Unudulmazlar - Vaqif YUSİFLİ yazır

İkinci yazı

Abbas Abdulla, Ələkbər Salahzadə, İsa İsmayılzadə. Onların hər birinin müasir Azərbaycan poeziyasında öz dəst-xətti, heç kimə bənzəməyən orijinal şair fərdiyyəti vardı. "Vardı" deyirəm, var deməliyəm. Heç biri həyatda yoxdu. Abbas Abdulla keçən il vəfat edib, Ələkbər Salahzadə 2013-cü ildə dünyasını dəyişib, İsa İsmayılzadə isə daha tez - 1997-ci ildə. Amma son əlli-altmış ilin poeziyasını onlarsız təsəvvür etmək mümkün deyil. Sizin üçün maraqlı olar deyim ki, onların üçü də eyni ildə ADU-nun filologiya fakültəsinə daxil olmuş, bir ildə də (1963) universiteti bitirmişlər. Möhkəm dostluqları da elə tələbəlik illərindən başlayıb. Altmışıncı illərdən başlayaraq şeirimizə məlum şablonlardan, stereotiplərdən, köhnəlmiş bədii təsvir vasitələrindən tamam fərqli yeni, təravətli, novator meyilləri ilə seçilən poetik rənglər, naxışlar yarandı. Böyük şairimiz Rəsul Rza bu poetik nəfəslər sırasında İsanın da, Abbasın da, Ələkbərin də gəlişini alqışladı, onları ədəbi ictimaiyyətə tanıtdı, şeirlərindəki yeniliklərdən söz açdı. Bəzi haqsız tənqidlərə baxmayaraq, yetmişinci illərdə onlar müasir poeziyamızın istedadlı şairləri kimi etiraf olundular. Ədəbi talelərində də oxşarlıq vardı, Abbas və Ələkbər "Ulduz"da baş redaktor, İsa "Ədəbiyyat və incəsənət" qəzetində və "Azərbaycan" jurnalında redaktor müavini vəzifələrində çalışmışdılar. Sonra Abbas siyasətə qoşuldu, cəbhəçilərin hakimiyyəti dövründə Türkiyədə Azərbaycan Respublikasının Baş konsulu, Ələkbər "Ulduz"dan sonra "Qobustan"ın baş redaktoru seçildi. Sonra Abbas Vətənə qayıtdı, siyasətdən əl çəkdi, Yazıçılar Birliyində çalışdı.

Xatırlayıram Abbas Abdullanı.

Borçalıda

Bolnis-Kəpənəkçi kəndindən

Abdulla ağanın oğluyam,

Anam: Salatın xanım Daşdəmir qızı.

İyirmi səkkiz ildir Bakıdayam.

Bakıdan çıxıb yola:

Kiyevə getmişəm,

Sonra Moskvaya,

Sonra İstanbula.

İndi mənim üçün

Dünyanın hər yerinə yol

Bakıdan başlayır, -

O dünyaya da...

Dünyadakı bütün insanları sevirəm,

Məni sevməsələr də olar.

Abbas Abdulla çox ölkələr gəzib, amma Ukrayna və Türkiyə onun üçün daha doğma idi. Kiyevdə çoxlu dostları vardı. "Azərbaycan-Ukrayna ədəbi əlaqələri" mövzusunda monoqrafiya yazmışdı, Maksim Rılski adına ədəbi mükafata layiq görülmüşdü. Ukraynanın görkəmli şairi İvan Draç ən yaxın dostu idi. Abbasın Ukrayna poeziyasında etdiyi tərcümələr doqquz kitabda cəmləşib. Onu Ukraynada olduğu kimi, Türkiyədə də sevirdilər.

Mən onun yaradıcılığı haqqında geniş söz açmaq istəmirəm. Amma poeziyamızda Abbasın "Göy üzünə yazılmış şeirlər"i və "Borçalı bayatıları", həmçinin "Yurd yerindən gələn səslər" silsiləsi onun şair portretini, özünəməxsus fərdi üslubunu dolğunluğu ilə əks etdirir.

Bu dünyanın şəhərləri

Məni görmək dilərmi ola?

Evlərinə qonaq getsəm,

Tanıyarmı, bilərmi ola?

 

Göyə dayaqdı damları,

Çiçək açar badamları,

Mən ağlasam, adamları

Göz yaşımı silərmi ola?

