Sirlərin sərgüzəştlərindən katarsisə - İsa HƏBİBBƏYLİ yazır

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında postmodern ədəbiyyatın əsas yaradıcısı kimi təsbit olunan Xalq yazıçısı, akademik Kamal Abdullanın bədii əsərləri, hər şeydən əvvəl, bədiilikdə elm faktorunun birgə fəal iştirakı ilə səciyyələnir. Daha doğrusu, elmi idrakla bədii düşüncənin hər iki qanadında özünü isbat etmiş Kamal Abdulla həm də elmi baxışın ədəbiyyatın inkişafı üçün ikinci mühüm nəfəs olduğunu özünün orijinal bədii əsərləri ilə təsdiqləmişdi. Fikrimcə, Kamal Abdullanı Azərbaycanda postmodern ədəbiyyatın yaradıcısı olmasına gətirən yol da onun yaradıcılığında elmi və bədii düşüncənin dialektik vəhdətinə doğru atılmış düşünülmüş addımlarla üzvü surətdə əlaqədardır. Demək olar ki, məsələnin bu cəhəti, yəni elmiliklə bədiiliyin mütənasib sintezi Kamal Abdullanın bütün əsərləri üçün səciyyəvidir. Aydın surətdə görünür ki, Kamal Abdulla yaradıcılıq prosesində bədii təxəyyülün, yazıçı fantaziyasının sərhədləri daralanda elmi idrakla ona yeni nəfəs verməyi bacarır. Bədii əsərlərinin mətnindəki postmodernist gəzişmələrdə ənənəvi mövzunu, məlum süjetləri dekonstruksiya etmək, ona yeni don geydirmək üçün o, ədəbi əsərdə elm amilindən yaradıcı şəkildə faydalanmaq vəzifəsinin öhdəsindən gəlməyi böyük məharətlə həyata keçirir. İndiki halda artıq Kamal Abdullanın fərdi yaradıcılıq üslubunun möhürbəndinə çevrilmiş bu yanaşma tərzi Azərbaycan ədəbiyyatında fərqli bir istiqamətin də aparıcı xüsusiyyətlərindən biri kimi özünü təsdiq etmişdir. Beləliklə, Kamal Abdulla böyük zəhməti və qabiliyyətləri hesabına elmdə akademik rütbəni, ədəbiyyatda Xalq yazıçısı fəxri adını almaqdan başqa, həm də bədii yaradıcılıqda elmlə ədəbiyyatın mükəmməl sintezini yaratmış yeni tipli yazıçı-alim modelinin də mükəmməl bir daşıyıcısıdır. Bu tərzdə yazılmış "Yarımçıq əlyazma" romanının müəllifinə və Azərbaycan ədəbiyyatına qazandırdığı şöhrət seçilmiş yolun üstünlüklərini və yaşarılığını təsdiq edir.

