Azərbaycan ədəbiyyatı tarixi: konseptual modelləşdirmə təcrübəsi - Seyfəddin RZASOY

 

Artıq xeyli müddətdir ki, milli filoloji fikir dövriyyəsində 10 cilddə buraxılması nəzərdə tutulmuş "Azərbaycan ədəbiyyatı tarixi"nin akademik İsa Həbibbəylinin redaktorluğu ilə çap olunmuş birinci cildinin (Azərbaycan ədəbiyyatı tarixi. On cilddə, I cild. Şifahi xalq ədəbiyyatı. Bakı: "Elm", 2018, 1072 s.) müzakirəsi gedir. Müzakirələri əlamətdar edən və o cümlədən onları "vahid bir xətt" ətrafında birləşdirən cəhət yeni nəşrin milli ədəbiyyat tarixçiliyimizin artıq iki əsri əhatə edən təcrübəsi tarixində ilk dəfə olaraq "konseptual modelləşdirmə" əsasında hazırlanmasıdır. Başqa sözlə, bütöv 10 cild və o cümlədən onun birinci cildi akademik İsa Həbibbəyli tərəfindən milli ədəbiyyatımızın tarixini onun şərti başlanğıc nöqtəsindən tutmuş bugününə qədər əhatə edən konsepsiya şəklində modelləşdirilmişdir. Müstəqillik dövründə filoloji zamanın epoxal hərəkət dinamikasının ifadəsi kimi meydana çıxmış bu yeni ədəbiyyat tarixi konsepsiyası, hətta onu aprobativ modeldən keçirmədən belə, konseptuallığa iddiası ilə diqqəti cəlb edir. Axı üç epoxa (sovetə qədər, sovet dövrü və postsovet) kontekstində "ibtidalıq" və siyasi konyunkturadan azad ilk "universal" ədəbiyyat tariximiz hələlik yalnız I cildi çap olunmuş bu 10 cildlikdir.

Ədəbiyyat tarixçiliyimizin (sovetəqədərki) birinci epoxası bütün təcrübələri ilə ilk mərhələdir və "ibtida"lıq onun əsas mahiyyətini təşkil edir.

Sovet dövrünü əhatə edən ikinci mərhələdəki ədəbiyyat tarixçiliyinin əsas xüsusiyyəti onun ardıcıl şəkildə təkmilləşdirilməsidir. Az qala, bütöv bir əsri əhatə edən bu mərhələ "sosializm realizmi" metodoloji yanaşma modelinin prinsiplərini həmişə sərt normalar çərçivəsində əks etdirirdi. Rus-sovet tarixçiliyinin Azərbaycan xalqı üçün müəyyənləşdirdiyi etnogenez modelinə əsaslanan "Azərbaycan ədəbiyyatı tarixi"ndə "etnik-ədəbi varislik", "etnopoetik düşüncənin fasiləsizliyi" kimi konseptlər ümumiyyətlə yox idi. Adı "Azərbaycan ədəbiyyatı tarixi" olsa da, bu ədəbiyyat tarixi, əslində, "Azərbaycanda ədəbiyyatın tarixi" kimi reallaşdırılırdı. Bunda da əsas məqsəd türk etnik substratının Azərbaycan tarixi və ədəbiyyat tarixindəki konseptual rolunu inkar və təhrif etmək idi. Bu "antitürk missiya" əvvəlcə etnik-bədii düşüncənin əsaslarının təhrifi, yad etnopoetik qaynaqlara müncər edilməsi ilə başlanır, Orta əsrlərdə bədii mətnlərin tam sosializm realizmi (sinfilik, xəlqilik və s.) prinsipləri baxımından təfsiri ilə davam edir, "müasir" dövrdə "tam sovetləşmiş" ədəbiyyatla davam etdirilirdi. Əslində, bu da bir "mükəmməl" ədəbiyyat tarixi modeli idi. Ancaq mahiyyəti etibarilə antidialektik, antimilli idi və hər yeni epoxada cildini dəyişən "velikorus" şovinizminin maraqlarına xidmət edirdi. Bu da, öz növbəsində, bütöv XX əsr ərzində "Azərbaycan ədəbiyyatı tarixi" ilə "Azərbaycanda ədəbiyyatın tarixi" konseptlərini vahid modeldə birləşdirməyə heç vaxt imkan vermədi.

