Sözlərdə sayrışan mənalar Arif Abdullazadənin xatirəsinə - Kənan Hacı yazır

Arif Abdullzadə - 80

Uzun müddətdir ki, “Ötən əsrin kitabları” silsiləsindən yazılar yazmaq haqda düşünürdüm. Tez-tez şəhərin bukinist kitab mağazalarına baş çəkirəm, olduqca nadir, son dərəcə qiymətli, heç yerdə tapılmayan, nəşri çoxdan tükənmiş kitablara rast gəlirəm və imkan düşdükcə bu kitablardan alıram. Özümün şəxsi kitabxanamda da kifayət qədər belə kitablar var. Bu kitablar Azərbaycan mədəniyyətinin, ədəbiyyatının ötən əsrdə keçdiyi inkişaf yolunu, bu yolun mərhələlərini izləməyə imkan verir və bu kitablardan bəziləri müstəqillik dövrümüzdə latın qrafikasında çap olunmayıb. Əlbəttə, təkrar çap olunanlar da var, tamamilə unudulanlar da. Bu, tamam başqa söhbətin mövzusudur. Mənim məqsədim isə ədəbiyyatımızda böyük xidmətləri olmuş, hansısa səbəblər üzündən unudulmuş, bir qədər diqqətdən kənarda qalmış və yaxud ədəbiyyat tariximizdə kifayət qədər tanınmış görkəmli ədiblərimizin, şairlərimizin, alimlərimizin o dövrdə çap olunmuş kitabları haqqında yazılar yazmaqla həm də yaddaşımızı təzələməkdir. Bu silsiləni yazmaq həm də o zərurətdən doğdu ki, yeni gələn nəsillərin ötən əsrdə yazıb-yaratmış qələm sahiblərimizin əksəriyyətini tanımadığını, hətta adlarını belə ilk dəfə eşitdiklərini görürdüm, açığı, hər dəfə bu hallarla rastlaşanda təəccüb hissi keçirirdim. Bir sözlə, bu layihə nəsillərarası bağların qopmaması istəyindən doğdu. Bu kitablar bizdən əvvəlki nəsillərin bizə mirasıdır. Mirasa, əmanətə sahib çıxmaq bizlərin, yeni nəsillərin borcudur.

Bu silsilədən ilk yazım indiki dövrdə adı çox az hallarda çəkilən dəyərli şair, yazıçı, alim Arif Abdullazadənin 1991-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında çapdan çıxmış “Seçilmiş əsərləri” haqqındadır. Arif Abdullzadə orijinal təfəkkürə malik bir şair idi, “İşıq zolağı, “İlğım”, “Bir ovuc torpaq” romanlarını yazmışdı, filologiya elmləri doktoru idi, dəyərli monoqrafiyaların müəllifi idi. Bir neçə il bundan öncə onun haqqında “Üzü torpaq qədər soyuq...” adlı yazı da yazmışdım, həmin yazı mətbuatda yayımlanandan sonra bir çox qələm dostlarımız məni görəndə razılıq edirdilər, “çox sağ ol ki, Arif Abdullazadəni yada salmısan” deyirdilər. Yeri gəlmişkən, həmin yazıda mərhum yazıçı-alimin “Bir ovuc torpaq” romanıyla bağlı düşüncələrimi də bölüşmüşdüm. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun 85 illiyi ilə bağlı “Ədəbiyyat qəzeti”nə yazdığım yazıda da Arif Abdullazadəni xatırlamışdım: “Bu məbədə ilk dəfə yolum 90-cı illərin sonlarında düşmüşdü. Unudulmaz xalq şairimiz Vaqif Səmədoğlu ilə institutda görüş keçirilməliydi. Məni də çalışdığım qəzetdən yollamışdılar ki, görüşdən yazı hazırlayım. İnstitutun dəhlizində ilk gördüyüm adam rəhmətlik Arif Abdullazadə oldu. Arif Abdullazadə geniş yaradıcılıq diapazonuna malik bir qələm sahibi idi. Filologiya elmləri doktoru, professor, Qasım bəy Zakir yaradıcılığının tədqiqatçısı idi. Rəsul Rzanın yaradıcılığından bəhs edən "Od nə çəkdi" monoqrafiyasının, bir neçə poeziya kitabının, romanların müəllifi idi. Arif müəllim dəhlizdə pəncərənin önündə fikirli halda dayanıb siqaret tüstülədirdi, əynində boz rəngli miləmil kostyum vardı. Bu mütəvazi və son dərəcə istedadlı insan ən çox dalğın görkəmilə yadımda qalıb”.

