"Boz ədəbiyyat" və tənqidin mübarizsizliyi - Elnarə Akimova - Elnarə AKİMOVA

Elnarə AKİMOVA

Bu gün yazılan əsərlərə, roman, hekayə və xüsusilə şeir kitablarının sayına baxsaq, ədəbiyyatımızın böyük inkişaf yolu keçdiyi güman edilər. Hər il məruzəyə hazırlaşarkən, qalaq-qalaq kitabların zəhmi basır məni və bu kitabların əksəriyyətinin ilk oxunuşdan  "istifadəyə yararsız" olduğunu görürəm. Belə çıxır ki, bu qədər say, kəmiyyət zahirən görünən dinamiklik, hərəkət imiş. Hər halda həmin əsərlərin, eləcə də onlar haqqında yazılan tənqidi materialların böyük əksəriyyətinin bədii şüurda heç bir rezonans doğurmaması janrın durumunun müsbətə doğru dəyişimindən söz açmağa əsas vermir. Əksinə, durmadan artan zəif əsərlərin özü problem olmağa başlayır. Bəlkə də, illər öncə o qədər ciddi söhbət predmeti olmayan bu məsələ artıq problemə çevrilməkdədir. Hələ 90-cı illərdə yazıçı Anar bir məqamı xüsusi vurğulayaraq qeyd edirdi: "Azərbaycan ədəbiyyatının iki əsas problemi var: onlardan biri bütün postsovet məkanı üçün ümumi olan problemdir. İdeoloji amirliyin, senzuranın yerini bazar diktaturası əvəz etmişdir. Layiqli ədəbi əsərlər əslində nəşr olunmur, onun yerini ucuz makulatura tutmuşdur. "İstehsalat qabaqcılları ədəbiyyata" kimi cəfəng devizi eyni dərəcədə "pul kisələri-ədəbiyyata" devizi əvəz etmişdir". İki onil keçib, kapitalistin pul kisələrinin hesabına meydana qoyulan kitabların axını isə əvvəlkindən də yüyrək addımlarla irəliləyir. Hətta bir az daha ərkli, daha banal formada. Bu müəlliflər əsərləri ilə bağlı müzakirə, müsahibə janrında təbliğat kampaniyası təşkil etməkdən, arada tənqidə və tənqidçilərə sataşıb ittiham üslublu əda sərgiləməkdən, onları yaratdığı "şedevrlərə" laqeyd münasibətdə suçlamaqdan da qalmır, əli yetən kimsələrin üzdəniraq tərif resenziyaları ilə ədəbiyyatın fəza elementinə çevrildiyini hiss edirlər.

Dediyim bu kontekst həqiqətən də, narahatlıq doğurası ciddi problemlərdən biridir. Ədəbiyyat muxtariyyət qazandıqdan sonra sanki daha çox "boz" ədəbiyyatın artmasına, çapına rəvac verilmişdir. Bunun qarşısını nə ilə almaq olar?  Yeganə yol, sadə mənəvi düstur budur: ancaq ədəbiyyatın təəssübünü çəkməklə.