10 cildlik ədəbiyyat tarixi konsepsiyasının müəllifi akademik İsa Həbibbəylidir. Müəllif "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" adı altında xeyli müddət elmi fikir dövriyyəsində müzakirə  obyektinə çevirdiyi konsepsiyasını təkmilləşdirərək, birinci cildə müqəddimə statusunda daxil etmişdir.

Akademik İsa Həbibbəylinin baxışlarına görə:

"Azərbaycan ədəbiyyatı - uzun bir dövr ərzində Azərbaycan xalqının bədii dühasının yaratdığı çoxəsrlik və zəngin ədəbiyyatdır.

Azərbaycan xalqının milli-mənəvi dəyərləri, adət-ənənəsi, mənəviyyatı, mübarizəsi və idealları bu ədəbiyyatın ana xəttini, əsas qayəsini təşkil edir.

Bu - böyük ənənələri olan, Azərbaycan xalqının milli varlığını əks etdirən və onu dünyaya təqdim edən ədəbiyyatdır.

Bu - Azərbaycan xalqının milli özünəməxsusluğunun ədəbi kimliyidir.

Bu - ümummilli idealları əsrdən-əsrə yaşadan və inkişaf etdirən böyük ədəbiyyatdır.

Bu - Azərbaycançılıq idealının ədəbi manifestidir!".

Akademikin dövrləşdirmə konsepsiyasından sitat verdiyimiz bu ilk abzas, mahiyyəti etibarilə, müəllifin "Azərbaycan ədəbiyyatı" konseptinə verdiyi tərifdir. Bu tərifdə onun "Azərbaycan ədəbiyyatı"nın tarixinə, ədəbi, bədii, estetik mahiyyətinə, bədii təkamül dinamikasına, funksional poetikasına, milli mahiyyətini müəyyənləşdirən identifikativ işarələr sisteminə baxışları ifadə olunmuşdur. Bu cəhətdən İsa Həbibbəyliyə görə:

- "Azərbaycan ədəbiyyatı" zaman müstəvisində milli etnik mədəniyyət tarixinin bütün epoxal keçidlər sistemini və fasiləsiz inkişaf dinamikasını özündə əhatə edən ədəbi-bədii proses hadisəsidir;

- "Azərbaycan ədəbiyyatı" milli düşüncə müstəvisində bütün poetik strukturu etibarilə etnosun milli-mənəvi həyat təcrübəsini inikas edən milli ədəbiyyat hadisəsidir;

- "Azərbaycan ədəbiyyatı" ənənə müstəvisində malik və mənsub olduğu nəhəng bədii ənənə coğrafiyasının hüdudlarını aşmağı bacarmış, transmilli ənənələr kontekstinə qalxmış və bu zaman öz milli estetizmini dünya ədəbi ənənələr dövriyyəsinə transformasiya etməyə nail olmuş fövqələnənə hadisəsidir;

- "Azərbaycan ədəbiyyatı" bədii məkan-zaman kontinuumunun bütün səviyyələrində milli düşüncə kodlarının funksionallığını qorumaqla "özü" olaraq qalmağı bacarmış ədəbi kimlik hadisəsidir;

- "Azərbaycan ədəbiyyatı" milli və bəşər idealları "ümummilli" modeldə funksionallaşdırmış nəhəng ədəbiyyat hadisəsidir;

- "Azərbaycan ədəbiyyatı" bir milli ədəbiyyat kimi, Azərbaycan etnik-mədəni sisteminin tarixi-etnik spesifikasını daim universal-humanitar modellər vasitəsilə funksionallaşdırmağı bacarmış, milli ədəbi tarix sisteminin bütün etnomozaik elementlərini vahid nüvə - "Azərbaycançılıq idealı" ətrafında düzə bilmiş və onun həyatiliyini günümüzədək qoruya bilmiş ümummilli ədəbi manifestasiya hadisəsidir.

