İmadəddin Nəsimi "Son səfər"də - Salidə Şərifova

 

Hüseynbala Mirələmovun "Son səfər" povesti Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin həyatının bir məqamını müəllif interpretasiyasından keçirilərək təqdim etməsi ilə diqqəti cəlb edir. Müəllif povestdə "...Nəsimi sözünün axıb gəldiyi iki böyük mənəvi ümmana nəzər salaraq" bunlardan birinin "türk mifologiyası", digərinin isə "islam fəlsəfəsi" olması amilini qabartmışdır: "Nəsimi bu iki fikir dəryası arasında bir körpüdür, bağlantıdır...".

Hüseynbala Mirələmov povestdə Qaraqoyunlu tayfa birliyinin 3-cü başçısı, Qaraqoyunlu tayfasından olan 2-ci sultan Qara Yusiflə bağlı epizodu təsvir etməsi təsadüfi xarakter daşımır. Həmçinin Əmir Teymurun zindana saldırdığı və onun ölümündən sonra Məmlük Sultanı tərəfindən azad edilmiş Qara Yusifin Əbu Səidlə Naxçıvanda görüşməsi də təsadüfi hadisə kimi təsvir edilməmişdir. Müəllif bu epizodla Qara Yusifin Vətənə qayıdışının siyası məqamlarını incəliklə təsvir edərək, birləşmə məsələsinin rolunu göstərməyə cəhd etmişdir. Vətənin səpələnmiş hissələrinin bir istiqamətə, yəni bir yerə toplanmasına işarə edir.

Qara Yusifin Vətəninə yeddi çapar göndərməsi faktının povestdə açıqlanması məhz Qaraqoyunlu dövlətinin yaradılmasına atılan addımlar kimi göstərilmişdir: "Hərəniz bir səmtdən Azərbaycana girəcək, kənd-kənd, şəhər-şəhər dolaşıb, əhaliyə çatdıracaqsınız ki, Qara Yusif zindandan çıxıb, artıq yoldadır, gəlir, pişvazına hazırlaşın!".

"Son səfər" povestində Qara Yusifin Vətənə yola düşməsi, məhz Naxçıvan civarında Əbu Səidlə üzləşərək onu məğlub etməsi faktının təsviri səpələnmiş hissələrin bir istiqamətə toplanmasının başlanğıcıdır. Əmir Teymurun ölümündən sonra Təbrizdə sərbəst şəkildə hökmranlıq edən Əbu Səidin Araz sahillərində Qara Yusifə məğlub olmasından sonra Azərbaycanda Teymurilərin ağalığına son qoyuldu. Teymurilər dövlətinə baş əyməyən, Qaraqoyunlu dövləti yaratmış Qara Yusifin Əbu Səidi ciddi qəbul etmədiyi onun dili ilə verilmişdir: "bu sarsaq, elə bilir ki, atasının - Əmir Teymurun ruhu və şücaəti də ona miras qalıb!".

Qara Yusifin əsirlikdən azad olması, Əbu Səidlə mübarizəsi geniş təsvir edilsə də, sonrakı fəaliyyəti yarımçıq qalır, işıqlandırılmır. "Son səfər" əsərinin povest janrında qələmə alınması janr baxımından müəllifə Qara Yusifin sonrakı aqibətini qısa da olsa işıqlandırmağa imkan verir. Belə ki, povestdə hadisələr bir neçə xətlə inkişaf edir, həyat hadisələrinin əhatə dairəsi geniş, surətlərin təsviri daha dolğun olmasını nəzərdə tutur. Fövqəladə qəhrəmanlar təsvir etməyə cəhd etməyən povest əhvalat və hadisələrin əsas iştirakçısının həyatının bütöv bir dövrünü və bu dövrün bir hadisə və əhvalatları və ictimai adətlərini əks etdirməsi ilə digər nəsr janrlarından fərqləndirir. Bu baxımdan, Hüseynbala Mirələmov Qara Yusifin Qaraqoyunlu dövlətinin (1410-1467) yaratması faktını qabartması yerinə düşərdi.

