"Ümidlərin göydə durna lələyi..." - Kamal Abdullanın poetik məkanında yol konsepti - Mətanət VAHİD

esse

Mətanət VAHİD

 

 

İngilis-amerikan şairi U.H.Oden irland şair-dramaturqu U.B.Yeytsin xatirəsinə yazdığı elegiyada (1939) təxminən belə bir cümlə işlədirdi: "Poeziya dünyanı dəyişmir" ("Poetry makes nothing happen"). Bu ilk baxışda banal görünən cümlənin bu gün də maraq dairəmdə olmasına səbəb Odenin illər boyu poeziyanın köməyilə dünyanı dəyişəcəyinə inanması və sonradan bu inancını itirməsidir. Koronavirus pandemiyasının bəşəri sardığı bir zamanda, yəqin ki, ədəbiyyat adamlarının əksəriyyəti "ədəbiyyat dünyanı xilas edirmi?" sualı ətrafında bir də düşünməli oldular... Bütün karantin dövrü ərzində mütaliəsindən zövq ala bildiyim yalnız "Dünya ədəbiyyatı" dərgisinin "Esse" sayı, bir də pdf-lə telefonuma yüklədiyim "Nar çiçəkləri" şeirlər kitabı oldu... Kamal Abdullanın bu ilk dəfə bir neçə il öncə oxuduğum kitabına yenidən qayıtmağımın səbəbi son aylar beynimə hakim kəsilmiş bir misranın dalınca düşməyim oldu: ünvanını xatırlamadığım "geri baxma daş olarsan..." misrası məni yenidən "Nar çiçəkləri"nə gətirdi...

Bilmirəm, bu şeirlərlə Mərcan Dədənin "Sufi Dreams" albomundakı musiqilərini birləşdirən nə isə varmı, hər halda, mən onları oxuyarkən qeyri-iradi Mərcan Dədənin etnik musiqisini dinləyirəm. Onun bu ruhsal trans yaşadan əsərləri nə klassik təsəvvüfdür, nə də xalis Qərb musiqisi, ikisinin sərhədində, ikisini birləşdirən və ikisindən də uzaqlaşan. Kamal Abdullanın lirikası da belədir, mənə görə: nə xalis şeirdir, nə yalın fəlsəfə - bu ikisinin qovuşuğunda ağlın nə qəbullana, nə də inkar edəcəyi bir nəsnə. Bəlkə, onlar arasında hiss etdiyim bağlantı bu şeirlər kimi, bu musiqinin də bütün nizamına rəğmən uçuq-qaçıq olmasıdır?!. Mənə elə gəlir, Kamal Abdullanın şeirlərində misralar, fikirlər bir araya toplanmağa can atmır, hərəsi bir tərəfə dartınmağa çalışır. Qaçıb gedəni, azadlığına üz tutanı izləmək, onun üçün xoşbəxt olmaq duyğuların ən gözəlini yaşadır insana. Bəlkə, kəpənəyin uçmasını, ətəkləri bir topa uçuşan kəpənək kimi havada süzən səmazənin rəqsini izləmək də bu üzdən bu qədər möcüzəvi təsir yaradır məndə?!.

"Ədəbiyyat qəzeti"nin Məhəmməd Hadiyə həsr olunmuş xüsusi buraxılışındakı yazısında Kamal müəllim böyük şairi "ruhən, nəfəs genişliyi ilə" İ.Brodskiyə yaxın bilirdi. Təxmini yadımdadır ki, hansısa bir essedə o, Səlim Babullaoğlunu və Qisməti də Brodski ilə müqayisə etmişdi. Mənsə onda da, indi də düşünürəm ki, Kamal Abdullanın öz poeziyası daha çox müqayisəyə gəlir Brodski ilə. O da vaxtilə özünü rus poetik ənənəsinin dışına çıxaran şair olaraq qəbul edilirdi. Hər ikisi yalnız tematika deyil, üslubi baxımdan, fərqli bir şeir dili yaratması ilə də özünəməxsusdur, şeirlərində məntiqi və emosional təzahürün qovuşması baxımından da oxşardırlar: bu mətnləri oxuyarkən müəllifin özündən öncəki şeir təcrübəsindən uzaqlaşdığını, ezoterik təmizlənmə ilə xalis özləşdiyini duyursan.

