Sabir Əhmədli - heykəlin qardaşı - Elnarə AKİMOVA yazır

Elnarə AKİMOVA

 

Mən saxlamaq istəyirəm

onun şöhrətini

evdəki paltarı kimi

təmiz,

ləkəsiz,

təzə.

Əli Kərim.

"Heykəl və heykəlin qardaşı"

poemasından

Onun taleyi qəribə oldu. Qardaşı Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun qəbri Polşada qardaşlıq məzarındadır. Atası, anası, nəsil-şəcərəsinin əksər üzvləri Cəbrayılın dağılmış, gülləbaran edilmiş məzarlığında. Şəhid olan oğlu, Milli qəhrəmanımız Məhəmməd Əhmədov 2-ci Fəxri Xiyabanda dəfn olunub. Özünün qəbri isə Binəqədi qəbristanlığında.

Sabir Əhmədovun 79 ilə sığmış ömrü çox əzizlərinin itkisini sığdırdı özünə. Amma ən böyük dağı iki böyük dəyərini itirəndə yaşadı. Oğlu Məhəmmədi, ondan əvvəl isə qardaşı Cəmil Əhmədovu. İkinci Dünya müharibəsində ad qazanmış, şərəfli döyüş yolu keçən Cəmil Əhmədov 1944-cü ildə, Belorusiyada, Prucinişa adlı yaşayış məntəqəsində düşmən səddini yarmaq uğrunda döyüşlərdə özünün atıcılar vzvodu ilə böyük hünər göstərmiş, təkbaşına 10 hitlerçini məhv etmişdi. Kupyatiçi yaşayış məntəqəsi uğrunda döyüşdə Cəmil üç dəfə ağır yaralansa da döyüş meydanını tərk etməmişdir. Sağaldıqdan sonra yenidən polka qayıtmış, Polşada, Narev çayı sahilində Zalupitsa yaşayış məntəqəsini azad etmək uğrunda döyüşdə bu dəfə dörd dəfə ağır yaralanmış, 2 sentyabr 1944-cü ildə aldığı sonuncu, ölümcül yaradan həlak olmuşdur.

Cəmil Əhmədov elə sağlığında Sovet İttifaqı Qəhrəmanı kimi yüksək fəxri ada layiq görülmüşdür. Qvardiya leytenantı kimi onun komandir olduğu bölmə 1944-cü ilin 25 iyulunda Tremlya çayını hamıdan əvvəl keçərək, suyun içində döyüş mövqeyini digər hissələrin gəlməsinə qədər əldə saxlamış və əməliyyatın qələbəsini təmin etdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilmışdir. Bu hadisədən iki ay sonra isə gözlərini əbədi yummuşdur.

Müharibədən sonra Cəbrayılda, doğulduğu rayonda çinar altında, kəhrizin üstündə Cəmil Əhmədovun heykəli ucaldıldı. Gözəl şairimiz Əli Kərimin Cəmil Əhmədovə həsr etdiyi "Heykəl və heykəlin qardaşı" poemasında belə misralar var:

Gördüm Cəmili

tunc geyimli,

heykəlliyində də

qayğıkeş,

cəsur,

sadə.

Sinəsini döndərmişdir,

həyatla

ölüm arasındakı səddə.

Kədərliydi bir qədər;

üç addımlıqdakı evlərinə

düşüb gedə bilmirdi

əbədiyyət kürsüsündən...

Sabir Əhmədli illərdən sonra Varşavada, Polşanı faşistlərdən azad etmək uğrunda döyüşlərdə həlak olmuş sovet döyüşçülərinin qəbiristanlığında qardaşının məzarını tapmışdı. "Dünyanın arşını" romanında bu görüşün təsvir olunduğu bir səhnə yer alıb: "...Kiçik qardaş böyük qardaşın qəbri üstündə ağlayırdı, ana! Otuz beş yaşlı kiçik qardaş, iyirmi yaşlı böyük qardaşını tapmışdı. İndi o, ailəmizdə hamıdan kiçikdir, onun üçün zaman yoxdur... Ona aid olan zaman iyirmi il əvvəl bir gecə səhərəcən qurşağa qədər bir çayda qalıb döyüşəndən sonra əvvəlcə qoluna, sonra başına dəyən güllə ilə dayanıb".

