Nizami Gəncəvi poeziyasının hind qaynağı haqqında yeni tədqiqat - Nüşabə Araslı

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı ilə "Nizami Gəncəvi və "Kəlilə və Dimnə" motivləri" kitabı nəşr olunmuşdur. Kitabın tərtibçisi və Ön sözün müəllifi fil.ü.f.d., dos. Təhminə Bədəlova, elmi məsləhətçi akademik Teymur Kərimli, elmi redaktoru AMEA-nın müxbir üzvü Nüşabə Araslıdır.

Şərq bədii fikir tarixində yeni orijinal mərhələ təşkil edən Nizami yaradıcılığı özünəqədərki mədəni-mənəvi nailiyyətlər ilə yaxından bağlı olub klassik irsin ən gözəl ənənələri üzərində ucalmışdır. Doğma ədəbiyyatın qədim şifahi nümunələri, "Kitabi-Dədə Qorqud" dastanları, Y.X.Hacibin "Qutadqu bilik"i, Mahmud Qaşqarinin "Divanü-Lügat-it Türk" əsəri və başqa əski abidələrə dərindən bələd olan şairin qaynaqlandığı mənəvi sərvətlər içərisində "Avesta", "Min bir gecə", "Tutinamə", "Sindbadnamə" və başqa ədəbi nümunələrlə yanaşı, məşhur hind abidəsi "Kəlilə və Dimnə" də əhəmiyyətli yer tutur.

Tədqiqatçıların yekdil qənaətinə görə, "Kəlilə və Dimnə" əsəri əvvəlcə şifahi şəkildə yaranaraq hind xalqı içərisində yayılmış, sonralar brəhmənlər tərəfindən sanskrit dilində yazıya alınmışdır. Əsər özünün mənalı mündəricəsi və bədii məziyyətləri ilə din xadimləri, kahin və müdrik filosofların daima diqqət mərkəzində olmuş, zaman keçdikcə əlavə süjetlərlə həcmcə zənginləşərək təkmilləşmişdir. Sonralar isə yazıya alınaraq möhtəşəm ədəbi abidə kimi dünya miqyasında şöhrət qazanmışdır.

Məlum olduğu kimi, Sasanilər hakimiyyəti dövründə Ənuşirəvan şahın diqqətini cəlb edən bu əsər şahın göstərişi ilə həkim Bərzuyə vasitəsilə gizli yollarla İrana gətirilərək pəhləvi, sonralar isə Suriya dilinə tərcümə edilmişdir. Abbasilər xilafəti zamanında istedadlı münşi kimi şöhrət tapmış Abdullah ibn Əl Müqəffa (720-759) tərəfindən abidənin ərəb tərcüməsi meydana gəlmişdir.

Bu da məlumdur ki, "Kəlilə və Dimnə"ni fars poeziyasının ilk tanınmış nümayəndələrindən olan Rudəki şahın tapşırığı ilə fars dilində qələmə almışdır. Həmin tərcümə əldə olmasa da, Firdovsinin "Şahnamə"sində şairin qeydlərindən xalq içərisində geniş şöhrət qazanmış "Kəlilə və Dimnə" mövzularının ərəbcə tərcüməsi əsasında fars dilinə çevrilib Rudəkiyə çatdırılaraq (daha doğrusu, nəql olunaraq) nəzmə çəkildiyini öyrənirik. (Bax: "Kəlilə və Dimnə". Farscadan tərcümə edəni, şərh və izahların müəllifi professor Rəhim Sultanov. 4-cü nəşr. Bakı, 1989. Səh.321-322).

Abidə sonrakı yüzilliklərdə yunan, yəhudi və daha sonra latın dillərinə tərcümə olunaraq Avropada da yayılmağa başlamış, "Kəlilə və Dimnə"nin türk, özbək, tatar, monqol tərcümələri yaranmışdır. Şərq ictimai-bədii fikir tarixində özünün çoxcəhətli təsiri ilə seçilən bu əsər müxtəlif dillərə tərcümə olunmaqla yanaşı, dünya xalqları ədəbiyyatlarına da nüfuz edərək mənzum hekayə, təmsil, alleqorik səciyyəli hekayə-məsəl (süjetli məsəl) və başqa bu kimi ədəbi növlərin yaranması üçün də əsas təşkil etmişdir.