Şeirə, bütövlükdə ədəbiyyata münasibətdə usandırıcı bir banallıq hökm sürür. Kamal Abdullanın şeiri bu banallıqdan qaçış, xəyal dünyasının intəhasızlığı gücünə kainata qucaq açması ilə, hər cür təxminləri alt-üst edən misraları isə ilk növbədə, gözlənilməzlik aktı ilə fərqlənir. Nöqteyi-nəzərinin kompromissizliyi baxımından da Kamal Abdulla seçilən müəlliflərdəndir. Onun ədəbi, bədii bütün mətnləri alternativ fikrə yer qoymurmuş kimi kateqorik ahəngdə ifadə olunsa da, yüzlərlə suala rəvac verir.

Zamanla Kamal Abdullanın dilə "diskriminasiyası" ilə bağlı ittihamlara da rast gəlmişik, dünya ədəbiyyatına göndərmələrinə görə kitabdangəlmə olduğuna da, günümüzün qayğılarından yazmadığına görə, həyata arxa çevirdiyinə də... Kim nə deyir desin, kim inanmır inanmasın, Kamal Abdullanın ədəbi avtoriteti mənimçün yalnız onun xalis ədəbiyyat adamı olması, yaradıcılığının orijinallığı, bütövlükdə ədəbi düşüncəsinin özünəməxsusluğu ilə bağlı məsələdir. Məncə istər nəsrdə olsun, istərsə də şeirdə, o, hər zaman banallığın düşməni kimi davranır, tapdanmış yolları getməyi düşünmədən "Azərbaycan dilinin potensialında" yalnız ona məxsus dil və üslub yaradır. Bu mənada, onun stili unikallığı ilə fərqlənir, üslubların qarışdırılması, bu üslub "sahmansızlığı" ilə orijinal bir ahəng yaradır.

K.Abdulla intonasional təfəkkür sisteminə malik müəllifdir; onun poetik intonasiyası mətnyaratma prinsiplərinin təşkilində aparıcı roldadır. Fikrimcə, bu şeirlərin intonasiyası sözlərdən daha artıq danışır. Kamal şeirlərinin özəl xüsusiyyətlərindən biri də bəzən ahəng və sintaksis arasında kəskin konfliktin yaranmasıdır. Bunlar daha çox sintaqmatik əlaqənin qırılmasında, inversiyada ifadə olunur.

Şeirdən şeirə keçdikcə onun poetik aləmi oxucunu gerçək dünyadan mümkün qədər daha çox uzaqlaşdırır, metafizik üfüqlərə yol alır; bu şeirlərin məqsədi oxucunun hiss və duyğularına toxunmaqdan daha artıq, təxəyyül və şüuruna nüfuz etməkdir.

Sənin özünün Allahın varmış,

Sənin gözünün içində imiş.

Sənin Allahın daha cavanmış,

Sənin Allahın daha gözəlmiş.

Fikrimcə, kitabdakı ilk şeir - "Alın yazısı hədər yazılmır" Kamal Abdullanın ən metafizik şeiridir. Burada iki yaradıcı - insan və Allah iç-içədir: Allahın yaradıb taleyini alnına yazdığı insan və insanın içindəki sevgi və işıqdan, şüur və düşüncədən doğurduğu Allah. Bu şeirdə bir təsəvvüf ruhu da var: Allahı öz ruhundan doğuranın, yalnız gözəlliyə, yalnız sevgiyə, yalnız Cənnətə inananın Allahı "daha cavan", "daha gözəldir". Bu qatbaqat çözümlərə açıq olan şeirin üçüncü bəndində insanın özünün allahlaşması, yaradan funksiyasından daha çox sevilən olmaq avantajı ilə o ucalığa nail olması fikri də saxlıdır. Oxucunun hisslərini sığallayan duyğusal şeirlərdən fərqli olaraq, belə poetik parçalar şüura nüfuz edərək saysız-hesabsız suallar üçün zəmin yaradır və alınan cavabların necəliyi bütün şeirlərdən keçən yol boyunca yolçuluğun necə keçməsindən asılı olur.