Bu yazının çapından sonra ağsaqqal qələm sahibi, şair Ramiz Məmmədzadə mənə zəng vurub xüsusi minnətdarlığını bildirdi və gileyləndi ki, Arif sanki yavaş-yavaş unudulur. Halbuki qətiyyən unudulmağa layiq insan deyildi.

Bu dəfə isə şair Arif Abdullazadə haqqında danışmaq, daha doğrusu, yazmaq  istəyirəm. Bildiyimə görə, bu kitab şairin sonuncu kitabıdır. Kitabın nəşrindən on bir il sonra dünyasını dəyişən Arif Abdullazadənin nədənsə bu illər ərzində heç bir kitabı nəşr olunmayıb. “Seçilmiş əsərləri” onun sonuncu kitabıdır. Onu da qeyd edim ki, kitab kiril əlifbasıyla çıxıb. Bu kitab onun şair olaraq bədii-estetik platformasını bütün parametrləriylə göstərə bilən bir poeziya külçəsidir. Sovet dövründə çap olunan bütün şairlərin şeir kitabları partiyaya, Leninə, kommunizmə həsr olunan şeirlərlə açılırdı. Əlbəttə, bəzi istisnalar da vardı. Arif Abdullazadənin kitabı nəşriyyata hələ 1990-cı ildə təqdim olunmuşdu və o zaman imperiya hələ çökməmişdi. Mən Arif Abdullazadə ilə şəxsən tanış deyildim, qeyd etdiyim kimi, onunla cəmi bir dəfə rastlaşmışdım və onda da heç bir ünsiyyətimiz olmamışdı. Deyilənə görə, o, təbiəti etibarilə azad düşüncəli, düşündüyünü deməkdən, yazmaqdan çəkinməyən, bir qədər də tənhalığı sevən bir insan idi. Filologiya elmləri doktoru Bədirxan Əhmədovun onun haqqında yazdığı “Arif Abdullazadə: özü və sözü” məqaləsində qeyd edir ki, o, sovet sisteminin vətəndaşı olsa da bu sistemə bircə misra belə şeir yazmayıb.

Kitabdakı ilk şeir analara həsr olunub. Bu şeir indiyə qədər ana haqqında oxuduğum şeirlərdən çox-çox fərqlidir. Anaların qayğısı, dərdi-səri, övladlarıyla bağlı nigarançılığı  bu poetik mətndə tamamilə yeni rakursdan təsvir edilir:

Dünya fikir dünyasıdır – deyiblər,

anaların dərdi isə daha çox.

Dərdi övlad dərdidir,

səbri dərya səbridir anaların...

Müəllif daha sonra qeyd edir ki, bizi fikir götürəndə “bürüyürük qayğıları, əsəbləri tüstülərə, bir az dumanlı görünsün, bizdən uzaqlara sürünsün”, daha sonra yazır:

İşimiz tərs gətirəndə,

axtarıb tapmayanda,

tapıb da itirəndə

içkiyə də meyl edirik

birimiz çox, birimiz az,

dağ boyda fikirləri

bir udumluq qədəhlərin

içində batırırıq,

bir az xumarlandırır,

bir az yatırırıq ki,

ömrümüzə bir az da olsa,

dadlı yalan çilənsin,

analar bəs neyləsin?

Səbri dəryalar qədər olan anaların yükü övladların qayğılarından qat-qat ağırdır, bəs onlar bu yükü necə daşıyırlar? Şeirin daşıdığı məna yükü də ağırdır, anaların övlad qayğısını zənnimcə, heç bir şair bu cür müqayisələrlə, bu tipli analogiya ilə ifadə etməyib. Hər halda, mənim rastıma belə bir şeir çıxmayıb.

Kitaba ön söz yazmış akademik Ağamusa Axundov Arif Abdullazadənin poeziyadakı orijinallığı haqda belə deyir:

“O, hətta elə ağlagəlməz şeylərdə poetik kəşflər edir ki, bunlar oxucunu heyrətləndirir. ...Arif Abdullazadə heç kimi təkrarlamayan, tamamilə özünəməxsus üslubu olan poeziya yaradıcısıdır. Onun şeir sənətində bədii ifadə vasitələri mükəmməl sistem təşkil edir. Mükəmməl təşbeh və istiarələr, vəzn və qafiyə sistemi”.