"Kəlilə və Dimnə" mövzuları Azərbaycan klassik ədəbiyyatında fəlsəfi, tarixi səciyyəli əsərlərdə özünü qabarıq göstərərək XI-XII əsrlər qəsidə ədəbiyyatından tutmuş epik şeirimizin əksər nümunələrində aydın əksini tapmışdır.

Azərbaycan xalqının dahi şairi Nizami Gəncəvi "Kəlilə və Dimnə" ilə yaxından tanış olmuş, "Xəmsə"sinə daxil poemalarında qədim abidənin ibrətamiz məzmunu və özünəməxsus poetik cizgilərinə xüsusi diqqət yetirərək ondan yaradıcılıqla faydalanmışdır.

"Kəlilə və Dimnə" əsərinin Nizami sənətinə təsirindən söhbət açılarkən ilk növbədə şairin "Xosrov və Şirin" poemasında dövrün görkəmli filosofu olan Bozorg Ümmidin Şirinin xahişi ilə "Kəlilə və Dimnə"dən 40 təmsil söyləməsi yada düşür. Abidənin qədimliyini, onun əxlaqi-tərbiyəvi səciyyəli mövzu və motivlərinin məşhurluğunu göstərən bu fəsildə heyvanlar aləmindən götürülmüş, canlıların dili ilə bir çox real məsələlər əksini tapır: ustad bilici həyati, vacib problemlərə, o sıradan ədalət, dövlətin idarəsi, şah və onun vəzifəsi, şahlığı şərtləndirən başlıca amillər, insan və cəmiyyət, başçı və xalq münasibətlərinə toxunur, ağıl, zəka və biliyin zəruriliyindən danışır. Nizami Bozorg Ümmidin abidə ilə bağlı düşüncələrində insan təbiətinin incəliklərindən də bəhs edərək bilicinin dili ilə oxucuya üz tutur, müasirlərini ehtiyatlı olmağa, boş xəyallar ardınca qaçmamağa, hiylə və riyadan çəkinməyə çağırır, diliuzunluq etməməyi, yersiz qürurdan, lovğalıqdan, tamahkarlıqdan, fitnəkarlıqdan əl götürməyi, dünyaya, var-dövlətə uymamağı, qəflətdən qurtarmağı, yaxşılıq etməyi öyrədir.

Nizami "Kəlilə və Dimnə"dən gətirdiyi nümunələrin məzmununu nəql eləmir. Ustad sənətkar bir beytdə hekayənin məzmunu və ideyasını açan işarələrlə abidə haqqında əsər qəhrəmanlarında olduğu kimi, oxucularda da aydın təsəvvür yarada bilir. Şairin belə lakonik beytləri o dövr ziyalılarının "Kəlilə və Dimnə"yə yaxından bələd olduqlarını bir daha təsdiq edir. Təsadüfi deyildir ki, "Kəlilə və Dimnə" əsəri ilə bağlı deyilmiş bu beytlər abidəyə uyğun sıralanmışdır və bir qayda olaraq, beytin ilk misrası nağılın əsas qayəsini, 2-ci misrası isə məzmununu yada salır.

Noxostin qoft kə`z xod bər həzər baş,

Ço qave-Şətrəbe z`on şire-cəmmaş.

(Əvvəl dedi: özündən həzər et, necə ki şıltaq şirdən öküz Şətrəbə (qorundu)).

 

Be təlbis an təvanı xord əz in rah

K`əz on təble-dəride xord tubah.

(Hiylə ilə bu yoldan onu yeyə bilərsən ki, tülkü o yırtıq təbildən yedi).

"Kəlilə və Dimnə"nin əsas məzmununu brəhmənin hind padşahının istəyilə ona təklif olunan həyati əhəmiyyətli məzmunda hikmətamiz rəvayət və əhvalat danışması təşkil edir. Hər əhvalatla bağlı alınan qənaətlər atalar sözü və aforizm kimi xalq içərisində yayılaraq çox zaman şifahi ədəbiyyat və klassik nümunələrdə də bədii əksini tapır. Abidənin Şərq xalqları ədəbiyyatlarında tez-tez özünü büruzə verən mövzu və motivləri Azərbaycan ədəbi fikrində də öz təsirini göstərmiş, xalq yaradıcılığı və yazılı nümunələrdə də aydın duyulmuşdur.