Kamal Abdullanın şeirlərində yol motivi "ekzistensial" xarakteri ilə müəyyənləşir. Bu kontekstdə yol yalnız peyzaj-məkan mənasında deyil, həm də və daha çox fəlsəfi-estetik, simvolik, ruhani anlamlar daşıyır. Demək olar ki, bütün şeirlərindən bu və digər dərəcədə keçən yol leytmotivi müxtəlif variasiyalarda təzahür edir. Burada dar mənasında "yol"dan nadir hallarda bəhs olunur. Kamal Abdullanın protoqonisti üçün yol getmək mövcudluğun vacib elementidir. Bu yol ideal azadlıq - ideal mən - ideal həyat axtarışı kimi gedilir, yol arxetipi həyatın metaforası, insanın mental məkanı kimi reallaşır.

"Nar çiçəkləri" kitabındakı əksər şeirlərdə, adətən, qarşı-qarşıya qalan iki tərəfi - adresat və adresantı müşahidə edirik. Bu ikisi uzun bir yolun iki müxtəlif qütbündən üz-üzə gəlsələr də, eyni yolu getdikləri, başqa sözlə, oxşar taleyi yaşadıqları üçün biri digərinin əks-sədası kimi səslənir. Bəzən isə onların "sözü düz gəlmir", fikirləri, qənaətləri tərs-mütənasibdir. Səbəb odur ki, yol bir olsa da, gedənlər (bu taleyi yaşayanlar) müxtəlifdir və bu müxtəliflik onların qət etdikləri yol barədə düşüncələrinə də yansıyır.

Hədəf - yolu başa vurmaq, bir mənzilə çatmaq deyil, məqsəd getməkdir, yolçuluq, arayış, sualdır... ("Bu yol sənin yolun deyil - bilginən, \ Sənin olan addımındı, izindi") Beləcə, yol getmək - bir ömür boyu yaşadıqca təcrübələr qazanmaq, fərqli düşüncələrlə yola çıxsa da, tamamilə yeni qənaətlərlə öz keçmiş məni ilə üzbəüz qalmaq - köhnə-yeni mən qarşılaşmasıdır. İnsana şəxsi təcrübəsi qədər heç nə və heç kim öyrədə bilmir. O, yolu özü getməli, bütün dolambaclardan özü keçməli, "deyilənlər gəldi başa" mərhələsini arxada qoymalıdır ki, həyatı yetkin, barışıq insan olaraq yaşaya bilsin.

"Alın yazısı hədər yazılmır", amma insan yolayrıcındakı yolların birini seçmək ixtiyarına malikdir. Nağıllarda nəyəsə nail olmaq üçün mütləq uzun və ağır yola çıxan qəhrəmanın seçdiyi yol onu məqsədinə çatdırır və hədəfə nail olunursa, demək, yol da bitir. Folkloristikada həmçinin yolun ruhu xarici aləmlə bağlaması funksiyası da qeyd olunur. Yolu, eyni zamanda, insanın evi, özü və başqaları arasındakı məsafə kimi də qəbul etmək olar. Hədəfə çatdıqdan sonra qəhrəmanın bir yolu da geriyə dönüşü olur, əvvəlki yolu özündən - evindən kənara, uzağa aparırsa, sonrakı yolu evinə, özünə gətirir.

Gəldiyim yolla da qayıdacağam,

Yolun başlanğıcı - yolun sonucu.

Mən qayıtmalıyam, nə qədər sağam,

Mən nə birinciyəm, nə də sonuncu.

                          "Gəldiyim yolla"

Yol əbədiyyətdir, bitməyən hərəkət, irəliləyiş, davamlılıqdır. Kitabdakı "Nar çiçəkləri" şeiri bütün bir insan ömrünün rezyumesi kimi ifadə olunur. Tumurcuqlayan, açılan və solan çiçək - doğulan, yaşayan və ölən insan ömrünə metaforadır ("Hər şey qurtaracaqdır \ Xoşbəxt bir gələcəklə. Soldu nar çiçəkləri - \ İndi nar yetişəcək"). Bu üzdən deyə bilərik ki, kitabın adı kimi seçilən "Nar çiçəkləri" şeiri bu yol-ömrün adlanmasıdır.

