T.Mustafayinin ədəbi proses divanı - Tehran Əlişanoğlu

 

Bugün bizdə "Ədəbiyyat söhbətləri" geniş yayılmışdır və bu zaman çoxlarının heç yadına da gəlmir ki, ədəbi prosesə "ədəbiyyat söhbətləri"ni ilk daxil edən T.Mustafayi olmuşdur: "Ədəbiyyat söhbəti ədəbiyyat olan yerdə var, ya əksinə: ədəbiyyat söhbəti var isə, orda bəs ədəbiyyat var!" - manifestasiyası ilə. Müəllif özü bu qənaətdədir ki, "Ədəbiyyat söhbəti"ni ümumən yeni bir janr, esse tipi kimi məhz o ərsəyə gətirmişdir: "Mən janrı yaxşı bilirəm; və hətta həmişə o iddiadayam ki, məhz bu adla: Ədəbiyyat söhbəti ("ədəbi söhbət" yox ha!) - onu ədəbiyyatımıza mən gətirmiş, vaxtilə nə az, nə çox, yüz yazı yazmış (bax: "press-Fakt" qəzeti, 1995-1997) və elə ilk yazıdaca düsturunu vermişəm..." (Tənqid.net jurnalı, № 9, 2012, s. 37). Burada ədəbiyyat ətrafında, ədəbiyyatın cəmiyyətdə rezonansı haqqında olan ədəbi jurnalistika - "ədəbi söhbət"dən fərqli bir janrdan söz edilir. Bu, daha çox ədəbiyyat janrıdır, ədəbiyyatın içindən gələn, ədəbi prosesi ifadə edən ədəbi-tənqidi esseyə uyğundur...

T.Mustafayinin "Ədəbiyyat söhbəti"ndə müstəqillik dövrü ədəbiyyatının ilk gəlişmə çağlarını, 1990-cı illərdə böyük epoxal sınmalar içrə olan milli ədəbiyyatın iç durumunu təsəvvür və dərk etmək cəhdlərini görürük; müstəqilliyin gətirdiyi "ələmdən nəşəyə" abhavası ilə yanaşı, eyni zamanda total sınma prosesləri qarşısında həyəcan və narahatlıq notlarını da hiss edirik: necə etmək ki, əsrlərlə toplanmış ədəbi-nəzəri təcrübə və biliyi yeni əyyamlara ötürmək ola. Sanki "Ədəbiyyat söhbəti", uzun sovet dönəmində hardasa özünü qoruya bilmişsə də, hardasa da müstəqil gəlişmə mexanizmini yadırğamış, himayəyə, nəzarətə, ayrı-ayrı Adlara, İmzalara, Nüfuzlara sığınmış milli ədəbiyyat proseslərini "bərpa etmək", yaddaşına, özünə qaytarmaq qayğıları ilə alışıb-yanır. İddia böyükdür; əslində, bu, bütövlükdə müstəqilliyin gəlişdirməyə başlatdığı və gəlişdirdiyi ədəbiyyatın işidir; sadəcə T.Mustafayi "Ədəbiyyat söhbəti"ndə həmin proseslərə güzgü tutmağa iddialıdır.

T.Mustafayi söhbətlərdə çağın ədəbiyyatını iç-içə çevrələrlə çözməyə çalışır; hər çevrə bitdiyində, necə olursa, növbəti çevrəyə adlayır və zaman-zaman müəllif özü də söhbətlərin "konspekti", "metodolojisi", "mündəricəsi" vurğuları ilə bunu xülasə edir. Nəticədə T.Mustafayinin "Ədəbiyyat söhbəti" bugündən dünənə tədricən, çevrələrlə enib və eyni qaydada dünəndən bugünə cevrələrlə qayıtdıqca Azərbaycan ədəbiyyatının tarixi və bugününü sanki bütöv bir sıxılıb-açılan, sıxıldıqca açılan spiralvari inkişafda görür. Təbii ki, T.Mustafayi Azərbaycan ədəbiyyatından, milli ədəbiyyatın təşəkkülü, gəlişməsi və bugün mövqeyindən mətnlərlə: adlar, əsərlər, əsərlərin şərhi və təfsirində danışır. Və bu zaman mən "Ədəbiyyat söhbəti"ndə daha iki çevrəni iç-içə görürəm. Bir çevrə milli ədəbiyyatın təcrübə sırasını (tarixini) cızırsa, digəri nəzəri dərkini verməyə, eyni zamanda onu dəyərləndirməyə tuşlanır. Ümumən, T.Mustafayiyə görə, ədəbiyyatın praktikası və özünüdərki vahid bir prosesdir; ədəbiyyat məhz bu qatlar bir-birindən ayrıldıqda böhran keçirir, özünə-qayıdışa hacət duyur...

