Luis Kerroll

Günel EYVAZLI

“Balabona xəritəsinə əsasən ekspedisiya dəniz yolu ilə qeyri-adi canlı - Snark axtarışında fərqli məkana gəlib çatdı. Çörəkçi, dayısının ona nəql etdiyi rəvayəti yanındakı insanlara danışaraq bildirdi ki, Snark adlı canlının axtarışı zamanı çox diqqətli olmaq lazımdır. Çünki onu Dudjum adlı başqa varlıqla səhv salmaq mümkündür. Və onda həmin canlı əbədi olaraq qeyb ola bilər...

Mən səssiz-səmirsiz itərəm o an,
Görünmərəm daha bir də heç zaman”.

“Snark uğrunda ovçuluq”

Bu şəxsi yaratdığı Snark personajından fərqli olaraq Dudjum ilə səhv salmaq mümkün deyildi. Fərqli, üz simmetriyası pozulmuş, gözünün biri digərinə nisbətən yuxarıda yerləşən, dodağının bir tərəfi aşağıya çəkilmiş şəkildə idi. Qulağının biri tamamən kar və həyəcanlanan zaman kəkələyərdi. Bu şəxs illər sonra “Alisa möcüzələr diyarında” əsəri ilə şöhrət tapacaq riyaziyyatçı Luis Kerroll idi.

Kerroll Çeşir qraflığının Darsberi adlanan kəndində dünyaya göz açmışdı. Ailəsi yeddi qız, dörd oğlan uşağından ibarət idi. Onun təhsili ilə atası məşğul olurdu. Deyilənə görə Luis solaxay idi. Daha doğrusu, ona sağ əli ilə yazmaq qadağan olunmuşdu. Bu da azyaşlının psixikasına öz zərbəsini vurmuşdu. Hətta kəkələməsinin səbəbi kimi məhz bu nüans göstərilir.

Kerroll İngiltərənin ən aristokratik universitetlərindən birində - Oksfordda təhsil almışdı. Eyni anda riyaziyyat və klassik dillər fakültəsinə imtahan vermişdi. Doğrudur, oranı çətinliklə oxumasına baxmayaraq, riyaziyyat metodlarını əzbər bildiyindən bakalavr səviyyəsini bitirdikdən sonra mühazirə oxumaq şərəfinə nail olmuşdu.

Mühazirə demək onunçun cansıxıcı, darıxdırıcı olsa da, ömrünün 26 ilini məhz buna sərf etmişdir. Olduqca ciddi, monoton, ruhsuz mühazirələri kənardakılarda ona qarşı qeyri-adi insan təəssüratı yaradırdı. Daima sıx münasibətlərdən qaçardı. Deyilənə görə həmişə qara libasda olardı. Düymələrini isə sonuncuya qədər bağlayar, başından silindri yay aylarında belə çıxarmazdı. Əlbəttə, insanlardan qaçmasının ən başlıca səbəbi bəlkə də kəkələməsi ilə bağlı keçirdiyi utanc hissi idi.

Yüksək fantaziyaya, virtuozluğa malik Luis bu xüsusiyyətlərinə görə deyil, riyazi, elmi savadına görə Papanın diqqətini çəkirdi. Papa onu yüksək dini məqamda görmək istəyirdi. Doğrudur, o san rütbəsini keçərək keşiş deyil, diakona (xristianlıqda dini ritualları keçərək gəlinən ən aşağı məqamdır. Yəni dini cəhətdən böyük səlahiyyətə malik olmayan şəxs) çevrilir. İndi o, sevimli teatrından, rəssamlıqdan uzaqda dayanmalıydı. Çünki kilsə bütün bunları inkar edir və şeytan əməli hesab edirdi.

Monoton həyatına rəng qatmağa çalışan Luis, işlədilməsi qəliz olan bir cihazla - fotoaparatla ömrünə rəng qatmağa çalışır. Qəribəsi bu idi ki, kilsə teatr və incəsənəti yasaqlasa da fotoqrafiya işini yasaqlamamışdı.

O zamanların qeyri-adi quruluşlu, alov buraxan fotoaparatların vasitəsi ilə çəkilmiş fotoları əldə etmək üçün böyük əzm və səbir tələb olunurdu. O, bunun öhdəsindən çox gözəl gəlirdi. Tədqiqatçılar yazıçını 19-cu əsrin ən istedadlı fotoqraflarından biri hesab edirlər.

Luis dövrünün ən məşhur simalarını fotonun yaddaşına salmağı bacarmışdı.  Dante, Qobriella Rosetti, Faradey və.b. şəxslərin foto müəllifi Luis Kerroll idi.