Nizami Şərqdə geniş yayılmış məşhur hind abidəsinə tez-tez müraciət etmiş, hələ "Xəmsə"nin ilk poeması "Sirlər xəzinəsi"ndən tutmuş poemalarının hamısında yer alan fikri-nəzəri görüşləri və bunların təsdiqinə xidmət edən təmsil səciyyəli hekayələri ilə də "Kəlilə və Dimnə"yə yaxınlaşmışdır. "Ovçu, it və tülkü hekayəsi", "Harunərrəşid və dəllək", "Baqqal və tülkü", "Bülbül və qızılquş" hekayələri "Kəlilə və Dimnə" abidəsini xatırladır. (Bax: R.Azadə. "Nizami Gəncəvi. Həyatı və sənəti". Bakı, 1979. Səh.164).

"Kəlilə və Dimnə" təsiri Nizami əsərlərində şairin tez-tez qarşılaşdığımız kiçik həcmli daxili hekayə, miniatür süjet və epik səciyyəli hekayə-məsəllərə müraciətində də aydın duyulur. "Sirlər xəzinəsi"ndə "Ördək və şahin" haqqında bəhs edən miniatür süjet "Kəlilə və Dimnə" abidəsini yada salır:

Baz be bət qoft ke səhra xoş əst,

Qoft şəbət xoş ke məra ca xoşəst.

(Şahin ördəyə dedi ki, səhra gözəldir. (Ördək) dedi ki, gecən xeyrə qalsın ki, mənim yerim gözəldir).

Əsərlərindəki yüksək bədii idealların daha aydın anlaşılmasına xidmət edən əsas məzmundan kənar hekayə və fəlsəfi-əxlaqi məzmunlu təmsillərin gözəl nümunələrini yaradan dahi şair didaktiki-tərbiyəvi görüşləri ilə yanaşı, ictimai-fəlsəfi düşüncələrini də canlılar aləmindən aldığı əhvalat və heyvanların dili ilə oxuculara çatdırır. Nümunə üçün şairin özünə müraciətlə söylədiyi fəlsəfi-didaktiki səciyyəli kiçik bir hekayəyə baxaq:

Şenidəm ke rubahe-rəngin berus

Xodarayi başəd be rənge-ərus.

Ço baran bud ruz, bad o gərd

Berun navərd muye-xiş əz nəvərd.

Be gənci konəd bi ələf caye-xiş,

Nəlisəd məgər dəst ya paye-xiş.

Peye-pustin xune-xodra xorəd,

Həme kəs tən u pust ra pərvərəd.

Sərəncam kayəde əcəl suye-u

Vəbale-təne-u şəvəd muye-u.

Bedan muye-qəsde-xunəş konənd,

Berusvayi əz sər berunəş konənd.

(Eşitdim ki, rəngli rus tülküsü, özünü bəzəyən bir gəlin kimi, əgər gündüzlər yağış, külək, burulğan olsa, tükünü yuvasından bayıra çıxarmazdı. Bir küncə çəkilib yeməksiz qalıb ancaq əlini, ya ayağını yalayardı. Dərisini qorumaq üçün öz qanını içərdi. Hamı öz bədənini, o isə dərisini qoruyardı. Axırda ki, əcəl onun tərəfinə gəldiyi zaman dərisi bədəninin bəlası olar. O dəri ilə onun özünə qəsd edərlər, rüsvayçılıqla (dərisini) onun başından çıxararlar. Yeri bəzəmək nəyə lazımdır ki, ondan qalxmağın qaçılmazdır).

"Leyli və Məcnun" əsərində də qəhrəmanının dili ilə yersiz gülüşün zərər gətirməsindən danışarkən Nizami bunu aşağıdakı təmsil ilə oxuculara çatdırır.

Kəbki bedəhən gereft muri

Mikərd bedan zəif zuri.

Zəd qəh-qəhə mur bi kərani

Key kəbk to`in çenin çe dani.

Şod kəbke-dəri ze qəh-qəhə sost,

K`in pişeye-mən, nə pişeye-tost.

Çun qəh-qəhe kərd kəbk hali,

Minqar ze mur kərd xali.

