Böyük ədəbiyyat, zaman və müvəqqətilik haqqında

Anarın seçilmiş nəsri Moskvada - "Roman-qazeta"da

 

"Roman-qazeta"nın baş redaktoru, tanınmış rus nasiri

Yuriy Kozlov L.Lavrovanın suallarını cavablandırır

1927-ci ildə A.M.Qorki tərəfindən yaradılmış "Roman-qazeta" Rusiyada ən məşhur, ən kütləvi bədii jurnaldır. Orada yerli ədəbiyyatın bütün əhəmiyyətli nəsr və qeyri-nəsr  əsərləri çap olunub və olunmaqdadır. "Roman-qazeta" - Rusiyada ayda iki dəfə çıxan yeganə ədəbi-bədii jurnaldır. Müxtəlif zamanlarda redaksiya heyətində Yuriy Bondarev, Semyon Borzunov, Sergey Zalıgin, Leonid Leonov, Yevgeniy Nosov, Pyotr Proskurin, Valentin Rasputin... kimi tanınmış yazıçılar işləyiblər. Burada Nobel mükafatı laureatı M.Şoloxovun "Sakit Don" romanı, Marina Svetayeva,  M.Koltsov, K.Simonov, Y.Bondarev, V.Nekrasov, V.Şukşin, V.Bıkov, Ç.Aytmatov, V.Rasputin, V.Belov, Rəsul Həmzətov, Y.Semyonov, Y.Nagibin, V.Pikul və A.Proxanovun, ukraynalı yazıçılar P.Zaqrebelnıy və O.Qonçar, belaruslu İvan Çiqrinov, latış Z.Skuin, moldovalı müəllif İ.Çobanın əsərləri işıq üzü görüb.

İndi isə "RQ"-da Anarın "Göz muncuğu" nəsr toplusu dərc olunub.

- Öncə icazə verin, Yuriy Vilyamoviç, sizi artıq xeyli rəğbət doğuran sonuncu "Yeni oğru" romanınıza görə N.S.Leskov adına Ümumrusiya "Məftun olmuş səyyah" ədəbi mükafatı almanız münasibətilə təbrik edim və dərhal suala keçim: əgər kütləvi istehlakçını nəzərə almayıb ciddi ədəbiyyatı, xüsusən, yaxın xarici ölkə yazarlarının kitablarını çap edirsə, naşir bu gün necə yaşayır?

- "Roman-qazeta"da biz yaradıcı və mədəni əlaqələri qorumağa çalışırıq, baxmayaraq ki, bu asan deyil. Bizdə artıq Elçinin nəsri çap olunub, indi Anarın seçilmiş əsərlərini çap etmişik. Rusiyada keçmiş İttifaq respublikalarının yazıçılarını çap edən azdır, deyirlər, artıq nə özümüzünkü kimidirlər, nə də əcnəbi... Paradoksal acınacaqlı vəziyyətdir. Ötən il biz vaxtilə böyük mübahisələr və ictimai rezonans doğuran "Az i Ya" kitabı bestseller olmuş Oljas Süleymenovu çap etdik. İndi qırx il sonra Oljas həmin fikirlərini inkişaf etdirib. Bu müzakirədə bəzi dəyərlər dəyişdi axı, Avrasiya Birliyi yarandı... Əminəm, rus oxucusunun tarixən bizə yaxın olan xalqların ədəbiyyatına tələbatı var. Biz hamımız bir çox dramatik dəyişikliklər və hadisələr yaşadıq! Buna görə də, bu dəyişikliklərin vaxtilə ortaq olan mədəni məkanımızda yazıçılar tərəfindən dərki və qiymətləndirilməsinə maraq var.  "Roman-qazeta", bütün qalın jurnallar kimi, çətin keçinir, dövlətdən, demək olar ki, heç bir dəstək yoxdur. Biz sadiq oxucularımızın abunəliyi hesabına dolanırıq, tirajın bir hissəsi Rusiya kitabxanalarına gedir, pərakəndə satışın payına isə çox nüsxə düşmür. Əsasən, yaxın vaxtların az qala ən nüfuzlu və hörmətli "Bədii ədəbiyyat" nəşriyyatının mağazasına. Lakin hazırda həmin nəşriyyat özəlləşdirildiyinə görə, mağazanı bağlayıblar və onun yerində restoran yaranıb. Doğrudur, bizim nəşrimizi Moskvanın iki ən iri kitab mağazasından - Arbatdakı "Biblio-Qlobus" və "Kitab evi"ndən də almaq olar.

Halbuki, vaxtilə "Roman-qazeta"nın tirajı 4 milyona çatırdı! Bizdə çap olunan yazıçı dərhal Böyük ədəbiyyata, ittifaqın geniş oxucu auditoriyasına, bir növ, vəsiqə alırdı. Respublikalardan olan müəlliflər də çox vaxt "Roman-qazeta" vasitəsilə məşhurlaşırdılar, onların əsərləri rus dilində yaxşı tərcümələrdə çıxır, sonra isə həm də dünyada şöhrət qazanırdı. Çox belə yazıçı adı çəkmək olar.

