Xalq nağıllarının müasir interpretasiya və dekonstruksiyası - Mətanət Vahid yazır

Mətanət VAHİD

 

Nağıl - uşağın başqa reallıq barədəki təsəvvürüdür. İngilis yazıçı və dramaturqu H.K.Çestertonun fikrincə, "Nağıl həqiqətdən daha üstündür: ona görə yox ki, bizə əjdahaların mövcudluğundan bəhs edir; ona görə ki, əjdahalara qalib gəlməyin mümkünlüyündən danışır." Nağıllar uydurma olsa da, irəli sürdüyü ideyalar ali həqiqəti əks etdirir: mütləq yaxşılığın təntənəsi, xeyirin qələbəsi ilə bitərək, uşaqlara şərtlər nə olursa olsun, düzün, dürüstlüyün, yaxşının yanında olmağı təlqin edir, onları işığın qaranlığı udacağına inandırır. Uşaqlar bu möcüzələrə daha çox inanırlar. İnsan möcüzələrə inamını itirəndə içindəki uşaq yox olur, həmişəlik böyüyür...

Belə bir fikir var ki, xalqın ruhuna bələd olmağa ona məxsus nağıllarla tanışlıqdan başlamaq lazımdır. Çünki nağıl insanın dünyagörüşünü formalaşdıran ilk dərslərdəndir. Nağıl mətninə dekonstruksiya prinsiplərini tətbiq edən ilk müəlliflərdən biri Vladimir Propp "Nağılın morfologiyası" kitabında qeyd edir ki, onların əksəriyyəti eyni sxem üzrə qurulub. Həmin fikri bizim xalq nağıllarına da aid etmək olar. Nağıl üçün əsas xarakterik cəhət uydurmadır - başqa sözlə, onlar fantaziyanı daim oyaq saxlayır, yaradıcılıq qabiliyyətini itiləyir. Məhz bu baxımdan nağıl üzərində yeni mətn qurmaq daha maraqlı, məqsədəuyğundur. Dekonstruksiya edilmiş mətnlərdə nağıl ilkin mahiyyətini itirir. Adətən, ənənəvi nağıllarda dürüstlük təbliğ olunur, haqsızlıqla mübarizə aparan insan özünün əsl gücünü kəşf edir, xeyir şər üzərində qələbə çalır. Lakin çağdaş ədəbiyyatda bu motivlər, belə demək olarsa, dəbdə deyil - bütün bu xarakterik cəhətlər darmadağın edilərək, antinağıl yaradılır.

Nağılların müasir interpretasiya və dekonstruksiyası çağdaş ədəbiyyat üçün kifayət qədər yayğın olan ədəbi oyunlardandır və bu "oyun" müəyyənləşdirilmiş qaydalara tabedir. Nağılları dəyişməyə məruz qoyan ilk müəlliflər onların ilk toplayıcılarıdır. Dünya ədəbiyyatında bunun kökü XVII əsrə gedib çıxır. Fransa akademiyasının üzvü, dövrü üçün kifayət qədər məşhur şair və tənqidçi olan Şarl Perro qədim dövrə aid nağılları toplayaraq, onların qəhrəmanlarını öz dövrünə uyğunlaşdırıb, tamamilə yeni məzmunlu nağıllar qələmə almışdır. İlk dəfə 1697-ci ildə çap olunmuş "Ana Qazın nağılı, yaxud keçmiş zamanların hekayətləri" kitabında bu gün də çox məşhur olan 8 nağıl toplanmışdır: "Zoluşka", "Çəkməli pişik", "Qırmızıpapaq", "Yatmış gözəl", "Göysaqqal" və s. Bu nağıllar toplusu elə böyük şöhrət qazandı ki, Fransa aristokratiyasında nağıl dəbi yaratdı. Xalq süjetlərindən bəhrələnərək yazılan nağılların sayı getdikcə artırdı, xüsusən Leprens de Bomon və Barbo de Vilnyovun yazdığı "Div və gözəl" nağılı olduqca çox sevildi.

Lakin sadalanan bütün bu nümunələrdə mətnin dekonstruksiyasından çox, onun interpretasiyası, yaxud müasir dövrə uyğunlaşdırılması müşahidə olunur. Dekonstruksiya edilmiş nağıl süjetində isə adətən, hadisələrə alternativ baxış sərgilənir; başqa sözlə, mətnin dəyişdirilməsi konkret məqsədə - həyat həqiqətləri və konfliktlərini təsvir etməyə xidmət edir, hadisələrin mahiyyəti, qəhrəmanların xarakteri, gerçəkliyə münasibəti tamamilə fərqlənir.

