Alnımı söykədim, sanki möhürə - Əbülfət MƏDƏTOĞLU yazır

Yusif Nəğməkarın "Sevgi məbədi" kitabı barəsində oxucu düşüncələri

 

Hər dəfə yeni bir kitabla qarşılaşanda elə bilirəm ki, yeni bir həmsöhbət tapıram. Ona görə də özümü elə ilk cümlədən, ilk sözdən başlayıram kökləməyə həmin o həmsöhbətin ovqatı üstə... Və beləcə, yavaş-yavaş öncə qapını döyürəm... sonra o qapının o üzündən gələn səsi duyuram... bir az da qapının o üzündəki səs məni otuzdurur dizinin dibində... O danışır, mən həm dinləyirəm, həm də köçürürəm yaddaşıma. Bax, bu zaman kəsiyinin içində bir mən oluram, bir də həmsöhbətim. Nağıl diliylə desək, qopub ayrıldığım bu dünyadan məni öz dizinin dibinə aparan indiki anda "Sevgi məbədi"di. Axı sevgi Allahdan gələn bir duyğu, məbəd isə Allahın evi...

Söz ifadə etdiyi mənayla dəyərli olur. Söz həm də o mənanın yeni biçimdə, yeni anlamda, yeni təravətdə, yeni də tərtibatda ortaya çıxanda öncə gözoxşayır, sonra da könül. Üstəlik, söz ruhu oxşayanda, o olur nəğmə. Və sən o nəğməni artıq Nəğməkarın sözü kimi yox, öz nəğmən kimi ürəyində pıçıldayırsan. O qədər o sözün balında, şəkərində, işığında xumarlanırsan ki, sevgidən başqa hər şey yadından çıxır. Axı sən misraların qanadındasan. O misralar isə:

Bu sirdi, bu sehrdi,

Saxlamağa yox tabım -

Köksüm yazı masamdır,

Ürək - sevgi məktubum;

Onu büküb kağıza

Göndərəcəm o qıza...

Məncə, burda şərh verməkdən daha çox düşünmək lazımdı. Düşünüb ruhuna, ürəyinə hakim olan sevgi məktubuna çevrilmiş ürəyin necə qanadlanıb uçduğunu, necə özünü o qıza çatdırmaq üçün hövlnak bir qanad çırpmalarına baxmaq və yenə baxmaq lazımdır. Onda ürəyin də öz məktubun kimi istədiyin qızın qapısını, pəncərəsini döyəcək. Məhz bu səbəbdən də Nəğməkarın sizə təqdim etdiyi şeirinə şərh verməyə çəkindim. Yəni bu, şərhsiz bir məktubdu - sevgi məktubudu.

Kim olursan ol, bu nöqtədə, bu məqamda sinəsi yazı masası olan Yusif Nəğməkarın fikrinə ancaq qoşula bilərsən. Və mən də bu fikrə qoşularaq onun məni istiqamətləndirdiyi məbədə doğru gedirəm. Bu yol dumandan sivrilir, dağdan, dərədən aşır. Amma adamı büdrətmir, adamı tıncıxdırmır, adamı həvəsdən salmır, adamı yormur. Əksinə, adamı böyük hərflərlə yazılan adam səviyyəsinə qaldırır... adamı daha da qanadlandırır, daha da həvəsləndirir. Və hətta Tanrı dərgahından üzüaşağı süzülüb gələn bir şüa kimi adamı öz aurasına alır... çəkir... çəkir və aparır adamı o məbədə doğru. Sən bir balaca hissə qapılıb büdrəmək istəyəndə o alışıb qoymur səni yıxılmağa. Çünki həsrətə qalib gəlmək gücündədir bu nəğmələr, bu poetik sözün gercək nəğmə çələngi, gül topası.

Niyə "yuxarı"ya meylini saldın?

Orda bilmirdinmi seyrəkdir hava?!

Qəm yükü altında uzalı qaldın;

Özü büdrəyənə nə dərman-dava?!

 

...Çəkdiyin naləni çəkdirən belə,

İllərlə oxutdu, "aman ayrılıq!".

Bir zaman susmuşdun, sözsüzdün elə,

Sənə dil açdırdı anan ayrılıq.

Bəli, bu şeirin hər misrasının öz yükü var. Sanki çəmənin müxtəlif çiçəklərinin hərəsini bir misrada təqdim edirsən. Amma şeir başa çatanda, o fərqli çiçəklərin düzümü gözünü, könlünü oxşayan çələngə çevrilir. Onu yazı masanın üstündən bir an da olsun kənara qoymaq istəmirsən, elə qoxlamaq, qoxlamaq keçir könlündən. Bunun bir səbəbi də odur ki, unutqanlıq bəlası var. Unudub sonra peşman olarsan. Sonrakı səcdə ürək yarasını bir az da göynədər. Bu şeirdə olduğu kimi:

Məni sənə aparan Mənə

baş əyə-əyə

öz-özümə

bu hiss nədir? - deyə-deyə

gözlərindəki kədərin

ziyarətinə gəlmişəm.