Özünəqədərki "ədəbiyyat tarixlərinin" irili-xırdalı bütün təcrübələrini elmi aprobasiyadan keçirən İsa Həbibbəyli Azərbaycan ədəbiyyatı tarixinin yenidən dövriləşdirilməsi üçün konseptual baxımdan bu prinsipləri əsas götürmüşdür:

1. Azərbaycançılıq məfkurəsi;

2. Sivilizasiya faktoru;

3. Ədəbi-tarixi prosesin reallıqları;

4. Azərbaycanda ədəbi cərəyanlar.

Müəllif bu prinsiplərə əsaslanaraq Azərbaycan ədəbiyyatı tarixinin 10 inkişaf mərhələsini müəyyənləşdirmişdir:

1. Qədim dövr Azərbaycan ədəbiyyatı. Etnosdan eposadək (ən qədim dövrdən VII əsrə qədər).

2. Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc dövrü (VII-X əsrlər).

3. İntibah dövrü Azərbaycan ədəbiyyatı (XI-XII əsrlər).

4. Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər).

5. Azərbaycan ədəbiyyatında erkən realizm dövrü (XVII-XVIII əsrlər).

6. Azərbaycan ədəbiyyatında maarifçi realizm dövrü (XIX əsr). 

7. Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm epoxası (XIX əsrin doxsanıncı illərindən Azərbaycanda sovet hakimiyyətinədək).

8. Azərbaycan ədəbiyyatında sosializm realizmi dövrü (1920-1960-cı illər).

9. Milli-mənəvi özünüdərk və istiqlal ədəbiyyatı mərhələsi. Modernizm. (1960-1980-ci illər).

10. Müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatı (1991-ci ildən).

1000 səhifədən yuxarı "Azərbaycan ədəbiyyatı tarixi"nin I cildi bu 10 mərhələlik təsnifatın birinci mərhələsini əhatə edir. İsa Həbibbəyli yazır ki, "mövcud dövrləşdirməyə görə, qədim dövr Azərbaycan ədəbiyyatı, əsasən, şifahi xalq ədəbiyyatını əhatə etməsi ilə səciyyələnir və ədəbiyyatın mifoloji başlanğıcının, başqa sözlə, etnosdan  eposa qədərki bütün təzahür formalarını əhatə edir. Bu dövr milli şifahi təfəkkürün möhtəşəm yekunu olan eposun - "Kitabi-Dədə Qorqud" dastanının yaranması ilə tamamlanır".

Müəllifin yanaşmasından aydın olduğu kimi, Azərbaycan ədəbiyyatının birinci inkişaf mərhələsi mif-folklor-ədəbiyyat təkamül sxeminə əsaslanır. Bu, "mif-folklor-ədəbiyyat" münasibətlərinin dialektik strukturu baxımından tamamilə doğru yanaşmadır. Belə ki, milli ədəbiyyat tariximizin yenidən dəyərləndirilməsi (dövrləşdirilməsi) problemi folklor və mifologiya ilə sıx bağlıdır. "Mifologiya-folklor-ədəbiyyat" epoxal silsiləsi Azərbaycan ədəbi düşüncəsinin epoxal inkişaf tarixini nəzərdə tutur. Ədəbi irsə sinxron baxış, yəni onun çağdaş poetik dəyər və meyarlar kontekstində qiymətləndirilməsi diaxron-tarixi baxışı nəzərdə tutmadan heç vaxt dialektik-fəlsəfi bütövlük kəsb edə bilməz. Ona görə ki, ədəbiyyat tarixi şüurun forması kimi özünün təkamül mərhələlərinə malikdir. Ədəbi düşüncənin strukturunun bitkin sistem hadisəsi kimi dəyərləndirilməsi mif və folklor mərhələlərini nəzərə almadan mümkün deyildir. Bu cəhətdən, akademik İsa Həbibbəylinin  dövrləşdirmə modelində "Azərbaycan ədəbiyyatı" arxetipinin mifdən başlanması və eposda tamamlanması bədii düşüncənin inkişaf strukturu və dinamikasının bütün təzahür formalarını öz içərisinə alır. Belə ki, təkcə Azərbaycan ədəbiyyatı deyil, istənilən ədəbiyyat özünün bütün diaxron (tarixi) və sinxron (mövcud) strukturu ilə mifdən başlanır.     

