Poeziya ruhi həyəcanların təzahürüdür... - Allahverdi Eminov yazır

Adil Cəmilin yeni şeirləri haqqında

 

Mən bir oxucu kimi daima poeziyaya minnətdar olmuşam, gərgin halıma məlhəm olmuşdur, içərimi təmizləmişdir, yüngülləşdirmişdir, poetik zövqümü tərbiyə etmişdir, etirafı gizlətməyə nə halım! Görünür, gənclik illərimdən Bakı mühitində ətrafımda Tofiq Abdin, Abbas Abdulla, Oqtay Şamil, Ələkbər Salahzadə, İsa İsmayılzadə, Seyran Səxavət, Mövlud, Əfrayıl Məhərrəm, Ramiz Məmmədzadə və başqaları olmuşlar. Sonrakı nəsildə Vahid Əziz, Ramiz Rövşən, Səyavuş Sərxanlı, Məmməd Aslan, Musa Yaqub və digərlərinin şeirlərini oxumuşam, fikir mübadiləsindən çəkinməmişik. XXI əsrin bəxtinə isə Adil Cəmil, Vaqif Bəhmənli, Ağacəfər Həsənli, Elşad Səfərli, Alış Kamal, Ramiz Qusarçaylı, Əbülfəz Naxçıvanlı, Əbülfət Mədətoğlu, İslam Sadıq... düşdü. Hər üç nəsil üçün qürurlanıram. Bunlar və unutduqlarım bir şeirin belə məsuliyyətini duymağı bacarmışlar. Mən isə belə bir şeir səltənətində onların poeziyası haqqında onlarca məqalə və monoqrafiyalar yazmışam... Lakin məqsədim keçmişi və indini xoş ovqatla qarşılamaq deyil, mənimçün əlçatmazdır - yox. Reallığa qalsa, "son nəsil" nümayəndələrilə müntəzəm görüşürəm, poeziya ətrafında söhbətlərimiz baş tutur, nə yaxşı iddiasızdılar bu istedadlar. Lakin onlar özlərini dərk edirlər, seyr etmirlər, öhdələrinə düşəni yerinə yetirirlər, yüksək zövqlüdürlər, düşünməyi bacarırlar, insanlarla yola gedirlər, iradları qəbul edirlər, haqsızlığa tabları çatır. Poeziyada xüsusilə miyanəçiliyə güzəştə getmirlər, nə edəsən ki, cızma-qara misraların müəllifləri göbələksayağı çoxalırlar.

Mən illər boyu bəzi şairlərimizin belə bir intəhasız ömrü yaşadıqlarını izləmiş, idrak etmiş, haqqında yazmağa üstünlük vermişəm. Bunlardan biri də "Sözün Adil Cəmili" olan elə Adil Cəmildir. Şəxsiyyətiylə poeziyası üst-üstə düşən, bir-birini tamamlayan istedadlı şair haqqında monoqrafiyamın üstündən beş ildən bir qədər çox zaman kəsiyi adlamışdır. O prosesdə mən bir sualın cavabında idim: Şeirin həqiqət axtarışında. Özümü oda-közə vurdum, hətta proqnozlarımı işə saldım və qənaətim o oldu ki, poeziya dərddir, həzz aşılamaq ikinci vəzifəsidir. Atasının və anasının yoxluğuna bir neçə şeir həsr edən Adil Cəmil dərd-kədəri necə üstündən kənarlaşdırsın? Ata itkisi, başdan ürəyəcən dərd deyilmi?

Məni ovundurar göz yaşı çətin,

Xəyalım yolundan yığışmır, ata.

O qədər böyükdür sənin həsrətin

Gözümün yaşına sığışmır, ata.

Belə bir ekskursu özüm üçün təbii sayıram və yaradıcılıq psixologiyasında əsas amil hesab edirəm. Adil Cəmil şeirinə gələndə onun poeziyasına cüzi işıq salmamışam ki, unudum, xeyr - belə düşünməmişəm. Ona görə ki, Adil Cəmil poeziyaya məğlub olmayan şairdir, şeir isə mübarizə meydanıdır, ilham (istedad) bu meydanda top atəşindən də qat-qat güclüdür, necə ki, tarixdə bəllidir: Avstriyanın baş komandanı Melas Fransa imperatoruna necə acınacaqlı məğlub olmuşdu, hər ikisi üzbəüzdə!

