BATMIŞ GƏMİLƏRİN SƏSSİZLİYİ - Cavanşir YUSİFLİ yazır

Şərif Ağayarın “Arıların səssizliyi” hekayəsi haqqında

Bəzən bir hekayənin, yaxud nəsr mətninin nümunəsində bir yazıçının və daha çox onunla bərabər içində bulunduğumuz gerçəkliyin sirlərini öyrənmək, onlarla təmas qurmaq mümkün olur. İçində olduğumuz gerçəkliyi biz həmişə “dünya bizə tanış gəlir” formulu ilə tanıyırıq, onu indiyə qədər əzbər bildiklərimizlə tutuşdurur, həmin tanışlığın yadlığa çevrilməsinə qədər yol gedirik. Hər hansı hekayədəki adi bir mətləb hər şeyi dəyişdirə bilər.

Nəsr mətnində, təhkiyənin gedişində bir məqam olur, məhz həmin məqamda nəqlin daxili hərəkətinin tempi bilinir (üzə çıxır - !) və həmin tempin “döyüntüləri” içində cızılan, yaradılan məkanın bütün konturları yavaş-yavaş aydınlanmağa başlayır və sonrakı pasajlarda qəhrəmanın həyat tarixçəsinə paralel olan, onu kəsib-doğrayan hər şey – bütün təfərrüat və detallar mətndə olmasa da, sənin üçün, sanki ayrıca bir “lövhədə” işıqlanır. Yəni mətndəki işarələrin açıldığı, özlərini tanıtdıqları lövhə, məkan, virtual aləm. Nədir bu?

Şərifin “Arıların səssizliyi” hekayəsində adı keçən hadisəni izləyə bilərik. İlk baxışdan hər şey bizə qəribə, bəlkə də məntiqsiz görünə bilər, sözlərin, onların vasitəsilə cana gələn, ortaya atılan təsvirdəki “anormallığı” (məsələn, hava hələ tam ağarmayıb, amma qəhrəman dikdirdə oturan ixtiyar kişinin dizlərinin yorğunluğu və çiyinlərinin ümidsizliyini gözünün önündəymiş kimi hiss edir) göstərə bilərik, ancaq bu görüntü, bu “məntiqsizlik” bir azdan, yəni həm də təhkiyədə “hava ağardıqca” (kadrlar açıldıqca-!) tamamlanır, bizi ardınca çəkib aparır. Söz hərəkəti yaradır və özü, necə deyərlər, pasajlar adladıqca görünməz olmağa çalışır. Məsələ bundadır ki, insan nəyəsə peşman olanda, hamının hansı səbəbləsə təklədiyi adam qarşısında özünü daxilən təqsirli bildikdə və bu hiss keçib getmədikdə, “qəsəbənin altındakı Şor kanalın dikdirində” oturan kişinin dizlərinin yorğunluğu ilə çiyinlərinin ümidsizliyi məsafə nə qədər uzaq olsa da hiss edilə bilər. Yəni həqiqət ola bilər. Ancaq, zənnimizcə, biz bir şeydən narahat olduqda, xüsusən də onunla bağlı ağrı, peşmanlıq hiss etdikdə uzaqdan yaxşı görüb seçə bilmədiyimiz şeylərə də haqq qazandırırıq, “elə belədir”, - deyirik. Diqqət edin, ilk baxışdan bu “görünməyən” adam hər səhər ora gəlir, dizlərini qucaqlayıb oturur və hava ağardıqca bozumtul torpağın fonunda astaca (yəni kadr-kadr...) seçilməyə başlayır. Hekayə mətnində hər şey beləcə, yəni kadr-kadr açılır, aydınlığa qovuşur,  sonra isə ümumi təhkiyə çevrəsinin içində yox olur, qeybə çəkilir. İnsan alaca qaranlığın içində yoxdur, ancaq dərd və rüsvayçılığın, ən çox da insanların əsassız təpkisinin səbəb olduğu həyata, taleyə küskünlük var. Hava ağardıqca onun silueti bozumtul torpağın fonunda seçilməyə başlayır. Bu dünyada, yəqin, elə təsvir edilən məkanda (qaçqınlar üçün salınmış qəsəbədə) onu susqunluqdan kimsə qurtara bilməz, çünki həyatında baş vermiş hadisələrin acısı onu içinə “batırmışdır”. Hekayədə təhkiyənin bir ayrıca keyfiyyəti də var, hər şey burada öz havasında, amma bir az da bilməyərəkdən “tapılır”, təsəvvür edin, daim suyun altıyla gəzən dalğıc birdən-birə orda haçansa qəzaya uğramış gəmi görür, gəminin içindəki əşyalar talelərindən qopub “boğulmuş” insanlar haqqında nələr söyləyər?! Diqqət edin: “...Həyətə çıxdım. Hava hələ tam ağarmamışdı. Dikdirdəki adama uzun-uzun baxdım. Onun yorğun dizləri və ümidsiz çiyinləri içimi mərhəmət hissiylə doldurdu. Yanına getmək qərarına gəldim. Şor kanala tərəf təzəcə çıxmışdım ki, başı yaylıqlı qadın göründü. Bu dəfə bir az tez gəlirdi. Evlərdən on beş-iyirmi addım aralanan kimi qıyya çəkdi:

“Dədəəəə!!!”