Dekonstruksiya anlayışını ən sadə və bəsit şəkildə izah etsək, deyə bilərik ki, o, müasir incəsənətdə, fəlsəfə və ədəbiyyatda geniş işlənən termin olaraq, stereotiplərin dağıdılması və ya köhnənin yeni kontekstdə qəbul edilməsi kimi başa düşülür. Lakin Jak Derrida dekonstruksiyaya adekvat olaraq, onu birmənalı şəkildə izah edən hər hansı bir ifadənin mövcud olmadığı haqqında "xəbərdarlıq edirdi". Belə ki, mahiyyət etibarilə nə tənqid, nə də təhlil olan dekonstruksiyanı birbaşa artıq mövcud olanın dağıdılması kimi qəbul etmək də onun tam olaraq anlaşılmasına gətirib çıxarmır; çünki köhnənin inkar edilməsi, eyni zamanda, həm də yeninin yaradılması - rekonstruksiyası, rekompozisiyasıdır.

Mətnin oxunmasını həm də ona yeni mənalar vermək kimi izah edən Pol de Mannın təbirincə desək, dekonstruksiya edilmiş mətnin anlaşılmasında yekun rəy yoxdur və oxucunun bir vəzifəsi də mətndəki bu çoxqatlılığı anlaya bilməkdir. Maraqlıdır ki, otuz ildən artıqdır müasir sənətə tətbiq edilən və təhlillərdə geniş istifadə olunan "dekonstruksiya" anlayışı konkret üslub olaraq müəyyənləşdirilməyib. "Şüurun daxili ziddiyyətlərinin aşkarlanması" zərurətindən yaranan dekonstruksiya məfhumu qeyri-universal, yəni daha çox konkret mətnlərə tətbiq olunan unikal, təkrarsız nəsnədir.

Dünyada ən məşhur nağıl mətnləri dekonstruksiya edilərək, yeni, fərqli variantda işlənmişdir. Məsələn, "Yatmış gözəl" nağılının dekonstruksiyasında şahzadə yatmış gözəli öpüb ayıltmaq əvəzinə, ona təcavüz edir. Yaxud Zoluşkanın paxıl bacıları başmaq ayaqlarına olsun deyə, öz dabanlarını kəsib balacalaşdırırlar. Anjela Karter "Qırmızıpapaq" nağılını "Canavar birliyi" şəklində dekonstruksiya etmiş və 1984-cü ildə rejissor Nil Cordan onun əsasında eyniadlı film çəkmişdir. Burada gənc və məsum Qırmızıpapaq Canavarın sevgilisinə çevrilir; feminist müəllifin məqsədi bu metafora vasitəsilə canavar-kişilərin dünyasında qadının həmişə qurban olduğu mesajını ötürməkdir. Ancey Sapkovskinin "Sonuncu arzu" kitabına, əsasən, nağıl dekonstruksiyaları toplanıb. Müəllifin məqsədi nağıl vasitəsilə satira yaratmaqdır. Bu mətnlərdə demək olar ki, nağıl "qətlə yetirilib", üzü astarına çevrilib. Bu cür misalların sayını xeyli artırmaq olar. Nağılların bu şəkildə "devrilməsi" sübut edir ki, yaşadığımız dövr əxlaqi ideallara inanmır, sehri absurd hesab edir, xeyirin yerini şər alır, yaxşılıqları pisliklər əvəz edir, gerçəklik tünd boyalarla təsvir edilir. Sanki dekonstruksiya olunmuş mətn orijinal mətnə etiraz əlaməti olaraq yaranır: "gerçəklik belə ola bilməz, uydurmalarla sizi aldadırlar, həqiqət daha qəddardır" fikri təlqin olunur.

"Dekonstruksiya - bir küll halında nağılın, əxlaqi qəhrəman obrazının sonu, sehrin absurdla, hisslərin əqli mühakimə ilə əvəzlənməsidir." (V.Pustovaya) Nağıllar üçün aparıcı olan miflər yazarları artıq qane etmir, onu gülüş obyektinə çevirir, əsas məğzini alt-üst edib tamam yeni yanaşma ilə fərqli nəticələrə varırlar.