Kilsənin qadağalarından biri də qadınlarla ünsiyyət idi. Bəli, din keşikçilərinin qadınlarla münasibətlərində müəyyən qaydalar və qadağalar mövcud idi. Qaydaya görə ruhani təlimi görən gənc oğlan 14 yaşından böyük qızlarla ünsiyyətdə olmamalıydı. Bəlkə də elə bu səbəbdən o, azyaşlılar arasında özünü daha rahat və sərbəst hiss edirdi. Hamı üçün qaraqabaq, ciddi görünən Luis azyaşlılar arasında rəvayət danışan, şən, maraqlı riyazi paradoksal sualları ilə diqqət çəkən şəxs idi.

Hansı saatlar zamanı daha doğru göstərir, tamamən işləməyən saatlar, yoxsa bir neçə dəqiqə geri qalan saatlar?

Bu sual Luisin sevimli riyazi paradokslarına aid suallar silsiləsindən idi.

Hesablamalara görə yazıçı 103  min məktub müəllifi idi. Yalqızlıqla mübarizə aparan insan, bilgilərindən, daxili iztirablarından xilas olmaq üçün hər gün ünvansız məktublar yazardı. Həmçinin cild-cild gündəliklərin sahibi idi. Deyilənə görə ailəsi bu məktublarından olduqca narahat idi. O, isə bəzən bacısının ona ünvanladığı məktublara, “insanlar maraqlı gələn kəslər haqqında söz danışmağı sevirlər, əhəmiyyət verməyin” kimi təskinliklə əhatələnmiş cavablar yollayardı.

Nə idi ailəni narahat edən? Bəlkə elə bu səbəbdən çoxsaylı məktublardan yalnız min ədədi dövrümüzə gəlib çatmışdı, onlar da doğranmış şəkildə.

“Hələ bir düşünün! Demək hər hansı bir əşyaya görə insanlar bu qədər kiçilə və heç nəyə çevrilə bilər”.

Olduqca ciddi və düşündürücü mesajdır. Sanki “Alisa möcüzələr diyarında” əsəri uşaqlar üçün deyil, böyüklər üçün yazılmışdı. Zaman anlayışı, fərqli zaman ölçüsü əsər boyu oxucunu izləyir. Maraqlı fikirlər insanı düşündürür. Məsələn, “Əgər siz daima tələsirsinizsə möcüzəni gözdən qaçıra bilərsiniz”.

Ədəbiyyatın absurd personajı Snarkdan fərqli olaraq Alisa həyatdan götürülmüş obraz idi. O, Luisin yaxın dostu Henry Lidalın üç qızından biri - ortancılı idi. Günlərin birində qızcığazlarla gəzintiyə çıxan Luis qızların təpkisi ilə onlara maraqlı, cəfəngiyatla dolu, amma həm də gülməli bir əhvalatı danışmağa məcbur oldu. Kerroll bədahətən bir neçə hekayəni ard-arda gətirərək, tanıdığı gerçək obrazları hekayə dilində qızlara nəql etdi. Hətta özünün də avtoşarjını, kəkələyən quşcuğaz obrazında hekayədə yaratdı. Rəvayət qızların o qədər xoşuna gəlir ki, Alisa Luis ilə sağollaşanda onun boynuna atılaraq “kaş ki, sən danışdığın rəvayəti bir kitaba yazıb mənə hədiyyə edəydin”, - söyləyir. Luis isə, mütləq yazacağam, - sözünü verir.

Deyilənə görə Alisa Luisin əbədi muzası idi. Hətta bir dəfə Luis, bir neçə ildən sonra, Alisa ərgən xanım olan zaman onunla evlənmək istəyini də qızların anasına eyham vurmuşdu. Hər halda, belə söyləyirlər.

Luis elə Alisadan ayrılan kimi evinə gəlib günə bir vərəq yazmaqla “Alisa möcüzələr diyarında” əsərini az müddətə tamamlayır. Hətta vərəqlərdə özü də müxtəlif illüstrasiyalar rəsm edərək, kitabı dəri üzlüyə bürüyərək qızcığaza hədiyyə edir.

Cəmiyyətdə onun haqqında fikirlər birmənalı deyildi. Müasirləri onun şəxsi həyatının olmamasını, heç bir xanımla münasibət qurmamasını, insanlardan qaçmasını, patoloji utancaq olmasını və ömrünün sonuna qədər subay qalmasını söyləyirlər. Hətta həmin dövrlərdə İngiltərə küçələrində dolaşan, xanımlara təcavüz edən qatil manyakın Luis olması iddiaları da var idi. Çünki onun Londona gəlişi ilə qətl hadisəsinin baş verməsi eyni günə təsadüf edirdi.

“- Harada normal nə isə tapmaq olar? (Alisa)

- Heç yerdə, - pişik cavab verdi, - normallar olmur. Hamı o qədər fərqli və müxtəlifdir ki... Məncə, bu, olduqca normaldır”.

Luis məktubları haqqında nəslinin nümayəndələrinə sadəlövh vəsiyyətnamə ünvanlayır. “Əgər qəflətən dünyadan köçərəmsə, məktublarım oxunmadan yandırılsın”.

Məktublar yandırılmır. Əksinə, oxunur və çox yanlış nəticəyə gəlib çıxır. Bu haqda bir qədər sonra...

