Cəlil Məmmədquluzadə: Əlyazma magiyası - Rüstəm Kamal yazır - Rüstəm KAMAL

Rüstəm KAMAL

 

Universitetdə Y.M.Lotman mühazirələrinin birində (konseptlərimə istinad edirəm, təəssüf ki, dar macalda həmin fikirləri kitablarından axtarıb dəqiqləşdirə bilmədim) magiyanı müəyyən işarə əməliyyatı ilə gerçəkliyi transformasiya etmək gücünə malik semiotik mexanizm kimi səciyyələndirmişdi. Mətnin yarandığı gerçəklik ilə mətnin təsvir etdiyi gerçəklik arasında münasibətlər magiya proseduru ilə tənzimlənir. Magiyanın mətnin məqsədi mövcud reallığı dəyişdirmək, yaxud  yenidən yaratmaqdır. Magik mətn dildənkənar gerçəkliyin dəyişməsinə və ya yaranmasına bir vəsilədir. (Dilin poetik və magik funksiyaları arasında oxşarlığı demək olar ki, bütün görkəmli  filoloqlar təsdiq edirlər).

Bu yazımızda bizi Mirzə Cəlil yaradıcılığında magik sferanın elementləri  (mərasimlər, falabaxma və s.), yaxud yazıçının məişət inancları deyil, fərqli modallı dünyaları, xəyali dünyanı olmuş-gerçək dünya kimi  yaratması, bir sözlə, dünyayaradıcı mexanizmləri "işlətməsi" maraqlandırır.

Belə magik mexanizmlərdən biri də əlyazmalardır. Yuxarıda qeyd etdiyim kimi, əgər poeziya (Mirzə Cəlil nəsri əsl poeziyadır!) xəyali dünyanın mövcudluğunu təmin edə bilirsə və onu aktual dünyanın bir hissəsi edirsə, deməli, burada "ənənəvi" magik vasitələrin köməyi və rolu olub...

Bir də ünlü alim onu qeyd edirdi ki, mətnin semantikası və predmeti ən azından iki dünya (burdakı dünya - ordakı dünya, keçmişdəki dünya - gələcəkdəki dünya) ilə bağlı olur.

"Danabaş kəndinin əhvalatları"nda yalnız müəllif, personaj və oxucu deyil,  eyni zamanda əlyazma iki dünyada mövcud olur.

Bədii mətn ilə aktual dünya bir-birinin içində olan məna məkanlarıdır. "Danabaş kəndinin əhvalatları"nda həm aktual dünya (real danışan, nağıl edən müəllifin tarixi dünyası), həm də bədii dünya (personajlar dünyası) iç-içədir. Əlyazmanın aktual dünyada varlığı həm də onu yazan müəlliflərin mövcudluğundan asılıdır.

"Danabaş kəndinin əhvalatları"nda Lağlağı Sadiq və Qəzetçi Xəlilin "müəllif olması" mətnin özünü "avtonomlaşdırır". Povestin əlyazması bizi hər ikisinin müəllif kimi varlığına inandırır. "Sonra hər nə Sadığın fikrinə gələrdi, hər bir yaxşı xəbərlər, əhvalatlar eşidərdi, ya qeyri bir mətləb yadına düşərdi, əlüstü gəlib məni tapırdı. Mən çıxardardım dəftəri, götürərdim qələmi və yazardım. Çünki bu dəftər həmişə mənim qoltuq cibimdə olardı və çünki mənim peşəm həməvəqt kəndləri dolanmaqda, mən hər bir xoş vaxtda dəftəri çıxardıb başlardım yazmağa".

Bu məqamı akademik İsa Həbibbəyli də vurğulayır: "Qəzetçi Xəlillə povestin müəllifinin adları (Cəlil-Xəlil) arasındakı oxşarlıq da təsadüfi fonetik səsləşmə olmayıb, prototiplə əlaqəni mənalandıran arqumentlərdən birinə çevrilir" (İ.Həbibbəyli. "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri").