Qardaşına olan sevgisi Sabir Əhmədlini həyatının sonuna qədər müşayiət eləyib. Bütün əsərlərindən keçən irili xırdalı hansısa cizgi, hansısa motiv bu sevgini duyub tanımağa imkan verir. "Sovet İttifaqı qəhrəmanı Cəmil Əhmədov" adlı kitabında, "Dünyanın arşını" romanında, "Biz yenə görüşəcəyik" adlı sənədli povestində, sonuncu əsəri olan "Ömür urası"nda, ölümündən sonra çap olunan "Yazılmayan yazı" romanında və s.

"Dünyanın arşını" romanında belə bir məqam diqqətimi çəkdi. Burada təbii ki, söhbət başqa məsələdən gedir, əsərdəki obrazlar, situasiya tam fərqlidir. Amma o yerdə ki, insan duyğularının həzinliyi dil açıb danışır, o zaman Sabir Əhmədli sözü öz yaşantılarına verir. Çünki yaşadığı, içində dərd kimi böyütdüyü o ağrının çəkisi çox böyükdür: "Dərd, fikir çəkməyə qalsa, o, hamıdan artıq əzab çəkir. Çoxunun yastığa baş atıb rahat yatdığı gecələri o, dirigözlə açır... Bu halında, bu görünüşündə o nə isə, kimdisə Arifin nəzərində qardaş və insan dediyi, həyatına, xasiyyətinə bəlkə hamıdan dərin bələd olduğu, dünyada hər kəsdən, hamıdan artıq sevdiyi qardaşının özü idi. Hansı dəruni çevrilişdənsə düşdüyü bu həqiqi halında o - Rəhmanın özü, Arifin təsəvvüründəki bütün rəhmanlardan ən yüksəyi, ən doğması və ən böyüyü idi".

Digər romanı - "Yazılmayan yazı"da Sabir Əhmədli 1941-1945-ci illərdə baş verən müharibədən daha geniş söz açır, həmin illərdə insanların psixologiyalarına döyüş ruhunun, savaş əzminin, təəssübkeşlik duyğusunun daha çox sirayət etdiyini bildirir. Cəmil Əhmədovun döyüşdə göstərdiyi hünərdən bəhs edir, o ağır günlərdə qardaşının ölüm xəbərini eşitdiklərində hansı yaşantılara məruz qaldıqlarından yazır: "O zaman, 45-ci ilin martında Cəmilin döyüşdüyü vaxt artıq bizə 6 aydan artıq məktub gəlmirdi. Anası Tavadı ovundururduq: "Sağdır, yaralanıb gələcək". Özümüz də bir az inanırdıq. Ağlımıza gəlirdi, bəlkə belədir".

Yaxud son əsəri olan "Ömür urası"ndakı bir həssas məqama diqqət edək. "Ömür urası"nda qəhrəman xəyalən işğal altında olan yurduna dönür, müharibə bitib, insanlar topraqlarına geri qayıdıblar və doğma elinin həsrəti ilə yaşayan Kişi - müəllim daha çox qardaşının, Cəbrayılda, rayonun mərkəzində ucalan Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun abidəsini görməyə tələsir, hətta buna görə özünü qınayır da: "Bir nanəcib onun nigaranlığı qabağında, üzə olmasa da, dalda söylərdi: Bunca millət məhv olub gedir. Bu da dirinin halına ağlamaqdansa, ölüyə yanır...". Amma gözlədiyinin əksi ilə rastlaşır, Qarabağdakı bütün abidələri, heykəlləri güllələyən, məhv edən ermənilər nədənsə Cəmil Əhmədovun heykəlinə toxunmayıbmış. Romanın qəhrəmanı yurduna dönərkən heykəli öz yerində sağ salamat görür: "Qardaşının heykəli yuxarı meydan - Bazarbaşında sağ-salamat, yerində idi. Həmin ucalıqda dayanırdı".