Adil Cəmilin poetik qələbəsi onun təfəkkürlə emosiya (hiss) arasındakı sıx münasibəti tərs mütənasib etməməsidir, didişməyə imkan verməməsidir. Qalib gəlsə də, bu, üsyankarlığın hesabına olmamışdır, hissiyyat, hissiyyatın arxasınca getmişdir. Şairlər heç vaxt bədbin şeirlər yazmağa köklənməmişlər, kədəri içlərində yaşamışlar, amma dərin itki - ölüm ruhu tamam dəyişdirir, bu halətdə emosiya irəli keçir, streslə də nəticələnə bilir.

Şairin son şeirlərinin "dayaq nöqtəsi" bir arzuolunmaz vaqeədən yarandı, yaradıcı təxəyyüllü oğul itkisindən sonra. Bu hadisə valideynlərinin ölümündən sonra ən ağır zərbədir, şair üçün poeziyasını ağ kəfənə bükməkdir, bunu oxucusu da yaşamaqda acizdir. Vaxtilə bu hissi bəyan eləmişdi:

Mənim kimi dərdli olsan

Bilərsən ki, nə var, nə yox

- demişdi, içində bir nikbinlik görmüşdü; heç kəs dünyanı tutub yaşamır, yaşa dolur. Lakin cavan oğul itirmək müsibəti faciədir və baş qoyduğu torpağı qurumamış "Ruhum yanır" şeirini yazdırdı. Mən yaxından tanıdığım, tez-tez görüşdüyüm, oğlunun yaşaması ümidini itirməyən bir atanın nələr çəkdiyini gördüm. Belə halda təsəlli də gücsüzdür. Şeirə Adilin verdiyi poetik epiqraf ümidsizlikdirmi, təsəllidirmi, yoxsa ölümlə razılaşmaqdırmı? Cavab verməkdə çətinlik çəkirəm. Sualı nə yaxşı cavablandırmır:

Öncə yurdumu itirdim,

Sonra atamı,

Sonra anamı...

Hələ ölməmişdi içimdəki

Yaşamaq inamı.

İndi də oğlumu itirdim -

Yeganə oğlumu.

Siz deyin, bundan sonra

Yaşamaq doğrumu?

Yaşamağa dəyər, axı, ölümdə bəd şey yoxdur, ona görə ki, onun varlığını kimsə hiss etmir, bircə mütləqliyinə inanır. Ölməmək üçün ilahiyə yalvarmağa dəyməz. Qədim yunan filosofu Epikür (e.ə. 342-271) yazmışdır ki, əgər Allah insanların yalvarışlarına qulaq assa idi, onda adamlar çoxdan ölüb qurtarmışdılar. Adil Cəmil savadlı olmaqla yanaşı, alimdir və yaşamağın və ölümün fəlsəfəsini idrak etdiyi üçün bu sualı (yaşamaq doğrumu) qoymuşdur. Və anladı ki, mövcud həyatda insan xislətində yaşamaq elə də asan olmur, üstəgəl yeganə oğlunu itirəsən. Məşhur Frans Kafka yazmışdır ki, yaşamağın yolu yerdən bir qarış yuxarıda dayanan gərgin kəndirə bənzəyir, ancaq bu kəndir üstündə yeriyə bilmək üçün deyil, yıxılıb pis günə düşmək üçündür. Kafka yorucu, gözlənilməz gərdişlərə istər-istəməz dözürdü, ancaq içindəki fikirlər, ideyalar onu masa arxasına çəkirdi. Bu müqayisə üçün mən ifrata varmıram, Kafkanı da öz yaradıcı istedadlarımızdan üstün tutmuram. Adil Cəmil heç də ondan az həyatı, ağır itkini yaşamır:

Neyləmişdim, sən mənim bu yaşımda

Gözlərimdə yaşa döndün, ay oğul?!

Daha gəlməz allı-güllü baharım,

Ürəyimdə qışa döndün, ay oğul.

 

İndən belə ağlamağın nəfi nə?!

Əcəl varsa, bu həyatın kefi nə?

Qapısından tək çıxdığın evinə

Tabutunla qoşa döndün, ay oğul.