Mif və folklor ədəbi düşüncənin həm diaxron, həm də sinxron struktur səviyyələrini təşkil edir. Bu, diaxroniya baxımından o deməkdir ki, ədəbiyyatın mətn, forma və məzmun göstəriciləri bütün hallarda tarixi inkişafı özündə əks etdirir. Ədəbi düşüncənin müasir keyfiyyət müəyyənliyi tarixlə şərtlənir və bu keyfiyyət müəyyənliyinin öyrənilməsi "mifin tarixi"nə müraciəti zərurətə çevirir.

Ədəbiyyat tarixinə sinxron baxış mif və folklorun struktur səviyyələri kimi yerinin ədəbi düşüncənin poetik struktur məkanında axtarılması deməkdir. Belə ki, həm mif, həm də folklor ictimai düşüncənin struktur laylarıdır. Mifdən folklora, folklordan ədəbiyyata inkişaf prosesində mif və folklor ədəbi düşüncənin struktur səviyyələrinə çevrilir. Bu baxımdan, ədəbiyyatın milli özünüifadə kodlarından biri kimi tarixi inkişaf kontekstində dəyərləndirilməsi onun mif və folklor kontekstlərində öyrənilməsini zərurətə çevirir.

Akademik İsa Həbibbəylinin təsnifat modelində də biz ümumən ədəbiyyatın, konkret olaraq milli ədəbiyyatın, bütövlükdə millətin, xalqın, etnosun yaranış nüvəsi olan mifin öz əhatə dairəsini genişləndirməsinin, onun folklora transformasiya olunmasının və eposda "milli ədəbiyyatı" modelləşdirən sinxron sistem halına gəlməsini müşahidə edirik. Bütöv birinci cild bu konseptual yanaşmanın gerçəkləşməsinə xidmət edir.

Qeyd edək ki, "qədim ədəbiyyat" elmi konsept kimi mürəkkəb anlayışdır. "Qədim ədəbiyyat" məfhumu bizim içərisində olduğumuz Avropa tarixşünaslığının xronometrik modeli baxımından "konkret" hüdudları olan dövrü əhatə etsə də, onun zaman sərhədləri və mündəricəsi milli ədəbiyyatlara münasibətdə dəyişkəndir. Bu, iki səbəblə müəyyənləşir:

Birincisi, bizim elmi şüurlarımıza hakim olan Avropa xronometrik modelinin milli tariximizin epoxal inkişaf mərhələlərini uyğun şəkildə əks etdirməməsi ilə;

İkincisi, akademik İsa Həbibbəylinin sözügedən xronometriyanın funksionallığına qeyri-adekvat olan, milli ədəbiyyat tarixçiliyimiz müstəvisində yeni ədəbi-bədii xronometrik model təklif etməsi ilə.

Bu cəhətdən akademikin "Qədim dövr Azərbaycan ədəbiyyatı" konseptində bədii zaman iki bir-birinə paralel şkalanı nəzərdə tutur:

1. Xronometrik vaxt anlayışı ilə müəyyənləşən şkala: "Ən qədim dövrdən VII əsrə qədər";

2. Bədii-epoxal faktura anlayışı ilə müəyyənləşən şkala: "Etnosdan eposadək".

Azərbaycan ədəbiyyatı tarixi özünün "ən qədim dövr" epoxasına malikdir və həmin epoxanın şərti başlanğıc nöqtəsi daim dəyişə bilər: yeni bədii faktura daim yeni başlanğıc yaradır. İkinci şkala isə akademik İsa Həbibbəylinin ədəbiyyat tarixinə özünəməxsus yanaşmasını əks etdirən tamamilə orijinal modeldir. Belə ki, müəllif "Qədim dövr Azərbaycan ədəbiyyatı" modelini "etnos"la başlayıb "epos"da tamamlayır.

Vurğulamaq istərdik ki, "ən qədim ədəbiyyatın" başlanğıc nöqtəsi kimi "etnos" konseptinin əsas olaraq götürülməsi, təkcə Azərbaycan ədəbiyyat tarixçiliyi deyil, ümumiyyətlə ədəbiyyat tarixçiliyi təcrübəsində yeni yanaşmadır. Belə ki, milli ədəbiyyat tarixinin başlanğıc, yaxud çıxış nöqtəsi kimi "etnos" konseptinin götürülməsi "tarixi" baxımdan özünü doğruldur.

