“Kitabi-Dədə Qorqud” Mədəniyyəti - Sərdar Amin

“Məndən sonra alp ozanlar söyləsin, alnıaçıq comərd ərənlər dinləsin"

Sərdar AMİN

Sözsüz ki, “Kitabi-Dədə Qorqud” türk dilində deyilmiş ən böyük söz, türk dilində qələmə alınmış ən canlı mətndir. Və bu belə də qalacaq. 
Fransız yazıçı, Martin Pajın sivilizasiya haqqında olduqca maraqlı və kifayət qədər radikal sayıla biləcək bir fikri var. O, düşünür ki, sivilizasiya təbii qanunauyğunluğun pozulması nəticəsində yaranıb. 
Yazıçı “Mən necə idiot oldum” romanında belə bir qənaətini bölüşür: Minillər öncə yaşamış sağlam mağara adamları qida toplamağa gedərkən uşaqlar mağarada qalaraq yaxınlarının nə zaman ovdan qayıdacağını və bəlkə qayıtdıqda onlar üçün bir tikə yemək gətirəcəyini ümidlə gözləyiblər. Bu zaman bekarçılıq və həsrətdən doğan qəribə hisslər onları hərəkətə gətirib. Bəziləri düşüncəsini mağaranın divarına həkk edib, bəziləri hisslərini maraqlı sözlərlə naxışlayıb dilində gəzdirib. Beləcə sivilizasiyanın, mədəniyyətin ilk qığılcımları bu insanların ifasında ərsəyə gəlib. 
Yazıçının fikrincə əgər bəşəriyyət qüsurlu fərd yaratmasaydı, hələ də pitekantroplar mərhələsində qalacaqdı. 
Təbii ki, olduqca mübahisəli iddiadır və bu düşüncənin reallıqdan daha çox orijinallıq xətrinə formalaşması daha ağılabatandır. Bununla yanaşı sözügedən iddia üzərində düşünməmək də olmur. Məsələn, bu gün də kreativ, istedadlı adamlar sosiallıqdan uzaq şəxslərdir. Onlar digər peşə sahibləri kimi şıq geyinməkdən, üzlərini mütəmadi qırxmaqdan, gündəlik sosial rituallardan uzaqdırlar. Onlara maddiyyat toplamaq, fiziki baxımdan var olmaqdansa, ruhaniyyata qapılmaq daha doğmadır. Kişili qadınlı bədən quruluşlarının ideal görünməsi üçün çox da çalışmaz, yaşlandıqca ilk baxışdan xəstə kimi görünməyə başlayarlar. Sanki, əcdadlarının qüsurlu olması onların genlərində özünü bu yöndən büruzə verməkdədir.
“Kitabi-Dədə Qorqud”u oxuduqca insanın türk dili bazasının müasir mədəniyyəti ifadə etməyə gücü çatmaması qənaətini gücləndirir. Dastanda belə bir qənaət formalaşır ki, türk dilinin yaranma tarixi daha çox bu toplumun tərəkəməçilik, köçərilik illərinə təsadüf etdiyindən bu dilin oturaq insanın yaratdığı mədəniyyəti - yəni müasir mədəniyyəti daşımaq imkanları məhduddur. 
Ancaq burada təəssüf ediləsi heçnə yoxdur, əsl düşünüləsi amil “oturaq yaşantnın qənaəti olan çağdaş sivilizasiya nə dərəcədə ali dəyərdir?” sualıdır. Böyük həqiqətdən hər gün bir az da uzaqlaşdığımız halda müasir gedişatın hər bir elementi kimi çağdaş mədəniyyətin, incəsənətin də ruhani qida olduğuna, bizi ülviləşdirdiyinə şübhə yaranır. Dadaizmin, hətta, dolayısı yolla postmodernizmin inkar etdiyi müasir mədəniyyətin problemini bəlkə də onun təməl prinsipindəki oturaqlıq ruhunda axtarmaq lazımdır. Təbii ki, heç nəyin əbədi olmadığı bu dünyada dayanıqlı nəsnələrə söykənən hər bir məhfum əsl həqiqətdən geri qalır. 
Hərçənd çağdaş sənətin ciddi nümayəndələri də klişeləşmiş incəsənət, ədəbiyyat ənənəsinin əksinə gedərək təhrif mədəniyyəti yırtmağa, təməl həqiqətə yaxınlaşmağa can atır. 
“Kitabi-Dədə Qorqud” türk dilinin ən az təhrif olunmuş - hərçənd bu abidənin də bizə çatmış demək olar ki, bütün nüsxələri xeyli təhrif olunub - təməl mətnlərindəndir. Və bu əsərin çox orijinal səyyar mədəniyyət ruhu var. Bu mədəniyyət dinamikliyi ilə və sufi ideologiyasına yaxınlığı ilə diqqət çəkir. Sanki toplum səyyar həyat keçirdiyindən, yaşadığı yerin müvəqqəti olduğunu yaxşı anlaması üzündən bu dünyanın gedərgiliyini də daha səmimi qəbul edib. Və bu məqam onun mədəniyyətinin təməl prinsipi kimi görünür.  
Türk dili oturaq insanın dili deyil, “Kitabi-Dədə Qorqud” oturaq təfəkkürün məhsulu deyil. Bu mətn özündə faniliyin enerjisini daşıyır. Bu enerji isə daha səmimi təməldir. 
“Əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı?  Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya”.