Bu baxımdan Kamal Abdullanın 2019-cu ildə nəşr edilmiş "Sirlərin sərgüzəşti" romanı da Xalq yazıçısı təcrübəsi ilə akademik yanaşmaların üzvü əlaqəsindən yaranmış orijinal bədii əsərdir. Bu roman Kamal Abdullanın elmi və bədii əsərlərindəki paralelliklərin sintezinin yaradıcı şəkildə davamıdır. Əslində, "Sirlərin sərgüzəşti" Kamal Abdullanın romanı olmaqla bərabər, həm də onun elmi baxışlarını və ideyalarını bir yerdə əks etdirən ciddi və əhəmiyyətli bir əsərdir. Xüsusən, "Kitabi-Dədə Qorqud" dastanları ilə əlaqədar "Sirlərin sərgüzəşti" romanında təsvir edilmiş motivlər bundan əvvəl Kamal Abdullanın bu möhtəşəm Azərbaycan oğuznaməsinə həsr olunmuş elmi əsərlərində haqqında söz açdığı məsələlərin yeni tərzdə təqdim olunmasından ibarətdir. "Sirlərin sərgüzəşti" daxil edilmiş Beyrək-Banuçiçək, Basat-Təpəgöz süjetlərində Kamal Abdulla elmi əsərlərində tezis kimi səsləndirdiyi mətləbləri daha real, canlı və həyati şəkildə təqdim etmişdir. "Sirlərin sərgüzəşti" romanındakı "Kitabi-Dədə Qorqud" motivləri "Gizli Dədə Qorqud" və ya "Kitabi-Dədə Qorqud"un poetikasına giriş" monoqrafiyalarında haqqında bəhs olunan elmi ideyaların yaradıcı şəkildə inkişaf etdirilmiş roman variantıdır. Beyrəklə Banuçiçəyin "savaşında" dastanda olduğu kimi Basatın deyil, Banuçiçək xanımın qalib gəlməsi ideyası, yaxud dastandan fərqli olacaq Təpəgözün "yunan adalarından gəlmə" və müəyyən insani keyfiyyətlərə malik varlıq olması mətləbləri Kamal Abdullanı uzun illər ərzində məşğul edən məsələlər sırasındadır. "Sirlərin sərgüzəşti" romanında həmin məsələlərdən söz açmaqla o, öz versiyasının müəyyən həyati əsaslara malik olduğunu göstərmiş, irəli sürdüyü mətləbi və ya ideyanı daha da kütləviləşdirməyə çalışmışdır. "Kitabi-Dədə Qorqud" boylarının xalq arasında müxtəlif variantlarının olduğunu nəzərə alsaq, Kamal Abdullanın yaratdığı Beyrək-Banuçiçək, Basat-Təpəgöz süjetlərinin roman versiyası, sanki oğuz dastanının variantlarından biri təəssüratı yaradır. Bununla belə, Kamal Abdulla böyük ustalıqla özünü illərdən bəri düşündürən müəyyən elmi ideyaları və ya detalları roman dilində səsləndirməklə bərabər, həm də əsərin ümumi süjetinə uyğun olaraq "Sirlərin sərgüzəşti" seriyasına daxil etmişdir. Əsər boyu baş verən bütün hadisələr kimi, romandakı Dədə Qorqud motivlərinin də Hacı Mir Həsən ağa Səyyahın risaləsinin fəsilləri kimi təqdim edilməsi, tarixçi professor Həsən Hüseynovun araşdırma kağızlarında "zühur etməsi" formatında oxuculara çatdırılması məlum süjetlərə yeni bir roman həyatı qazandırmışdır. Digər məsələlərdə olduğu kimi, Dədə Qorqud süjetlərinə yenidən qayıdışda da Kamal Abdulla özünü təkrar etməmiş, mövcud elmi düşüncəsini fərqli və yaradıcı şəkildə inkişaf etdirmişdir. Hətta Kamal Abdulla "Sirlərin sərgüzəşti" romanında özünün "Kitabi-Dədə Qorqud" dastanları ilə əlaqədar elmi ideyalarına müəyyən əlavələr də etmişdir. Belə ki, o, elmi əsərlərində nəzərə çarpmayan oğuz tayfalarından olmayan qəhrəmanların, məsələn Qanturanın "kafir qızı" Selcan xatunla, yaxud Dədə Qorqudun "gəlmə" Təpəgözlə hansı dildə danışması məsələlərini ilk dəfə "Sirlərin sərgüzəşti"nin təqdim etdiyi "sirlərin" sırasında səsləndirilmişdir. Elmi əsərlərində tezis şəklində ifadə etdiyi mətləbləri romanının fəsillərinə çevirən Kamal Abdulla, yəqin ki, bədii əsərində qaldırdığı problemə yeni elmi araşdırmaları ilə aydınlıq gətirəcəkdir. Elmi idrakla bədii düşüncənin vəhdətindən yoğrulmuş digər əsərləri kimi, "Sirlərin sərgüzəşti" romanı da tam mənası ilə Kamal Abdullanı yaradıcı şəxsiyyət kimi də, elm adamı kimi də tamamlayır. İlk dəfə olaraq romandakı sirlərin sərgüzəştinin "carçısı" Hacı Mir Həsən ağa Səyyah obrazının Kamal Abdullanın prototipi olmasının müəllif tərəfindən sezdirilməsi yazıçı Kamal Abdulla ilə akademik Kamal Abdullanın nə qədər vəhdətdə olduğunu təsəvvür etməyə imkan verir. Xalq yazıçısı, akademik Kamal Abdulla kimi, Hacı Mir Həsən ağa Səyyah da bir bədii əsər qəhrəmanı olaraq özündə coğrafiyaçı və mətnşünas alimlə sirlərin sərgüzəşti risaləsini roman şəklində ifadə edən yaradıcı şəxsiyyət sifətində ifadə olunan, mükəmməl surətdə işlənmiş və ümumiləşdirilmiş bədii obrazdır. Kamal Abdulla "Sirlərin sərgüzəşti" romanında Hacı Mir Həsən ağa Səyyahın onun özü olduğunu bildirməklə bu vaxta qədərki əsərlərində, xüsusən "Sehrbazlar dərəsi" romanında təsvir etdiyi Səyyahın üzündən "bədii obraz" niqabını götürmüşdür. Fikrimcə, Kamal Abdullanın tədqiqatçıları onun yaradıcılığını tədqiq edərkən məsələnin bu cəhətinə diqqət yetirməklə məsələlərə yenidən qiymət verməli olacaqlar.