Çağdaş Azərbaycan ədəbiyyatında bu baxımdan ən çox diqqətimi çəkən əsər "Cırtdan" xalq nağılından dekonstruksiya edilmiş "Kim yatmış, kim oyaq" hekayəsidir. Müəllif Rasim Qaraca Cırtdanın yoldaşları ilə birgə Divin evində keçirdiyi gecənin təfsilatını fərqli şəkildə nəql edir: nağıldakı Divdən fərqli olaraq, hekayədəki Div heç də Cırtdanın hiyləsinə aldanacaq qədər axmaq deyil, əksinə, həmişə ayıq-sayıq olan Cırtdanın başının altına yastıq qoyacaq, dərin və şirin yuxuya dalmasına səbəb olacaq qədər ağıllıdır. Postmodern estetikası ilə yazılan bu mətn folklordakı Cırtdan avtoritetini məhv edir: buradakı qəhrəman ağlı və diribaşlığı sayəsində yoldaşlarını və özünü xilas etmək üçün Divi məhv edə bilən zirək bir obraz deyil, "zirəkliyi" yalnız özünü və nənəsini (ən yaxın ətrafını) "xilas etmək"də görən bir surətdir. "Dünya görmüş" Div bapbalaca boyu ilə onu devirmək istəyən Cırtdanın oyaq qalmasının səbəbini soruşanda bəlli olur ki, Cırtdanın məqsədi heç də Divi devirmək deyil, o, sadəcə, xalqını xilas etmək arzusundadır. Div arqumentlər gətirərək Cırtdanı inandırır ki, yalnız bir parça "yağlı əppək"dən ötrü onun yanında olan bu "xalq" üçün fədakarlıq etməyə dəyməz.

Müəllif folklorda, mifologiyada şər qüvvə kimi təsvir olunan, bu dekonstruksiya-hekayənin sonunda isə əzazil görkəmindən əsər-əlamət qalmayan Divi postmodern mətnin tələbinə uyğun olaraq, oxucuya kiçik detallarla tanıdır; haqqında fikir yürütməyi də, onun şirin nağılını dinləyəndən sonra canını xoş rahatlıq bürüyən və "həyatının ən dərin yuxusuna dalan" Cırtdanı da dəyərləndirməyi oxucunun ixtiyarına buraxır. Belə ki, posmodern mətnlərin bir özəlliyi də oxucuya müstəsna fəallıq verilməsindədir. Hətta bəzi nəzəriyyəçilər yazarın mətn üzərindəki müəlliflik hüququnu tamamən inkar edirlər.

R.Bartın oxucu fəallığına sərhəd qoymayan konsepsiyası dəyərlər daşıyıcısı olan müəllif haqqında mifi darmadağın edir. O, müəlliflə oxucunu qarşı-qarşıya qoyaraq onların ünsiyyətini mümkünsüz sayır. Mətn üzərindəki bütün səlahiyyətlərin oxucuya aid olduğunu iddia edən R.Bart yazarı metaforik şəkildə mətnin "atası" adlandıraraq, onun üzərində heç bir səlahiyyətə malik olmadığını vurğulayır və qeyd edir ki, müəllifin fikirləri ilə hesablaşmaq lazım deyil. Başqa sözlə, onun mövcudluğunu tamamilə inkar edərək iddia edir ki, artıq əsərin müəllifi deyə bir anlayış yoxdur, sadəcə skriptor, yəni yazan var.

Haqqında bəhs olunan hekayədə də müəllifin yönləndirici mövqeyi müşahidə olunmur, hansı tərəfin daha yaxşı və ya daha pis olduğuna yalnız oxucu qərar verir: ilk fürsətdən yararlanaraq öz ideallarına, davamçılarına arxa çevirib Divin nökəri olmağa, boyunduruq altına girməyə razı olan Cırtdanmı mənfi obrazdır, yoxsa səlahiyyətlərindən istifadə edərək onsuz da əzilməyə meyilli olan cırtdanları satın alan Divmi?! Cırtdan dostlarını yuxuda qoyub Divlə alverə başlayır. Dostlarına nəzərən oyaq olan Cırtdan Divə nəzərən yenə yatıb. Cırtdanlar ona görə cırtdan olaraq qalırlar ki, divləşib (burada müsbət anlamda) öz mənfəətlərini bir kənara qoymağı, ümumun, xalqın, dövlətin rifahını şəxsi mənafelərindən üstün tutmağı bacarmırlar. Beləcə, Rasim Qaracanın "Kim yatmış, kim oyaq" hekayəsi uşaq nağılının dekonstruksiya edilmiş variantı olaraq, böyüklər üçün hekayəyə çevrilir.

