Vaqif Bəhmənli poeziyasında rənglərin naxışları - Nizami Tağısoy yazır

Vaqif Bəhmənlini çağdaş poeziyamızın aparıcı nümayəndələrindən biri kimi oxucular, ədəbiyyatsevərlər və tənqidçilər yaxşı tanıyırlar. Orijinal mövzular, fərqli poetik obrazlar, bədii ifadə vasitələrindən yararlanma bacarığı onun bədiyyatımıza özəl naxışlar vurmasına uğurlu imkanlar yaratmaqdadır. Vaqif nəyi mövzu olaraq çözmək istəyində bulunduqda gözümüz qarşısında maraqlı poetik mənzərə dayanır. Burada sözlərin, ifadələrin, deyimlərin düzümü assosiativ baxımdan tamamilə fərqlidir. Vaqifin masamın üstündəki 2019-cu ildə nəşr etdirdiyi "Qansız savaş (Ən yeni şeir)" kitabını vərəqləyirəm. Əvvəl sadəcə maraq üçün. Orada yer almış mövzuların qeyri-adi adlar sırası diqqətimi çəkir. Sonra kommentariyalı oxumağa başlayıram. Maraq və Heyrət!

Bu nümunələrdən hər biri bir tərəfdən xalq yaradıcılığı, digər tərəfdən, klassik şeir vəzninə, üçüncü tərəfdən isə postmodernist üsluba istiqamətlidir. "Qansız savaş" doğrudan da, məzmun-məna, kompozisiya-struktur, estetik effekt baxımından ən yeni şeirlərdır.

Müəllifin bu şeirləri özünün onları necə qruplaşdırdığını əldə rəhbər tutsaq "Bes qat"da, dörd "Bəndübənd"də yerləşdirilmişdir. Fəsillərin adları, struktur bölgü özəl və fərqlidir. Mövzular rəngarəng, çoxçalarlı, çoxqatlı və altmənaları özündə ehtiva etməklə zəngindir. Yəni Vaqif Bəhmənlinin bu kitabında iridən-xırdaya elə bir nümunə tapmaq mümkün deyil ki, o, oxucunu düşündürməsin:

Çoban - çoluqlar qışqırıb

hoylayır naxır - adamı.

Enir balta...

                        qan fışqırır,

Sümürür çuxur adamı!

 

Yonca dərd açır tək-tək;

Solur çiçək,

                        qoca fələk

quru yonca topasıtək

yabaya taxır adamı!

 

Dost gözündə əyri oxsan,

Tək canımla yenə çoxsan...

Yad nə bilir varsan, yoxsan -

doğmalar yıxır adamı.

Bu, Vaqifin "Adam ovu" adlı yığcam şeirindəndir. Lakonizm burada şairin fikir dünyasının kasadlığı ilə bağlı yox, hədəfə dəyən tutarlı, titrədici "baltanın enməsi, qanın fişqırması, çuxurun adamı sümürməsi" kimi ifadələrlə əlaqədardır. Siz "çuxurun adamı sümürməsi" ifadəsi ilə haradasa rastlaşmısızmı?! Biz, təbii ki, bu tipli ifadələri şairin tapıntısı kimi dəyərləndiririk.

Yaxud kitabın "İkinci qat. Səhra gözəli" fəslindəki "Sevgi rədifləri" şeirindəki poetik sintaksisə nəzər salaq:

Gülüşünə tay hanı?

qəmzələrin süzgün ox,

qansız gözələ canım

qurban olsun, yoxsa yox?

                                      

...Dərdin dəvəsi sinəm -

dartır həvəsi sənə...

Zınqırov səsi sənə

mehman olsun, yoxsa yox?

