Yarım əsrə doğru gedən yol... - Bədirxan ƏHMƏDLİ yazır

 

Ədəbi prosesi uzunmüddətli müşahidəmə görə, ədəbiyyatşünas və tənqidçilər yazıçı, şair, dramaturqlardan fərqli tale yaşayır. Yazarlar hər əsəri nəşr edilərkən tənqidçilərdən məqalə, rəy, yaxud fikir gözləyir (hətta şəxsən tanıdıqları tənqidçidən inciyir, küsürlər); sanki tənqidçi əlində qələm hazır dayanıb gözləyir (çox zaman da belə olur) ki, əsər nə zaman çıxacaq, o da fikir bildirəcək. Belədə deyirik, tənqid də bir sənətdir, di gəl, bu sənət çox zaman bədii düşüncədən asılı olur. Mən demirəm tənqidçi "burjuaziyanın pul kisəsindən" asılıdır (hərçənd indi belə məqamlar da yox deyil), sovet dövründə bunu daha çox burjuaziya cəmiyyətinə aid edirdilər, indi isə vəziyyət dəyişib, ancaq bizdəki tənqidin mövcud bədii materialdan asılılığı şəksizdir. Belə ki, tənqidçinin (ədəbiyyatşünasın!) araşdırma obyektinin strukturunu bədii düşüncə təşkil edir.  Bir də gözünü onda açır ki, ədəbi mühitdə olan yazıçı və şairlərin hər biri və ya ədəbi prosesin problemləri, hadisələri haqqında silsilə araşdırmalar müəllifidir. Zaman keçir, tənqidçi özü də müəyyən bir sənət mövqeyinə qalxır, 50, 60, 70 (və s.) illik yubileyi gəlir, lakin heç kimin yadına düşmür. Haqqında yazdığı şairlər, yazıçılar geri dönüş etmirlər. Bu da tənqidçi taleyidir. Yenə də tənqidçini elə tənqidçilər yada salırlar. Halbuki, bu cür olmanın nədənini heç cür başa düşmək olmur. Elə bizim qəhrəmanımızın yubileyi kimi...

Tehran Əlişanoğlunun 60 yaşı tamam olur. Ədəbi mühitdə olduğum (müşahidəçi və iştirakçı qismində!) bu illər ərzində onun yüzlərlə məqaləsini oxudum. Son qırx ilin elə bir hadisəsi, ədəbi şəxsiyyəti (şöhrətlisindən, ədəbi generalından (gərək ki, bu ifadə də T.Əlişanoğluna məxsusdur) tutmuş, ən gəncinə, yeni yazanına, bir qədər də dəqiqləşdirsək əlinə yeni qələm alana  qədər!) onun haqqında yazmasın, fikir, rəy bildirməsin. Mirzə Cəlil demiş, "Çox istəyirdi" yazmaq, "Amma niyə yazmaq, kimin üçün yazmaq?..". Bu da Əlişanoğlunun M.Cəlildən gətirdiyi iqtibasıdır, təsadüfi gətirməyib. Bu fikir hamı kimi, onun da beynindən keçib... Lakin o, Azərbaycan ədəbiyyatının bu gününə xidmət yolunu seçdi, hərçənd ədəbiyyatımızın müxtəlif dövrünə, hadisələrinə və şəxsiyyətlərinə aid onlarca orijinal tədqiqatları da var. Buna sonra qayıdarıq. Görünən odur ki, bu gün altmışına çatmış Tehran özü də bilmədən bu günün ədəbiyyatından yaza-yaza özü də ədəbiyyata daxil olub və sübut edib ki, tənqidçilik heç də yazıçıdan asılı olmaq, yaxud onun yazdıqlarını təfsir etməkdən ibarət deyil, tənqid də müstəqil bir sənətdir, yaradıcılıqdır. Bəlkə bəzi hallarda yazıçı (şair, yaxud dramaturq) özü elə tənqidçidən asılı olur. Tehran bu işi yüksək peşəkarlıqla görüb, özü də həvəslə, vicdanla, obyektivliklə, heç kimdən heç nə gözləmədən (sağ ol, mükafat və s.) yazıb, necə deyərlər, başını aşağı salaraq qələmini, beynini, istedadını "müqəddəs saydığı" sənətinə işlədib. Yaxşı da işlədib, bunu ən dargöz, gözügötürməyən adamlar belə etiraf edə bilər. Bəzən tənqidləri üçün inciyənlər, küsənlər də olub, yazdıqlarını başa düşməyənlər də... Tehranın günahı deyil ki, tənqid hər zaman düzgün başa düşülmür, hamı tənqidi eyni cür qəbul etmir və yaxud etmək istəmir. Hətta elə bir zaman gəldi ki (məsələn 90-cı illər), tənqid nədir, ədəbiyyatın özü tamamilə arxa plana keçdi (bu illərdə Azərbaycan milli ordu sıralarında hərbi jurnalistikaya keçməyim də buradan irəli gəlirdi). Bəlkə də kimlərəsə (elə onun özünə də!) onun bu illərdə gördüyü iş mənasız gəlirdi, çünki ictimai proseslərin özü bunu tələb edirdi, ancaq hər şeyə rəğmən, tənqidi buraxmadı, kimsəsiz qoymadı, təkbaşına onun varlığını sürdürə bildi. Zaman keçdikcə həmin dövrün ədəbi gedişatını əsas mənbə kimi T.Əlişanoğlunun məqalələrindən öyrənməyin mümkünlüyü bu yolun nə qədər doğru olduğunun bir sübutudur.

