Osman Sarıvəlli istədiyi yerlər... - Barat VÜSAL

Dərdləşmələr

 

Hər bir şairin öz möhürbəndi olan şeirləri var. Osman Sarıvəllinin də “Tut ağacı”, “Gətir, oğlum, gətir”, “Günah onun özündədir” kimi əsərləri bu qəbildəndir. “Gətir, oğlum, gətir” poemasında şair deyir:

Günlər keçirmişəm ağlı, qaralı,

Bəzən gülərüzlü, bəzən yaralı.

Yazı qəm çəkmişəm, qışı əziyyət,

Mənə qəsd eyləyib bəzən təbiət.

Donmuş əllərimi oda vermədi,

Kaşana istədim, o da vermədi.

Simuzər dilədim, axca vermədi,

Gülüstan dilədim, bağça vermədi.

Mal-dövlət istədim, mənə vermədi,

Bir nemət istədim, yenə vermədi.

Bircə könül verdi mənə o yerlər,

Odur ki, adıma şair deyirlər...

Gözəl deyilib, elə deyilmi?! Könlü olanın nəyi yoxdu ki? Könlü olmayanın vay halına!

Xaqaniyə görə Allah ilk dəfə könülü xəlq edib. Xaqani deyir ki, bir çox bayramlar olsa da, əsas bir bayram da var: “Fəqirlər bayramı”. Bu bayramın digərlərindən fərqi böyükdür. Qurban, Orucluq  bayramlarında mal-qoyundan qurban kəsilsə də, Fəqirlər bayramında könlü qurban edirlər, könüldən qurban “kəsirlər”miş.

Belə olmasaydı N.F.Qısakürək yazmazdı: “Ağlın ağlı olsaydı, adı könül olardı”. Müşfiq də eşitmişdi Xaqaninin səsini yoxsa? “Yaşa könül, yaşa könül” qənaətinə hardan gəlmişdi bəs?

Yaxud Hüseyn Arifin fikri göydəndüşmə ha deyildi:

Ömür  deyir, qocalmışam,

Könül deyir yaşa, hələ.

Şairin ən gözəl şeirlərindən biri də “Tut ağacı” şeridir. O gözünün, könlünün ilk ovunu o tut ağacının altında görüb. O, ağaca çıxıb tutu ondan ötrü çırpıb.

Tut ağacının başı həmişə dolu olub. O qızın xətrinə!

Qız gəlib tut yığıb.  (hər yaşda!)

Şairin xətrinə!

Oxuyun... “yeyin”, tamsının, bu şairin misralarının, şeirlərinin hamısı tut dadı verir, tut dadır!

...Osman Sarıvəlli istədiyi yerlər hər yerdədir. Ona könül verən yerləri deyirəm.

Hər quş bir bağçanı bəyəndi, seçdi,

Hər kəs bir cənnəti... mən o yerləri.

...Osman Sarıvəlli Qazaxda II Şıxlıda doğma kənd qəbiristanlığında dəfn olunub.

Osman Sarıvəlli ölməyib!

Tut ağacının başındadır.

Tut çırpır!..

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!