"Azərbaycan nəsrinin ağır artilleriyası"... - “Köhnə kişilər” silsiləsindən - Vaqif YUSİFLİ

Süleyman Rəhimov-120

Bu il martın 22-də Xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rəhimovun anadan olmasının 120 ili tamam olur. Yoxsul bir ailədən çıxıb Azərbaycanın ən görkəmli ziyalılarından biri kimi tanınan, nəinki öz ölkəsində, keçmiş SSRİ məkanında da adı hörmətlə çəkilən, nəsr əsərləri ilə milyonlarla oxucunun sevimlisinə çevrilən Süleyman Rəhimov 83 il ömür sürdü. Bu 83 il ömrün 53 ili ədəbi yaradıcılığa həsr olundu, onun qələmindən neçə roman, povest, hekayə ərsəyə gəldi və şəksiz ki, bu əsərlər XX əsr Azərbaycan ədəbiyyatının qiymətli inciləridir. "Şamo", "Saçlı", "Aynalı", "Mehman", "Ana abidəsi", "Qafqaz qartalı" romanları və povestləri olmadan XX əsr Azərbaycan nəsrini təsəvvür etmək mümkün deyil. Süleyman Rəhimov fəal ictimai xadim idi, MK-da məsul vəzifələrdə çalışmışdı, üç dəfə Azərbaycan Yazıçılar İttifaqının sədri vəzifəsini daşımışdı. Amma hansı vəzifədə olur-olsun, yazıçılığın daşını atmamışdı. Ulu öndər Heydər Əliyev demişdi: "Bilirsiniz ki, insanlar arasında paxıllıq da, rəqabət də var. Bəziləri dedilər ki, niyə Süleyman Rəhimova belə yüksək ad - Sosialist Əməyi Qəhrəmanı adı verdilər? Hələ o vaxt düşünürdüm ki, Süleyman Rəhimov ədəbiyyatımızda həqiqətən özünəməxsus yer tutub". Böyük şairimiz Səməd Vurğun elə sağlığında Süleyman Rəhimovun əsl qiymətini vermişdi: "Süleyman nadir simalardandır. Məhz buna görə də mən ona bağlıyam. Süleyman Rəhimov Azərbaycan nəsrinin uzaqvuran, ağır artilleriyasıdır. Süleyman Rəhimov sənətin ağırlıqlarını öz bahadır çiyinlərində qaldıran bir sənətkardır. Onun sinəsində xalqın ürəyi döyünür. Bu romançı böyük yazıçıdır, xalq yazıçısıdır. Sözün əsl mənasında müdrik ədibdir".

Süleyman Rəhimovun tərcümeyi-halı, keçdiyi həyat yolu, ağlı-qaralı günləri onun "Ömür yolu" xatiratında əks olunub. 1920-ci ilədək yalnız ikiillik rus məktəbində təhsil alan, öz doğma kəndində mal-qara otaran Süleyman Rəhimov sonralar Şuşada pedaqoji kursu bitirib Zəngəzur, Qubadlı və Laçın rayonlarında müəllim, Qubadlının Mamor kəndində məktəb müdiri işləmişdi. ADU-nun tarix fakültəsində təhsil almışdı. Süleyman Rəhimov 1930-cu ildə ədəbiyyata gəldi, "Şamo"nun ilk variantını çap etdirdi. Amma bir müddət ədəbiyyatdan uzaq düşdü, Laçın, Samux, Noraşen, Şahbuz rayonlarında rəhbər partiya işlərində çalışdı. Amma görünür, ədəbiyyata bağlılıq onun canındaydı. 1940-cı ildə o, əvvəl sadəcə povest halında olan "Şamo"nu təkmilləşdirdi və "Şamo" ömrünün axırına kimi onu tərk etmədi. Amma oğlu Şamonun erkən ölümü ata ürəyinə dağ çəkdi.