H.Mirələmov Nəsiminin Şamaxıya qayıdışını Qara Yusifin Qaraqoyunlar sülaləsinin yeni doğan günəşi ilə eyni vaxta düşməsi kimi təsvir etmişdir. Müəllifin İmadəddin Nəsimi və Qara Yusifin qayıdışları arasında oxşarlıq axtarılması bütövləşməyə işarədir. Müəllif hər iki tarixi şəxsiyyətin Azərbaycan tarixində iz buraxmalarını rəmziləşdirmişdir: "Odur ki, Qara Yusif - Qaraqoyunlular sülaləsinin yeni doğan günəşi belə qərara gəldi ki, qələbə çalaçağına tam əmin olmadıqdan sonra yerindən tərpənməsin və həlledici döyüş üçün hərtərəfli hazırlıq görsün... Bax, elə həmin dövrdə Azərbaycanın iftixarı - şairlər şairi Seyid Əli İmadəddin Nəsimi yüklü bir dəvənin belində Şamaxıya gəldi. Şahxəndan qardaşını şəhərin lap girəcəyində qarşıladı".

"Son səfər" povestində Nəsiminin milli xadim kimi rolunu açan süjet xətti ilə yanaşı, onun ümumbəşər dəyərlərə sadiq kamil bir şəxsiyyət olduğunu əks etdirən süjet xəttinə də rast gəlirik. "Son səfər" povestində insani dəyərlər Nəsiminin sevgi xəttində göstərilir. Bununla da müəllif tərəfindən şairin əbədi dəyərlərə nə qədər sadiq olması faktı göstərilir.

Hüseynbala Mirələmovun Nəsiminin Hüsniyyəyə olan sevgisini təsvir etməsi müəllif düşüncəsini uydurma faktların müxtəlif variasiyaları kimi özünü göstərir. Şairin sevgisi haqqında bəhs edən dəqiq mənbələrin olmaması Nəsimi və Hüsniyyə arasındakı sevgini təsvir edən epizodların müəllif interpretasiyasının məhsulu kimi dəyərləndirilməlidir. Bu baxımdan müəllifin Nəsimi ilə Hüsniyyə arasındakı sevgini təsvir etməsi uydurma faktın real, mövcud hadisə kimi təqdim edilməsi ədibin şəxsiyyətinə tamamilə fərqli yanaşmadır. H.Mirələmov bunun həqiqətə uyğun hadisə kimi qavranıb-qavranılmamasını oxucusunun öhdəsinə buraxır.

Hüseynbala Mirələmov "Son səfər" povestində İmadəddin Nəsiminin həm şair, həm də bir insan kimi keçirdiyi iztirabları qələmə almışdır: "Əslində, qəhrəmanım şairlər şairi Seyid Əli İmadəddin Nəsimi deyil...

Onun iztirablarıdır, ağrılarıdır, öz vətənində təklənməsidir...".

Akademik Nizami Cəfərov "Son səfər" əsərində təsvir edilən İmadəddin Nəsiminin ədəbiyyatımızda yaradılmış digər Nəsimi obrazlarından fərqlənməsinə toxunmuşdur: "Hüseynbala Mirələmovun Nəsimisi nə Qabilin, nə də İsa Hüseynovun (Muğannanın) Nəsimisi deyil. "Son səfər" müəllifi geniş panoramlı təsvirlərə, yaxud dövrün Nəsimidə təcəssüm edən mürəkkəb fəlsəfi-ideoloji özünüifadə (və özünütəsdiq) mühakimələrinə (bu xüsusiyyətlər həm "Nəsimi", həm də xüsusilə "Məşhər" üçün səciyyəvi idi) varmadan şair-mütəfəkkirin taleyinə, əgər belə demək mümkünsə, adi bir insan olaraq nəzər salmağın təcrübəsini təqdim edir...".