Görürsünüzmü, klassik poetik deyimlər yeni qiyafədə, yeni biçimdə gözümüz önündə necə bərq vurur?! Məlumdur ki, poetik sintaksis nitqin elə bir xüsusi şəkildə qurulmuş vasitələrindən istifadəni nəzərdə tutur ki, onlar məhz obrazlı ifadəliliyi gücləndirməyə hesablansın. Vaqifin poetik fiqurlarında cümlələrdəki sözlərin qeyri-adi sırası poetik frazalar, poetik ifadə rəngləri verir. Daha doğrusu, bu şeirlərdə poetik lüğət öz zənginliyi və oynaqlığı ilə fərqlənir.

Vaqif şeirlərində nitqin poetik təşkilinin elə xüsusi üsulunu tapır ki, o, qeyri-tipik olmaqla gündəlik ünsiyyət üçün səciyyəvi olan dil elementinin təqdimatı formasından imtina edir. Fikrimizcə, Vaqif bunu da bilir ki, bədii nitq onun bütün element və nüanslarına diqqət tələb edir. Eyni zamanda bu da var ki, poeziyada hər bir nitq elementinin poetik nitq fiquruna çevrilməsi zəruridir. Çünki bədii nitqin obrazlılığı nəinki sözlərin seçimindən, həm də bu sözlərin cümlədə və digər sintaktik konstruksiyalarla necə uzlaşması və onların hansı intonasiya ilə tələffüz olunmasından asılıdır.

Vaqifin "Bəlkə" şeiri müxtəsərliyinə baxmayaraq, olduqca düşündürücüdür:

Başım ağrıyır... Niyə?

Dişim ağrıyır ... Niyə?

Qolum, qanadım, dizim,

hər yanım ağrıyır... Niyə?

Hər şey cəhənməm, üstəlik

vicdanım ağrıyır... Niyə?

Göründüyü kimi, şair üçün başın, dişin, qolun, qanadın, dizin, hər yanın ağrıması onu, belə demək mümkünsə, ağrıtmır, amma vicdanının ağrıması çox narahat edir. Burada tanınmış romançı Ənvər Məmmədxanlının "Həyatım ağrıyır" ifadəsi istər-istəməz təfəkkürümüzdə canlanır. Bu şeirdə də Vaqifin istifadə etdiyi sintaktik fiqurlar şairin nitqini fərdiləşdirməklə ona həm də özünəxas emosional rəng qatır. Müəllifin "niyə" sualını dəfələrlə təkrarlaması şeirin kompozisiyasının strofik quruluşu üçün böyük əhəmiyyət kəsb edir.

Vaqifin "Axşam" şeirinin isə başqa bir hüsnü var. Onun da içimizdə necə bir aura yaratmasını oxucularla bölüşməyimiz yaxşı olar. Cəmi iki bəndlik bu şeirin yaratdığı assosiasiyaya nəzər salaq:

Əridi, ömür bitdi

Fitili sap şam kimi

Gün kükürdlü kibritdi -

qaralır axşam kimi.

Sanalı anım qalıb -

babalı şama qalsın.

Yüz qram canım qalıb,

o da axşama qalsın!..

Düzü, Vaqifin bu tipli şeirlərində biz haradasa A.S.Puşkin, A.Blok, S.Yesenin, A.Axmatova, R.Rojdestvenski kimi rus şairlərinin duyum tərzini, poetik fəlsəfəsini görürük. Bu tipli təsvirlərin özünəməxsusluğuna "Məni yaradan" şeiri tərəfdən də baxa bilərik:

Əlimi qayçılı san -

ağ kəsirəm durmanda.

Gözümdə açılarsan

gözlərimi yumanda.

Bu, Vaqifin uğurlu poetik biçimidir. Vaqifin şeirləri, sanki çiçəklər, güllər, körpələr kimi ləçəklənir. Şairin xeyirxahlığa, gözəlliyə, sözə aydın və müxtəsər münasibəti, obrazlarının orijinallığı, sanki münbit məhsuldar torpağa düşüb boy verən toxuma bənzəyir. "Xatirələr" şeirində sözlərin düzümünə diqqət yetirək:

Xatirələr...

əyri çəliyinə

söykənə-söykənə

bir sevimli qız gəlib

baş-başa durur səninlə -

üzü qırışmış,

saçları qurumuş

dişləri çürümüş,

kədərli arvad şəklində...

xatirələr...