Hər qəhrəhe kin çenin zənəd mərd.

Şək ni ke şekuh əz u şəvəd fərd.

Xənde ke nə dər məğam xişəst

Bər xorde-hezar gerye bişəst.

(Bir kəklik bir qarışqanı ağzına alıb o yazığa əziyyət verirdi. Qarışqa qəhqəhə çəkərək (dedi), ey kəklik, sən belə gülə bilərsənmi? Kəklik gülməkdən süst olaraq (dedi) bu mənim peşəmdir, sənin yox. Elə ki, kəklik qəhqəhə çəkdi dimdiyindən qarışqa düşdü. Adamın çəkdiyi belə qəhqəhə, şübhəsiz ki, onun şöhrətini azaldır. Yerində olmayan gülüş min ağlamaqdan pisdir).

"Xosrov və Şirin" əsərində düşməndən onun öz əli ilə xilas olmağın mümkünlüyünü bildirən şair fikrini aşağıdakı təmsil ilə oxucunun diqqətinə çatdırır:

Şenidəm ke əz qorq rubahgir,

Bebange-səgan rəst rubahe-pir.

Do qorq cəvan toxme-kin kaştənd,

Peye-rubəhe-pir bər daştənd.

Dehi bud dər vey səgane-bozorg,

Həme təşneye-xune-rubəh o qorq.

Yeki bang zəd rubəhe-çaresaz

Ke, binəd əz dəhan səgan kərd baz.

Səgane-dəh avaz bər daştənd,

Ke rubahra qorq pəndaştənd.

Ze bange-səgan k`aməd əz durdəst

Rəsidənd qorqan o rubah rəst.

Sekalidəne-kardan vəqte-kar,

Ze doşmən bedoşmən şəvəd rəstkar.

(Eşitdim ki, tülkü tutan qurddan qoca tülkü itlərin səsi ilə qurtardı. İki cavan qurd ədavət toxumu əkib qoca tülkünün izinə düşdülər. Bir kənd vardı ki, orada böyük itlər hamısı tülkü və qurd qanına susamışdı. Çarə axtaran tülkü bir qışqırıq qopardı ki, itlərin ağızlarındakı bəndi açdı. Kəndin itləri səsləndilər. (Onlar) tülkünü qurd zənn elədilər. İtlərin uzaqdan gələn səsindən qurdlar gəldi və tülkü xilas oldu. İş bilən (kəs) iş vaxtı fikirləşməklə düşməndən düşmən əli ilə qurtarar).

Qeyd olunduğu kimi, "Kəlilə və Dimnə" motivləri Nizami əsərlərinə daha çox xalq yaradıcılığı vasitəsilə nüfuz etmişdir. Abidənin xalq təfəkkürünə keçmiş və xalq içərisində geniş yayılmış mövzu və motivləri öz yaradıcılıq qidasını şifahi xalq ədəbiyyatı və folklordan alan şairin əsərlərində də parlaq əksini tapmışdır.

Nizami özünün xalq zəkasına tez-tez müraciəti, el hikməti və xalq fəlsəfəsindən bəhrələnməsi, humanist düşüncələri və əxlaqi-tərbiyəvi görüşlərini mənalı atalar sözləri və aforizmlərlə təsdiq etməklə də hind abidəsinə yaxınlaşır. Dərin fəlsəfi səciyyəli, lakonik və poetik tutumlu aforizmlərə müraciət Nizami sənətini hind abidəsi ilə birləşdirən xarakterik yaradıcılıq xüsusiyyəti kimi diqqəti cəlb edir.

***

Nizaminin "Kəlilə və Dimnə"yə müraciəti, əlbəttə, dediklərimizlə məhdudlaşmır. Şair özünün yüksək bəşəri idealları və humanist görüşlərinin ifadəsində olduğu kimi, həyat, insan, kainat haqqındakı ictimai-fəlsəfi mülahizələrində də "Kəlilə və Dimnə" abidəsi ilə uyar mövqedən çıxış etmişdir. Nizami əsərlərində, ideya-fikir baxımdan olduğu kimi, bəzi xarakterik bədii cizgilərin, poetik ifadə və vasitələrin də hind abidəsi ilə yaxınlığını izləmək mümkündür.