O kədər ki

kölgəsində doğulub,

işığında "ölmüşəm"...

O nur insafsızca

bir öldürmək şövqüdür;

Öldürür, öldürsün,

"Öləndən" sonrakı səcdə

Sevgidir...

Hə, bax elə bütün yaşanan da və şairin bizə yaşatdığı da sevginin ölümsüzlüyüdür. Sevgi həm də iki ruhun, iki ürəyin arasındakı məcazi mənada asma körpüdü. Və bizim hər birimiz həmin asma körpünün bir tağında dayanmışıq - həm ondan asılaraq, həm də onun dayaq nöqtəsini ürəyimiz edərək:

Arzularımıza baxanda

hələ körpəyik...

Sevincimiz, gülüşlərimiz

göz yaşıtək axar üzdən

İki qitəni birləşdirən

asma körpüyük,

Asılmışıq sevgimizdən.

Burda bir düşünmə nöqtəsi də çıxır qarşımıza. Düşünməyə bilmirik. Əgər ürəyimiz o sevginin dayaq nöqtəsi, pöhrə verdiyi yerdisə, həm də biz o dayaq nöqtəsi olan sevginin asma körpü olduğunu qəbul edib ona inamımızı, inancımızı etiraf ediriksə, onda niyə həsrətə boyun əyməliyik? Kədərə diz çökməliyik? Onda niyə tərəddüdün, şübhənin bizə yol tapmasına imkan verməliyik? Axı ən böyük güc sevgidir. Sevginin olduğu ünvan da gözəllikdi, məbəddi!

Eşqim Fərhad eşqi, susub-kirimiş -

Məəttəl qalmışam mübhəm agaha...

Bu acı həsrətin o Şirin imiş;

Məni şirinimdən ayırma daha...

 

... Səndən gözəlini tapmaq nə çətin?!.

"Tapdım"... üsyan elə, ya devir məni!..

Səndən də üstünmüş sənin həsrətin -

Səni sevdiyimdən çox sevir məni!..

Mən burda bir anlıq dayanıram və etiraf edirəm ki, Yusif Nəğməkarın Fərhad eşqinə qalib gələn həsrət eşqi bir tapıntıdı, bir özünəməxsusluqdu.

Sözün doğuluş və böyümə imkanlarını az-çox izləyən bir oxucu kimi mən Yusif Nəğməkarın sözünün nöqtə-vergülünə köynək-köynək yaxınlaşa-yaxınlaşa onu öz içimdə bir az gül dəstəsi kimi sərmək, ləçəklərinə toxunmaq və o güllərin, o ləçəklərin qoxusunu, pıçıltısını eşitmək istəyirəm. Buna dəlicəsinə ehtiyac duyuram. Çünki hər şeyi görmək mümkündür. Amma biri var gözlə, biri də var ürəklə. Üstəlik, görünənin ürək kölgəsini də görürsə, bu artıq poeziyadı, bu sözün əvvəldə dediyim doğuluşu və böyüməsidi.

Yerdə yer qoy izinə...

Hardan düşdün Ay, Yerə?!.

Gəldin ki, yer üzünə,

Həsət çəksin Ay Yerə?!.

 

Sorağın gəlmir dilə,

Nə var - əyan olmadı...

Sordum,

kölgəni belə

gördüm - deyən olmadı...

 

...Didəndə yaş yığına

dönüb yanım özümə...

Dur sevgim işığına,

Kölgən dəysin gözümə...

Elə mənim də içimdən gəlib keçən budu. Elə mən də Yusif Nəğməkara qoşulub Aya da, Yerə də, onun timsalında sevgini ifadə edən hər kəsə məhz Yusif Nəğməkar kimi demək istəyirəm ki, içindəki sevginlə məhz öz sevginin işığında dayan. Onda mən səni özün kimi kölgəni də görəcəm. Biləcəm ki:

Vuruldum, hamıtək sevmədim ancaq,

Onu Günəş bildim, onu Ay bildim.

Candan artıq sevib can dedim ancaq,

Dünyanın özünə elə tay bildim...

 

... Hanı ilk eşqinin nazını çəkən,

Odunu çəkənsə Nəğməkar oldu.

Birinci baharım son bahar ikən,

İkinci baharım ilk bahar oldu.

Burda bir anlıq da düşünmək lazım gəlir. Çünki deyilən fikir, yaşanan duyğular bir az yumşaq desək, "şair sözünə " bənzəyir, amma inanmaq istəmirsən. Elə ki, misraların axarına düşürsən və şeirin əvvəlindən axırına kimi ilk dəli sevdadan tutmuş yaşadığın hicrana, könül ağrılarına cavab almadığın suallara, ilıq nəfəsin hərarətinə hopursan, bax onda son baharın necə ilk bahara çevrildiyini, ikinci baharın birinci bahar qədər təravətli olduğunu qəbul edirsən. Və səni də onu qəbul etməyə inandıran, kökləyən bu məqamda həqiqi şair sözü olur. Axı o şair sənə həm də deyir:

Dil qabar, gözəl desən -

Eyni qədəm basmağın...

