İngilis professorunun sözü - Britaniya uşaq folkloru: Poeziya

 

Kimberli Reynolds

Professor, İngilis ədəbiyyatı, dili və linqvistikası məktəbi, Nyukasl Universiteti, Böyük Britaniya

Mən böyük həvəs və şövqlə yazılmış bu kitaba ürəkdən xoş gəldin deyirəm və onun tərtibçi - müəllifləri prof. Şahin Xəlilli ilə Səadət Əliyevanı uşaq folkloru - poeziyasının geniş və rəngarəng hissəsini toplayıb tərcümə etməsi münasibətilə təbrik edirəm. Kitabda toplanan əsas materialın çox hissəsini müşayiət edən esseləri milli dildə oxumağı bacarmasam da, onu deyə bilərəm ki, topluya daxil olunan şeirlər ingilisdilli dünyada çoxlarına yaxşı məlumdur. Bu şeirlər ilk baxışdan oxucuya adi təsir bağışlaya bilər. Əvvəla, qeyd edim ki, İona və Piter Opi şifahi şəkildə ötürülən xalq mədəniyyətinə dair "Məktəbli uşaqlar üçün irfan və dil" adlı araşdırmasını 1959-cu ildə yazmışdır. O zamandan bəri aparılan araşdırmalar həmin şeirlər bazasında mədəniyyətə dair çox mətləblərə aydınlıq gətirmişdir. Digər araşdırıcılar sırasında Opilər cütlüyü ilk dəfə çoxsaylı uşaq poeziyasını və onun digər növlərini öyrənərək annotasiyasını yenidən canlandırmışdır. Bu araşdırmalardan öyrənirik ki, məsələn, hətta kiçik bir uşaq şeiri məna gizlinlərini ötürə bilər. Nümunə üçün aşağıdakı uşaq şeirinə diqqət yetirək:

Yeri-göyü dağıdır,

Gör itlər hürə-hürə.

Sən demə, dilənçilər,

Köç edirlər şəhərə.

Cındırından cin ürkür,

Pal-paltarı yamaqda.

Biri var dil-dil ötür -

Durub məxmər xalatda. (İngilis dilindən tərcümə Şahin Xəlillinindir)

Bu şeirdən çıxış edərək tarixçilər qeyd etdiyimiz poetik parçada kraliça I Yelizavetanın İngiltərəsində mövcud şəraitə istinad olunduğunu müəyyənləşdirmişlər. Digər alimlər isə bu şeiri əslən Niderlanddan (Hollandiyadan - red.) olan 1688-ci ildə özünü ölkənin (İngiltərənin - red.) kralı elan edən III Uilyamın holland mühasirəsi ilə bağlı gəlişinin şərhi kimi qiymətləndirmişlər. Hər halda kənar ölkənin adamlarının problematik şəkildə ölkəni işğal etməsinə dair sosial təşvişi və onların cəmiyyətə təsiri bir qayda olaraq yaddaşlara köçürülür və nəsildən nəslə ötürülür. Beləliklə, yaranan şeirlər bəşər övladının əldə etdiyi təcrübənin geniş spektrlərini əhatə edir - məhəbbət, müharibə, doğum və ölümdən tutmuş, insanın bazarda qul kimi alınıb satılması, iş, təbiət, güc - hakimiyyət kimi məsələlərdən bəhs edir. Şeirlərin bəzisi uşaqlara necə saymaq, yaxud əlifbanı necə öyrənmək bacarıq, vərdişlərini təlqin edir, digər şeirlər isə uşaqlara yaxşı davranışın və tez-tez gülüş yaradan əksliklərin poetik cilasını yaradaraq onlara düzgün davranış qaydalarını öyrədir. Bəzi şeirlərdə sözü oynadırlar, digərlərində isə əxlaq qaydalarını, yaxud dini ehkamları öyrətməyi daha ciddi məqsədə çevirirlər. Ritmin yaratdığı güclü hiss, duyğu, qafiyələrin bir-birini ardıcıl izləməsi və işlədilməsi ilə folklor şeirlərinin əksəriyyətindən azyaşlı uşaqları əyləndirmək, yaxud onları sakitləşdirmək üçün istifadə olunur. Şeirlərin ruhunu uşaqlar başa düşməyə bilər, lakin onlar şeirdəki səs sisteminə aludə olurlar.

Bir fakt da var ki, unudulmayan xalq nağılları və sehrli nağıllar kimi qısa, lakonik şeirlər də mədəni yaddaşda qalır. Onlar qan yaddaşı, yaxud mədəniyyətin kiçik hissəcikləri kimi zaman-zaman məlumat ötürür. Lakin belə bir prosesdə onlar yol keçə-keçə bulanıqlaşır. Şeirlər yazıya alınmağa başlandığı dövrdən belə söyləmək olar ki, inkişaf prosesində onlar mimetik (həyatın incəsənətdə və ədəbiyyatda təqlidi deməkdir - red.) funksiyasını bir növ dondurur və müəyyən tarixi məqamlara aid edilə bilir. Hər halda, xüsusilə azyaşlı oxucu ilə münasibətdə xalq şeirlərinə illüstrasiyaların çəkilməsinə ehtiyac duyulur və hər bir illüstrator həmin şeirlərə özünün fərdi və müasir yanaşmasını əlavə edir. Belə bir vasitə ilə həmin şeirlər bir növ reanimasiyadan keçir.

Bəs Azərbaycanda tədqiqatçı alimlər və tələbələr bu mənəvi materialı (kitaba ABŞ-da yaradılan bir çox material da daxil edilmişdir) yaradan orijinal anqlofon mədəniyyəti ilə maraqlanırlarmı? Yaxud, əsasən, öz ölkəsində analoji poeziyanın tədqiqi strategiyalarının inkişaf etdirilməsində Britaniya uşaq folkloru - poeziyası ilə əlaqədar onlar tədqiqat işləri üzrə təqaüd almağa maraq göstərirmi? Bu baxımdan nəşrə təqdim edilən toplunun hərtərəfli və cəlbedici bir bünövrənin əsasını qoyduğunu söyləmək olar.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!