Hətta onlar mətndə adları keçən personajları yaxından tanıdıqlarını bildirirlər. Əslində, Lağlağı Sadıq və Qəzetçi Xəlil özləri də əsərin personajlarıdır.

Yeri gəlmişkən, "Don Kixot"da da personajı müəllifə, müəllifi isə personaja çevirmək mexanizmindən istifadə olunur: "Oxşar dəyişmələr bizə təlqin edir ki, əgər xəyali personajlar oxucu və ya tamaşaçı ola bilirsə, onda biz də onlara münasibətdə mümkün xəyali oxucu və ya tamaşaçıyıq". (Borxesin  "Don Kixot"da gizli magiya" adlı  essesi).

Əlbəttə, mətnin mövcudluğu ilə və onun müəllifinin mövcudluğu fərqli metafizik məsələlərdir: mətnin (əlyazmanın) mövcudluğu zamandankənar xarakter daşıyır. Əlyazmanın xəyali müəllifdən real müəllifə keçməsi, yəni maddi obyektin poetik dünyadan aktual dünyaya yerdəyişməsi, əslində, "dünyalararası səyahət"dir. 

Povestin əlyazması vaxtında çap olunsaydı, Qəzetçi Xəlilin qoltuğundakı  dəftəri aktual dünyanın bir hissəsi olmaq statusunu itirərdi. Əlyazmanın varlığı həm də real müəllifin varlığı deməkdir. Nəhayət, M.T.Sidqiyə ünvanladığı 22 mart 1902-ci tarixli məktubda Mirzə Cəlil mətni yaradan müəllif kimi öz mövcudluğunu bildirir: "Dəxi nə yazım? Məmmədhəsən əminin eşşəyini istəyirəm yazıb göndərəm, senzor izn versin, İrəvanda çap elətdirim". Əlyazmanın "izi-tozu" itibsə, bu zaman müəllifin də mövcudluğu sual altında qalır. Amma bizə məlum olmayan səbəblərdən real müəllif (Mirzə Cəlil) onu öz sağlığında çap etdirmir və əlyazma uzun müddət xəyali "müəlliflərdə" - Lağlağı Sadıq və Qəzetçi Xəlildə "qalır".

Maraqlıdır ki, real müəllif (Mirzə Cəlil) personajların, məsələn, "Poçt qutusu"nda Vəli xanın, "İranda hürriyyət" hekayəsində Kərbəlayi Məmmədəlinin və Məşədi Molla Həsənin  məktublarını tam məzmunu ilə oxucuları tanış edir ki, bu da, sanki mətndənkənar bir müəllifin varlığını hiss etdirir.

C.Frezerin "Qızıl budaq" əsərindəki terminologiyadan (məsələn, yamsılayıcı magiya) istifadə edib, "İranda hürriyyət" hekayəsinə tətbiq etsək, görərik ki, qutsal yuxular çin olan kimi, məktubların layihələndirdiyi və yaratdığı dünya da gerçək olur. Aktual dünyanın absurdluğu Mirzə Cəlilə bu əlyazmanı yaratmağa imkan veribsə, əlyazma da, öz növbəsində, bu aktual dünyanın "real" və sabit tərkib hissəsinə çevrilir, yəni Məşədi Molla Həsən üçün yazılan məktub tərs düşüb. Kərbəlayi Məmmədəlinin "tale süjetini" yönləndirir...

Əlyazma təhlükəli nəsnədir. Əlyazma ilə təmas personajlara xeyir gətirmir. "Poçt qutusu"nda Novruzəlini məktub məsələsinə görə üç aylığa həbsə atırlar, Kərbəlayi Məmmədəlinin ("İranda hürriyyət") başına nə gəlir - məlumdur.... Mərhum ərinin vəsiyyəti ("Anamın kitabı") oxunandan sonra Zəhrabəyim huşunu itirir...

Həyatını və yaradıcılığını dərindən izləyəndə görürsən ki, Mirzə Cəlil həmişə, sanki imzasını, adını əlyazmalardan təcrid etmək istəyir. Yazı real obrazı qorumaq imkanıdır. İş otağının koridorunda divara vurulmuş yazı da: "xahiş edirəm əl verməyəsiniz və uzun danışıqla vaxt almayasanız" aktual dünyada olmamasına işarədir... 