Doğrudan da onun şeirlərinin qafiyə quruluşu poeziyamız üçün bir yenilik idi, rədifli qafiyələr bu şeirlərə xüsusi və əlahiddə bir intonasiya qatır, qafiyələrin fonunda mənalar işıq saçır ki, bu şeir təcrübəsi bəlkə də günümüzdə çoxlarına adi görünə bilər, amma 60, 70-ci illər şeiri üçün tamamilə yeni bir cığır idi. Arif Abdullazadənin şeirlərində sözlər bütövlüyə, sözün daxili sabitliyinə can atır. Onun poeziyasını İsa İsmayılzadənin və Ələkbər Salahzadənin poetik düşüncə sistemindən incə bir xətt ayırır – rasionalist düşüncə.  Və bu rasionalist düşüncənin alt qatında sonsuz mənalar sayrışır, bu mənalar düşüncənin hüdudsuzluğundan xəbər verir. Bu xüsusiyyətlər onun poeziyasına özünəməxsusluq qazandırır.

Ümumiyyətlə, bir nüansı da qeyd etmədən keçmək olmaz. 60-cı illər ədəbi nəsli özgür düşüncənin övladı idilər, həmin dövrdə nəsrdə olduğu kimi, poeziyada da buxovlardan, stereotiplərdən, trafaret düşüncə tərzindən imtina edən azad təfəkkür dalğası gəldi və bu dalğa ədəbiyyatda olduğu kimi incəsənətin, mədəniyyətin bütün sahələrini bürüdü. Arif Abdullazadə də 60-cılar nəslinin nümayəndəsi idi və onun xarakterindəki barışmazlıq, həqiqət təşnəliyi bədii mətnlərində də özünü qabarıq göstərirdi. 1963-cü ildə yazdığı və “Seçilmiş əsərləri”nə daxil etdiyi “Düşünmək azadlığı” şeiri də onun poetik stixiyasını və daxili azadlığını dəqiqliklə ifadə edir. Sovet sistemində insanlara daxili azadlığını belə bağışlamırdılar. Yeni ədəbiyyatı da daxilən azad olanlar yaradırdılar və bu daxili azadlığı toxum kimi beyinlərə səpirdilər.

Təbiət insanlara bir azadlıq bəxş edib:

düşünmək azadlığı!

Düşünür insan oğlu,

düşünür o, qorxusuz,

bəzən çörəksiz, susuz.

Düşünür sabahını,

ötən gününü anır,

ac-susuz qalanda da

fikirlə qidalanır.

Fəqət bəzən insanı

yaşadan düşüncələr –

qəlbinin dilsiz səsi,

yeganə təsəllisi

neçə uzaq ellərdə,

neçə qanlı əllərdə

zorlanır zaman-zaman,

fikir zəncirə gəlməz,

düşünür yenə insan.

Görəsən fikrini də

əllərindən alsalar,

insanlara nə qalar?!

Kimə aydın deyil ki, “neçə uzaq ellərdə, neçə qanlı əllərdə” deyərkən şair təbii ki, həm də və daha çox sovet totalitarizmini nəzərdə tuturdu. 80-ci illərin ortalarında, sovetlərin çöküşü ərəfəsində yazdığı “Haqq-nahaq” şeirində şair yazır: “bir gün qan tökənlər bir gün yaş tökər”. Şair intuisiyası. Qan tökənləri bu gün tarix ittiham edir və onlar tarixin hökmündən heç vaxt xilas ola bilməyəcəklər. Arif Abdullazadənin “Narahat ürəklər” poeması iki böyük klassikimiz Mirzə Fətəli Axundzadə ilə Mirzə Şəfi Vazehin görüşündən bəhs edir. Bu poemada iki böyük şəxsiyyət müəllim-tələbə kimi qarşılaşdırılır və onların mükaliməsində Şərqin əsarət altında inləməsinin səbəbləri çözələnir. Əlbəttə, onların arasındakı məşhur dialoqu (“Səndəmi şarlatan olmaq istəyirsən”) hamımız bilirik. Dövr, zaman eləydi ki, cəhalət, savadsızlıq, fanatizm insanları islam fəlsəfəsini, onun fəzilətlərini anlamaq imkanından məhrum etmişdi və Mirzə Şəfi insanları maarifə səsləyirdi. Mütərəqqi düşüncələrinə görə mövhumatçılar ona təzyiq göstərirdi və o da məcbur olub Gəncədən Tiflisə köçmüşdü. O, Mirzə Fətəlinin belə bir mühitdə ruhani olmasını istəmirdi. Onunla görüş Mirzə Fətəlinin düşüncəsində əsaslı dönüş yaratdı və onun taleyini həll etdi. Bununla Mirzə Şəfi bilavasitə Azərbaycanda maarifçiliyin yaranmasına vəsilə olmuşdu. Mirzə Fətəliyə elm yolunu o göstərmişdi. Arif Abdullazadənin poemasında bu məqam – maarifçilik xətti, yatmış xalqı qəflətdən oyandırmaq düşüncəsi ön plandadır.

