxsi azadlığına düşmən mövqeyində göründüyü üçün azadlıq məsələsi romantizm mədəniyyətində mərkəzi xətt hesab edilə bilər. Onların yaradıcılığında Orta əsrlərə, xalq mədəniyyətinə bağlılıq, dinə, təbiət və incəsənətə, metafizik və transendent olana maraq gerçəklikdən qaçış, azadlığa canatma aktı ilə şərtlənirdi. Maarifçi düşüncədən fərqli olaraq, onlar fərdin subyektiv azadlığını, müstəqil iradəsini, şəxsi dəyərləri ümumiləşmiş ideyalara; insanın mənəvi aləmini maddi təcrübəyə qarşı qoyurdular. Buna görə də romantiklər üçün insanın iç dünyası, hiss və düşüncələr aləmi daha çox təsvirə gəlirdi.

Buna baxmayaraq, romantiklər dünyagörüşləri etibarilə siyasətdən tamamilə uzaq ola bilməzlər, çünki sənətkarın azad fikir ifadəsi siyasi azadlığın tərkib hissəsidir. Təsadüfi deyil ki, milli azadlıq hərəkatının baş verdiyi ölkələrdə romantizm "inqilabi ifadə" qazanırdı. Siyasi azadlığın mövcud olmadığı yerdə söz azadlığından danışmaq mənasızdır. Bu baxımdan yalnız müəllifinin yaradıcılığında deyil, Azərbaycan romantizmi və bütövlükdə ədəbiyyatının ən əhəmiyyətli əsərlərindən sayılan "Həpsi rəngdir" şeirini Timuçin Əfəndiyev "romantik poeziyamızda bir istiqamət"adlandırır. Səməd Mənsurun "ədəbi taleyini həll edən amillərdən olan" (N.Cəfərov) "Həpsi rəngdir" şeiri ədəbiyyatımıza siyasi proseslərin müdaxilə etdiyi bir zamanda meydana çıxmış, mövcud ideologiya ilə üst-üstə düşməyən poetik bəyanatları ilə seçilmişdir.

Sözü gedən monoqrafiyanı oxuyarkən bir çox məsələlərlə bağlı sual yaranır: sovet ədəbi düşüncəsini ən çox narahat edən nə idi ki, Azərbaycan romantizminin öyrənilməsində belə böyük boşluqlar yarandı? Niyə hər şeydən çox məhz romantizmin araşdırılmasında təhrif və çatışmazlıqlar üstünlük təşkil edir? Timuçin Əfəndiyev monoqrafiyada romantizmlə bağlı müxtəlif məsələləri şərh edərkən dolayısı ilə bu suala da cavab vermiş olur. "Romantizm: təşəkkülü, problemləri, şəxsiyyətləri" monoqrafiyasını oxuyub belə qənaətə gəlmək mümkündür ki, dünya romantizmində olduğu kimi, milli romantizmin də əsasını fəlsəfi fikir təşkil etdiyindən; "Azərbaycan romantiklərinin düşüncəsində maddi əlaqələr, daxili səbəblərdən daha çox hadisələrin xaricində təsəvvür edilən səbəblər" nəzərdə tutulduğundan bu, dini idealizmə gətirib çıxarırdı. Sovet ədəbiyyatşünaslığı bunu bəzi romantiklərin ədəbiyyatı həyatdan ayırmaq cəhdi kimi qəbul edir və "mürtəce" damğasıyla qaralayırdılar. Bu sahədəki boşluqlar məhz belə bir qeyri-obyektiv yanaşmanın doğurduğu yanlış istiqamətli araşdırmalar, metodiki yanlışlıqlar nəticəsində meydana gəlirdi. Timuçin Əfəndiyev gələcəkdə ali təhsil müəssisələrində romantizmlə bağlı ayrıca fənnin tədris olunması ilə bağlı təkliflə çıxış edərək vurğulayır ki, belə olduğu təqdirdə romantizmin bütün yönləri ilə öyrədilməsi mümkün olar. Fikrimizcə, bu nöqteyi-nəzərdən müəllifin "Romantizm: təşəkkülü, problemləri, şəxsiyyətləri" monoqrafiyası Azərbaycan romantizminin hərtərəfli öyrənilməsi sahəsində atılmış daha bir sanballı addımdır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!