Misralara tab gətirmək ağırdır, nə edək? - Sual içimdən gəldi və antik filosof Siseronun (e.ə. 106-43) kəlamlarını xatırladım, müdrik tövsiyə edir, həyatın bütün əngilliklərinə və çətinliklərinə sinə gərib ideal vətəndaş olmağa, insanları Vətən uğrunda hünər göstərməyə, bir-biriylə yarışmağa çağırırdı... Demək, ata Adil Cəmil bir də ona görə yaşamalıdır - Vətənə və ailəyə lazımdır, poeziyamıza gərəklidir və bundan sonra da istedadla, ilhamla yazmağa məhkumdur. Hərçənd, şairlərə təkan verən amillər az deyil: kədər və sevinc, vüsal və həsrət... Bunlar şair(lər) üçün gözləniləndir, gərək onlara hazır olasan. Necə ki:

Ruhum yanır yanan canın içində,

Qəlbim dərdin, bağrım qanın içində.

Əlimizdən bircə anın içində

Uçub gedən quşa döndün, ay oğul.

 

Mən Adiləm, bulaq kimi çağlaram,

Fəryadımla dağları da dağlaram.

Qara daşa "Orxan" deyib ağlaram,

Niyə belə daşa döndün, ay oğul?!

İnsan itkisində, onun əbədi yoxluğunu yaşamada iynənin ucu qədər də olsa nikbinlik çəkilməməlidir, təbiətin qanunları ilə yaşamaq gərəkdir; əgər insan təbiətlə həmahəngdirsə, hesab edirəm o, xoşbəxtliyini əldən qaçırmamışdır, bu vəziyyət o halda mümkündür - o insan sağlam düşüncə sahibidir, ruhən iradəli və mərddir, alicənabdır, dözümlüdür, yaradıcılıqdan ayrılmamışdır. Bu, o demək deyil o, taleyin oyununa laqeyddir. Bir də insan səadəti üçün yaşayır, bu isə təbiətin çağırışına səs verməkdir. Həqiqətənmi, ağır itki səadət doğurur? - Xeyr, bu cür fikrə gəlmək yersizdir, lakin "səadəti"n yerini tapmaq lazım gəlir, bu, yaradıcılıqda, xüsusən poeziyada "gizlənmişdir". Vaxtilə yazmışdım: "Səadət yaradıcılıqdır" - sözümün üstündə dayanıram! Unutmayaq ki, bu proses - nəzəriyyə nə qədər həyati və ustalıqla şərh olunsa da, şair (yaxud yazıçı) öz açıqlamasını söyləyə bilməz, çünki hansı ovqatla qarşılaşmışdır, səbəblərdən ümdəsi narahat anlardan, incə (kədər də istisna deyil) duyğulardan doğur, daha çox şairin emosional gərginliyini əks etdirir. Demək, şair səbəbsiz şeir yaza bilməz, poetik ovqatının təsirinə isə düşər. Ona görə ki, baş vermiş hadisədən - itkidən sonra nikbin motiv dəyişir. Mən bu yozumumu Adil Cəmilin ötən il qələmə gələn (intuisiya istisnalıq yaratmır) şeirlərində hiss etdim: "Dərdim", "Bizim yerimizə utanır dağlar", "Bu ayrılıq". Bu poetik nümunələrin yükü "dərddir", bu, təbii ki, şairin üslubuna da təsir göstərir. Xüsusi bədii zövqə aşina olan şair(lər) həyatın hər bir görümündə gözəllik, lətafət duydusa, sonuncu əhval-ruhiyyəli ağır kədərin, dərdin köləsidir, hətta şeirlərinə bədii boya verməyi, estetikliyə meyilliliyi gözləmir, çünki içindəki dərd hələ ölməmişdir, diridir, yaradıcı təfəkkür intuitiv hisslə "danışır", intellektuallıqla yox. "Dərdim"də oğul itkisinə məruz qalan şair - müəllif, hətta dərd əlindən harayasa getdiyini gizlətmir, buna el içində "baş götürüb getmək" də deyilir, bəlkə yüngülləşə. Amma:

Başımı götürüb hayana getdim,

Məndən irəlidə yeridi dərdim.

Çəkiyə gəlməyən ağırlığı var,

Çəkilməz dərdlərin biridi dərdim.