Bu şeirdə Vaqifin poetik sərbəstliyi onun yaradıcı bacarığının, hiss və həyəcanının təcəssümüdür. Şairin fantaziyasına bürünmüş hisslərin özünəməxsus uçuşu təxəyyülün pərvaz etməsinə şərait yaradır. Bəs "Meşədə axşam" şeirində nə görürük?

Hicran odunu udsan,

dərə batar tüstümə.

Çaşıb adını tutsam

yarğan gülər üstümə?

pis yerdə axşamladım!

 

Əcinnə sürü-sürü

Cin su verir qaşıqda

Boş başımda tel hörür

hal qızlar sarmaşıqdan -

pis yerdə axşamladım.

Vaqif, məlum olduğu kimi, Füzuli rayonunun Bəhmənlisindəndir. Yəni kəndistan yerinin ruhuyla, düşüncəsiylə, elin-obanın nağıl dünyasıyla bir yerdə olub, xalq təfəkküründən, onun mifik-əsatiri dünyasından, folklor aləmindən yaxşı xəbərdardır. Elə buna görə də onun üçün "dərələrin tüstüyə batması, yarğanın üstünə gülməsi, əcinnələrin sürü-sürü gəzməsi, cinin qaşıqda su verməsi, hal qızların başında sarmaşıqdan tel hörməsi" mifik-dini düşüncə məhsulu kimi ortadadır. Baxaq görək şair "Gülməli gəraylı"da necə deyir:

Eyvan asdı özünü,

Qapı çırpdı dizinə,

Güzgü yumdu gözünü -

Divar üstümə gəldi.

Vaqif şeir misralarını necə hörür-hörsün orada onun poetik dünyasının özünəxas koloritli bütövlüyü göz önündə canlanır. Çünki onun şeirləri informasiya verməyə yox, oxucu təxəyyülündə assosiativ əlaqəli obrazlar canlandırmağa hesablanıb. Bəs "Evrika" şeirində Vaqif hansı mətləblərdən danışmağı lazım bilib?!

Sürətin ölçüləri başqalaşıb dünəndən,

Doğmaların haqqından

                        üstündü yadın haqqı.

Sən məni sayıb, dostum,

                        maşınıma minəndən

Başqa adam olmuşam,

                        Allahın adı haqqı!

Vaqifin şeirləri mətləbin mətləbini açmağa hesablanan nümunələrdir. Nümunədə eyni kökdən olan təkrarlanan sözlərin kompozisiyanın tematik hərəkətində fəal rolu görünməkdədir. Burada "haqqı" ifadəsinin təkrarının obrazın tematik əlamətinin mühüm elementi kimi çıxış etməsi diqqət çəkir.

"Nidalı qoşma" şeirində isə oxuyuruq:

Tamah ov dalınca Günəşə gedər

ovçu namərddisə, hər işə gedər...

Ürəyi partlayar atəşə qədər

ovun mindən biri yaraqdan ölər.

Vaqifin bu tipli poetik misraları adət etdiklərimiz yox, qavrayışımızı titrədənlər, qeyri-adilərdir. Bu, şairin dil stixiyasının zənginliyindən irəli gələn bədii hadisədir. Həm də bu, şairin sözlə oyun qurmasından irəli gələn bacarıqdır. Elə "Söz oyunu" şeirində olduğu kimi:

Sözü sözə qatıram,

min cürə yozum çıxır.

Sözü yolub atıram

böyründən sözüm çıxır.

 

Açılır bükdüklərim,

Yığılır tökdüklərim...

Bar verir əkdiklərim -

Dizimin duzu çıxır.

Vaqif bu şeirdə (həm də digərlərində) eksperimentator kimi çıxış edir. Şairin bu tipli düzümlərinin estetik funksiyası, ilk növbədə, oxucuda emosional vəziyyət yaratmağa hesablanmaqla, onun poetik diskursdakı estetik imkanlarını nümayiş etdirir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!