T.Mustafayi sonucda "Ədəbiyyat söhbəti"ni adı görklü Məhəmməd Füzulinin Qəzəl divanı üzərində köklədiyini bəyan edir. Müəllif bu fikrə tədricənmi gəlir, ya əvvəlindən, hər həftə oxucu ilə dialoqa girərkən "qəzəl de ki, məşhuri-dövran ola" tələbinimi hiss eləyir? Hər bir halda artıq birinci çevrədə T.Mustafayinin ədəbi prosesdə "Füzuli məqamı"na çıxdığı və üzərində düşündüyünü görürük. Bütövlükdə isə, görünür, T.Mustafayinin gəldiyi qənaət belədir ki: Azərbaycan ədəbiyyatı ümumən Füzuli kökü-zəmini-məxrəci üzərində dayanmaqda davam edir, "Mirzə Fətəli üsyanı" olsa-olsa, C.Cabbarlının dediyi təki, bu "tilsimi sındırmış", ondan beləsinə gələn milli ədəbiyyatımız isə həmin etiraz və etirafın çağdaşlıq mənzərələri, təzahürlərindən ibarətdir. Mən özlüyümdə bu məsələni belə başa düşdüm: necə ki, Məhəmməd Füzuli özünə-qədərki Məcnunluq epoxasını "yalan", "əfsanə" bəyan edib, oradan götürüb-gəldiyi enerjini, gücü, fəlsəfəni Yeni dövrə, zamana, o cümlədən Azərbaycan varlığına ötürə bilir, eləcə də Mirzə Fətəli-Mirzə Cəlil epoxası Məhəmməd Füzuli "minnəti"nin (F.Köçərlinin ifadəsidir) altında əzilmək istəməyib, ondan aldıqlarını çağdaşlığa ötürmək əzmindədir...

T.Mustafayinin "Ədəbiyyat söhbəti" milli ədəbiyyatın dekonstruksiyası cəhdidir. Daha gənc tədqiqatçılar 1990-cı illər ədəbiyyatımızda postmodern təzahürlər axtardıqda, bunu çox vaxt dəbə yozmuşdum. "Ədəbiyyat söhbəti" məni bu mövzuda bir daha düşündürdü. Çox sayda gizli və açıq ədəbiyyat sitatları da, hiper- və inter-tekstuallıq da, həyat və ədəbiyyat sitatlarının sərhədsiz yanaşdırılması və bəzən bir-birindən çox uzaq elmi və naşı-primitiv rakursları bir bütövə gətirmək səyləri də, ənənəyə və ənənəçiliyə müəyyən ironiya tərzi də və bütövlükdə söhbətlərin özünəxas sintetik, mürəkkəb, "süni üslubu" da həmin fikrə gəlməyə əsaslar verir. Müəllif özü dilinin anlaşılmaz, "quş dili" olması barədə iradlara mətbuatda dəfələrlə cavab vermiş, bunu mətləbinin dərinliyi və eyni zamanda "elmi traktat" əvəzinə "qəzet divanı" janrında yazması ilə əsaslandırmışdır. Doğrudan da, 1990-cı illərin mətbuat bumunda, oxucu ilə ünsiyyətin ən yaxın məsafəsini qəzetlər təyin edirdi və təsadüfi deyil ki, T.Mustafayi "Ədəbiyat söhbəti"ni o illərin mədəniyyət sahəsində ən populyar nəşrlərindən olan "Press-Fakt" qəzetində gerçəkləşdirmişdir. O zamanlar "qəzet köşələri"ni bugünün internet ünsiyyəti mənziləsində qəbul etsək, hardasa üslub sərbəstliyini də anlamaq olur.

1995-1997-ci illərdə az qala hər həftə oxucu ilə dialoqa girən T.Mustafayi daha sonrakı dövrlərdə də "Ədəbiyyat söhbəti"ni ədəbi prosesə təkrarən təklif etmiş, müəyyən rezonans doğurmuşdur da. 2003-də "Yeni Azərbaycan" qəzetinin "Ədəbiyyat" əlavəsində il boyu söhbətlərin birinci çevrəsi dərc olunmuşdur; hazırkı nəşrin haşiyələrində (snoskalarda) verilmiş şərhlər məhz o zamanın qeydləridir. Bütövlükdə "Ədəbiyyat söhbəti" şərhlərlə birgə 2006-2009-cu illərdə Tənqid.net portalına da yerləşdirilmiş, saytın fəaliyyətinin dayanması ilə dövriyyədən çıxmışdır. Sonuncu "söhbət"dən o da aydın olur ki, müəllif "Ədəbiyyat söhbəti"ni 1997-ci ildə tamamladıqdan sonra, dərhal kitablaşdırmaq istəmiş, çapına vəsait tapmamışdır. T.Mustafayinin "Ədəbiyyat söhbəti" kitab şəklində ilk dəfə çap olunur.