Professor Rəhim Sultanovun tərcüməsi ilə nəşr olunmuş "Kəlilə və Dimnə" kitabının başlanğıcında verilən İbn-əl Şah əl Farisi adı ilə şöhrət tapmış İbn Səhbanın müqəddiməsində abidənin müəllifi sayılan Beydəbanın Dəbşəlim şahla görüşərkən ona söylədiyi nəsihətamiz sözlərlə yanaşı, onun şahı çəkinmədən tənqid etməsini götürək. "Sən miras olaraq dövlət və ordu alıbsan, lakin öhdənə düşən vəzifəni yerinə yetirmirsən, hakimiyyət başına keçmiş şahlardan tələb olunan qayda-qanuna riayət etmirsən. Yox, sən həddini aşıbsan, zülmlər edibsən, təkəbbür və qürur sənin gözünü tutub, rəiyyətə həqarətlə baxırsan, yaramazlıq edirsən, törətdiyin cinayətlərin isə sayı-hesabı yoxdur". (Bax: "Kəlilə və Dimnə". Farscadan tərcümə edəni, şərh və izahların müəllifi professor Rəhim Sultanov. 4-cü nəşr. Bakı, 1989. Səh.26).

Beydəba ilə şahın uzun-uzadı söhbətindən gətirdiyimiz bu kiçik nümunədə aydın gördüyümüz cəsarət, kəskin tənqid bizə Nizaminin "Sirlər xəzinəsi" əsərində kəfən geyib şahın hüzuruna gələn və şahın nöqsanlarını qorxmadan onun üzünə deyən, doğru danışan qoca zahidi, eləcə də Sultan Səncərin ətəyindən tutub onun ədalətsizliyinə qəti etirazını bildirən qarını xatırladır.

Həmin müqəddimədə rastlaşdığımız "Atalar deyiblər ki, "Dilini saxlasan, başın salamat olar", "Yersiz danışmağın nəticəsi peşmançılıqdır" sözləri də Nizaminin:

Çe ziba qofteəst an mərde-huşyar

Ke gər sər bayədət ser ra negəhdar.

(O sayıq qoca necə gözəl demişdir ki, "Başını salamat istəyirsənsə, sirrini (demə) saxla")

- beyti ilə mənaca yaxından səsləşir.

Nizaminin "İqbalnamə" əsərində zəmanə şahının mədhində dediyi aşağıdakı misralara diqqət yetirək:

Oqabəş ço pər bər zənəd  bər sepehr,

Şekarəş nəbaşəd məgər mah o mehr.

Ke başəd ki ta be dovrane-u.

Konəd dozdi seyrət o sane-u.

Sorure-vey an dozd gərdəd xərab

Ke xod ra rəsən sazəd əz mahtab.

(Onun qartalı asimanda qanad çalanda Ay və Günəş onun ovu olar. Onun zəmanəsində kim onun təbiətini və sanını oğurlaya bilər? Onun şadlığını o Ayın işığından ip düzəldən oğru korlaya bilər).

Nizaminin bu beytlərində bir xalq nağılına işarə edilir. (Bax: H.Araslı. "Nizami və xalq ədəbiyyatı". // Nizami Gəncəvi (Məqalələr məcmuəsi). Bakı, Az SSR EA nəşriyyatı, 1947. Səh.26).

Nağılda deyilir ki, "Gecə vaxtı evə oğru gəldiyini hiss edən Molla, oğru eşitsin deyə, zövcəsinə deyir ki, sən bilirsənmi mən dünən evə necə gəldim? Zövcəsi deyir: "Yox!". Molla sözünə davam edərək söyləyir: "Mən "ismi-əzəm" (və bir-iki ərəb sözü deyir) oxuyub Ayın işığından yapışıb bacadan içəri girdim". Bunu eşidən oğru ev sahiblərini yatmış biləndən sonra Mollanın sözlərini təkrar edib özünü bacadan içəri atır və bərk əzilir...