Ukraynanın görkəmli şairi İvan Draç Abbasın Kiyevdə çıxan şeirlər kitabına "Ön söz"ündə yazmışdı: "O, hər şeydən əvvəl, öz doğma Azərbaycan poeziyasında maraqlı, orijinal şairdir. Mən onun doğma ədəbiyyatda yerini müəyyənləşdirmək üçün Azərbaycan poeziyasının müxtəlif zövqlü bilicilərindən soruşanda ki, Abbas Abdulla bir şair kimi nəyin-nəsidir, hamı əsasən bu fikrə ortaq olur ki, o, Azərbaycan Olimpinin çağdaş novatoru Rəsul Rzanın etibarlı davamçılarındandır... Mən həm də sevinirəm ki, onun səsində böyük türk Nazim Hikmətin mənə tanış intonasiyasını duyuram. Rəsul Rzanın böyük şöhrət qazanmış "Rənglər"inin çılğın, poetik ahəngi ilə yanaşı, Abbas Abdulla poeziyasında Şərq ənənələri və nazimləşmiş Qərb qoşa yaşayır".

Mən Ukrayna şairinin bu dəqiq xarakteristikasına heç nə əlavə etmək istəmirəm. Amma Abbas Abdullanın da sağlığında yazdığı bu etirafını dinləyək: "Səməd Vurğunun poeziyası mənim üçün ana südüdür. Rəsul Rza poeziyası isə havadır, sudur, çörəkdir. Körpəlikdə mayası ana südü ilə tutulmayan çocuğun cılız böyüyəcəyinə, sısqa olacağına şübhəm yoxdur: Havası, suyu çatmayan, çörək tapmayan böyüyün də yaşayacağına ümidim yoxdur!". Amma Abbas Abdulla təkcə bu iki şairi sevmirdi, o, Sabiri, Nazim Hikməti, Taras Şevçenkonu da öz ustadları sayırdı.

Hər şair öz doğulduğu diyarı vəsf edən şeirlər yazır, Abbasın dünyaya göz açdığı Borçalı haqqında da çoxlu şeirlər yazılıb. Amma Abbas Abdullanın "Borçalı bayatıları"ndan bir neçəsini misal gətirim və sözümü bitirim bu unudulmaz şair haqqında.

Bu qala Ortaçala,

Orta yurd orta çala.

Yar könlümün sazını

Götürüb orda çala.

 

Bu kənd Calaloğludu,

Bu yol Gümrü yoludu.

Dindirmə, qan ağlaram,

Ürək sözlə doludu.

 

Bu kənd Kəpənəkçidi,

Girmə, bağlar içidi.

Bura babam məskəni,

Özgələri nəçidi?!

Xatırlayıram İsa İsmayılzadəni. On səkkiz il bir yerdə - "Azərbaycan" jurnalında çalışmışıq. Əvvəl-əvvəl bir-birimizə isinişə bilmirdik, sonra hər şey yoluna düşdü. İsa İsmayılzadə çox ciddi və tələbkar adam idi, yanından zəif şeir, nəsr əsəri, ya məqalə keçirmək mümkün deyildi. Mən ondan yazıları necə redaktə etməyi qaydalarını öyrəndim, redaktə işində misilsiz idi.

İsa altmışıncı illərin "mübahisəli" şairlərindən idi. Onun "Yağış gölməçəsi" şeirini mücərrəd, anlaşılmaz, guya ədəbi ənənələrə zidd bir şeir hesab edənlər vardı. İsa o şeirdə yağışın yağmasını, bu yağışdan yaranan gölməçələri təsvir etmişdi, amma necə?

Yağdı, tala-tala gölməçə yağdı,

göylərin dəlisov ilhamı yağdı,

sərçələrin soyuq "hamamı" yağdı.

Yağış gölməçəsi buludla doldu,

Günəşlə,

payızla

sükutla doldu.

Həmin bu şeirə etiraz edən, onu ənənəyə zidd hesab edən Məmməd Rahim sonralar İsanın müharibə haqqında yazdığı bir şeiri o ki var təriflədi, o şeir haqqında ayrıca məqalə yazdı:

Getdilər, getdilər Berlinə sarı,

getdilər, getdilər ölümə sarı.

Güllələr demədi: geri qayıdın.

Lülələr demədi: geri qayıdın,

qəlpələr demədi: geri qayıdın,

hələ uşaqsınız, nə yaşınız var.

