Leyla Əliyevanın şeirləri yeni tərcümədə - Nizami Cəfərov yazır

 

Leyla Əliyevanın şairlik istedadına ilk xeyir-duanı onun babası - Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan yazıçılarının iştirak etdiyi mötəbər (və son dərəcədə səmimi!) bir ailə məclisində "mənim nəvəm də şeir yazır" sözlərilə vermişdi. Və Azərbaycan ədəbiyyatının hamisinin bu sözlərini ədəbi ictimaiyyətin, xüsusilə ədəbi prosesi diqqətlə izləyən tənqidçilərin - ədəbiyyatın vicdanı olmaq missiyasını könüllü olaraq öz üzərinə almış ədəbi mücahidlərin diqqətindən, təbii ki, qaçmamışdı.

Leyla xanım onun poetik istedadına bəslənən ümidləri doğrultmaqda gecikmədi. Hisslərinin, düşüncələrinin (və taleyinin) sirlərini yalnız dünyanın ən səmimi insanları ("peyğəmbərlərdən sonra gələn" şairləri!) kimi bütün dünya ilə paylaşmağın gözəl bədii örnəklərini təqdim elədi. Və sübut etdi ki, dahi babası onun yaradıcılıq istedadını yüksək qiymətləndirməkdə tamamilə haqlı imiş.

Əlbəttə, ədəbiyyat, xüsusilə poeziya hansı dildə yaranırsa, söz sənətkarı öz qüdrətini ilk növbədə həmin dildə göstərir, ancaq bunula belə, "bədii tərcümə" adlandırılan elə bir yaradıcılıq fenomeni var ki, bir dilin poetik imkanlarını başqa bir dilə qazandırmaqla ədəbiyyatın transmilli auditoriyasını genişləndirir... Azərbaycan poeziyasının zəngin tarixi ənənələrinə heç də zidd deyil ki, Leyla Əliyeva şeirlərini beynəlxalq bir dildə - rusca yazır. Və zahirən belə görünə bilər ki, bütünlüklə azərbaycanlı ruhunun təzahürü olan bu şeirləri ruscadan azərbaycancaya çevirmək o qədər də çətin deyil. Lakin nəzərə alsaq (və bunu nəzərə almamaq sadəcə mümkün deyil!) ki, Leyla xanımın poetik üslubu milli mentalitetlə nə qədər sıx bağlıdırsa, o qədər də fərdi "improvizasiya" potensialı, özünəməxsus mövzu, ideya-məzmun axtarışları nümayiş etdirdiyinə görə tərcüməçidən xüsusi məharət tələb edir. Və etiraf etməliyik ki, şairənin şeirlərini azərbaycancaya çevirmələrində (artıq demək olar ki, bu sahədə müəyyən təcrübə mövcuddur) istər həmin potensiala, istərsə də haqqında söhbət gedən axtarış texnologiyalarına bu və ya digər dərəcədə diqqət yetirilmiş, nəticə etibarilə, kifayət qədər uğurlu tərcümə nümunələri də meydana çıxmışdır.

Leyla Əliyevanın şeirlərinin Adil Cəmil tərəfindən tərcümələrinə (bax: Ünsiyyət, Bakı, 2020. Tərtib edəni: Cavid) gəldikdə isə ilk növbədə qeyd etməliyik ki, görkəmli şair-tərcüməçi (ədəbiyyatşünas) şairənin təmsil etdiyi estetik idealların mahiyyətinə varmağa çalışmış, kitaba yazdığı "Fəlsəfi düşüncənin lirik ovqatı" adlı ön sözdə Leyla xanımın yaradıcılığına münasibətini ümumən ədəbi prosesin hərəkatı kontekstində bildirməklə belə bir doğru qənaəti bir daha təsdiq etmişdir ki, "minilliklərdən süzülüb gələn poetik söz yeni dövrün yeni biçimində öz təravətini saxlamaq əzmindədir - bu şərtlə ki, qələm sahibi Leyla xanım kimi istedad sahibi olsun".

Adil Cəmillə razılaşmağa, görünür, hər cür əsas var ki, Leyla Əliyevanın poetik təfəkkürünün ilk baxışda nəzəri cəlb edən zəngin hissi - emosional qatının dərinliklərində kifayət qədər düşündürücü (və həqiqətən fəlsəfi mükalimələrə meydan açan) olduqca məhsuldar mülahizələr mövcuddur. Ön sözdə şair-tərcüməçi istər ənənədən (xüsusilə sufi-panteist düşüncə tərzindən ki, bunun müasir təzahürlərini bəzən neosufizm hesab edirlər) gələn, istərsə də postmodernizmin yeni insan konsepsiyası axtarışlarının doğurduğu metafizik reflekslərin nəticəsi kimi zühur edən bu cür mülahizələr üzərində dayandıqdan sonra göstərir ki, "oxuculara təqdim etdiyimiz bu kitabda Leyla Əliyevanın zəngin yaradıcılığından az sayda nümunələr toplanıb. Poeziya vurğunlarının onu daha yaxından tanıması üçün bu da bir körpüdür - ünsiyyət körpüsü...".