Süleyman Rəhimovun ömür yolu yaradıcı bir şəxsiyyətin, həm də partiya işçisinin, ictimai xadimin ömür yoludur. Bir kommunist kimi o, mühüm vəzifələrdə çalışır və təbii ki, Sistemin yaratdığı qayda-qanunlara zidd hərəkət etmirdi (hərçənd ki, otuzuncu illərdə o da təqiblərə məruz qalmışdı). Düzlük, saflıq, həqiqətpərəstlik və hər şeydən əvvəl xalqa bağlılığı onun bir şəxsiyyət kimi amalıydı. Süleyman Rəhimovun yaradıcılığı bütünlüklə xalq fenomenindən ayrılmazdır. Özünün bir yazısında deyirdi ki: "Yazıçılarımız öz qüdrət və ilhamını xalqdan alırlar, ayrı-ayrı şəxsiyyətlər xalqa xidmət üçündür. Biz həmişə bu mühüm məsələni nəzərdə tutmalıyıq. Ayrı-ayrı xalq artistinin, Əməkdar incəsənət xadiminin, adlı-sanlı şairin, ədibin, dramaturqun fəaliyyəti həmişə, hər zaman xalqa xidmətlə ölçülməlidir".

Süleyman Rəhimovun yaradıcılığından söz açan tədqiqatçılar və onun qələm yoldaşları yazırlar ki, Üzeyir Hacıbəyov musiqidə, Cəfər Cabbarlı dramaturgiyada, Səməd Vurğun poeziyada nədirsə, Süleyman Rəhimov da Azərbaycan nəsrində odur. Bəlkə də, bu fikir indi bir çoxlarına mübaligə kimi görünsün. Amma gəlin, həqiqətin gözünə düz baxaq. Yaxın keçmişə qara eynəklə boylananlar deyə bilərlər ki, onun bir sıra əsərləri Sistemin yaratdığı sosializm realizminin tələblərini dolğun şəkildə əks etdirir. Məsələn, "Şamo" inqilabi hərəkatdan bəhs edir, "Saçlı"da kollektivləşmədən danışılır. Təbii ki, o dövrdə yaşayan hər hansı bir yazıçını belə yanlış mövqe ilə səciyyələndirmək doğru deyil. Yazıçıları qələmə aldıqları mövzulara görə yox, əsərlərindəki həyat həqiqətinə görə qiymətləndirmək lazımdır. Azərbaycan nəsrində həyat həqiqətini (təbii ki, dövrün həqiqətini), insan xarakterlərini bəlkə də Süleyman Rəhimov qədər real canlandıran yazıçılar az idi.

Süleyman Rəhimovun ədəbiyyat tariximizdə rolunu, mövqeyini qiymətləndirərkən, ilk növbədə, onun Azərbaycan romanının inkişafındakı aparıcı mövqeyindən söz açmaq lazımdır. Niyə məhz romanları? Çünki M.S.Ordubadiyə,Yusif Vəzir Çəmənzəminliyə, Əbülhəsənə, Mehdi Hüseynə, Mir Cəlala, Süleyman Rəhimova, Əli Vəliyevə qədər Azərbaycan romanı əgər belə demək mümkünsə, uşaqlıq dövrünü yaşamışdır. Otuzuncu illərin romançıları isə nəsrimizə gənclik havası gətirdilər. Və burada Süleyman Rəhimovun da rolu az deyil. Dəxli yoxdur, bu yazıçılar öz romanlarında nədən bəhs etmişlər, amma fakt dudur ki, adına roman dediyimiz bir sənət formalaşırdı.

Bəs Süleyman Rəhimovun romanları hansı fərqli xüsusiyyətləri ilə seçilirdi?

Birincisi; Süleyman Rəhimov ilk dəfə olaraq Azərbaycan romanına xalqın bütün təbəqələrini əks etdirən obrazlar gətirdi. Ancaq məsələ ondadır ki, Süleyman Rəhimov bu obrazların əksəriyyətini xarakter səviyyəsinə qaldırdı. Alo, Safo, Şamo, Fərzalı, Gülsənəm ("Şamo"), Rüxsarə, Nənəqız, Tahir Dəmirov, Dəyirman daşı yonan Qoca ("Saçlı") xalqı, onun mənəvi dünyasını əks etdirən obrazlardır. Təbii ki, xalq eyni tərkibli, eyni müsbət xarakterə malik olan insanlardan ibarət deyil. Göyərçin, Maro, Pası, Müqim bəy, Kosa, Sübhanverdizadə bu xalqın nümayəndələri deyillərmi? "Azərbaycan ədəbiyyatında bu qədər geniş siqlətli, masştablı təsir gücünə malik obrazlar yaratmaq C.Cabbarlıdan sonra S.Rəhimova nəsib olmuşdur. Qəribədir ki, ədib bu surətlərin hamısının özünəməxsus danışıq tərzi, jest, əda, hərəkət, davranış qaydası tapır, onları çox ustalıqla fərdiləşdirir, ümumiləşdirir, heç kim bu tiplərin danışığını bir-birilə qarışdırmaz, çünki onların hər birinin öz ədası, danışıq tərzi, öz aləmi vardır" (Qulu Xəlilov).