İllər keçdi, İsa İsmayılzadənin poeziyası öz həqiqi qiymətini aldı. Xalq şairləri Rəsul Rza və Məmməd Araz, şörkəmli şair Əliağa Kürçaylı, tənqidçi Yaşar Qarayev İsanın poeziyasını orijinal nöqtələrlə vurğuladılar. Əliağa Kürçaylı yazırdı: "Şair var ki, imzasını görən kimi ürəyindən bu hisslər keçir: "Oxumamaq da olar. Təzə nə deyəcək ki? Elə şairlər də var ki, onların imzasıyla rastlaşanda hökmən nə isə yeni fikirlə, eşitmədiyin, görmədiyin bir aləmlə, poetik bir kəşflə rastlaşırsan. Mənim fikrimcə, İsa İsmayılzadə ikincilərdən - poeziya silahını hədəfsiz tuşlamayan şairlərdəndir".

Mən İsa İsmayılzadənin "Özgə oğullara inanma, Vətən", "Gözü açıq yatan dəniz", "Keçim Qarayazı düzənliyindən", "Oyuncaqsız uşaqlığım", "Ulduzların ad günü", bayaq adını çəkdiyim "Yağış gölməçəsi", "1941", "Güllələr demədi", "Orqan konserti", "Mən bir termos şüşəsiyəm" şeirləri, "İçərişəhər", "Heykəl Nəsiminin monoloqları", "1937", "Böyüdülmüş şəkillər", "Haran ağrıyır, Vətən" poemaları haqqında bir neçə məqaləmdə söz açmışam, bu şeirlərin və poemaların hər biri İsa İsmayılzadənin adi şair yox, novator, yenilikçi şair olduğunu sübut edir. Elə bir şeirini tapmazsınız ki, orada tamam yeni təşbihlə, metafora ilə qarşılaşmayasan. İsa yağışın, buludun, payızın, dumanın, çölün, ümumiyyətlə, təbiətin təsvirində elə poetik rənglər tapırdı ki...

Qarabağ savaşı başlanandan sonra İsanın üzü gülmürdü. O, hər gün Qarabağ dərdi ilə yaşayırdı. Ölümündən üç il öncə "Haran ağrıyır, Vətən" poemasını ürək ağrısıyla yazmışdı.

Özü boyda göz yaşıdı Qarabağ,

Dərdimizin başdaşıdı Qarabağ.

Mən İsa İsmayılzadə haqqında bu söhbətimi onun sağlığında, özü də ölümündən neçə il əvvəl yazdığı bir şeirin aşağıdakı misraları ilə bitirmək istəyirəm:

Bu dünyaya bir də qayıtmağım var,

Qəbrimin üstündə bitən gülləri,

Uyumuş,

soyumuş torpağı-daşı,

Ölüm sükutundan oyatmağım var.

Nəsə ürəyimə damıb, bilirəm -

Bəlkə də yüz ildən, min ildən sonra,

Milyon ildən sonra - nə bilmək olar -

Nə vaxtsa dönəcək ömrün illəri.

Amma İsa qayıtmadı. Özü öldü, şeirlərisə ölmədi.

Xatırlayıram Ələkbər Salahzadəni. İsa İsmayılzadədən sonra ən çox ünsiyyətdə olduğum, demək olar ki, hər iş günündə rastlaşdığım, hal-əhval tutduğum, hətta oturub bir yerdə duz-çörək kəsdiyim Ələkbər Salahzadə olub. Əvvəl "Ulduz"da, sonra "Qobustan"da baş redaktor idi, otaqlarımız yanaşıydı. Şeirlərindən fərqli olaraq Ələkbər Salahzadə qeyri-adi adam deyildi. Sakit davranışı vardı, çox mədəni idi, çalışırdı bir kimsə ilə mübahisə etməsin, çox vaxt iclaslardan, tədbirlərdən qaçırdı, yetmiş yaşı olanda televiziyaya, radioya müsahibə vermək istəmirdi, hətta mənə də qadağan etdi ki, onun haqqında məqalə yazmayım (amma yazdım, "Ədəbiyyat qəzeti"ndə çap olundu, məqalə xoşuna gəldiyindən məni "cəzalandırmadı").