Bəli, biz vahid mədəniyyət məkanının ənənələrini qorumağa çalışırıq. İnsanların zehniyyəti yeni gələn mədəni təsislərə nisbətən daha ləng dəyişir, odur ki, ciddi ədəbiyyata tələbat hələ var. Üstəlik, əminəm, çətin ki, günümüzün ədəbi "avtoritet"ləri uzun müddət davam gətirə və mədəniyyət tarixinə düşə. Lakin çoxmillətli ədəbiyyatın, belə demək olarsa, "qızıl fondunu" təşkil edən adlar isə qalacaq. Biz onların əsərlərini çap edirik ki, Rusiyanın indiki gənc oxucuları bu müəllifləri tanısınlar. Yadda saxlasınlar ki, Anar, Çingiz Aytmatov, litvalı Yonas Avijyus, eston Yuhan Smuul, ukraynalı Pavlo Tıçina... kimi zirvələr olub və var. Təəssüf ki, onların əksəriyyəti, hətta öz vətənlərində belə, unudulublar...

"Yazıçı peşəsinin nüfuzu çox aşağı düşdü"

- Biz yeni qloballaşan dünyaya necə girəcəyik? Tarixsiz, keçmişsiz, vətəndaşlığı olmayanlar, milliyyətsiz köçərilərlə?

- Burada onu da deyim ki, yazıçı peşəsinin nüfuzu çox aşağı düşdü. Yazıçı marjinal fiqur oldu... Peşə reyestrinin rəsmi siyahısında belə bir peşə yoxdur - "yazıçı". Yazıçı təşkilatları öz aralarında əməkdaşlıq etmirlər. Bu isə o deməkdir ki, yazıçı ictimaiyyəti öz iddialarını dəqiq və sərt şəkildə ifadə edə bilmir, birləşib, deyək ki, dövlətdən yazıçı əməyinə lazım olan hörmətə nail ola bilmir.

Qalın jurnalların həyatı və "ölümü" haqqında

Son zamanlar yazıçıların rolunun dərki istiqamətində müəyyən irəliləmələr var. Bax, "qalın" jurnallar və onlara dəstəyin əhəmiyyətindən bəhs olunur. Başqa bir tərəfdən isə, bu jurnallar da dəyişilib. Əvvəllər onlar yeni istedadların yetişdiyi özünəməxsus yaradıcılıq laboratoriyası idilər, müxtəlif ideya istiqamətləri ilə seçilirdilər. Vaxtilə Belinski yazırdı ki, jurnal "istiqamətsiz" mövcud ola bilməz. Bəs bu gün jurnallar nəyi təmsil edir? Bir neçə adam sənətə olan sevgidən, inersiya ilə, hətta öz maddi təminatına zərər bahasına jurnalların mövcudluğuna dəstək olmağa davam edir. Təbii ki, jurnalların səsi eşidilmir, ictimai rezonans sıfır dərəcəsindədir. Qızğın yaradıcı mübahisələrin aparılacağı, fikirlərin toqquşduğu bir redaksiya heyəti yoxdur. İndi hər şeyi baş redaktor təkbaşına həll edir, məsləhətləşəcək kimsə yoxdur... Müəyyən yazıçı adlarından ibarət ierarxiyanı təşkil edən peşəkar ədəbi tənqid də mövcud deyil. İndi tənqid əsasən reklam funksiyasını yerinə yetirir. Kommersiya, qazanc rəylər və dəyərləndirmələrə təzyiq göstərir.

Həqiqi ədəbiyyat və nəşriyyat "mətbəxi" barədə

- Bəlkə, nəşriyyatlar istedadları kəşf etmək, yeni adları qiymətləndirmək funksiyasını öz üzərlərinə götürüblər?

- Əksər nəşriyyatlar qarşılarına kitab sahiblərinin gəlirindən artıq mənfəət əldə etmək vəzifəsini qoyurlar. Nəşriyyatlara oxucu zövqünün idarəsini ələ almaq, dəbi diktə etmək, bununla da ajiotajlı tələblərə cavab verə bilmək üçün iki-üç piar edilmiş ad vasitəsilə ictimai fikrin cazibəsini yaratmaq sərfəlidir. İndiki "təsadüfən" dəbdə olan yazıçılar nə ictimai rəyin lideri, nə də hansısa nüfuzlu mütəfəkkir ola bilərlər. Ədəbiyyat bu gün şou-biznes prinsipi ilə mövcuddur, bəs necədir orada? Kim ekranda, internetdə tez-tez parıldayırsa, bütün məlumat "küncləri"ndə kimin haqqında hay-küy yaranırsa, o da məşhurdur.