İyirmi ildən çoxdur ki, şəxsən tanıdığım, elm və təhsil (Nizami adına Ədəbiyyat İnstitutu və Bakı Slavyan Universiteti!) birgə yürüdüyüm Tehranı qiyabi olaraq 90-cı illərin başlarında tanımışam. Belə ki, mərhum Samir Tağızadənin baş redaktorluğu ilə 1992-cı ildə cəmi bir sayı dərc olunan "Ədəbi tənqid" jurnalında mənim "Əhməd Cavad haqqında düşündüklərim və bildiklərim" adlı məqaləm çap olunmuşdu. Jurnalın son səhifələrində iki resenziya getmiş, yazıların altında səhvən "Hazırladı Hehran Əlişanoğlu" imzası getmişdi. Bəlkə də Tehranın bu resenziyalar yadından çıxıb, bilmirəm, məqalələrinin siyahısında yer alırmı? İlk dəfə idi bu imzayla qarşılaşırdım, ancaq "Tehran" əvəzinə "Hehran" olaraq səhv getdiyinin də fərqində idim. Sonralar onun çeşidli imzasına müxtəlif mətbuat orqanlarında rast gəlirdim: T.Mustafayev, Tehran Mustafayev, Əlişanoğlu, T.Mustafayi, Tehran Əlişanoğlu, T.Alişan, Tehran və b. Hələ özünün yazdığına görə, "Neqə", "Sadiq Vəli" imzaları da olmuşdur. İndi gərək bir Qulam Məmmədli ola ki, Tehranın bu imzalarla harada nə yazdıqlarını ayırd edə. Ancaq buna da gərək yoxdur, çünki Tehran bütün yazılarını yaxşı arxivləşdirir, arxivləşdirmədən öncə nə var, yeri gəldikcə kitablarında, özünün redaktoru olduğu "Tənqid.net" jurnalında nəşr edir.  Nəşr etməkdən əlavə, bir də görürsən bir məqaləsində özündən bir neçə sitat gətirir (desəm ki, ən çox özünə istinad edən tənqidçilərdəndir, daha doğru olar) və mənbəyini də göstərir. Bu da onun tənqidçi, ədəbiyyatşünas özəlliyidir ki, hər yöndə orijinallığını təsdiq etmiş olur. Tehran bu imzaların hər biri ilə gerçək bir tənqidçi, ədəbiyyatşünas ömrü yaşamış və bu imzaların hər biri onun fərqli üslublu müxtəlif tənqidçi obrazını formalaşdırmışdır.

Tehran Əlişanoğlunun ədəbi ömürlüyünə nəzər yetirərkən mütləq bir dilemma qarşısında qalırsan; o, bir tənqidçidir, yoxsa ədəbiyyatşünas. Bilmirəm, mən biləni yazılarında  bu barədə yazmayıb, ya da mənə rast gəlməyib, ancaq bugünkü ədəbi prosesdə tənqidçi ilə ədəbiyyatşünas portretini özündə birləşdirir. Bəlkə kimsə sübut edə bilər ki, daha çox tənqidçidir. Zarafat deyil, geridə qalan yaradıcılığının başlanğıcından bu günə kimi cari ədəbi proses haqqında yüzlərlə yazı yazıb. Bu yazıları saf-çürük edərkən, mövzu və problem baxımından çox zəngin bir mənzərə alınar. Sadəcə cari ədəbi prosesi izləyib təsviri xarakterli məqalələr yazmayıb, ədəbi prosesin mahiyyətini açıb, xarakterini bəlirləyib, eyni zamanda ədəbi gedişatı yönləndirən ideyalar, fikirlər səsləndirib. Onun bu ideyaları ədəbi prosesi canlandırıb, hərəkətə gətirib, hər şeyi yerbəyer edib. Hər bir ədəbi proses iştirakçısı hər hansı bir əsər yazarkən Tehranı göz önünə gətirib, ondan məqalə gözləyib, hətta tənqid olunmasını istəsə belə, nə isə gözləyib. Ona görə də Tehranın ədəbi prosesə həsr edilmiş məqalələrini gələcək ədəbiyyatşünaslığın fundamenti hesab etmək olar. Bunun işartılarını indidən görürəm. Yazılan dissertasiyalarda hamıdan çox Tehrandan sitat gətirilir. Bunun bir səbəbi dissertasiyaların əksəriyyətinin mövzu və problematikasının müasir ədəbiyyatdan olmasıdırsa (bu, ədəbiyyatşünaslığımızın ən zəif tərəfidir, çünki klassik və ayrı-ayrı dövrlərin ədəbiyyatında işlənilməmiş nə qədər problem var! Bu da başqa bir söhbətin mövzusudur), ikinci bir səbəbi Tehranın çox yazması, yaxşı yazması, elmi-nəzəri fikirlərə meydan açan araşdırmalar aparmasıdır. Bu məqalələri xarakterinə görə aşağıdakı kimi təsnif olunur:

