Yolları bitməyə qoymayan mahnılar, manilər, türkülər... - Cavanşir YUSİFLİ yazır

 

Bəzən hər hansı şairin xəyal dünyasının, poetik temperamentinin ölçüsü bilinməz qalır. Elə hadisələr baş verir ki, oxucu, ya filoloq həmin şairin, yaxud şairlərin mətnlərində ancaq o dövrün sədalarını, vurğusunu almaq, dinləmək şövqünə qoşur. Burda, bu məsələdə şairin özünün də "günahı" olur, vurğunun aktual olan məsələlərin üzərinə salınması məhz onun oxucu ilə dialoqunda istər-istəməz alınmış aldadıcı hərəkətə çevrilir. Ancaq bu şeirlərdə yatan başqa bir intonasiya, ritm, çalar... zamanla yol gedir, daha dərinlərə baş vurur, özünü bu şəkildə "gizlədir" ki, gündəlik hay-haray çəkilib gedəndən sonra görünsün və əsas mətləbin nədən ibarət olması bilinsin. Bu anda bayaq danışan, sözünü qaçaraq deyən mətn bu gün susaraq içindəki mübhəm nəsnələri anlatmağa çalışır. Sən oxuyub öyrəndiklərindən, yaddaşına yığılan xatirələrdən, həm də o yaddaşa şırım kimi düşən izlərdən nə qədər çox uzaqlaşa bilsən həmin dərinlik ölçüsü bir o qədər möhtəşəm olar, iki şey - mətndə aktuallıqla zamanüstü nəsnələrin bir-birindən aralanması, mətnin gələcək halının, yəni həm də real görüntüsünün necə olmasını bəlləyir. Bu prosesdə müəllif də, oxucu da ola bilsin məğlub olur, çünki söhbət bədii mətndən gedir, o, şairi də, oxucunu da "yeyir", "məhv edir", şairin və oxucunun bu "ərazidə" qoyduğu hisslər insan qəlbinin heç zaman unudulmayan cizgilərinin aşkarlanmasında əvəzsiz rol oynayır.

Bizdə poeziya ilə bağlı bir termin işlənir: vətəndaş poeziyası. Bu anlayış həmin o aldadıcı görüntünün bəlirtisidir. Bu termini, məsələn, Məmməd Araza şamil edirlər, elə Sabir Rüstəmxanlıya da. Və bildiyimə görə, onun tərkibində bir "publisistik nüans" da olmamış deyildir. Ancaq məsələn, Xəlil Rza ilə bağlı bu termin o qədər də işlək deyildir. Yaxud Qabil, Musa Yaqub, Məmməd İsmayıl və başqaları. Əslində, belə bir ayrıntı, belə bir poeziya yoxdur. Bu, tənqidçilərin uydurmasıdır.

Sabir Rüstəmxanlının poetik təfəkkürü üçün, zənnimizcə, iki əsas cizgi-keyfiyyət xasdır və onun mətnlərini incələməkdə bu iki xətt əsaslı rol oynamalıdır. Sabirin sözünün deyilişində qəribə bir bədahətənlik var, bu xüsusiyyət bizim mədəniyyətə içdən, kökdən xasdır. Onun uzun illər boyu müxtəlif çıxışlarını dinləyənlər bunu təsdiq edə bilərlər, onun məhz bədahətən dedikləri, ifadə etdiyi fikirlər bir anda məclisin durumunu dəyişdirmiş, hər şeyin bu axarla getməsini şərtləndirmişdir. Yəni bizim mədəniyyətin şifahilik qatının güclü olması Sabirin yazılarında və çıxışlarında dərhal hiss edilməsə də, onların strukturunun necəliyini kökdən müəyyənləşdirmişdir. İkinci xüsusiyyət, fikrimizcə, elə birinci qədər önəmlidir: Sabir bəlkə özündən də asılı olmayan ötüb-keçən uzun (həm də qovğalarla dolu-!) illər ərzində tariximizin, millətin həyatının məhz keçid, bəlkə də ifrat böhranlı hallarını qələmə alıb.  İlk şeirlərindən olan "Vətən" şeirini xatırlayın, oxuyun, yaxud "Ana dilim", yaxud poemaları... Buraya onun son illərdə bir-birinin dalınca yazdığı romanları da aid edə bilərik. "Difai fədailəri", "Ölüm zirvəsi" (Cavad xan), "Göy tanrı"... Sabir üçün tarixi nə yazmaq, nə də yozmaq əsas deyildir, açar rolunu oynayan, mahiyyət səciyyəsi daşıyan bu tarixin indi və gələcəyi necə müəyyənləşdirməsini ifadə etməkdir.   