Müxtəlif xalqların nağıllarında yol(ayrıcı) motivi var. Adətən, yolayrıcı "işıqgələn" və "ithürən" tərəfdən ibarət olur və qəhrəman onlardan yalnız birini seçmək, bununla da özünün taleyini müəyyənləşdirmək iqtidarındadır. Qəhrəmanmı yolu seçir? Bəlkə elə yol seçir öz qəhrəmanını?! Bəlkə də, hansı yolu seçməsi onun əvvəldən yazılmış alın yazısıymış?! Bəlkə elə işıqlı yol içindəki gözəlliyi, dürüstlüyü görüb özü çəkib aparır qəhrəmanını?! Yoxsa "alın yazısı hədər yazılmır" bəyanının bunca anlamı olardımı?!

Geri baxma, daş olarsan,

Gözdən axan yaş olarsan,

Donvurmaz yaddaş olarsan,

Yaddaş olmaq yaman şeydi.

                 "Cavabsız suallar yağır"

Mənimçün bir müddətdir ki, aforizmləşmiş, keçmişdən qopub irəli baxmalı olduğumu xatırladan "geri baxma, daş olarsan" misrası, məncə, Kamal Abdulla şeirindəki yol konseptinin xülasəsidir. Yolun başlanğıcı ilə sonu arasında kateqorik fərq yoxdur; hətta dönərkən də o, irəliyə doğru hərəkət halıdır.

Konseptlər mətn və ətraf aləmin dərki arasında mədəni vasitə rolunu oynayır, bu baxımdan bədii ədəbiyyatda istifadə olunan konseptləri verballaşmış mədəni mahiyyət də adlandırmaq olar. Kamal Abdullanın poeziyasında yol arxetipi poetik konstantdır, şeirdən-şeirə keçərək bütün lirikasını dolaşır. Yol - labirint arxetipi həmçinin onun nəsri, xüsusən hekayələri üçün də konseptual xarakterlidir. Burada yolla bağlı situasiyalarda oyanan refleksiya formaları ümumilikdə mətnyaratmanın əsas vasitəsi olaraq yol motivinin paradiqmasını təşkil edir.

Nəsrində olduğu kimi, Kamal Abdullanın şeirlərində də intertekstuallığın müxtəlif təzahürlərini izləyirik: öz mətnləri arasındakı bağ isə hamısından daha çox nəzərəçarpandır. Onun şeirləri sanki səbət kimi hörülüb, bir-birinin içindən keçir. Bunu yalnız heç olmasa, 8-10 şeirini ardıcıl oxumaqla fərq etmək mümkündür. Hər şeirdə rastına çıxan bəzi misralar və ya bütöv bəndlə köhnə tanışın kimi görüşürsən, bəzən şeirin adı romanına allyuziyadır və s. Bu şeirlər üçün bir ortaq cəhət də var ki, əksərən davam kimi başlanır, yəni sanki şeirin əvvəlki bəndləri ya ixtisar olunub, ya da bu, hansısa başqa bir şeirin davamıdır. Bəzi şeirlərdə isə qəfil qırılmaya şahid oluruq: bitməmiş fikir, deyilməmiş söz orada yarım qalanın davamını növbəti şeirlərdə axtarmağa sövq edir. Bu davamlılıq da şeirlərin özünün davam edən bir yol olduğu assosiasiyasını yaradır.