Maraqlıdır ki, eyni nağıl bəzi əhəmiyyətsiz dəyişikliklərlə "Kəlilə və Dimnə"də əksini tapmışdır. Əsərin tərcüməsinin nəşrində "Oğru əhvalatı" başlığı ilə verilən bir hekayədə ev yiyəsi Molladan fərqli olaraq zövcəsinə gənclikdə böyük oğru olduğunu söyləyir. Aylı gecələrdə dövlətli adamların evlərinin divarlarının dibinə gəlib yeddi dəfə "Şolem! Şolem!" deyib Ayın işığından tutub, bir anda damın üstünə qalxıb oradan içəri daxil olduğunu bildirir...

Oğrular bu əhvalatı eşidəndən sonra oğrubaşı ev sahiblərinin yatdığını görüb yeddi dəfə "Şolem, Şolem" - deyib bacadan evə düşmək istərkən damdan yıxılaraq ev yiyəsi tərəfindən çomaqla döyülür...

Başqa bir misal...

Abidədə Kəlilə və Dimnənin söhbəti zamanı Dimnənin şaha yaxınlaşmaqla bağlı mülahizələrini dinləyən Kəlilənin dediyi "...Şahlarla dostluq etmək çox təhlükəlidir. Atalar deyiblər ki, üç işə girişməyə yalnız nadan adam cəsarət edər: Şahlarla dostluq etməyə, dadına baxmaq xatirinə zəhər içməyə, sirri arvada verməyə. Ağıllı adamlar şahı elə bir sıldırım dağa bənzətmişlər ki, onun üzərində çoxlu meyvələr, müxtəlif xəzinələr vardır, lakin bununla birlikdə ora pələnglər, şirlər, canavarlar və başqa yırtıcı heyvanlar yuvasıdır. Ora qalxmaq qorxulu, orada qalmaq isə daha qorxuludur" ("Kəlilə və Dimnə", Bakı, 1989. Səh.64).

Eyni qənaətlə Nizami əsərində də qarşılaşmaq mümkündür.

Padşəh atəşəst kəz nurəş

Eymən an şod ke binəd əz durəş.

Vatəşi an qolist gohərbar

Dər bərabər qol əst o dər bər xar.

(Padşah elə bir oddur ki, onun işığından (ancaq) onu uzaqdan görən əmin ola bilər. Və o atəş gövhər saçan bir güldür, qarşıda gül, qucaqda isə tikandır).

Abidədə şahlarla yaxınlıq etmək barədə düşüncələrin özünəməxsus poetik vasitələrlə təqdiminə də Nizami həssaslıqla yanaşmış, xalq yaradıcılığının özünəməxsus sadə, düşündürücü bədii vasitələrindən də öz əsərlərində yaradıcılıqla faydalanmışdır. Kəlilənin Dimnə ilə söhbətində belə bir bənzətmə ilə qarşılaşırıq. "Şahlar öz mərhəmətini fəzilət sahiblərinə deyil, bəlkə özünə yaxın, nəsilbənəsil ona xidmət edib müxtəlif yollarla hörmət qazanmış adamlara göstərirlər. Şahlar bu cəhətdən üzüm tənəklərinə oxşayırlar, özlərinə daha yaxın olan ağaclara sarınırlar" ("Kəlilə və Dimnə", səh.63).

Eyni bənzətmə (təşbih) Nizaminin "Yeddi gözəl" əsərində də işlənir:

Padşah həm ço taki-ənqur əst,

Nəpiçəd dər an kəz u dur əst.

Van ke piçəd dər u saz darı

Bix o barəş kənəd besəd xari.

(Padşah üzüm tənəyi kimidir, özündən uzaq olana sarınmaz. Nəyə sarınarsa, onun kökünü, meyvəsini yüz xarlıqla qoparar).

Nizaminin "İskəndərnamə" poemasından gətirdiyimiz

Nəsihətgəri ba xudavəndi-zur,

Bovəd toxmi əfkənde dər abe-şur.

(Gücünə məğrur olan padşaha nəsihət etmək, Toxumu şor suya atmağa bənzəyir)

- beytdə şairin əkinçi əməyi ilə bağlı işlətdiyi mürəkkəb bənzətmə (təşbih) "Kəlilə və Dimnə"də Şətrəbənin Dimnəyə dediyi "Qədir-qiymət bilməyənə xidmət edib nəsihət vermək şoranlıqda toxum əkmək kimidir" bənzətməsini yada salır.