Səni bahar leysanına bənzədirəm,

Üzümün qırışlarını yusun,

                        titrətsin təşnə ürəyimi...

Quruyan çöllərimə

                        gül toxumu kimi səpilsin.

Və dünyanı çiçək qanadlarında

                        göyə qaldırsın!

Səni rüzgara bənzədirəm!

Ölü duyğuların üstündən

                        Tanrı nəfəsi kimi əsən,

Ruhumun hər guşəsinə çatan

və mənə ölümsüzlüyü xatırladan!

Sabir həm də başqalarından fərqli olaraq, yaxşı mənada yazılarından bir azca kənarda dura bilən adamdır. Onun erudisiyası, intellekti, daxili-mənəvi potensialı qələmə aldığı yazılarda ancaq müəyyən çərçivədə ifadə olunur. Onun dünya ədəbiyyatını sistemli şəkildə oxuması və bilməsi, ən əsası isə tarixə, elə mədəniyyətlərin tarixinə də millətin həyatından, məhz o pəncərədən baxmaq cəhdləri onun poetik təfəkkürünün məhz bu yaradıcılığa xas masştabda ifadəsini şərtləndirib. Fərid Hüseynin "Sevdiyim əsər. 101 ədəbi söhbət" layihəsində Sabir Nizami Gəncəvinin "Yeddi gözəl" romanından danışıb. Diqqət edin: müəllif sual verir: bəziləri Nizami böyüklüyünü kölgəyə salaraq düşünür ki, o, tarixi təhrif edir, bəzilərinə görə isə Nizaminin qəsdi tarixi yazmaq yox, ədəbiyyat yaratmaq olub. Sabir Rüstəmxanlının fikrincə, "...daha sonralar Firdovsi süjetlərinə müraciətin bir səbəbi Şərqin bəzi böyük şairlərinin Firdovsi ilə yarışmaq həvəsidir. Çoxu Şərq-İslam mifologiyasından və tarixindən gələn mövzuların farsca yazılmasının, "Şahnamə" süjetlərinin, hətta vəzni saxlamaqla yenidən, daha dərindən araşdırılaraq yazılmasının bir səbəbi öz ilhamının qüdrətini göstərmək istəyidir. Qələmə aldığı bəzi mövzuların "Şahnamə"də də işlənməsi Nizami Gəncəvini rahatsız etmirdi. Nizami bu mövzulara müraciət etməyə də bilərdi, öz dediyi kimi, dünya tarixində yazılmalı hadisələr çoxdur, onlardan birini yaza bilərdi, lakin bu mövzunu seçib, ona görə seçib ki, Firdovsidə bu mövzu yarımçıqdır, "ləl deşilməmiş qalıb...".

Bu, Sabirin poetik yaradıcılığa, bu prosesin stixiyasına münasibətinin bir detalıdır. Bəs bu yaradıcılıq prosesi onun mətnlərindən necə görünür.    

Əslində, insanın ürəyi qədim mahnılardadı...

Aşağıda adını çəkəcəyimiz şeir qəzetdə çıxdığı anda xatirimdəydi. O vaxtın "Ədəbiyyat və incəsənət" qəzetində, 70-ci illərdə, 5 ya 6-cı sinifdə oxuyurdum. Bu bizim tərəflərin mahnısıydı, bir az unudulmuş, qəlblərə gömülmüş, ancaq... yəni qəlbə o şeylər əbədi olaraq kömülür ki, o sənin yaşam tərzinə, mövcudluq formana çevrilir, sən o mahnıyla yaşasan da, bircə sözünü də xatırlaya bilmirsən, millətin, adi, sadə insanların, unudulmuş, sümüyü sürmə olmuş, gəlib-keçmiş bütün könüllərin harayı, qəlbi sıxan bir damcı sevgi umudu... bütün bunlar həmin mahnıların dili, həm də susaraq danışan dilidir.

"Bir mahnı oxuyur kənd gözəlləri"...

Bir mahnı oxuyur kənd gözəlləri,

Ay lolo, bir mahnı,

Durmaq da, ayrılıb getmək də çətin.

Qəlbi ovsunlamaq bizim qızların,

Bizim mahnıların qədim adəti.