Kamal Abdullanın poetik təfəkküründə yüz illərdir bildiyimizi düşündüyümüz məsələlərə tərs baxış var: insanın yol getməsi deyil, yolun özünün getməsi, insanın üfüqə çatması deyil, üfüqün ona çatması kimi və s. ("Üfüq məndən qaçmadı, \ Məndən uzaqlaşmadı. \ Üfüq mənə başladı \Dərdini danışmağa"). Onun şeirlərində yalnız yolçu deyil, sanki yol da gedilməkdən yorulub, bir an durub əvvəlinə, sonuna boylanır: "...Bir əvvəli var, bir sonu, \ Bəs bu yolun özü hanı?!". Esse janrı ilə ilk tanışlığım 10-cu sinifdəykən Kamal Abdullayev imzalı "Yolun əvvəli və axırı" (1993) ədəbi və bədii esselər toplusu ilə başlayıb. "İnan ona" şeirinin son iki misrasındakı bu suala həmin kitabının lap əvvəlində müəllif belə izah verir: "Hərə bir Yoldu, tutub gedir. Heç kim də bilmir hara gətirib çıxaracaq onu bu Yol. Bəlkə heç biz getmirik. Bəlkə elə gedən Yolun özüdür". Burada yol şəxslənir, gedənlə gedilən eyniləşir, bütünləşir. Kitabdakı bu giriş-esseyə "Yolla gedən olmasa, bilinməz \ Bilinməz gəlir bu yol, ya gedir" misraları epiqraf olaraq seçilib. Bu misralar, bu esse, yol konseptli bütün şeirlər, hekayələr uzun bir yol haqda saysız-hesabsız qırılmayan düşüncələrə gətirib çıxarır. 

Kamal Abdullanın, demək olar, hər bir şeirində hər üç zaman iştirak edir, sanki yolun ortasında dayanıb nəfəsini dərən adam qət etdiyi yola baxıb onu hələ qarşıda gözləyənlər haqqında bəhs edir və bu sonranın sonunun gəlməyəcəyini bilir. Bu şeirlərdə keçmişlə bağlı təəssüfə həm də gələcəklə bağlı ümid, arzu, gözlənti qarışır. Bununla belə, xüsusi bir emosionallıq müşahidə edilmir - hisslərin ifadəsi hər zaman stabil, sükunət halındadır və məncə, bu neytrallıq şeirin ümumi intonasiyasına əhəmiyyətli dərəcədə təsir edir.

Bu şeirlərdə yol eyni vaxtda həm məkan, həm də zaman kateqoriyasını əhatə edir, dil isə öz növbəsində, bu sxemə üçüncü tərkib hissəsi kimi daxil olaraq, mətnin məna və intonasiya cəhətdən tamamlanmasını təmin edir. İnsanı bu gündən gələcəyə götürən yol məkan-zaman anlamında həmişə irəliyə doğrudur, onu doğuluşdan gələcəyə - ölümə aparır, lakin bütün hallarda bu "son elə başlanğıcdır" və demək, bu şeirlərdə ölüm son dayanacaq, yolun sonu kimi mənalandırılmır, ölümdən sonrakı həyat, əbədiyyət misalı qəbul edilir. ("Hər şey təzədən? \ Hər şey təzədən...) Beləliklə, "Nar çiçəkləri" kitabını bütünlüklə Yol (zaman-məkan) haqqında böyük bir poema kimi oxumaq olur.

Arzuların dil açıb yalvarar ki,

Əvvəl-axır bir oyuncaq ver bizə.

Olacağın olmağına nə var ki,

Bircə dənə "olmayacaq" ver bizə.

Onun şeirlərini "olacağa çarə yoxdur" bəyanı kimi də qavramaq olar, olanlarla barışıq halda, ümidə sarılaraq sərhədsiz xəyallara qanad açmaq da. Yaxşı mətn müəllifin "monoloqu" deyil, oxucuya xitab edir və onun "cavablarını" "dinləyir", yazıçı oxucunu "oxuyur". Müəllifin təfəkkürü - oxucu təfəkkürünün güzgüsüdür, yazdıqları oxucunun ruhunda əks-səda verərək, öz mətni ilə bütünləşir. Ən kritik situasiyalarda ruhumuz bizi özümüzə ən yaxın olana yönləndirir. Ona görə dünyanın bir rəngə büründüyü bu aylarda yaddaşımın məni "Nar çiçəkləri"nə sarı çəkib aparmasında təsadüfi heç nə görmürəm. Ədəbiyyat insanı xilas edə bilirmi? "Ümidlərin(m) göydə durna lələyi...".

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!