Adil Cəmil "dərd" məfhumunun obrazını yaradır, şəxsləndirir, amma bu, şairə yüngüllük, doyumluq gətirmir, əksinə, kabus rolunda çıxış edir. Mən deyərdim ki, bədii informasiya da deyil, "emosional fərasətə" qapı açır, yalnız daxili - psixoloji rezenans rolunu oynayır və bu oyanma, qıcıqlanma şeirin yazılması gedişinə təsir göstərir, şairi etiraf etmək məcburiyyətinə gətirir:

Əkdiyim əkindən, biçindən yedi,

Doymadı, bağrımın içindən yedi.

Qalan taqətimdən, gücümdən yedi -

Dərdlərin təzəsi, təridi dərdim.

 

Daha Adil Cəmil dirənib küncə,

Kimsə çəkdiyimi çəkməyir məncə.

Belimdə şələ var vallah ölüncə -

Necə ki, diriyəm, diridi dərdim.

Bəli, dərd ölmür, ondan qaçana gəlir. Dözüm dərdi yüngülləşdirir, dərd insanı ağıllı olmağa çağırır. Adil Cəmil baş vermiş hadisənin ruhi ovqatından çıxa bilməmişdir, bu, ondan asılı olmayan, ürəyinə və təxəyyülünə daxil olan informasiyadır ki, dərdin dairəsindən çıxa bilmir, mənbənin analizini düşünür. Məsələn, doğulduğu Kəlbəcərin yad əllərə keçməsini belə xatırlayır, yəni dərdi fərdiləşdirmir, bəşəriləşdirir. Neçə illər qabaq (mart, 1993) Kəlbəcər son azad günlərini yaşayanda şair Tərtərlə üzbəüz qalmışdı: "Qan çəkən gözlərilə Tərtərə baxırdı, Tərtər də ona".

Suları qırmızıydı -

Qanlı axırdı Tərtər.

Sahildə görünmürdü

Qarmaq atan barmaqlar

Balıqlar üzürdülər

Çənəsində qarmaqlar...

Yosunlara ilişib

Tövşüyürdü farellər.

Bu misralar, əlbəttə, öz təsirində o hissi yaradıbdır ki, şairi uşaqlığına qaytarmışdı, amma bu olmuşlar heç də xoş deyil: azad gəzən balıqlar qarmaqlara ilişib qurbana çevrilirlər, necə ki, indi Kəlbəcər o balıqların taleyini yaşayır. Bu torpaqlar "mərmilər atəşində qovurğatək qovrulurlar". Balığın yuvası olmur, yaddaşı da iki-üç saniyəlikdir. Adilin isə kəndi-kəsəyi hafizəsindədir... "tüstüsü ərşə çıxan, külü göyə sovrulan kəndimə uzaq idim" - pıçıldamır, elləri harayına səsləyir: "Leyləklərin, qaranquşların isə yuvaları dağılmışdır, ağaclar ütülmüşdür, puçurlarını qurğuşun əvəzləmişdir - Poetik assosiasiya budur poeziyada, amma intuisiya deyil, real hadisələrin inikasıdır. Bu şeirdə instinktiv hisslərə ehtiyac qalmır, bunu şeirin yazılma tarixi (25.04.2019) də göstərir.

Adil Cəmilin böyüklüyü, geniş qəlbi və vətənpərvərliyi məhdud dairədə qapılıb qalmır, qloballaşır, qələmi cibindən çıxarmadan necə dözə bilər? Təbiət günahkardımı? Sual versən təbiətə, görəsən, cavab necə olar. Mən də soruşmaq iqtidarında deyiləm, imkanım yunan filosofu Platinə üz tutmaq oldu: "Əgər kimsə təbiətdən soruşsa, o, nəyin xatirinə yaradır, təbiət cavab verərdi ki, məndən soruşmaq lazım deyil, hər şeyi səssiz-səmirsizlikdə özün etməlisən, necə ki, mən daima susub danışmamağa vərdiş etmişəm". Şair Adil Cəmilsə "Bu ayrılıq"la susmaq istəmədi, dərdini də gizlətmədi:

Ayım getdi, ilim gəldi,

Daşqın oldu, selim gəldi.

Qəm qəlbimə gəlin gəldi -

Fələk toy tutdurdu mənə.