Bu, Kişinin xəyalında qurduğu bir dönüş təşnəsi, qardaşı ilə görüş məqamı idi. Amma xəyalında belə Sabir Əhmədli qardaşının heykəlinin uçulub dağılmasını təsəvvür edə bilmirdi. Heç olmasa burda diri, bütöv yaşatmaq istəyirdi onu: "Yeddi ildi özümüzünkülər burada yoxdular. Qaçqın düşmüşdülər, doğma yurdda bircə həyan - yerli qalmamışdı. Bəs bu güllərə kim baxmış, kim onları suvarıb, yanmağa qoymamışdı. Heykəlin bağçasındakı kollar gül açmış, həndəvərdəki ağaclar böyümüşdü...".

Əlbəttə, əsərdə düşmənin bu mövqeyini motivləndirən səbəblər sadalanır. Qəhrəmanın gümanı min yerə gedir, hansısa formada inandırmağa çalışır özünü. Bu bəlkə də əsərin sonunda ifadə olunmuş acı reallığın öldürücü təsirindən bir az ovunmaq üçün yazıçının özünü inandırdığı aldanış idi: "Hər şey yerini alacaq. Dağılmış şəhərlər, kəndlər yenidən qurulacaq, əzəlkindən də abad olacaq. Qaçqın-köçkün yurda qayıdacaq. Bircə şəhidlər qayıtmayacaq. Onlar biryolluq köçüblər".

Sabir Əhmədli bütün yaradıcılığı boyu kişilik dəyərlərinin xilası, onun qorunması üçün çalışdı. Bütün əsərlərində yanğılı bir dillə köhnə adət-ənənələrin, ailə kultunun, yurd sevgisinin itirilməsindən, cılızlaşmasından, yoxa çıxmaq təhlükəsindən bəhs etdi, haray çəkdi. Onun qardaş itkisinə həssaslığının mahiyətində dayanan amil həm də bu idi. Ona görə hər kişi bir evin yanan çırağıdı, dünyanın əyilən arşınını öz kişi ötkəmliyi, prinsipləri ilə nizama salandır, heç vaxt yaşanmayan, vaxtı gəlməyəcək "ura"ların səbəbidir.

Bu anda nədənsə Tomas Vulfu xatırlayıram. Cəmi 38 il ömür sürən XX yüzil Amerika ədəbiyyatının böyük yazıçısını. O da 18 yaşı olan çox sevdiyi böyük qardaşının ölümündən bərk sarsılıb, həyatının bütün avtobioqrafiq məqamlarını əsərlərinə gətirməyə çalışıb. Bəlkə də bütün həyatını ədəbiyyatlaşdırmaq, özündən sonra nələrdəsə yaşamaq və həm də Yaşatmaq istəyinin nəticəsi idi bu. Hər halda Sabir Əhmədli də öz ömründə bir neçə həyatı yaşayırdı. Nigaranlığı bir az da bu üzdən ola bilərdi. Yarımçıq qalmış talelər onda bütünləşir, var olurdular. Belə bir hiss həm də hər addımda ölümün hənirini duymaq, onunla iç-içə olmaq əzabı yaşadır insana. Təsadüfi deyil ki, Sabir Əhmədli son romanında ölüm mövzusuna, metafizik başlanğıca qayıtdı. Bu, bəlkə də gəncliyində aldığı ölüm zərbəsinin - qardaş itkisinin sonda yenidən yazıçı ruhunda dirili?i idi. Ölümün də, ağrının da, həyatın da hər üzünü, hər çeşidini görmüş bir "ömür urasından" gedir söhbət. 14 yaşında fiziki əzabına qatlandığı ölüm dəhşətini qocalığında "axirət sevdası" şəklində yaşamalı oldu Sabir Əhmədli, tale, ölüm, ruhun fəlsəfəsi, fanilik və əbədiyyət haqqında düşüncələrin ağırlığı ilə içindəki özünüdərk prosesi bütövləşdi, ölümdən qorxmağı deyil, onu sevməyi təlqin etdi bizlərə.

Və məncə, buna ona görə nail oldu ki, bütün həyatı boyu onu incidən yaralarından qaçmadı, ona sığınıb ömür sürdü, ağrısının üstünü daha bərk basaraq yaşamağa çalışdı. Niyə də qaçaydı? Axı vətən uğrunda can qoymuş qəhrəman oğulların qardaşı, atası olaraq yaşamaq hər insana nəsib olan xoşbəxtlik deyildi...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!