Zahid Xəlil - uşaq ədəbiyyatının böyük ismi - Səadət BAYRAMOVA yazır

 

Zahid Xəlilin ilk şeirindən ("Vətənim") və ilk kitabından ("Uçan çıraqlar"dan) başlayan uğurlu yol onun böyük istedadının aydınlığı üçün əsas zəmin oldu. Onun yaradıcılığının  zənginliyində aparıcı xətti uşaq ədəbiyyatı istiqamətində gördüyü işlər təşkil edir. Məşhur altmışıncı illər nəslinin nümayəndəsi kimi dövrün yeniləşən ruhuna, milli mənsubluq duyğusuna, orijinal yanaşmalara köklənən şair bir-birindən maraqlı bədii örnəklərin yaranmasında xidmət göstərmiş ziyalıdır. Şeir və hekayələri mövzu və mündəricəsi ilə bir istiqamətdə ənənəyə bağlanırsa, digər baxımdan orijinal yaradıcı təfəkkürünün nümunəsi olaraq müstəsna təsəvvür formalaşdırır.

Zahid Xəlilin poeziyası bilgi vermək, uşaq dünyagörüşünü formalaşdırmaq, həyat təsəvvürlərini genişləndirmək gücü ilə səciyyələnir. Onun çeşidli poetik örnəkləri təkcə məzmun uğurluluğu ilə deyil, həm də fikrin çatdırılması formasının özünəməxsusluğu ilə diqqəti cəlb edir.

Göy çəmənlər yamaca

Sərilmiş bir xalıdır.

Qızıl-qızıl lalələr

Yanağının xalıdır.

Göründüyü kimi, burada təbiətin əsrarəngizliyi timsalında çəmənin obrazlaşdırılması uşaq təsəvvüründəki bir bütövü əhatələyir. Uşaq ədəbiyyatının tanınmış tədqiqatçısı Füzuli Əsgərli vurğulayır ki, "Z.Xəlilin uşaq poeziyasında müxtəlif rayihəli rəssam palitrasının  və fırçasının qüdrətindən yaradılmış əlvan boyalı təbiət mənzərələrinə kifayət qədər rast gəlmək  mümkündür... Sərrast söz seçimindən düzümlənmiş poetik misralar rəngarəng mənzərələr yaradaraq, təbiətin əsrarəngiz gözəlliyini uşaqlara daha çox sevdirir".

Zahid Xəlilin altı cildlik "Seçilmiş əsərləri"ndə (2008) yer almış hər poetik örnəklə uşaq dünyasına işıq salır. Maraqlı yozumu, orijinal  mənalandırması ilə uşaqların təsəvvürlərini canlandırmaqla yanaşı, həm də onlar haqqında bilgi vermək məqsədi daşıyır. "Yaxma", "Leylək", "Qurbağa", "Qazayağı", "Gilas", "Dovşan və köpək", "İydə", "Keçi və Əziz", "Dilarənin danası", "Külək və Mələk" və s. kimi poetik şeir nümunələri yığcamlığı, lakonik və sadəliyi, aydınlığı ilə qəlblərə yol tapır.

Z.Xəlil uşaq ədəbiyyatınin istedadlı nümayəndəsi olmaqla yanaşı, həm də yazdıqları ilə uşaq qəlbinin memarıdı, onların rübabını dilləndirə bilən çox az-az sənətkarlardandır. Ədəbiyyatımızın tarixinə uşaq şairi kimi adını yazmış bu sənətkarın yaradıcılığında uşaq bədii nəsrinin çeşidli poetik nümunələri də kifayət qədərdir. ""Kağız adamlar", "Abdulla baba", "Qulamın qəribə qarnı", "Tüklücə", "Siçanların padşahı pişik", "Bağırmaq istəyən adam", "Qarışqaların evi", "Beçə", "Arıların düşməni", "Ağca və Axça",  "Turalın atı", "Quyruq", "İnci", "Günəşi qoparmaq istəyən ayılar", "Qayıq sürən ayı balası", "Güzgü", "Üzgüçü Tural", "İki nar" və s. kimi bədii nəsr nümunələrinin  hər birisi uşaqların təsəvvürlərinə, düşüncəsinə hesablanmış və onları öz dillərində, öz təsəvvürlərində olan səviyyədə təqdim edə bilmək gücü ilə səciyyələnir. Məsələn, "Güzgü" hekayəsində dovşan, canavar, ilan, meymun və s. haqqında verilən informasiya məzmun və mahiyyəti ilə uşaqların heyvanlarla bağlı təsəvvürlərini canlandırma və eyni zamanda obrazlaşdırma baxımından mükəmməl təsəvvür formalaşdırır. "Dovşan yoldan bir güzgü tapdı. Güzgüdə özünü görüb elə bildi ki, şəkildi.