"Sirlərin sərgüzəşti" romanında Kamal Abdullanın digər bədii əsərlərindən "gəlmə" motivlər vardır. Əsərdə Məhəmmədəlinin oğlu Novruzəlinin sərgüzəştlərinin təsvirində "Sehrbazlar dərəsi" romanından alınma məqamlar nəzərə çarpır. Əsərin sonunda isə "Unutmağa kimsə yox" romanının fəlsəfəsinə fərqli bir formada qayıdış müşahidə olunur. Əvvəla, hər iki halda "Sirlərin sərgüzəşti"ndə əvvəlki əsərlərindən gəlmə motivlər epizodik cizgi xarakteri daşıyır. İkincisi və fikrimcə, ən mühümü isə bundan ibarətdir ki, Kamal Abdulla yaradıcılığındakı məlum motivlərə yenidən müraciət edərkən həmin mövzu ilə əlaqədar qabaqkı əsərlərində demədiyi, yaxud demək istəmədiyi mətləbləri indi, yeni bədii əsərində fərqli şəkildə səsləndirmək istəmişdir. Beləliklə, ona doğma olan mövzular və süjetlər daim əsərdən-əsərə dialektik inkişaf prosesləri yaşayaraq və ardıcıl şəkildə yeniləşərək, dərinləşib daha da təkmilləşir. Bu faktor Kamal Abdullanın yaradıcılığının bütöv mənzərəsini tamamlayır və onun yaradıcılıq təkamülünü əhatəli şəkildə izləməyə imkan verir.

Kamal Abdullanın "Sirlərin sərgüzəşti" romanı çoxplanlı əsərdir. Roman janrı üçün xarakterik olan çoxplanlılıq ədəbi ənənədə daha çox seçilmiş həyat materialının, yaxud əsərin əsas qəhrəmanının təqdimatındakı müxtəlif istiqamətlərin, qatların əks etdirilməsi funksiyalarının bədii mətndə öz əksini tapması kimi qəbul edilir. Kamal Abdullanın "Sirlərin sərgüzəşti" romanında isə çoxplanlılıq bir-birindən fərqli məkanlarda və ayrı-ayrı qəhrəmanlara aid olan hadisələrin və obrazların vahid süjet xətti ətrafında birləşdirilməsi formatında təqdim olunur. Müxtəlif insanların həyatında və taleyindəki "sirlərin sərgüzəştləri" onları tale, baxış etibarilə bir-biri ilə yaxınlaşdırır və doğmalaşdırır. Bununla belə, "Sirlərin sərgüzəşti"ndəki aparıcı obrazlardan hər birinin taleyinin təsviri ayrılıqda həm də müstəqil bir bədii əsər təəssüratı yaradır. "Sirlərin sərgüzəşti"nin içərisində tanınmış tarixçi alim Həsən müəllimin romanı, tacir Məhəmmədəlinin Çərxi-fələk ölkəsinə işıq axtarmağa getmiş oğlu Novruzəlinin və onun qardaşı xudpəsənd Nəzərəlinin povesti, əsərin sonlarına yaxın haqqında söz açılan Hacı Ələkbərin hekayəti, hətta məchul şəkildə sənətkar adlandırılan mütəfəkkir şəxsin novellası yerləşdirilmişdir. "Sirlərin sərgüzəşti" roman içərisində roman yaratmaq nümunəsidir. Kamal Abdulla paralel süjetləri "sirlərin bir-birinin içinə girməsi" və ya "sirlərin bir-birinə qarışması" kimi təqdim edir. Yazıçı Hacı Mir Həsən ağa Səyyahın "Səyahətnamə" risaləsinin timsalında sirlərin sərgüzəştlərini "yerbəyer etmək" yox, "hansı şəkildə, neçə və nə təhər", "heç bir düzəliş aparmadan" qələmə almağı ən məqbul üsul hesab edir.  "Sirlərin sərgüzəşti" romanı oxucuya (tədqiqatçıya da - İ.H.) əsərdə təsvir olunan həyat materialını, insan talelərini bütün yönləri ilə başa düşməyə, daha dəqiq desək, hərtərəfli şəkildə dərk etməyə əsas verir. "Sirlərin sərgüzəşti"ndə bir-birindən fərqli sirlərin vasitəsilə bütövlükdə cəmiyyətin və insanın dərindən təqdim edilməsindən açar kimi istifadə edilməsi Kamal Abdullanın yazıçı özünəməxsusluğunun bədii ifadəsi olmaqdan başqa, həm də dünyanın qavranılması üsulu kimi nəzərə çarpır. Müəllif müxtəlif taleli insanların tale romanlarını ""Sirlərin sərgüzəşti"nə cəmləşdirmiş, fərqli həyat hadisələri ilə müşayiət olunan süjetlərdən bənzər, ümumiləşdirilmiş nəticələr çıxarmışdır. Beləliklə, "Sirlərin sərgüzəşti" "gəlimli-gedimli", sirli-soraqlı dünyanın harmoniyası haqqında yazılmış orijinal romandır.

