XXI əsr apokalipsisi haqqında roman Əziz Yazarın "Qiyamət"i - Şəlalə Göytürk yazır

 

Tanrı Adəmin cildində təcəlla edib.

O başqa üsul seçməyib.

Əziz Yazar

"COVİD-19" pandemiyası dünyanın sonu, insanlığın məhvi və ya deformasiyası ilə müvəqqəti unudulmuş, mexaniki yaddaşımızda isə əbədi diri qalan qədim əfsanələri yenidən aktuallaşdırdı. Dini mətnlərdə müjdələnən, klassik dövr ədəbiyyatı və incəsənətinin əsas mənbəyi olan yaradılış və apokalipsis (qiyamət) mövzusunda yazılan əsərlər, çəkilən filmlər az qala bu günkü yaşamımızla səsləşir.

Dünya ədəbiyyatında qiyamət mövzusu müxtəlif vaxtlarda və variantlarda işlənsə də, nisbətən gənc olan Azərbaycan nəsrində bu mövzuya indiyədək müraciət edilməmişdir. (Yusif Səmədoğlunun "Qətl günü" romanı istisnadır və burada qiyamət mövzusu ana xətt sayılmır). Azərbaycan ədəbiyyatında qiyamət mövzusunda ilk mifik-fantastik roman Əziz Yazarın bu ilin aprel ayında işıq üzü görən "Qiyamət" romanıdır.

Romanın mövzusu səmavi dinlərdə vəd edilən qiyamət -  məhşər gününə həsr olunub. Belə ki hadisələr dörd yüz il öncə müxtəlif taleli və müxtəlif səbəblərdən vəfat etmiş adamların qəfil dirilməsi ilə başlayır. Əsər magik tragikomediya janrında yazılsa da süjetin faciəvi qatı onun komedik tərəfindən qat-qat ağırdır. "Qiyamət"i Azərbaycan ədəbiyyatında alışmamış sönən postmodern roman cığırında ilk cəsarətli addım kimi dəyərləndirmək olar.

Əsərdə ilk diqqət çəkən məqamlardan biri baş qəhrəmanların Dantenin "İlahi Komediya" əsərindəki isimlərlə eynilik təşkil etməsidir. Yeri gəlmişkən, "İlahi Komediya" məşhur amerikalı yazıçı Den Braunun mistik triller janrında qələmə aldığı "Cəhənnəm" romanında da sirləri açmaq üçün kod kimi istifadə olunub. Əziz Yazarın romanında isə əsərin başlanğıcından sonunadək oxucuya bələdçilik edən Alicənabın əslində müqəddəs Aligierinin özü olduğu ortaya çıxır. Həmin Aligieri öncəki həyatında dinsizlikdə ittiham olunaraq çarmıxa çəkilib, öldükdən dörd yüzil sonra qiyamət günü dirilir, və onunla eyni vaxtda dirilən əzabkeşlərin ümid, həsrət dolu axtarışlarının səbəbkarına çevrilir. Bütün xortlayan zavallı günahkarlar nəhayət, qiyamətin sona çatması, ilahi həqiqətin təcəlla etməsi arzusu ilə Aligieri və onun sevgilisi mələküzlü Beatrisin axtarışına çıxırlar. Süjet xətti Uzunsaqqalla Alicənab arasındakı gözəgörünməz qarşıdurma ilə başlayır, Aligieri-Çapıqbaş cəbhələşməsi ilə davam etdirilir.

Müəllif bu əsərində postmodern üslubun imkan verdiyi   hər cür manevr və sərbəstlikdən - süjet xəttinin çoxqatlılığı, klassikanın modernizm üzərində dekonstruksiyası, hadisələrin, obrazların köçürülmə yolu ilə başqa olay və şəxslər üzərində yenidən doğulması, gerçəkliyin absurd inikası, mifologiyanın reallığa dönüşməsi və digər imkanlardan ustalıqla yararlana bilmişdir. Ona görə də "Qiyamət"i ədəbiyyatımızda ilk fantastik postmodern roman adlandıra bilərik. Əsərin ümumi kompozisiyası bir çox cərəyanların, "izm"lərin qarışığından yoğrulsa da əsas fonda təqdim olunan real dünya mənzərəsi qətiyyən itirilməyib. Postmodernizmi "ağlına gələni eləmək" tərifindən xilas edən təməl prinsiplərdən biri də budur. "Qiyamət"in mövzusu qlobal xaosa həsr olunsa da, yazıçının peşəkarlığı mətni daxili özbaşınalıqdan, ilk baxışdan çox da nəzərə çarpmayan xırda hadisə və detalları ümumi fonda itib-batmaqdan qoruyur.