Vaxtilə Kamal Talıbzadə zəif və boz əsərlərin qarşısını almaq üçün tutarlı yollardan biri kimi belə bir variant təklif etmişdir: "… ən yaxşı əsərləri seçib, fərqləndirib onları yüksək nəzəri səviyyədə təhlil etmək, tənqidin diqqətini bu əsərlər ətrafında cəmləşdirmək; ədəbi-ictimai fikri bu əsərlərə doğru yönəltmək! Məncə, … bu yol da münasib çıxış yollarından biridir - yəni yüksək ideya-bədii tələb meyarı yaratmaq yolu! İctimai zövqü belə yüksək estetik meyar ilə tərbiyə etmək yolu ilə də zəif əsərlərə atəş açmaq, onları sıxışdırmaq, belə əsərlərin zövqlərə təsirini zəiflətmək və intişarının qarşısını almaq olar". Məncə də, diqqəti ədəbi prosesdə xüsusi rol oynayan əsərlərə, onların filoloji təhlilinə yönəltmək lazımdır. Çünki pisin pis olduğunu sübut etməyə ehtiyac yoxdur və onlarla mübarizə aparmamaq mübarizənin ən yaxşı yoludur. Amma digər tərəfdən düşünürəm ki, zəif əsərlərə qarşı bu cür mövqe tutmaq da vəziyyətdən səmərəli çıxış yolu, əlverişli variant deyil. Susmaqla, böyük ədəbiyyat nümunəsi sayılmayan əsərlərin üzərindən sükutla adlamaqla onların ekstensivliyinə son qoyularmı? Yəqin ki, yox… Əksinə, bu yolla sönük və boz əsərlərin artması ehtimalı daha çoxdur. Çünki anti-ədəbiyyat çox çevik işləyir,  əsl ədəbiyyat adıyla oxucuya tez sırına bilir. Ona görə də belə vacib məqamda sükuta qərq olma ədəbiyyatın gələcəyi, sabahı üçün uğurlu mənzərə bəxş etmir. Bu, bayağı zövqün, qrafoman təfəkkürün formalaşmasına gətirib çıxarır. Ən əsası isə, ədəbi tənqid özünə olan etimadı itirir. Çünki tənqidin əsas cəhətlərindən biri onun radikal və prinsipial mövqe nümayiş etdirməsi, ədəbi prosesə kəsərli müdaxiləsi sayılır. Tənqidçi Y.Qarayev tənqidin bu funksiyasını onun ən vacib xidməti, ən ali missiyası kimi qiymətləndirərək yazırdı: "Sənətdə keyfiyyət və həqiqət probleminin həllində müasir tənqidin üzərinə xüsusən böyük ideoloji, mənəvi və estetik vəzifələr düşür. O, öz pafosunu orta və pis əleyhinə, hər cür təfəkkür ətalətinə, həqiqi yaradıcılıq ehtirasına mane olan hər şeyə qarşı nə qədər tez və kəskin çevirsə, bədii təfərrüatda, obrazda, xarakterdə, konfliktdə həqiqətin "xüsusi çəkisi" bir o qədər tez artar. Əgər belə bir "çəki fərqi" yoxdursa, deməli yenilik, dəyişmə də yoxdur. Tənqidin ədəbiyyata xidməti də, əslində, ən çox bu nöqtədə meydana çıxır".

Tənqidi ədəbiyyatın güzgüsü hesab edənlər yəqin ki, elə bu cəhəti xüsusi vurğulamaq istəyiblər. Bu güzgü "pisi pis, əyrini əyri" göstərmək qüdrətində olmalı, hər hansı bədii əsərin nə dərəcədə estetik tutuma, yüklü məzmun-mündəricəyə, ideya-məfkurə potensiallığına qadir olduğunu meydana çıxara, aydınlaşdıra bilməlidir. Vaxtilə "aləti-mübarizəmizdən biri" (Ə.Hüseynzadə) hesab olunan tənqidin indi mübarizəsiz keçinməyi mövqe seçməsi bu baxımdan, təqdirəlayiq deyil, çünki ədəbi tənqidin missiyası onun bu günədək ehtiva etdiyi dəyərləri qorumaqdır, ədəbiyyatın inkişafı naminə yaxşını da, pisi də ünvanlı şəkildə göstərməyi bacarmaqdır. Amma bu o zaman baş verir ki, ədəbiyyatın təəssübünü çəkmək baxımından tənqid bütün güc və bacarığından, elmi-nəzəri bilik arsenalından faydalanır, bunu bir məram kimi qarşısına qoyur və hər hansı məqamda, sənətin düzğün axara, yönə istiqamətlənməsində rəy və mühakimələrini, şərh və təhlillərini əsirgəmir. Bu baxımdan, hazırda çağdaş ədəbi tənqiddə vəziyyət qənaətbəxş sayılmır. "Boz ədəbiyyat"ın çoxalmasından narahatlıqlar, həyəcanlar izhar edilsə də, onların şərhinə, mahiyyətinə varılmaqda elə bir prinsipial mövqe nümayiş etdirilmir. Halbuki, bu, eləcə də hər hansı digər problemin həlli nələrisə aktuallandırmaqda, ədəbiyyatın təəssübünü müsahibələrdə və çıxışlardakı tənə, eyham üslubundakı fikirlərlə çəkməkdə deyil, ələ qələm alıb yazmaq, ədəbiyyatımızın yaradıcılıq problemlərini çözmək, əsərlərə vaxtında münasibət izhar etməkdədir. Bu mənada, bu gün hər cür təfəkkür ətalətinə, həqiqi yaradıcılıq ehtirasına mane olan hər şeyə, deyək ki, elə bəhs etdiyimiz "boz ədəbiyyat"ın çoxalması faktına qarşı mübarizə pafosunu ilk öncə, elə tənqidin özünə aşılamaq gərəkdir. Mən tənqid deyirəm, amma bu gün üç-beş adamla meydanda gücsüz qalan ədəbi tənqidimizin binəva durumuna daha çox acıyıram. Bir məqama həmişə diqqət eləmişəm. Tənqidin problemlərindən bəhs edən əsasən, yaşlı nəsil yazarlarımız məqalələrində onlarla ard-arda tənqidçi adları sadalayır, bu günün gənc yazarlarına nümunə qismində təqdim edirlər. Bəs hanı o tənqidçi-ədəbiyyatşünaslar? Niyə bu gün onların tənqidçilik istedadı ancaq rütbə, status və dostluq qarşısında cuşa gəlir? Niyə bu günün gənc yazarlarının mətnlərinə, yaxud ədəbiyyatımızın yaradıcılıq problemlərinin çözümünə ögey münasibət var?  Niyə o xronologiyadakı adlar "lazımi" məqamda qələmlərini itiləyir, digər vaxtlarda dincə qoyurlar? Yaxud söhbət gənclərdən və gənclərdən yazan müəlliflərdən düşdümü,  alternativ səsləndirilən nəzəriyyə dərsi ilə üzbəsurət qalmağa məcbur oluruq.   