Ələkbər Salahzadənin ilk şeirlər kitabı-"Beş yarpaq" - 1968-ci ildə "Gənclik" nəşriyyatında çapdan çıxdı. Mən onda tələbə idim, həmin kitabı da mağazadan aldım, indi də saxlayıram və mən deyərdim ki, "Beş yarpaq" Ələkbərin o illərdə bütün sonrakı kitabları üçün bir poetik manifest oldu. Bu kitabdakı şeirlərin heç biri köhnələn deyil. Həmin kitabda partiyaya, Leninə aid bircə şeir belə yox idi. Onu nəşriyyatdan məcbur da elədilər bu mövzularda nəsə yazsın (qayda belə idi), o yazmadı.

Anar yetmişinci illərin əvvəllərində "Ulduz" jurnalında çap etdirdiyi bir məqaləsində üç gənc şairdən - İsa İsmayılzadənin, Ələkbər Salahzadənin və Səyavuş Sərxanlının şeirlərindən söz açmışdı və yazmışdı ki, "...əgər mən bu üç şairin poetik üslubunu, yaradıcılıq yönünü bir sözlə ifadə etməli olsaydım, deyərdim ki, Ələkbər Salahzadə şeiri qurur, İsa İsmayılzadə rəsm edir, Səyavuş Sərxanlı oxuyur, deklomasiya edir".

Doğrudan da, Ələkbərin şeirlərində "qurmaq", İsanın şeirlərində "rəsm etmək" bir yaradıcılıq manevri, yönü kimi düzgün müəyyənləşdirilmişdir.

Ələkbər Salahzadənin o kitabdakı "Səttar Bəhlulzadə" şeirinə diqqət yetirək:

Bir az

Məcnuna bənzər

gündoğandan günbatana...

Əllərinə yığışar

quşlar, çiçəklər;

Rəssamlar götürüb təbiətdən 

rəng-rəng, çilik-çilik

daşıyarlar kətana,

gündoğandan günbatana.

Diqqət edin, bu şeir Azərbaycan poeziyasında bu gün üçün o qədər də yeni deyil, amma poeziyamızın altmışıncı illərdən düzgün bir istiqamət götürməsində, şeirimizin yeni bir üslubi istiqamətə yönəlməsində bu tipli nümunələrin böyük rolu olmuşdur. Şeirdə Səttar Bəhlulzadənin təbiət mənzərələrindən alınan təəssüratlar, rəssamın yaratdığı rənglər dünyasının özünəməxsusluğu şeirin özünün bir tablo kimi qavranılmasına imkan verir. Burda da rəsm işi var, sözlər, ifadələr də, sanki rənglənib.

Ağ bir zanbaq kimi açıldı səhər!

Şəfəqlə suladı

susəpən kimi

günəş zanbaq.

Qızlar xəbər tutmadılar

zanbaq səhərdən;

yoxsa ayaqlarını

dirəyib bir başmağa

oğlanları

salardılar dağa-daşa.

Məncə, bu misralar Ələkbərin şeiri necə qurmağın, həm də təbiəti və insan hisslərini poeziyaya çevirməyin ən parlaq və kamil nümunəsidir.

Ə.Salahzadənin şeirlərini "fikir poeziyası" nümunələri hesab edib mahiyyətə varmadan emosiyasız şeirlər kimi də qələmə veriblər. Guya bu şeirlər yavan-yalxı fikirlərdən, quru, ritorik mühakimələrdən yaranıb və obrazlılıqdan məhrumdur. Amma bir həqiqət unudulur ki, Ələkbərin "fikir poeziyası" adı ilə pislənən şeirlərinin əksəriyyəti, əslində, emosional, ekspressiv şeirlərdir. Lakin emosionallıq bu şeirlərdə hisslərin coşub-daşması kimi düşünülmür, fikrin, mühakimənin emosionallığıdır.

Müasir Azərbaycan poeziyasında bəlkə də Ə.Salahzadə qədər alliterasiyalardan istifadə edən ikinci bir şair tanımıram. Məsələn, o, "Xocalı xəcilləri" poemasının ilk 42 misrasını "X" hərfi ilə başlayır və bu "x"lar xışmalanan Xocalının Xatın və Xirosima faciələri ilə paralellik assosiasiyasını yaradır.

Çox söz deyə bilərəm Ələkbər Salahzadənin şeirləri, poemaları barədə. Amma bu heç vaxt unuda bilmədiyim şair haqqında sözümü burada bitirirəm.

Ruhları şad olsun Abbas Abdullanın da, İsa İsmayılzadənin də, Ələkbər Salahzadənin də...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!