Yazıçı, 90-cı illər Azərbaycan və dağılmaqda olan SSRİ tarixini simvolik mənalandırır, taleyimizdə həlledici rol oynayan o dövrün energetikasını, ruhunu, bədii mətndə əridərək oxucuya təqdim edir. Erməni işğalçılarının "Xəritəbaş kral"- (Əziz Yazar) Qorbaçova güvənərək, ölkəmizə hücumları, əsərdə "Zülmət bağlar" kimi xatırlanan Qarabağda törətdikləri qırğınlar, Azərbaycandakı siyasi hərc-mərclik, antimilli hökumətlərin dağıdıcı fəaliyyəti semiotika vasitəsi ilə oxucuya çatdırılır. "R" hərfini tələffüz edə bilməyən liderin "plezident" olmaq istəyi kimi epizodlar isə tragik situasiyaların ağır yükünü yüngülləşdirir, ironiya əsərin ruhunu ağlaşma ab-havasına düşməyə qoymur.

Yazıçıya görə qiyamət biz insanların yer üzündə törətdiyi pis əməllərin, fəlakətlərin ucbatından baş verir. Dini mətnlərdə deyildiyi kimi, var olan hər şey dağılır, sökülür, binalar çökür, ölülər xortlayaraq məzarlarından çıxır, hər yerdə qorxunc xaos hökm sürür. 

"Qiyamət"i oxuyarkən hiss olunan əsas məqam yazıçı fantaziyasının ucsuz-bucaqsızlığı, bədii təxəyyülünün  irreal üfüqlərini istənilən qədər genişləndirmək bacarığına malik olmasıdır. Məsələn, insanların sifətinin güzgüyə çevrilməsi, həmin güzgüdə keçmiş xatirələrin əks olunması, qəbirdən xortlayanların xatirələrinin dəyişik düşməsi, başqalarına verdikləri əziyyətlərin güzgüdə gözlərinə görünərək, öz canları ilə yaşamaları kimi səhnələr bədii tapıntı sayıla bilər, üstəlik hər biri ayrıca müstəqil mövzu kimi işlənmə potensialına malikdir. Mistik, sürreal səhnələrin əsərin realist ruhuna qarışması onu həm də gərgin, qorxulu yuxuya, hallisünasiyaya bənzədir.

Romanın dili oxunaqlı və yüyrəkdir, müəllif əksərən, uzun təsvirlərə yol vermədən film ssenarisi kimi konkret cümlələrlə oxucunu kəsə yolla sirr qapısına qədər yormadan aparır.

Yazarın nəsrimizə gətirdiyi yeniliklərdən biri də romanın quruluşca teatr tamaşasına bənzəməsidir. Müəllif Şekspirsifət mələyin zühuru və "Kral Lir" tamaşasına eyhamı ilə bunun fərqində olduğunu hiss etdirir. Obrazın səhnədə qəfil peyda olması, monoloqu, tamaşçıların alqışları, qəhqəhələri və s. kimi elementlər əsəri,  dediyimiz formada, teatrallaşdırır.

Romanda ironiya yüklü irreal, bədii detallara istənilən qədər rast gəlmək mümkündür:

Dindarın düşüncə dənizinə dalan dostuna sahildən uzağa getməməsi üçün qışqırması, torpaqda yüzillərlə mürgüləmiş qürurun xəcalətdən qızarması, qızışmadan yanacaqdoldurma məntəqəsinin partlamaq təhlükəsi, beyinlərə fikir mismarlamaq, zürafə baxışlı gənc, xəritəbaş, çapıqbaş, qoz ağacları əkən I katib Qozmen, Şoklandiya ölkəsi və s.

Romanda tanrının var olub-olmaması, varsa, hansı əlamətləri daşıması barədə təzadlı situasiyalar, mübahisə doğuran əbədi mükalimələrə də yer verilib:

Lənətlənmiş keşişin öz pis əməllərinə bəraət qazandırmaq üçün dediklərindən:

"- Əgər Tanrı hər şeyi yaxşı yaratdığından razıdırsa, niyə indi özü ortalıqda yoxdur? Heç vaxt da olmayıb. Onun hər işini peyğəmbərlər idarə edir. Niyə özü bir dəfə də olsun, bircə müharibəni yatırtmayıb?.. İstəsə, hamının qılıncı əlində bir göz qırpımında donardı. Deyirlər ki, Tanrı gəlib, bizi sülhə çağırır! Amma hanı? Ortada görünmür. Susur. Deməli, özü müharibələrdən razıdır. Susmaq nə deməkdir? Razılıq!"