Fikrimizcə, Kamal Abdullanın "Sirlərin sərgüzəşti" romanı Azərbaycan postmodernist ədəbiyyatının əhəmiyyətli bir nümunəsidir. Bu, yəni postmodernist baxış əsərin bir çox məqamlarında aşkar müşahidə olunmaqdadır. Əvvəla, "Sirlərin sərgüzəştləri"ndəki hadisələrin demək olar ki, folklor motivləri üzərində qurulması, şifahi xalq ədəbiyyatı materiallarından alınma süjetlərin romanda təsvir olunan həyatı prosesləri axara salmaq funksiyasını yerinə yetirməsi postmodern yanaşmadır. Romana əlavə süjet kimi daxil edilmiş "pəhləvanların nağılı" da bitməmiş, tamamlanmamış, lakin özünəməxsus bədii funksiya daşıyan yarımçıq əlyazma təəssüratı yaradır. İkincisi, əsərdə folklor materiallarının, xüsusən də "Kitabi-Dədə Qorqud" boylarındakı motivlərin dekonstruksiya edilməsi həm də postmodernizmin təzahürləridir. Hadisələrin və obrazların təqdimatında zamanın şərti anlayış kimi illər, yaxud tarixlər əsasında deyil, fəsillər üzrə təqdim olunması da postmodernizmdən başqa bir şey deyildir. Kamal Abdulla orijinal xüsusiyyətlərə malik "Sirlərin sərgüzəşti" romanı ilə Azərbaycan postmodernist ədəbiyyatını daha da zənginləşdirmişdir. "Sirlərin sərgüzəşti" romanı Azərbaycan ədəbiyyatında posmodernizmin yaşamaqda davam etdiyini əyani surətdə nümayiş etdirir.