Əyanilik naminə, T.Mustafayinin "Ədəbiyyat söhbəti" ilə bağlı bir sıra etiraflarını, qeydlərini də yazıya əlavə etməyi lazım bilirəm.

T.Mustafayi bir obrazdır. Bunu mən yaratmışam. Necə ki, Məhəmməd Füzuli - Məcnunu, Migel de Saavedra Servantes - Don Kixotu.

Məqsəd nədir; guya T.Mustafayi dağılmış, dağınıq vəziyyətdə olan ədəbi prosesin strukturunu, layihə üzrə, kərpic-kərpic bərpa edəsiymiş. Yəni təkbaşınamı?

Bakı, Qaraçuxur, 05.04. 2003

Adım-soyadım haqqında

Bir gün üç yaşlı qızımdan adını soruşdular. Gözləmədiyimiz halda: Mustafay Maral Tehran qızı, - söylədi. "Ədəbiyyat söhbəti"nə imza toqquşdurarkən bu mənim gərəyim oldu. "-ov", "-yev" sonluqlarından elliklə imtina zamanı idi və mən əvvəlcə elə beləcə də "T.Mustafay" formasının üzərində dayanmaq istədim, yanlış-naxış məsəlini anaraq. Sonra fikirləşdim ki, bu qeyri-adi variant tamam yersiz olan əlavə qıcıq yaratmaqla oxucunun nəzərini yayındıra bilər. Dilimizdə tamamən mümkün "T.Mustafayi" məxrəcini seçməli oldum. Təsəllim də vardı; əski əlifba ilə (əlif-beylə) yazılışda bu ad hər iki variantda oxuna bilərdi.

Məqamlar çevrəsi

Əlbəttə, "Ədəbiyyat söhbəti"nin çevrələr, həm də bütöv bir spiralın çevrələri üzrə davam tapacağını mən az sonra anladım. İlk əvvəl ədəbiyyat durumunun az-çox dayandığı faktoloji müstəvini cızmağa çalışırdım. 13 yazıdan ibarət birinci çevrə belə yarandı. Say göstəricisini məzmun-mündəricənin özü diqtə edirdi. Sanki fırfıra effekti üzərindəydi: yazını hər dəfə konkret bir mövzu-məqama sıxır-kökləyir-fırlayır, əvəzində bütöv çevrələr dalğası alırdın... O da aydındır ki, hər yazı digərinə ayaq verirdi; söhbət bütöv bir sıradan gedir... Növbəti yazılar daha iki məqamı - "ədəbiyyat" anlayışının proses mənasını və gerçək ədəbi prosesdə konkret sənətçi mövqeyini diqqətə çəkir...

Bakı, Qaraçuxur, 21.03. 2003

T.Mustafayi və Ədəbiyyat söhbəti haqqında

T.Mustafayi mənim müstəqillik illəri ədəbi prosesində işlətdiyim ilk imzadır. Elə imza kimi də düşünülmüşdür. Ədəbiyyat söhbətini də məxsusi bir janr olaraq, ədəbi proses barəsində qəzet söhbəti, guşə yazısı kimi mən düşünmüşəm. Tanınmayan bir imza və ilk əvvəl diqqəti çəkməyən yazılar, düşündüyüm kimi də, milli ədəbi prosesə girməkdə mənim "troya atım" ola bildi...

18 mart 2006

Sayğılı oxucu!

100+1 yazıdan ibarət "Ədəbiyyat söhbəti"nin ardını sayta yerləşdirməkdə davam edirik. Vaxtilə: dili olduqca qəlizdir, - deyə təpki aldığından, 1996-1997-dən bəri söhbətlərin bu hissəsi təkrar dövriyyəyə gətirilməmişdir. Halbuki köşə yazıları, "qəzet divanı" kimi yazılsa da, konseptual səciyyə daşıyırdı. Burda qəlizlik nəzəri biliklərin oxucu ilə ardıcıl kontakt zamanı yaranmış məxsusi dil-üsluba sığışdırılmasından doğurdu; odur ki, söhbətlərin əvvəlində olmamış oxucu üçün bu dildən bəhrələnmək çətin olurdu. Sayğılı oxucu, mətnlərin bugün ikiqat ağırlıq törədəcəyini bilsəm də, əvvəlki mətnlərə istinad imkanları da ortada...      

27.08.2009

T.Mustafayinin "Ədəbiyyat söhbəti"ni çapa hazırlarkən, 25 il əvvəl qələmə alınmasına rəğmən, konseptuallığı və əlahiddə ədəbi-nəzəri enerjisi ilə hələ də təsirini itirmədiyini gördüm. Əminəm ki, elmi-ədəbi ictimaiyyət, filoloji dairələr, ədəbiyyat maraqlıları kitabdan zövq və fayda ala biləcəklər.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!