- Qəşəng bir şəkil tapmışam, lap qəşəng! Deyə səs-küy saldı. Ceyran güzgünü alıb baxdı:

- Doğrudan da gözəldir. Siz bir onun buynuzlarına baxın. Lap mənimkinə oxşayır. Gözlərinə söz ola bilməz!

Canavar güzgünü qapıb dedi:

- Hm, gözəl olmağına sözüm yoxdur, amma yırtıcıya oxşayır.

O güzgünü ilana verdi. İlan baxıb dedi:

- Ay aman, məgər siz onun dişlərinin dibindəki zəhərə fikir vermirsiniz? Bu saat o hamını çala bilər.

Meymun güzgünü ilanın əlindən qapdı və diqqətlə baxmağa başladı. Xeyli baxandan sonra qışqırdı:

- Belə çirkin heyvanın şəklini hələ bir əlinizə də alırsınız?- deyib güzgünü dərəyə tulladı".

Göründüyü kimi, bu hekayə bir neçə baxımdan mükəmməl təsəvvür formalaşdırır. Birincisi, mətn nümunəsi olaraq mükəmməlliyi, aydınlığı və informasiya tipi kimi uğurludur. Burada obrazlaşma və  obrazların dili ilə canlandırma, onların xarakterik cizgiləri ilə təqdim olunma mətnə əlavə ovqat qatır. İkincisi, hekayə təqdimolunma üsullarının uğurluluğu və seçim çalarları ilə mükəmməlləşir. Son olaraq obrazlaşmanın aparılması və bilgi vermə baxımından tipik bir örnək olaraq bütün aspektləri ilə yazıçı qayəsini ifadə edir. Bunlar isə özlüyündə əsərin alınmasına, uğurluluğuna əsas olur.

Z.Xəlil Azərbaycan ədəbi-mədəni mühitində təkcə şair, nasir kimi maraq doğurmur, həm də uşaq ədəbiyyatının istedadlı tədqiqatçısı kimi tanınmış alimdir. Onun bütünlükdə ədəbi irsi bədii və elmi olmaqla iki istiqamətə köklənmişdir. "Azərbaycan uşaq poeziyası və folklor" mövzusunda yazdığı (1974) namizədlik dissertasiyası (indiki fəlsəfə doktorluğu) ədəbiyyatımızın köklü bir probleminin araşdırılmasına hesablanmışdır. "Azərbaycan uşaq ədəbiyyatının mənşəyi, təşəkkülünün əsas amilləri və inkişaf problemləri" mövzusunda yazdığı (1990) doktorluq dissertasiyası da namizədlik dissertasiyasının davamı olmaqdan əlavə, həm də orada həllini tapmamış məsələlərin araşdırılması baxımından ciddi əhəmiyyət daşıyır. Problemin uğurluluğunun əsas və diqqəti cəlb edəcək tərəfi bir istiqamətdə Z.Xəlilin uşaq ədəbiyyatının istedadlı nümayəndəsi kimi mahiyyətə bələdliyidirsə, digər istiqamətdə araşdırma, tədqiqatçı bacarığı ilə bağlıdır.

Bütün bunlarla yanaşı, Z.Xəlilin zəngin fəaliyyətində diqqət önünə gətirilməli bir tərəf də var, bu onun müəllimlik fəaliyyəti ilə bağlıdır. O, uzun illər Azərbaycan Dövlət Pedaqoji Universitetində Uşaq ədəbiyyatından mühazirələr oxumuş, magist və bakalavr pilləsində dərslər aparmışdır.  Rəhbərliyi altında proqramlar, dərs vəsaitləri, metodik vəsaitlər hazırlanmışdır. "Uşaq ədəbiyyatı" dərsliyi (F.Əsgərli ilə birgə) bunun göstəricisidir. Bütün bunlar şair, nasir, publisist, alim Zahid Xəlilin zəngin yaradıcılıq yolunun möhtəşəmlik göstəricisidir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!