Povestin tərcümeyi-hal xarakteri daşımasına, təsvir edilən əsas hadisələrin tarixi faktlara uyğun qurulmasına baxmayaraq, əsərin daxilində müəllif interpretasiyası olduqca güclüdür. Buna görə povesti tarixi və ya bioqrafik adlandırmaq olmaz. H.Mirələmovun "Son səfər" povestində tarixi faktların və bədii janrın qarşılıqlı əlaqə forması özünü ilk növbədə, tarixi faktların bədii mənasının yenidən, müəllif interpretasiyasından keçərək işlənilməsi ilə səciyyələnmişdir. "Son səfər" povestində bədii uydurma əsasında əlavə süjet xətləri və səhnələrin daxil edilməsinin özünü göstərməsi müəllif interpretasiyası ilə əlaqəlidir. Povestdə Şamaxı şəhəri, tarixi faktlar, tarixi şəxsiyyətlər nümunəsində Nəsiminin həyatının bir məqamından bəhs edilir. Şamaxı şəhərinin özü əsərdə ümumiləşdirilmiş obraz kimi çıxış etməsilə də diqqəti cəlb edir. "Son səfər" povestinin süjet xətti Nəsiminin taleyinin Şamaxıya qayıdışı və oranı əbədi tərk etməsi ətrafında inkişaf edir. Bu, "Son səfər" povestini bioqrafik əsərə yaxınlaşdırsa da, povestdən bioqrafik əsər kimi bəhs edə bilmirik. Çünki "Son səfər" povesti bioqrafik əsərə transformasiya olunmur. Povestdə yalnız böyük əqidə sahibi İmadəddin Nəsiminin həyatının müəyyən bir dövrünü, yəni bir insanın ömür və yaradıcılıq yolunu deyil, başqa insanların da ömürlərindən müəyyən qisimlər açıqlanır. Məsələn, Qara Yusif, İmadəddin Nəsimi, Şirvanşah İbrahim, Şahxəndan və b. Qeyd edək ki, bu obrazlar tarixi, real şəxslərin proobrazlarıdır. Hüseynbala Mirələmovun "Son səfər" povestində İmadəddin Nəsimi ilə yanaşı, digər şəxslərin də tarixi şəxsiyyətlər kimi təqdim edilməsi amili akademik İsa Həbibbəyli tərəfindən vurğulanmışdır: "Əsərdə İmadəddin Nəsimidən başqa, qardaşı Şahxəndan, Şirvanşah İbrahim və başqaları da tarixi şəxsiyyətlərdir". Qeyd edək ki, H.Mirələmovun "Son səfər" povestində bədii idrak metodunun tarixiliklə bağlılığını inkar etmək mümkün deyil. Akademik İsa Həbibbəyli yazıçının əsərini mövzu baxımdan tarixi mövzuda yazılmasını vurğulasa da, əsərin janr baxımdan tarixi povest janrına aid etməməsi fikrini irəli sürmüşdür: "Ümumiyyətlə, Hüseynbala Mirələmovun "Son səfər" povesti tarixi mövzuda yazılmış bədii əsər olsa da, janr baxımından tarixi povest deyildir".

"Son səfər" povestində Nəsimiyə olan sui-qəsdlərin hazırlanması faktları müəllif tərəfindən geniş epizodlarda açıqlanmışdır. Bu epizodlarda Nəsimiyə qarşı sui-qəsd təşkilatının şairin ölüm hökmünü verməsi, əleyhdarlarının şayiələr yaymaları, müxtəlif böhtan və iftira atmaları faktı təsvir edilmişdir: "...Rəbiyyə xatun "Qurani-Kərim"i gətirib ortalığa qoydu və əlini kitaba basıb dedi: - Bu "Qurani-Kərim"ə and içirəm ki, bu sirri heç yerdə, heç kimə açmayacaq və İmadəddin Nəsimi adında kafərin ya sürgün, ya da qətl olunduğunu görməyincə, onu təqib etmək fikrindən dönməyəcəyəm".