İndi gen Rusiyada

Öz haqqını istəyən

Minlərlə insanların

Qorxusundan padşahın

Canına lərzə düşür.

Bizsə bu dövran içrə

İllərin arxasında

Düşüb qalan dövranıq.

Ah, biz! Ah, biz... Axı biz,

Axı biz də insanıq!

Səsimizi dünyanın

Səsinə qatmaq gərək.

...Xalq yatıb, yuxudadır,

Xalqı oyatmaq gərək!

Əsər narahat ürəklərin istəyini ifadə edirdi. O dövrdə çar əsarətində idiksə, bu poemanın yazıldığı zamanda (1962-ci il) sovet imperiyasının tərkibində idik və müəllif indiki ifadə ilə desək, öz xalqına çox ciddi mesaj ötürürdü.

Şairin 1967-ci ildə yazdığı “İlanı qəfəsə salmışam” şeirinə diqqət yetirək:

İlanı qəfəsə salmışam,

Çırpındı var gücüylə,

Çıxardı haça dilini,

And içdi, qan qusdu.

Bu şeirdə ilanın xisləti metaforik dillə təsvir edilir, şair özünə “bir ilanı qəfəsə salmaqla öyünmə” deyir.

ilanlar çeşmələrin başında,

dünyamızın nə qədər

səfalı yaylaqlarında ,

yayında, baharında

hələ də yaşayır,

hələ də var

ilanlar,

ilanlar,

ilanlar...

Aydın məsələdir ki, şeirdə söhbət ilan xislətli adamlardan gedir. Bu şeir də 60-cı illərin məhsuludur və həmin dövrdə belə şeirlərə görə şairlərin başı az bəlalar çəkmirdi. Arif Abdullazadənin şeirlərində böyük türk şairi Nazim Hikmətin poeziyasından da əsintilər sezilir. Bu da təbiidir. O, 70-ci illərdə bir müddət tərcüməçi kimi fəaliyyət göstərmişdi və bu dövr onun “Bir ovuc torpaq” romanında geniş təsvir olunub. Nazim Hikmət sevdalısı idi və bu sevgisi xüsusən “Nazimə məktub”,  “İstanbulda” şeirlərində də qabarıq hiss olunur. Qəribə bir nüans da diqqətimi çəkdi; Arif Abdullazadə azadlıq haqqında şeirini bizim o vaxt vətən saydığımız SSRİ-dən kənarda, Havanada yazıb. Şeirin adı da “Azadlıq”dır.

Bu torpaqda azadlıq

Təmtəraqlı bir nəğmə,

Bəzəkli bir söz deyil.

Bu torpaqda azadlıq

Mənalı bir həqiqət,

Qəlbələrə hərarətdir.

Bu torpaqda səadət

Şüarlarda parlamır,

Reklamlarda yanmayır.

Bu torpaqda səadət

Baxışlarda od tutan,

Ürəklərdə, üzlərdə,

Gözlərdə parıldayan

əbədi səadətdir.

Bu qədər. Nə yaxşı ki, Arif Abdullazadə vətəninin azadlığını gördü. Ağamusa Axundovun ön sözündə bir məqam diqqətimi çəkdi. O, yazır: “Nə qədər çətin olsa da deyim ki, Arif Abdullazadə bizdə həqiqi qiymətini almayan şairlərdəndir”.      

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!