Çağdaş uşaq ədəbiyyatında folklora müraciət edilməsinin müxtəlif nümunələrinə rast gəlsək də, bunlar çox vaxt sadəcə, motivlərdən yararlanma, yaxud nağıl qəhrəmanının müasir bədii mətnə gətirilməsi şəklində təzahür edir. Burada artıq mətnin dekonstruksiyasından deyil, yalnız əsərin motivlərinə müraciətdən, nağılın müasirləşdirilməsindən, interpretasiyasından söz açmaq mümkündür.

Zahid Xəlilin "Cırtdanla Azmanın yeni sərgüzəştləri" əsəri də "Cırtdan" uşaq nağılının motivləri əsasında yazılıb. Burada xalq nağılı müəllif nağılına çevrilir. "Cırtdanla Azmanın yeni sərgüzəştləri" povesti vahid süjet xətti üzrə birləşən bir neçə nağıldan ibarətdir. Prinsipcə, onların hər birini müstəqil nağıl kimi də qəbul etmək olar. Əsas obraz və ona aid olan xüsusiyyətlər nağıldangəlmə olsa da, əsərin janrı və hadisələrin zamanı müasir qeyri-müəyyən dövrü əhatə edir.

Povestdəki Cırtdan iddia edir ki, o, nağıldakı Cırtdan deyil, çünki nağıl qəhrəmanı olmaqdan bezib və bir gün Divin evinin yanından sola burularaq, nağıldan çıxıb, müstəqil həyata başlayıb. Bununla belə, povestdə də nağılda olduğu kimi, onun ərköyün, küsəyən, dəcəl bir uşaq olduğunu müşahidə edirik. Müəllif nağıldan "qopardığı" qəhrəmanının yeni əhvalatlarıyla Cırtdanın yeni sərgüzəştlərini yaradaraq, folklordan gələn nağılın müasir variantını yaradır. Hətta povestin içində Cırtdanın uşaqlara məktubu, öz sözlərilə əhvalatları oxucuya çatdırılır. Burada müəllif mətni ilə Cırtdanın mətni iç-içə yazılır.

Nağılda müəlliflə dialoqa girən Cırtdan deyir: "Əgər məni görmək istəyirlərsə, haqqımda bir az düşunsünlər. Ümumiyyətlə, siz böyüklər balacalar haqqında az düşunürsünüz. Buna görə də balacaları görə bilmirsiniz." Cırtdanın dili ilə uşaqların, yəqin ki, ən böyük problemi dilə gətirilir. Povestdə müəlliflə qəhrəmanının dialoqundan belə başa düşülür ki, əsərdə qətiyyən şişirtmə olmayacaq. Vaxtaşırı Cırtdan müəllif nağılına müdaxilə edir, "gərək bunu xüsusi yazaydın, uşaqlar üçün filan məsələ daha çox maraqlıdır" deyə, müəllifin diqqətini müəyyən məqamlara cəlb edir. Başqa sözlə, bu cümlələrlə müəllif uşaqları hadisələrin gerçəkliyinə, əhvalata özündən heç nə artırmadığına inandırmağa çalışır.

Müasir düşüncədə nağıl epizodların rəngarəngliyi, hadisələrin inkişaf dinamikası ilə seçilən janrdır. Zahid Xəlilin nağılında Cırtdan azərbaycanlıdır, vətəni Yevlaxdır, Yuri Qaqarinlə dostdur, hətta onunla birlikdə ilk dəfə kosmosa uçan uşaqdır. Sadəcə, onun yalnız gizli şəkildə kosmosa uçmasına icazə verilib, buna görə jurnalistlər təkcə Yuranın uğurlarından danışır, bapbalaca Cırtdanın heç fərqinə belə, varmırlar. Əksər nağıllarda yol motivi qabardılır və bu motiv nağılın süjetqurmasını təşkil edir. Zahid Xəlilin nağıldangəlmə povest qəhrəmanının da başına gələn hadisələrin çoxu yolla, səfərlə bağlıdır. Burada Cırtdan nağıldan çıxıb müasir dünyanın reallığına keçir, lakin bu reallığı da nağıl kimi yaşayır; yəni folklordakı "Cırtdan" nağılının müasir variantı və müəllif interpretasiyası yaranır.

Zahid Xəlilin povestində Divin əvəzinə Azman olsa da, o, "Cırtdan" nağılının Divi qədər mənfi obraz deyil - Cırtdan onun bülbül cəh-cəhinə bənzəyən tütək səsini eşidərkən bəyənməsindən əmin olur ki, Azman "yaxşı adamdır". Azman da Div kimi yekəpərdir, amma o, adam yemir; bir oturuma 20 təndir çörəyi, 30 kotlet, bir vedrə kompota "azdır, doymayacam" deyib ağlayır. Kepkasının yelkən boyda günlüyü olan, ciblərinin hərəsinə dünyanın ən uzun adamına yarayacaq 2-3 yorğan yerləşən Azman özü də bir uşaqdır və qorxaqdır; hətta qorxusunu yenmək üçün dərman içir. O, uşaqlar üçün özü kimi böyük, bütün gecə davam edən nağıllar toplayan obrazdır.