Yaxud abidədə Kəlilənin Dimnə ilə söhbətində həyati məsələlərlə bağlı rəy mübahisələrində dediyi: "Ağıllı adamlar qüdrətli, güclü, məğlubedilməz olduqları zaman belə, vuruşdan imtina etmiş, fitnələri yatırmağı, hücumları dayandırmağı, müharibə təhlükələrini aradan qaldırmağı lazım bilmişlər..." kimi sözlərlə savaş əleyhinə çıxması Nizami əsərlərində şairin müharibəyə etirazını bildirən beytlərlə yaxından səsləşir:

Cəhanəş ke solh o cəng azmud,

Ze cəngəş ziyan did o əz solh sud.

(Sülh və müharibə ilə sınanmış dünya müharibədən ziyan, sülhdən xeyir görmüşdür)

Döyüşdən yaxşıdır barışıq, şəfqət,

Biri dərd gətirər, biri səadət.     

"Kəlilə və Dimnə" əsərinin "Bayquş və qarğa" fəslində oxuyuruq: "Düşməni səbr və hiylə ilə daha tez darmadağın etmək olar, nəinki vuruş və müharibə ilə. Ona görə deyiblər ki, "ağıl gücdən üstündür". Məsələn, bir adam nə qədər qüvvətli və güclü olursa-olsun, vuruşda on və ya ən çoxu iyirmi adamdan artıq öldürə bilməz. Halbuki, ağıllı bir adam tədbir tökməklə bir ölkəni xaraba edib qüvvətli bir ordunu məğlubiyyətə uğrada bilər...

Maraqlıdır ki, eyni qənaətə Nizaminin "Xosrov və Şirin" əsərində də rast gəlirik. Xosrovun Bəhram Çubindən qorxub Azərbaycana qaçması fəsli Nizaminin aşağıdakı beytləri ilə başlayır.

Kelidi-fəthra dəndan pədidəst

Ke raye-ahənin zərrin kelidəst.

Ze səd şəmşirzən raye-ğəvi beh,

Ze səd qaleb koləhe-xosrəvi beh.

Be ray ləşkəri ra beşkəni poşt,

Be şəmşiri yeki ta deh təvan koşt.

(Zəfərin açarının dişləri görünür. Dəmir kimi (möhkəm) fikir zəfərin qızıl açarıdır. Yüz qılınc vurandan qüvvətli fikir yaxşıdır. Yüz qəlibdən bir şahlıq papağı yaxşıdır. Bir fikirlə (rəylə) qoşunun belini qırarsan. Qılıncla bir, ya ona qədər adam öldürə bilərsən).

"Kəlilə və Dimnə"də "Şir və öküz" fəslində Şətrəbəyə toxunmamasının səbəbini şir yoğun agacları kökündən qoparıb, möhkəm binaları, uca qalaları və qalın barıları dağıdan qüvvətli fırtınaların balaca və zərif otlara zərər yetirməməsi ilə izah edir. "Xosrov və Şirin" əsərində oğlu Şiruyə tərəfindən atəşgaha salınan Xosrova Şirinin təsəlli verərkən işlətdiyi -

Ze badi ki kolah əz sər konəd dur,

Çiyah asude başəd sərv zəncur.

(Başdan papaq götürən (güclü) fırtına  zamanı ot asudə qalar, sərv inciyər)

- beyti məzmunca "Kəlilə və Dimnə"dən yuxarıda gətirdiyimiz fikirlə üst-üstə düşür.

Nizami sənətini "Kəlilə və Dimnə"yə yaxınlaşdıran məzmun və məna incəlikləri çoxdur. Biz bu yazımızda onun bir qismindən söhbət aça bildik. Dediklərimizə bir-iki nümunə də artıraraq fikrimizi yekunlaşdırmaq istəyirik.

Nizami poemalarında oxucunun tez-tez qarşılaşdığı rəvayətli ifadə, xalq ədəbiyyatı nümunələrinə işarə kimi anlaşılan xatırlama beytlər də şairin qaynaqlandığı hind abidəsini yada salır.

Məsəl zəd qorq çun rubəh dəğa bud.

Tələb mən kərdən o ruzi tora bud.

(Qurd misal çəkdi ki, tülkü hiyləgər olduğundan mən istədim, (amma) sənə qismət oldu).

Əz an bər qorge-rubəh yaft şahi.