Bu gün ədəbi tənqid yaşarılığı üçün gərəkli olan əsas amildən məhrumdur və  qəribə bir paradoksallıq doğurur: o şeyi ki, ədəbi tənqid illər boyu arzulayır, dəfələrlə yazılarında aşkarlığın, azad ədəbi mühitin olmamasından şikayətlənir, onu əldə edəndən sonra nəinki şövq və ehtirasla yaradıcılıq problemlərinin həllinə girişmir, əksinə, kənara çəkilərək bir növ müşahidəçi qismində qərar tutur. Səbəb nədir?

90-cı illərdə tənqidin durumunu səciyyələndirərkən tənqidin susqunluğunu əsaslandırmaq üçün bir neçə mülahizə irəli sürmüşdüm. O səbəbləri bir də yadıma salıram və görürəm ki, onların bir qisminin aradan qalxmasına rəğmən vəziyyət yenə də ürəkaçan deyil. Məsələn, tarixi kataklizm, sosial-iqtisadi böhranlar mərhələsi kimi xarakterizə olunan keçid dövrünün problemlərini artıq yaşamırıq. Daha sonra, tənqidin yeni təcrübədən çıxış etməsi naminə gərək olan zaman fasiləsinin zəruriliyidir ki, geridə iki onillik zaman kəsimi var və bu zaman kəsimi stixiyası tənqid olan kəsə çox şey verməli idi. Demək ki, verməyib, hər halda tənqidin yeni məzmunda, ruhda və statusda özünütəsdiqə hazırlığının nəticələri, tənqidi fikrimizin ədəbi-estetik kriteriyalar baxımından yenidən qurulması prosesi o qədər də geniş nəzərə çarpmır.