Bu motivə daha sonra Məstan Günərin şeirlərində də rast gəlmişdim. Yəni bu mətnlərin hansının nə zaman yazılması, qələmə alınmasının bir elə önəmi yoxdur. Əsas olan bir nisgilin, insanı qəlbindən vuran bir gözəlliyin  tamamilə dərk edilməməsi motividir. Bu kimi motivi nə qədər dərindən işləməyə çalışsan da son, nəticə olaraq sən yalnız həmin göynərtini ifadə edə bilərsən, yəni səninlə o qədim sədalar arasında bir cazibə qüvvəsi yaşayır, o sədanın, o mahnın adı bilinmir, səslənib-səslənməməsi də tam real deyil, sən sadəcə könlünün pas tutmayan, yollarının açıq olduğu dəmlərdə o sədanı eşidirsən və ona dönürsən bir anlıq. Bu nə deməkdir?  Məstanda həmin motivin ifadəsində bir aşıq obrazı da var (... Aşığı qızların közü əridir...), Sabirdə qədimlərin ürəyinin başından qopub gələn həmin səda hər şeyi əvəz edir. Sənin bir tarixin var, könlünün bir tarixi var - sən öz tarixini, yəni həyatda içinə atıldığın  mübarizə və milli davanın girdabında həmin səsin öyrətdiyi tarixin dərslərindən çıxış və hərəkət edirsən. Dinləyərək, oxuyaraq anlamadığın, sadəcə astaca, qəlbi sızıldadan ehtizaz və həzinliklə ora dolan səslərin sirri həyatın boyu "açılır", ağ-qara, rəngli-rəngsiz məkan görüntüləri yaranır, bu görüntülərdə sən hər bir obrazı, hər bir ayrıca detalı xatırlayırsan, daşı, torpağı sadəcə nəsnələr kimi yox, üstündəki qanıyla, alın təri və ürək ağrısıyla birgə xatırlayırsan, yəni bu nəsnələr yalnız o mübhəm tarixdən baxıldıqda mənalanır, yalnız o anda həmin görüntülər realdan real olur. Bu anlamda, Sabirin şeirlərində "semiotik xəritə" obrazı beləcə yaranıb-formalaşır. Beləcə, müasir, çağdaş insanın vizual məkanının (dünyanı, doğulduğu yurdu, həmin sədanın, mahnıların məlhəm kimi səpələndiyi ucsuz-bucaqsız əraziləri içinə alan VƏTƏNİ necə görməsi) semiotik xəritəsi göz önündə canlanır. Buraya əsas etibarilə mediakommunikasiyanın ən müxtəlif variantları daxildir. Çağdaş insanın vizual məkanının semiotik xəritəsinin atribusiyalarının parametrləri və strukturu sosiomədəni identifikasiyanın məzmun və mürəkkəb, çoxqatlı prosesini ehtiva edir, bu halında o, insanın ideyalarını kompleks şəkildə ifadə edir. Bu anlamda Sabirin şeirlərinə coğrafi məkanı aşmaq, onu ucsuz-bucaqsız mahnı, türkü, mənəvi ərazi anlamına çevirmək damarı çarpır, lap ilk şeirlərindən başlayaraq:  

Bir əlçim buluddu,

Bir ömür umuddu,

Bir içim sudu,

Yandıqca odlanan ocaqdı.

Daddıqca dadlanan arzudu.

Bir dərə bahar leysanıdı,

21 Azərin qanıdı,

Cavad xanın qətl yeridi.

Sabirin "Fəxriyyə" şeiridi,

Dağları dumanda itən -

Vətən...Vətən...

Yaxud:

Arzu da beləcə sərhədsiz olur,

Ümman da beləcə, göy də beləcə.

Ruhumuz sərhədsiz olduğu üçün,

Payımız gəlibdir göydən beləcə!

Sabirin şeirlərinin ritmində qəribə, heç zaman məcrasından çıxmayan və bunu  davranışlarıyla bildirən təmkin var, ən kövrək hisslərin ifadəsində də, ən çılğın ərzi-halların misralara dönüşündə də. Bu, bir az, yəni ancaq müəyyən mənada Xəlil Rzanı xatırlatsa da, əslində, uşaqlıq və gəncliyinin keçdiyi yerlərin tarixindən çıxan, hasil olan, həm də və bəlkə daha çox millətin tarixini öyrənib onu başdan-ayağa qəlbinə, ruhuna köçürən bir insanın hekayət, məsəl söyləmə tərzidir.

Tanrı bizi yollar üçün yaradıb,

Yol bitəndə - köy çəkəcək özünə.

 

Sevincimiz meyxanada paylanır,

Qəmimizi ney çəkəcək özünə.

 

Məlik olsun, kral olsun, şah olsun

Könlümüzü bəy çəkəcək özünə.

 

Elçiləri Tanrısını unudan

Bir toplumu mey çəkəcək özünə.

 

Korumuzdu uçuruma can atan

Karımızı küy çəkəcək özünə!

 

Allah susur, ancaq Şeytan işində

Min hiyləylə hey çəkəcək özünə!

 

Nə yaxşı ki, torpaq bizi udanda

Ruhumuzu göy çəkəcək özünə!

Ancaq... yolları bitməyə qoymayan mahnılar, manilər, türkülər də var...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!