Quşların dili... - Rene GENON

 

Rene GENON

- (tam adı: Rene Jan-Mari-Jozef Genon) - 20-ci yüzilliyin böyük metafiziki. Zəngin irsi neçə-neçə böyük alim və filosofun görüşünə təsir göstərmişdir.

///...Fransada qatı katolik ailəsində doğulmuşdu. Gənc yaşlarından, xüsusən, Şərq metafizikasına böyük marağı vardı. 1912-də İslamı qəbul elədi, 1930-cu ildə Avropanı tərk etdi və ömrünün sonunacan Misirdə yaşadı. Çoxlu dil bilir, ərəbcə də gözəl danışırdı.. Ölməzdən əvvəl yatağından dikəlib: "Ruh qurtuldu" demiş, son sözləri: "Allah! Allah!" olmuşdu.

Rene Genonun gözündə büsbütün materialist olan, bütün insanlığı istila eləyərək qorxu və təhdid altında saxlayıb canına üstəlik də terror ürpərtisi salan bir Qərb sivilizasiyası var. Bu üzdən deyirdi: "Əgər Avropa özünə gəlib əslinə dönməyi düşünməsə, bu cürə həddən artıq sürətli maddiyyatlaşma onu gec-tez yox olmaq təhlükəsiylə üz-üzə qoyacaqdır". Qərbin maddi üstünlüyünü heç kimsənin inkar eləmədiyini, ancaq onun həmin üstünlüyünə heç kimsənin də həsəd aparmadığını yazan Genona görə, bu çağdaş sivilizasiya anormal və öz həqiqi yolundan azmış bir sivilizasiyadır.

Genonu Qərbi "Şərqliləşdirmək"də günahlandırırdılar; metafizikanı gündoğanın qədimdən bəri əzəli sərvəti sayan Genon üçün Qərbdən üstün bir Şərq vardı. Genonun dilində "humanizm" sözünün özü "bütün ruhani-mənəvi dəyərlərə oxunan ölü duası" kimi səslənirdi. Onun aləmində, "mahiyyətinə görə maddiyyat istər insanlar, istərsə də cəmiyyətlər arasında didişmə və çəkişmələrdən başqa heç nəyə aparıb çıxara bilməz".

Genonun nəzərində çağdaş elmin ən əcaib yönlərindən biri də əsl həqiqətdə nəyi necə araşdırıb öyrənməyin gərəkli olduğunu tam olaraq bilməməyidir.

Rene Genonun təqdim olunan yazısı 1931-ci ildə işıq üzü görmüşdür.

C. Məmmədov

Quşların dili

“Vas-saffati saffən,

Fəz-zacirati zəcran,

Fət-taliyati zikran...

(And olsun səf-səf düzülən mələklərə, önündəkiləri sürdükcə sürən mələklərə, Quran oxuyan kimsələrə...) [Saffat, 37/ 1-3]

Bir sıra xalqların ənənələrində “quşların dili” deyə adlandırılan sehirli, gizlin bir dildən çox bəhs olunur. Bu, əlbəttə, rəmzidir. Ona görə ki, sirlər üzərindən pərdənin yalnız ən uca mərtəbədə götürüldüyü belə bir dilin bilinməyinə verilən dəyər özlüyündə həmin dili hərfi mənada şərh və yozma imkanından məhrum edir. Quranda buyrulur: "Süleyman Davuda vərəsə oldu və dedi ki: "Ey insanlar! Bizə quş dili (ullimna mantiqat-tayri) öyrədildi və bizə hər şeydən verildi " (Nəml, 27/16). Başqa yerlərdə, məsələn, Şimal xalqlarına aid əfsanələrdə əjdahalara Ziqfrid kimi qalib gələn qəhrəmanların quşların dilini çətinlik çəkmədən anlamaq bacarığına sahib olduğunu da görürük. Bu isə gözdən keçirdiyimiz simvolikanı anlamaq işini asanlaşdırır. Əsl həqiqətdə də əjdaha üzərindəki qalibiyyət nəticə etibarilə hər zaman öz ardınca ölümsüzlüyün qazanılmasını gətirir. Bu həmin ölümsüzlükdür ki, özlüyündə əjdahanın kimsəni yaxına buraxmayaraq qoruduğu xəzinəni təcəssüm elətdirir. Ölümsüzlüyün əldə edilməsi də insani mərtəbənin öz əsl mahiyyəti olan mərkəzə dönüşlə bütünləşməyinə bərabərdir. Mahiyyətə dönüşün o nöqtəsindən varlığın yüksək qatları, mövcudatın ali pillələri ilə insan varlığı arasında bağlılıq gerçəkləşməkdədir.