İkincisi; hər hansı bir yazıçının sənətkarlıq xüsusiyyətlərindən söz açılırsa, ilk növbədə, onun dili, ifadə tərzi, nitq mədəniyyəti haqqında danışmaq lazımdır. Bu mənada, Süleyman Rəhimovun əsərlərindəki dil ədəbi dillə xalq danışıq dilinin sintezini özündə əks etdirir. Yenə onun sadiq tədqiqatçısı Qulu Xəlilova müraciət edək: "Süleyman Rəhimov sözü mum kimi əlində oynadır, hər tipin xarakterini, mənəviyyatını açmaqda ondan məharətlə istifadə edir". Şəhdli-şirəli bir dil - onun tədqiqatçıları S.Rəhimovun dilini məhz belə səciyyələndirmişlər. Bir misal: "Alagöz dayanıb düşünür, belə bir halı göz qabağına gətirincə, istər-istəmiz əli ürpəşir, onun gözləri Kür qırağına doğru çevrilir, çovğun içində o tərəf-bu tərəfə baxır, sanki çoban Fərzəlini görür, gözlərindən qanlı yaş tökürdü. İndi bu axşam çağında, yox, yox, səpmə minlərlə qarğa qırıldaşan vaxtda nə etmək, haraya getmək, hansı uçuq çovustana girib yurdsuzlara qovuşmaq, onlarla birlikdə öz məşəqqətli günlərini keçirmək, ölmək, ya da ölümcül yaşamaq olardı! Yox, yox, səpmə yatalağın dəhşətli qorxusu Alagözün sümüklərini dilləndirir, qaçqınların üzünə deyilən min söz onu sarsıdırdı. Əzilmiş olsa belə, hələ də öz vüqarını itirmirdi".

Üçüncüsü; Süleyman Rəhimov xarakter ustası idi. Roman, əslində, xarakterlər üstündə qurulur. Dünya ədəbiyyatında elə əsərlər var ki, yazıçının təsvir etdiyi xarakterlərin adını daşıyır: Hamlet, Otello, Kral Lir, Maqbet, Madam Bovari, Don Kixot, Anna Karenina, Karamazov qardaşları, Boris Qodunov, Oblomov və b. Azərbaycan ədəbiyyatında da buna aid xeyli misallar gətirmək olar. Və Süleyman Rəhimovun "Şamo"su, "Saçlı"sı, Mehmanı, Mahtəban"ı... Amma təkcə əsas qəhrəmanlar deyil, onun romanlarındakı əksər obrazlar da xarakter kimi diqqəti cəlb edir. Kim deyə bilər ki, "Şamo"da Qəmər, Göyərçin, Alo kişi, Kəlbalı Hətəmxan, Leylək Ələmdar, "Saçlı"da Dəmirov, Subhanverdizadə, Nənəqız xala, Xudakərim Meşinov əsl xarakter deyil. Məsələ bundadır ki, bu obrazlar müsbət, ya mənfi səciyyələrindən asılı olmayaraq həyatda müəyyən tendensiyanı əks etdirirlər. Süleyman Rəhimov yazırdı: "Fərdi cizgilərə malik insan surətləri bədii nəsrin əsasıdır. Xaraktersiz ədəbiyyat mümkün şey deyildir". Süleyman Rəhimovun qəhrəmanları inkişaf prosesində təqdim edilirlər, obrazı elə ilk gəlişində tamamilə müsbət bir obraz kimi təqdim eləmək onun prinsiplərinə yad idi. Bu xüsusda uzun-uzadı söz açmaq olar. Amma "Şamo"dakı iki obrazı misal göstərmək istəyirəm. Alo kişini və Gülsənəmi. Əvvəllər öz kobudluğu və fiziki qüvvəsiylə düşmənləri cəlb edən Alo gözlərinin qarşısında Şamonun vurulduğunun, al qanına boyandığının şahidi olur və beləliklə, onda şüur dəyişikliyə səbəb olur. Gülsənəm isə aciz və zəif iradəli adi kənd qadınından tədricən inkişaf edərək partizan dəstəsinin üzvü kimi fəaliyyət göstərir.