Azman onun nağıllarını sağ-salamat ünvana çatdıra bilməyən Cırtdanı cəzalandırmaq istəyir, amma onu tuta bilmir. Cırtdan çox balaca olduğu üçün Azmanın gah cibində, gah kepkasının günlüyünün bir küncündə gizlənir. Nəhayət, Cırtdan onun hücumlarından qurtulmaq üçün tütək çalır, musiqi Azmanın uzun-uzadı xəyala dalmasına səbəb olur və o, Cırtdana heç nə etmədən uzaqlaşıb gedir. Beləliklə, nağıl uşaqlara sənətin xilasedici olduğu, güclü olmaq üçün fiziki böyüklüyün və gücün deyil, ağlın vacibliyi ideyasını təlqin edir. Buradakı ideya "Cırtdan" xalq nağılının qayəsini davam etdirir. Demək olar ki, bütün nağıllarda xeyir və şər, müsbət və mənfi tərəflər qarşı-qarşıya qoyulur və hadisələr necə cərəyan edirsə, etsin, sonda mütləq xeyirin qələbəsi ilə bitir.

Sevinc Elsevərin "Tıq-tıq xanımın nağılı" hekayəsi sadə dekonstruksiyadır. Burada da Tıq-tıq xanım özünə dost (ər) axtarmaq üçün yola düşür, Çoban və Tülkü ilə rastlaşıb, onların dostluğundan imtina edir və daha mehriban və "alicənab" Siçanın dostluğunu qəbul edir. Lakin nağıldan fərqli olaraq, hekayədə quyuya Tıq-tıq xanım yox, evə ərzaqla dolu torbayla qayıdanda sevincindən gözü ayağının altını görməyən Siçan bəy düşür. Bundan xəbər tutan Tıq-tıq xanım tez özünü ona yetirib, kömək əlini uzadır. Siçan soruşur ki, səni özümlə aparmadığım üçün məndən küsməmisən ki? Tıq-tıq cavab verir ki: "Dost dostdan küsərmi heç? Deyiləm səndən küstərəcik..." Növbəti dəfə xan evinə ərzaq üçün gedəndə Siçan Tıq-tıq xanımı da özüylə aparır və bu dəfə köməkləşdikləri üçün nə ərzaq yerə tökülür, nə də özü çuxura düşür. Hekayə müəllifinin ötürdüyü mesajı ifadə etmək üçün yenə folklora müraciət etsək, deyə bilərik ki, "tək əldən səs çıxmaz", başqa sözlə, "güc birlikdədir."

Bəzi digər Azərbaycan nağılları da, xüsusən, kukla teatrlarında səhnəyə qoyulmaq üçün interpretasiya, dekonstruksiya edilir, əsasında pyeslər yazılır. Bu sıradan "Turpun nağılı"nın dekonstruksiyasından bəhs edən Aydın Talıbzadə bir neçə il öncə yazırdı ki, nağılı dekonstruksiya edəndə ətrafa fəlsəfi tezislər səpələnir. Qəhrəmanları öz nağıllarından "qoparıb" yenilərinə gətirəndə onlar yeni zamana, onun tələblərinə uyğunlaşır, dünyagörüşlərini, düşüncələrini, əməllərini dəyişirlər. Əks təqdirdə bir məkandan digərinə adlamağın - ədəbi oyunların nə mənası olar, nə də əhəmiyyəti.

Nağıl dekonstruksiyası və interpretasiyası oxucuya (uşağa) nə verir? Yəqin ki, oxuduğunu fərqli müstəvidə dəyərləndirmək, estetik və analitik təhlil zamanı dekonstruksiya olunmuş mətnin əvvəlki və sonrakı variantlarını müqayisə edərkən düşüncənin geniş üfüqlərə yol açması, nəticədə, oxucunun həm də öz mətnini düşünməsi imkanı qazandırır. Hər halda, nağıl mətninin yenilənməsi, dəyişdirilməsi uşaqlara mətnə "belə də ola bilər" fikri ilə yanaşaraq, alternativ düşüncəyə açıq olmaq imkanı, vərdişi qazandırır.

2015, 2020

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!