Nazik, gur, həyəcanlı səs qəsəbənin mürgü vuran göylərini diksindirdi. Heykəl adam bu səslə cana gəldi, başı bədənindən yavaş-yavaş çıxdı, boynu uzandı, səsə çevrilib yerindən qalxdı. Mən ayaq saxladım. Qadın gəlib lap yaxınlığımdan keçəndə, deyəsən, onu tanıdım. Şəkurə idi”.  Burda qəzaya uğramış gəmi insanların taleyidir, su altında – ağrıların, qədərin dərinliyində itib-batıb, nağılçıyla oxucunun orda tapdığı hər bir şey artıq yeni mövzudur, itmiş bəxtin, sınmış taleyin yeni üzü, yeni dərdi, yeni faciəsidir. Yəni qayim-qədim inanclarda söyləndiyi kimi, insan həyatında xoşbəxtlik deyilən şey bir andır, elə bu üzdən daim, dəfə-dəfə xatırlanır, insanı olub-bitmiş keçmişə bağlayır, çünki insan onu bir daha yaşamaq istəyir, ancaq bir an olduğu üçün daim damarlarındakı əsəb özünü çoxaltmağa, təklikdən, bir anlıqdan çıxmağa, ordan qurtulmağa sövq edir,  dərdsə bitmir, faciələr çoxüzlüdür, istənilən mühitdə çoxaldıqca çoxalır, ancaq özünü tükətmək, izini yer üzündən silmək məqsədi ilə çoxalır, amma... bitmir ki bitmir və o səhrayla (bir an-!) bu dərya qovuşanda taledən ağır olduğu üçün xoşbəxtlik suların dibinə çökür, dərdsə, faciələrsə üzdə qalır, dalğaların köpüyünə qarışır.

Bayaqdan mövcudluğu bilinməyən adamın cana gəlməsi, havanın tam ağarmadığı məqamda yalnız yorğun dizləri və ümidsiz çiyinləri dumanlı şəkildə görünən insanın özünü bildirməsi təhkiyədəki ritmin, aşağı templə irəliləyən (“közərən” -!) dinamikanın nəticəsidir, bu məqamda sözlə yaradılan təsvir insana çevrilir, donmuş, susqun heykəl canlanır, yəni fantastik bir şeyi təsəvvürünüzə gətirin, şəhərimizdəki heykəllərdən biri uzun illərin sükutunu qırıb, yerində ləngər vurub harasa gedir, şəhərin qaranlığından adlayıb, yalnız özünün bildiyi aydınlığa yollanır. Elə bil insanın öldüyü, canını tapşırdığı anda yaddaşının işartısı daim açılmaq, geri qayıtmaq istəyir... Dəhşətli bir olayın təsiri ilə haçansa başı bədənindən ayrılan bu heykəl adamın indi, məhz bir dəfə bütün insanların əvəzinə ölmüş, darmadağın olmuş qızının səsiylə başının bədənindən yavaş-yavaş çıxması bir az da təhkiyənin o tayından bizə boylanan fantastikadır. Əslində, bu dediklərimizdən məqsəd, təkcə hekayədəki semantik məzmun, mənaların bir-birinə qarmaq kimi keçib nələrəsə yön verməsi deyildir, tam başqa bir şeydir. Zənnimizcə, bədii mətn (nəsr əsərində) təkcə forma deyil, forma içində formadır, təqribən bu şəkildə: təhkiyənin o tayında qətrə-qətrə yaradılan fantastik ovqat hekayənin realist təhkiyə forması ilə oppizosiya təşkil edir, bu əkslik, ziddiyyət zamanla ciddiləşir (yəni hekayə - təhkiyə zamanı boyunca -!), həyatı, içində olduğumuz gerçəkliyi başqa, indiyədək ağıl eləmədiyimiz müstəvilərdə göstərir və beləliklə, iki formanın sürəklə bir-birini əvəz etməsi dinamikası yaranır. Bunsuz hekayəni həyat, gerçəklik adlı müstəvidən ayrı təsəvvür eləmək mümkünsüz olardı. Və bu olduğuna görədir ki, həyatın tanınmaz hala saldığı insanların üzü də həmin o heykəl adamın fikriylə getdiyi, yalnız özünün bildiyi aydınlığın hesabına tanınır və sonra... yoxa çıxır. Yəni qaçqınlıq, həyatın birdən-birə dəyişməsi taleyin bilinənlərlə, göz deşən reallıqlarla bilinməyən, görünməyən nəsnələrin arasında gizlənməsidir həm də. Belədə, bir insanı günün aydın işığında görməyə də bilərsən, yaxud gecənin zil qaranlığında dizlərinin yorğunluğunu, çiyinlərinin ümidsizliyini sezə, dərindən və ağrıyla hiss edə bilərsən. Mətndə müəllifin bəlkə də təsadüfən işlətdiyi adi bir cümlə də belə bir konstruksiya və kompozisiya həlli daxilində fərqli şəkildə mənalanır və hekayədəki insanların taleyinə təsir edir. Diqqət edin:  “...Mədət kişini axırıncı dəfə on beş il əvvəl qəsəbənin mərkəzindəki çayxanada görmüşdüm. Onda bu evlərdən əsər-əlamət yox idi. Şəhərə gedən asfaltın yaxınlığında kiçik yanacaqdoldurma məntəqəsi, maşın təmiri sexi, bir çayxana, ətrafda beş-on fin evi vardı. Çayxananı qarğı-qamışdan düzəldib içini-çölünü saman-palçıqla suvamışdılar. Dörd tərəfdən geniş dəhlizlə əhatələnmiş bu xudmani yer mənə peyğəmbərin Mədinədəki məscidini xatırladırdı”. Dərhal düşünürsən, axı bu qarğı-qamışdan düzəldilmiş çayxananın Mədinədəki Peyğəmbər məscidinə nə dəxli var? Sonrakı cümlə bunu müəyyən dərəcədə aydınlatsa da, şübhəsiz ki, həmin cümlə hekayənin sonuna qədər, bəlkə ordan da o yana... təsir edir, funksionallaşır: ... Aranın dözülməz istisindən qaçan dağ adamları bu kölgəliyə girən kimi toxtayırdılar...