Dördüncüsü; Görkəmli ədəbiyyatşünas M.Baxtin yazırdı: "Roman nəsrin bütün janrları içərisində yeganə janrdır ki, getdikcə inkişaf edir, təkmilləşir, zənginləşir. Zamanla, əsrlə ən çox ayaqlaşan janr da romandır". Azərbaycan romanının yaşı minillik poeziya ilə, hətta dramaturgiya ilə müqayisədə o qədər də çox deyil. Amma roman janrı bizim ədəbiyyatın əsas janrlarından birinə çevrilməmişmi? Və burada Süleyman Rəhimovun romanları bu janra hansı yenilikləri gətirib? Görkəmli tənqidçi Yaşar Qarayev yazırdı: "Roman, hər şeydən əvvəl, böyük epik lövhələr janrıdır, dövrü, epoxanı təsvir etmək üçün ən əhatəli və imkanlı formadır. Oçerk, hekayə, yaxud povest həyatın nisbətən kiçik bir parçasını təsvir edir, roman isə ən böyük parçasıdır. O, həyatı və cəmiyyət tarixini vəhdət və bütövlükdə mənalandıra bilir. Hər şeyi və ən geniş səpkidə təsvir etmək hüququ hamıdan çox romana məxsusdur". Süleyman Rəhimovun romanlarında (ən çox "Şamo"da, "Saçlı"da) XX əsrin bədii-tarixi mənzərəsi əks olunub, bu əsərlərdə cəmiyyət həyatının bütün hadisələri (ictimai-siysi, mənəvi-əxlaqi və s.) öz əksini tapır. "Şamo"dakı Şehli kəndində, sanki bütün Azərbaycan görünür. Süleyman Rəhimovun romanlarında diqqəti cəlb edən onlardakı epik vüsətdir. Və epik vüsət Azərbaycan romanının sonrakı mərhələlərində janrın müəyyənedici xüsusiyyətlərindən birinə çevrildi. Bunun da əsasını daha çox S.Rəhimovun romanlarında axtarırıq. Həqiqi epik vüsət, monumentallıq isə dövrü, zamanı, böyük həyat yolu keçmiş insanı geniş və panoram lövhələrdə əks etdirmək, epoxanın mühüm və qlobal hadisələrini canlandırmaq deməkdir. Elə bircə "Şamo" romanına nəzər yetirmək kifayətdir. Bəs "Qafqaz qartalı", Qaçaq Nəbi hərəkatından bəhs edən bu romanda məkan hüdudları genişdir, Qubadlıdan Tiflisə, oradan rus imperiyasına doğru uzanır.

Beşincisi; Süleyman Rəhimovun romanları və ümumiyyətlə, bütün nəsri dastan yaradıcılığından, folklordan bəhrələnir. Onun "Gülən balıq", "Pəri çınqılı", "Bülbül əfsanəsi", "Əfsanələr" kitablarında folklor motivləri, nağıl və əfsanələrə yaradıcı münasibət diqqəti cəlb edir. "Uğundu" povesti isə Mirzə Cəlilə həsr edilib. O, Mirzə Cəlilin vurğunu idi, məqalələrində, çıxışlarında tez-tez onun ölməz irsinə müraciət edirdi.

Süleyman Rəhimovun "Yazıçı və həyat" adlı bir kitabı da var ki, bu kitabda o, tənqidi, publisistik yazılarını toplayıb. Təbii ki, bu kitabda yaşadığı dövrün təqazasına uyğun motivlər də diqqətdən yayınmır. Bu da təbiidir. Süleyman Rəhimovun müasirləri də sosializm realizmini yeganə ədəbi cərəyan hesab etmiş, ədəbiyyatda partiyalılıq prinsipindən söz açmışlar. Amma bu məlum xətti Süleyman Rəhimovun tənqidi, publisistik yazılarından ixtisar etsək, kənarlaşdırsaq, onun bədii ədəbiyyat haqqında çox qiymətli fikirləri ilə rastlaşarıq. Məsələn, onun "Müəllif qeydləri" ("Saçlı" romanı münasibətilə") məqaləsi ədibin öz romanı ilə bağlı etirafları kimi səslənir. Yazır ki: "Mənim üçün, "Şamo"nu yazmaq, "Saçlı"nı yazmaqdan asan gəlmişdir. Əgər mən "Şamo"nu yazarkən romantik xəyal aləminə qanadlanmışamsa, "Saçlı"nı yazarkən, sanki daş-qaya üstündə buruq qoyub yerin qatlarını qazmışam. "Saçlı"da olan axtarış çətinliyi, demək olar ki, mənim indiyə qədər olan ömrümün yarısına bərabərdir... Rüxsarə kimdir? Bizcə, Rüxsarə çox mürəkkəb bir dövrə düşən, dözülməz müqavimətlərdən, maneçiliklərdən addım-addım ötən, bəzən də bürəyə-qalxa keçən, çətinliklə inkişaf edən yeni adam, yeni insandır. Mən Rüxsarəni asan yolla aparmaq istəmədim. Mən, təbii olaraq, Rüxsarəni çox darısqal döngələrdən keçirmək istədim. Rüxsarəni işdə, hərəkətdə, eyni zamanda təbii-qanuni inkişaf, mübarizə gedişində göstərməyə çalışdım".