Deyilənə görə Luis yaşının qırxıncı çağında baş ağrısından çox əziyyət çəkirdi. Miqren ağrıları onu yuxusuzluğa düçar etmişdi. Həkim ona, o zamanlar təcrübələr zamanı xeyli populyarlıq qazanmış narkotik tərkibli Landaun dərmanını içməyi məsləhət görür. Bu dərman çox sonralar onda asılılıq yaradır. Hətta Luis kəkələmə kompleksini özündən uzaqlaşdırmaq üçün də bu dərmanı müntəzəm olaraq qəbul edirdi. Deyilənə görə böyük fantaziyalarla yüklənmiş əsərləri yarıyuxulu zamanlarında qələmə alınmışdı.

Əslində cəmiyyət zaman-zaman sevdiyi yazıçılar, istedadlı şəxslər haqqında rəvayətlər, miflər uydurmağı sevir. Luis Kerroll haqqında miflər, rəvayətlər olduqca çoxdur.

Zaman keçdikcə bəzən uydurmalar tamam başqa rəng alır. Bir əsr yazarı inkar edəndə, növbəti əsr qucaq açır yazıçısına. 

Budur, 19-cu əsr itirilmiş, yandırılmış məktublar əsasında yazıçı haqqında çox yanlış mənzərə yaradır. 20-ci əsr ona bəraət verir. Və yeni əlavələrlə Luisi populyarlıq zirvəsinə gətirir. 

Müasirlərinin onun haqqında söylədiklərindən fərqli olaraq bir çox müəlliflər deyilənlərin cəfəngiyatdan başqa bir şey olmadığını söyləyirlər. Deyilənə görə Luis subay olsa belə, xanımlara qarşı deyildiyi qədər laqeyd deyildi. Londona təşrif buyuran zamanlarda dostları ilə birgə mütləq teatra gedər və tamaşalar izləyərdi. Gündəliklərini də öz ardıyca aparar və hər hadisəni təfərrüatına qədər vərəqlərə köçürərdi. Həyatında olan xanımlar haqqında ünvansız məktublarında yazardı.

Ailənin məktubları və gündəlikləri məhv etməsinə səbəb ruhaniliklə bağlı narahatlıqlar idi. Çünki Luis ruhani ailədə böyümüş, özü də ruhani sayılırdı. Və belə bir şəxsin bu cür həyat tərzi yasaq sayılırdı, əslində. Onun xanımlar haqqında yazdığı məktubları, gündəlikdə qeyd olunan fikirləri qeyri-etik və ayıb sayılaraq qayçı ilə doğram-doğram edilir. Yalnız uşaqlarla bağlı məqamlar, fikirlər saxlanılır. Məktub bağlamalarının arasından qızcığazların foto neqativləri tapılır. Bəlkə də fotolar onların ailələrinə təqdim olunacaqdı. Ya da iki nüsxəli olduğu üçün bir nüsxə onda qalırdı. O böyük həvəslə qızcığazları, əlbəttə, onların valideynlərinin razılığı ilə fotonun yaddaşına köçürürdü. Doğrudur, bəzi şəkillərdə uşaqların nisbətən çılpaq olması fikir ayrılığına gətirir. Məktubların məhvi yazıçı haqqında qeyri-etik, pedofil təəssüratı yaradır. Yazıçının həyatı bu baxımdan daima qınaq obyektinə çevrilir.

Hər halda, böyük həvəslə və istedadla qələmə alınmış fantaziya ilə zəngin nağılları gördükcə müəllifin uşaqlara bağlılığı və onları sevməsini inkar etmək olmaz.

Zaman keçdikcə yazıçı haqqında olan bəzi qaranlıq məqamlara aydınlıq gəlir. Deyilənə görə yazıçıya maraq göstərən bəzi xanımlar onunla ünsiyyətdə olmaq üçün qəsdən yaşlarının on dörddən aşağı olmasını söyləyib izi itirməyə çalışırdılar. Məktublaşmalar guya uşaqlarla aparılır. Amma məktubların arxasında 17-18, hətta 30 yaşlı xanımlar dayanırdı. Aktrisa İza Boumen də öz memuarlarında belə açıqlamalara toxunur.

Luis Kerroll fantaziyaçı idi. Təcrübələr aparmağı çox sevirdi. Özü də qeyri-ixtiyari təcrübələrin və fantaziyaların qurbanına çevrilib, dedi-qodu mövzusu olur. Ölümündən sonra da məzarından əcaib  səslərin gəlməsi mifi növbəti rəvayətlər silsiləsi yaradır. Çünki miflər insanı unudulmağa qoymur.

Bütün bunlara baxmayaraq, Kerroll bütün ölümlülər kimi ömrünü qocalıq yaşında tamamlayaraq dünyadan gedir. Məzarı isə Surrey qraflığında, Hilfordda öz bacısı və qardaşlarının yanında yerləşir. Məzarın üzərində isə sadə, ağ rəngli xaç var.