 

Bu ayrılıq uzun sürdü,

Keçilməyən divar hördü.

Ulu Tanrım çoxmu gördü

Doğulduğum yurdu mənə.

Adil Cəmilin poeziyasının poetikası mənə bəllidir və onu araşdırarkən təbii yaradıcılıq psixologiyası ilə qaynayıb-qarışdım - baxmayaraq şair deyiləm, demirəm şeir yazmaq üçün doğulmuşam. Hiss etmişəm, duymuşam ki, şeir (poeziya) nə məntiqi mühakimə, nə də fəlsəfi motivlərlə qələmə alınmır, "layihələr"ə də tamamilə yad möcüzədir, yeganə "dayaq nöqtəsi" həqiqət axtarışıdır. Poeziya (şeir) həqiqətlərin və yalanların qovuşmasıdır, emosional və intellektual yaranışların əriş-arğacıdır, şairin fərdi üslubunun təzahürüdür, iztirabların, əzabların və kədər-dərdlərin, ruhi həyəcanların məhsuludur. Başqa müqayisələr də fikrimə gəldi. Lakin şair Adil Cəmilin son şeirləri bu dediklərimin təsdiqidir. Oğul itkisinin, Orxan yoxluğunun diktə etdiyi üslubdur. Bəlkə də bu "üslub" (şərti işlədirəm) əvvəldən yol gəlirmiş - belə qərara gəlirəm, ona görə ki, Adil Cəmil xeyli əvvəl (2018) anasına "Anama layla" şeirini həsr etmişdi, anasının obrazını nikbin ovqatda yarada bilməmiş - belə düşündüm: yurd-yerin itkisində, köçkün həyatda... şən əhvalı yaşamaq qeyri-mümkün olardı:

Qəm bağında ümid əkən,

"Yuvam" deyib haray çəkən,

Ömrü-günü fənam lay-lay,

Anam laylay, anam lay-lay.

Şeirdə intellektuallıq axtarmaq əbəsdir, ana itkisi yaşayan şairin kədəri necə nikbin ola bilər, lakin Adil Cəmil haradasa özündə inam görür, nikbinliyə ümid bəsləyir. O, məgər bundan sonra yaşayıb yazmaq "açarını" dərin, dibsiz okean sularına atmaq fikrindədir, əsla! Axı istedad yaradıcı təxəyyüldən, ilahidən gəlmə fenomendir, inteqral prosesdir ki, sahibinin poetik fəaliyyətini stimullaşdırır, bundan qaçmaq mümkünsüzdür - israrımda qalıram, o halda Adil Cəmilin varlığında həmişə sevgi atəşi olmuşdur, məhəbbət çiçəkləri solmamışdır. Bu hissi o, "Uzanan ayrılıq ömür qısaldır" adlı unikal şeirində oxuculara ünvanlamışdır. Düzü, şeirdən başqa bir ovqat umurdum, ötəri oxumaq qərarını da vermişdim, lakin...

Əllərim çatmayan xəyal kimisən,

Tutaram əlindən - əl yeri qoysan.

Sevən kül olmazmı eşqin oduna -

Alışıb yanaram kül yeri qoysan.

 

Mənim məhəbbətim bir qeylü-qaldır,

Uzanan ayrılıq ömür qısaldır.

Bəlkə də hicranın sonu vüsaldır,

Ay nədir, dözərəm il yeri qoysan.

Bu bəndləri oxuyanda dilimdən "Əhsən" kəlməsi çıxdı - özümdən asılı olmadı və bir daha inandım ki, poeziya (şeir) mübhəm hissdir, ilahi kədərdir...

Mən məqaləmi dahi filosof Epiktetin kəlamları ilə bitirmək arzusunda oldum: - Neynəməli, əgər ayrılıq və ya ölüm sənə belə qorxunc gəlirsə, onda gərək taxıl yetişəndə oturub ağlayasan ki, sünbüllər məhv oldu, payızda ağlayasan ki, yarpaqlar quruyub yerə töküldü. İnsanların ayrılığı kiçik dəyişilmədən, ölüm isə bir az böyük dəyişilmədən başqa heç nə deyil. Dünyada məhvolma yoxdur, yalnız bir həyatın başqa birisi ilə əvəz edilməsi var.

06.01.2020

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!