Əziz Yazarın "Qiyamət"i həm də klassik romançılıqdan, ənənəvi təhkiyədən qaçışdır, bu mənada, müəllifin yazı tempi xüsusilə, sürətli və çevikdir. Rəqəmsal dillə ifadə etməli olsaq,  müəllif müasir texnologiyanın sürəti ilə ayaqlaşmağı bacarır, belə görünür ki, o, həm də smartfon erasının ədəbiyyatını yaratmağa iddialıdır.

Romandakı fəlsəfi mühakimələr Əziz Yazarın subyektiv idealizmə, qismən panteizmə, (Şərq mistisizmində hürufizm) yaxın fəlsəfi görüşlərini üzə çıxarır. (İdeya materiyadan öncədir, deməli yaradan və yaradılış var- subyektiv idealizm, yaradan varsa, o özünü yaratdıqlarında (təbiətdə) əks etdirir, o ayrıca substansiya deyil- panteizm, nəhayət, yaradan insanın mahiyyətindədir-təsəvvüf-hürifizm). Lakin səmavi mətnlərin diqtəsindən fərqli olaraq, yazıçının romanda qurduğu ideoloji sistem teosentrik (allahmərkəzçi) yox, antroposentrik (insanmərkəzçi) düşüncəyə əsaslanır. Ona görə romanda orta əsr şərq fəlsəfi axınlarını uzun müddət öz təsiri altında saxlayan hürufi estetikasının izlərini bulmağımız təsadüfi deyil. İnsanlığın nicatının fövqəltəbii qüvvələrdə yox, insanın özündə olduğuna əsaslanan, kamil insanı tanrı səviyyəsinə yüksəldən hürufizm təlimi bəşəri konsepsiya olaraq bu gün də öz aktuallığını saxlamaqdadır. Məsələn; "Qiyamət"in baş obrazı Alicənab sifəti güzgüyə çevrilən qadını öz dostuna göstərərək deyir:

"Biz qadının iç dünyasına daxil oluruq. İnsanın içində böyük bir dünya var. Ora bu sakin olduğumuz dünyadan daha böyük, ucsuz-bucaqsız, nəhayətsizdir. Hər insan sonsuz kainat boydadır. O kainatın Yer adlı planetində biz hamımız varıq. Hamımız hər birimizin içindəyik. Təsəvvür edirsənmi?".

Əziz Yazarın "Qiyamət"i başını itirmiş insanlığın qlobal mənəviyyat böhranından ruhi təmizlənmə, aydınlanma yolu ilə (katarsis) çıxa biləcəyinə çağırışdır. Təsəvvüfdə olduğu kimi "Qiyamət"də də insan (Aligieri) bütünlüklə təmizlənərək işığa qərq olur və özü haqqa (Tanrıya) dönüşür.

Əsərin sonlarında müəllif müqəddəs Aligierinin izdiham qarşısındakı bu çıxışı ilə bütün günahkarlara xitab edir:

"- Guya dünyada həmişə öz şəxsi həyatınızı yaşamısız?!  Kimin gəldi fikirləriylə o qədər gün keçirmisiz ki! İfadəmə görə bağışlayın, cilddən-cildə girmisiz! İndi qiyamət gününün çətinliyinə dözməlisiz! Düşünürəm ki, birüzlülərə qiyamət birhallı olardı, daha belə minhallı yox. Deyəcəyim sözlərə görə bir daha üzr istəyirəm. Vaxtilə məməli heyvan olmadığınızı dərk etməliydiz... - Əsəbindən qəhərlənir. - İnsan olaraq hər şeyi hökmünüz altına alar, doğuma, yaşama hakim olub ölməzdiniz. Məhv canavarı sizi özbaşına keçi sürüsü kimi parçaladı. Birinizi budundan, digərinizi boğazından. Hər cür bölündünüz. Cənnət dünyanızı dağıdıb, özünüzə cəhənnəm yaratdınız. - O indi sanki fövqəladə aləmə bağlanaraq danışır. - Sirr çoxdan əyandır. Tanrı özünü tanıtmaq istəmişdi... Zamansızlığın əvvəlində, heçlikdən yaratmışdı sizi...".

Sonda Alicənabın simasında təcəlla edən müqəddəs Aligieri sevgilisi mələk Beatrislə qovuşaraq nura qərq olurlar. Bu nurlanma olayı bizi tanrının nur şəklində Musa peyğəmbərə görünməsi əfsanəsindən tutmuş, hind şahzadəsi Buddaya, şərqin "şeyx əl işraq"ı (işıq şeyxi) Sührəvərdinin işraqilik təliminə, Hüseyn Cavidin "Şeyx Sənan"ına qədər uzanan təzadlı yollarla ali mənəviyyat zirvəsinə doğru aparır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!