Kamal Abdullanın "Sirlərin sərgüzəşti" əsərindəki əsas motivlər "təkcənəlik" və "gərəksizlik" ideyaları üzərində qurulmuşdur. Qeyd etmək lazımdır ki, "Təkcənəlik" sözünü neologizm kimi ilk dəfə ədəbiyyata Xalq yazıçısı Kamal Abdulla gətirmişdir. O, həm də Həsən müəllim obrazının simasında bu cür həyat tərzinin faciəsini də inandırıcı şəkildə təsvir etmişdir. Həsən müəllim "təkcənəliyin" - tənhalığın, həyatdan tədric olunmağın ibrətamiz acı nəticələrini əks etdirən ümumiləşdirilmiş obrazdır. İndiyə qədərki ədəbiyyatda tənhalıq əsasən şəxsiyyətin, fərdin faciəsi kimi təqdim olunmuşdur. Kamal Abdulla isə "təkcənəliyi" şəxsiyyətin və onu əhatə edən mühitin, nəticə etibarilə cəmiyyətin faciəsi kimi ümumiləşdirmişdir. Bu məqamda ən sonda doğma ocağını tərk edərək qeyb olmuş Həsən müəllimlə, insanlığın sirlərin açıb göstərdiyi üçün qaragüruhun yaratdığı ölüm təhlükəsi ilə üzləşərək evi yandırılmış, özü mağaraya sığınmış Hacı Mir Həsən ağa Səyyahın acınacaqlı taleyi üst-üstə düşür. Hətta Çərxi-fələk şəhərində arzu etdiklərini tapa bilməyən, vətəninə dönmək üçün Sindbadla birlikdə vahiməli dəniz səfərinə çıxmağa məcbur olan, son taleyi naməlum qalan Novruzəlinin aqibəti də mahiyyət etibarilə onlarla yaxındır. Zahirən belə görünə bilər ki, müəllif oxucusunu "təkcənəlik"dən yaxa qurtarmağın mümkünsüzlüyünə inandırmaq yolunu tutmuşdur. Fikrimcə, yox! Kamal Abdulla "Sirlərin sərgüzəşti"ndə yekun olaraq romanda təsvir etdikləri obrazların həyatının sonluğunu naturalist şəkildə açıb göstərmək yox, baş verən acı hadisələrdən müstəqil və obyektiv nəticə çıxarmaq missiyasını oxucunun ixtiyarına buraxmaq vasitəsilə onu mənəvi təmizlik baxımından seçim qarşısında qoyur.

"Sirlərin sərgüzəşti" - ağılın, idrakın ağrılı sərgüzəştləridir.

"Sirlərin sərgüzəşti"ndən çıxan əsas nəticə insanın mənəvi cəhətdən təmizlənməsi, katarsisdir.

"Sirlərin sərgüzəşti" romanı "Yarımçıq əlyazmanın davamı, "Sehrbazlar dərəsi"nin dərinləşdirilməsi, "Unutmağa kimsə yox" fəlsəfəsinin ümumiləşdirilməsi olmaqla bərabər, ideal eşqin daşıyıcısı odunçu Əhmədin, vəfalı və cəfakeş övlad missiyasını məsuliyyətlə yerinə yetirən Həlimənin, onun qızı, bir neçə cümlə ilə babası Həsən müəllimin obrazını cızan balaca Bəyinin, nankor övladların Əliqismətin, Zaurun... başlanğıcıdır.

Bu mənada "Sirlərin sərgüzəşti"ndən Kamal Abdullanın bundan sonrakı yaradıcılıq macərasını da hiss etmək, görmək mümkündür.

"Sirlərin sərgüzəşti" Kamal Abdullanın həyatın və ədəbiyyatın təzə "sirləri" yollarında ciddi axtarışların içərisində olduğunu diqqətə çatdıran orijinal roman nümunəsidir.

"Sirlərin sərgüzəşti" sadəcə yalnız sərgüzəştlərin təsviri olmayıb, seçilmiş həyati sərgüzəştləri böyük sənət hadisəsi səviyyəsinə qaldıran əsl ədəbiyyat nümunəsidir.

Əsərdə Hacı Mir Həsən ağa Səyyahın sığındığı mağara ideal bir cəmiyyətin yox, əbədiyyətin rəmzidir. Kamal Abdulla "Mağara xilas yeridir, oranı tərk etmək olmaz" - dedikdə də mağaranı qəhrəmanların düşdükləri çətin vəziyyətlərdən çıxış yolu üçün məkan kimi seçmələrini təqdir etməyib, mənəvi cəhətdən çirklənmək və ya alçaldılmaqdansa, hətta mağarada yaşamağı seçmək daha məqbul yoldur - mesajını vermişdir.

Kamal Abdulla oxucusunu mənəvi baxımdan təmizləmək  üçün dərindən düşünməyə, heç bir hazır resept vermədən özünü və ətrafı təhlil edib nəticələr çıxarmağa istiqamətləndirir. Romanın sonlarına doğru, süjetin razvyazka hissəsində yaşanan qorxu, həyəcan və stress oxucuda böyük yunan alimi Aristotelin kəşf etdiyi katarsis-mənəvi təmizlənmə prosesinin baş verilməsinə tam şərait yaradır. Böyük ədəbiyyatın əbədi, əzəli yolu və əsl yazıçının idealı da bu şərəfli missiyaya xidmət etməkdən ibarətdir.

5 yanvar 2020-ci il

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!