Əlbəttə, yaradıcı şəxsin mənəvi dünyasını daha yaxından tanımaq onun əsərlərinin əksəriyyətinə bələd olmaqdan keçir, lakin yaradıcılığın belə bir sirri də yox deyil ki, məsələn, şairin istedadı (hətta qüdrəti!) çox hallarda üç-dörd şeirində də ortaya çıxa bilər... Leyla xanımın "Ünsiyyət"də toplanmış şeirlərinin hər birində inkarolunmaz istedad enerjisini hiss etməmək mümkün deyil. Və bu şeirlərin ideya-estetik dəyəri, hər şeydən əvvəl, onları yaradanın özünün özü ilə nə qədər mümkündürsə o qədər səmimi polemikaya meydan açmasındadır:

Məndə bir Mən vardır - biz bölünmərik!

Kimdir qulluq edən iblisə bizdən?

İblisi göz ilə görə bilmərik,

O keçər eləcə düşüncəmizdən.

 

...Məndəki Mənin də gözü qapalı,

Heyf ki, mən Məni başa düşmürəm.

Poeziyanın "fəlsəfə"sində, yəqin ki, Mən qədər maraq dairəsində, diqqət mərkəzində (və Mən qədər də mübhəm!) heç nə yoxdur. Və təsadüfi deyil ki, müxtəlif ədəbi cərəyanları çox zaman şairin öz Məninə münasibətdə təyin edirlər... Leyla xanımın şeirləri də Mənin mütəvaze koqnitiv-üslubi fəallığı ilə seçilir:

Mən də bir zərrəyəm deyirəm əlbət,

Yox, zərrə deyiləm, daha kiçiyəm.

Ürəyi bölərmiş yalnız məhəbbət,

Mən nə sonuncuyam, nə birinciyəm.

 

...Ürək səninkidir, dəyər ver ona,

Qoyma didsin onu yalan və nifrət.

Heyifin gəlməsin, bir yer ver ona -

Orda yuva salsın təmiz məhəbbət.

Məni Mən edən məhəbbətdir... Və bir də Ruhun təlatümləri, təbəddülatları, tərəddüdləri, tale qarşısındakı məsuliyyəti var ki, üsyan doğurur:

Qaytar fırtınamı, sakitliyimi,

Çoxdur umacağım taleyim üçün.

Ey qürub, qaraltma nurlu göyümü,

Mənim günəşimə toxunma bu gün!

Ümumiyyətlə, hər hansı övqata köklənmiş olursa olsun, Leyla xanımın şeirlərində bol işıq var. Və bu işıq insana, dünyaya elə bir təmənnasız sevgidən gəlir ki, onu ancaq ilahi-platonik miqyaslarla dərk etmək mümkündür:

Sənə vurulmuşam! Kim qınayacaq?

Səninlə hər günə, hər ana şükür!

Fal açmaq nə gərək - necə olacaq,

Olanlar gözəldir, olana şükür!

Yaxud:

O vaxtdan ayrılıb görüşməsək də,

Bil ki, mənimləsən hər səhər, axşam.

Sənsiz səninləyəm - sənsən ürəkdə,

Unutma, mən səni unutmamışam.

Təəssüf ki, bizim gənc şeirimizdə (və gəncliyimizdə!) çox zaman hisslərin, duyğuların (bir sözlə, sevginin) məhz bu ali təmənnasızlığı (və işığı!) çatışmır. Halbuki bunsuz nə əsl poeziyadan söhbət gedə bilər, nə də həqiqi insandan... Leyla xanım istər təbiətdən yazsın, istərsə də cəmiyyətdən, onun "tədqiqat" obyekti müasirimiz olduğu qədər də əbədi dəyərlərə sadiq İnsandır. O İnsan ki, dünyanı bütün incəliklərinə qədər dərk edə-edə sevir, sevə-sevə dərk edir.

"Ünsiyyət"də tərtibçinin əməyini (və zövqünü) də ayrıca qeyd etmək lazımdır. Şeirlərin tərcüməsi orijinalları ilə yanaşı verilmiş, Leyla Əliyevanın təsviri sənətin ümumi insan dili ilə danışan illüstrasiyaları kitaba xüsusi rövnəq gətirmişdir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!