Ke rubəh dam binəd qorq mahi.

(Tülkü ona görə qurda şahlıq edir ki, tülkü tələni görür, qurd balığı). 

Küliçə geman kərdən əz qorse-mah,

Fekəndəst besyar kəsra be çah.                  

(Ayı külçə zənn etmək çoxlarını quyuya salmışdır).

Beləliklə, Şərq ədəbi-bədii fikrinin inkişafında mühüm yer tutan "Kəlilə və Dimnə" Nizami yaradıcılığında da dərin izlər buraxaraq dahi şairin ölməz əsərlərinin əsas qaynaqlarından birinə çevrilmişdir. Qədim hind abidəsinin Nizami əsərlərinin ideya-məzmununda aydın duyulan təsiri onun "Xəmsə"yə daxil poemalarının demək olar ki, hamısında üslub və poetik baxımdan da özünü qabarıq göstərərək şairin poeziyasında əxlaqi-didaktik səciyyə, simvolik-rəmzi ifadələrin və mənalı alleqoriyanın daha da qüvvətlənməsində mühüm əhəmiyyət daşımışdır. "Kəlilə və Dimnə"yə müraciət Nizami şeirinin cəlbedici ruhunu yüksəldərək məzmunun daha anlaşıqlı, məntiqli və oxunaqlı olmasına, şairin ictimai-bədii mülahizələrinin daha inandırıcı alınmasına kömək etmişdir.

Bununla belə, onu da deməliyik ki, Nizami "Kəlilə və Dimnə" abidəsini təşkil edən fəlsəfi-didaktiki hekayələrin məzmun və ideyasını, sadəcə, təkrar etməmiş, ustad sənətkar qədim hind yadigarlarından böyük məharətlə, zəmanəsinin mənəvi-estetik tələblərinə və əsərin məzmunu və bədii məqsədəmüvafiq tərzdə bəhrələnmişdir. Xalq yaradıcılığı, xalq təfəkkürü ilə yaxından bağlı olan böyük şair əsərlərində el rəvayətləri, lətifə, təmsil və başqa xalq ədəbiyyatı nümunələrinə də tez-tez müraciət etməklə yanaşı, bunları təkrarsız yaradıcılıq təbiəti və nadir poetik dühasının məhsulu olan əlavələrilə zənginləşdirmiş, hikmətli xalq məsəlləri, atalar sözləri və aforizmləri işlənmə məqamı və müəllif amalına uyğun, orijinal tərzdə mənalandırmaqla seçilmişdir.

***

Filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlovanın oxuculara təqdim olunan bu kitabında Azərbaycanın mütəfəkkir şairi Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasında "Kəlilə və Dimnə"dən hər biri bir beytlə xatırlanan 40 hekayə toplanılaraq abidədə əksini tapan ardıcıllıqla prof. R.Sultanovun tərcüməsində tam şəkildə oxuculara təqdim olunur. Tərtibçi Nizami Gəncəvinin "Xosrov və Şirin" məsnəvisində əksini tapan xatırlama beytlərin prof. H.Məmmədzadə və türk ədəbiyyatşünası S.Sevsevilin tərəfindən Azərbaycan və türk dillərinə edilmiş filoloj (sətri) tərcümələrini də əlavə etməklə abidədən gətirilən hər hekayənin məzmun və ideyası ilə oxucunu tanış edir. T.Bədəlova hər hekayədən çıxarılan nəticəni də ayrıca göstərmiş və bununla da kitabın gənc nəslin yetişməsinə, vətənə, cəmiyyətə, müstəqil dövlətimizə layiqli şəkildə formalaşmasına göstərə biləcəyi əhəmiyyətli təsiri nəzərə çatdırmışdır. 

İnanırıq ki, nizamişünaslığa yeni bir hədiyyə olan bu kitab nizamisevərlər tərəfindən maraqla qarşılanacaq və klassik poeziyamızın dahi ustadı Nizami Gəncəvinin qədim hind mədəniyyətinə yaxından bələd olması, Azərbaycan ədəbi-fəlsəfi fikrinin əski əlaqələrinin üzə çıxarılması, ümumiyyətlə, Nizami irsinin fikri-estetik qaynaqlarının öyrənilməsi baxımından faydalı olacaq.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!