Əlyazma ilə müəllif arasında magik əlaqə mövcud olur. Mirzə Cəlil inanırdı ki, əlyazma hər bir şəxsin əvəzedicisidir. Əlyazma, yazıya alma "o dünya"dan bəzi məlumatları qoruyub saxlamaq imkanıdır. Əlyazma "o dünya"nın atributudur. Bəlkə ona görə də əlyazmalarını oxumağı sevmirdi? "Və Allah şahiddir ki, mətnin üçün ondan ağır bir təklif yoxdur ki, özün yazdığın bir yazını öz əlinlə çıxardasan və onun-bunun qabağına tutub nişan verəsən. Məni tanıyanların heç birisinin yadına gəlməz ki, mən asanlıqla öz əsərimi çıxardam bir kəsə göstərəm, ya bir kəsə oxuyam" ("Xatiratım").

"Poçt qutusu"nun əlyazmasını Məhəmmədağa Şahtaxtlıya oxumağa verməsini də bu cür yozmaq olar: "Xəstə övrətimi Tiflisə gətirib burada "Şərqi-Rus" sahibi Məhəmməd ağa Şahtaxtlıya rast gəldim. Məhəmməd ağa küçədə mənə rast gəldi və apardı "Anunna" yeməkxanasına. Orada məni qonaq elədi və soruşdu ki, yazıdan-pozudan nəyin var? Mən cibimdən Novruzəlinin poçt qutusuna kağız salmaq hekayəsini çıxartdım verdim Məhəmməd ağaya. Ədibi möhtərəmimiz hekayəni oxuya-oxuya elə şiddətli gülürdü ki, qonşular bizə tərəf təəccüblə baxmağa başladılar" ("Tərcümeyi-halım").

"Molla Nəsrəddin" təxəllüsü bəlkə böyük yazıçının əlyazmalardan ayrılıb xəyali bir müəllifə çevrilmək cəhdiydi?! Qulam Məmmədlinin yazıya aldığı bir hadisə bu baxımdan yerinə düşür: "Mirzə Cəlil kəndlilərin həyat və məişəti ilə tanış olur, Molla Nəsrəddin olduğunu deyir. Kəndlilər "Molla Nəsrəddin"in jurnal olduğunu bilmədiklərindən onu əsl Molla Nəsrəddin hesab edirlər. Bir qoca kürd onun yanına gəlib xəstə qızını müalicə etməyi və dua yazmağı xahiş edir" (Q.Məmmədli. "Molla Nəsrəddin (salnamə)".

Əlyazmaya imza qoymaq təhlükəli aktdır. Əlyazma altında real imzanı qoymaqla "başqa dünya"ya qatılmış olursan. "Dekabrın axır günləri idi. Mirzə Cəlil və mən oturub çay içirdik. Mən ona mərhum atam haqqında bəzi söhbətlər etdim, onun sətəlcəm olub çox əziyyətlə ölməsini danışdım. Sonra atam haqqında yazdığım xatirənin bir dəftərini ona oxudum. Xatirəni maraqla dinlədi və yazıb davam etdirməyi məsləhət gördü".

Mirzə Cəlilə görə, Həmidə xanım əlyazmada atasının ölümünü xatırlayarkən onun ölümünü xəbər verir. Ona görə də soruşur: "Nə üçün dəftərin axırında imza qoymursan?". Bu sözləri deyib dərin nəfəs aldı və dedi: "Mən qəfildən öləcəyəm. Heç kəsi narahat etməyəcəyəm" ("Cəlil Məmmədquluzadə haqqında xatirələrim").

Həmidə xanım bir də xatırlayır ki, soyuq qış günlərinin birində, evi isitməyə heç nə tapmayan Mirzə Cəlil əlyazmalarını sobaya atıb yandırdı...

Əlyazmalar yanır və real Mirzə Cəlil də yox olur...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!