Süleyman Rəhimovun ədəbiyyatda xəlqilik haqqında fikirləri daha maraqlıdır. Bu fikirlər onun nəsrindəki xəlqiliyi isbata yetirir: "Məncə, xəlqilik hər hansı bədii əsərin yalnız zahiri formasından asılı olmayaraq, onun məzmun və mündərəcəsində, onun daxili varlığında, bütünlüklə onun ruhi-mənəvi aləmində, onun iliyində, qanında olmalıdır. Xəlqilik bədii əsərə xalqın dəruni aləmindən, xalq üçün çırpınan sənətkar ürəyilə axıb gəlməlidir. Bizim klassik şeirimizdə M.Ə.Sabir daha artıq xəlqidir".

Süleyman Rəhimov öz müasirlərinin yaradıcılığına qətiyyən biganə qalmırdı. Səməd Vurğunu çox sevirdi. Onun dəfni zamanı öz ağ saçlarından bir çəngə qoparıb şairin nəşi üzərinə atmışdı. "Ağbulaq dağlarında" romanında Ərəstun surətində Səməd Vurğunu təsvir etmişdi. O, Rəsul Rzanı "axtaran şair" adlandırırdı. "Mən Rəsul Rzanı axtaran, hey axtaran, bir çox sərvəti dürüst tapan, bəzən də tapa bilməyən, ancaq tapa bilməyəndə həvəsdən düşməyən, "yoruldum" deməyən bir kəşfiyyatçı kimi təsəvvürümə gətirirəm. Rəsul Rza şeirində mənim xoşladığım ümdə cəhət onun şeirinə gətirdiyi həyatilik və konkretlikdir". Onun Mirzə Ələkbər Sabir, Cəfər Cabbarlı, Mirzə İbrahimov, İlyas Əfəndiyev, Sabit Rəhman, Qılman İlkin, Məmməd Rahim, Osman Sarıvəlli, İsa Hüseynov və o dövrün nəsri, poeziyası və dramaturgiyası barədə məqalələri, məruzələri maraqlı düşündürücü fikirlərlə zəngindir.

Bu yazıda Süleyman Rəhimovun "Mehman" povestini xatırlamamaq olmaz. Doğrudan da, bu əsər o dövrün ədəbiyyatında "müsbət qəhrəman necə olmalıdır" sualına tam, dolğun bir cavab idi. Yəni müsbət qəhrəman elə təsvir edilməlidir ki, o, gənclərə nümunə olsun, onun həyatı, mübarizəsi çətinliklərdən keçsin. Həm də bu əsər Süleyman Rəhimovun belə bir fikrini təsdiq edirdi ki, hüquqşünaslar arasında ədaləti göz bəbəyi kimi qoruyan insanlar az deyil. Süleyman Rəhimovun çox sevdiyi, həmişə tənqidi mülahizələrilə razılaşdığı Məmməd Arif ""Mehman" povesti və müsbət qəhrəman məsələsi" məqaləsində yazmışdı: "Süleyman Rəhimov nöqsanlarımızı cəsarətlə göstərən yazıçılarımızdandır. Onun əsərləri öz aktuallığı ilə oxucularda müsbət əks-sədalar oyadır. "Mehman" povesti də belə əsərlərdəndir".

Süleyman Rəhimov 1983-cü il iyunun 10-da vəfat etdi. Bu yazını onun dostu, adaşı, poeziyamızın Süleymanının bir şeirindən bu misralarla bitirmək istəyirəm:

Sıramızdan necə gör yaxşı bir insan getdi,

Köçdü son mənzilə, getdi, Süleyman getdi.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!