Quşların dilinin anlaşılması da elə həmin bağlılığın rəmzidir. Həqiqətən, quşlar mələkləri, daha doğrusu, mövcudluğun ali pillələrini rəmzləndirib onların təcəssümünə çevrilirlər. Biz bir vaxt gövdəsi mövcudatın hər mərtəbəsinin mərkəzindən keçərək bu qatları öz aralarında bir-birinə bağlayan ağacdan və o ağacın budaqlarına qonmuş "göy quşları"ndan məhz həmin anlamda bəhs eləyən İncil əfsanəsini xatırlatmışdıq.

Quran mətnindən epiqraf olaraq gətirilən parçadakı "vas-safat" anlayışı, belə hesab edirlər ki, hərfi mənada quşları bildirir, ancaq bir simvolika, simvolik məna daşıyıcısı kimi mələklərə (əl-məlaikəh) aid olunur; demək ki, Quran mətnindən alınan bu parçadakı ilk ayətdə söhbət səmavi və ya mənəvi-ruhani mərtəbələrin sıralanmağından gedir. İkinci ayətdə isə mələklərin şeytanlara qarşı, səmavi varlıqların yeraltı güclərə qarşı apardıqları mübarizədən, daha doğrusu, ən yüksək mərtəbələrlə ən aşağı mərtəbələr arasındakı ziddiyyətlərdən danışılır.

Hind ənənəsində həmin əksliyə devalarla asurlar arasındakı mübarizə uyğun gəlir. Tam bənzər simvolika, həmçinin, Haruda ilə Naqa arasında olan düşmənçilikdə, yəni, quşlarla ilanlar arasındakı mübarizədə də özünü göstərir; Haruda qartal görünüşlüdür, başqa bir yerdə həmçinin, leylək, vağ kimi ilanlarla bəslənən quşlar şəklində də təsvir olunur. Və ən nəhayət, üçüncü ayətdə "zikr" eləyən mələklərdən danışılır ki, bu da ən geniş yayılmış təfsirlərdə Quranın oxunmağı anlamına uyğun gəlir. Əlbəttə, görünür, burada ölümlülərin dilinin tələffüz etdiyi Quran oxumaq anlaşılmamalıdır, əksinə, Yəqubun nərdivanına bənzər şəkildə göylərdən yer üzünəcən, yəni kainatdakı mövcudluqların bütün mərtəbələri boyunca uzanan lövhi-məhfuz (əl-lövhül məhfuz) üzərində yazılanların əslinin oxunmağı nəzərdə tutulur.

Buna bənzər biçimdə hind ənənəsində deyilir ki, asurlarla döyüşdə devalar Vedadakı ilahiləri zikr eləyə-eləyə özlərini müdafiəyə qalxırlar (achhan dayan); məhz elə bu səbəbdən ilahilər də "chhandas" adını almışdır ki, mənası tam dəqiqliyi ilə "ritm", "ahəng", "uyuşma" (harmoniya) deməkdir. Həmin fikir, yeri gəlmişkən, "zikr" sözündə də var. Belə ki, söz İslam ezoterizmində ritmləşdirilən formullara, ahəngə uyğunlaşdırılan ifadələrə aid edilir. Həmin anlayış bütünlüklə hind mantralarına da uyğun gəlir. Bu formulların isə təkrarlanması varlığın ən müxtəlif ünsürləri arasında ahəngdarlığı saxlamaq və eləcə də mərtəbələrin intəhasız iyerarxiyasında təsir, əks-səda, rezonans yoluyla ən ali varlıqlarla ünsiyyətin qapılarını aralamaq gücündə olan titrəyişləri gerçəkləşdirmək məqsədi daşıyır. Həmin ali mərtəbələrlə ünsiyyətin yaradılması, onlar arasında bağlılığın qurulması özlüyündə elə hər hansı mərasimin də birinci və başlıca məqsədidir.