Təkrar olar gül - desəm,

Ən yeni söz - susmağın...

 

O da bir ömrə yetər -

İç səs, qəlb abdalıdır.

Mənim sözümdən betər,

sükutum sevdalıdır...

İnanın ki, bu misralara və bu şeirin bütün aurasına sevgi gözündən başqa ayrı nəzərlə, ayrı bir bucaq altında baxmaq mümkün deyil. Çünki şair sükutun özünün yeni söz olduğunu, sükutun özünün sevdanın əkizi olduğunu və hətta o əkiz olmaqla bahəm, həm də sevdalanmış olmağını da poetik bir dillə pıçıltı kimi söyləməsi şeirimizin də, şairimizin də bir az da ürəklə desək, hətta ədəbiyyatımızın da uğurudu. Bax, elə həmin uğurlar da bu kitabın, yəni sevgi məbədinin kərpicləridi, naxışlarıdı. O kərpiclər, o naxışlar ilmə kimi hörülür üst-üstə çevrilir bir Sevgi Xalçasına. Sən də bir oxucu olaraq əlini o xalçanın üzərində gəzdirirsən. Həmin toxunuşdan hiss edirsən ki:

Əlində ümidin sapı

Ütüb, üzmək istəyirsən?

Ürəyim - döydüyü qapı

Yetib əzmək istəyirsən?

 

...Bir vaxtlar uydun eşqimdən;

Heykəl də qoydun eşqimdən...

Canamı doydun eşqimdən -

İndi getmək istəyirsən?..

 

... Zar qəlbim sənə neyləyib?

Dərd bağrım başı teyləyib...

Sən məni əsir eyləyib,

Azad gəzmək istəyirsən?!.

Bir parçasını təqdim etdiyim bu şeirin söz düzümü o qədər rəvandı ki, sanki hər misradan sonra ifadə olunan ünvana bir pillə də yaxınlaşırsan, onun məziyyətlərini bir az da yaxından görüb duyursan. Və bir də onda ayılırsan ki, əsiri olduğun eşqin daşıyıcısı səni təkcə əsir götürməyib, o həm də səni özündə daşıyır. Çünki sənin əsirliyin onun azadlığının qarantıdı, təminatçısıdı. Və sən bunu həm sual, həm də təlaş formasında nəql etsən, özün də bilirsən ki, onun azadlığı səndə başlayıb, səndə bitir. Çünki onun adı Sevgidi! Və sən də bu sevgini şeirləşdirirsən, misralayırsan. Özünün də xəbərin olmadan həmin şeir də o sevginin ünvanına üz tutur. Məcbur olub etiraf edirsən.

Bilməsəm...

bilə bilmirəm -

Qəlbimdə əsən nəsə var...

Yanına gələ bilmirəm -

Yolumu kəsən nəsə var...

Sənə şeir göndərirəm.

 

... Durğun durğu işarəsi

Söz yox ki, sözgəlişimdir.

Qəlbimin etiraf səsi -

Şeirim də öz gəlişimdir...

Sənə şeir göndərirəm.

Mən Yusif Nəğməkarın göndərdiyi bu şeiri bir neçə dəfə oxudum. Oxuduqca da misraların fikir yükünün qatlarına endim. Hər qatda şeir göndərilənin bütün özəlliklərini şeyr etmək, anlamaq və bu vəsfə qoşulmaq imkanı qazandım...

Yusif Nəğməkar başdan-başa sevgiyə bələnmiş "Sevgi məbədi" kitabına lirik bir poema da daxil edib: "Güllər atılmasın...". Bu poemanı oxuduqca düşündüm ki, onu indiki şeir ovqatımın üstündə kökləməyim, yaralamayım. Çünki sevgi bitib-tükənmədiyi kimi, onun barəsində mövzular da bitib-tükənmir.

Bəli, Yusif Nəğməkarın "Sevgi məbədi" barəsində düşüncələrini kağıza köçürərkən mən onun keçdiyi poeziya yolunu, ədəbi arenadakı yerini təqdim etmədim, özü də bilərəkdən. Çünki Yusif Nəğməkar böyük Rəsul Rzanın xeyir-duası ilə, unudulmaz Bəxtiyar Vahabzadənin qayğısıyla və bir də neçə-neçə dəyərli ziyalılarımızın içdən gələn səmimi fikirlərilə ədəbiyyatımızda öz cığırını açıbdı. Öz orijinal poeziya yolunu müəyyən edib, üslubunu tapıbdır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!