Mədət kişi... Onu söyən hər kəslə razılaşıb dərdini içində çəkən, bir an olsun belə, bu dərddən ayrı düşməyən, başqa heç nə düşünməyən, üzündə uşaq məsumluğunun təbəssüm kimi oynaşdığı bu adam içindəki bütün maneələrdən azad olub, ona görə də çayqovuşanı da, sonra ən qəribəsi o yerlərdə arıların səsini (əslində, səssizliyini -!) də eşidə bilir. Və bu təkcə taleyin, növrağının pozulmadığı keçmişlə qovuşmaq, onunla bir olmaq istəyi deyildir, eyni zamanda başa gələn fəlakətin bir fatal səhvin ucbatından hələ nələrə səbəb olacağını bilməklə bağlıdır. Arıların beçə vemək məqamı. “...Arıların beçə verməsi ayrı aləm idi. Əvvəlcə çayın kənarındakı söyüdlərə qonur, yumaq kimi toplaşırdılar. Onda arıların səsi bir-birinə qarışıb həzin, hüznlü nəğməyə oxşayırdı. Mədət kişi palıd ağacının qabığından düzəltdiyi qovuğu götürür, içini şirələyir, arılar yığışan budağı kəsib ehmalca qovuğun içinə qoyurdu. Beləliklə, arı yumağı şirələnmiş qovuqda həbs olunurdu. Arıları qovuqdan köçürəndə canlı yeşiklərin biri də artırdı. Beçə vaxtı sərvaxtlığı əldən versən, arılar qonduğu ağacdan havalanıb kəndin quzeyindəki meşəliyə uçardı, ömür-billah tapa bilməzdin”. Kimlər səhv etmişdi, nə baş vermişdi, bu qədər insan, bütün el-oba nəyin güdazına getmişdi? Talelər pozulmuş, ömür xəritələri ani çınqıdan alışıb külə dönmüşdü... Bu səhvlərin nəticəsi ağır olur və bir daha düzəlmir.

Hekayənin belə deyək, bütün varlığı ilə ifadə etdiyi bu mətləb (və neçə-neçə başqa mətləblər -!) süjet-kompozisiya planında yuxarıda qeyd etdiyimiz kimi, iki üsulla təzahür edir; birincisi və əsas olanı hekayə məkanında hər şeyin, sonradan hadisəyə çevriləcək anların kadrlarla görüntülənməsidir, başın bədəndən çıxması, çiyinlərin görünməsi, deməli, həm də dəryanın dibinin üzünə çıxması hadisəsi dalğa-dalğa təhkiyə boyunca yayılır, amma əvvəlki sürət dinamikası dəyişmir, yəni həmin kadrların üzə çıxması üfüqi zaman oxu boyunca əyaniləşir. İkincisi isə bu kiçik ömür kadrları üzə çıxdıqca, öz biçimində ifadə olunduqca suyun dibinə kömülmüş gəminin min illər çəkən səssizliyinin gerçəkləşməsi, bütün insanlardan və əşyalardan sıyrılıb yalnız bir adamın gözünə görünməsidir. Bu isə hadisələrin zaman boyunca ifadəsinin şaquli xəttidir. Bu iki xəttin çarpazlaşması Mədət kişini Şor gölə qədəm basıb onu vurub keçməyə sövq edir, çünki ömür bitmiş, hesab kitabları qapanmış, yurdundan qovulmuş, taleyindən didərgin düşmüş insan ölümlə həyatın arasında vurnuxmadadır. Yəni bu insanları hara köçürsələr də, sabah onları ailə-ailə bu qəsəbədən aparıb hərəsinə bir qurulu ev versələr də, onlarla taleləri arasında o Şor göl həmişə duracaqdır, insanların o gölə baş vurmaq, onu keçib arıların səssizliyinə qovuşmaq həsrəti həmişə diri qalacaqdır. 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!