Bu şəkildəcə biz yenidən ona gəlib çıxırıq ki, haqqında əvvəldə "quş dili" deyə danışılmışdı. Həmin dil ki, onu "mələki dil" də adlandırmaq mümkündür. İnsanlıq aləmində ona uyğun gələni - ritmə salınmış danışıq, ahəngə uydurulmuş dildir. Varlığın ən yüksək qatları ilə bağlılığın gerçəkləşdirilə biləcəyi bütün mümkün üsullar axır nəticədə məhz özündə çoxlu sayda tətbiqi sahələri birləşdirən "ahəng elminə" əsaslanır. Elə buna görə də İslam ənənəsi Adəmin dünya cənnətində şeirlərlə, ahəngə salınmış, yəni ritmik bir dillə danışdığını qəbul eləyir. Burada nəzərə çatdırılmaq istənən - bizim "Yazılar elmi"ndə də bəhs elədiyimiz həmin "Süryani danışığı"dır (loghah suryaniah). O danışıq ki, "günəş" və ya "mələk" nurundan işıqtək mövcudatın bir mərtəbəsi olan insan varlığının mahiyyətində necə təzahür eləyirsə, doğrudan-doğruya eləcə də nüzul edir. Bax, elə bu səbəbdən də müqəddəs kitablar vəznli, ahəngli, yəni qafiyəli və ritmik bir dillə yazılmışdır. Buradakı vəznin, qafiyənin, ya ahəngin, daha çox ənənə əleyhində köklənmiş indiki tənqidçilərdən bir çoxunun həmin göydənenmə (səmavi) kitabların ayağına yazdıqları sırf dünyəvi məzmunlu bəsit profan şeirlərlə, bütün hallarda heç hansı bağlılığı yoxdur.

Yeri gəlmişkən, ilk başlanğıcda poeziya, şeir heç də alçalmaqda olan insan nəslinin cırlaşması üzündən yaranan bugünkü şəklindəki boş bir "ədəbiyyat" deyildi. O, sözün həqiqi mənasında müqəddəs, dini məzmun daşıyırdı. Bunun izlərini poeziyanın hələ antik çağda "ilahların danışdıqları dil", "tanrıların danışıq dili" adlandırılmağından görmək olar ki, belə bir ifadə də yuxarıda söylənilənlərə tam uyğundur. O dərəcədə uyğundur ki, "ilahlar", yəni "devalar" özləri belə mələklərin yanı sıra, ən ali mərtəbələri, ən yüksək qatları təcəssüm elətdirirlər. Şeirə latın dilində "carmina" deyirdilər. Və bu ad da mərasimlər keçirilən zaman həmin şeirlərdən istifadə olunmağıyla əlaqələndirilirdi. "Carmen" sözü sanskritcədəki "karma" ilə eyniyyət təşkil edir. "Karma" burada "mərasimi davranış" kimi xüsusi mənada başa düşülməlidir. Özündən, mayasından dini məzmunlu kəlamın - İlahi Sözün işığı sezilən "müqəddəs dil"in yozucusu olan şair isə "vates" adlanırdı. Bu söz onu həm də könlünə ilham doğan an peyğəmbərcəsinə gələcəkdən xəbər verə biləcək bir insan olaraq səciyyələndirirdi.

Sonralar isə elə cırlaşma üzündən "vates" artıq gələcəyi söyləyən, qeybdən xəbər verə bilən adi birinə çevrildi. "Carmen" də "sehr, cadu, əfsun" demək olan həmin fransız sözü "charme"dən gəlir. Yəni "ovsun" artıq cadugərlik, sehrbazlıq deyilən ən bəsit magiya əməliyyatı halına gəlmişdi. Sehrkarlıq, ovsunçuluq, cadugərlik - bax, elə bunların özləri yaşamaqdan qalıb yox olmuş ənənənin son qalıntılarıdır.

Bu bir neçə qeyd, belə düşünürük ki, "quşların dili" adına rast gəldikləri nağıllara gülüb keçənlərin nə qədər haqsız olduqlarını göstərmək üçün yetəcək qədərdir. Sənin anlağından, sənin dərrakə və anlayışından yüksəkdə dayanan nə varsa, saymazyana hamısına "xürafat, mövhumat" deyə damğa yapışdırmağın hər şeydən asandır. Bu baxımdan simvolik dilin, rəmzlər dilinin qiymətini gözəl bilən əski çağ insanlarından biz çox uzaqlardayıq. Həqiqi "xürafat", əsl "mövhumat" odur ki, ömrünü başa vurub, yəni yox olub, kökü kəsilibdir, özü də "ölü nöqtə"yə çevrilibdir. Ancaq "xürafat, mövhumat" deyilənin varlığı amili heç də göründüyü qədər az əhəmiyyətli deyildir. Çünki harada və nə zaman istər dolaşan ruh istədiyi an simvollara, ayin və mərasimlərə təzə can, yeni həyat verərək itirdikləri bütün məna ilə onlara ilkin yaradılışlarındakı gücü-qüvvəti təkrarən qaytara da bilir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!