Hüseynbala Mirələmovun Nəsimiyə qarşı hazırlanan sui-qəsdləri məişət, sevgi məsələlərinin təsviri fonunda təsvir etməsi oxucunun diqqətini cəlb etmək üçün işlədilən maraqlı ədəbi priyomdur. H.Mirələmov povestdə Səlminaz vasitəsilə də şairə qarşı sui-qəsdin hazırlanması faktını işıqlandırmışdır: "Hüsniyyə bilmirdi ki, mürşidin adamları Səlminazla görüşmüş, ona bir sıra tapşırıqlar vermişdilər. Bu tapşırıqlara əsasən, Səlminaz Hüsniyyənin qəlbində şairlər şairinə qarşı olan eşqi alovlandırmalı idi...".

Povestin əsas çatışmazlıqlarından biri də Nəsiminin Şamaxıda yaratdığı alimlər məclisinin (məclisi-əl-üləma) və musiqiçilər (müğənnilər) cəmiyyətinin əhəmiyyətinin açıqlanmamasıdır. İmadəddin Nəsimi onları yaratmaq üçün Şamaxıda xeyli vaxt və əmək sərf etmişdi. İmadəddin Nəsiminin Şamaxı həyatı ilə bağlı olan belə faktların povestdə əksini tapmaması təəssüf doğurur.

Əsas üslub xüsusiyyət kimi povestə İmadəddin Nəsimi lirikasının daxil edilməsidir. Hüseynbala Mirələmovun "Son səfər" povestində İmadəddin Nəsiminin "Vəslinə kim ki irmədi, dərdü əzab içindədir", "Ta üzün gördüm, nigara, qəmdən azad olmuşam", "Bahar oldu vü açıldı üzündən pərdə gülzarın", "Qanı bir əhdü peymanı bütün yar?", "Sən mənə, dilbər, yetərsən, özgələr yar olmasın",  qəzəllərinin, "Qoyma üzünü niqab içində" tərcibəndinin, "Həmdülillah, yarımın gördüm üzün", "Rövzeyi-rizvan üzündür, vəssalam", "Mənə ol dəm naz ilə baxdı gözün" tuyğularının verilməsi povestin növdaxili janrın qarışıqlığı ilə xarakterizə olunur. "Son səfər" povestində janr qarışıqlığının daha geniş yayılmış forması povestin mətninə şeir elementlərinin, yəni Nəsimi yaradıcılığından nümunələrin nüfuz etməsidir.

Hüseynbala Mirələmov tərəfindən İmadəddin Nəsiminin Şamaxını həmişəlik tərk etməsi onun həyatının son səfəri kimi təqdim edilir: "Dəvələrin belində gedənlər XV əsr Şərqinin ən qüdrətli şairi Seyid Əli İmadəddin Nəsimi və onun zövcəsi Şamaxı gözəli Hüsniyyə idi. Qapıda dayanıb hönkür-hönkür ağlayan on beş yaşlı uşaq da şairlər şairinin yeganə qardaşı, Şamaxıda qalan nəslinin son yadigarı Şahxəndan idi. Əslində, Seyid Əli İmadəddin Nəsimi Şamaxıdan qalib kimi ayrılırdı. Çünki cahillər onun Hüsniyyə ilə evlənib xoşbəxt olmasına mane ola bilməmişdilər və bu səfərdən xəbərsiz idilər. Şahxəndan isə, sadəcə, ondan ötrü ağlayırdı ki, qardaşının üzünü bir daha görməyəcəyini bilirdi. Bəli, bu səfər - son səfər idi!". H.Mirələmov Nəsiminin doğma yurdunu tərk etmə məqamını onun son səfəri adlandırması şairin bir daha vətəninə dönməməsi, Hələbdə edam edilməsi ilə bağlıdır. İmadəddin Nəsiminin keçirdiyi məşəqqətləri təsvir edən H.Mirələmov bu son səfəri rəmziləşdirməyə nail ola bilir: "48 illik ömrün bitməyən məşəqqətlərini qısa bir dövr üçün - Nəsiminin Azərbaycana, Şamaxıya son səfəri müddətində rəmziləşdirdim...". Hüseynbala Mirələmov əsərinin adını da "Son səfər" adlandıraraq məsələyə aydınlıq gətirmişdir: bu, ədibin doğma yurduna son səfəri idi.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!