1. Cari ədəbi prosesin təhlili (təxminən otuz ildir ki, bu işi görür!);

2. Ədəbi prosesin müxtəlif janrlar üzrə (nəsr, poeziya, dramaturgiya, tənqid) icmal təhlili;

3. Tənqidin tənqidi və nəzəri, konseptual məsələləri;

4. Ədəbi prosesin öndə gedən yazarları haqqında portretlər.

Ədəbi fəaliyyətinin istiqamətlərini bir qədər də artırmaq olar, lakin bütün bunları birləşdirən bir ümumi cəhət üzərində dayanmaq istəyirəm. Onun məqalələri struktur baxımından son dərəcə orijinaldır, yenidir, bu yazılarında  özünü ifadə edir, bədii mətnə söykənir və ondan çıxış edir, fikirləri, iradları nəzəri və məntiqi cəhətdən əsaslandırılır. Ona görə də onun tənqidindəki təkzibolunmaz arqumentlər obyektiv oxucu tərəfindən qəbul olunur. Olsun ki, mürəkkəb kombinasiyalı cümlələrinin anlamında çətinlik çəksinlər, ancaq yaxşı oxuduqda və üslubuna öyrəşdikdə, hər şeyin yerində olduğu aydın olur və istər-istəməz tənqidçi ilə razılaşmalı olurlar.

İndi gələk T.Əlişanoğlunun ədəbiyyatşünaslığına. Fikrimcə, Tehran tənqidçi olduğu qədər də ədəbiyyatşünasdır. Əvvəldə dediyim kimi, Tehranda bu janrlar arasında nəinki Çin səddi, heç bir sədd yoxdur. O mənada ki, Tehran mətnlə işləyir, bugünkü mətnə də, klassik mətnə də eyni nəzəri düşüncə ilə yanaşır, bu yanaşma elmidir, yenilikçidir. "Azərbaycan sovet ədəbi tənqidinin üslubları (1960-1980-ci illər)" namizədlik dissertasiyası bəlkə də onun taleyini ədəbi fəaliyyətinin ilk dövründə Altmışıncılara bağladı. Sonrakı yaradıcılığında bir müddət Altmışıncıların öndə gedənləri haqqında yazdı. Doktorluq dissertasiyasında ədəbiyyatşünaslığın işlənilməsi gərəkən fundamental problemlərinə üz tutdu, Yaxşı da etdi, çünki XX əsr Azərbaycan nəsri haqqında çox yazılsa da, onun poetikasını fundamental şəkildə ortaya çıxarmaq mümkün olmamışdı. Mirzə Cəlildən də ədəbiyyatşünaslığımızda çox tədqiqatlar aparılıb, lakin Tehran sübut etdi ki, Mirzə Cəlil irsi haqqında bütün dövrlərdə orijinal araşdırmalar aparmaq nəinki mümkündür, hətta vacibdir. Mən Tehranın Mirzə Cəlil irsinə müraciətini Altmııncıların bu irsə dönüşünün elmi istiqamətdə əks-sədası kimi başa düşürəm. Tehran özünün müəllimi hesab etdiyi Yaşar Qarayev yolu ilə gedərək realizmə və Mirzə Cəlil irsinə tamamilə başqa rakursdan yanaşdı və müəyyən elmi qənaətlərə gəldi. Mirzə Cəlil ironiyasının  alt qatları (qəzavü-qədər fəlsəfəsi, ölülər motivi və s.), realizm gerçəklikləri, dünyagörüşü problemləri, hekayəçiliyində struktur problemləri və s. yeni elmi düşüncə müstəvisində təhlil edildi. Tehranın ədəbiyyatşünaslıq tədqiqatları bununla tamamlanmır. Süleyman Rəhimov, Mir Cəlal, Hacıbaba Nəzərli, Seyid Hüseyn, Sabit Rəhman, Mirzə İbrahimov, İlyas Əfəndiyev və b. sovet klassiklərinin yaradıcılığını müxtəlif problemlər baxımından təhlilə cəlb edir. Burada həmkarımız Şirindil Alışanlının bir fikrini təxmini xatırlatmaq yerinə düşər: "Süleyman Rəhimovun "Şamo" romanını sonadək oxuyan yeganə tədqiqatçı Tehrandır". Bu da o demək olur ki, sovet ədəbiyyatı klassikləri də hələ yetərincə öz qiymətini almayıb.