Bundan başqa, bugünkü gənclərə, onların tərcümeyi-hallarına baxırsan və görürsən ki, onlar arasında özünü ədəbiyyata həsr etmək istəyən olduqca azdır. Əsasən, hüquqşünaslar, menecerlər... gəlir. Onlar ədəbiyyata vəzifə kimi deyil, oyun kimi yanaşırlar. Fikirləşirlər ki, hə, bu zəri ataq, kazinodakı kimi və cek-potu qıraq. Amma məsələ ədəbiyyatdırsa, belə olmur axı. İndiki gənclərdə artıq təfəkkür başqadır, hər şey fərqli dəyərləndirilir: kitab uğurludur-uğurlu deyil, qazandım-qazanmadım... Odur ki, iki-üç kitab çıxarırlar və əgər onlara ödəniş etsələr, buna görə qəpik-quruş alırlar, bununla da onların yazıçı karyerası yekunlaşır. Onlar asanlıqla bu peşədən gedirlər. Seriallara ssenarilər yazırlar, reklam roliklərinə süjetlər, kimin qismətinə nə düşsə...

- Anar sizə nə ilə yaxındır, siz onun nəsrində nəyi vurğulamaq istərdiniz?

- Olduqca dərin yazıçıdır. Mənimçün onun dünyanı necə görməsi və zəmanəmizin ən mürəkkəb problemləri haqqında bugünkü xarakter və hadisələri də nəzərə alaraq daha geniş, zamansızlıq kontekstində bəhs etməsi önəmlidir. Xüsusən, "Ağ qoç, qara qoç"u, "Otel otağı"nı, "Qırmızı limuzin" və "Dantenin yubileyi" novellalarını qeyd etmək istəyirəm. Anar, mənim fikrimcə, əvvəlki, klassik ədəbiyyat anlayışına sahibdir. Qazandığı böyük həyat və yaradıcılıq potensialının köməyilə o, son illərdə baş verən hadisələri süzgəcdən keçirir, insanlar və münasibətlərin, bütövlükdə cəmiyyətin dəyişikliklərindən yazır... O mənə bax bununla son dərəcə maraqlıdır. Çünki siyasətçilərin nitqindən Qazaxıstan, Azərbaycan, Özbəkistan... kimi müstəqil ölkələrdə nə baş verdiyini çox vaxt anlamaq mümkün olmur. Anar kimi əzəmətli yaradıcı şəxsiyyətlər, humanizmə (vacib deyil yalnız Avropadan gəlsin), milli, Şərq humanist dəyərlərinə əsaslanaraq bu prosesləri bizə göstərirlər. Azərbaycanda unikal qədim mədəniyyət mövcuddur, bu torpaq məşhur maarifçiləri və böyük şairləri ilə tanınır. Türk dünyası, ümumiyyətlə, bəşəriyyətə çox şey verib. Bütün yaxşı ənənələr Anarın yaradıcılığında əks olunmaqla vaxtilə vahid ölkədə yaşamış xalqların içində yaşadığı gerçəkliyin problematikasını oxucu qarşısında açır.

- Rusiya ilə tarixi və mədəni əlaqələrin qayğı ilə qorunduğu, rus məktəblərinin fəaliyyətinin davam etdirildiyi, rus dilində qəzet və kitablar çap olunan, Slavyan Universitetinin yerləşdiyi, paytaxtının mərkəzində Puşkinə gözəl heykəl qoyulmuş... Azərbaycan oxucusu üçün bir neçə kəlmə deyin. Yeri gəlmişkən, Bakının qədim hissəsində bu yaxınlarda nəhəng və olduqca rahat təşkil edilmiş kitab mağazası - "Book Center" açılıb, bənzəri heç Moskvada da yoxdur! Orada Rusiyadan gətirilmiş xeyli maraqlı və ən yeni kitabları gördüm. Bu "Kitab evi"nə Anarın qızı, özü də maraqlı və istedadlı nasir olan Günel rəhbərlik edir, daha doğrusu, bizim mədəni əlaqələrimizin "ocağını" qoruyur. Ümid edək ki, sizin yeni romanınız "Yeni oğru" da oraya gedib çıxacaq...

- Mənim Azərbaycanda tanışlarım, o cümlədən, yazıçı, jurnalist tanışlarım az deyil. Onlar hamısı Bakının yeni siması barədə, gözəl yollar, bağlar, respublikanın davamlı olaraq yenilənməsi, modernləşməsi haqqında məftunluqla danışırlar. Azərbaycan paytaxtından telesüjetlər güclü təəssüratlar yaradır. Bu proseslər böyük sayğı doğrurur. Və əgər digər respublikaların nümayəndələrindən bəzən həyatın modernləşməsinin necə çətinliklə inkişaf etdiyi barədə eşidiriksə, azərbaycanlılardan mən bir dəfə də ölkənin inkişaf etməməsi, laqeyd vəziyyət haqda şikayət eşitməmişəm. Ümid edirəm ki, mənim yeni romanım Azərbaycan oxucusuna çatacaq, Bakının "Book Center"ində satılacaq. Əlbəttə, yazıçı onu narahat edən məsələlər haqqında yazır, lakin eyni zamanda, oxucunu düşünməyə vadar edəcəyinə də ümid edir. Axı hər kəs həyatı, ondakı hadisələri öz baxış bucağından görür. Yazıçı isə hər şeyi daha əhatəli görür və belə də olur ki, öz yaradıcı istedadının gücünə hələ cəmiyyətə bəlli olmayanı da aça bilir.                   

Müsahibəni apardı: L.Lavrova

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!