"Etnos (onun ümumiləşmiş vikipedik tərifində deyildiyi kimi) insanların müəyyən bir ərazidə uzunmüddətli birgə yaşayışla, ümumi dil, mədəniyyət, həyat tərzi, özünüdərk və özünü adlandırma ilə birləşən və nəsilləri əhatə edən sabit qrupdur". Və bu mənada yeni "Azərbaycan ədəbiyyatı tarixi"nin "etnosla" başlanması oncildliyin "tarix" statusuna tamamilə adekvatdır.

"Etnos" ədəbi-estetik baxımdan nəhəng və ümumi hadisədir. Etnosun yaratdığı ədəbiyyat onun mədəniyyətidir. Bu cəhətdən ədəbiyyatın başlanğıc nöqtəsi kimi "etnos"un götürülməsi "ədəbiyyat tarixi"nə daha ümumi, daha universal olan "kültür" prizmasından baxışdır.

Akademik İsa Həbibbəylinin dövriləşdirmə konsepsiyasında "Qədim dövr Azərbaycan ədəbiyyatı" mərhələsi bədii materiya olaraq "mif"dən başlanır, "folklor"dan keçir və "epos"da tamamlanır. O, bir müəllif kimi bu mərhələni göstərilən sxem üzrə çox aydın şəkildə modelləşdirmişdir. Bu baxımdan belə hesab edirik ki, akademikin "Etnosdan eposadək" mərhələsinin adında "mif"i etnosun mədəni özünüifadə kodu və materialı kimi "etnos" anlayışının semantik nüvəsinə "yerləşdirməsi" bir tərəfdən "mif"in özünü onun "haqq etdiyi" arxetipik başlanğıc statusunda təsdiq etdiyi kimi, o biri tərəfdən də "etnos" anlayışını təkcə Azərbaycan ədəbiyyatı tarixçiliyinin təcrübəsində deyil, eləcə də beynəlxalq elmi təcrübə miqyasında yeni ədəbi-bədii anlayış kimi ədəbi-nəzəri fikir dövriyyəsinə daxil edir.

"Azərbaycan ədəbiyyatı tarixi"nin birinci cildi şifahi xalq ədəbiyyatını əhatə edir. Burada Azərbaycan şifahi xalq yaradıcılığının janrlar sistemi, poetik strukturu, tarixi, onun inkişaf dinamikası, milli özünəməxsusluğu, ədəbi-bədii xüsusiyyətləri və s. Azərbaycan folklorşünaslığının aparıcı müəllifləri tərəfindən geniş şəkildə əhatə olunmuşdur. 1072 səhifəlik kitabın, təqribən, 800 səhifəsini əhatə edən oçerklər, əslində, Azərbaycan folklorşünaslıq elminin son iki əsrdəki nəzəri-metodoloji təcrübəsini özündə əks etdirir. Bu cəhətdən həmin oçerklər həm də müasir Azərbaycan folklorşünaslığının səviyyəsi və həmin səviyyə ilə ifadə olunmuş elmi simasını da ortaya qoyur. Oçerk müəllifləri folklorun ayrı-ayrı janrlarını onların bütün poetik "ehtiyatları" səviyyəsində ortaya qoymağa çalışmış və buna birmənalı şəkildə nail olmuşlar.

Bütövlükdə götürdükdə, konsepsiyası akademik İsa Həbibbəyli tərəfindən  modelləşdirilmiş 10 cildlik "Azərbaycan ədəbiyyatı tarixi" milli mədəniyyət və ictimai düşüncəmizdə böyük hadisə olduğu kimi, onun artıq işıq üzü görmüş birinci cildi də həmin hadisəni uğurla təcəssüm etdirir. Milli müstəqillik onu "milli" olaraq şərtləndirən "hadisə"lərin reallaşdırılması ilə baş tutur. Bu, Azərbaycan ziyalılarının, o cümlədən filoloqlarının qarşısında yeni milli vəzifələr qoyur. Biz 10 cildlik "Azərbaycan ədəbiyyatı tarixi" konsepsiyası və onun birinci cildinə 70 yaşını tamamlamış akademik İsa Həbibbəylinin yeni ədəbi zamana çağırışlarının ifadəsi kimi baxır, onun rəhbərliyi ilə gerçəkləşmiş bu nəşri fundamental hadisə kimi qiymətləndirir və ona cansağlığı, yeni uğurlar arzulayırıq.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!