Tehranın araşdırmalarının böyük bir hissəsi müasirlərimiz haqqındadır. Anar, Elçin, Sabir Əhmədov, Kamal Abdulla haqqında silsilə yazılar yazıb. Araşdırmalarında (xüsusilə müasirlərimiz haqqında) portret janrına da üstünlük verir, ədəbi prosesin öndə gedən isimləri haqqında portret oçerklər yazıb: Anar, Bəxtiyar Vahabzadə. Xəlil Rza Ulutürk, Sabir Əhmədli, Yaşar Qarayev, Kamal Talıbzadə, Şirindil Alışanlı, Aqil Abbas, Tofiq Qəhrəmanov, Kamal Abdulla, Nizami Cəfərov, Vaqif Bəhmənli və başqaları; hamının adını çəksəm uzun bir siyahı alınar. Lakin Tehran portret oçerklərə özünəməxsus yeni çalarlar gətirir, onu rəsmilikdən və təsvirçilikdən çıxararaq obyekti (yazıçı, şair, dramaturq, tənqidçi) yaradıcılıq diskursuna tabe edir.

Tehranın istər ədəbi tənqidi yazılarında, istərsə də ədəbiyyatşünaslıq araşdırmalarında bir Mən var. Bəzən bu Mən elə yazılarının içindəcə təbiətinə uyğun olaraq və çox təbii şəkildə (əlbəttə, yeri gəldiyində) özünün narazılığını bildirir, yaxud ömrünün hansı məqamındasa ona edilən haqsızlığı dilə gətirir, sanki onu yazmasa, heç kim onu görməyəcək. Bu onun içindən gəlir, hər zaman öz varlığını, kimliyini qoruyub saxlamaq hissindən, bəlkə də tamamilə haqlı olaraq görünmək istəyindən doğur.

Tehranın nisbətən kölgədə qalan fəaliyyət istiqamətlərindən biri də müəllimliyidir. Mənə elə gəlir ki, bu magistral xətt onun təbiəti ilə tamamilə mütənasibdir. Onu tələbələr çox sevir, "bizə AMEA-nın müxbir üzvü Tehran Mustafayev mühazirə deyir", - deyə məmnundular. Tehran bu sahədə bir neçə proqramlar və dərsliklər yazıb. Magistr və doktorantura hazırlığı üzrə bir çox gənclər onun rəhbərliyi ilə elmə vəsiqə almışlar. Hətta onların yazılarını özünün yaratdığı və redaktoru olduğu "Tənqid.net" dərgisində vaxtaşırı dərc edir. "Tənqid.net" demişkən, çağdaş ədəbi prosesin güzgüsü olan bu dərgi Tehranın həyatda həyata keçirmək istədiyi və buna nail olduğu ən uğurlu layihələrdən biridir.

Tehranla məni bağlayan bəzi nüanslar da var; mən təkcə tədqiqat  mövzularımızda kəsişən cəhətləri demirəm. Tale elə gətirib ki, ikimiz də Ədəbiyyat İnstitutunda müdafiə etsək də, elmi işçi kimi burada işə gec başlamışıq. Bir müddət mətbuatda (o, ədəbi, mən hərbi) işləmişik, doxsanların sonunda institutda eyni şöbədə işə başlamışıq, yeni minillikdən Bakı Slavyan Universitetində eyni kafedrada işləyirik. Doktorluq dissertasiyamızı bir çox əngəllərə rəğmən, yaxın bir arada müdafiə etmiş, eyni gündə təsdiqimizi və diplomumuzu almışıq...

Tehranın ədəbi, elmi fəaliyyəti yarım əsrə doğru yol alır; son dərəcə məhsuldar, fasiləsiz, enişli-yoxuşlu, yenilikli, yüksəlişli bu sabit yolda ona uğurlar arzulayıram!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!