Digər vacib məqam. Y.Qarayev "Meyar şəxsiyyətdir" kitabında yazır ki, "Ümumiyyətlə, ədəbiyyatın və tənqidin zəifliyi, adətən, müştərək amillə bağlı olur və eyni vaxta təsadüf edir. Sənətin özündə, bədii axtarışlarda maksimalizm və risk duyğusu zəifləyəndə tənqid də korşalır. Böyük tənqidin gücü də, zəifliyi də onun ilham və tədqiqat hədəfi ilə, ədəbiyyatla bağlı olur". Təbii ki, tənqidin əsas fəaliyyəti, ümumi səviyyəsi onun predmetinə vardığı təqdirdə əyaniləşir. Hər hansı əsərin şərhi, onun ideya, obrazlar sistemi, məzmun-mündəricə tutumu haqqında operativ söz söyləmək imkanı tənqidə xas olur. Tənqidin məhsuldar işlədiyi bütün dövrlərdə onun fəaliyyəti məhz, ədəbi əsərlər haqqında mühakiməsinin çəkisi, tutumu ilə şərtlənib. Bu mənada müxtəlif ədəbi növlərlə, janrlarla tənqidin gedişi sinxron rabitədə baş verib, biri digərinin fəaliyyətini şərtləndirib. Tənqidin irəli sürdüyu bir çox metodoloji problemlər müasir ədəbi proses kontekstində həllini tapıb, cari prosesin inkişaf meyillərini və problemlərini dərk etmək əzmi tənqidin çevikliyini təmin edən əsas faktora çevrilib. Amma bu gün tənqidin susqunluğu onunla bağlıdırmı ki, ədəbi tənqidi çağın ədəbiyyatı yaratmalıdır, yaratmırsa, demək ki, layiqli bədii mətn, örnək əsərimiz yoxdur? O zaman bu gün bir çox şikayətlərdə əksini tapan ədəbi tənqidin yoxluğu haqqında fikirlər böyük ədəbi faktın, nümunənin olmaması zəminində başa düşülməlidirmi? Ya gərək böyük əsərlər yaransın ki, tənqid öz sözünü desin, əks halda ədəbiyyat haqqında fikir son olaraq "yoxdur" hökmünə bərabər tutulacaq - ədəbi tənqid daha çox bu kriteriyadan çıxış edir belə çıxır. Bunun müqabilində isə, "boz ədəbiyyat" ayaq tutub yeriyir, profanlıq meydan sulamağa başlayır. Tənqidin işləkliyi yalnız yaranan əsərlərin keyfiyyətli olduğu zəmində özünü göstərməməlidirmi, bəs o, yeri gələndə bu keyfiyyətin yaranmasında təkan rolunu oynamalı deyilmi? Mübarizə aparmağı, müxtəlif ədəbi istiqamətləri, bədii-estetik keyfiyyətləri vaxtında səciyyənləndirib prosesə ötürməli deyilmi? "Saytlar və ədəbiyyat" mövzusunda təşkil etdiyimiz müzakirədə hörmətli alimimiz Rüstəm Kamal belə bir fikir səsləndirdi: "İndi hamı personaj yaradır, qəhrəman yaradan yoxdur". Haqlıdırmı? Cavabı bədii mətnlər verir. Bu, başqa söhbətin mövzusudu. Amma öz növbəsində, doğrudur, milli müstəqillik dönəmindən bu yana bəlkə elə qəhrəman tipi yaranmadı ki, tənqidi yazılara keçsin, onun qəhrəmanlarına çevrilsin, çeviklik və aktivliyini təmin etsin, müstəqillik dövrünün qəhrəmanı kimi xüsusi çalarlıq qazansın. Bu ola bilər ki, ədəbiyyatın  günahıdır. Amma öz növbəsində, tənqid nə zaman ədəbi mətnlə bağlı belə bir tələbdə bulundu, yazıçı və şairlərdən dövrün problemlərinin, aparıcı mövzularının, səciyyəvi qəhrəman tipinin bədii əksini tələb etdi? Qismən, adda-budda nəzərə çarpsa da, ümumi şəkildə kəskin etiraza çevrilmədi, ədəbi fikri düşündürəcək, silkələyəcək səviyyədə geniş miqyas və vüsət almadı. Nizaməddin Mustafanın fikirlərini xatırlayıram: "Ədəbi prosesdə tarazlıq bir balaca pozulan kimi düşürlər tənqidin üstünə: "Hara baxırsan?" Tənqidçi, başa düşmək lazımdır ki, qaradovoy deyil, tənqidçi-şərhçidir. Tənqidçi-hücumçu deyil, daha çox müdafiəçidir. Lap tutaq ki, tənqid işləmir, tənqid yoxdur. Bəs yazıçıların özləri niyə bu vəziyyətlə barışırlar?"  Tənqidçi yalnız şərhçidirsə, o zaman onun oxucudan fərqi nədir və oxuduğu bu qədər kitabdan ədəbiyyatımızın əldə etdiyi qazanc nədədir? İndi bir qisim alimlər dil bilikləri, Rusiyada və başqa ölkələrdə gördüyü təhsil sistemi ilə qürrələnir, əldə etdikləri bədii-estetik təcrübəni, keçdiyi müxtəlif dönəmlərin ədəbi məktəblərini əldə bayraq edir, əvəzində milli ədəbiyyata, xüsusilə çağdaş prosesə münasibətdə freyd kompleksi sərgiləyirlər. Mənim üçün isə prosesə ötürülməyən, ədəbiyyatın inkişaf qanunauyğunluğunu dərk etməyə, müasir epoxanın mürəkkəbliklərini açmağa yönəlməyən, eləcə kitablarda meydana çıxıb elə orda da qalan bilik Kantın "özündəşey" (özündə qalan nəsnə) anlayışının neqativ çalarda ehtivasından başqa heç nə deyil.

 Bu gün artıq zəif əsər çapının, onlara edilən lüzumsuz təriflərin, dost mədhnamələrinin mənasızlığını anlayıb diqqəti daha çox təhlil və müqayisə məqamlarına yönəldərək ədəbiyyat, sənət haqqında daha geniş və sağlam təsəvvürlər əldə etmək cəhdini ön plana keçirməliyik. Əks təqdirdə, "boz ədəbiyyat"ın intişar tapmasına və meydan sulamasına boyun əyməkdən başqa çarə qalmayacaq.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!